Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - VI hissə

    Bu da bolşeviklərin iş üsullarından biriydi. 1929-cu ilin iyulunda Gəncə ÇEKA-sının Orucov bizimlə görüşdü. Bu görüşü onların Zaqataladakı adamlarından Üzeyir təşkil etmişdi. Üzeyir Zaqatalalı Musa bəyin oğluydu. Stalinin Azərbaycanda sağ əli olan Bağırovun da müaviniydi. Görüşdən sonra onlar Bakıya getdilər. Bir müddət sonra isə Bağırovun yerinə təyinin olunan Abdullayevlə yenidən qayıtdılar. Üzeyir bizimlə görüşdü və Abdullayevin də belə bir təklifdə bulunduğunu anlatdı. Biz isə şəhərə gələ bilməyəcəyimizi bildirdik. Üzeyir narazı qalıb dedi :

    -İnanmıram ki, elə böyük bir vəzifənin sahibi sizinlə görüşmək üçün ormanlara gəlsin. Belə olduqda mən dedim :

    -Onda siz şəhərin kənarında meşənin girəcəyinə gəlin. Bizim qarovulçumuz işarə etdiyi yerdə avtomobilinizi saxlayın.

    Belə də oldu. Ertəsi gün təyin etdiyimiz yerdə onlarla görüşümüz oldu. Bir saat yarım söhbət etdik. Abdullayev bizə məlum olan təranələri oxudu – “Siz Denikindən, Kolçakdanmı güclüsünüz ? Şura höküməti onlar kimi sizi də yox edəcək. Mən isə sizi bağışlayıram.”

    Mən isə cavabımda –“ Siz yalançısınız. Sizin vədlərinizə inanan deyilik. Siz özünüzü də zavallı bir qulsunuz”- dedim.

    Doqquz il idi ki, rahatlıq üzü görmürdük. Mən bunları deyərkən Abdullayev diqqətlə dinləyirdi. Tez-tez rəng verib rəng alırdı. Sözlərimi bitirdim. O mənə astaca:

   -Qasım, yumşaq yataqda yatma, təslim olma – deyərək çıxıb getdi.

   Bunu söyləyən Azərbaycanın Stalini idi. Yəqin ki, o da bu qızıl imperialistlərin kim olduğunu anlamışdı. Kommunist olduğuna görə əlindən heç nə gəlmirdi. Yenə də mübarizə aparan biz idik.

   Bütün Qafqaz qayanyırdı. Dağlar, ormanlar bolşeviklərlə mübarizə aparan qaçaqlarla dolu idi. Hər tərəfdən basqınlar davam edirdi. Heç bir dövlətdən yardım almayan qaçaqlar mübarizədən geri çəkilmirdilər.

   Bütün yollar nəzarət altına alındığından, gediş-gəliş buraxılış vərəqəsilə həyata keçirildiyindən bu dəfə Samuxa güclə gəldik. Bu yolculuq çətin olmuşdu. Belə bir plan cızdıq ki, bir maşın tutub yola çıxaq. Şəki istiqamətindən bir yük maşının gəldiyini gördük. Onu saxladıq. Sürücü rus idi. Adı da Mişka. Ayı adı. O, bizi maşına mindirmək istəmirdi. Bəhanə gətirdi ki, faraları yanmır. Bizdə isə iki gəmiçi fanarı vardı. Onlardan istifadə etsin deyə fanarları ona verdik. Əşyalarımızı, ərzağımızı maşına yüklədik. Qaçaqlar Mişkaya bir şüşə kanyak da içirtdilər. Biz doqquz nəfər idik. Mişka sərxoş olmuşdu, hər dəqiqə məndən haraya gedəcəyimizi soruşurdu. Mən isə “Çobangölü” qəzasına – deyib maşını asta sürməsini tələb edirdim. O isə bizi dövlət adamı zənn edirmiş. Ona görə də maşını sürətlə sürməyə can atırdı. Çoban gölünü keçdik. Qara gölün yanında isə benzinimiz qurtardı. Mən silahdaşlarımdan – Mişkaya göz olmalarını tapşırıb özümü hökümət adamı kimi apararaq benzin satılan yerə getdim. Mənə bir söz demədən iki qab benzin verdilər. Benzini maşının yanına gətirdim və baka tökdüm. Sonra yolumuza davam edib, sabaha yaxın Şəkiyə çatdıq. Şəhərə iki yol gedirdi. Biri şəhərin içindən, digəri isə kənarından keçirdi. Biz kənardan keçən yola girdik bir az getmişdik ki, yenindən benzinimiz qurtardı. İki nəfər götürüb yenidən benzin satılan yerə getdim. Həmin yer işlək yol olduğundan maşınlar gəlib keçirdi. Bir sürücünü saxlayıb benzini olub-olmamasını soruşdum. O, mənə acıqlı halda: - xeyr - dedi.

