Tarixçiliyin sağalmayan dərdi...

Deməli görkəmli tarixçimiz Nailə Vəlixanlının 1974-cü ildə nəşr olunan "IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan haqqında" əsərinin 48-ci səhifəsində macarların Azərbaycana gəldiyi və Tovuz ərazisində yerləşdikləri qeyd edilir. Güya bu macarlara erməni dilində "sevordik" (qara oğullar) deyildiyi və ərəb mənbələrində "siyavurdiya" adlı xalqla eyni olub, sonradan xristianlaşaraq erməniləşdikləri ərz edilr.  Müəllif bu məlumatı K. Baqrayanarodnı, Məsudi, Marqvard və V. Minorskidən əldə etdiyini qeyd edir. Məlumat məndə şübhə yaratdığından əvvəlcə Minorskinin qeyd edilən kitabına baxdım. Məlum oldu ki, Nailə xanım Minorskinin verdiyi məlumatı olduğu kimi almış, digər mənbələri də elə Minorskinin qeyd etdiyi şəkildə öz kitabına daxil etmişdir. Tənbəllik etməyib Minorskinin istifadə etdiyi mənbələrə baxdım və şübhəmdə haqlı olduğum ortaya çıxdı. Deməli məlumatın əsas qaynağı Bizans imperatoru da olan Konistantin Porfirogennetosun (ruslar Baqrayanarodnı yazır ki, Nailə xanım da belə yazıb) kitabıdır. Bu kitabda hadisə peçeneqlər tərəfindən yurdlarından qovulub Azərbaycana köç edən sabir türklərindən bəhs edilir. Nə macardan, nə də xristianlaşıb erməniləşən siyavurdilərdən danışılır. Minorski türk və sabir adını çıxardıb özündən macar adını daxili etmiş və bu məlumatı da aparıb Məsudinin siyavurdilər haqqında məlumatına bağlamışdır. Nailə xanım da həmin mənbələri görmədən görmüş kimi davranıb Minorskinin səhv məlumatını olduğu kimi təkrarlamışdır. Nəticədə də ermənilər üçün əsaslı məlumat ortaya çıxıb. Nə deyək, olan şeydir. Onsuz da tariximiz belə görünməyən ancaq görmüş kimi yazılan məlumatlarla doludur. Yaxşı bəs həqiqi mənbələr nə deyir? Birincisi, Azərbaycana gələnlər macar deyil, özlərinə türk deyən və xəzərlərin müttəfiqi olan sabilər olub. Üstəlik onlar xristian deyil Tarım bölgəsinə yerləşdikdən sonra (indiki Qəzvinin şimalında) müsəlmanlığı qəbul ediblər. Və bu sabirlər də Salarilər dövlətini yaradıblar. Bizanslı müəllif bunu olduqca aydın şəkildə əsərində şərh edib. İkincisi, ərəb müəlliflərinin bəhs etdikləri siyavurdiyə isə indiki Şəmkir bölgəsində məskunlaşıblar və Sabir xaqanlığının (500-568) davamçıları olublar. Xristianlığı qəbul etsələr də erməniləşməyiblər. Üçüncüsü ermənilərin sevordik dedikləri elə sabirlərdir və sabir adının ermənicə "qara oğulları" ilə əlaqəsi yoxdur. Nəticəyi kəlam, mənbəni görmədən, başqa bir tarixçiyə istinad etmək olar və həmin məlumatı səhv də olsa o tarixçidən aldığınızı qeyd etsəniz problem sizin deyil istinad etdiyiniz müəllifin olacaqdır. Yox istinad etdiyiniz müəllifin istifadə etdiyi mənbələri yoxlamadan görmüş kimi göstərsəniz o zaman iki problem ortaya çıxır. Birincisi oxumadığınız mənbəni oxumuş kimi göstərirsiniz, ikincisi səhv tarixi məlumatı yayırsınız. Elə tarixçinin də evini görmədiyi və oxumadığı mənbələri görmüş və oxumuş kimi ahkam kəsmək yıxır. Sonrada tariximiz niyə bu gündədir deyib bizə ahkam kəsirlər. Əkbər Nəcəf 

Nağı bəy Şeyxzamanlının Qaçaq Dəli Alı ilə bağlı xatirələri(1)

Qaçaq Dəli Alı Müəllif: Nağı bəy Şeyxzamanlı (Keykurun) Dəli Alı Gəncənin Qarasuçu kəndindəndir. Gəncliyi çobanlıqda keçmişdir. Çobanlıq etdiyi sürünün sahibi Gəncə şəhərinin əşrəfindən Cəfəroğlu Rüstəm ağadır. Rüstəm ağanın qoyun sürüsü artdıqca çobanlarıda çoxalır və Dəli Alı baş çoban olur. Ağası ona vilayətdən tüfəng daşımaq icazəsi alır. Alı çiynində tüfəng bəzən kəndlərə, bəzən isə xırdavat almaq üçün şəhərə gedir. Dəli Alının çobanlardan, qoyunlardan, sürü itlərindən qat-qat çox sevdiyi, daşıdığı tüfəngi olmuşdur. Şəhərdə iki tərəfli fişənglik düzəltdirdiyi kimi, məşhur dəvə şalıdan arxalıq düzəltdirmişdir. Bəslədiyi ən yaxşı at ilə, silahlı xalq arasında keçərkən hər kəsin nəzər-diqqətini çəkir və insanlar Dəli Alıdan çəkinməyə başlayırlar. Alının bu halından kəndlərdə çəkinməyənlər də peyda olurdu. Aradan bir müddət keçir ətraf kəndlərdən bir varlının evinə basqın edilir, ev soyulur və basqınçılar kənddən uzaqlaşırlar. Dəli Alının adı bədxahlar tərəfindən hallandırılır. Bir gün jandarma çavuşu bir neçə jandarma ilə Alının qoyun yatağına gəlir və Alını tüfəngi ilə polis idarəsinə aparırlar. İstintaqda ifadəsi alınır, Alını həbsxanaya göndərirlər və təhqiqat başlayır. Rüstəm ağa var qüvvəsi və pulu ilə Alını qurtarmağa çalışır, sonda azad olunur, ancaq Alı günahsız yerə 4 ay həbsxanada çilə çəkir. Böyük vilayət həbsxanası məhbuslarla doludur. Alının 4 ay həbsxana həyatı təhqiqat ilə keçir, bir dəfə nə qədər ölüm cəzası verilmiş qaçaq varsa hamısı ilə görüşür, etdikləri işlərdən, həbslərinin səbəblərindən, haqlarında oynanılan oyunlardan, qurulan tələlərdən məlumat toplayır və onlara deyir ki, görürəm ki, qaçaqlıq həyatınızda sizdən əvvəlki qaçaqların həyatlarını, hərəkətlərini və necə tələyə düşürülüb həbs edildiklərini öyrənmisiniz. Dəli Alı 4 aylıq həbs müddətində, həmin vaxt və ondan əvvəllər bir sıra qaçaqların Rus idarəsinə qarşı etdiklərini həbsxanada olan yaşlı məhbuslardan təfsilatı ilə öyrənir. Dəli Alı həbsxanadan çıxır, kəndinə gəlir və öz işləri ilə məşğul olmağa başlayır. Ziyarətinə gələnlərə: Həbsxana zindandır, orada günəş işığı belə azdır, dustaqları həmişə bağlı otaqlarda saxlayırlar. Gündə bir-iki saat çölə çıxarırlar, oda həbsxana nəzarətçilərinin nəzarəti altında. Oradakı məhbuslar məni çox sevdilər, həmişə mənə qulaq asardılar. Mən orada qəhrəmanlıqlar etmiş igidlər gördüm, onlarla danışdım. Bir neçəsini edam etdilər, onlara yas tutduq, dualar oxuduq. Həbsxananın ən ağır, dəhşətli tərəfi hər gün səhərdən axşama rusların üzünü görməkdir. Mən onlar qədər sevimsiz məxluq görmədim. Onları görməmək üçün şəhərə belə getmirəm. Tanrının yaratdığı dağlar, qayalar, sevimli çiçəklər, otlar, qoyunlar, quzular və sadiq itlər mənim həyatım və nəşəmdir. Dəli Alı təkrar sevimli kəndinə qayıdır. Məsud yaşarkən bir gün axşam tərəfi kənddəki evinin önünə silahlı yad adam gəlir, Alını soruşur, adamı evə alırlar, ağırlayırlar, rahat edin biz indi adam göndərər Alını çağırarıq, qoyun yatağındadır. Yad adam, Alının yanına gedən adamla qoy məndə gedim deyir. Dəli Alının yanına gəlirlər. Alı ilk baxışda onu tanımır, diqqətlə baxır, həbsxana dostu Hüseyn olduğunu görür.  Hüseyn ağa məhkum olaraq Sibirə sürgün edilmiş və oradan bir yolunu taparaq qaçmışdı. Məmləkəti olan Naxçıvana getmiş, yaz aylarını qaçaq olaraq yaşamış və qış yaxınlaşanda sıxışmış və qışı səssiz keçirmək üçün Dəli Alının yanına qonaq gəlmişdir. Alı, Hüseyn ağaya dəstək olmuş və yazda o, öz yurdu Naxçıvana dönəcəkmiş. Bundan xəbər tutan jandarma rəhbəri göstəriş vermiş və nahiyə müdiri 4 jandarma ilə yatağa gəlmişdir. Jandarmaların gəldiyini görən Hüseyn ağa hərəkət etmək istəmiş və gec qaldığını görüb müqavimət göstərməmişdir. Dəli Alı onlara qoyun kəsmiş, yemək yedizdirmiş, Hüseyn ağaya dəyməməyi rica etmiş və buna uyğun olaraq hamınızı məmnun edəcəm demişdir. Rəd cavabı alan kimi Dəli Alının gözü dönmüş və vəhşi bir aslan kimi hücuma keçmiş və nahiyə müdirini vurmuş, jandarmalara meydan verməmiş, silahlarını alaraq şəhərə yola salmışdır. Qoyunları çobanlara buraxaraq, Qaçaq Hüseyn ilə bərabər yoxa çıxmışdır. Bir neçə gün sonra bir kənddə kənar evlərin birində Dəli Alı ilə Qaçaq Hüseynin yanına Alının qardaşı Aslan, yeznəsi Məmməd gəlirlər və görüşdükləri əsnada jandarma bölüyü evi mühasirəyə alır, atışma başlayır, bir yüzbaşı ilə 6 jandarma vurulur. Axşam olur, qaranlıq düşür jandarmalar dağılışır və 4 qaçaq isə oradan uzaqlaşır. Bu atışmadan sonra Aslan və Məmməd rəsmən qaçaq elan olunurlar. 1897-ci ildə baş verən bu hadisə Dəli Alını rus idarəsinə qarşı tam 14 il döyüşməyə sövq etmişdir. Ətrafına topladığı igidlərlə dastanlar yaradaraq mübarizə aparmışdır. Dəli Alının dəstəsi bir neçə dəfə mühasirəyə düşüb, qurtulmuşdur. Hər dəfə jandarma alayından bir neçə kişi tələf olur, ertəsi gün Gəncəyə gətirilərək rus məzarlığında dəfn edilirdilər. Bir tərəfdən Dəli Alı adamları ilə qalib gəlir, digər tərəfdən də Azərbaycan xalqı şənlik edirdi. Rus məzarlığının bir küncündə sıra ilə məzarlar, baş tərəfdə eyni yazı: Gəncə qaçağı Dəli Alının dəstəsi tərəfindən öldürülən falan-filan yazılırdı. Təbii ki, ilk sırada zabitlər, məmurlar, nahiyə müdirləri, arxa sırada jandarma nəfərlərinin məzarları yer alırdı. Dəli Alı mühasirəyə düşəndə Gəncə əhli Dəli Alıya zəfər arzulardı. Biz savaşın nəticəsini axşamüstü şəhər klubunda jandarma alayının atışmada iştirak edən zabitlərindən təfsilatı ilə öyrənərdik. Atışmanın dəhşətini unuda bilməyən zabitlər, Dəli Alının qorxulu nərəsini və əllərindəki silahları makinalı tüfəng kimi istifadə etmələrini, 30 nəfər deyil, 300 nəfər ilə döyüşürmüş kimi bizə danışardılar. Hamısının xüsusi olaraq üzərində dayandığı Alının qorxunc nərəsi idi. Təsirini soruşduqda: “Bağırma deyib, keçməyin. Dəli Alı bizə bağırıb atəş açarkən həmin an əsgərlərin əlindən silah düşür və qaçaqlar bu məqamda çəmbəri yararaq uzaqlaşırdılar. Biz onları təqib edə bilmirdik, yaralılarımızı, ölülərimizi toplayıb şəhərə dönürdük”, cavabını verirdilər. Bu döyüşün necə cərəyan etdiyini sonra şəxsən Dəli Alıdan dinlədim. Dəli Alı belə deyirdi: “Biz evimizə gəldikdə hamımız bir otaqda qalırıq, ancaq kəndin hər iki girişinə növbətçi qoyarıq, rus əsgəri kəndə girərkən növbətçilər işarət silahını atarlar, bizdə tez hazırlanıb, toplu halda döyüşmədən kənddən uzaqlaşardıq. Bir gecə jandarmalar kəndə girmiş, bizim evi mühasirəyə almışlar, sonra bildik, sabahdan günortaya qədər atışdıq. Ruslar bir ara atışmaya son verdilər, yarım saat sonra bacım Zeynəb evin balkonuna çıxdı, qapını açdıq, Zeynəb ağlayaraq içəri girdi və: Qardaş vəziyyət çox ağır və təhlükəlidir. Mindən çox Rus jandarması və kazakı ətrafı mühasirəyə alıb, içində olduğumuz evin 3 tərəfinə arabalarla ot yığıblar və jandarma komandanı mənə “Vəziyyəti görürsən, əgər təslim olmasalar evi yandıracağıq, hamısı yanacaq. Əgər təslim olarlarsa da bəlkə İmperator onları edam etdirməz, həbs cəzası verər”, dedi, indi məndən cavab gözləyir, “tez de, geri gəl”, – əmri verdi. Zeynəbi geri göndərdim və dedim ki: “Yarım saat gözləsinlər, müzakirə edək, əgər qərar versək, təslim olarıq”. Zeynəb çıxdı, dostları ətrafıma topladım. Vəziyyətin ciddi və ağır olduğunu hamımız bilirdik, vəhşi rusun bizi silahla deyil, yanğın ilə təslim alacağını düşünməmişdik. Zatən biz onları seyrək atışma ilə yola verib, axşamı gözləyirdik. Yanğın məsələsi çıxınca tez hərəkətə keçib və nə olarsa olsun Allahımıza və silahımıza güvənərək savaşa başlamağın zamanı gəlmişdi. Biz 25 nəfər idik. Aramızdan balaca boylu 9 nəfər ayırdım. Onlara evin bacasını genişlədərək damın üstünə çıxmalarını və oradan ətrafı yaylım atəşinə tutmalarını dedim. Bizdə, digər dostlar ilə hamımız çölə çıxacaq dedim və tənbeh etdim ki, bura bizim evimizdir, bir dənə rusun burnu qanamasın. Evin üstünə çıxanlar yaylım atəşi ilə ətrafı tararkən bizdə qapını açaraq çölə çıxdıq. Əvvəl mən çıxdım, bağıraraq havaya atəş açdım. Rus əsgərləri sipərlərə sinmişlər, başlarını qaldıra bilmirdilər, çəmbərə yaxınlaşmadan rusların silahsız olaraq qaçdıqlarını gördük, bir neçəsinin tüfəngi yerə düşmüşdü. Jandarmalar qaçırdılar, biz yerdə gördüyümüz silahları topladıq, arxamıza baxa-baxa yavaş-yavaş kənddən uzaqlaşdıq. O andan rus əsgəri görmədik, heç bir rusda vurulmadı. Nəticədə biz 12 tüfəng qənimət almış olduq, Ruslar isə kənddə qalan 21 atımızı biz uzaqlaşdıqdan sonra götürüb aparmışdılar. Bu atışmadan sonra Dəli Alı bir daha öz kəndinə getmir, ailəsi ilə birlikdə 5 ay yaylada qalır. Kənddə tarlasına, heyvanlarına, sürüsünə, ilxısına bacısı Zeynəb xanım baxırdı. Dəli Alıya qəhrəmanlığı ilə sevindirdiyi xalqımız tərəfindən çox qiymətli hədiyyələr göndərilirdi. Olduqca çox geniş ərazisi, bir neçə min qoyunu, bir neçə yüz inəyi olduğu kimi buğda və pambıq tarlası var idi. Gəliri bir kənd ağasının sərvətini keçməkdə idi. Kasıb kəndliləri qoruyurdu, kəndlilər Dəli Alıya baba deyirdilər. Kənd toylarına gedər, toy sahibinə nəmər, aşıqlara hədiyyələr verər, xalqın dərdini dinləyərdi. Alının təhsili yox idi, ancaq tanrı ona kəskin bir ağıl və zəka vermişdi. Danışmasında, fikir və mühakiməsində yetkinlik var idi, kimsə ona cahil deyə bilməzdi. Dəli Alının xalqla münasibəti elə dərəcəyə çatmışdı ki, kənd ağalarının qəhrinə və zülmünə məruz qalan kəndlilər rus idarəsinin məhkəmələrinə deyil, dərdlərini, məruz qaldıqları haqsızlığı kənd toylarında Dəli Alıya şikayət edərdilər. Dəli Alı həmin an dostlarından Cəfər bəyə (Dəli Alının təhsil almış silahdaşlarından) qeyd etdirərmiş “İlk fürsətdə sizin kəndinizə gələr, səni məmnun edərəm”, deyərmiş, kəndlinin Dəli Alıya şikayətini duyan kənd ağası, Alı kəndə gəlməmiş kəndlini məmnun edərmiş. Yerli rus idarəsi Dəli Alı ilə bacarmayacağını əvvəldən anlamışdı və bu səbəblə mücadilə formasını dəyişdirərək hiyləyə baş vururdu. Bütün xalqımız tərəfindən himayə görən Dəli Alının ruslara qarşı mücadiləsi asanlaşırdı. Rus ajanları Dəli Alının gecələyəcəyi kəndi müəyyən edir, gecə yarısı hərəkət edən jandarma alayı səhərə yaxın kəndi mühasirəyə alır, fəqər Dəli Alını tapa bilmirdilər. Dəli Alı əvvəldən xəbərdar edilmiş və kənddən uzaqlaşmışdı. Bir dəfə Gəncə Gənclik Təşkilatı polisin izləməsi ilə bağlı zamanında xəbər almış və məlumatı Dəli Alıya çatdırmışdı. Hər vasitə ilə Dəli Alını məhv etməyə çalışan rus idarəsi bir yolla kəndlinin birini aldatmağa müvəffəq olur. Həm çoxlu pul verir, həm də böyük vədlər verirlər. Ruslar aldatdıqları kəndliyə zəhər verirlər, aldadılmış kəndli fürsət gözləyir. Bir gün Dəli Alı 9 nəfər ilə kəndə gəlirlər, həmin kəndli onları qarşılayır və evinə aparır. Yemək hazırlanır, boşqablara qoyulmadan gizlicə zəhəri cibindən çıxarır və yemək qazanına atır. Bunu görən həyat yoldaşı çığırtı qoparır. Kəndlinin anası məsələni anlayır və oğluna “Allah bəlanı versin oğul, bu canlara necə qıyacaqdın?”, deyə çığırır. Dəli Alı baş verənləri xəbər alır, yaxınlaşır ağlayan gəlini, özündən gedən ananı sapsarı kəsilmiş görür və kəndlini tüfəngin arxası ilə vurub yıxır. Gəlin və ana ağlayaraq: “Bu xaini, sizləri qurtaran bizlərə bağışlayın!”, deyib, yalvarırlar. Alı yıxılan kəndliyə bir təpik vurub evdən uzaqlaşır. Hadisə xalq tərəfindən nifrətlə qarşılanmışdı. Nəticə sevindirici olduğu üçün kimsə xainə cəza verilməsini ağlına gətirməmişdi. Çar idarəsi Dəli Alı ilə qarşılaşmanın və atışmaların mənfi nəticələrində əhalini qəbahətli bildiyindən təzyiqini xalqın üzərinə çevirirdi. Hər kəndin bir neçə öndə gələni qubernatorun əmri ilə 1 ay həbsə məruz qalırdılar. Xalqımız bu qanunsuz və ədalətsiz idarənin basqısına dözürdü. Ancaq Dəli Alı xalqa edilən bu təzyiqlərə sinirlənir və çox narahat olurdu. Dəli Alı bir dəfə düşünür, götür-qoy edir, Gəncə şəhərinə yaxın bir kənddə gizlənir və şəhər ilə təmasa girir. Gəncə qubernatorunun fayton ilə Qazax şəhərinə gedəcəyini öyrənir. Mövqe alaraq qubernatorun dönüşünü gözləyir. Qubernator Qazax şəhəri ilə Gəncə arasında bir dərədən keçərkən Dəli Alı 25 silahdaşı ilə qubernatoru dayandırır. Qubernatoru mühafizə edən bir neçə jandarmanı əhatəyə alır və hərəkət etməyə imkan vermir. Jandarmaların tüfənglərini əlindən alır. Bu mənzərəni seyr edən qubernator, məmur və tərcüməçi saralmış halda müqəddəratlarını düşünürlər. Dəli Alı üzünü tərcüməçiyə çevirərək: “qubernatordan soruş, bizdən nə istəyir? Nə üçün bizdən əl çəkmir, mən və dostlarım bu 10 ildə hər hansı bir cinayətimiz, soyğunçuluğumuz və yaxud qeyri-qanuni hərəkətimiz idarəniz tərəfindən qeyd edilmişmidir, kəndlər arasında rast gəldiyim jandarmalara bir pislik etdiyim məlumdurmu, mən rus idarəsini təqib etmirəm, idarəniz məni məhv etmək istəyir, mən yalnız nəfsimi müdafiə edirəm!”. Tərcüməçi bunu qubernatora dedikdən sonra, qubernator hiss edir ki, Alı intiqam hissi ilə yaxınlaşmayıb, gileylənir. Qubernator dedi: “Mən qanunun tətbiqi ilə mükəlləfəm, qanun sizi qovalayır, siz qanundan qaçırsınız, mən başqa cür hərəkət edə bilmərəm!”. Alı qubernatora: “Sizin müsəlləh qüvvəniz məni sıxışdırır, qarşılaşırıq, istəməyərək bir neçə nəfərinizi öldürürük, bunun günahı sizin üzərinizdədir. Mən sizə heç bir pislik etməyəcəm, jandarmaların tüfənglərini arabaçının ayaqları altına qoydururam, bizdən ayrıldıqdan sonra irəlidə yenə silahlarını özlərinə verərsiniz, yenə onlar sizə Gəncə şəhərinə qədər mühafizlik etsinlər, ancaq sizdən bir ricam var (Əli ilə faytonun arxasındakı qarpızı göstərərək) o qarpızdan bir dilim mənə verin, deyir. Qubernator, bütün qarpızı götürün deyir. Dəli Alı, öz əliniz ilə verin, deyir. qubernator əli ilə qarpızı Alıya uzadır. Alı qarpızı alır və “qubernator, gördünüzmü, bu qarpızı siz mənə sevdiyinizdən deyil, vəziyyətə görə verirsiniz. Bir kərə bilmiş olun ki, bizləri evlərinə alanlar, bizə yemək verənlər, bizi istirahət etdirənlər sizin kimi məcbur qalırlar, onlarda sizin kimi edirlər. Sizin qanuna qarşı nə qədər günahlarınız varsa, onlarınkı da o qədərdir. Sizdən çox rica edirəm, Gəncə şəhərinə gedər-getməz məni qoruyurlar deyə həbsə atdıqlarınızı sərbəst buraxdırın, sizə uğurlar olsun !”. Arabaçıya: “Çək arabanı, jandarmalara, haydı atlarınızı sürün, qubernatorunuza çatın, silahlarınızı alın, qubernatoru Gəncə şəhərinə qədər mühafizə edin!”, deyir. Vali Gəncə şəhərinə gələr-gəlməz Dəli Alıdan ötrü həbsə atdığı kəndliləri azad edir. “Azərbaycan Türk Kültür Dərgisi”, 1961-ci il, 115-116-117-ci saylar, səh. 15-19 Təqdim etdi: Ceyhun Nəbi

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IX hissə

    Qarabağın Qərvənd kəndindən Saleh qardaşları və dostları, Nəzərəli kəndindən Əşrəf və qayınları, Qarabağın Alpoyt kəndindən Qazanpapaq oğullarından Yunis, qardaşları və əmisi oğulları, dostları, eyni kənddən Sarıtel Aslan, oğlu və dostları, Garısudan Saday bəy bizimlə birləşdi, 300 nəfər idik. Onlar da dəstə halında yeni hökümətlə mübarizə aparıb şəhidlər verməklə yanaşı qızıl imperialistlərə də qan uddurmuşdular. Lakin bundan sonra yeni güc toplamağa imkan qalmamışdı. Ona görə toplanmışdıq ki, son meydan savaşında onlara yenidən dərs verib İrana keçək. Qarabağın məşhur Vəzirov ormanında Göyüş adlı bir kommunistin əsgərləri və milislərilə üz-üzə dayanmışdıq. Sabahı gözləyirdik. Səhər tezdən ölüm-dirim mübarizəsi başladı. Elə ilk həmlədə də Göyüşü vurduq. Göyüş Azərbaycanın ən məşhur qaçaqlarından biri Qaçaq Qəmbərin də qatiliydi. Beləcə onun da intiqamını aldıq. Mücadiləmiz bitdikdə arayıb onun cəsədini tapdım. Cibindən öldürdüyü insanların siyahısı çıxdı. Qaçaqlara onun meyidi üzərinə quru odun toplamalarını tapşırdım və hazır olduqda əllərimlə od vurdum. Onun yanmasını xeyli seyr etdim.     Ərzağımız tükənmişdi, Kür kənarındakı Qılıclı kəndinə bir nəfər göndərdik. O kəndə girəndə bir neçə kişiylə rastlaşır. Bu kişilər çayın o biri sahilinə keçirmişlər. Onlar üzbəüz gəldikdə - dur, deyə bizimkiləri saxlayırlar. Bu zaman həmin adamlardan biri – Oğlan məni tanımadınmı, mən dünyanı titrədən Hüsnü Qocayevəm – deyir. Qarabağın Alpout kəndindən Qazanpapaq oğullarından Səməd – səni çox yaxşı tanıyıram deyib, güllələri onun ağzına sıxır. Yanındakıları da öldürüb geri dönürlər. Onların tez qayıtması bizi şübhələndirdi. Bunun səbəbini soruşduqda kəndin kənarındakı hadisəni bizə danışdılar. Biz yerimizi dəyişib başqa kəndlərdən ərzaq toplaya bildik.     Bu son çarpışmalarımız zamanı, məni Parisdən gələn iki kişi axtardığını eşitdim. Öyrəndim ki, biri erməni, digəri gürcüdü. Xaricdəki istiqlalçılar tərəfindən göndərilmişdilər. Onları sağ-salamat Bakıya yola saldım. Artıq elə bir gün olmurdu ki, davasız ötüşə bilək. Nəfəs almağa belə vaxtımız yox idi. Ona görə də tam gücümüzü ortaya qoymuşduq. Canlarından bezmiş rus zabitləri Moskvadan Sibir alayları göndərməyi xahiş edirdlər. Artıq müdafiə olunmaq yox, yalnız hücum edib şər qüvvələrdən daha çox öldürməyi qarşımıza məqsəd qoymuşduq. Məqsədimiz vətənimizi tərk etmək olduğu üçün daha çox bolşevik öldürməyi qənimət sayırdıq. Yenidən Vəzirov ormanına gəldik. Kür çayı daşmış, ətrafı su basmışdı. Orada şiddətli döyüşlər başladı və Sarıtel Aslanın cavan oğlu şəhid oldu. Biz düşmən qüvvələrindən də xeyli öldürmüşdük. Bu döyüşlərdə vəhşi bir kommunist olan Əsədi də məhv etdik.     Bir müddət sonra Sibirdən ordu birləşmələri də gəldilər. Biz bundan bir az gec xəbər tuta bildik. Bolşeviklər yanımza səliqəli bir adam göndərdilər. Onun məqsədi Samuxlu Arıqlı çopur Məmmədqasımın burda olub-olmamasını öyrənmək imiş. Həmin adamı Garıslı Saday bəylə görüşəndə Saday bəy ondan – Nə üçün gəldin – soruşduqda, o deyir – Məni bura Sibirdən gələn ordunun generalı göndərib. Deyib ki, Məmmədqasımın sizin yanınızda olub-olmadığını dəqiqləşdirim. Saday bəy məni göstərərək qarşınızda dayanan Məmmədqasımdı, yanındakılarda qaçaqlarıdı. Mənidəki, tanıyırsan – deyə cavab verir. Bu adam geri qayındanda Saday bəyin qaynı Musa onu vurdu. Mən – Musa, deyə qışqırdım. Nə üçün onu vurduğunu soruşdum. Dedim ki, axı bu adamı zorla göndəriblər. Üstəlik bu yazıq onların qüvvələri barədə bizə dolğun məlumat verdi. Sonra fikirləşdim ki, bu olaylar, ölüm-dirim mübarizəsi insanların düşüncələrini pozur və onlar yerli-yersiz intiqam hissiylə alovlanırlar.     Muğan çölünün istisi, sivri tək uzanmış qamışlıqları həmişə olub. Orada ilan əlindən tərpənmək də mümkün deyildi. Deyilənə görə Böyük İsgəndər də Əhəmənilərə hücumu ordan başlamış, lakin ilanların ucbatından sonra istiqaməti dəyişmişdir. Yer üzünün cəhənnəmi olan bu ucsuz-bucaqsız səhralarda üç ay dolaşdıq.     Bu yazdıqlarım sizə əfsanə gəlməsin. Hər şey həqiqətdi. Bu günləri mən yaşayıb görmüşəm.                                                              ***     Araz çayında keçid olmadığı üçün İrana keçə bilmirdik. Keçid yerlərini rus əsgərləri tutmuşdu. Suların azalmasını gözləyirdik. Axşamlar düşəndə təhlükəli yerlərə qarovulçular düzüb, gecə üç-dörd dəfə yoxlayırdım. Daha heç kimə ümidim qalmamışdı. Mən səhərə yaxın özüm də növbətçi oldum və durbini əlimə alıb ətrafı seyr etməyə başladım və Ovçu yolu deyilən əraziylə Sibirdən gətirilmiş rus kazaklarının bizə doğru gəldiyini gördüm. Bütün qaçaqları oyatdım və vəziyyəti anlatdım. İrəliləyən əsgərlərin qarşısında əlverişli mövqe tutmaq üçün hazırlaşdıq. Yarım ay şəklində səngərlərə dolduq. Elə vəziyyət yarandı ki, gələn qüvvələr bizim pusqumuza düşdü. Onlar özlərini qurtarmaq üçün can atır, biz isə müdafiə olunduğumuza görə onları bir-birinin ardınca yerə sərirdik. Bu vuruşmada Alpoutlu Yunis bəyin qardaşı Nəbini vurdular. Bir neçə qaçaq da yaralandı. Fəqət həmin ərazi düşmən cəsədləri ilə doluydu.     Qaranlıq düşənədək döyüşdük. Onlar tam hazırlıqlı olduğundan qaranlıqda projektorları bizə tərəf çevirdilər. Sanki gündüz idi, hər yeri görmək olurdu. Biz səngərlərə dolub başımızı çıxarmağa ehtiyat edirdik. Ardıcıl olaraq biz tərəfə bomba atmağa başladılar. Biz də səngərlərdə boş-bekar dayanmırdıq. Yaralıları isə tez arxaya aparırdıq. Bu on ildə topladığımız cəsarət və allahın bizi qoruması nəticəsində qorxu nə olduğunu bilmirdik. Qaçaq dəstəsinin rəisi olduğum üçün tez-tez səngərləri yoxlayırdım. Bütün qaçaq dəstələrinin rəislərinə bir addım da çıxmamağı əmr etdim. Bu kafirləri yalnız bu yolla məhv etmək mümkün idi. Qaçaq dəstələrinin rəisləri də mənim tövsiyyələrimə qulaq asırdılar. Artıq qaçaqlar canavara dönmüşdülər. Vuruşduğumuz yetmir kimi Saday bəylə yeni planlar cızırdıq. Bu dəfəki mübarizəmiz çətin olacaqdı. Onları geri qaytarmaq çətinləşmişdi. Biz, iki qrupa ayrıldıq. Mən qaçaqların bir hissəsiylə düşmən qarşısına çıxmalı, digər qrupdakılar isə düşmənə arxadan zərbə vurmalıydı. Rusların bizim planımızdan xəbəri yox idi. Döyüş zamanı mənim dəstəm onlarla üz-üzə gəldi. Əlimizdəki silahlar düşmənin üzərinə od yağdırırdı. İki atəş arasında qalan düşmən qüvvələri çaş-baş qaldılar. Nə edəcəklərini bilmirdilər. Onların hamısını öldürdük. İsti hava, ağcaqanadlar da bir yandan düşmən qüvvələrini əldən salırdı. Onlar : - Biz Azərbaycan partizanları ilə mübarizə apara bilmərik – deyərək öz generallarını da öldürdülər və tamamilə geri çəkildilər. Bizim isə hələ burada qalmağımız vacib idi. Qamışlıqların arasında dincəlirdik.                                                               ***     1932-ci ilin 25 avqustu idi. Bolşevik qoşunları tamam çəkilmişdi. Bir az dincələ bildik. Fəqət biz bilirdik ki, arxadan yeni qüvvələr gələcək. Buna şübhəmiz yox idi. Qaçaqların saç-saqqalı bir-birinə qarışmışdı. Mən bir kişini Araz çayına baxmağa göndərdim, o bir azdan qayıdıb Arazı keçmək olar deyə xəbər gətirdi.     O yerdə toxumluq heyvanlar yetişdirən dövlət fermaları vardı. Ora hücum edib yıxıb uçurduq. Sonra dəmir yolundaki vağzala da hücum çəkdik. Günəş batanda isə Araz çayını keçib atla səhərə qədər xeyli yol getdik. Gün işıqlaşdığı zaman Çaxırlı kanalı yanındakı körpünü 8 nəfərlə nəzarətə götürdük. Rusların pusqusuna düşməmək üçün sakitcə keçməyimiz məsləhət idi. Sonra o birisi qaçaqlar da gəldilər. Ertəsi gün İrana keçdik.     İranda varid olduğumuz qəsəbə rus postlarına yaxın idi. Artıq cənnət vətənimizdən ayrılmışdıq. Bir qurban kəsib ətini kasıb-küsuba payladıq və on iki illik mübarizəmizə son qoymalı olduq.     Allah bizləri qorumuşdu. O məlunların əlində öldürməmişdi. Niyə ana yurdumuz bizə cəhənnəm olmuşdu ? Nədən vətənimizdə ailəmiz, uşaqlarımız insan kimi yaşaya bilmədi ? Tanrının bizə bu qədər güc verməsi, vətənimizi, dinimizi o kafirlərin əlindən qurtarmaq idisə bunu sona çatdıra bilmədik. Özümüz də bu mübarizənin qurbanı olduq. Son !!! Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VIII hissə