    Ona inanmadım. Maşından yerə salıb açarlarını aldım. İçindəki müştərilərdən pullarının olub-olmamasını soruşdum. İçərilərindəki bir nəfər bizə şübhəylə baxırdı. Mən:

    -Qardaşlar bizim sürücümüzü Moskvaya qaçırıblar. Bizə benzin lazımdır - dedim.

    Sonra maşındakı əşyaları gözləmək üçün iki nəfər saxlayıb yeni sürücü tapdıq. Mən sürücünün yanında əyləşdim.

    Mişka qaçmışdı, onun yerimizi xəbər vermək ehtimalı vardı. Biz isə Səfərabad qəsəbəsinin içindən keçməli idik. Bu da çox təhlükəli idi. Lakin məcbur idik. Elə buna görə də qaçaqlara :

    Mən silah çıxarmayınca heç kəs silaha əl vurmasın deyə, əmr verdim. İmkan daxilində səssiz-sədasız keçməyimiz daha münasib idi.

    Qəsəbənin içində iki kişi maşınımızı saxlatdırdı. Səbəbini soruşduqda bir şey olmadığını söylədi. Anladığıma görə Ərəşli Qaçaq Aslanın və dəstəsini təqib edən 500 nəfərlik milis dəstəsi onların izinə düşə bilmədiklərinə görə Musa bəyin oğlu Üzeyirə - Şuayib və Qasımı tapacağıq deyə xəbər göndərirlər. Üzeyir isə bizi qorumaq məqsədilə - əgər hamısını öldürə biləcəksinizsə hücum edin. Yox əgər bir ikisini vurub geri çəkiləcəksinizsə toxunub onları acıqlandırmayın – deyə əmr edir. Bu tapşırıqlardan sonra milis dəstələrinin rəisi qorxub geri çəkilir.

    Milis qüvvələri çəkilib getdi. Mən qəsəbənin ağsaqallarından hansı yolun təhlükəsiz olduğunu soruşdum. Kəndin dövlət nümayəndəsindən : - Hansı yolun palçıqlı, hansının quru olduğunu soruşduqda,o dedi :

    -Yollar hamısı palçıqlıydı. Lakin gün çıxıb qurutdu – deyə qarşımızdakı milis dəstələrinin çıxıb getdiyini işarə verdi. Bizdə qorxusuz vətənimizə döndük.