   Bir gün Sultan dərəsilə dağlara çıxmalıydıq. Biz ora çatmazdan əvvəl aralıda bolşevik qüvvələrini gördük, onlar isə bizi görə bilmirdilər. Mən tapşırdım ki, onlar bizə atəş açmayınca heç kəs silah işlətməsin. Biz iki hissəyə bölünüb, Sultan dərəsini öndən və arxadan mühasirəyə aldıq. Yollarını kəsdik. Onlar iki qüvvə arasında qalmışdı. Axşamadək döyüşlər davam etdi. Biz hamısını öldürüb axşam dağlara çəkildik. Sübh tezdən əsgərlər hər yerə doluşmuşdu. Bizimlə döyüşmək üçün əlavə qüvvələr də gətirilmişdi. Biz də tamam əldən düşmüşdük. Bu dəfə bizi allah qurtardı. Tufanlı, yağışlı ruzigar başladı. Bolşeviklər bu yerləri yaxşı tanımadıqları üçün çətin vəziyyətə düşmüşdülər. Onlar bizi tapa bilmədilər. Ertəsi gün Şəki istiqamətində getməyə başladıq. Qarlı havada yol getmək də çətinləşmişdi. Böyük bir ağacın ovuğunda gecələdik. Yapıncılarımıza bürünüb yatdıq. Sabah olanda isə qarşımızda iki arxac göründü. Onlar dağıstanlılar idilər. İki qrup halında arxaca gəldik. Çox qonapərvər idilər. Bizə yemək-içmək verdilər. Baş çoban bizdən kim olduğumuzu soruşanda hər şeyi doğru düzgün anlatdıq. Bu adam da bizə normal münasibət göstərdiyi üçün iki gün orada qaldıq. Bayırda qış havası duyulurdu, qar yağırdı. Ağdaşa getməyə qərara aldıq. Bu da bizi qorxutmurdu. Belə səfərlərə alışmışdıq. Yorucu bir yolculuq başlamışdı. Gecə qaranlığı düşsə də yenə də yol gedirdik. Gecə yarısı Səfərabad qəzasına çatdıq. Əyri çayını keçdik və sıx bir ormanlığa girdik. Qaçaqlara qurumuş kötükləri toplamağı tapşırdım. Qar yağırdı. Yapıncıları üstümüzə örtüb qarın altında yatdıq. Səhər tezdən yuxudan duranda yatmış qaçaqlar qıraqdan qəbirlərə bənzəyirdi. Onları bir-bir yuxudan ayıltdım. Kəndlər rus əsgərlərilə dolmuşdu. Hər kənddə on əsgər, bir çavuş vardı. Qaçaqlardan biri yaxınlıqdakı kənddən idi, bu səbəbdən də gedib bizə yemək gətirə bilərdi. Tütünləri qurtaran qaçaqlar ağac yarpaqlarını ovub siqaret kimi çəkirdilər. Bu durum bir həftə davam etdi. Bir axşam üstü yenə yola başlayıb Ağdaşın Cəyirli qəzasına gəldik. Orada iki qoyun yatağı vardı. Biz yenə də iki qrupa bölündük. Mən yatağa girdim. Yemək bişirirdilər. Qaçaqlar da gəldi. Əyləşib yemək yediyimiz vaxt içəriyə yaşıl gözlü, sarışın bir nəfər girib salam verdi. Sonra siz kimsiniz –deyə soruşdu. Mən də - görmürsənmi insanıq, həm də hökümət adamı – deyə cavab verdim. Bu adam çox hirsliydi. Mən başa düşmürəm, telefon etmişəm beş dəqiqəyədək sizin kim olduğunuz aydınlaşacaq. Mən təkrar –sən qarnımızı doydur, nə qədər istəsən pul verəcəyik. O isə - mən nə sizi tanıyıram, nə də yemək verəsiyəm – deyib üzümüzə baxdı. Bunu dedikdə - Mən səni bizi dinləməyə məcbur edərəm – deyib ayağa qalxdım. Əlini ayağına bağladım. Əlimə bir ağac alıb döyməyə başladım. Sonra isə qaçaqlara – kimin ülgücü varsa bunun qulağını bir az kəsin, yadında saxlasın. Bizdən sonra bura gələn qaçaqlara belə rəftar etməsin – dedim. Bunu eşidən Fidail həmin adamın qulağını dibindən kəsdi. Bunu haqq etmişdi. Ona görə ki, bu adam satqın və kommunist idi. Sonra onu yanına çağırıb bir də biz buralara gələndə belə etsən özündən küs –dedim. Burada qalmağımız təhlükəli olduğundan ərzaq götürüb uzaqlaşdıq. Küllü qara deyilən yerdə yenə də iki qoyun yatağı vardı. Yataq sahibi nurlu sifət Hacı Həmzə idi. Bizi gülər üzlə qarşılayıb xoş gəlmisiniz – dedi. Çobanları çağırıb iki qoyun kəsmələrini tapşırdı, onun iki gəlini vardı. Onlar da təzə çörək bişirməyə başladılar. Damda tütün vardı. Onu da qaçaqlara payladı. O da dərdliydi. 4 oğlu vardı, ikisi Sibirdə sürgündə, ikisi də nəzarətdəydilər. Mənə baxaraq : - Çopur Məmmədqasım sənsənmi –deyə soruşdu. Sonra mənə Ələsi göstərin deyə xahiş etdi. Biz də ona Ələsin başqa yerə getdiyini söylədik.     Yemək hazır idi. Əyləşib doyunca yedik. Hacı Həmzə bildirdi ki, 2400 qoyun var. Onları sizə fəda edə bilərəm. Vətən və millət naminə mübarizə aparırsınız. Silahdaşlarınıza deyin ki, tez-tez gəlib yemək aparsınlar. Ancaq bir kimsə bilməsin. O bizə gizli olaraq 500 mauzer gülləsi verib yanaqlarımızdan öpdü və vidalaşdı.     Ətrafı yaxşı görmək və özümüzü müdafiə etmək üçün əlverişli bir yer tapmalıydıq. Ona görə də Naltökən deyilən yerə çatmalıydıq. Biz düzə çatdıq, oradan hər yer aydınca görünürdü. Qaçaqlara istirahət etmələri üçün icazə verdim. Mən də bir təpənin başına çıxıb durbinlə ətrafı seyr etməyə başladım. Çox qarışıq bir suvari dəstəsinin bizə tərəf gəldiyini gördüm. Bizi hər yerdə axtarırdılar. Komandirləri avtomobildəydi. Qarşısına çıxan ceyranları ovlayırdı.     Onlar bizi tapa bilməyib axşam üstü geri çəkildilər. Biz də bir müddət burada qalıb yenidən Samuxa döndük.     Vəziyətimiz getdikcə ağırlaşırdı. On illik qaçaq həyatı bizi əldən salmışdı. Vəhşi bir həyat tərzi keçirirdik. Digər bölgələrdəki qaçaq dəstələrinin çoxu yaxalanmışdı. Öldürülmüşdü. Bu durum qarşısında bütün qüvvələr bizə qarşı yönəlmişdi. Bizim silahdaşlarımızdan Mehralı və Camal, üç qardaş, bu ağır şəraitə dözməyib bizdən ayrılıb qaçmış, gedib hökümətə təslim olmuşdular. Mübarizəyə dözüb təslim olmayan qaçaqların da mənəviyyatları sarsımışdı. Qafqazın dağ və ormanları rus əsgərlərinin məzarları ilə dolmuşdu. Bizdən ayrılanları həbs edəndə bolşeviklər : - “Qasımın qüvvəsi azaldı. Qardaşı da suda boğuldu” deyə sevinirdilər.     Bir gün Oğurca deyilən bir yol keçidində əyləşmişdik. Birdən postdakı qarovulçumuz bizim yanımıza gəlib – “ Hazır olun gəlirlər” deyə bağırdı. Havada yağışlıydı. Onlarla burda döyüşmək məqsədə uyğun deyildi. Aradan çıxmaq üçün şansımızda qalmamışdı. Qarşıdakı bir dağa çıxdıq. Bura çatanda qablarımızda bir damcı da su qalmamışdı. Çox susamışdıq. İçi soxulcan və böcəklərlə dolu su içməyə başladıq. Hökümət qüvvələri isə bizdən əl çəkmirdi. Biz dağın əsas nöqtələrini tutub çalanın içində pusqu qurduq. Döyüşə hazır vəziyyətdə gözləməyə başladıq. Köhnə dostumm Pirvəli oğlu Səməd də dəstəsi ilə üstümüzə gəlirdi. Onunla əvvələr dost idik. İndi isə heç bir bağlılığımız yox idi. O yolunu azmışdı. Səməd mənim ünvanıma söyə-söyə - “ Sən Denikinmisən, Kolçakmısan, ortaya çıxsana, Qasımı öz əlimlə tutub aparacam” – deyərək qışqırırmış. O, bizi axtararkən hökümət qüvvələri ilə döyüşlər başladı, hər tərəfdən silah səsi eşidilirdi. Üstümüzə gələn Səməd də əlində silah bir yoxuşu çıxırdı. Ora həm yoxuş, həm də dar keçid idi. Ən qabaqda Əsəd dayanmışdı. Səməd yoxuşu çıxanda qardaşım Əsəd onu vuracaqdı. Mən də sürünə-sürünə o tərəfə irəlilədim. Aramızda on beş, iyirmi metr məsafə qalmışdı. Ya allah deyib nişan aldım. Güllə açıldığı ilə Səmədin aşmağı bir oldu. Qardaşım Əsədi də ölümdən qurtardım. Səmədin yanındakıları da öldürdüm. Onun arxasınca gələn qüvvələr isə sevinərək ura çəkirdilər. Onlar elə biliblər ki, Səməd məni öldürüb. Mən isə sürünüb Səmədin cəsədi olan yerə gəldim. Onun səsini təqlid edərək dəstənin başcısı Yunisə - yavaş-yavaş gəlin onları təmizlədim – deyə, bağırdım. Özüm də onlara tərəf sürünməyə başladım. Yunis ağır-ağır yoxuşu çıxırdı, silahsız idi. Ona da bir güllə vurdum. Öz rəislərinin öldürüldüyünü görən hökümət qüvvələri məcbur qalıb yenə də geri çəkildilər.     Bitib tükənməyən bu mübarizəmiz, ağır yolculuq həyatı, soyuq ruzigar bizi də yormuşdu. Nə olursa olsun, yalnız bu işgəncə bitsin deyə allaha yalvarırdıq. Azacıq yeməyimiz qalmışdı, onu da yeyib qurtardıq. Mən bir kənara çəkilib qardaşım Əsədi də yanıma çağırdım. Əyləş dedim. Sonra söhbətə başladım. Dedim ki, Əsəd ola bilsin mən səhv düşünürəm. Sənin də məsləhətin lazımdı. O, diqqətlə qulaq asırdı. Qardaşım, vəziyyətimizi görürsən, qaçaq dəstələrinin hamısını dağıtdılar. Bizim də qüvvəmiz azaldı. Ələs də suda boğuldu. Ailəmiz, qohum-əqrabamız məhv edildi. Qalanları isə Sibirə sürgün olundular. Düşmənlərimiz isə gündən-günə güclənməkdədi. Yanımızdakıların da üçü qaçıb hökümətə təslim oldu. Tək ümidimiz İrana keçməkdi. Sənin fikrin nədi ? O da tərəddüd etmədən razılıq verdi.                                                             ***     Kür çayının bütün keçidləri nəzarət altındaydı. Qaçaqların bir qismi ilə çayın kənarındakı Adabaşı kəndinə gəldik. Kənddə Qurban və Zəkəriyyə adlı iki dostumuz vardı. Onlar barama ilə məşğul olurdular, qayıqları da vardı. Bu sadiq dostlarımdan Qurbanı çağırtdırdım və qayığı ilə bizə qarşı sahilə keçirməsini rica etdim. O da məmnuniyyətlə bu xahişimi yerinə yetirəcəyini bildirdi. Bizi sağ-salamat qarşıdakı Küçüklü kəndinə çatdırdı. Bu kənd həm qayalıq, həm də sıx ormanların əhatəsindəydi. Qorunmağımız üçün əlverişli şəraiti vardı. Orada da hökümətdən qaçaq düşən bir dostumuzla rastlaşdıq. Adı Mirzə idi. O, bizləri görüncə sevincindən nə edəcəyini unutmuşdu. Bizim qayəmiz isə Qarabağdan İrana keçmək idi. Bu arzumuzu ona da söylədik. Yəni Mingəçevirə gedib lüt Əli Hüseyni Mustafa və qardaşlarını görəcəyimizi anlatdıq. O bizimlə razılaşdı və bir yerdə hərəkət etdik. Mingəçevirdəki dostlarımızı da götürüb yola çıxdıq. Qərarımız qəti idi.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Orxan Hacılıya qarşı baş verən qanunsuzluqlar sizələrə məlum deyilmi?

Orxan Hacılının qanunsuz saxlanmasına münasibət barədə:  Bu işin məhkəmə perspektivi yoxdur. Bu gün Orxanı polis şöbəsində saxlayanlar da bunu yaxşı bilir. Çünki, istənilən halda, qəzanın baş verməsinin səbəbkarı Orxan deyil. İqtidar yandaşlarının paylaşdığı videokadrlarda bunu hamı görüb.  Bu halda, iqtidarın bu davranışının motivi nədir? Dünəndən baxıram, cəbhə funksionerləri də bu qanunsuz saxlanmanı pisləyən açıqlamalar verir. İqtidarın bu işdə düzgün hərəkət etdiyini iddia edən heç bir açıqlamaya hələlik rast gəlməmişəm. Bu işin beynəlxalq aləmdə də iqtidar üçün müəyyən neqativ nəticələri olacaq. Belə olduğu halda, müxalifətin rejimə boyun əyməyən hissəsinin birliyinə, ölkədə ədalət hissini itirməyən insanların etirazına, beynəlxalq aləmdə nüfuzuna xələl gətirən bu addımın atılması iqtidarın nəyinə lazımdır? Razılaşaq ki, bu hansısa müstəntiqin, yaxud polis rəisinin təşəbbüsü ilə olan hadisə deyil. Orxan Hacılı barədə qəbul edilən qərarın arxasında mövcud rejim durur. İqtidardakılar bu qədər axmaqdılarmı ki, nümayişkaranə şəkildə bu cür rüsvayçı qərar qəbul edirlər. Belə deyil. Nə etdiklərini, bu qanunsuzluğa yol verməklə cəmiyyətə hansı mesajı verdiklərini çox yaxşı bilirlər. Beləliklə, Qarabağ uğrunda gedən müharibələrdə gerçək müxalifətin sağlam mövqeyinə baxmayaraq, rejim hesab edir ki, bu 1993-cü ildən bu yana şərti olaraq "AXCP - Musavat" cütlüyünə qarşı davam edən soyuq vətəndaş müharibəsinə son qoymaq üçün kifayət deyil. İqtidarın məntiqinə görə, AXCP və Musavat konkret olaraq İlham Əliyevə biət etdiyini bəyan etməyincə onlara qarşı "bizimlə olmayanlar bizə qarşıdır" prinsipinə əsaslanan bolşevik metodlarından istifadə olunacaq. Son otuz il ərzində iqtidar ölkədə irticaya qarşı müqavimət göstərə biləcək qüvvələri daim təzyiq altında saxlamaqla onları faktiki qanundan kənar elan etmək və bu yolla cəmiyyətdə xof yaratmaq siyasətini həyata keçirib. Orxan Hacılıya qarşı yol verilən qanunsuzluq da məhz bu məqsədlə törədilir. Bu arada özlərini daim müstəqil sayan, onları şərti olaraq "avtobus müxalifəti" adlandıranlara etiraz edən partiya sədrlərinə də müraciət etmək istəyirəm. Orxan Hacılıya qarşı yol verilən qanunsuz əməllərin yuxarıda qeyd etdiyim motivləri sizlərə məlum deyilmi? Yığışın bir açıqlama verin, ortaya ortaq mövqe qoyun. Əgər bu hadisədə iqtidarın hərəkəti düzgündürsə, birgə açıqlama verin ki, hər şey qanun çərçivəsindədir, antimilli müxalifət iqtidara böhtan atır və sairə. Yoxsa, sizlər yalnız prezident aparatından göstəriş olanda birgə bəyanata imza atırsız?  Orxan üçün isə qətiyyən narahat olmağa dəyməz. Kişinin başına iş gələr. Onun bu sınaqdan daha mətin, daha mübariz, daha güclü çıxacağına əminəm. Düzdür, birinci dəfə deyil, amma yenə də, qəzan mübarək olsun, Orxan! Vaqif Hacıbəyli, hüquqşünas 

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VII hissə

    Bizə qarşı hücumalar güclənir, kütləvi sürgünlər artırdı. Məmləkətin müxtəlif yerlərində isə gizli təşkilatlar fəaliyyətdəydi. Kommunistlərin və orduda qulluq edənlərin içində də bu qurluşun əlehdarları çoxalırdı. Nuxa şəhərində minbaşı Kor Bəhrəm, qəssab Hüseyn, Erkək Abdulla, Cöynükdən Əbdülrəhim və qardaşları, kiçik Dəhnədən Əbdülkərim, nəvəsi Hüseyn, Əli, Zülqədər, Böyük Dəhnədən Şüayıb, Qaraqoyunlu kəndindən Əbdülrəhim və qardaşları, Qaxdan Hacı Qədir və qardaşları, qohumları üsyana hazırlaşırdı. Bizdə də bu barədə məlumat vardı.     Üsyandan bir gün sonra biz Nuxa şəhərinə varid olduq. Həbsxananı açıb silahları üsyançılara payladıq. Şiddətli mübarizə başladı. Bir tərəfdə kiçik və yardımsız Azərbaycan, digər tərəfdə qanlı imperiya qüvvələri küçələrdə döyüşlər davam edirdi. Bağırovun ən sadiq adamlarından birinin evini tutuduq. Sahibi evdə tapılmadı. Qadın paltarında qaçmışdı. Üsyanın başında duran Bəhram yaralanmışdı. Onu şəhərdən çıxarıb müalicə edirdilər. Biz də şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Üsyanın dördüncü günü şəhəri tərk etdik. Bizimlə birlikdə Osmanlı ordusundan qalıb sonra müəllimlik edən bir zabit də döyüşürdü. Adı İsmayıl Hakkı idi. O bütün gücü ilə mübarizə aparırdı.     Yaralı olan minbaşı Bəhramı öz çadırıma gətirdim. Lakin o bayırda olanda öz gülləsi ilə özünü öldürmüşdü.     İzimizə düşən bolşevik rus qüvvələri bizi öndən və arxadan təqib edirdi. Onlarla Qutqaşenin Qayıqlı kəndində üzləşdik. Bizim yerimiz yaxşı idi. Başımız üzərinə güllələr dolu tək yağırdı. Bu şiddətli döyüşlərdə “məni əsir aldılar” deyə qışqıran İsmayıl Hakkının səsini eşitdim. Ona tərəf sürünüb beş rus əsgəri ilə qarşılaşdım. Onları bir-bir öldürdüm və İsmayılı azad etdim. Ruslar xeyli tələfat verib çəkildilər. Ortalıq meyidlərlə doluydu. Bir az da vuruşub oradan sürətlə uzaqlaşdıq. Ağdaş ərazisinə gəldik. Bütün silahdaşlarımı toplayıb önəmli məsləhətlər verdim. Ərzağımız və suyumuz qalmamışdı. Tarladakı buğda dənələrini əlimizlə ovuşdurub yeyirdik. Elə orda da hər kəs öz məntəqəsinə getmək üçün görüşüb ayrıldıq.     Hadisələrin belə dözülməzliyi bizi yabançı halına salmışdı. Evlərimiz yıxılmış, uşaqlarımız pərişan olmuş, bizim də yerimiz-yurdumuz qalmamışdı. Bizim yaşamamız dövlət üçün əlverişli olmadığından təqiblər, basqılar davam edirdi. Gecəmiz-gündüzümüz tox idi. Elə bu vaxt Sadıqov adında bir kommunistin Moskvaya qədər gedib “Qasımın kəlləsini gətirməsəm, mənim başımı kəsin” deyə söz verməsi və bizə qarşı hücuma hazırlaşması xəbərini bizə çatırdı.     Bu generalın güclü qoşun topladığını, mübarizəyə hazırlaşdığını bizim olduğumuz əraziyə hücum zamanı ağaclara iz qoya-qoya irəlilədiyini də öyrənə bildik. Güclü kəşviyyat işi aparmışdı. Yanında bir mühəndis və yüzə qədər könüllü ilə gəldiyi də aydın oldu. Kəndlərə daxil olanda onlardan süd, qaymaq alıb pul təklif etsələr də kəndlilər onlardan pul almırmış. Kəndlilərdən nə üçün pul almadıqlarını soruşanda onlar : - nəyinə lazımdı sən südünü, qaymağını al, deyə cavab verirlərmiş. Sadıqov oralarda bir neçə gün dolaşıb heç kim tapmayınca çıxıb getmişdi. Bizə bu xəbəri kəndlilər çatdırırdı.     Həmin ilin Qurbam bayramında bizim evlərimizə gedəcəyimizi zənn edən Sadıqov kəndimizin yaxınlığına 300-ə qədər əsgər toplamışdı. Onlar ərazini mühasirəyə almışdılar. Bundan xəbər tutub ailəmizə baş çəkməkdən vaz keçdik. Ailəmizi, uşaqlarımızı tutub sürgünə göndərdilər. Bizə məxsus mal-qaranı və ev əşyalarımızı talan etdilər. General Sadıqovun bu hərəkətləri vəziyyətin yaxşı olmayacağından xəbər verirdi. Kür çayının bütün keçidləri də rus əsgərləri tərəfindən nəzarətə alınmışdı. Biz isə çayın o biri sahilinə keçməyə məcbur idik. İşimiz çox müşkül idi. 24 nəfərlə Qaraağaclı qəzasına gəldik. Bir may gecəsiydi. Çayın kənarındakı mal qışlağına soxulduq. Qışlağı iri çoban itləri qoruyurdu. Orada bir qayıq olduğunu bilirdik. Köpəklərdən güc-bəla ilə qorunaraq qayıqçının olduğu yerə gəldik. Qayıqçı heç nədən xəbərsiz arvadı ilə yatırdı. Tüfəngin qundağı ilə onu qaldırdım. Lakin ondan tez arvadı oyandı, məni görüb özünü itirdi. Tez ərinə qışqıraraq :     -Qalx, Qasım qardaş gəlib – dedi. Şirin yuxuda olan qayıqçı heç nə anlamamışdı. Qasım, Qasım deyə mızıldandı. Qadın qalxıb bir az yemək hazırladı. Bu adam isə hələ özünə gəlməmişdi, heyrətlə mənə baxırdı. Mən qayıqçıya : - Abdulla bizi o biri sahilə keçirəcəksən – dedim. O hələ ayılmamışdı üzünü turşutdu. Bunu hiss edən arvadı – qalx qayığını hazırla, onlar bizim üçün mübarizə aparırlar, kişi, deyilsənmi – deyə, ərinə acıqlandı. Hərif yenə durmaq istəməyəndə - qalxmasan səni öldürəcəm – dedim.     Dəstəmiz 24 kişidən ibarət olduğu üçün qarşı sahilə iki dəfəyə getməliydik. Çayda suyun çoxluğundan qarşı sahil görünmürdü. Birinci qrup sahilə çıxanda fanarla yaşıl işıq yandırmalıydı. Birinci qrup qayığa mindi və bir vaxtdan sonra yaşıl işıq saçdılar. Onlar sahildə düşdükdən sonra qayıq geri döndü. İkinci qrupun başcısı mən idim. Biz də o biri sahilə keçdik. Çaydan aralanıb nə qədər telefon dirəkləri və telləri vardıa hamısını kəsdik. Sanki tanrının bizə verdiyi bu zülm azmış kimi, şiddətli bir leysan yağmağa başladı. Bu hadisə işimizi daha da çətinləşdirdi.     Eldardan Zaman oğullarından Məhəmməd Əli, Abbasqulu, Hacı Adıgözəl və oğlu Zamanın qaçaq dəstələri aləmi dağıdıb uçururdu. Qabaqlarına çıxan bütün kommunistləri öldürürdülər. Bunu duyan və bizim üstümüzə gələn Sadıqovun dəstəsi Eldara getməyə məcbur oldu.     Biz isə qabağımıza çıxan bir mal damına girdik. Qara Məhəmməd oğlu Mustafadan bir at və bir qoyun aldıq. Qoyunu kəsib yedik, qalanını çantamıza doldurduq.     Bir az vaxtdan sonra silahdaşlarımızdan birinin, bir milis və bələdçinin – Bu, Sadıqov bir bəladı, Eldara gedib, bir azdan dönəcək və buralarda daşı-daş üstə qoymayacaq, hər yeri dağıdacaq – deyə, danışdıqlarını mənə xəbər verdi. Mən qarovulçuları ağaca çıxarıb ətrafa nəzarət etmələrini əmr verdim. Başqalarına da tapşırmışdım ki, qoyunu kəsib qızartsınlar. Onlar bu işlərlə məşğul ikən ağacdakı qarovulçu qışqırdı və o birisi sahilə 15 nəfər rus əsgərinin gəldiyini anlatdı. General Sadıqovun da onların içində olduğunu dedi.     Bu xəbər bizim üçün gözlənilməz oldu. Mən ağaca çıxdım. Əlimə durbini aldım. Onun belində 10 açılan atdan endiyini gördüm. Bu Sadıqovun özüydü. Əlində ki, qamçı ilə çəkmələrini döyə-döyə sahildə gəzişirdi. Sonra o qayığa yaxınlaşdı. Əvvəlcə özü sonra isə, əsgərlər qayığa mindilər. Bizim olduğumuz sahilə doğru üzməyə başladılar. Ağacdan düşüb 6 nəfər götürdüm, qalanlarına isə, gözləməyi əmr etdim, dedim ki, əgər bizi sıxışdırsalar köməyə gələrsiniz. Biz çayın sahilindəki səngərlərdə gizlənib onların sahilə çıxmalarını gözlədik. Qayıq sahilə çatırdı. Onlar düşər-düşməz bir yayılım atəşi açdıq. General və üç nəfər yıxıldılar. Qalanları yaralanmışdı. Yanlarına getdik. Yaralılar yalvarmağa başladılar. Bu yalvarışlara məhəl qoymadan onları öldürdük. Sadıqov hələ ölməmişdi, gözlərini açıb mənə baxırdı. Can verirdi. Onun başına çəkmə ilə qüvvətli bir zərbə endirdim. Moskvanın iti – bizim zavallı uşaqları, qadınları haraya sürdün – dedim. O yenə ölməmişdi. Qaçaqlar onu sahilə sürüdülər, tapançasını belindən çıxarıb bütün güllələrini başına sıxıb öldürdülər. Mən qaçaqlara dedim – çayın qudurmuş dalğaları bunu gözləyir. Bu sözümdən sonra qaçaqlar onu Kürə atdılar. Çayın o biri sahilində Sadıqova yardıma gələnlərin sayı artırdı. Onlar silah səslərini eşidib çaş-baş qalmış, nə edəcəklərini bilmirdilər.     Mən qışqıraraq : - niyə dayanıbsınız, çıxıb getsəniz, - dedim. Onlardan məni tanıyanlar vardı. Hara gedək, hər tərəfdən başımıza güllələr yağır dedilər. Mən onlara – General Sadıqova toy tutduq, gərdəyə qoyduq, yolunuz açıq olsun, artıq gedə bilərsiniz – dedim. Qoyun qızardılmışdı. Əyləşib doyunca yeyib, bir-birimizə nuş olsun dedik.     Yeməkdən sonra kəndləri dolaşdıq və bildirdik ki, kim Sadıqovun leşini görüb sudan çıxararsa və ya dövlətə xəbər verərsə onu da generalın aqibəti gözləyir. Kür sahilindəki Alıkənddən bir qadın su götürməyə gedəndə sabahın erkən vaxtında sahildə bir cəsəd görür və qaça-qaça ərinə xəbər verir. Əri də sahilə gəlir. Sadıqovun cəsədini tanıyır və əlindəki ağacla onu dalğaların qoynuna itələyir. Beləliklə, general məzar üzü görmədən sulara qərq oldu.    Həmin ili qış çox ağır keçdi. Dörd gözlə baharın gəlməsini gözləyib, yazı və sonbaharı yenə dağlarda, ormanlarda keçirdik. Arı komuna toxunduğumuz üçün daim bizi izləyirdilər. Təqiblər, basqınlar artırdı. Evsiz, ailəsiz dağlarda, ormanlarda, mağaralarda yaşamaq çox müşkül bir iş idi. Hökümət rəhbərləri də on ildən artıq davam edən qaçaq hərakatına son qoymaq üçün yeni tədbirlər hazırlayırdı.     Mübarizəmiz çeşidli şəkildə dəyişib davam edirdi. Kütləvi sürgünlər də əskilmirdi. O zaman Gəncənin qərbində Şəmkirin Bitdili kəndində qəribə bir hadisə baş verdi. Şəmkirin Bitdili kəndində bir mərkəz qurulmuşdu. Gizli olan bu mərkəz ziyarətgah idi. Bunu idarə edənlər Düyərli kəndindən Hacı Axund, Dövlət oğlu Mehdi, Abulla və qardaşlarıydı. Ziyarətgahın sahibi isə Düyərlidən Hüseyn adlı birisiydi.     Qısa bir zamandan sonra bura ziyarətə gələnlərin sayı artmağa başladı. Korların burada gözləri açılır, xəstələr şəfa tapırdılar. Güclü təbliğat aparıldığına görə adamlar dəstə-dəstə ziyarətgaha axışırdılar. Müsəlmanlardan başqa ruslar, ermənilər, hətta kommunistlər də gəlirdilər.     Səcdəgahda bir dam var idi. Bacadan içəri baxdıqda damın tavanında bir göyərçin, bir dənə də qılınc görünürdü. Lakin qorxudan heç kim ona yaxınlaşa bilmirdi. Burda din xadimlərilə allahsızlar arasında toqquşma gözlənilirdi. Bolşeviklər buranı mühasirəyə alanda şiddətli döyüşlər oldu. Hacı Axund və qardaşları, Qululu Abdulla, İskəndər, Temur qardaşları şəhid oldular. Biz burada da işimizi gördükdən sonra bizi axtaranların sayının gündən –günə çoxaldığını görüb Gürcüstana keçməyi qərara aldıq. Müəyyən bir vaxt üçün izimizi itirmək vacib idi.     Novruz bayramından bir həftə keçmişdi, gecə ikən Gürcüstan ərazisinə keçdik. İzimizi itirdik. Orda yolu çaşdıq. Mən dincəlmək barədə əmr verdim. O qədər yorğun idik ki, qarovulçularda yatmışdı. 24 nəfər idik. Səhər tezdən yuxudan durub gördüm ki, buralar çox təhlükəli yerdi. Həm də şose yolunun qırağıdı. Hər an tutulmaq təhlükəsi vardı. Ona görə biz ordan aralandıq, Alazan çayını keçib Dağıstana sığınmaq fikrimiz vardı. Çayın keçid yerinə çatdıqda gördük ki, qarşımızada iki heyvan sürüsü var. Onlar gürcüydülər, hamısı da təpədən-dırnağadək silahlıydı. Gürcülərdən oralarda hökümət adamı olub-olmadığını soruşsaq da dəqiq cavab ala bilmədik. Mən anladım ki, bunlar özü də bizə basqı edə bilər. Kiçik qardaşım Ələsə qarşımızdakı təpəni tutmağı tapşırdım. Bunu etməsi üçün o çayı keçməliydi. Qayıq olmadığı üçün onu bir kötüyə mindirdim. O rahatca çayı keçirdi. Tam çayın ortasında bir adacıq vardı. Ora çatıb durdu. O durmamalıydı. Mən sahildə qışqırdım. Nə üçün durursan ? O səsimi eşidib yenidən irəliməyə başladı. Sahilə çatar-çatmaz saldan düşdü. O, suyun nə vəziyyətdə axdığını bilmirdi. Ora isə çox dərin və suyun fırlandığı bir yermiş. Yalnız bunu görə bildim. Suyun üzündə təkcə onun papağı qalmışdı. Bunu təsəvvür etmək çətin idi. Ən böyük dəstəyimiz, doğma qardaşım, cəsur bir türk oğlu sulara qərq olmuşdu. İstər-istəməz özümü suya atdım. Üzə-üzə sahilə çıxdıqda qardaşımın boğulduğunu gördüm. Onu qudurğan dalğalar aparmışdı. Elə bil köksümdən güllə ilə vurulmuşdum. Əlimdən heç nə gəlmirdi. Aciz qalmışdım. Görəcəyim bir iş qalmamışdı. O birisi qaçaqlarda mənim yanıma keçmişdi. Onlar Ələsin harada olduğunu soruşduqda mən – paltarlarını qurudur – deyə yalan məlumat verdim. Qardaşım isə artıq sağ deyildi. Mənim bolşeviklərlə uzun müddət mübarizə aparmağımda ən cəsur köməkçim Ələs idi. Onun tək igid yox idi. Sanki qeybə çəkilmişdi. Ələs quşu gözündən vurmağı bacarırdı. Ancaq mənim təbəssümmündən qap-qara qaralmağımdan qaçaqlar da faciə baş verdiyini hiss etmişdilər. Onlar mənə inanmırdılar. Elə bu vaxt bir yerə toplanmalarını söylədim. Fəqət içlərində vətəni, dini, namusu qeyrətlə qoruyan Ələs yox idi.     Mən: - Qardaşlar, deyə müraciət etdim. Bu mübarizə illərində heç zaman məni ağlayan görməmisiz. Onlar da mənim gözümdə yaşı görüb qəhərləndilər. Mən – durun ağlamayın Ələsi qeyb etdik. Sizin canınız-ciyəriniz, mənim isə qardaşım idi. Lakin biz bu yoldan dönməyib mübarizəmizi axıracan aparacağıq – dedim.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VI hissə

    Bu da bolşeviklərin iş üsullarından biriydi. 1929-cu ilin iyulunda Gəncə ÇEKA-sının Orucov bizimlə görüşdü. Bu görüşü onların Zaqataladakı adamlarından Üzeyir təşkil etmişdi. Üzeyir Zaqatalalı Musa bəyin oğluydu. Stalinin Azərbaycanda sağ əli olan Bağırovun da müaviniydi. Görüşdən sonra onlar Bakıya getdilər. Bir müddət sonra isə Bağırovun yerinə təyinin olunan Abdullayevlə yenidən qayıtdılar. Üzeyir bizimlə görüşdü və Abdullayevin də belə bir təklifdə bulunduğunu anlatdı. Biz isə şəhərə gələ bilməyəcəyimizi bildirdik. Üzeyir narazı qalıb dedi :     -İnanmıram ki, elə böyük bir vəzifənin sahibi sizinlə görüşmək üçün ormanlara gəlsin. Belə olduqda mən dedim :     -Onda siz şəhərin kənarında meşənin girəcəyinə gəlin. Bizim qarovulçumuz işarə etdiyi yerdə avtomobilinizi saxlayın.     Belə də oldu. Ertəsi gün təyin etdiyimiz yerdə onlarla görüşümüz oldu. Bir saat yarım söhbət etdik. Abdullayev bizə məlum olan təranələri oxudu – “Siz Denikindən, Kolçakdanmı güclüsünüz ? Şura höküməti onlar kimi sizi də yox edəcək. Mən isə sizi bağışlayıram.”     Mən isə cavabımda –“ Siz yalançısınız. Sizin vədlərinizə inanan deyilik. Siz özünüzü də zavallı bir qulsunuz”- dedim.     Doqquz il idi ki, rahatlıq üzü görmürdük. Mən bunları deyərkən Abdullayev diqqətlə dinləyirdi. Tez-tez rəng verib rəng alırdı. Sözlərimi bitirdim. O mənə astaca:    -Qasım, yumşaq yataqda yatma, təslim olma – deyərək çıxıb getdi.    Bunu söyləyən Azərbaycanın Stalini idi. Yəqin ki, o da bu qızıl imperialistlərin kim olduğunu anlamışdı. Kommunist olduğuna görə əlindən heç nə gəlmirdi. Yenə də mübarizə aparan biz idik.    Bütün Qafqaz qayanyırdı. Dağlar, ormanlar bolşeviklərlə mübarizə aparan qaçaqlarla dolu idi. Hər tərəfdən basqınlar davam edirdi. Heç bir dövlətdən yardım almayan qaçaqlar mübarizədən geri çəkilmirdilər.    Bütün yollar nəzarət altına alındığından, gediş-gəliş buraxılış vərəqəsilə həyata keçirildiyindən bu dəfə Samuxa güclə gəldik. Bu yolculuq çətin olmuşdu. Belə bir plan cızdıq ki, bir maşın tutub yola çıxaq. Şəki istiqamətindən bir yük maşının gəldiyini gördük. Onu saxladıq. Sürücü rus idi. Adı da Mişka. Ayı adı. O, bizi maşına mindirmək istəmirdi. Bəhanə gətirdi ki, faraları yanmır. Bizdə isə iki gəmiçi fanarı vardı. Onlardan istifadə etsin deyə fanarları ona verdik. Əşyalarımızı, ərzağımızı maşına yüklədik. Qaçaqlar Mişkaya bir şüşə kanyak da içirtdilər. Biz doqquz nəfər idik. Mişka sərxoş olmuşdu, hər dəqiqə məndən haraya gedəcəyimizi soruşurdu. Mən isə “Çobangölü” qəzasına – deyib maşını asta sürməsini tələb edirdim. O isə bizi dövlət adamı zənn edirmiş. Ona görə də maşını sürətlə sürməyə can atırdı. Çoban gölünü keçdik. Qara gölün yanında isə benzinimiz qurtardı. Mən silahdaşlarımdan – Mişkaya göz olmalarını tapşırıb özümü hökümət adamı kimi apararaq benzin satılan yerə getdim. Mənə bir söz demədən iki qab benzin verdilər. Benzini maşının yanına gətirdim və baka tökdüm. Sonra yolumuza davam edib, sabaha yaxın Şəkiyə çatdıq. Şəhərə iki yol gedirdi. Biri şəhərin içindən, digəri isə kənarından keçirdi. Biz kənardan keçən yola girdik bir az getmişdik ki, yenindən benzinimiz qurtardı. İki nəfər götürüb yenidən benzin satılan yerə getdim. Həmin yer işlək yol olduğundan maşınlar gəlib keçirdi. Bir sürücünü saxlayıb benzini olub-olmamasını soruşdum. O, mənə acıqlı halda: - xeyr - dedi.     Ona inanmadım. Maşından yerə salıb açarlarını aldım. İçindəki müştərilərdən pullarının olub-olmamasını soruşdum. İçərilərindəki bir nəfər bizə şübhəylə baxırdı. Mən:     -Qardaşlar bizim sürücümüzü Moskvaya qaçırıblar. Bizə benzin lazımdır - dedim.     Sonra maşındakı əşyaları gözləmək üçün iki nəfər saxlayıb yeni sürücü tapdıq. Mən sürücünün yanında əyləşdim.     Mişka qaçmışdı, onun yerimizi xəbər vermək ehtimalı vardı. Biz isə Səfərabad qəsəbəsinin içindən keçməli idik. Bu da çox təhlükəli idi. Lakin məcbur idik. Elə buna görə də qaçaqlara :     Mən silah çıxarmayınca heç kəs silaha əl vurmasın deyə, əmr verdim. İmkan daxilində səssiz-sədasız keçməyimiz daha münasib idi.     Qəsəbənin içində iki kişi maşınımızı saxlatdırdı. Səbəbini soruşduqda bir şey olmadığını söylədi. Anladığıma görə Ərəşli Qaçaq Aslanın və dəstəsini təqib edən 500 nəfərlik milis dəstəsi onların izinə düşə bilmədiklərinə görə Musa bəyin oğlu Üzeyirə - Şuayib və Qasımı tapacağıq deyə xəbər göndərirlər. Üzeyir isə bizi qorumaq məqsədilə - əgər hamısını öldürə biləcəksinizsə hücum edin. Yox əgər bir ikisini vurub geri çəkiləcəksinizsə toxunub onları acıqlandırmayın – deyə əmr edir. Bu tapşırıqlardan sonra milis dəstələrinin rəisi qorxub geri çəkilir.     Milis qüvvələri çəkilib getdi. Mən qəsəbənin ağsaqallarından hansı yolun təhlükəsiz olduğunu soruşdum. Kəndin dövlət nümayəndəsindən : - Hansı yolun palçıqlı, hansının quru olduğunu soruşduqda,o dedi :     -Yollar hamısı palçıqlıydı. Lakin gün çıxıb qurutdu – deyə qarşımızdakı milis dəstələrinin çıxıb getdiyini işarə verdi. Bizdə qorxusuz vətənimizə döndük.     1929-cu ildə Azərbaycanda hərbi kommunizm zorla qəbul edilməsinə başlandı. Kütləvi sürətdə xalqımızın məhv edilməsi də o ilə təsadüf edir. Torpağın üzərində yaşamağımıza imkan yox idi. Hər kəs yetərincə azuqəsini götürüb yeraltı qazmalara çəkilir, əl çatmaq yerlərdə yaşamağa məcbur olurdu. Bu qanlı rejimin qorxusundan bizim əleyhimizə çıxanlarda artırdı. Bütün çətinliklərə baxmayaraq on il idi ki, bu qurluşa qarşı mübarizəmiz davam edirdi. Ona görə də bu qanlı ili, yarı qazma halında soyuq, yeraltı daxmalarda keçirməyə qərara aldıq. Bu normal insan yaşayışından fərqli dözülməz bir vəziyyət idi. Lakin çarəmiz yox idi. Kommunist rejimi özünə məxus qəddarlığı ilə insan haqqlarının qorunmasına tamam biganəydi. Yeni quracaqları dövlətin divarlarını bizim kimi minlərlə insanların qanı ilə hörmək əvvəlcədən planlaşdırılmışdı. Minlərlə insanın qohum-əqrabaları, uşaqları, qadınları, onların taleyi isə heç bir bolşevikin vecinə deyildi.     İlk bahar aylarında biz də dünya işığına qovuşduq. Ağaclar yarpaq açmış, aləm cənnətə dönmüşdü, silahdaşımız Fidail növbədəydi. Birdən qulağıma səs gəldi və mən o tərəfə qaçmağa başladım. Fidailin qarşısında bir rus dururdu əlində ov tüfəngi, qarşısında da çanta vardı. Mən onun çantasını, tüfəngini aldım və ona – bizlər rus rejiminə qarşı döyüşən qaçaqlarıq – dedim. Bu adam elə bil, sözlərimi anlamırdı. Dərdli bir çöhrəsi vardı. Mən bunu sizdən soruşmağa gəlmişəm – o bu sözləri çox səmimi söylədi. Özünün isə keçmiş çar zabiti olduğunu anlatdı. Məqsədi bizimlə görüşmək imiş. Onu yaşadığımız yerə gətirdim, dərdli-dərdli başına gələnləri danışmağa başladı. Dedi ki, köhnə çar zabiti olduğuna görə axtarışdaydım. Ona görə də ailəmlə birlikdə gizlicə Bakıya gəlməyi qərara aldım. Yanımda bir dostum da vardı. Məni tanımadılar. Onu isə tanıdıqlarına görə qandallayıb apardılar. Ayaqlarına dəmir bağlayıb dənizə atdılar. Bu faciə qarşısında zavallı həyat yoldaşı çaş-baş qalmışdı. Həmin qadın bir dalğıc tapıb pul verdi və ərinin cəsədini dənizdən çıxarmasını xahiş etdi.     Dalğıc orta yaşlı qara saçlı qüvvətli bir dənizçiydi. O, dənizə baş vurdu. Aradan bir müddət keçdikdən sonra suyun üzünə çıxdı. Heç kim onu tanımadı. Saçları bir saat ərzində qar kimi ağ-appaq olmuşdu. Qadın ona doğru qaçdı. Dalğıc səksəkəli halda dənizin dibində yüzlərlə cəsəd var, onları görüb qorxdum. Sənin ərinin isə kim olduğunu tanıya bilmədim. Ordakılar hamısı vəhşiliklə öldürülmüşdür. Sonra sözünə davam etdi – Məni dəstənizə qəbul edin, qəhramanlıqlarınıza sevinirəm və sizə inanıram. Qarşınıza çıxan bolşevikləri gəbərdin. Mən də əlimdən gələn maddi-mənəvi köməkliyi sizdən əsirgəməyəcəm. – O, bu hadisələri ağlaya-ağlaya danışırdı. Sonra bizimlə vidalaşıb getdi.     Bu adam rus da olsa sözlərində səmimiyyət vardı. Lakin xalqımızın atalar sözündə deyilir – “itlə dost olsan da dəyənəyi yerə qoyma”     Yenə o ərazidə su işləri ilə məşğul olan İvan adlı bir rusla tanış olmuşduq. Bu adam bizə su gətirirdi. Arabir önəmli məlumatlarda verirdi. Bir gün İvan belə bir məlumat verdi. Çar ordusunun keçmiş bir zabiti bizə beş yüz mauzer fişəngi, bir neçə tüfəng vermək istəyir. Çayın kənarında yerini də nişan verdi. Mən həmin yerə silahdaşlarımızdan üç nəfər göndərdim. Onlar da təhlükəsiz şəraitdə bu silahları və sürsatı götürüb gəldilər. Ondan şübhələnən bolşeviklər həmin yerdən İvanı yox etdilər.     Vaxt, zaman keçdikcə bizə məxsus olan ərazilər daralırdı. Kiçik qardaşım Əsədə toy etmək üçün Samuxa gəlmişdik. Toya hazırlıq görülürdü. Bizim evimiz kənddən bir az aralı idi. Evimizlə kəndin arasında bir məscid tikdirmişdim. Bolşeviklər gecə ikən gizlicə məscidin damına pulemyot çıxarmış və bizim evi hədəfə almışlar. Bizsə xəbərsiz idik. Düşmən ayıq imiş. Göyçay, Qarabağ, Şəki, Ağdaş və Zaqatalanın dövlət adamları Gəncə, Şamxor, Gədəbəy, Qazax bolşevik qüvvələri həmin gün Ramazan oğlu Rüstəmin üstünə hücum etmək üçün hazırlıq vəziyyətinə gətirilibmiş. Bunlardan xəbərsiz olan qardaşım Şirin xalam gilə gedərkən tutulmuş, bundan xəbərimiz olmamışdı. Sabah namazından əvvəl tövləyə gedib atları yoxladım. Geri qayıtdım. Şübhəli bir fakt gözə dəymirdi.     Gün çıxar-çıxmaz güllə səsi eşitdik. Bu güllə məsciddən bir silahdaşımıza atılmışdı. Silah səsləri çoxalanda məsələ aydınlaşdı. Məsciddən evimiz güclü atəşə tutulurdu. Hər tərəfdən milis nəfərləri evimizi mühasirəyə almaq üçün sürünə-sürünə bizə tərəf irəliləyirdilər. Birdən milislər “Ura” deyərək hücuma kecdilər. Biz evin içində 7 nəfər idik. Onlar isə çox idi. Lakin onlara göz açmağa imkan vermədik və Göyçay icra komitəsinin rəhbəri Məhəmməd bəyi əsgərləri ilə birlikdə öldürə bildik.Ayağa durmaq istəyən yerə sərilirdi. Bizdən isə yalnız bir nəfər yaralanmışdı. Bizə ardıcıl olaraq “təslim olun” deyə qışqırırdılar. Lakin müsəlman olduğumuza görə məscidə atəş açmırdıq. Məhəmməd öldürüldükdən sonra bir az atəş zəiflədi.     Toy üçün heyvanlar gətirməyə gedənlərin də bu vuruşmadan heç bir xəbərləri yox idi. Onlar heyvanlarla kəndə girəndə atəş səslərini eşidirlər və elə başa düşürlər ki, atəş səsləri toy şənliklərindən gəlir. Fəqət yaxınlaşdıqda hər şey aydın olur. Onlar heyvanları buraxıb kommunistlərin arxasında mövqe tutub atəş açırlar. Beləcə iki atəş arasında qalan bolşeviklər qaçmağa üz tutdu.     Axşama yaxın toy yeri cəhənnəmə dönmüşdü. Uşaqları və qadınlarımızı götürüb kəndimizdən uzaqlaşdıq. Xalam oğlu Hüseyni vurmuşdular, onun atası bir-iki il əvvəl bolşeviklər tərəfindən edam edilmişdi. Bolşeviklərə qarşı kini olmayan yox idi. Partiyaya daxil olanlar da bizə kömək etməyə can atırdılar.     Ortalıq sakitləşəndə düşmən tərəfdən ölənlərin saçlarından tutub bir yerə topladıq. 37 cəsəd vardı. Yaralılar arasında “barmaqsız Nadir”də gözümə dəydi. Mən ondan nə üçün bunlara qoşulduğunu xəbər aldıqda dedi :     -Biz buraya xəbərsiz gətirdilər. Bizi tamamilə başqa bir məqsədlə toplamışdılar. Mən silahdaşlarımızdan İskəndəri axtarırdım. Bir də nə görsəm yaxşıdı. Bu ağır mübarizədə o qədər yorulub ki, başını bir cəsədin kürəkləri üstünə uzadıb mışıl-mışıl yatmaqdadı. Ertəsi gün leşləri arabalara yüklədib vilayət mərkəzinə göndərdim.    Qanlı bolşeviklərə qan udduran Ramazan oğlu Rüstəmin üzərinə gedən qüvvələr onu tapmadıqdan sonra bizi təqib etmək üçün qərar çıxararaq Samuxa doğru irəlilədikləri barədə məlumat aldım. Lakin onlar bizim yanımızdan qaçan milislərlə qarşılaşdıqdan sonra Samuxa gəlməyə qorxaraq geri döndülər, arabalardan aparılan cəsədləri gördükdən sonra isə mütəəsir olaraq yeni planlar cızmaq üçün arxaya çəkilirlər.    Vurulan xalam oğlu Hüseynin dəfnilə məşğul idik. Birdən kənd icra nümayəndəsinin bizə doğru qaçdığını gördük. Çox həyacanlı şəkildə mühasirəyə alındığımızı bəyan etdilər. Hazırlaşmağa da vaxtımız qalmamışdı. Bir azdan güllələr dolu kimi başımız üzərinə yağmağa başladı. Təkrar olaraq yeni vuruşmaya girişdik. Mən qaçaraq evə girdim, beş yüz metr aralıda isə dəyirman vardı. Milislərdən birinin atını dörd nala çapıb dəyirmanı tutmağa getdiyini gördüm. Atdığım birinci güllə boşa getdi. İkinci güllədən sonra milisin atı ilə bərabər aşdığını hiss etdim. Basqı getdicə qızışırdı. Axşam düşsə də atışma kəsilmirdi. Biz onları bir az üstələnmişdik. Ancaq onların qüvvələri çoxalırdı. Yeganə çarəmiz – sürünüb aradan çıxmaq idi. Süründüyüm zaman bir böyürtkənli çalaya düşmüşdüm. Mən çaladan çıxmaq istəyəndə qaçaqlar bağırdılar :     -Başını əy səni vuracaqlar.     Bizimlə vuruşan milislərin içərisində Birinci Dünya müharibəsində bir yerdə döyüşdüyüm İdris də vardı. Onunla dost idik. Onlar məni görmüşdülər. Bu zaman məni nişan alan milisə İdris qışqırır:     -Ona atəş açsan mən də səni öldürəcəm o, kommunist olsada ləyaqətini saxlamışdı. Axşam qaranlığından istifadə edib oradan da uzaqlaşa bildik. Bizdən sonra həmin yeri darmadağın etmişdilər. Evimin qarşısında yaxşı bağ salmışdım. Əllərindəki qılıncla həmin ağacları doğramışdılar. Kəndimizdəki 18 ev tarmar edilmişdi.     Ağabəyim Şirini tutub evimizə gətirirlər, onun öldürülməsi məsələsi ortaya atılanda bu iş Gəncə vilayəti İcra Komitəsinin rəisi Əli Məmmədova həvalə olunur. Kommunist olmasına baxmayaraq xalqımızın adət-ənənələrinə sadiq qalan Məmmədov :     -Mən bu evdə çörək yemişəm. O, çörəyi itirə bilmərəm. Amma bu evi öz əlimlə dağıdaram – deyir.    Şirini edam edib, evimizi yandırırlar. Onun cəsədi buradan aparılmasın deyə həmin yerə qaravolçular təyin edilir. Onlar bu üsullarla bizi təslim etmək niyyətindəydilər.     Biz yenə dağda-daşda,ormanlarda dolaşırdıq. Aradan bir müddət keçmişdi. Gəncə şəhərinin İmamlı məhəlləsindən Səid Əli adında bir köhnə dostumu hökümət tərəfindən Tomuluya göndərirlər. Orada Şirinin oğlunu görür deyir ki, atasının cənazəsini çıxarıb dəfn etmək üçün ərizə ilə müraciət etsin. Beləliklə, Şirinin meyidini çıxarıb dəfn edirlər.     Artıq ilk bahar gəlmişdi. Samuxun Yelləngüc kəndinin yanında sıx bir orman vardı. Kür çayı bu ormanın yanından axırdı. Biz də ordaydıq. Bir gün qarovulçu xəbər verdi ki, bizi yenidən mühasirəyə alıblar. Qamçını qaçaqlara verib onun nişan verdiyi yerə gəldim. Öz qəddarlığı və namərdliyilə tanınan qəddar çekist gəmiçi Kərimlə üz-üzə gəldik. Onlar bizi axtarırdılar. O, silaha əl atınca mən onun ağzından gülləylə vurdum, yanındakı iki köməkçisini də öldürdüm. Aradan yarım saat keçməmiş kənddəki rus əsgərləri bizi mühasirəyə saldı. Biz keçidi tutub, hücum edənləri öldürdük. Camal yaralanmışdı. Axşamadək atışıb qaranlıqda aradan çıxa bildik.     O ilin baharıydı. Yelləngüc kəndinin dəyirmanı yaxınlığında dolaşdıq. Ağcaqanadlar qara bulud kimi başımızın üzərində qaynaşır, bolşeviklər kimi onlar da bizə aman vermirdilər. Qarasaqqaldan Beçə oğlu Məcidin oğlu Hilal ilə çoban Yusifin oğlu Cəlil barama qurdu yetişdirmək üçün xalqa əvvəlcədən pul vermək üçün əraziyə gəlmişdilər. Hər ikisi də kommunist olmuşdu. Onları tanıyırdım. Yanıma çağırtdırdım. Gəldilər. Haraya getdiklərini soruşanda barama yetişdirmək üçün xalqa avans pul verdiklərini anlatdılar. Onlardan nə qədər pulları olduğunu soruşduqda 6 min – deyə cavab verdilər. Bizim pulumuz qurtarmışdı. Mən dedim – Hökümətin pulu bizə halaldır. Pulları verin. Pulları əllərindən aldım. Zavallı insanlar olduğuna görə onlara toxunmadım.     Fəqət kommunist olduqları üçün onları da sonradan öldürəcəkdim. Mən – dəlləyiniz yoxdumu, nə üçün saçlarınız belə uzundur, siz qadınsınızmı – deyə soruşdum. Yanımdakı silahdaşımdan ülgücünün olub-olmamasını xəbər aldım – var, deyə cavab verdi. Ondan bunların başlarını qırx. Bəhanə edən silahdaşım – axı, ülgüc kordu. Onda gərək dərili zadlı başlarını soyum, - deyə cavab verdi.     -Bir azdan hər ikisini daz başla yanıma gətirdi. Onların hər ikisini ağaca bağladım. Ağcaqanadlar sürütək onlara hücum çəkdi. Mən qoy ağcaqanadlar onlardakı rus qanını sorsunlar – dedim. Bunu dedikdə ikisidə yalvarmağa başladı. – Qasım ağa amanın bir günüdü, bizi öldürmə. Mən dedim :     -Axı, siz kommunistlərin qanunlarında mərhəmət yoxdu.     Onlar yenə yalvarır bildirdilər ki, bizi buraxsanız bu dediklərinizi rəislərimizə çadırarıq.     Axşam üstü onları sərbəst buraxdım. Hər ikisi arxaya baxmadan şəhərə doğru qaçdılar. Onlar şəhərə çatıb tanınmış bir qəzet redaktorunun yanına getdilər. Bildirdilər ki, “Dəyirman göl yanında Qasımın bir dəlləyi var adamın birini üç minə taraş edir. İcra Komitəsi rəisi istəyirsə buyursun” Bu yazı qəzetdə çıxır. Onlar başlarına gələni də danışırlar.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - V hissə