    1929-cu ildə Azərbaycanda hərbi kommunizm zorla qəbul edilməsinə başlandı. Kütləvi sürətdə xalqımızın məhv edilməsi də o ilə təsadüf edir. Torpağın üzərində yaşamağımıza imkan yox idi. Hər kəs yetərincə azuqəsini götürüb yeraltı qazmalara çəkilir, əl çatmaq yerlərdə yaşamağa məcbur olurdu. Bu qanlı rejimin qorxusundan bizim əleyhimizə çıxanlarda artırdı. Bütün çətinliklərə baxmayaraq on il idi ki, bu qurluşa qarşı mübarizəmiz davam edirdi. Ona görə də bu qanlı ili, yarı qazma halında soyuq, yeraltı daxmalarda keçirməyə qərara aldıq. Bu normal insan yaşayışından fərqli dözülməz bir vəziyyət idi. Lakin çarəmiz yox idi. Kommunist rejimi özünə məxus qəddarlığı ilə insan haqqlarının qorunmasına tamam biganəydi. Yeni quracaqları dövlətin divarlarını bizim kimi minlərlə insanların qanı ilə hörmək əvvəlcədən planlaşdırılmışdı. Minlərlə insanın qohum-əqrabaları, uşaqları, qadınları, onların taleyi isə heç bir bolşevikin vecinə deyildi.

    İlk bahar aylarında biz də dünya işığına qovuşduq. Ağaclar yarpaq açmış, aləm cənnətə dönmüşdü, silahdaşımız Fidail növbədəydi. Birdən qulağıma səs gəldi və mən o tərəfə qaçmağa başladım. Fidailin qarşısında bir rus dururdu əlində ov tüfəngi, qarşısında da çanta vardı. Mən onun çantasını, tüfəngini aldım və ona – bizlər rus rejiminə qarşı döyüşən qaçaqlarıq – dedim. Bu adam elə bil, sözlərimi anlamırdı. Dərdli bir çöhrəsi vardı. Mən bunu sizdən soruşmağa gəlmişəm – o bu sözləri çox səmimi söylədi. Özünün isə keçmiş çar zabiti olduğunu anlatdı. Məqsədi bizimlə görüşmək imiş. Onu yaşadığımız yerə gətirdim, dərdli-dərdli başına gələnləri danışmağa başladı. Dedi ki, köhnə çar zabiti olduğuna görə axtarışdaydım. Ona görə də ailəmlə birlikdə gizlicə Bakıya gəlməyi qərara aldım. Yanımda bir dostum da vardı. Məni tanımadılar. Onu isə tanıdıqlarına görə qandallayıb apardılar. Ayaqlarına dəmir bağlayıb dənizə atdılar. Bu faciə qarşısında zavallı həyat yoldaşı çaş-baş qalmışdı. Həmin qadın bir dalğıc tapıb pul verdi və ərinin cəsədini dənizdən çıxarmasını xahiş etdi.

    Dalğıc orta yaşlı qara saçlı qüvvətli bir dənizçiydi. O, dənizə baş vurdu. Aradan bir müddət keçdikdən sonra suyun üzünə çıxdı. Heç kim onu tanımadı. Saçları bir saat ərzində qar kimi ağ-appaq olmuşdu. Qadın ona doğru qaçdı. Dalğıc səksəkəli halda dənizin dibində yüzlərlə cəsəd var, onları görüb qorxdum. Sənin ərinin isə kim olduğunu tanıya bilmədim. Ordakılar hamısı vəhşiliklə öldürülmüşdür. Sonra sözünə davam etdi – Məni dəstənizə qəbul edin, qəhramanlıqlarınıza sevinirəm və sizə inanıram. Qarşınıza çıxan bolşevikləri gəbərdin. Mən də əlimdən gələn maddi-mənəvi köməkliyi sizdən əsirgəməyəcəm. – O, bu hadisələri ağlaya-ağlaya danışırdı. Sonra bizimlə vidalaşıb getdi.

    Bu adam rus da olsa sözlərində səmimiyyət vardı. Lakin xalqımızın atalar sözündə deyilir – “itlə dost olsan da dəyənəyi yerə qoyma”

    Yenə o ərazidə su işləri ilə məşğul olan İvan adlı bir rusla tanış olmuşduq. Bu adam bizə su gətirirdi. Arabir önəmli məlumatlarda verirdi. Bir gün İvan belə bir məlumat verdi. Çar ordusunun keçmiş bir zabiti bizə beş yüz mauzer fişəngi, bir neçə tüfəng vermək istəyir. Çayın kənarında yerini də nişan verdi. Mən həmin yerə silahdaşlarımızdan üç nəfər göndərdim. Onlar da təhlükəsiz şəraitdə bu silahları və sürsatı götürüb gəldilər. Ondan şübhələnən bolşeviklər həmin yerdən İvanı yox etdilər.