   1923-cü ilin yayında Zaqatalanın Uzun Qazmalar kəndində Osman adında bir dostumuzun evində qonaq idik. O, mərd bir kişiydi. Bizi ərzaqla təmin edib mühüm məlumatlar verirdi. Onların kəndi bağlı-bağçalı cənnətə bənzər bir əraziydi. Osman mənə maraqlı bir əhvalat danışdı. Dedi ki, bu günlərdə səhər tezdən bağı yoxlamağa çıxmışdım. Gördüm ki, uzunboylu, qüvvətli bir rus meyvə ağaclarının arasında mənim dəryazımla ot biçir. Ona yaxınlaşıb soruşdum :      -Sən nə üçün icazəsiz mənim bağıma girmisən ? O, bu sözümdən hirslənib üstümə şığıdı. Əlindəki dəryazın sapı ilə məni döyməyə başladı. Başımı əyməsəydim dəryazla boğazımı üzmüşdü, qorxudan fındıq kollarının arasına girdim. O yenə sakitləşmirdi. Yenidən üstümə hücüm çəkdi. Sonra əlindəki dəryazı tullayıb əyləşdi. Cibindən tənbəki çıxarıb qəlyanını doldurdu. Mən hiss etdim ki, o çox kədərlidir. Mənə də tənbəki uzadıb, çək- dedi. Sonra mənə üz tutub – Oğlan bir yaba o nədi ki, məni təhqir etdin ? Mənim kim olduğumu bilirsənmi ? Axı, mən məşhur fabrikant, milyoner Morozovların nəslindənəm. Ölümdən qaçdım ki, izim itsin. Hər şeyimizi əlimizdən aldılar. Sən elə bilirsən ki, bu qədər bağ-bağça sənə qalacaq ? Bolşeviklər sizidə dilənçi qoyacaqlar.     Onun bu sözləri mənə çox təsir etdi. Sonralar dostlaşdıq. Ara-sıra görüşüb siqaret çəkirdik. Söhbətimiz tuturdu.     Osmanın bu söhbəti mənə də çox təsir etdi. Günlər keçir bolşeviklər isə qüvvətlənirdilər. Təslim olmaq isə ağlımıza belə gəlmirdi. Gəncənin Gədəbəy nahiyəsində Məcid bəy, yaxınları və oğlanları ilə qış aylarında dağların zirvəsindəki Koroğlu qalasına çəkilmişdi, fürsət düşdükcə bolşeviklərə divan tutub onlarla əsgərini məhv edirdi. Mağara ətrafında qarın hündürlüyü bir metrə çatdığından yerləri bəlli deyildi. Nəhayət onların yerlərini müəyyən edib qarı təmizlətdilər. Mağara yaxınlığında istehkam qurub xeyli qoşun gətirdilər. Məcid dəstəsiylə davaya girişdi. 12 gün çarpışma oldu. Mağara ətrafı bolşeviklərin meyidlərilə dolsa da qoşunun ardı-arası kəsilmirdi. Məcid dəfələrlə özümüzünkülərə :     -Siz, arxa tərəfdən aradan çıxın, mən qoşunun qarşısına heç olmasa bir saat saxlaya biləcəm – desə də heç bir silahdaşı onu tək buraxmadı. Lakin Məcid sonuncu dəfə onlara əmr edir. Adamlarının xeyli hissəsini aradan çıxarır və özü tək başına üç gün, üç gecə döyüşür. Silah-sürsatı qurtardığını hiss edib sonuncu gülləni ürəyinə sıxır. O öləndən sonra da bir müddət bolşeviklər mağaraya girməyə cürət etmir və nəhayət oraya bir nəfər daxil olub Məcidin öldüyünü görür və çıxıb bolşeviklərə muştuluq verir.     Yenə Gədəbəyin İnəkboğan kəndindən Məlik bəy, Qaraağac kəndindən Molla Zeynalın oğlu Abuzər, Gədəbəyin özündən Mustafa ağa eyni vaxtda bolşeviklərlə döyüşürdülər. Bizim dəstəmiz də fürsət tapıb basqın edir, bolşevikləri göz açmağa qoymurdu.     Samuxun Ocaq kəndi yaxınlığında dağ ətəyində Sarısu deyilən yerdə qoyun sürüləri vardı. Neçə müddət idi ki, bu ərazidə gəzib-dolaşırdıq. Sürülər dərənin içindəydi. Növbətçi bizə əlli nəfərlik bir dəstənin yaxınlaşdığını xəbər verdi. Biz onları görsək də onlar bizi görə bilmirdilər. Onlar sürülərə yaxınlaşıb atlardan endilər.Çobanlar gələnlərin atlarını çəkib bağladı. Onların komandiri İdrisi yaxşı tanıyırdıq. Bu canavar harda olursa-olsun qaçaqların yerini öyrənmək üçün günahsız insanlara işkəncə verir, bəzən dəmiri qızdırıb danışmayanlara heyvan kimi dağ basıb öldürürdü. O da atından endi. Çobanın çomağını alıb kəlləsinə vurmaq istəyəndə güllə ilə sağ qolunu qırdım. Sonra nərə çəkib “təslim olun” deyə bağırdım. Güllələr dolu tək yağdığını görən bolşeviklər silahlarını atıb təslim oldular. Hamısını mal damlarına doldurduq. İçərisində Mühiddin adlı bir yaşlı adam vardı. Onunla həmin sürünün sahibi mənə yalvarmağa başladı. Qasım dedi :     -Əgər bunları öldürsən bizim nəslimizi kəsəcəklər. Bu dağlarda çoban qalmayacaq. Mən bunu başa düşürdüm. Qaçaqlar İdrisi tövlədən çıxarıb xəncərlə qırılan qolunu kəsib tək qolla buraxdılar.     Aylar-illər keçirdi. Daimi yerimiz olmadığı üçün ormanlarda, dağda-daşda gəzib dolaşırdıq. Ara-sıra döyüşlərimiz də olurdu. 1927-ci ilin son bahar ayında bizimlə görüşmək üçün Moskvadan bir dəstə adamın gəldiyini xəbər verdilər. Yanıma adam göndərdilər. Mən görüş yeri təyin etdim. Bizə təslim olmağı da təklif etdilər. Əgər təklif qəbul olunsa bizə toxunulmayacağına və vəzifə verəcəklərinə də söz verdilər. Onların içərisində Şükrü Köçərli adlı bir vəzifəli adam da vardı. Mən hiss etdim ki, onun mənə deyəsi məxfi sözü var. Bir az kənara çəkildim.     Ələs də yanımdaydı. Şükrü ona şübhə ilə baxdıqda – doğma qardaşımdı, dedim. O isə sakitcə dedi :     -Qasım bəy, bu vədlərə inanma, səni tutan kimi öldürəcəklər. Heç vaxt təslim olma, yeganə ümidim sənədi.     Bu insan əsl türk qanı daşıdığını sübut edirdi. Əgər kommunistlər içərisində Şükrü kimilər olmasaydı allah bilir ki, xalqımızın taleyi necə olardı. Fəqət belələrini də qısa zamanda “rus mujikləri”, “erməni dığaları” ilə əvəz etdilər. Axırda Şükrü bizi toplayıb nitq söylədi: - Yoldaşlar, təslim olun, əks təqdirdə məhv olacaqsınız. Hələ ki, imkan var.     Onun bu nitqini dinlədikdən sonra yollarımız ayrıldı. Onlar Gəncəyə, biz isə ormanlara üz tutduq.     Ceyran düzü deyilən böyük bir ərazidə “Qanlıdərə” adlı bir yer vardı. Mənbəyini Gürcüstan ərazisindən götürən çay yağışlı havalarda aşıb-daşır, hər il həmin yüzlərlə adam sulara qərq olurdu. Ona görə də həmin yerə “Qanlıdərə” deyirdilər. Həmin dərənin kənarı münbit olduğundan otların hündürlüyü bəzən bir metrə çatırdı. Biz ora gəldik. Ərzağımız tükənmişdi. Suyumuz da yox idi. Ümidsiz halda otlaq sahələrinin içərisində gəzməyə başladım. Birdən ayağıma nəyinsə ilişdiyini hiss etdim, aşağı əyildikdə gözlərimə inanmadım. 10-12 kiloqramlıq qarpız idi. Yəqin ki, ötən il kimsə burada qarpız yeyib tumunu da torpağa basdırıb, arzulayıb ki, qismət olsa gələn il gəlib dərərəm. İndi isə həmin qarpızlar bizim ruzimiz oldu. Hər tərəf yetişmiş qarpızla doluydu. Mən ayağımın altındakı dərib qucağıma aldım. “Qarpız satıram, alan varmı” deyə çığırdım. Zavallıların susuzluqdan ağızları qurumuşdu. Onlar da mənə tərəf gəlib hərəsi bir dənə qarpız dərdi. Əyləşib doyunca yedik. Allahın bizə qismət etdiyi nemət idi.     Dövlət adamları ilə görüşümüzdən bir ay keçmişdi. Yerimizi dəyişmək üçün sallarla Kürü keçib gecə düşdüyünə görə dincəlmək istədik. Ağacların dibində yapıncıları salıb uzandıq. Qardaşım Əsədlə Fidail növbətçiydi. Məni yuxu apardı və yuxuda gördüm ki, əzrayıl gəlib bir nəfərin canını almağa, qışqırıb ayıldım. Qaçaqlar yorğun olduğundan hamısı yatmışdı. Ayağa qalxıb növbətçiləri yoxladım. Onlar da şirin-şirin yuxudaydı. Əsədlə Fidailin qamçılarını və silahlarını götürüb gizlətdim. Sonra isə - “təslim olun”- deyə qışqırdım. Onlar möhkəmcə qorxdular.     Səhər tezdən isə qoyun kəsib yemək hazırladıq. Əlavə iki atlı qonağımız da gəldi. Biz yemək hazırlamaqla məşğul olan zaman qarşımızdan dörd arabanın keçdiyini gördük. Arabalarda on nəfər əyləşmişdi. Onlara baxıb şübhələndim, qalxıb yanlarına getdim. Yaxınlaşdıqca şübhəm daha da gerçəkləşirdi. Əyinlərindəki paltarların qolları bəzisində uzun, bəzisində isə qısaydı. Bu paltarların onlara məxsus olmaması aydınca hiss olunurdu. Bunlar işçi paltarlarına bürünmüş rus əsgərləriydilər. Arabalara yaxınlaşanda isə otların altında parıldayan dəmir əşyalar gördük. Yəqin ki, iriçaplı makinalı silahlar idi. Onların başçısı zalım bir insan kimi tanınan kommunist mühəndis Vasili Fyodroviç idi. Arabanın arxasında isə Qubalı Abdullayev əyləşmişdi. Mən Abdullayevə salam verdim. O da salamımı aldı. Hara getdiklərini soruşduqda dili topuq çaldı. Başa düşdüm ki, onlar bizi mühasirəyə salıb məhv etmək üçün əraziyə gəliblər. Mənə yanlış bir məlumat verdi ki, güya Kürün üzərində yeni keçid tikəcəklər. Mən xeyirli olsun – deyib geri döndüm. Bir az uzaqlaşmışdım ki, bir əl bombasının mənə tərəf atıldığını gördüm. Xoşbəxtlikdən bomba bizdən aralı bir ağacın ətrafındakı qumsallığa düşdü və orda ağaca bağladığımız bir at param-parça oldu. Elə bu zaman qaçaqlardan biri: - Nə durursan arxadan gələn kafiri gəbərtsənə - deyə qışqırdı. Mən arxaya dönər-dönməz onu cəhənnəmə göndərdim. Amansız mücadilə başladı. Atəş səsindən barıt iyindən durmaq olmurdu. Bizdəndə ölənlər oldu. Əmim oğlu Cəbrayıl isə ağır yaralandı. Bizim isə əsas məqsədimiz Vasili və Qubalı Abdullayevi vumaq idi. Buna da nail olduq. Onları öldürdükdən sonra milislərdən də məhv edə bildik. Sağ qalanlar isə canlarını qurtarıb qaçdılar. İki yaralımızı aparmaq üçün müsafirlərimiz öz atlarını bizə verdi. Axşam tərəfi olduğuna görə həmin yerdən aralanmağı qərara aldıq və yolda qarşımıza çıxan iki əsgəri də öldürdük. Biz doqquz nəfər idik. İki yaralı at belində biz isə piyada yol gedirdik. İçimizdən ən yaşlısı Rüstəm Ağabəy idi. O, bizlə ayaqlaşa bilmədiyindən ayaq saxlayıb soruşdum:     -Ağabəy, bəlkə nəsə olub görürəm ki, çətin yeriyirsən ?     O, qaçaqlara bildirmə, yaralıyam dedi, bağırsaqlarım da bayıra çıxıb. Onun qoluna girdim. Bir təhər Ceyran çölündə Kərbalayi Hacıların arxasınca gəldik. Hacı bizi qonaq etdi, qoyun kəsdirdi. Yeməyimizi yeyib yaralıların yaralarını sardıq və sonra yerimizi azdırmaq üçün əlimizdə olan iki atıda güllələyib dərəyə atdıq. Hacı bizə iki qatır verdi, yaralılar qatırlarda, biz isə piyada Ceyran çölünün ucsuz-bucaqsız ərazisilə irəliləməyə başladıq. Qarşımızda sürü-sürü ceyranlar qaçırdı. Ramazan oğlu Rüstəm bir ulduzu göstərib, bu ulduza tərəf gedək, indi çobanların arxacları görünəcək – dedi. Arxaclara yaxınlaşanda mən qurd kimi ulamağa başladım. Səsini eşidən çoban itləri hürməyə başlayanda arxacların yaxında olduğunu anladıq. Biz, bir azdan “Koroğlu mağaraları” deyilən yerə çatdıq. Çobanlarla görüşdük və izimizi yox etmək üçün onlar gəldiyimizi yolla qoyun sürülərini gəzdirdilər. Bu mağaralarda bir ay yarım dincəldik. Çobanlar bizi ətlə və ərzaqla təmin edirdilər. Havalarda tədricən isinməyə başlayırdı.     Biz həmin yerdən ayrılıb Şəmkir istiqamətinə getdik. Şəmkir stansiyası və ilə Qaracaəmirli kəndi arasında bizi təqib edən, məhv etmək istəyən yerli kommunistlərdən Əmirxan Əlirza oğlunu və dəstəsinin yerini öyrənib hamısını güllələdik. Sonra yerimizi dəyişib Quşqara çayı tərəfdəki vadidə gizlənə bildik. Ora qamışlıq idi. Baharın gəlməsi, ağacların çiçək açmasından məlum olurdu. Bir neçə gün dincəlib ulduzlarla istiqamətimizi təyin etdik. Yenidən Samuxa döndük.     Bir müddət keçdi və eşitdik ki, Gəncə yaxınlığındakı Safıkürd kəndindən Yüzbaşı Cəlal bizi yaxalayıb öldürmək, yaxud dövlətə təhvil vermək barədə tədbirlər görür. Bu barədə dövlət məmurlarına söz də verib. Bu adam həmin kənddən bir nüfuzlu imamın oğluydu. Samuxa qoşun çəkən Cəlalı atası çağırıb deyir :     -Oğlum, Samuxa gedən geri qayıtmır. Allahdan qorx, bu işdən əl çək – deyə onu fikrindən daşındırmaq istəyir. Cəlal isə - Mən Allah filan tanımıram. Mənim Allahım kommunizmdir. Söz vermişəm, gərək Qasımın kəlləsini gətirəm – deyir.     Biz, Qavrı çayının kənarında istirahət edib yeni mücadiləyə hazırlaşdığımız vaxt bir çobanın bizə tərəf gəldiyini gördük. O tanışımız idi... Mən yerimdən qalxıb onu qarşıladım. Hal-əhval tutub dedi ki, bir yüzbaşı ilə bir neçə əsgər səninlə görüşmək istəyir. Mən cavab verdim :     -Get söylə ki, ayrılıqda özü və iki əsgərilə gələrsə görüşə razıyam. Çoban bizdən ayrıldı.     Axşam üstü onlar vədləşdiyimiz yerə gəldi, mən də önəmli yerlərə adamlarımı düzüb onları gözləyirdim, yaxşılıq əvəzinə yüzbaşı yavalıq etməyə başladı. Onların planları beləymiş ki, danışıqlar bitəndə pusquda olanlar hücum edib bizi tutsunlar. Bundan da heç birimizin xəbərimiz yox idi.     Mən silah səsi eşitdim. Bunu bizimkilərin atdığını his edib :     -Bu qonağa hörmətsizlikdi – deyə qışqırdım. Sonra öyrəndim ki, qaçaqlardan biri vurulub. Cəbrayılı öldürüblər. Bu zaman növbətçi dayanan qardaşım Ələs bizə tərəf qaçıb qışqırdı – nə durursan – deyərək Əsəd də silaha sarıldı. Mən danışığa gələnlərin vurulmamaları üçün araya girdim. Elə bu vaxt hiss etdim ki, yüzbaşı məni nişan alıb. Lakin mən çevrilməmiş Ələsin gülləsi qoltuğumun altından keçib yüzbaşını yerə sərdi. Bu hadisə bir anlığa baş verdi. Gələnlərin ikisini də mən öldürdüm. Aləm cəhənnəmə bənzəyirdi. Aralıda qardaşım Əsədi gördüm. O dayanmışdı. Mən ona tərəf qışqırdım: - Niyə dayanmısan ? yaxın gəlsənə ? O, mənə - dur, dedi, məni yaraladılar. Barı siz döyüşü davam etdirin. O sonra sürünə-sürünə bizə yaxınlaşdı. Ağır yaralıydı. Bu da azmış kimi şiddətli yağışda yağmağa başladı. Elə o anda da bizlə döyüşənlər qaçıb getdilər. Mən qaçaqları yoxladım, məlum oldu ki, iki nəfər yoxdu. Belə hallarda bizim parolumuz vardı. Qurd kimi ulamağa başladım. Bir az keçdikdən sonra cavabını aldım. Onlarla qovuşa bildik, gecəni isə yaxınlıqdakı bir arxacda qalmalı olduq.     Sol ayağından yaralanan qardaşım Əsədi bir ata mindirib Alazan çayını keçdik. Sonra isə daha təhlükəli bir yerdən keçməliydik. Yaralı qardaşım Əsəd özünün bizə yük olmasına dözmürdü. Tələb edirdi ki, onu buraxıb gedək. Silahını da yanında saxlayaq. Gücü çatdığı qədər düşmənlə mübarizə aparıb son gülləsini də özünə vuracaq. Bu əl kişilik idi. Lakin biz hamımız ölsək də Əsədi qoyub getmək ağlımıza belə gəlmədi. Allah burda da bizləri qorudu. Hamımız sağ-salamat keçidi adladıq. Dağ ətəyindəki sərt qayalara sığındıq. Orada Əsədin vəziyyəti tamam ağırlaşdı. Neçə gün idi ki, yuxu yatmırdı. Qarnı da qaval kimi şişmişdi. Mən bir qoyun kəsdirib dərisini su ilə doldurdum, qamışdan da boru düzəltdik. Sonra Əsədi imalə etdik. Ona yalnız süd və su verirdik. Bu zaman Zaqataladan qaçaq Şüayib də 25 nəfərlə gəlib çıxdı. Onların arasında həkim də vardı. Mənu bunu gizlicə həkimə bildirdim və o da Əsədin müalicəsi ilə məşğul olmağa başladı. Bir iki gündən sonra Şüayib dəstəsilə çıxıb getdi. Biz isə vətənimiz Samuxa doğru yol başladıq. Ona görə ki, ordakı insanlara inamım yox idi.     Səhər erkən “təslim olun” çığırtısı bizi çaşdırdı. Üstümüzə basqın etmişdilər. Həmin gün axşamadək atışmamız davam etdi. Bir nəfərimiz yaralansa da onların çoxunu öldürə bildik. Sonda isə atışa-atışa bir kəndə girdik. Qorxusundan heç kəs bayıra çıxmırdı. Bizimlə atışanların birini tutub ağacla döyə-döyə öldürdük və yerimizi dəyişdik. Yenə də bizi məmləkətimizin xeyirxah çobanları qorudular.     Bolşeviklərin qaçaqları öldürmək üçün qızışdırıb ortaya atdıqları bir nəfər də öz qəddarlığı, namərdliyilə aləmə bəlli olan çoban Qasım idi. Bu insan öldürdüklərinin qanını içməyə hazır idi. Bizim olduğumuz yeri Qasım dövlət adamlarına nişan verdiyinə görə ətrafımıza xeyli canlı qüvvə toplamışdılar. Yerimizi dəqiqləşdirmək üçün çobanlara işgəncə verirdilər. Bu zaman Bincalı qəbiləsindən olan bir gənc qan-tər içində özünü bizə çatdırıb bəzi məqamları anlatdı. Bu xəbəri alıb ormandan keçən şose yolunu nəzarətə aldıq. Bir az irəlidəki qəsəbədən siqaret almaq məqsədilə iki silahdaşımız bizdən ayrılmışdı. Bu zaman şose yolu tərəfdən yaxşı tanıdığım Məhəmməd dayının sürüsünün bizə tərəf gəldiyini gördüm. O yanımıza çatdı. Mən hal-əhval tutsam da Məhəmməd dayı bir kəlmə də danışmırdı. Əlini ağzına qoyub susurdu. Sürü yanımızdan keçən anda arxadan bizi tutmağa gələnləri gördüm. Onlar isə bizi görmürdülər. Bolşevik qüvvələri tam yaxınlıqdaydı. Böyüklərinin adı Qəmbər idi. Onlarla atışmağa başladıq, aralarına vəlvələ düşdü. Yaxınlıqdakı kəndi çox yaxşı tanıyırdım. Onların hansı evə gedəcəklərini də zənn etmişdim. Bu vaxt Fidail bir siqaret yandırdı. Bir iki udum çəkib mənə tərəf qışqırdı :     -Gəlirlər, - Onun qımıldamağa belə halı qalmamışdı.     Çoban Qasımın və adamlarının bizə doğru gəldiyini gördük. İkimiz də eyni anda atəş açdıq. Qasımın atdığı güllə başımın üstündən boşa getdi. Mən isə hərifi düz köksündən vurmuşdum. Aləm yenə cəhənnəmə döndü. Qanlı bir döyüş başladı. Çoban Qasım ağır yaralı halda sürünüb şose yoluna çıxaraq yol ilə gedən arabaçıya yalvarırdı ki, onu aparsın. Arabaçı əvvəl tərəddüd etsə də sonra onu arabaya uzadıb üstünü samanla örtdü. Mən bunu görsəm də bir şey əlimdən gəlmirdi.     Ona görə ki, hədəfdə mən idim. Vuruşma isə şiddətli gedirdi. Yerimdən qımıldamaq məqsədə uyğun deyildi. Ormanı yaxşı tanımayanları bir-bir məhv edə bildik. Qalanlarını isə qovalaya bildik. Hacı Qurban oğlu Sarı Qafar, Saro və Faxralı Çoban Qasımı Qurutlu körpüsündə pusquya salıb öldürdülər. Sarı Qafar igid bir qaçaq idi. Hökümət onunla bacarmadığı üçün öz yaxınları tərəfindən öldürtmək niyyətinə düşdülər. Əmisi oğlu Talıb satqınlıq etdi. Alçaqlığı üzərinə götürüb Qafarı təqib etdi və yaylaqda onu yaralayıb öldürdü.  Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

"Əhalinin 99.7 faizindən çoxu işğaldan azad edilən əraziləri hələ görməyib"- Mustafa Hacıbəyli

Torpaqlar azad olunandan sonra keçən 3 ilə yaxın müddət ərzində cəmi 3 minə yaxın məcburi köçkün Qarabağa qayıdıb. Halbuki ölkədə 700 mindən artıq məcburi köçkün var.  Qarabağa səfər edənlərin sayı da azdır. Bu günədək ümumilikdə 25 727 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib (rəsmi məlumat). Onlardan biri olaraq, mən dostlarımla cəmi 4 saata yaxın müddətdə Şuşada ola bilmişəm. Yəni, əhalinin 99,7 faizdən çoxu işğaldan azad olunan əraziləri hələ heç görməyib də. Bu rəqəmlər sübut edir ki, Qarabağ erməni işğalından azad edilsə də, Qarabağ hələ azad deyil - xalqa məxsus deyil.  Qarabağa azadlıq! Mustafa Hacıbəyli, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri 

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IV hissə

 Ərzaq ehtiyatımız yenidən tükənirdi. İzi itirmək üçün axşam düşəndə Şəmkir istiqamətində yola çıxdıq. Qədirlidəki keçidə çatdıq. Hər keçid bir çavuş və 12 əsgərlə qorunurdu. Onların gecələr atəşdən daha bərk qorxduqları bizə məlum idi.     Bərədən keçmək təhlükəli olduğundan bir qayıq oğurlayıb Kür çayını keçdik. Qaçaq Rüstəmin, Təhməzin vətəni Qaracaəmirlidə dəmir yolunun yaxınlığındakı bir evin mal tövləsində 15 gün qaldıq. Ev sahibi ən etibarlı dostlarımızdan biri idi. Mal tövləsinin yarısında biz, yarısında isə mal-qara qalırdı. Axurlarda yatırdıq. Burda da bəxtimiz gətirmədi. Dövlət tərəfindən qaçaqları tutmaq üçün Qaracaəmirliyə göndərilən milislərdən 5 nəfərini də gecələr qalmaq üçün bu evə göndərmişdilər. Həmin adamlarla bizi nazik bir divar ayırırdı. Danışıqlarını aydınca eşidirdik. Onların atları da tövlədə bağlanmışdı. Birdən onlardan ikisi atlarını tumarlamaq üçün tövləyə girdi. Atlarına sığal çəkib çıxdılar.     Onlar Seka oynayırdılar. İki düşmən nazik bir divarla bir-birindən xəbərsiz əyləşmişdik. Danışıqlarını da eşidirdik. Arabir Məmmədqasım, Samux sözlərini aydınca eşidirdik. Bunlar vəzifə almaq üçün könüllü milis dəstələrinə qoşulan həmyerlilərimiz idi. Ertəsi gün onlar, iki gündən sonra isə biz kəndi tərk etdik. Yenidən anamız kimi bizi qoruyan ormanlara çəkildik. Sabahı Qədili deyilən bir yerdə keçirdik.     Rusiyanın Volqa boyunda olduğu kimi Qafqazın da müxtəlif yerlərində yerləşmiş alman kəndləri vardı. Bunlar ziraət və şərabçılıqla məşğul idilər. Türk-müsəlman xalqları ilə dostluq edirdilər. Biz də onları çox sevirdik. Onlar qızlarını ermənilərə verməz, müsəlmanlarla isə ailə qurmalarına mane olmazdılar.     Biz Qədilidə ikən köhnə bir alman dostum Ramazan oğlu Rüstəmdən – Qasımdan nə xəbər – deyə, soruşur. Rüstəm isə cavabında - Qasımın yeri-yurdu bilinməz, deyə cavab verir. Alman təkidlə: - Mən onunla görüşməliyəm”- deyir. Rüstəm – Sən, Kür sahili boyunca gəz, mütləq rastlaşarsan, deyə cavab verir.     Biz, ormanda ikən növbətçi bizə doğru bir rusun gəldiyini xəbər verdi. Mən ona – gizlənin, sizə çatanda əlini qolunu bağlayıb kürə atın – tapşırığını verdim. Növbətçi isə dediyimin əksinə onu tutub bizə tərəf gətirdiyini gördüm. Yaxınlaşanda onu tanıdım, köhnə bir alman dostum idi. Biz qucaqlaşıb öpüşdük. Yanımızda bir heyvan vardı, onu kəsib kabab etdik. Almanın gözləri dolmuşdu. Sanki bu dəqiqə ağlayacaqdı. Ayrılarkən sabah axşam adamlarından birini bu yerdə saxla, sizə verəcəyim əmanət var –dedi. Ertəsi gün üç mauzer, 500 fişəng, 200 ədəd tapança patronu və xeyli ərzaq gətirib həmin yerdə dayanmış silahdaşımıza vermişdi.     Heç bir hərbi əski illərin din və məzhəb qayğıları, üsyanları bu qədər qanlı olmamışdı. Qosqoca məmləkət ikiyə bölünüb bir-biri ilə vuruşurdu. Bütün Rusiya kimi Qafqaz da, qan gölü içində boğulurdu. Atanın övlada, qardaşın qardaşa etimadı qalmamışdı. Ruslar almanlara “nemets”, türklər isə “nemsə” deyirdi. Biz azərbaycanlılar da onları “lemsə” deyə öz şivəmizlə çağırırdıq. O, qorxulu dövrdə Alman dostunun bu hərəkəti ən böyük insanpərvərlik, humanistlik kimi qiymətləndirilməlidi.     Mən onun bu yaxşılığını bütün qaçaq dostlarıma anlatdım. Axı, o zaman bolşeviklərin insanları sorğusuz-sualsız məhv etdikləri illər idi. Çar zamanında Qarabağın Şuşa qalası deyilən yerində Məhəmməd Rzazadə adlı bir şəxs polis komissarı idi. Sovet höküməti qurulanda onu və digər çar məmurlarını tutub öz əllərilə qəbirlərini qazmağa məcbur edirlər. Onlar gecə də qəbir qazmaqla məşğul olarkən Məhəmməd Rzanı qoruyan rus zabiti ondan adını soruşur. O ismini bildirəndə zabit tüfəngini atıb onu qucaqlayır və sonra onu gətirib öz mənzilində gizlədir. Məhəmməd Rza heç nə soruşmur və elə düşünür ki, bu zabit onu orda öldürmədi ki, gətirib evində boğsun.     Üç gündən sonra Bakıdan gələn bir heyət Məhəmməd Rzanı əfv edir. Rus zabiti onun xəstə olduğunu hiss edib müalicə etdirir.     Bunları anlamayan Məhəmməd Rza rusdan səbəbini soruşanda o deyir, - sən məni tanımadın ? Neçə il əvvəl mən də Şuşa qalasında yaşayırdım və mənə xəyanət edən arvadımı öldürmüşdüm, o zaman məni əfv etdin –deyir. İndi isə get başının çarəsini qıl. O, zabitin adı Vasili idi. Qafqaz millətləri içərisində ən nankoru ermənilər idi.     Gəncə ətrafında n Hacı Əgər oğlu Məhəmməd Əli adında bir şəxs var idi. Azərbaycan işğal olunanda o da Türkiyəyə qaçır, orda da işi gətirmir. Moskvaya qayıdır, oradan tutulub edam olunmaq üçün Azərbaycana göndərilir.     Biz, Kür kənarındakı ormanlarda çətinliklə də olsa yaşayırdıq. Bahar yaxınlaşırdı. Ormanda axşamladığımız zaman təqribən yüzədək silahlı bizim yanımızdan ötüb getdi. Bizi görə bilmədilər. Ertəsi gün Qavri çayının yanına gəldik. Orada odun və ərzaq tapmaq çətin deyildi. Ət bişirib bir az istirahət etdik. Qaçaqlar yorğun idi. Axşam düşəndə yenidən döyüşdüyümüz yerə qayıdıb 15 gün bir təhər dolandıq. Bu müddət iki dəfə bizə sataşdılar. Bir qaçağı yaralayıb 80 baş mal-qara və nə qədər heyvan vardısa hamısını aparıb getdilər.     Bizi təqib edən Qarağaclı qəzasının hökümət rəisi kommunist Musa Cəfərov xalqı toplayaraq deyir. – Biz Qasımı yaxalamadıq, o isə bizim qolumuzu, qanadımızı qırdı, bahar da gəldi, ağaclar yarpaq açdı onu yaxalamaq çətin olacaq. Bu zaman xalq – Qasıma toxunulmasa o heç nə etməz, o ədalətli bir insandı -demişdi. Elə isə biz gedirik. Heç bir qarmaqarışıqlıq olmayacağı barədə siz yazılı izahat verirsinizmi – deyə yenə soruşur. Xalq – verərik – deyə cavab verir. Bundan sonra Cəfərov çəkilib gedir.     Beləcə günlər keçirdi. Ağaclar yarpaqlamışdı. Əsgərlər çəkilib getsə də kefimiz yox idi. Heç nəyimiz qalmamışdı. Bir gün Zaqatala tərəfə yol gedirdik. Zaqatala ilə Car arasında bir dar ormanlıq vardı, yolumuz oradan keçirdi. Poçtun da oradan keçdiyini bildiyimiz üçün dayanıb gözlədik və poçtu soyduq. Arabanı üç rus əsgəri müşayiət edirdi. Qənimət kimi xeyli pul, 800 qızıl və əsgər paltarlarını ələ keçirdik. Bundan əvvəl isə içərisində tələbələr olan bir avtobusu saxlamışdıq. Onlara toxunmadıq. Bizim işimiz hökümətnən idi. Bu tələbələrin içərisində türk və müsəlman gəncləri vardı. Onlar bizim kim olduğumuzu soruşduqda – Samuxlu Məmmədqasım - deyə cavab verdim və dedim ki, sizə toxunan olmadı, gedib bizim əleyhimizə danışmayın. Tələbələrdən biri, mənim saatımı aldılar – deyə şikayət etdi. Belə dedikdə mən coşdum və soruşdum – sənin saatını kimi aldı ? O barmağı ilə bizim qaçaqlardan birini göstərdi. Mən saatı geri qaytardım və onlar getdikdən sonra həmin nanəcibin payını verdim.     Bundan sonra Alazan nəhrini keçib Zilcə dağına çıxdıq. Atların yəhərlərini aldıq. Dayandığımız yerdən hər tərəf aydınca görünürdü. Durbinlə ətrafı seyr etdikdə topa-topa əsgərlərin bizi axtardıqlarını gördüm. Bizdə yetərincə ərzaq olduğuna görə əyləşib yemək yedik. Bir xeyli dincəldik. Sonra əmir etdim ki, atları yəhərləyin yenidən Samuxa dönürük. Beləcə də geri qayıtdıq.     Birinci Dünya Savaşında könüllü olaraq müharibəyə getməyim barədə əvvəldə bəhs etmişdim. Abdulla adlı bir müharibə dostum vardı. O da son zamanlar kommunist olmuşdu. O, əlli nəfərlik dəstəsilə bizim haqqımızda məlumat toplamış, sonra isə Gəncəyə gedib lazımı yerlərə məlumat vermişdi. Aradan bir az keçdikdən sonra isə qəza icra komitəsi rəisi Musa Cəfərov gəlib bizimlə görüşdü. Kommunist olmasına baxmayaraq çox ləyaqətli bir insan idi. Onunla möhkəm əlaqəmiz vardı. O, bizə bir çox vacib məqamları açıqladı. Vəziyyətin yaxşı olmadığını, onun özündən də son vaxtlar, rəhbər işçilərin şübhələndiklərini anlatdı. Sonra ürək ağrısı ilə qeyd etdi ki, bolşeviklər onu da məhv etmək barədə planlar cızırlar. Bu məlumat məni də xeyli kədərləndirdi. Musa kişiyə necə kömək etmək barədə fikirləşib dedim:     -Sizə belə bir təklifim var. Sabah eyni vaxtda öz adamlarınla bu dayandığımız yerə hücüm edərsən. Biz bir az kənarda dayanıb başınız üstündən sizə tərəf güllələr yağdıracağıq. Özünüzü isə vurmaq fikrimiz olmayacaq. Burada bizə məxsus qamçılar, əşyalar, bir neçə silah-sursat, yəhər-yüyən atıb gedəcəyik. Rahatca həmin əşyaları toplayıb Gəncəyə apararsan. Hökümətə bildirərsən ki, xeyli atışmadan sonra qaçaqlar aradan çıxdılar. Bu da onlara məxsus əşyalardır.     Ertəsi gün bu əməliyyat uğurlu alındı. Musanın dəstəsi əşyaları yığıb Gəncəyə, biz isə ormanlara üz tutduq. Aradan bir neçə gün keçdikdən sonra məlumat aldım ki, Samuxda milis idarəsinin evində iclas olacaq. Mən öz dəstəmdən beş-altı nəfər götürüb çayı keçdim kəndin yaxınlığında atları gizlədib toplantı keçirilən evə yaxınlaşdım. Evin ətrafı bomboş idi. Qoruyucular da gözə dəymirdi. Əlimdə silah, çəkmə ilə evin qapısını açdım. Süfrə arxasında xeyli milis nəfəri əyləşib şam yeməyi ilə məşğul idilər. Mən – heç kəs tərpənməsin – deyə qışqırdım. Milislər donub qaldılar. Səsləri belə çıxmırdı. Bir az sükutdan sonra dedim : - Yoxsa lal oldunuz ? Səsiniz niyə çıxmır ? Milis rəisi Şahmalıyev :     -Loxmamızı boğazımızda qoydun, necə danışaq, - deyib, donquldandı. Onun əlindən qaşığı alıb süfrəyə əyləşdim. Onlara da əyləşib rahataca şam edin- deyə, müraciət etdim. Lakin milislərin boğazından çörək keçmirdi. Süfrə aradan götürüldü. Çay təklif etdilər. Mənim adamlarım bayırda hazır vəziyyətdə dayandıqlarına görə rahatca əyləşmişdim. Dostum Musa Qafarov da onların arasındaydı. O, mənə işarə etdi ki, bayıra çıxaq. Mən razılıq verib evdən çıxdım. Onun oğlunun kirvəsi olduğuma görə cibimdəki bir neçə qiymətli hədiyyəni qəbul etməsini xaiş etdim. Musa boynumu qucaqladı. Gözləri doldu və dedi :     - Qasım, sən hamımızın sevimlisisən, canımı da istəsən əsirgəmərəm. Bu bolşevik rejimi, qurduqları dövlət xalqımızı məhvə aparır. Əgər silahlarınızı yerə qoysanız bilin ki, yeriniz cəhənnəm olacaq. Sizi xalqımız bağışlamaz.     Mən sonra milislərlə xudahafizləşib ormanlara çəkildim. Bir müddət Samux və Zaqatala arasında dolaşdıq. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur

Bu il Azərbaycan Ədliyyəsinin patriarxı Xəlil bəy Xasməmmədlinin anadan olmasının 150 illiyi tamam olur. Azərbaycan Cümhuriyyətinin məhkəmə, prokurorluq, polis sisteminin formalaşmasında, təkmilləşməsində, ərsəyə gəlməsində onun sərf etdiyi əmək hədsiz dərəcədə böyükdür.  Moskva Dövlət Universitetinin Hüquq fakultəsini bitirmiş Xəlil bəy Xasməmmədli aldığı yüksək təhsil ilə yanaşı hüquq sahəsində çalışmaqla bərabər Çar Rusiyası Dövlət Dumasında iki dəfə millət vəkili olmuş, böyük təcrübə qazanmışdı. Demokratik Respublika ərsəyə gələndə bu baxımdan azsaylı dövlət adamlarımızdan biri idi. Əhməd Cəfəroğlu Xəlil bəylə bağlı qeyd edirdi ki, mərhum Xəlil bəy yarımtəhsilli, şansını siyasi və firqəvi turniklərdə sınamağa çalışanları xoşlamazdı, onları işin içindən uzaqlaşdırmağa çalışardı. Şüursuz millətçiliyin və yalançı vətənçiliyin amansız düşməni idi. Hələ Azərbaycanın faciəli durumundan özünə nicat yolu, şöhrət, pul qazanmaq üçün istifadə edənlərlə hər yerdə açıq-açığına mücadilə etmiş və sevdiyi dost mühitin vicdani məhkəməsinə başvurmuşdur. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi 

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - III hissə

Bolşeviklər Samuxa yaxın düşə bilmirdilər. Milli hökümətimiz təslim olmuşdu. Gəncədə bolşevik hakimiyyəti qurulmuşdu. İbrahim Əliyev, Müseyib Əliyev və insan qəssabı dəmirçi Şikarov bolşeviklərin hakimiyyət başçısı seçilmişdi. Mənim adamlarımdan ikisini, Əhməd və Mürsəli Azərbaycan Kommunist hökümətinin rəhbərlərindən olan Əliheydər Qarayev və Səməd ağa həbs etdirmişdi. Bir gün Samux Qəza İcra Komitəsinin başcısı Musa Qafarov yanıma gəlib dedi:     –Səni Qarayev yanına çağırır. Əhf edəcək və vəzifə verəcək.     Mən bu oyunların nə olduğunu anlayırdım. Fəqət bu dəvətə etiraz da edə bilmədim. Fikirləşdim ki, bəlkə bu görüşümdən istifadə edib həbs olunan dostlarımı azad etdirəm. Elə bu ümidlə də bir neçə nəfər silahdaşımla Gəncəyə yollandım. Şəhər vağzalının yaxınlığında tək Yemşən deyilən yerdə yeni hökümətin milislərinin Tatoğlu Məhəmməd Həsəni, oğlanları Məcidi və Aslanı tutub apardıqlarını gördüm. Mən heç nədən çəkinmədən Məhəmməd Həsənə yanaşıb dedim :     –Bunlar sizi ölümə aparırlar. Mən onları məhv etməyə və sizi qaçırmağa hazıram. Onun elə bil ki huşu başından çıxmışdı. Mənə belə cavab verdi:     –Öldürsələr məni öldürəcəklər. Oğlanlarıma dəyməzlər. Xahiş edirəm bu təhlükəli oyundan vaz keç.     Onun bu sözlərindən sonra mən də müdaxilə etmədən onlardan aralandım. Onları Gəncəyə aparıb həbs etdilər. Biz, Vilayət Şurasına gəldik, orada bizi İbrahim Əliyevin adamları gözləyirdi.. Müseyib və kor Çaharyov da ordaydı. Mansur da onların arasındaydı. O, Gəncənin Çobanabdallı kəndindən idi. Şəmkirin Qaracaəmirli kəndində əyləşmişdi. Mansur özü də çarlıq zamanında qaçaqlıqla məşğul idi. Onunla biz səmimi dost idik. Əvvəlcə onu qəbul etdilər, xeyli söhbət etdikdən sonra rəngi solmuş halda bayıra çıxdı. Mənim yanıma gəlib dedi:     –Sənə nə təklif etsələr “baş üstə” de. Mənə də vəzifə təklif etdilər, razılaşdım.     Ona yüz nəfər köməkçi də vermişdilər. Əsas vəzifələri dağlara çəkilən qaçaqları tutub dövlətə təhvil vermək olacaqdı.Mansur ona verilən müdafiəçilərilə çox haqsızlıqlar etdi. Onlarla ailəni başsız qoydu. Ancaq qorxusundan Samuxa üz tuta bilmədi və nəhayət öz haqlı cəzasına da çatdı. 1921-ci ildə oğlanları Eyvaz və Camalla bir yerdə kommunistlər tərəfindən güllələndilər.     Mansurdan sonra yeni hökümətin vilayət rəhbərləri məni hörmət və ehtiramla qəbul etdilər. İbrahim Əliyev üzünü mənə tutub dedi:     –“Məmmədqasım sən nüfuzlu və qoçaq bir insansan. Səninlə əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtimiz var – gərək inqilaba qarşı çıxanları, ağaları, bəyləri və qaçaqları tutub bizə təhvil verəsən. Sənə köməkçilər və silah-sürsat verəcəyik. Həm də vəzifə alacaqsan”.     –Mən, Mansurun tövsiyyəsinə qulaq asıb razı olduğumu bildirdim. Mənim müsbət cavabımdan sonra İbrahim Əliyev belə bir tövsiyyə də verdi :     –Məmmədqasım, bizim aeroplanlarımız da var, onları ruslar idarə edirlər, onlarla rastlaşanda mücadiləyə girişmə, onlar sizin silahlarınızı da istəsələr verin, hətta sizi tutsalar da biz azad edəcəyik. O, ordudakı ruslara da müqavimət göstərməyin – deyə, sözünü bitirdi. Mən onları şübhəyə salmamaq üçün bütün təkliflərini – “baş üstə” deyərək razılıqla qəbul edirdim. Əsas məqsədim isə Mahal qazisi Mustafanı, Alpoutlu Molla Həmidi, Hacı Əhməd oğlu Şamili həbsdən azad etmək idi. Onların həyatı təhlükə qarşısındaydı.     Onlardan ayrılıb binadan çıxdım. Ac idim. Bu qoca şəhərdə yeməyə də bir şey tapmadıq, hər tərəf xarabaya çevrilmişdi. Son bahar mövsümüydü. Milis dəstəsinin rəisi Məhəmməd Rzanın oğlu Ədilin evinə gəldik. Onlarla dostluğumuz vardı. Yemək yedik və iki gün gizləndikdən sonra Samuxa yola düşdük. Dəmir yolunu keçdikdə mən “durun” deyə qışqırdım. Mahal qazısı heyrətlə mənə baxaraq – “ nə olub ay allahın dəlisi”. Mənim atım çox qüvvətliydi. Atımı Mahal qazısının atıyla dəyişib atın belində üzümü Gəncəyə çevirib üç dəfə tüpürüb dedim:     –Lənət olsun bunlara da, qanunlarına da”     –Bundan sonra hamınızı birlikdə öldürsələr də məndən kömək gözləməyin. Mənim yerim Kür nəhridir.     Samuxa sağ-salamat çatdıq. Hər kənddə on rus əsgəri və bir çavuş vardı. Kəndimizə gəldikdən beş gün sonra 500-dək gürcü atlısı da bizə qoşuldu. Beləcə onlarla birgə ümumi düşmənlərimizlə ölüm-dirim mübarizəsinə girişdik. Gürcülərlə əvvəlki münasibəti unudub qardaşlaşmışdıq. Bizim ərazimizdə nə qədər əsgər və kommunist vardısa hamısını məhv etdik.     Türkiyə cəbhəsindən dönən rus əsgərlərinin silahlarının alınması ilə bağlı əməliyyatdan, Gəncə üsyanında gürcülərin köməyə gəlməsindən, Azərbaycan Cümhuriyyəti rəhbərlərinin Gürcüstanda müdafiə olunmadıqlarından, erməni daşnakları tərəfindən qətlə yetirildiklərindən də məlumat aldıq. Qısa bir zamanda Gürcüstanda da qırğınlar başladığından onlar da qanlı işğalçılara qarşı mübarizəyə başlamışdılar. Gürcülərin bizim heyvanları, sonra isə biz onların qoyunlarını gətirdiyimiz barədə də məlumat vermişdim. Azərbaycanın işğal olunduğunu, mənim də dağlarda qaçaqlıq etdiyimi eşidən Qızıl oğlu Simon böyük bir dəstəylə hazırlıq işləri gördüyündən də xəbərimiz yox idi. Ona görə ki, əlaqəmiz kəsilmişdi. Biz isə Simonun qaynı Koda da misilsiz bir at olduğunu eşitmişdik. Onunla söhbət edib bu atı almağa çalışdıq. Onun atı tövləsindəydi. Gedib gətirəcəm dedi. Aradan on beş gün keçmişdi. Bir gecə yuxuda gördüm ki, dəlləyim başımı tərs qırxıb. Səhəri isə məni bir gürcü görmək istədiyini söylədilər. Mən – buraxın içəri gəlsin – dedim. İçəri girən gürcü bildirdi ki, mən Kodanın çobanıyam. Sonra əlavə etdi ki, Koda atı gətirib və məni görmək istəyir.      Çobana hörmət etdik və sabah gələcəyimizi bildirdik.       Koda bizi həmin gün gözləyirmiş, gəlmədiyimiz üçün ertəsi günə hazırlıq görür. Ertəsi gün qardaşım Ələs, əmim oğlu Məhəmməd, xalam oğlunun qohumu Əbdülhəmid Kodanın arxasınca üz tutduq. Arxaca çatar-çatmaz biz iki yerə bölündük. Ələs və Əbdülhəmid qərbdən, Məhəmmədlə mən şərqdən arxaca girməyimizi planlaşdırdıq. Əbdülhəmid arxaca girər-girməz gürcülərdən 10 nəfər üstünə atılır və silah işlətməsinə imkan vermirlər. Mənim yanımda isə Məhəmmədi güllə ilə vurdular. Mən atdan özümü yerə atdıqda güllələr başım üzərindən sel kimi yağırdı. Ələs də atdan enmiş, onlarla atışmağa başlamışdı. Mən özümü qorumaq üçün xəncərlə çuxur qazdım. Sağ qaldığımı Ələsə bildirmək üçün ona tərəf bir daraq fişəng atdım. Gürcülər bizim ətrafımızda doluydu. Onların başcısı isə Vaso idi. Arxacdan – “Qasımı vura bilmədik”- deyə hayqırtılar eşidilirdi. Mənim döyüşdüyüm yer hündürdə olduğundan ətrafı aydınca görürdüm. Əsəd isə çuxurdaydı, ətrafı görə bilmirdi. Onu qorumaq üçün arxadan gələnləri yerə sərirdim. O isə onlara göz açmağa imkan vermirdi. Vasonu yaxşı tanıyırdım. Məni nişan almaq üçün yerini dəyişmək istəyəndə o köpəyidə yerə sərdim. Voso vurulandan sonra onlar özlərini itirdilər. Atışma axşamadək davam etdi. Gürcülər bizə yaxınlaşmağa cürət etmirdilər. Qaranlıq düşəndə - “Ələs”-deyə çağırdım. O da cavab verdi. Səsindən qardaşım Ələs olduğunu dəqiqləşdirmək üçün sandığımda nə olduğunu xəbər aldım. O da parolu düzgün deyəndən sonra əmin oldum ki, qardaşımdı. Ələs yanıma gəldi. Biz həyacandan öpüşdük. İkimiz də sağ-salamat olsaq da Məhəmmədi və Əbdülhəmidi itirmişdik. Bir az dincəldikdən sonra yenə bir-birimizi qucaqlayıb öpdük. Yenidən döyüşə girmək istədik. Mən Ələsə dedim:     -Sən arxada qal məni gözlə. Onlarla yenidən döyüşmək istəyirəm. O isə mənim arxada qalmağımı tələb etdi.     Mən ona qulaq asmayıb bizi görməyən bir nəfəri də vurdum və mühasirəni yardıq. Artıq təhlükə sovuşmuşdu. Biz əyləşib bir az dincəldik. Mən Ələsə, - Siqaret çək dedim. O isə tənbəkisi olduğu halda adət-ənənəyə görə böyük qardaşının yanında siqaret çəkməmək üçün:      – Siqaret çəkmirəm – dedi. Artıq öz ərazimizə çatmışdıq. Bizi qarşılayanlar çaş-baş qalmışdılar. Onlar bizdən soruşdular. Bu nə sir-sifətdir. Siz haradan gəlirsiniz ?     Biz olub keçənləri onlara danışdıq. İki qardaşımızın öldürüldüyünü eşidib çox pərişan oldular və bildirdilər ki, biz heç bir silah səsi eşitməmişik.     Bir az dincəldikdən sonra onlarla birlikdə əvvəlki döyüş yerinə hücum çəkdik. Basonun arxacı boş idi. Onlar heyvanları ilə birgə çıxıb getmişdilər. Qayıdanda dəmir yolunda vaqonu saxlayıb soyduq, vəziyyət elə gətirdik ki, Heybət oğlu Mehti də bizdən ayrı düşdü. Bir sürü qoyun və yaxud köhnə qan davası üstündə yersiz və mənasız vuruşmalar davam etdiyi bir dövrdə işğalçılar Poylu körpüsünü keçərək digər tərəfdən Qarayazı-Soğanlı, Ağstafa, bir dəstə də Zaqatala yolu ilə hücum edib Gürcüstanı işğal etməyə başladılar. Buna görə gürcülər rusları qızışdırmamaq üçün özləri də müstəqilliklərini itirdilər. Gürcüstan işğal olunanda sonra bizim vəziyyətimiz tamam ağırlaşdı. Qüvvələrimiz az idi. Ancaq qaçaqçılıq yolu ilə özümüzü müdafiə edə bilərdik. İşğalçılar da yaxşı möykəmlənmədikləri üçün bizi sıxışdıra bilmirdilər. Samux bölgəsində daha çox qan töküldüyündən elə o vaxtdan bizim əraziyə “Qırmızı Samux” deməyə başladılar. Döyüşlərimiz qurtarmırdı. Gürcüstanda Sovet höküməti qurulan gündən Azərbaycan hökümətindən –“ Samuxlu çopur Məmməd Qasımın ya ölüsünü, yada dirisini bizə təhvil verin”- deyə müraciətlər gəlirdi. Azərbaycan höküməti isə bizim ona gücümüz çatmır, bacarırsız gəlib özünüz tutun – deyə cavablar verirdi.     Beləliklə, Gürcüstan höküməti məni yaxalamaq icazəsini aldı. Bu xəbər bizə çatan kimi biz əlimizə keçən əşyaları, uşaqları, yaşlıları və heyvanlarımızı götürüb Samuxun ormanlarına çəkildik. Kişilərin sayı çox deyildi. Günlərin bir günü biz cöngə kəsib yeyib içirdik, mən isə əlimdən silahı yerə qoymurdum. Ətrafa növbətçiləri düzmüşdüm. Biz ağacın dibində uzanıb bir az yuxulamaq istədik. Yuxuda Rüstəmin at belində bizə tərəf sürətlə gəldiyini gördüm. Mən ona:      –Sən buralarda nə gəzirsən ? Sən ölmədinmi deyə sual verdim. O isə:      –Ölmədim, yerinizi dəyişin, üstünüzə Tiflisdən böyük qüvvə gəlməkdədi – deyə, cavab verdi.      Oyandım və yuxunun təsirilə tez yerimizi dəyişdik. Sürülərimiz, mal-qara həmin yerdə qaldı. Ertəsi gün səhər saat altıda işğalçı Sovet qoşunları bizi mühasirəyə aldı. Əsgərlərin sayı 700 nəfərdən çox idi. Biz isə 9 nəfərlə müdafiə olunmağa başladıq. Ərazini yaxşı tanıdığımızdan əlçatmaz ormanlara çəkildik. Bir tərəfimizdən də Alazan çayı keçirdi. Sürülərimiz qalan yerdən xəbər gətirən bir çoban dedi – nə durursuz onlar az qala ki, sizi mühasirəyə alsınlar. Biz düzə çatanda əmir verdim ki, döyüşə hazır olun.     Qış aylarıydı, atlarımız olmadığından piyada idik. Yapıncılarımızı da qatlayıb yəhərə bağlamışdıq. Dayandığımız yerdən uzaqlaşmaq lazım idi. Çətin bir şərait yaranmışdı. Qabağa keçib qaçaqlara məni gözləmələri tapşırdım. Çarəmiz yenidən mühasirəni yarıb aradan çıxmaq idi. Bunun da asan olmayacağı hiss olunurdu. Bir tərəfdə q uduzlaşmış dalğaları ilə qayaları döyəcləyən Alazan çayı, digər tərəfdə isə üzərimizə hücuma keçən əsgərlər görünürdü. Bizi qoruyan yalnız doğma vətənimizin əlçatmaz qayalıqları idi.     Qaçdığımız zaman təsadüfən bir düzənliyə çıxdıq, 5 əsgər və bir çavuşla üz-üzə gəldik. Çavuş bizə -“Stoy”- deyə bağırdı və bizi güclü atəşə tutdular. Üzümdən yaralansamda onların hamısını gəbərdə bildik.     Vurulan əsgərlərin silah-sursatını soyduqdan sonra yenə də qaçmağa məcbur olduq. Yenidən qarşımıza böyük bir təstə çıxdı. Bunlardan biri həkim, ikisi yüzbaşı, üç çavuş, 33 nəfəri isə əsgər idi. Qayalıqlarda qaçmaqdan ayaqlarım şişmişdi. Güclə yeriyirdim. Onlardan canımızı qurtarsaq da yeni bir dəstəylə üzləşdik. Bu dəfə qarşımıza çıxanlar əvvəlkilərə nisbətən daha iri çaplı və ağır silahlarla dayanmışdılar. Əl bombaları ilə ətrafı oda-alova qalayırdılar. Onlar bizi görmədiklərinə görə hara gəldi atəş açırdılar. Yenidən qorxunc bir nərə çəkdim və ölüm-dirim savaşına girdik. Döyüşə-döyüşə palıd talası deyilən yerə çıxdıq. Düşmənlərin atları ordaydı. Oradakı atları və kişiləri öldürdükdən sonra aradan çıxa bildik.     Ormanın buz kimi soyuğu, bıçaq kimi kəsən ayazı bizi əldən salmışdı. Allah da göz yaşlarımıza məhəl qoymurdu. Əldən düşmüş halda bir kəndə çata bildik. Aclıqda bizi taqətdən salmışdı. Kəndlilərdən çörək və ərzaq vermələrini xaiş etdik. Onlar etiraz etdikdə isə zorla aldıq və Kürün o biri sahilinə keçib dincəlməyə başladıq. Qaçaqlar ocaq yandırıb ağaclarda qalmış yabanı üzüm toplamağa başladılar. Bir az yeyib-içib bir koma kimi yerdə bir-birimizə qısılıb yatdıq.     Səhər tezdən durbini götürüb ağaca çıxdım. Biz gəldiyimiz kənd Kür çayının Gəncə tərəfində qalmışdı. Diqqətlə ətrafa nəzər saldıqda gördüm ki, Gəncə tərəfdən ucu-bucağı görünməyən sovet əsgərləri bizə doğru irəliləməkdədir. Onlar bizimlə döyüşən əsgərlərə köməyə gəlirdilər. Qaçaqlar məndən nə gördüyümü soruşduqda onların ovqatını pozmamaq üçün mal-qara sürülərindən başqa heç nəyi görmədiyimi izah etdim. Axşamadək həmin yerdə gözlədik. Başımı bir ağaca söykəyib fikrə dalmışdım. Ailəmi, uşaqlarımı xatırlayırdım. Ağacın başında isə ağacdələn quşun yuvası vardı, quş öz yuvasının başına dolanır, bizdən ürkmüş kimi qışqırtı salır, arabir bizə hücum çəkərək lap yaxınlığımızdan uçurdu. Yuvasına girməyə cürət etmirdi. Zavallı quşun bu çığırtıları mənə öz dərdimi unutdurmuşdu. O qaranlıq düşdüyündən elə yaxınımdan uçdu ki, qanadları üzümü yaladı və bir anda yuvasına girib sakitləşdi. Bu hadisə məni lap çaşdırdı. Öz-özümə düşünüb dedim- ey Allahım axı sizin qarşınızda hansı bəd əməllərimiz var ki, gündüzləri bayırda gəzib gecələri yuvasına girən quş qədər də bəxtimiz yoxdu. O, yuvasına girə bilir, biz isə gecəli-gündüzlü ayazda, şaxtada, qarda, yağışda da düzlərdə qalmalı oluruq... Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Tanınmış vəkil Alayif Həsənov vəfat edib

Azərbaycanda tanınmış vəkil vəfat edib.  Sozcu.az xəbər verir ki, tanınmış vəkil  Əlayif Həsənov dünyasını dəyişib. Onun qəfil ürəktutmasından vəfat etdiyi deyilir. Əlayif Həsənov Azərbaycan cəmiyyətində haqsızlığa, ədalətsizliyə barışmaz mövqeyi ilə seçilib. Allah rəhmət eləsin!

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - II hissə

1919-cu ilin baharıydı. Cümhuriyyətimiz bir yaşını qeyd edib iki yaşına qədəm qoyurdu. Cins heyvanları ilə məşhur olan Tomulu kəndinə gürcülər basqın edib beş nəfəri öldürmüş və beş yüzə qədər inək və öküz aparmışdılar. Mənə belə bir məlumat verdilər ki, 50 nəfərlik bir oğru dəstəsinə rus ordusunda zabit olmuş Soso Sokalaşvili başcılıq edib. Mən bu hadisəni Azərbaycan hökümətinə xəbər verdim. Hökümət də öz növbəsində Gürcüstan hökümətinə nota göndərdi. Gürcüstan höküməti bu notaya cavab da vermədi. Aradan 4-5 ay keçmişdi. Öyrəndik ki, gürcü zənginlərindən Qızıl Simonun sürüləri “Dakqa bulaq” deyilən yerdədi. Qardaşım Ələs və Şirin, əmioğlum Camal, Əmir, Qaya, Cavadoğlu Məhəmməd, Yunis, Təkə, İsmayıl, oğlu Nürəddin, Molla Məhəmmədəli, Nəsib, Mədət və Çoban Məhəmmədlə sürək etdik. Onlar da silahlı olduğuna görə sürək uzun çəkdi. Onlardan beş çobanı öldürdükdən sonra 2500 qoyun və 12 qatırı kəndimizə gətirə bildik. Mübarizədə bizdən də iki nəfər yaralandı.     Bu hadisədən sonra gürcü höküməti Azərbaycana belə bir ultimatum göndərdi : “Ya aparılan heyvanları, ya da Qasımı bizə təhvil verin”. Bizim hökümət isə Qasıma güc çatmır, nə vaxt taparıqsa onda da təhvil verərik - deyə, cavab verdi.     Ultimatumlardan sonra Gəncə vilayəti, alay komandanı Nevitski əlli süvari ilə Samuxa gəldi. Onlar Mahal Qazinin evinə düşdülər. Mahalın evi Yeni Samux deyilən yaşayış məntəqəsində idi. Polkovnik Nevitski gürcü nümayəndələri Dəli Alaksey, Kova və digər zənginlərlə gəlmişdi. Nevitskinin dəvətilə mən də beş nəfərlə onun yanına gəldim. Bir az söhbət etdikdən sonra Nevitski dedi:      – Mən buraya sənin gətirdiyin gürcü qoyunlarının qaytarılması üçün gəldim. Sən nə üçün belə iş görmüsən ?     Mən, evin pəncərəsindən, yamacda otlayan sürüləri göstərib dedim: -yaxşı eləmişəm, ona görə ki, gürcülər bizdən əvvəl basqın edib 500 inək oğurlamaqla yanaşı 5 çobanımızı öldürüblər. Onların oğurladıqları inəklərin buzovları damlarda mələşir. Heyvanlar da yazıq deyilmi deyərək sözümü bitirdim. Sonra əlavə etdim ki, onlar bizim inəkləri qaytararsa biz də onların qoyunlarını və qatırlarını qaytararıq. Mən bu məsələni həll etmək üçün iyirmi gün vaxt verdim. Bu müddət ərzində inəklər qaytarılmasa bu məsələni həll olunmuş hesab edəcəm – deyib sözümü bitirdim. Onlar öz aralarında bir az söhbət etdikdən sonra çıxıb getdilər. İyirmi gün keçdisə cavab gəlmədi. Bunu dəqiqləşdirib gətirdiyimiz qoyunları, inəkləri oğurlanan kəndlilərə payladım.     1920-ci ilin baharında, qızıl imperialistlər Azərbaycanın paytaxtı Bakını işğal etdilər. 27 aprel 1920-ci ildə iki ilə yaxın fəaliyyəti olan Milli Azərbaycan höküməti istiqlalını itirdi və rusların əsarətinə keçdi. Bunu eşidib mən də Gəncəyə gəldim. Şəhərin irəli gələnləri Sarı İmamquluoğlu Ələkbər və məşhur qaçaq Qəmbər şəhərdəydi. Şəhərin ən hörmətli vətəndaşı Gəncə qubernatoru Xudadat bəy də tutulub Bakıya göndərilmişdi. Onu təpədən dırnağadək silahlı rus əsgərləri müşayət edib vağzala aparmışdılar. O zaman gəncəlilər də ayağa qalxıb Xudadat bəyi azad etmək üçün vağzala toplaşmışdılar. Qubernatoru qurtarmaq üçün tam hazırlıq da görülmüşdü. Xudadat bəy hiss etmişdi ki, bu mübarizədə xeyli insan tələfatı olacaq. Ona görə də vaqonun pəncərəsindən başını çıxarıb xalqa müraciətlə:     –“Əziz həmvətənlərim, mən sizdən rica edirəm evinizə gedəsiniz, qan tökülməsin”.     Bu müraciətdən məyus olan xalq evlərinə dağılışır. Aradan bir müddət keçdikdən sonra Xudadat bəy də yüzlərlə mücahidlə bir yerdə Bakıdakı Nargin adasında güllələnir.     Ən dəyərli və nüfuzlu bir insanın belə vəhşicəsinə bolşeviklər tərəfindən şəhid edilməsi bütün gəncəliləri hiddətləndirir. Şəhər qaynar qazan kimi qaynayırdı. Hər yerdə bolşeviklər divan tutmaq, istilqlalımızı əldən verməmək çağrışları eşidilirdi. May ayının ortalarında hər gecə şəhər qəbirstanlığında toplantılar keçirilir, tədbir görülürdü. Bura toplananlar şəhərin ən nüfuzlu ziyalıları, hörmətli insanlarıydı. Onlar üsyanın planını hazırlayırdılar.     1920-ci il mayın 24-də bolşevik hökümətinə qarşı ilk üsyan da Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Yalnız ermənilərin himayəsilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə yaxın bolşevik əsgərinin bizə tərəf gəldiyini müşahidə edib onlardan tez özümü Samuxa çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan, onları darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə daxil olduq. Bu vaxt özümüzünkülər də bizi tanımadıqları üçün atəş açırdılar. Biz yalnız ağ bayraq qaldırdıqdan sonra üsyançılarla birləşdik. Üsyanı Şeyxli Cahangir bəy, Hacı Əsgər oğlu Məhəmmədəli, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Mənə Dördyol deyilən ərazini qorumaq tapşırıldı. Burada at və insan meyitlərindən tərpənmək mümkün deyildi. Taxıl zəmiləri də məhv edilmişdi. Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu kimi yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklər sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün, üç gecə heç kimə fərq qoymadan – uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyid vardı ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından düşmənlərin şəhərə daxil olmasına maneçilik törədirdi. Şəhərin su hovuzları da qızıl qanla dolmuşdu. Evlər, bağ-bağçalar, parklar dağıldığından çaş-baş qalmış camaat hərəsi bir tərəfə qaçırdı. Doğudan gələn və şəhəri güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərbə tərəf qaçırdı. Fəqət qarşılarında qudurmuş dalğaları ilə aşıb-daşan Quşqara çayı vardı. Daş qaya nə varsa sürükləyib gətirən çayın belə axmasını mən birinci dəfəydi ki, görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qanlı bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb tutulur məhv olurdular.     Şəhərin quzey tərəfindən iki hissəylə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və iffətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini çaya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi. O qudurmuş dalğalarda məhv olan qadınlarımızın məsum çöhrələrini və çoxlarının –“ Qasım lələ - bizi qurtar” deyə nalə çəkdiklərini hələdə unutmamışam. Bu faciə idi, dözülməz bir faciə. Belə hərəkətlərilə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq, sosializm gətirdilər. Onlar Gəncəyə daxil olanda şəhər bom-boş idi.     Yenə də gəzib gözə görünənləri şəhid etdilər və belə bir ultumatum yaydılar ki, hər kəs on gün içərisində təslim olarsa onlara toxunmayacaq. Onların bu hiyləsini yaxşı bilənlər aldanmadılar. Dağların zirvələrinə çəkildilər. Qanlı tarixlərinə yeni qanlı səhifələr yazmaq üçün hazırlıq gördülər.     Məğlub olan Gəncə üsyanı yeni məcraya uğradı. Şərəfsizliyi qəbul etməyən üsyançılarımız mübarizəni davam etdirmək qərarını qəbul etdi. Dağlara çəkilib qaçaq dəstələri düzəldərək döyüşməyə, bu qanı yerdə qoymamağa söz verdi. Çanaqçı kəndindən Sarı Qafar, Saro kəndindən Məhəmmədəli, Gədəbəydən Mustafa ağa və Məlik, Yaqublu dərəsindən( Şınıxdan) Məcid ağa, Xınna dərəsindən Mıka, Həmzə, Dağbasandan Molla Zeynalın oğlu Abuzər, Ayıblıdan Abdulla, Hacılar, Qaracaəmirlidən Ramazanoğlu Rüstəm və qardaşları, Əbdülkərimin nəvələri, Hüseyn və Əli Zülqədərlilər və sülaləsi, Zaqataladan Süayib və qardaşı Məhəmməd, Çar qəsəbəsindən Hacı Bilal oğlu Abdulməcid, Qarabağın Qəzvənd kəndindən Qədir və qardaşları və on minlərlə könüllü ölüm-dirim mübarizəsinə girişdilər.     Nadir və qardaşları iki yüzədək bolşevik əsgərini pusquya salıb öldürdülər. Gəncənin Balçılı kəndindən Yunis, Eldardan Məhəmməd Əli və qardaşı Abbas, Hacı Adıgözəl oğlu Zaman, Şəkinin Göynük kəndindən Abdulla və qardaşları Temurxan-Şuradan(Dağıstandan) Uzun Hacı 3 min atlısı ilə birlikdə bolşeviklərlə döyüşürdü. Bütün Qafqaz qaynayırdı. Qan və atəş içindəydi. Bu mübarizə 1920-ci ilin mayından Gəncə üsyanından başlayıb 12 il davam etdi və onlara kömək olmadığı üçün bolşevik qüvvələri tərəfindən məhv edildilər. Gəncə üsyanından sonra biz doğma obamıza Samuxa çəkildik. Bolşeviklər Samuxa gəlməyə ehtiyat edirdilər. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