    Vaxt, zaman keçdikcə bizə məxsus olan ərazilər daralırdı. Kiçik qardaşım Əsədə toy etmək üçün Samuxa gəlmişdik. Toya hazırlıq görülürdü. Bizim evimiz kənddən bir az aralı idi. Evimizlə kəndin arasında bir məscid tikdirmişdim. Bolşeviklər gecə ikən gizlicə məscidin damına pulemyot çıxarmış və bizim evi hədəfə almışlar. Bizsə xəbərsiz idik. Düşmən ayıq imiş. Göyçay, Qarabağ, Şəki, Ağdaş və Zaqatalanın dövlət adamları Gəncə, Şamxor, Gədəbəy, Qazax bolşevik qüvvələri həmin gün Ramazan oğlu Rüstəmin üstünə hücum etmək üçün hazırlıq vəziyyətinə gətirilibmiş. Bunlardan xəbərsiz olan qardaşım Şirin xalam gilə gedərkən tutulmuş, bundan xəbərimiz olmamışdı. Sabah namazından əvvəl tövləyə gedib atları yoxladım. Geri qayıtdım. Şübhəli bir fakt gözə dəymirdi.

    Gün çıxar-çıxmaz güllə səsi eşitdik. Bu güllə məsciddən bir silahdaşımıza atılmışdı. Silah səsləri çoxalanda məsələ aydınlaşdı. Məsciddən evimiz güclü atəşə tutulurdu. Hər tərəfdən milis nəfərləri evimizi mühasirəyə almaq üçün sürünə-sürünə bizə tərəf irəliləyirdilər. Birdən milislər “Ura” deyərək hücuma kecdilər. Biz evin içində 7 nəfər idik. Onlar isə çox idi. Lakin onlara göz açmağa imkan vermədik və Göyçay icra komitəsinin rəhbəri Məhəmməd bəyi əsgərləri ilə birlikdə öldürə bildik.Ayağa durmaq istəyən yerə sərilirdi. Bizdən isə yalnız bir nəfər yaralanmışdı. Bizə ardıcıl olaraq “təslim olun” deyə qışqırırdılar. Lakin müsəlman olduğumuza görə məscidə atəş açmırdıq. Məhəmməd öldürüldükdən sonra bir az atəş zəiflədi.

    Toy üçün heyvanlar gətirməyə gedənlərin də bu vuruşmadan heç bir xəbərləri yox idi. Onlar heyvanlarla kəndə girəndə atəş səslərini eşidirlər və elə başa düşürlər ki, atəş səsləri toy şənliklərindən gəlir. Fəqət yaxınlaşdıqda hər şey aydın olur. Onlar heyvanları buraxıb kommunistlərin arxasında mövqe tutub atəş açırlar. Beləcə iki atəş arasında qalan bolşeviklər qaçmağa üz tutdu.

    Axşama yaxın toy yeri cəhənnəmə dönmüşdü. Uşaqları və qadınlarımızı götürüb kəndimizdən uzaqlaşdıq. Xalam oğlu Hüseyni vurmuşdular, onun atası bir-iki il əvvəl bolşeviklər tərəfindən edam edilmişdi. Bolşeviklərə qarşı kini olmayan yox idi. Partiyaya daxil olanlar da bizə kömək etməyə can atırdılar.