"Mən şəhid olacağam" - Xeybər Göyyallının hekayəsi

Birinci Qarabağ Müharibəsində şəhid olmuş həmkəndlilərimin ruhuna bağışlayıram. Bədirlənmiş ayın işığı sanki gecəni gündüz etmişdi.. Göy üzündən qara torpağın üzərinə işıq süzülürdü. Adamın gecə olduğuna inamı gəlmirdi. Təpədə qazılmış səngərdə uzanmış əsgərlərin sifəti ayın işığında parıldayırdı. Gecəyarısı olmasına baxmayaraq, ətrafda olan hər şey əl içi kimi görünürdü. Səngərdə üzüqoylu uzanmış əsgərlərdən biri yaxınlıqdakı kirpinin neçə ot qırpdığını belə sayırdı. Önər isə avtomatını sağ böyürünə qoyub arxası üstə uzanıb xeyli vaxt idi ki, göylərə baxırdı. Göy üzündə bir ulduz belə gözə dəymirdi. Önər qəfildən dedi: -Bu axşam ölən olmayacaq. -Hardan bildin?,- deyə səngər yoldaşı Umud dilləndi. Önər indiyə qədər onda görünməmiş bir təmkinlə danışırdı: -Görmürsən, elə bil gündüzdü, göydən axan işıqda kitab oxumaq olar. Səngər yoldaşı Önərin sözlərini ciddiyə almadığından ona sözünü bitirməyə imkan vermədi: -Deyəsən, göy üzündə fala baxırsan. İndicə dedin ki, aylı gecələrdə adam ölmür. Önər səngər yoldaşının sözündən təmkinini pozmadı: - Eşitməmisən, deyirlər ki, göydə hərənin bir ulduzu var, insan öldüyü vaxt ulduzu da yerindən oynayır, harasa axıb gedir. Bu axşam heç kəs ölməyəcək, çünki göy üzündə bircə ulduz belə görünmür. Umud özünü çoxbilmiş göstərərək: - Burda nə var ki, bilmirsən, deyim. Ayın gur işığında ulduzlar görünmür, bu gün göydə ulduz görünmür, səhər axşam görünər. Önər yoldaşının dediyinə gülümsəyərək ,-İndi sən deyirsən ki, insan ömür-gününü kitablarda yazılan kimi qurmalıdı, kitabda nə yazılıbsa ona inanmalıdı ?- deyə sual etdi. Səngər yoldaşı Önərin bu sözündən sanki bir az da cəsarətlənərək: -Kitabda yazılan elmdir, hər şey elmi sübutlara söykənir. Sən elmə inanmırsan?- ritorikasını bir qədər dəyişərək dedi. Önər üzünü Umuda tərəf çevirərək -Mən elmin əleyhinə deyiləm, elm artıq göyləri də fəth edib, ancaq...- fikrini tamamlaya bilmədi. Umud tələsik onun sözünü kəsdi: -Amması, ancağı yoxdur, elm dəqiqdir, dürüstdür, iki vur ikidir. Sən dediyin isə nağıldır. Umud səhərdən irəli-geri, sağa-sola var-gəl etsə də, Önər hələ də arxası üstə uzanıb göylərə baxırdı. -Sən deyən kimi olsun, mən deyənləri nağıl say. Ancaq bu nağıl saydıqlarında da nəsə var, ya yox? Heç sənin ürəyinə nəsə əvvəlcədən dammır? Mən ölümümü bilirəm. Mən şəhid olacağam.Mən neçə ildir ki, bunu gözləyirəm. Gözləyirəm deyəndə, bunu istəyirəm. Önərin sözləri Umudun əhvalını tamam alt-üst etdi: -Gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən danışmağa,-Umud qəhərlənərək dilləndi. Umud birtəhər olmuşdu: -Ə, dur ayağa, deyəsən, gözünü göyə zilləyib fala baxırsan. Önər üzü göyə baxa-baxa danışırdı: -Eşitdin, o günü şəhid olanları Sumqayıtda dəfn ediblər... Umud əsəbiləşərək yenə onun sözünü kəsdi: -Bəs harda dəfn etməli idilər, yəqin, valideynləri orada yaşayır,- həyəcanla dedi. Umudun əhvalı Önərə təvafüt etmirdi: -Mən gecə-gündüz Göydağda şəhid olmaq barədə düşünürdüm. Həmişə fikirləşirdim ki, şəhid olacam, qapımizdakı dağdağanın dibində qara çırağın işığında, kəndimizin bulağının suyunda yuyulacam , elə öz qəbiristanlığımızda da dəfn olunacam. Belə baxıram qismət olmayacaq, qəlbimə damıb ki, uzaqlarda şəhid olacağam, məni də Sumqayıtda dəfn edəcəklər. Umud -Ə, sən nə qorxaq adamsan, nə başlamısan şəhid olacam, öləcəm. Nə olub sənə, niyə belə edirsən? Bizim işimiz hələ çoxdu. Biz döyüşüb kəndimizi almalıyıq, sən də başlamısan vay-şüvənə ,- əsəbi halda dedi. -Umud, sən heç ölümün barədə fikirləşmirsən?-Önər soruşdu. -Elə belə də. Hərdən fikirləşirəm ki, ermənilər uzaqdan nəsə atar, gəlib dəyər,- Umud bir qədər soyuqqanlı halda cavab verdi. Umudun belə soyuqqanlı danışması Önərin heç ürəyincə olmadı: -Bəs harada dəfn olunmaq istərdin?,- dedi. Umud əlini havada yelləyərək,- nə fərqi var, öləndən sonra harada dəfn olunmağın,- deyə dilucu cavab verdi. -Umud, sən öz canın, Sumqayıtda dəniz qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq bırdir?- Önər səsini bir qədər qaldıraraq soruşdu. Umud Önərin sözlərindən dilxor olmuşdu. -Ə, nə fərqi, öldün, qurtardı. Göydağda dəfn olunsan, nə dəyişəcəkdi?- Umud sanki üzülmüş halda dedi. -Fərqi yerdən göyə, Sumqayıtdan Göydağa qədərdi. Bu fərqi bilmirsənsə, sən onda heç göydağlı deyilsən. A kişi, dənizin qırağında dəfn olunmaqla Göydağda dəfn olunmaq birdir? Sumqayıtın küləyi ilə Göydağın küləyi eynidir, yağış yağanda Sumqayıtda olmusan? Sumqayıtda külək əsəndə evin içində durmaq olmur. Göydağda külək olmur, Göydağda meh əsir. Sumqayıtda külək əsəndə dənizin suyu hara qalxır, su asfalta qədər gəlir... Yenə sayım fərqini...- Önər səsi titrəyərək dedi. -Önər, gecənin bu vaxtı nə başlamısan ölüm-itimdən, başqa söz bilmirsən danışmağa,- Umud məyus halda dedi. Önər üzünü Umuda tərəf tutaraq-Umud, səndən bir şey də soruşum, görüm biləcəksən? - dedi. Umud mızıldanarq – onsuz da, dayanmırsan ki, səhərdən elə danışırsan... Önər: -Heç fikirləşmisən ki, Göydağda niyə güclü külək əsmirdi? Umud tərəddüdlə cavab verdi: -Yəqin, dəniz yox idi, ona görə. Önər: -Dənizin küləyə nə dəxli, dənizin özünü külək oynadır. Umud bir qədər ürəklənərək- heç özün də bilmirsən,- dedi. Önər dedi: -Ona görə ki Göydağ dağların arasında idi. Külək düzən yerdə cövlan edir. Önərin sözünün qabağında söz deyə bilmədiyindən Umud kirimişcə gözlərini uzağa zilləmişdi.Umudun susduğunu görən Önər söhbətinə davam etdi: - Umud, bax sənə bir söz deyirəm, bunu yadında yaxşı saxla. İndi sənə dediyim bu sözü məqam düşəndə göydağlıların hamısına deyərsən. İnsan başqa bir yerdə, yad bir torpaqda var-dövlət, pul-para qazanar, lap milyarder ola bilər, ancaq xoşbəxt ola bilməz. Çünki hara getsən, yad sayılacaqsan, başıaşağı, gözüqıpıq olacaqsan. Dədə-babamız elə belə deməyib ki, daş düşdüyü yerdə ağır olar. Bizim kənddə də belə olub. Kənardan gələnlərə gəlmə deyiblər.Yadında olar, qarğış edəndə deyirdilər ki, yurdun gəlmə Məmmədin yurdu kimi boş qalsın. Bizim dərd-bəlamız hələ bundan sonra gələcək Önərin danışmağa sözü çox idi. Ancaq Umud bu sözlərdən yorulmuşdu. Baxdı ki, Önər söhbətin mövzusunu dəyişmir, özü səngərdən bir qədər aralanıb irəliyə getdi. Beş-on dəqiqədən sonra qayıdan Umud, Önərin yuxuladığını görüb, asta addımlarla səhərdən gözünü düşmən səngərinə zilləyən əsgər yoldaşlarının yanına getdi. Balacaboy, ancaq həmişə səliqəli geyimi ilə yoldaşlarından seçilən əsgər Umudu görən kimi pıçıltı ilə-tayqulaqlar neçə gündür ki, dayanmırlar, nəsə edirlər, aparırlar-gətirirlər, nəsə hazırlaşırlar,-astadan dedi. Umud sanki onun nə dediyini eşitmirdi, bu səbəbdən ağzını açıb bir kəlmə demədi. Gözünü düşmən tərəfə zilləmiş əsgərlər bayaqdan yuxulamış Önərin səsinə diksinib onun uzadığı yerə sarı qaçdılar.Önər uzandığı yerdən qəflətən sıçrayaraq-nə baxırsınız, görmürsünüz evimiz yanır, -hövlanək dedi. Balacaboy əsgər Önərin bu halından qorxaraq- buna nə oldu, yəqin, yatdığına soyuq oldu, xəstələndi,- Önərə yaxınlaşaraq dedi. Umud Önərin əlindən tutub məyus halda dilləndi: -Yuxu-zad görməmisən, niyə belə edirsən? Önərin üz-gözünü soyuq tər basmışdı, bədəni titrəyirdi, dodaqları əsirdi. Umud onun gözünün içinə baxaraq,- Özünü ələ al görək, yekə kişisən, nə olub sənə, burda nə var ki, -dedi. Önər bir qədər toxtayaraq-yuxuda gördüm ki, evimiz yanır, kənddə heç kim yoxdur, camaat da yığışıb Hacıyurdundan tüstüsü ərşə qalxan evimizə tamaşa edirlər.Yadımdadır, kənddə arvadlar deyirdilər ki, yuxuda evin yanmasını görmək yaxşı şeydən xəbər vermir. Elə ən ağır qarğış da evlə bağlı olardı. Biri birinin pis gününü istəyəndə deyərdi:”Allah sənin evini yıxsın!”. Umud, yəqin, bu günlərdə şəhid olacağam,- duruxa-duruxa dedi. ...1994-cü ilin apreli idi. Lələtəpədə şiddətli döyüşlər başlamışdı.Önərin ağlına gələnlər başına gəldi. O, Göydağdan uzaqlarda- Lələtəpə döyüşlərində şəhid oldu. Özü də səngərdə yox, qızğın və şiddətli döyüşdə. Hiyləgər düşmənin mövqeyinə hücum etdi. Düşmənlə otuz-qırx metr məsafədə üzbəüz vuruşdu. Səngərdən başını qaldırıb avtomatın güllələrini ətrafa səpələyən iki nəfəri qanına qəltan etdi. Hündür təpənin başında marıxda dayanaraq döyüşü izləyən məkrli düşmən Önəri hədəf almışdı. Uzaq məsafədən Önərin döyüşə-döyüşə səngərə yaxınlaşdığını izləyən düşmən snayperçiləri onu vurdular. Önər Sumqayıtda, dəniz sahilindəki Şəhidlər Xiyabanında dəfn olundu. 23.10.2023. Xeybər Göyyallı

Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - I hissə

Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıxlı soyundanam. Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, Ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıxlının cəsuru Məmməd Qasım deyirdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam.     Çar Rusiyası zamanı bizləri məktəbə oxumağa qoymazdılar. Əsgərliyə də aparmırdılar. Ona görədə mədrəsədə mollalardan oxuyub yazmağı öyrənirdik. O zaman Qafqazda hamı at minib, silah gəzdirərdi. Fəqət əsgərliyə aparılanlar çox az idi. Birinci dünya müharibəsində ruslar bizdən də könüllü əsgər toplamağa başladılar. Bu səbəbdən 1915-ci ildə 16 yaşım tamam olduğuna görə mən də könüllü əsgərliyə yazıldım.     Bizi Gəncəyə gətirdilər. Topçu alayında üç ay təlim keçməyə başladıq. Alayın komandiri Qarabağlı Səlim Sultanzadə idi. II Dünya müharibəsində İranı işğal edən Rus qoşunları tərəfindən orada öldürülən Sultanzadənin komandirliyi ilə alayımız döyüşmək üçün cəbhəyə yollandı. Biz Kiyevi də keçdik. Avropada əslən Borçalıdan olan İsrafil Yadigarlının alayı ilə birləşdik. Bizim alaydan başqa gürcü, çərkəz, Dağıstan bölükləri də vardı. Gəldiyimiz Proskozevdə zabit həmyerlilərimizlə də rastlaşdıq. Səməd bəy və Qabaqtəpəli Nəbi dayının oğlu İsrafil də orada “ Yüzbaşı” rütbəsindəydi. Gürcü əsilzadələrindən olan general Makalov iki il müharibədə bizə komandirlik etdi. Israfil isə II Dünya Müharibəsində almanlar tərəfinə keçdiyi üçün ruslar tərəfindən öldürüldü. Karpat dağlarında Avstriyalılarla döyüşərkən aldığımız əsirlər arasında türk dilində danışanlar da var idi. Onlar Yaqub Şövqü paşanın əsgərləriydilər. Alman təyyarələri isə hər gün Dunay ətrafını bombalayırdı. Ruslar isə onlara qarşı heç nə edə bilmirdilər. 1917-ci ildə Rusiyada ixtilaf baş verdi, bu hadisə cəbhə xətlərinə də təsirini göstərdi. Cana gəlmiş əsgərlər hər yerdə sülh və hürriyyət deyib bağırırdılar. Üç yüz il hökmdarlıq etmiş Romanovlar taxtdan salınmış yerinə Kerinski keçib müvvəqəti hökümət qurmuşdu. Çar Nikolayın qohumlarının və qızının Avropada olduğu söylənirdi. Bizdə cəbhədən Proskozevə dönmüşdük. O vaxt Kerinski də öz adamları ilə Proskozevə gəldi. Vağzalda bizlə görüşdü və mühafizə dəstəsinə qəbul etdiyini anlatdı. Beləliklə, biz də onunla Peterburqa gəldik. Xarici müharibə bitsə də vətəndaş müharibəsi başlamışdı. Çar Nikolayın mühafizə dəstəsi də yoxa çıxmışdı. Daxili müharibə davam edir, hər gün on minlərlə insan öldürürdü. Əsgərlər yeni inqlab mahnıları oxuyurdular. Qalan əsgərlər isə evlərinə qayıdırdılar. Biz türklər, gürcülər, şimali qafqazlılar və dağıstanlılar da evlərimizə qayıtmaq üçün hazırlıq görməyə başladıq. Yol idarələri fəaliyyət göstərmirdi. Ona görə də biz üstü açıq vaqonlar tapa bildik. Vaqonları qum torbaları ilə doldurduq, topları və iri çaplı tüfəngləri torbalar arxasında gizlədə bildik və yola çıxdıq. Kiyev yaxınlığında qatarımız dayandı. Bizim əsgərlərdən biri qarpız almaq üçün yerə enərkən onu seyr edən bir erməni əsgəri güllə ilə vurmuşdu. Qafqazdakı erməni-müsəlman davası on ildən çox idi ki, davam edirdi. Buna hirslənən əsgərlərimiz vaqonlardan düşüb stansiyadakı bütün erməni və rus əsgərlərini məhv etdi, sonra yolumuza davam etdik. Öz nefti ilə zəngin olan Qroznuda da relslər sökülmüşdü. Çeçenlər bizi tanıyıb yolu düzəltdilər, onlar bizə toxunmadılar. Biz 4 vaqon silah-sursatla doğma vətənimizə gəlib Bakıya çatdıq. Bir-iki gün Bakıda qaldıqdan sonra komandirimiz Şahverdi xan Ziyadxanlının komandanlığıyla alayımızla birlikdə Gəncəyə üz tutduq. Şahverdi xan Gəncə xanı Cavad xanın nəslindəndi.Cavad xan 1804-cü ildə oğlu Hüseynqulu xanla şəhid edildikdən sonra düşmənlər şəhəri tuta bilmişdi. O zaman Azərbaycanın və Qafqaz ölkələrinin Rusiya ilə bağlı heç bir məsələsi qalmamışdı. Mən Karpatda vuruşandan baş çavuş idim. Ona görə də məni Morul Lemsəsi deyilən yerə baş çavuş təyin etdilər. Orada bir az işlədikdən sonra öz xahişimlə azad oldum və mənim yerimə Adıgözəlli Qədir bəyi təyin etdilər. 1917-ci ilin sonlarıydı. Rusiyada vətəndaş müharibəsi davam etdiyi vaxt Batumdan hərəkət edən qatarlar Gürcüstandan keçib Gəncə yolu ilə Bakıya və Rusiyaya getməliydilər. Vaqonlarda rus əsgərləri daşınırdı. Onların içərisində ermənilər də az deyildi. Qatarlar azərbaycanlılar yaşayan kəndləri, stansiyaları keçəndə ətrafdakı günahsız insanlara toplardan və iri çaplı tüfənglərdən atəş açır, günahsız həmyerlilərimizi öldürürdülər. Bu xəbər bütün Gəncə və Gəncə ətrafını sarsıtmışdı. Sonralar Azərbaycan Cümhuriyyəti dövründə Gəncə valisi işləmiş doktor Xudadat bəyin başçılığı ilə Şəmkir və Gəncə arasında vaqonları saxlayıb onları tərksilah edə bildilər. İyirmi günədək davam edən döyüşlərdə düşmənləri tamam tərksilah etmək mümkün oldu. Ondan sonra gələn əsgərlər ağ bayraq qaldırıb silahlarını təhvil verərək yollarına davam edirdilər.     Azərbaycan Cümhuriyyəti yarananda iyun ayında 1918-ci ildə mərhum Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Osmanlı türk ordusu Gəncəyə gəldi. O zaman Azərbaycanın baş şəhəri Bakı erməni və rusların əlindəydi. Yerli əhalini bolşeviklər sorğusuz-sualsız məhv edirdilər. Mart soyqırımı da o zaman baş vermişdi. 1918-ci il 28 mayda Azərbaycanda Cümhuriyyət quruldu. Azəri və türk əsgərləri Bakını azad etmək üçün hücuma keçdilər. Bolşeviklər sovet höküməti qurmaq adı ilə xalqın başına min cür fəlakətlər açır, müsəlmanları məhv edirdilər. Türk və əzərbaycanlı qoşun birləşmələrinin səyilə Bakı azad olundu və tarixdə ilk türk cümhuriyyəti quruldu.     Yüksək və qarlı dağları, yalçın qayalıqları, dağ şəlalələri, ormanları və ovalıqları, rəngarəng təbiəti olan vətənimin insanları da çox cəsurdur. Onlar həmişə işğalçılarla mübarizə aparmışlar. Azəri xalqının bu cəsurluğu da nəsildən-nəsilə keçmişdir. Adət etmədiyi bir şey varsa o da xəyanət və yalandır. Bu da onların saf niyyətli, təmiz qəlbli olmasından irəli gəlir. İstiqlal sevincilə yaşayan Azərbaycan türkləri o zaman türk ordusunun yardımını unutmamış, onların şəninə şeirlər qoşmuş, şərqilər mahnılara dönmüşdür. Onların bir-ikisi hələdə yadımdadır:                     Şalon gəlir baş-başa                     İçində Nuru Paşa.                     Paşaların Paşası                     Yaşasın Ənvər paşa.                     Şalon gəlir yan verir                     Gəncəyə nişan verir.                     İçindəki zabitlər                     Azərbaycan deyə can verir.     Türk ordusu işini bitirib Anadoluya döndükdən sonra mən də Samuxdakı kəndimə qayıtdım. Azərbaycan ordusu yenicə yaranmağa başlayırdı. Biz isə yenə də silahlı dolaşırdıq. Bir gün məni Gəncə şəhər valisi Xudadat bəy yanına çağırtdırdı. Rəfibəylilərlə səmimi münasibətimiz olduğu üçün dərhal yanına getdim. Gəncə şəhəri ortasından çay axan qədim bir şəhərdi. Batı tərəfdə türklər, doğuda isə ermənilər yaşayırdı. Ermənilər tərəfə dəmir bir körpü ilə keçib getmək olurdu. Vilayət binasının erməni tərəfdə 4 mərtəbəli saray olduğunu öyrəndim. Doktor Xudadat bəyi iş otağında tapdım. Uzun boylu, enli kürəkli, qüvvətli bir kişiydi. Sərt baxışları ilə məni süzdükdən sonra barmaqları arasındakı qələmi saçlarına dayayıb – “xoş gəldin Qasım, buyur əyləş” – dedi.     Oturdum. Bir az sükutdan sonra sözünə davam etdi:     Qasım, nə vaxtadək dağda-daşda dolaşacaqsan. Azərbaycan hökümətini qurduq. Fəqət hərəmiz bir tərəfə çəkilirik. Siz, gəlib vəzifə alıb işə başlamalısınız. Əsgərlikdə, müharibədə olmusunuz. Bizə belə adamlar çox lazımdı. Sonra ağır və qalın səslə : Qaracaəmirlidən Ramazan oğlu Rüstəm, Dəllərdən Kərbəlayı Hacılar, Ayıblıdan Abdulla Quşbazoğlu, Hacı Həsən hamısı gəlməli və birlikdə bizə yardımçı olmalısız. Qardaşın isə Dövlət Dəmir Yolunda işləyəcək. Dövləti, höküməti bir yerdə quracağıq. Başqa yolumuz yoxdu – deyib sözünü bitirdi. Vali bəyin sözlərini diqqətlə dinləyib dərindən düşünürdüm. Bu vaxtadək heç kəs bu sözləri bizə deməmişdi. Yeni bir aləmdəydim. Məsuliyyətli bir vəzifə təklif olunurdu.     Bir Qafqazlı kimi belimdə qılınc, arxamda tüfəng at belində böyümüşdüm. Yeyib-içib kef edərdim. Hər kəs özü-özünə hökümət idi. Elə hiss etdim ki, vəziyyət dəyişib. Xudadat bəy də mənə ehtiramla yanaşdığına görə çağırıb bu məsuliyyətli vəzifəni təklif edirdi. Valini doğma atam kimi sevirdim. O, Gəncənin bəylərindən idi. Onlara Rəfibəyzadələr deyərdilər. Həmişə dövlət yanında xalqın haqq və hüququnu müdaifə edərdilər. Xudadat bəy Ələkbər bəyin oğlu idi. O da xalqı müdafiə etdiyə görə sürgün olunmuşdu. Rəfibəylilər xalqın təhsil, sənaye, ticarət işləri ilə də məşğul idilər. Onlar cəhalətə qarşı da mübarizə aparırdılar.     Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşablı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir. Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi :  – Hamınız qadın paltarı geyib üstündən çarşab bürünəcəksiniz. Kişi olduğunuz bilinməyəcək. Silahınız da çarşab altda olmalıdı qucağınızdakı teşt paltarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri həyasızlığa başlayanda atəş atacaqsınız. Onun tapşırığını yerinə yetirdik və nəticədə rus əgərləri rədd olub getdilər. Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursada, xalq onu qorudu.     Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Belə getsə, Azərbaycanlılar Ermənistana işləməyə gedəcək - Fuad Qəhrəmanlı yazır

Bundan sonra müxalifətçiliyə ehtiyac varmı? Bu gedişlə ermənilərdən iş istəyəcəyikmi?  Sual çox sadədir, niyə Ermənistanda orta aylıq əmək haqqı 682 , Gürcüstanda 484, Azərbaycanda isə 374 dollardır?  Hakimiyyət çıxıb bu sualın cavabını verməlidir.  Hanı bəs Qafqazın lider ölkəsi idik, nə oldu? Bəs bizim uğurlu neft strategiyamız vardı, nə oldu? Deyirdiniz qeyri neft sektorunu inkişaf etdiririk, nə oldu, hanı o strategiyanın iqtisadi nəticələri ? Necə olur ki, nefti, qazı olmayan bu ölkələrin vətəndaşları neftin, qazın hesabına 200 milyard gəlir əldə edən ölkənin insanından daha çox qazanırlar? Avropa ölkələri bir yana qalsın, dövlət siyasətinə çevrilmiş acgözlüyün , hüdudsuz korrupsiya üzündən Ermənistandan, Gürcüstandan, Qazaxıstandan Belarusdan belə geri qalırıq.  Bu gedişlə 10, 20.. ildən sonra bu ölkələr harda olacaqlar biz harda? Belə getsə 15-20 ildən sonra azərbaycanlılar gedib Ermənistanda iş axtarmayacaqlarmı? Əgər bu gedişat dəyişməsə, bir zaman gələcək ki, öz ölkəsində iş tapa bilməyən, tapanda da az qazanc üzündən ailəsini dolandıra bilməyən azərbaycanlılar gedib ermənilərin hüzurunda boynunu büküb iş istəyəcək.   Ölkədə müxalifətə gərək yoxdur deyənlər, xalq bundan sonra Xankəndi yeməyəcək, insanlara normal yaşamaq üçün iş yeri, yaxşı qazanc, ədalət, hüquq lazımdır. Yoxsa, Xankəndi var deyə, azərbaycanlılar Ermənistan əhalisindən kasıb, hüquqsuz halda yaşamağa görə şükr etməlidirlər?  Bu başqa bir mövzu ki, dünyanın ən inkişaf etmiş ölkələrində belə inkişafın göstəricilərindən və demokratiyanın işləmə mexanizmlərindən bir də elə məhz müxalifətin olmasıdır.  Bizə gəldikdə isə belə səriştəsiz, korrupsiyalaşmış idarəçiliyə , ölkəni milli tənəzzüllə, başqa xalqlar qarşısında geridəqalmış vəziyyətə salan bir hökumətə qarşı mübarizə aparmaq üçün indi həmişəkindən daha çox müxalifətçiliyə ehtiyac var. Fuad Qəhrəmanlı 

Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur - Nəriman Qasımoğlu

Harvard Universitetində çalışdığım zaman tanınmış ilahiyyatçılardan biri məni maraqlı bir tapıntı ilə tanış etdi. Onun bir həmkarı Məhəmməd peyğəmbər dövründən etibarən, yəni 7-ci əsrdən başlayaraq 9-cu əsrədək təxminən 25 min sayda ərəbcə yazılan mətnlərin sadəcə başlıqlarının monitorinqini keçirmiş və müəyyən etmişdir ki, həmin başlıqlarda "islam" sözünün sayı zaman keçdikcə artmağa, başlıqlarda "Allah", "iman" sözləri isə xeyli azalmağa başlayır.  Bu say azalması kifayət qədər ironikdir, çünki peyğəmbərdən sonrakı müsəlmanlar “İslam”ı daha çox ideoloji baxımdan qavradıqlarına görə, diqqətin "Allah"dan və "iman"dan siyasi məzmun səmtinə yayındığını göstərir. Gəlinən nəticə və tarixən də təsdiqlənən həqiqət ortaya çıxarmış olur ki, "İslam" ilkin yayılmağa başladığı dövrdə xüsusi bir dinin adı deyilmiş. Çünkü Oxu informasiyasına görə, Yazı əhli - yəhudilər, xristianlar faktiki olaraq ümumilikdə İslamın - tərcümədə "təslimolma" deyilən bu dinin içindədirlər. Peyğəmbərin missiyası təslimolma informasiyasını yeniləməkdən ibarət olmuşdur. Əslində, ənənəvi müsəlmanların İslamı tarixi-siyasi qəliblərə salaraq və fərqli din anlamında mütləq həqiqətlərə iddiaçı bir sistemə çevirərək üstün mahiyyətdə təqdim etməsi bəlli tarixi-siyasi səbəblər üzündən baş vermişdir. Nəriman Qasımoğlu 

Sanki yaltaqlara bir şans qapısı açılıb - Mehriban Vəzir

Baxıram, sanki öhdəlikləri var... yəqin ki var... yaşam şərtləridi... çörək ağaclarıdı...  Hər gün hər yandaş qəzetdə eyni mövzulu yazılar gedir... yerlərdə olan səviyyə ilə "... hə, bəs nə oldu, deyirdiniz olmayacaq, almayacaq, filan..." "kölgə düşürürdünüz, filan..."  Sanki yaltaqlara bir şans qapısı açılıb, növbəti parlament kresloları uğrunda yarış gedir... marafondu... kim kimi ötdü...  Çox çirkinsiniz haa...  A kişi, almamışdı, 30 il alınmamışdı, Avropaların qapılarında sürünmüşdük... alçaq satılıqlar bizə "tövsiyələr" verirdilər. Bəs nə deməliydilər?  Bunu bütün xalq deyirdi. Çıxın, bir sorğu aparın, küçədə, Şuşanın alınacağına, Xankəndinə bayraq sancılacağına hər yüz nəfərdən neçəsi inanırmış, soruşun. Bəlkə də heç neçəsi. Şuşa qələbəsi üçün dünya boyu axan göz yaşları həmin inamsızlığın, gözlənilməzliyin, şokun tərcümanı idi. Gözlənilən üçün gözyaşı axmaz ki! Gözləmirdik. Məhz bu tarix üçün gözləmirdik. Çünkü Qarabağda bizimlə düşük hay tayfası deyil, dünya gücləri savaşırdı. Və savaşır... Aşıq gördüyün çağırar: 90-larda Qarabağın verilməməsi üçün bu ölkədə neçə hərəkat qurulub? Unutdunuzmu? Mən özüm o hərəkatlardan birinin, Milli Müqavimət Hərəkatının rəhbərlərindən olmuşam. Qapı-qapı gəzib imza toplamışam. Dərmanım olsa getməyəcəyim qapıları döymüşəm. 1999-da İstanbul sammitində baş verəcəklərin qarşısını bu partiyalar, təşkilatlar, ictimaiyyət, nəhayət xalq necə aldı... hansı itkilərin hesabına aldı... bir kitab yazmaq olar... bəlkə də yazacam...  Satılıq dünya, iqtidarların yaxasından yapışıb "Qarabağı erməniyə ver" deyirdi. Nə tez unutdunuz! "Qarabağı ver" deyə ABŞ prezidentinin yazdıqları məktubları, bu məqsədlə ölkəyə səfər edən yüksək missiyaları nə tez unutdunuz?!  Bu vətəndaş bu ölkədə illərdir nə gördü ki... korrupsiya, orduda qətllər, mətbuatın məhvi, seçki saxtakarlığı... sərvət oğurluğu... və çox müsibətlər... ailələrin içinə qədər girmiş ictimai faciələr... Eləcə də Qarabağla bağlı hərəkətsizlik. Bataqlıq! Təpənsən batmaq qorxusu. Düz 30 il!!! Hərəkət olub deyə bilərsiniz. Haqsız da olmazsınız. Ancaq bağlı qapılar arxasında olanları xalq görmür. Görünən yalnız ümidsizlik və məyusluq idi, Qarabağ camaatının yavaş-yavaş qırılması idi... O zaman nə deməliydi bu camaat?  Qərəzlilərlə işim yoxdur. O da onların yolu. Onlar da olmalıdır. Onların varlığı təhrikdir. Stimuldur. Sövq etməkdir. Dava çəkməkdir.  Ölkəni xor oxuyan görmək istəyirsinizsə, yanlış yoldasız. Sovetizm bitmiş artıq. Evinizə boylanın, evlərinizdə belə nəğmələr xorla oxunmur, 3 nəfəriksə, 5 nəfəriksə, hər nəfərin öz havası, dünyaya öz baxışı var.  Bu anda sözüm utanmaz yaltaqlaradır. Və "bitirin bu çirkinliyi" deyə biləcək bir iradəyədir. "Bitirin bu rəzaləti, xalqımın əxlağına ziyan vurursuz, mənəvi ekologiyaya zərər verirsiniz" deyəcək bir gücə! Çünkü xəyalımda olan o sorğu anketində olacaq suallardan birinin cavabı ən yaxşı halda belə olar bilərdi. Əmin idim Qarabağı alacağıq, amma o günü görəcəyimə əmin deyildim.  Xalqın əhvalı bu idi, amma iradəsi yenilməz idi. Vicdanı olan etiraf edər. Lakin yağlı əppəyə yaltaqlıqla çatanlar, sərvət toplayanlar, yaxud yeni revanş götürüb irəlidə gedən zəncirlilərdən örnək alanlar boyunlarına almaz, üzə durarlar... A yazıqlar, "öhdəlikləriniz" - içinizdənmi gəlir, dışınızdanmı gəlir, bilmirəm - bu öhdəlik qələminizlə birlikdə sizi gündən-günə daha çirkin hala salmaqdadır. Hər rəzalətin bir bədəli var, əmin olun... ağır ödəyəcəksiniz...  Əlbəttə, haqlının haqqını verməmək başqa... verməyənlər var, olacaq. Amma ona bu qədər fokslanmaq qədər zəifliyin adı nə?   Gün kimi aydındı ki, xalq inanmırdı. Ürəklər bu ağıl inamsızlıqları ilə barışmasa da inanmırdı. Regionun siyasi durumu da inanmamağa sövq edirdi. Heç kəsin ağlına gəlmirdi ki, şərtlər dəyişə bilər.  Amma bu iş oldu. Mübarək bir iş oldu. Xankəndinə dövlət idarələrinin lövhələri asılır. Çox şükür! Hər kəs "bu günü də gördük" deyir. Demək, görməməyin, görə bilməyəcəyinin qorxusunu yaşamış bu xalq. Və istisnasız hər kəs bu faciəvi qorxu hissini qəlbində 30 il daşıdı. Bu hiss nə qədər insanımızın ömrünü çürütdü, nə qədərimizi məzara gömdü... Hətta iqtidarla canbir olanlar belə hər yanını canavarlar bürümüş, içi Kremlin təyin etdiyi quldurlarla dolu bir dövlətin bu müsibətdən sıyrılacağını ağlına gətirmirdi. Ən yaxşı halda gələcək nəsillər üçün əlverişli şəraitin buraxılmasını böyük qazanc hesab edirdi. Amma bu iş oldu! Oldu! Oldu!  Niyə bunun sevincini yaşaya bilmirsiniz?  Kiçik qəlbinizə böyük duyğular sığmırmı? Bəlkə də mövcudluq üçün başqa yolunuz yoxdur.  Allah sizi bu çəkilməz yükdən azad etsin! Mehriban Vəzir 

Bolşeviklərin xatirələrində: Nəsib bəy Yusifbəyli

Bolşeviklərin xatirə ədəbiyyatında Nəsib bəy Yusifbəyli adına bir çox yerdə rast gəlmək olar. Əslində bu mövzunun özü geniş bir tədqiqat və araşdırma mövzusudur. Azərbaycan istiqlal fikrinin ilk dəfə nəzəri əsaslarını müəyyən etmiş və bu istiqamətdə əməli işlərə başlamış Nəsib bəy Yusifbəyli bolşeviklərin gözündə əsas tənqid hədəfində olmaqla, həmçinin bolşevizmin sarsılması istiqamətində real işlər həyata keçirirdi. Bu səbəbdəndir ki, bolşeviklərin xatirə ədəbiyyatında Nəsib bəyə qarşı dərin nifrət duyğuları nəzərə çarpır. Milli dövlət konsepsiyasından çıxış edən və hər zaman istiqlal fikrini əsasa alan Nəsib bəy Yusifbəyli istiqlaliyyətimizin əldə edilməsi və qorunması yolundakı 4 illik səmərəli fəaliyyətinin bədəlini öz canı ilə ödəmişdir.  Bolşevik Həmid Sultanov " Oktyabr Azərbaycanda" adlı xatirəsində qeyd edir ki, Qafqaz Müsəlmanlarının Qurultayının (  1917-ci il aprelin 15-20-də Bakıda keçirilib)  əsas məsələsi öz müqəddəratını tə’yin etmək məsələsi idi. Qurultay tələb edirdi ki, müstəqil dövlət  yaradılsın, həm də onların proqramı Qafqazı, Krımı və qismən Volqaboyunu əhatə edirdi. Nümayəndələrdən biri, Nəsib  bəy Yusifbəyov, üzərində yaşıl ləkələr olan etnoqrafik xəritəni gözü yaşarmış halda, ağzı köpüklənə-köpüklənə  toplaşanlara göstərərək izah edirdi ki, yaşıl ləkələr müsəlmanların məskun olduğu yerlərdir. O, təşkil olunmuş «Türk  ocağı»( Türk Ədəmi Mərkəziyyət Partiyasını nəzərdə tutur)adından deyirdi ki, müsəlmanlar Rusiyadan ayrılmaq istəyirlər; o, hamını yaşıl bayraq altına toplaşmağa çağırırdı. Bu zaman Nəriman Nərimanov tribunaya qalxaraq, aşağıdakı sözlərlə qurultaya müraciət etdi: «Zəhmətkeş  müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa  heç bir yaşıl ləkə heç kəsi xilas edə bilməz». Bu sözlərdən sonra qurultayda bərk səs-küy qopdu.  Bolşevik xatirə ədəbiyyatında digər bolşevik nəşrlərə xas aşağılayıcı sözlərə geniş yer verilir. Bunun səbəbi bolşevik liderlərin söz bazasının kasadlığı ilə yanaşı, nifrət "duyğularından" doğurdu. Amma Nəsib bəyə və onunla birlikdə Azərbaycan istiqlaliyyəti uğrunda mübarizə aparan simalara qarşı aşağılayıcı, əks fikirlərlə yanaşı bir sıra məqamlar düşmənlərin dili ilə ifadə olunsada, Nəsib bəyin dövri hiss və duyğularına, müdafiə etdiyi fikirlərdəki prinsipiallığına, məqsəd və məramındakı səmimiyyətə işıq salır. Həmid Sultanov öz xatirəsində qeyd edir ki, Nəsib bəy Qurultayda etnoqrafik xəritəni gözü yaşarmış təqdim edirdi. Əlbəttə bunu Nəsib bəyin dostlarından, mübarizə yoldaşlarından biri yazsa idi, düşünülərdi ki, şişirdir. Amma bu sətirlər Nəsib bəyə və onun məfkurəsinə düşmən kəsilmiş Həmid Sultanova məxsusdur. Həmid Sultanova aid bu sətirlərdən məlum olur ki, Nəsib bəy Qurultayda Rusiya müsəlmanlarından danışarkən, onların yaşadığı yerləri göstərərkən gözləri yaşarıbmış, həmçinin qeyd edir ki, Rusiyadan ayrılmaq istəyirlər.  Həmid Sultanov yenə qeyd edir: Biz fəhlə məsələsinin ört-basdır edilməsi əleyhinə e’tiraz edərkən, o zaman hazırkı müsavatçıların adından Nəsib bəy  tribunaya qalxdı, Qafqaz etnoqrafik xəritəsini əlində tutub bağıra-bağıra yaşıl ləkələri göstərərək dedi: «Siz burada... hansı  məsələləri qaldırırsınız. Əvvəlcə millətin məsələsini həll etməliyik, öz dövlətimiz, öz özünüidarəmiz olduqdan sonra isə  öz evimizdə fəhlə məsələsini də həll edərik...». Həmçinin buradan aydın olur ki, Nəsib bəy bolşeviklərin sinfi tələblərinə qarşı, millət mənafeyindən çıxış edir, sinfi məsələləri arxa plana keçirir. Dövlət olaq, özünüidarəmiz olsun, digər məsələləri sonra həll edərik - deyir.  Yuxarıda Həmid Sultanovun xatirəsindən qeyd olunan Nəriman Nərimanovun «Zəhmətkeş  müsəlmanların nicatı qırmızı bolşevik bayrağı ətrafında toplaşmaqdadır. Proletar inqilabından və onun bayrağından başqa  heç bir yaşıl ləkə heç kəsi xilas edə bilməz» yanaşmasına qarşı Nəsib bəy öz qətiyyətli duruşu və mudafiə etdiyi fikirlərlə onunla üz-üzə dayanmışdı. Cümhuriyyət zamanında da bu qarşıdurma davam etmişdi. Nərimanovun Nəsib bəyə göndərdiyi hədələrlə dolu məktub bunun əsaslı sübutudur. Həmid Sultanov yenə öz xatirəsində qeyd edir ki, nəticə e’tibarı ilə burjuaziya müsavatçıların, eserlərin və menşeviklərin köməyi ilə qurultayda həmin məsələyə dair öz bəyannaməsini keçirdi.  Dadaş Bünyadzadə "Mübarizə illəri" adlı xatirələrində qeyd edir ki - "O vaxtlar Azərbaycanda inqilab hərəkatı xeyli çox inkişaf etmişdi. Azərbaycan qəzalarında çoxlu partiya təşviqatçılarımız və rəhbərlərimiz var idi, onlar polis tərəfindən bərk tə’qib edilir və həbsə alınırdılar, lakin bu hal zəhmətkeşlər və kəndlilər arasında inqilabi ruhun daha da artmasına səbəb olurdu. «Qığılcımdan alov əmələ gəlirdi». Qazax qəzasının inqilabçı kəndliləri ilə təşkilatımızın ilk görüşü Qazax Şəhərində oldu; Ağamalıoğlu, Pepinov,  Əbilov və başqaları başda olmaqla burada Hümmətçilər konfrans çağırmışdılar. Bizim bolşevik təşkilatımızın qərarı ilə V.Naneyşvili, Rəhim Hüseynov, Ağababa Yusifzadə, Ə.H.Qarayev yoldaşlar  və mən oraya getmişdik. Yadımdadır, Pepinov beynəlxalq vəziyyət haqqında mə’ruzə, Qarayev əlavə mə’ruzə etdilər,  Ağamalıoğlu torpaq məsələsinə dair mə’ruzə etdi, mən əlavə mə’ruzə etdim. Demək lazımdır ki, bütün məsələlərdə  nümayəndələrin nəzəri və diqqəti bizdə idi və bizim qətnaməmiz qəbul olundu. Aşağıdakı əhvalatı qeyd etmək maraqlıdır:  o zamankı baş nazir Nəsib bəy Usubbəyov Qazax polisinə teleqrafla əmr vermişdi ki, konfransı qovsun, bizi, bolşevik  nümayəndələri isə tutub Bakıya göndərsin. Lakin bunu etmək onlara müyəssər olmadı, çünki konfransın silahlı  nümayəndələri bizi müvhafizə etdilər və konfransın qadağan olunmasına yol vermədilər".  Buradan aydın olur ki, hökümət rəhbəri Nəsib bəy Yusifbəyli bolşeviklərə qarşı mübarizəyə şəxsən özü rəhbərlik edirdi.  Əliheydər Qarayev "Vahid təşkilatın gücü" adlı xatirələrində qeyd edir ki - "Partiya tərəfindən rayonlarda fəhlələrdən döyüş dəstələri təşkil edilmişdi, Qəzalara məs’ul rəhbərlər göndərilmişdi ki, yerlərdə  döyüşçü dəstələrinə rəhbərlik göstərilməsini təşkil etsinlər. Əsgərlər arasında da geniş kampaniya başlanmışdı. Lakin düşmən də mürgüləmirdi. Daşnaqlar və müsavatçılar bütün vasitələri işə salaraq tələsirlər, qanlı qırğınlara hazırlaşırlar.  Bizim «Azərbaycan füqərası» qəzetimiz fevral ayında Azərbaycan zəhmətkeşlərini xəbərdar edirdi ki, Qarabağda qırğın  hazırlanır. Müsavatçı Yusifbəyovun əmri ilə bizim qəzetimiz bağlanır. Bizi öz mətbuat orqanımızdan məhrum edirlər. Lakin bu partiyanı ruhdan salmadı, əksinə, təşviqat işi gücləndirildi".  Buradan isə aydın olur ki, bolşeviklər silahlı dəstələr təşkil etməklə yanaşı, mətbu orqanları vasitəsilə təxribatçı mahiyyətdə təbliğat işi aparırdılar.  Önəmli məlumatlardan biridə Qazax  qəzasında inqalabi kəndli hərəkatının tanınmış simalarından biri Məmmədqara Məmmədovun "Qırmızı partizanlar" adlı xatirələrdir. Məmmədqara Məmmədov qeyd edir ki - " 1919-cu ilin mayında gizli partiya təşkilatının tapşırığı ilə qırmızı partizan M.C.Məmmədov Tovuz stansiyasından müsavat hökumətinə ultimatum teleqramı göndərib geri alınmış torpaqların qaytarılmasını tələb etdi və hədələyərək bildirdi ki, əks təqdirdə kəndlilər son damla qanlarınadək mübarizə edəcəklər, hətta musavatçılar xarici müdaxiləçilərdən yardım alsalar da mübarizəni davam etdirəcəklər. Müsavat hökuməti bu teleqramı aldıqdan sonra (ertəsi gün həmin teleqram bolşevik mətbuatında çap edilmişdi),  həmin gecə iclas etdi və ertəsi gün özünün xüsusi nümayəndəsini, ziraət naziri Hidayət bəy Sultanovu Gəncəyə göndərdi.  O Tovuz gizli bolşevik təşkilatının nümayəndələri Məmmədqara Məmmədovu, Əmirxan Kərimovu, Kazım Qasımovu, Əli Həsənovu və Məmmədəli Vəliyevi dindirməyə başladı. Müsavat ziraət naziri istintaqdan sonra həmin qırmızı  partizanları həbs etdi və mühafizə dəstəsinin müşayiəti ilə həbsxanaya göndərdi, lakin RK(b)P Gəncə gizli mahal  komitəsinin işə qarışması sayəsində onlar həbsxanaya gedən yolda keşikçiləri tərksilah edib qaçmağa müvəffəq oldular. Tiflisə gedən müsavat hökumətinin baş naziri Yusifbəyov və onu müşayiət edən şəxslər Bakıdan Tovuz stansiyasına  gəldikdə qırmızı qvardiyaçı partizanlar baş nazirin qatarını da yandırdılar, onun vaqonunu qatardan açdılar.  Qırmızı partizanlar gizli partiya təşkilatının tapşırığı ilə hərəkət edirdilər. Baş nazir vəziyyətin çıxılmaz olduğunu  gördükdə, qırmızı partizanların tələbini yerinə yetirməyə məcbur oldu, o torpaqların kəndlilərdə saxlanması haqqında öz yerli orqanlarına göstəriş verdi. Yalnız bundan sonra baş naziri aparan qatar öz yoluna davam edə bildi. Əlbəttə, bu baş nazir tərəfindən bir manevr idi və kəndlilər torpağa ancaq Sovet hakimiyyəti qurulduqdan sonra sahib oldular". Azərbaycan Cümhuriyyəti elan edilməmişdən öncə də bolşevik təxribatçı ünsürləri kəndliləri qızışdıraraq mülkədarların, bəylərin üzərinə salmış, onlara qarşı qətliamlar təşkil etmişdilər. Bunların sırasında Allahyar bəy Zülqədərliyə, onun xanımına, ailəsinə qarşı təşkil edilmiş qətliam ən yadda qalanlardandır. Bununla yanaşı bir çox Zülqədərli, Qarabəyov, Şamxoriski, Sultanov və digər mülkədar bəylərə qarşı təşkil edilmiş qətllər bunun tərkib hissəsidir. Azərbaycan Cümhuriyyəti dönəmində isə hətta qanuni hakimiyyətə qarşı dahada çirkin təxribatlara əl atan bolşevik siyasi çevrələr fəhlə sinfinin simasında hakimiyyəti qəsb etmək yolunu tutmuşdular.  Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri 

Bu gün Ümumdünya qəzetçilər günüdür

Bu gün Ümumdünya qəzetçilər günüdür. Həyatımızda müsbət nə varsa bu işdə qəzetlərin rolu ölçüyə gəlməz dərəcədədir. İrandan, Səudiyyə Ərəbistanından və digər geriçiliyin hakim olduğu cəmiyyətlərdən fərqimizi zamanında qəzetlər, jurnallar yaradıb. Qəzet və jurnallar vasitəsi ilə bizlər məlumatlanmış, informasiya əldə etmiş mütərəqqi cəmiyyətlərin dəyər və düşüncələrindən xəbərdar olmuşuq. Geriçiliyin hakim olduğu cəmiyyətimizdə, hansı ki, Çar Rusiyasınında bunu davamlı şəkildə qorumağa çalışdığı bu geriçilik mühitində bizlər, Rusiya əsirliyində olan müsəlmanlar Həsən bəy Zərdabinin, Ünsizadə qardaşlarının, İsmayıl bəy Qaspıralının, Əlimərdan bəy Topçubaşinin, Fəxrəddin Rizaəddin Əfəndinin, Fatih Kəriminin, Əbdürrəşid İbrahiminin, Əhməd bəy Ağaoğlunun, Əli bəy Hüseynzadənin, Cəlil Məmmədquluzadənin, Məhəmməd Ağa Şahtaxtlının və digərlərinin simasında geriçiliyi mütərəqqi dəyərlərlə əvəzləmək üçün oyanışın ilkin təməllərinin atılmasına başlandı. Bizim qəzetçilik ənənəmiz belə bir ağır durumda, basqı, təzyiq, senzura və nəzarət altında yol almış və dayanmadan həqiqətləri yazmaq, öz cəsarət dəsti-xəttini qorumaq üçün savaşmışdı. Bu dəsti-xətti qorumaqla milli mətbuatımız Ağamalı Sadiq Əfəndinin, Nəcəf Nəcəfovun və onların qələm yoldaşlarının simasında yenidən təşkilatlanma yolu götürmüşdü. Azadlıq, Müxalifət və onlar kimi bir neçə mətbuat orqanı Həsən bəy Zərdabi, Qaspıralı, Ağaoğlu qəzetçilinin səmimiyyətini, dürüstlüyünü, həqiqətləri yazmaq və ifadə etmək cəsarətini özündə daşımışdır. Bu yolda Elmar Hüseynov kimi cəsarətli qələm sahibini mətbuatımız itirmişdi. Qəzetçilik işinin ölməz imzalarını hörmətlə xatırlayır, bu gündə layiqli formada bu işi davam etdirən qələm sahiblərinə isə can sağlığı arzu edirik ! Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri

"12-ci İmama"12 il iş veriblər: Gülməyin...

Adam deyir, sahibzamanam, zühur etmişəm. İnanmırlar.  Düzdür, inananlar olub. Onları da çağırıblar, inancından döndəriblər, məhkəmə qurublar.  İsa Məsih də zühur edəndə inanan olmamışdı. Amma sonra inandılar. Foma dedi ki inanmıram, bədənindəki çarmıx yaralarını göstər baxım. İsa bədənindəki mıx izlərini, kəsik izlərini göstərdi. Sonra Foma inandı.  İsa burada dedi: Mutlu o kəslərdir ki, görmədən inanırlar. Sonra insanlar isə hər zühur olayına inanmağa başladılar.  Fransada bir ziyarətgah var. Dünyada ən çox ziyarət olunan katolik ziyarətgahıdır. Vatikandan sonra. Bir mağaradır. 19-cu əsrdə 14 yaşlı bir qızcığaz meşədə odun yığarkən bir mağara yaxınlığında Məryəmin zühur etdiyini gördüyünü iddia edir. Qızcığaz bundan öncə bir müddət məhəllə kilsəsində moizələr, o sıradan Qız Məryəmin zühur edəcəyi barədə keşişin söhbətini dinləyirmiş. Qızcığaz iddia edir ki, gördüyü Bakirə Məryəmdir.  Qızcığazın bu bəyanatından sonra dindarlar bu mağaraya axışmağa başlayır. Amma heç kim görmədi Qız Məryəmi.  Sonradan qızcığaz Məryəmi yenidən gördüyünü, hətta Məryəmin ona yaxınladığını da deyir. Səs-soraq genişlənir. Bütün Fransadan axışırlar.  Prokurorlar adamları aldatdığı üçün qızcığaza iş başlayırlar, ittihamlar irəli sürürlər. Amma dindarlar imkan vermir.  Mağara ziyarətgaha çevrilir.  Kilsə qətiyyətlə qızcığazı müdafiə edir. Kilsə Fransa inqilabında tamamilə itirdiyi nüfuzunun bu hadisədən bərpa olunacağı perspektivi görürdü. Hətta o zamankı kralın eşi bu mağaranı ziyarətə gəldi. Beləliklə, bu mağara bütün katoliklərin ziyarətgahına çevrildi. Vatikan da zühur olayını tanıdı.  Qızcığaz uzun yaşamadı. Ölümündən sonra kilsənin müqəddəsləri sırasına salındı.  Mağaranın yerləşdiyi kənd indi balaca şəhərdir. Evdən çox hotellər var. Milyonlarla zəvvar gəlir ilboyu bu şəhərə. Fransanın ən çox ziyarət olunan nöqtələrindən biridir. Bir kiçicik qızcığaz öz ötkəm fantaziyası ilə bütün bölgənin çörək ağacı, dindarların ümidi, kilsənin güc mənbəyinə çevrildi. İndi gələk bizim imam Mehdiyə. Bəlkə adam doğrudan da qeyb olmuş imamdır. Haradan bilirsiniz?  Bəlkə gəlib sınasın dindarları. Gəlib görsün nə ilə nəfəs alırlar. Bax! Bir yanda , o biri yanda Doğu. Adamlar uşağın xəyal enerjisinin məhsulu olan hekayədən böyük bir ziyarətgah düzəldiblər.  Bizdə də işıq gələn yeri tıxayırlar.  Zarafat eləmirəm  Rəşid Hacılı 

Nəiminin gizlinləri: Nəsiminin mürşidini əslində kim öldürtdürüb ? - Əkbər Nəcəf yazır

XXX Hürufilik fəlsəfi-mistik cərəyan kimi XIV-XVII əsrlərdə Azərbaycan, Anadolu, Suriya və Balkanlarda təsirli olub. Hürufiliyin ana vətəni Azərbaycan olsa da, hürufilik bu diyarda ancaq 50 il təsirli ola bildi. Aralarında Nəiminin qızı Fatma Xatun və müridi Yusifin də yer aldığı 500 nəfərlik hürufinin 1444-cü ildə Təbrizdə qətlə yetirilməsindən sonra Azərbaycanda hər hansı bir hürufi qruplaşması haqqında mənbələrdə məlumat yoxdur. Hürufiliyin ən təsirli olduğu coğrafiya Anadolu olub. Fateh Sultan Mehmetin bir müddət hürufi fikirlərinin təsirində qaldığını nəzərə alsaq, Fəzlullah (qısaca: Fəzl) tərəfdarlarının Anadoludakı təsiri daha yaxşı başa düşülər. Hürufilər özlərinə “hürufi” demirdi Hürufilər heç vaxt özlərini “hürufi” adlandırmayıblar. Nə Fəzlullah Nəiminin, nə də müridlərinin əsərlərində belə bir ad keçmir. Bu ad onlara başqaları tərəfindən verilib. Maraqlıdır ki, hürufi cərəyanlarının tarixi Fəzlullah Nəiminin 500 il əvvəl başlayır. İslam tarixində ilk hürufi Müğirə ibn Səid əl-İcli (? - 737-ci il) hesab olunur. Müğirə “ismi-əzəm”i bildiyini və ölüləri bu vasitə ilə diriltdiyini iddia edib. Ona görə, Allahın həm surəti, həm də bədəni var. Onun bədəni Quranın hərflərinə oxşayır. Məsələn, Allahın ayağı “əlif”, gözləri “mim” şəklindədir. Müğirə bu tərz açıqlamalarını ifrat dərəcəyə çatdırıb. Onun fikirlərini məşhur sufilərdən Səhl ibn Abdullah ət-Tustəri (? - 896-cı il) təkmilləşdirib. Tustəriyə görə, Quran hərfləri batın elmindən xəbər verir ki, bunu da ancaq sufilər öyrənə bilərlər. Tustəri Xəllac Mənsurun müəllimi olub və Xəllacın hərflərin sirrini ondan öyrəndiyi qeyd edilir. İslam fəlsəfə tarixində ilk cərəyan olan “İxvani-səfa" risalələrində də hərflər və rəqəmlər haqqında müəyyən fikirlər səsləndirilib. Məsələn, ixvançılar hər hansı məsələnin məntiqi və fiziki şərhindən əvvəl onu sayı və hərflərinə görə təhlil ediblər. “Elmi-hüruf” adı altında ilk hürufi təlim Əhməd ibn Əli əl-Buni (vəfatı 1225-ci il) ilə başlayır. Alim bu mövzuda 40-a qədər əsər qələmə alıb. Sehr, cifr, xəvas, vəfk və fal kimi mövzuları dərindən təhlil edib öyrənən əl-Buninin əsərləri özündən sonra xüsusilə də sehr və falçılıqla məşğul olanlar üçün əsas mənbə hesab olunub. İslam tarixində cifr, yaxud əbcəd (ərəb qrafikasına əsaslanan hesab növü - red.) və sehrlə əlaqədar bütün açıqlamaları o sistemləşdirmiş, hətta əsərlərində bunların geometrik təhlillərini aparıb. Fəzlullah Nəimin əsərlərində yer alan 28-32 hərfin və onların sirləri haqqında batıni fikirləri ilk dəfə o səsləndirib. Hüruf elmi İbn Ərəbinin də əsərlərində tədqiqat obyekti olub. Hətta “əl-Fütuhatül-məkkiyyə” adlı əsərində bu mövzuda o, xüsusi fəsil qələmə alıb. İbn Ərəbinin açıqlamalarının maraq oyandıran cəhəti rəqəmlər ilə hərflər arasında paralellik qurmasıdır. Amma İbn Ərəbi məsələni vəhdəti-vücud çərçivəsində şərh etməklə hürufilərdən ayrılıb. Fəzlullah Nəimi kim olub? Nəiminin dəqiq kimliyi məlum deyil. Haqqında ilk tarixi məlumatlar vəfatından təqribən 50 il sonra Makrizi (? - 1442) tərəfindən qələmə alınmış “Ukud fi təracimil-əyanül-mufidə” əsərində yer alır. Müəllif onun “Əstərabadlı bir əcəm” olduğunu yazır. Eyni məlumat Səhəvinin (? - 1497l) “əd-Düvəl-lami” əsərində də təkrarlanıb. Amma Fəzlullah dövrünə ən yaxın mənbə “Şərhi-Mukrizi”dir. Burada onun Təbrizdə doğulduğu qeyd olunub. Lakin ən məşhur tələbəsi və xəlifəsi (burada: keçmişdə molla məktəblərində molla köməkçisi - red.) Əlayyul-Əla mürşidinin “əstərabadlı” olduğunu açıq şəkildə qeyd edib: Kainatın taxtı Əstərabaddadır, Çünki, şah, Zatdan üzünü orada göstərdi (“Tohidnamə”) “Cavidannamə”də Fəzlullah özündən “Mövlana F” şəklində bəhs edir. Buradakı “F” Fəzlullahın qısaldılmış şəklidir. Müridlərinin əsərlərində isə ustadlarından “həlalxor Seyyid Fəzlullah” olaraq danışılır. Farsça “həlalxor” – “dilinə haram dəyməmiş (halal yeyən)” mənasına gəlir. “Seyyid” olduğu özündən sonra tərtib olunan “Fəzlin şəcərəsi”, “Səlatnamə” və “Bəyanül-Vaki” əsərlərində göstərilib. Burada onun nəslinin İmam Museyi Kazimə (ə.) dayandığı iddia edilir. Amma bu şəcərənin saxta olduğu şübhə doğurmur. Belə ki, Fəzlullah özü haqqında bir çox məqamı açıqladığı halda seyyidliyindən bəhs etməyib. İkincisi, şəcərədə yer alan onun doqquzuncu nəsildən yəmənli babası Seyyid Məhəmməd əl-Yəmaninin kimliyi mübahisəlidir. IX əsrdən etibarən Yəməndə batiniliyin güclü olduğunu nəzərə alsaq, ailənin batini xüsusiyyətlər göstərməsi maraq doğurur. Belə ki, Fəzlullahın babaları sünni olub, hətta atası ölənədək Əstərabadın baş qazısı (“Darul-mömünün”) vəzifəsini icra edib. Atasının vəfatından sonra bu vəzifə ona irsən ötürülüb, uşaq yaşda baş qazı elan olunub. 20 yaşından etibarən ömrünü Fəzlullahın yanında keçiriən və öz mürşidinin həyatını qələmə alan Nəsrullah ibn Həsən Əlinin (məşhur “Xabnamə”nin müəllifi ) də şeyxin seyidliyinə yer verməməsi maraqlıdır. Fəzlullahın kimliyinə işıq tutacaq faktlardan biri onun babası Əbu Məhəmmədin Təbriz dəricilərindən olmasıdır. Məlumdur ki, XIII əsrdə Təbrizdə dəricilər adlı bir tayfa məskun idi. Dəricilər tayfası öz kimliklərini XX əsrin ortalarına qədər qoruyub saxlamışdı. Hətta XX əsrin ortalarında Təbrizin dəriciləri Nəiminin onlardan olması ilə fəxr edirdilər. Bu tayfa şahsevən boyları arasında yer alıb. Dərici adı tayfanın dəriçiliklə məşğul olması səbəbindən verilib. Bir digər məqam isə Fəzlullah müridlərinin çoxunun türkmən olmasıdır. Hətta Fəzlullah İsfahanda türklərin yaşadığı şəhərin kənar məhəllələrindən olan Tokçi və ya Toqşidə iqamət edib və təbliğatını həmin məhəllənin məscidində aparıb. Fəzlullah hicri 740-cı ildə (1339/1340) doğulub. Uşaq yaşında atasını itirib. Atasına hörmət əlaməti olaraq Əstərabad xalqı onu elə atasının yerinə qaziül-qazi (qazılar qazısı, baş qazı - red.) elan edib. Hətta atasının köməkçiləri Fəzlulları mədrəsə təhsilini tamamlayandək məhkəmə işlərinə onun əvəzindən özləri baxıblar. Fəzlin yaxşı mədrəsə təhsili aldığı məlumdur. Bu onun gənc yaşlarında vaxtını ibadətlə keçirməsindən də bəllidir. Bir beytlə başlayan ilahi axtarışı Fəzlullah 1357-ci ildə, yəni 17 yaşında olarkən bazarda (və ya mədrəsədə) Mövlana Cəlaləddin Ruminin şeirindən bir beyti eşidir: Əz mərg çi əndişi çun can-i baka dari, Dər gur qoca qonci çun nuri-Xuda dari. (Sətri tərcüməsi: Səndə əbədilik cövhəri varkən niyə ölümdən qorxursan, Səndə Allahın nuru varkən hansı qəbirə sığarsan) Şeirin təsiri altında qalan Fəzlullah yuxarıdakı beytin mənasını müəllimi Mövlana Kəmaləddindən soruşur. Müəllimi bunun ancaq riyazət (Allahdan qorxaraq, özünü dünya nemət və ləzzətlərindən məhrum edib zahidliyə qapılma - red.) və ibadətlə başa düşüləcəyini bildirir. Fəzlullahın batini aləmə səyahəti bu beytlə başlayır. Mədrəsədə bir ilini riyazət və ibadətlə keçirən Fəzlullah insanların ona münasibətindən narahat olub səyahətə çıxmağa qərar verir. Yolda qarşılaşdığı çobanın yun əbası ilə öz libasını dəyişdirərək piyada Məkkəyə, həccə gedir. Burada diqqət çəkən bir məqam da var: Fəzlullahın çobanla qarşılaşıb onun əbasını alması təsəvvüf tarixində ilk sufilərdən İbrahim ibn Ədhəmin hekayəsi ilə eynidir. Fəzlin olduqca çətin və ağır həcc səyahəti keçirdiyi qeyd olunur: Əstərabaddan Məkkəyə qədər yolu təkbaşına və piyada gedib, ehtiyaclarını öz fərasəti və bacarığı sayəsində qarşılayıb. Heç kimə əl açmadan həcc ziyarətini tamamlaması sonradan onun bu təcrübəsini müridləri üçün də düstura çevirməsi ilə nəticələnib. Daha dəqiq desək, müridlərindən mütləq bir sənət, peşə sahibi olmalarını istəyib. Fəzlullah həcc ziyarətini tamamladıqdan sonra birbaşa Xarəzmə gedir. Onun hansi səbəbdən Xarəzmə getdiyi məlum deyil. Lakin Xarəzmdə çox qalmayıb təkrar həccə getmək üçün yola çıxdığı barədə belə bir məlumat var: yuxuda İmam Rzanı (ə.) ziyarət etmək üçün istiqamətini dəyişib əvvəlcə Məşhədə, daha sonra Məkkəyə gedib. Həccdən sonra isə Xarəzmə qayıdaıb. Bundan sonra Nəiminin ömrü növbəli şəkildə Təbriz, İsfahan, Səbzəvar, Yəzd, Damqan, Şamaxı və Bakıda keçib. Fəzlin yuxuları Fəzlullahı irşad (doğru yol göstərmə, qəflətdən oyandırma - red.) mərtəbəsinə aparan onun gördüyü yuxular olmuşdu. Bunlardan ilki Xarəzmdə yaşanıb: özünü bir hamamda görən Nəimi hamam qapısının İsa peyğəmbər tərəfindən açıldığını deyib. Əlavə edib ki, İsa peyğəmbər ona bir sual verib: “İslam şeyxlərindən hansı doğru yoldan getdi - Allahdan başqa bir şey axtarmadı, hansı bunun əksini etdi, bilirsən?”. Fəzlullah bu suala “xeyr” cavabı verir. Belədə İsa ona doğru yoldan gedən şeyxlərdən İbrahim ibn Ədhəm, Bəyazidi-Bistami, Səhl ibn Abdullah ət-Tustəri və Bəhlülün adlarını çəkir. Həmin şeyxlərin sufi olması Fəzlullahın təsəvvüfə yönəlməsinə səbəb olur. Bir müddət təsəvvüflə məşğul olan Nəimi bu yoldan ayrılmaq istərkən ikinci yuxunu görür. Bu dəfə yuxusuna Süleyman peyğəmbər girir. Həmin yuxudan bir gün sonra başqa bir yuxu görür. Bu dəfə yuxusuna girən Hz. Məhəmməd onu yuxu elminin ("röya təvili) sirrindən agah edir... Yuxu yozan Fəzlullah Nəimini məşhurlaşdıran və ətrafında çox sayda tərəfdarın toplanmasına gətirib çıxaran da elə onun yuxu yozmaları olub. Gördüyü üçüncü yuxuda peyğəmbərdən “röya təvili” elminin sirlərini öyrənən Fəzlullah yuxu yozmalarına Xarəzmdə olarkən başlayır. Bundan sonra getdiyi hər yerdə yuxuları yozmağa davam edir və bu ona çox sayda tərəfdar qazanır. Fəzlullahın görülən hər yuxunu doğru yozduğu (açıqladığı) iddia edilir. Bu iddia doğru olmalıdır, ona müraciət edənlər arasında zadəgan ailələrinin çoxluq təşkil etməsi də bunu təsdiqləyir. İsfahanda olarkən isə Fəzlullahın şöhrəti hər yerə yayılır. Şəhərin varlı ailələri, hətta soylu qadınlar onun qaldığı Tokçi məscidinin qapısında növbəyə dayanırdılar. Yuxusunu Nəimiyə danışanlar arasında Şeyx Əbül Həsən ibn Şeyx İbrahim Dəstgirdi, Mövlana Zeynəddin Rəcai, Xacə Saadəddin və onun atası Əfzələddin, Xacəzadə Hafiz Həsən, Xacə Əli Tağı, Əmir Fərruz Günbədi, Seyyid Mahmud Zəndəgi kimi İsfahanın ən tanınmış alimləri yer alırdı. Bundan başqa, Cəlairi hökmdarı Sultan Üveys, onun vəziri Zəkəriyya, divan vəziri (sahibi-sədr) Şeyx Xacə kimi dövlət adamları da onun hüzuruna gəlib yuxularını danışırdılar. Yuxu yozmalarının müqabilində Fəzlullahın heç bir hədiyyə, yaxud bəxşiş qəbul etməməsi ona olan hörməti və izzəti daha da artırmış, ətrafındakı insanların təqdiri ilə nəticələnmişdi. Hürufilik elit təbəqənin təriqəti idi Sovet tarixçiliyində hürufiliyin Əmir Teymur dövrünün yaratdığı sosial və siyasi şərtlər nəticəsində ortaya çıxdığı və zülmə qarşı mübarizə apardığı iddia olunurdu. Halbuki hürufi əsərlərinin heç birində bu dövrün sosial, iqtisadi və siyasi hadisələrindən danışılmır. Üstəlik, hürufiliklə dövrün hadisələri arasında paralelik tapmaq da çox çətindir. Maraqlıdır ki, Teymur dövrünün yaratdığı yeni iqtisadi və ticari şərtlər hürufilərin, xüsusilə də Nəiminin həyatından böyük rol oynayıb. Belə ki, Əmir Teymur ara müharibələri nəticəsində tamamilə süqut edən kənd təsərrüfatının dirçəltmək üçün səylər göstərsə də, əsas diqqətini ticarətə və sənətkarlığın inkişafın yönəltmişdi. Hürufilik də məhz sənətkarlar arasında təsirli olub. Bu səbəbdən iranlı alim Mir Fatrus özünün məşhur “Cünbüş-i hurufiyə və nihzəti-pesihaniyan, nöqtəviyan” adlı əsərində “hürufi” adını məhz “hurfə” (zənaat) sözü ilə izah etmişdi. “Kürsünamə” adlı hürufi əlyazmasının haşiyə hissəsində Fəzlullahın 1373-cü ilin ramazan ayında “şərii hökmləri təvil elmini” aldığı qeyd olunur. Hicri 776-cı ildə (1374-75) Təbrizdə olarkən “Mehdi” olduğu haqqında Adəm, İsa və Məhəmməd peyğəmbərdən nida gəldiyinə iddia edir. Bu yuxudan sonra Fəzl özünün uluhiyyət dövrünün başladığını elan etmişdi. Təbrizi tərk edib İsfahana getmiş və burada Qilu dağında bir mağaraya girərək üzün müddət oradan çıxmamışdı. Burada ona Şeyx Həsən Fəxrəddin, Cəlal Burucerdi, Fəzlullah Xorasani, Hüseyn, Əbdül İsfahani, Naini, Dəşti və Mir Şərif kimi ilk müridlər dəstəsi qoşulmüşdü. Mağaradan çıxıb yenidən Tokçi məscidində qaldığı vaxt (1376-cı il) Muinəddin Şəhristani, Mövlana Məhəmməd, Şeyx Nurəddin Tehraninin oğlu Şeyx İsa, Mövlana Əlaəddin Rəcai və Nəsrullah da mürüdləri cərgəsinə daxil oldular. Biri istisna olmaqla bütün hürufi risalələri Fəzlullahın hicri 788-ci ildə (1386) öz elmini zühur etdirməsindən yazırlar. Mürüdləri həmin ili şeyxin “zühur və büruz (biruzə - red.)” dövrü adlandırırlar. Fəzlullahın ətrafındakılara ən çox təsir edən cəhəti səmimiyyəti və dürüstlüyü olub. İki gündə bir dəfə yemək yediyi, günlərinin çoxunu oruclu keçirdiyi, əsla başqasına əl açmadığı, az danışdığı və hədiyyə qəbul etmədiyi hürufi mənbələri xaricində digər mənbələrdə də qeyd olunur. Sovet dövrünə aid tədqiqatlarda Fəzlullahın məzlum xalq kütlələrinin dərdinə şərik olduğu və hürufiliyin aşağı təbəqədən insanlar arasında yayıldığı iddia edilir. Bu iddia mənbələrdə öz əksini tapmayıb. Əksinə hürufiliyin yuxarı təbəqədən insanlar arasında yayıldığı haqqında kifayət qədər məlumat var. Bir kərə hürufiliyin əsas bazası sənətkarlar sinfi olub Bundan başqa Fəzlullaha qoşulan müridlərin çoxu varlı və soylu ailələrin uşaqları olub, demək olar ki, hamısı yüksək mədrəsə təhsili almışdılar. Fəzlullahın özünün də Təbrizin çox varlı və soylu ailələrdən birinin qızı ilə evləndiyi məlumdur. Dövrün Təbriz üləmasından Xacə Bəyazid də Fəzlullahın müridi idi. Hətta Fəzlullah dövlət adamlarının və ailələrinin sirrini daşıyırdı. Belə ki, Cəlaiiri hökmdarı Sultan Üveysin vəzirinin arvadı öz uşağını Fəzlullaha verərək onu özünə mürid qəbul etməsini xahiş etmişdi. Nəzər alsaq ki, həmin uşaq 14 yaşlı bir qız idi, o zaman yüksək təbəqədən insanların Nəimiyə olan inamı ortaya çıxır. Üstəlik, şeyxin çoxsaylı şərtləri vardı, anası və qızı isə həmin istəkləri könüllü qəbul etmişdilər. Sonralar Fəzlullah bu qızla evlənmişdi. Nəiminin xanımı yaşıl libas geyərək sufi papağı tikməklə uşaqlarını dolandırmışdı. Mənbələr Cəlairi hökmdar və əmirlərinin şeyxə hörmətlə yanaşdıqlarını birmənalı şəkildə bildirirlər. Hətta Cəlairi hökmdarı Sultan Üveysin Vali Dülək zaviyəsində yerləşən məscidə gəlib şeyxin qarşısında diz çöküb oturduğu, onun əlini öpdüyü və söhbətlərinə qulaq asdığı yazılır. Bu söhbətlərin birində Fəzlullah onun başına təriqətin simvolu olan süfi papağı qoymuşdu. Təriqət anlayışında bu həmin şəxsin müridliyə qəbul edilməsi mənasına gəlirdi. Fəzlullahın qatili kimdir? Azərbaycan tarixində Fəzlullahın ölüm tarixi, səbəbi və kimin tərəfindən öldürüldüyü haqqında verilən məlumatlar həqiqəti əks etdirmir. Mənbələrdə və müridlərinin əsərlərində də bu barədə verilən məlumatlar müxtəlifdir. Hər şeydən əvvəl, Fəzlullahın 1394-cü il avqustun 28-də edam olunduğu dəqiqdir. Çünki bütün hürufi mənbələri həmin tarixi xüsusi olaraq qeyd edirlər. Müridləri də onun hicri 796-cı ildə, zilqədə ayının ilk cümə günü edam olunduğunu dəqiqliklə göstəriblər, həmin tarixin müqəddəs olduğunu əbcəd hesabları ilə müxtəlif şəkillərdə vurğulayıblar. Bundan başqa, Fəzlullahın Şamaxıda həbs olunub Naxçıvanda edam edildiyi bildirilir. Lakin şeyxin öz vəsiyyətnaməsini Bakı zindanında yazdığını nəzərə alsaq onun bir müddət burada həbsdə saxlanıldığı aydınlaşır. Öldürülməsinin səbəbləri və öldürülməsi haqqında fətvanın kimin tərəfindən verildi isə mübahisəlidir. Müridlərinin əsərlərində şeyxin qatili kimi Əmir Teymurun oğlu Miranşahın adı hallanır və hürufilər ondan hər zaman "Maranşah" (anlamı: İlan şah) kimi bəhs edirlər. Lakin Miranşah adının Qaraqoynlular dövründən etibarən hürufi mənbələrində özünə yer etdiyi aydındır. Bu da qaraqoyunlular ilə Miranşah arasındakı düşmənçiliyin ifadəsi sayıla bilər. Hətta bəzi hürufi risalələri şeyxin başını məhz Miranşahın özünün kəsdiyini və atası Teymura göndərdiyini iddia ediblər. Ancaq bu iddialar tarixi faktlarla təsdiqini tapmır. Çünki qeyd olunan tarixdə nə Əmir Teymur, nə də Miranşah Naxçıvanda olmayıblar. Belə ki, həmin tarixdə (1394-cü ilin avqustunda) Əmir Teymur və oğlu Miranşah Suriya səfərini tamamlayaraq Ərzincana gəlmiş, buradan da Gürcüstana səfər etmiş, sonra Şəkiyə qayıtmış, oradan da Qızıl Orda xanı Toxtamışın üstünə getmişdilər. Yəni nə Teymur, nə də Miranşah Fəzlullahın edam edildiyi vaxt Naxçıvanda olmayıblar. Başqa bir iddiaya görə, Fəzlullah Əmir Teymura yazdığı nəsihət xarakterli məktubuna görə həbs olunub və Səmərqənd üləmasının fətvası ilə edam edilib. O da deyilir ki, Səmərqənd din alimləri belə bir fətva verərkən 1198-ci ildə edam olunmuş bir zındığa (böyük ehtimalla, Şihabəddin Sührəverdi nəzərdə tutulur) kəsilən hökmü əsas alıblar. Lakin şəriət hüququ baxımından bu iddianın doğru olması mümkünsüzdür. Çünki İslam hüququnda təqsirləndirilən şəxsə qiyabi fətva verilmirdi. Qısası, Səmərqənd alimlərinin Nəimini mühakimə etmədən ona ölüm hökmü çıxarmaları ağlabatan deyil. İddialar arasında ən gülüncü isə Fəzlullahın Şirvan qazısı Bəyazidin fətvası ilə edam olunmasıdır. Halbuki Qazı Bəyazid şeyxin dostu idi və Nəimiyə dərin hörmət bəsləyirdi. Bəyazid xəstə olduğu vaxt Fəzlullah onu ziyarət etmiş və bu ziyarət zamanı qazı yuxudaykən öldüyünü ona danışmışdı. Qazının yuxusunu yozan Fəzlullah yuxuda Bəyazidin deyil, özünün ölümünə işarə olduğunu bildirmişdi. Həmin hadisədən qısa müddət sonra isə şeyx Şamaxıda həbs olunmuşdu. Fəzlullah dövrünə ən yaxın mənbə hesab olunan “Şərhi-Mukrizi”də şeyxin ölüm fərmanının Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi yazılıb. Həqiqətən də bütün iddiaları gözdən keçirdikdən sonra Fəzlullahın öldürülməsi haqqında fətva verən və həmin hökmü icra etdirən hökmdarın Şirvanşah İbrahim olduğu aydınlaşır. Fəzlullahın Naxçıvanda Əlincə qalası yaxınlığında edam olunduğu, edmadan öncə isə mühakimə edildiyi bildirilir. Lakin onun öldürülməsi haqqında heç bir şəriət hökm yoxdur. Əgər həqiqətən də Nəimiyə şəriət məhkəməsi qurulsaydı, mənbələrdə bu barədə kiçik də olsa məlumat tapılardı. Bəzi mənbələrdə Fəzlulahın fətvasının Əli Simai Əstərabadi tərəfindən verildiyi iddia olunur, amma bu da ağlabatan deyil: həmin şəxs din adamı yox, Əmir Teymurun elçilərindən biri idi. İslam tarixində “Mehdilik” və “Allahlıq” iddiası ilə şəriətin hökmü ilə edam olunan şəxslərin hamısı uzun müddətli mühakimə prosesindən keçiblər. Həllac Mənsur və Şeyx Bədrəddinin məhkəmələrində olduğu kimi bir çox halda şəriət alimləri məhkumu dini baxımından günahkar hesab etməyiblər, onların öldürülməsinə razılıq verməyiblər. Belə şəxslərin edamı şəriət hüququna görə deyil, örfi (ənənəvi, dövlət) hüququna görə icra olunurdu. Fəzlullahın şəriət məhkəməsinin olmadığını isbat edən başqa dəlillər də var. Bunlardan ən önəmlisi belədir: din alimləri Nəiminin fikirləri haqqında heç bir məlumata sahib deyildilər. Birincisi, Fəzlullahın uluhiyyətini elan etdiyi tarixlə edam olunduğu tarix arasında sadəcə 8 il var. Bu qədər qısa müddətdə din alimlərinin (xüsusən də Səmərqənd üləmalarının) həmin fikirlərə bələd olması mümkün görünmür. Üstəlik, Fəzlullah əsərlərini gorani (gürgan, qorqan da deyilir) dilində yazdığından üləmaların onları oxuması ağlabatan deyil. İkincisi, Fəzlullahın kitablarını müridlərindən savayı kimlərinsə ayırd edə bilməsi mübahisəlidir. Qeyri-hürufi mənbələrdə Fəzlin fikirləri haqqındakı açıqlamalar həddən artıq səthidir. Digər tərəfdən, Fəzlullah ölərkən onun müridlərinin toplam ümumi sayı təxminən 400 idi. Bu qədər məhdud sayda kütlənin Teymur üçün təhlükə yaratmaq ehtimalı çox azdır. Ən əsası sə din alimlərinin Fəzlullaha hörmət və ehtiramla yanaşmasıdır. Əmir Teymur tərəfindən hakimiyyətinə son qoyulan Müzəffərəddinlər dövlətinin hökmdarı Şah Şüca belə, Nəimiyə bir fiqh əsəri belə yazdırmışdı. Qısası, Fəzlullahın ölüm fərmanının şəriət hökmü ilə deyil, örfü hüquqa (dövlət hüququna) əsasən Şirvanşah Şeyx İbrahim tərəfindən verildiyi aydınlaşır. Öldürülməsi haqqındakı şişirdilmiş məlumatların əksinə olaraq, Fəzlullah boynu vurularaq edam edilib. Meyitinin at quyruğuna bağlanaraq ibrət olması üçün Naxçıvan şəhərinin küçələrində yerdə sürüldüyünü isonralar onun müridləri bildiriblər. Halbuki bunun üçün şeyxin meyiti əvvəlcə Əlincədən Naxçıvana aparılmalı, daha sonra yenə müridləri tərəfindən Əlincəyə gətirilməli idi. Bir sözlə, həmin bu iddia özünü doğrultmur, çünki edam olunduqdan sonra şeyxin meyiti dəfn edilməsi üçün müridlərinə verilib. Avropalı müasir tarixçilərin bəziləri isə Nəiminin edamından altı ilə sonra (1401-1402-ci illərdə) meyitin qəbirdən çıxarılaraq yandırıldığını yazıblar. Başqa bir iddiaya görə isə öldürülməsindən altı il sonra Nəiminin qəbri açılıb və cəsədi indiki məzara köçürülüb. Lakin qəbrin açılması və meyitin yandırılması haqqında iddialar da təsdiqini tapmayıb. Fəzlin öldürülmə səbəbi nə idi? Fəzlullah şəriətə görə öldürülmədiyinə görə, onun edamı siyasi mahiyyət kəsb edir. Amma mənbələr siyasi səbəblərə toxunmayıblar. Fəzlullahın edamına səbəb olacaq bizə görə iki siyasi səbəb vardı. Birincisi, Fəzlullah həm Əmir Teymur, həm də Şirvanşah Şeyx İbrahimin düşmənləri ilə güclü əlaqələrə sahib olub. Belə ki, şeyxin Cəlairi, Müzəffəri, Qızıl Orda və qaraqoyunlu əmirləri ilə yaxın münasibətlərə sahib olduğu bəllidir. Adları çəkilən dövlətlrin hamısı həm Əmir Teymurun, həm də Şeyx İbrahimin qatı düşmənləri olublar. Qənaətimizcə, ən mühüm siyasi səbəb Fəzlullah ilə Qızıl Orda xanı Toxtamış arasındakı gizli münasibətdir. Belə ki, Fəzlullah Şamaxıda olduğu zaman gördüyü bir yuxudan sonra Toxtamışın qızı ilə evlənmək istəyib. Mənbələrdə bu məsələ çox açılmır. Amma şərqşünas Helmut Ritter və Ş. Bəşir üstüörtülü şəkildə Fəzlullahın bu qohumluqla öz dini missiyasını siyasi hərəkətə çevirmək niyyətində olduğunu iddia edirlər. Bunu Fəzlin və müridlərinin həmin vaxt gördükləri siyasi məzmunlu yuxular təsdiq edir. Belə ki, bu tarixdə şeyxin və müridlərinin yuxularında “əli qılınclı Əli tərəfdarları”ndan bəhs edilir. Əmir Teymur qarşı Cəlairi, Qaraqoyunlu və Qızıl Orda arasında gizli danışıqların olduğu məlumdur. Şirvanın mərkəzi Şamaxıda Qızıl Orda xanı Toxtamışın kürəkəni sifəti ilə Fəzlullahın ortaya çıxması hər şeydən əvvəl Şirvanşah Şeyx İbrahimi narahat etməli idi. Belə aydın olur ki, Şirvanşah bu məsələdə Əmir Teymurun da icazəsini alıb. Fəzlullahın Əlincəyə aparılıb orada edam olunması faktı bunu təsdiq edir. Çünki həmin vaxt Əlincədə vuruşanlar cəlairilər idi. Burada bir məsələ də diqqət çəkir. Nə həbs, nə də edam edilərkən Nəimi etiraz etməmiş, haqqı çatdığı halda məhkəmə qurulmasını istəməyib. Görünür, hadisənin siyasi mahiyyəti Fəzlullaha məlum idi və etirazının əhəmiyyətsiz olduğunu bilirdi. Edam olunarkən Nəiminin 56 yaşı vardı. Müridləri onun Naxçıvan-Culfa yolu üstündə yüksək bir təpədə basdırıldığını iddia ediblər. Həmin yerin Əlincə qalası yaxınlığında olduğu bildirilir. Lakin bəzi hürufi mənbələrində isə qəbrin Təbriz ilə Əstərabad arasında Əlincə adlı bir qəsəbədə olduğu yazılıb. Türkiyənin Əli Əmiri kitabxanasının farsca əlyazmalar şöbəsində yer alan anonim bir risalədə isə Nəiminin qəbrinin yanında daha iki məzarın olduğu bildirilir. Həmin qəbirlərdən biri Nəiminin ən böyük müridlərindən Əliyyül-Əlaya, digəri də naməlum bir hürufiyə aid edilir. Risalədə, həmçinin, Nəimiyə məxsus qəbrinin qara, Əliyyul-Əlaya məxsus məzarın yaşıl, naməlum qəbrin isə qırmızı daşdan hörüldüyü bildirilir. Fəzlullahın ailəsi Hürufi əlyazmalarından (“İstivanamə”) və tarixçi İbn Xacər Askalaninin əsərindən Fəzlullah Nəiminin sadəcə bir dəfə evləndiyi və bu evlilikdən də 7 uşağının olduğu aydınlaşır. Övladları Nurullah, Kəlimullah, Salamullah, Fatma Xatun, Bibi Xatun, Ümmül Kitab və Fatihül Kitab adını daşıyıblar. Fəzlullahın edamından sonra uşaqların qayğısına Dərviş Hüsaməddin adlı müridi qalıb. Övladlarının Təbrizdə yaşadığı bildirilir. 1423-1425-ci illər arasında Təbrizdə yayılan vəba nəticəsində Fatma Xatun istisna olmaqla, onların hamısı "qara ölümə" yoluxaraq ölüblər. Fatma Xatun, iddia olunduğu kimi, İmadəddin Nəsimi ilə deyil, Fəzlullahın özündən sonrakı xəlifəsi Əlayül-Əla ilə evlənib. Əliyul-Əla hürufi məfkurəsinin əsas banisi və bu təriqəti Anadoludan yayan şəxs sayılır. Onun 1419-cu ildə Naxçıvanda öldüyü və mürşidinin yanında dəfn olunduğu bildirilir. Fatma Xatun isə 1444-cü ildə Təbrizdə hürufi qətliamı zamanı öldürülmüşdü. Sonrakı dövrlərdə hürufiliklə bağlı danışılarkən Nəiminin soyundan olan bir nəfər barədə də geniş bəhs edilir. Bu şəxs Fəzlullahın bacısı oğlu və ya nəvəsi kimi təqdim edilir. Adının Xacə Ədudəddin olduğu deyilən həmin şəxsin 1427-ci ildə Əmir Teymurun oğlu Mirzə Şahruh tərəfindən edam edildiyi bildirilir. Xacə Ələddinin Teymurlu hökmdarı Mirzə Şahruxa qarşı sui-qəsdə iştirak etdiyi isə elə Teymurlu əmirləri tərəfindən aparılan araşdırmalar nəticəsində ortaya çıxmışdı. Nəiminin əsərləri Nəiminin xeyli əsəri var. Onların çoxu günümüzədək gəlib çatıb və dünyanın müxtəlif kitabxanalarında qorunur. “Arşnamə-i ilahi”. Uzun illər boyunca bu əsər Nəiminin tələbəsi Əliyül-Əlaya aid edilib. Lakin sonda onu Fəzlullahın yazdığı dəqiqləşib. Əsərin üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi qorunub saxlanılır. Məsnəvi formasında yazılıb. Bir çox müəlliflər onu Fəzlullahın ölümünə səbəb olan əsər kimi göstərirlər. “Cavidannamə”. Fəzlullahın bu əsəri 1386-cı ildə yazdığına, 1394-cü ildə Şamaxıda olarkən isə onun üzünü köçürdüyünə dair məlumatlar var. Goranicə qələmə alınıb. Beşi Türkiyədə, ikisi İngiltərədə olmaqla 7 əlyazması mövcuddur. “Məhəbbətnaməyi-İlahi”. İkisi Fransada, biri Türkiyədə, biri də Misirdə olmaqla 4 nüsxəsi qalıb. “Növnamə”. Üçü Türkiyədə, biri İngiltərədə olmaqla 4 nüsxəsi var. “Nəimi Divanı”. Bu divanın iki nüsxəsi qalıb. Hər iki nüsxə Türkiyədə, Əli Əmiri kitabxanasında saxlanılır. Divandakı şeirlər Nəimi təxəllüsü ilə yazılsa da, şeirlərin hürufiliklə əlaqəsi yoxdur. Üstəlik, divanda hürufilikdən çox vəhdəti-vücuddan bəhs edilir. 31 qəzəl, 5 qitə, 25 rübai, 7 müfrəd və beyt və 2 tərcidən ibarətdir. Ümumilikdə 70 beytdən ibarətdir. “Fiqh”. Dəqiq adı məlum olmayan bu əsəri Fəzlullahın Müzəffərəddinlər hökmdarı İzzəddin Şah Şücaya ithaf etdiyi bildirilir. Bu əsər hələlik tapılmayıb. “Ənfüsu Afak”. Fəzlulaha aid edilən bu əsərin də aqibəti bəlli deyil. “Vəsiyyətnamə”. Fəzlullah Nəiminin bu əsəri Bakıda, zindanda olarkən yazdığı qeyd olunur. Günümüzədək 3 nüsxəsi qalıb. Onlardan ikisi Əli Əmiri, digəri isə İstanbul Universiteti kitabxanalarında qorunur. Fəzlullahın əsərlərinin çoxu vəfatından bir müddət sonra türk dilinə tərcümə olunmağa başlanılıb. Məsələn, “Cavidannamə”nin 1639-cu ildə Dürr-i Yetim adı ilə türk dilinə tərcümə edilib və bu tərcümənin Türkiyədə 6 nüsxəsi var. Müəllif: Əkbər Nəcəf 

Fələstin müdafiəçilərinin Türküstan xəyanəti

Xəqani Cəfərli, politoloq  Böyük Britaniyanın BMT-dəki səfiri hörmətli Ceyms Kariuki tərəffindən hazırlanmış Çinin Şərqi Türküstanda soyqırımı siyasətini və insan hüquqlarını pozulmasını pisləyən bəyanatı ABŞ, Albaniya, Andorra, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Çexiya, Danimarka, Estoniya, Esvatini, Fici, Finlandiya, Fransa, Almaniya, Qvatemala, İslandiya, İrlandiya, İtaliya, Yaponiya, Latviya, Liberiya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monako, Monteneqro, Nauru, Hollandiya, Şimali Makedoniya, Yeni Zelandiya, Norveç, Palau, Paraqvay, Polşa, Portuqaliya, Marşal Adaları Respublikası, Rumıniya, San Marino, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə , Tuvalu, Ukrayna və İsrail dəstəkləyərək imzalayıblar. Çinin müsəlman uyğurlara qarşı soyqırımını pisləyən bəyanatı imzalayanlar arasında yalnız bir müsəlman ölkəsi, Albaniya var.  Qəzzanın müdafiəsinə qalxan türk dövlətləri Çinin uyğurlara və digər türklərə qarşı soyqırımı siyasətini pisləyən bəyanata imza atmağa cəsarət etməyib.  Uyğurları terrorçu hesab edən, Çinin uyğurlara qarşı soyqırımı siyasətini terrorizmlə mübarizə kimi qiymətləndirən Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin muxtariyyatını, onun bir hissəsi Qəzzanı müdafiə edən saxta türkçülərin hörmətli səfir Ceyms Kariukinun hazırladığı bəyanatı imzalamaması Türküstana xəyanətdir.  Azərbaycanın adından Şərqi Qüdsün paytaxt olması şərti ilə müstəqil Fələsitin dövlətinin qurulmasının tərəfdarı olduğunu bəyan edən xarici işlər naziri Ceyhun Bayramovu qınayır, dost İsrail dövlətinin maraqlarına zidd mövqeyini qətiyyətlə pisləyirəm.   Qəzza üçün küçə və meydanlara çıxan, ənənəvi və sosial mediada mahmud abbaslardan ibarət Fələstini Türküstanın müdafiəçilərindən olan İsrailə qarşı müdafiə edələri qınayır, doğru mövqe tutmağa çağırıram.   Çinin uyğurlara qarşı soyqırımını pisləyən bəyanatın təşəbbüskarı Böyük Britaniyaya və onu dəstəkləyən 51 ölkəyə isə təşəkkür edirəm! Mahmud Abbas demişdi ki, uyğur məsələsi insan haqları məsələsi deyil. Bu, Çinin terrorizm, ekstremizm və separatizmlə mübarizəsidir. Mahmud Abbasın bu sözlərini onun özünə qaytarmaq vaxtıdır.  Fələstin məsələsi insan haqqları məsələsi deyil. Bu, İsrailin terrorizm və ekstremizlə mübarizəsidir!