    Ortalıq sakitləşəndə düşmən tərəfdən ölənlərin saçlarından tutub bir yerə topladıq. 37 cəsəd vardı. Yaralılar arasında “barmaqsız Nadir”də gözümə dəydi. Mən ondan nə üçün bunlara qoşulduğunu xəbər aldıqda dedi :

    -Biz buraya xəbərsiz gətirdilər. Bizi tamamilə başqa bir məqsədlə toplamışdılar. Mən silahdaşlarımızdan İskəndəri axtarırdım. Bir də nə görsəm yaxşıdı. Bu ağır mübarizədə o qədər yorulub ki, başını bir cəsədin kürəkləri üstünə uzadıb mışıl-mışıl yatmaqdadı. Ertəsi gün leşləri arabalara yüklədib vilayət mərkəzinə göndərdim.

   Qanlı bolşeviklərə qan udduran Ramazan oğlu Rüstəmin üzərinə gedən qüvvələr onu tapmadıqdan sonra bizi təqib etmək üçün qərar çıxararaq Samuxa doğru irəlilədikləri barədə məlumat aldım. Lakin onlar bizim yanımızdan qaçan milislərlə qarşılaşdıqdan sonra Samuxa gəlməyə qorxaraq geri döndülər, arabalardan aparılan cəsədləri gördükdən sonra isə mütəəsir olaraq yeni planlar cızmaq üçün arxaya çəkilirlər.

   Vurulan xalam oğlu Hüseynin dəfnilə məşğul idik. Birdən kənd icra nümayəndəsinin bizə doğru qaçdığını gördük. Çox həyacanlı şəkildə mühasirəyə alındığımızı bəyan etdilər. Hazırlaşmağa da vaxtımız qalmamışdı. Bir azdan güllələr dolu kimi başımız üzərinə yağmağa başladı. Təkrar olaraq yeni vuruşmaya girişdik. Mən qaçaraq evə girdim, beş yüz metr aralıda isə dəyirman vardı. Milislərdən birinin atını dörd nala çapıb dəyirmanı tutmağa getdiyini gördüm. Atdığım birinci güllə boşa getdi. İkinci güllədən sonra milisin atı ilə bərabər aşdığını hiss etdim. Basqı getdicə qızışırdı. Axşam düşsə də atışma kəsilmirdi. Biz onları bir az üstələnmişdik. Ancaq onların qüvvələri çoxalırdı. Yeganə çarəmiz – sürünüb aradan çıxmaq idi. Süründüyüm zaman bir böyürtkənli çalaya düşmüşdüm. Mən çaladan çıxmaq istəyəndə qaçaqlar bağırdılar :

    -Başını əy səni vuracaqlar.

    Bizimlə vuruşan milislərin içərisində Birinci Dünya müharibəsində bir yerdə döyüşdüyüm İdris də vardı. Onunla dost idik. Onlar məni görmüşdülər. Bu zaman məni nişan alan milisə İdris qışqırır:

    -Ona atəş açsan mən də səni öldürəcəm o, kommunist olsada ləyaqətini saxlamışdı. Axşam qaranlığından istifadə edib oradan da uzaqlaşa bildik. Bizdən sonra həmin yeri darmadağın etmişdilər. Evimin qarşısında yaxşı bağ salmışdım. Əllərindəki qılıncla həmin ağacları doğramışdılar. Kəndimizdəki 18 ev tarmar edilmişdi.

    Ağabəyim Şirini tutub evimizə gətirirlər, onun öldürülməsi məsələsi ortaya atılanda bu iş Gəncə vilayəti İcra Komitəsinin rəisi Əli Məmmədova həvalə olunur. Kommunist olmasına baxmayaraq xalqımızın adət-ənənələrinə sadiq qalan Məmmədov :

    -Mən bu evdə çörək yemişəm. O, çörəyi itirə bilmərəm. Amma bu evi öz əlimlə dağıdaram – deyir.

   Şirini edam edib, evimizi yandırırlar. Onun cəsədi buradan aparılmasın deyə həmin yerə qaravolçular təyin edilir. Onlar bu üsullarla bizi təslim etmək niyyətindəydilər.

    Biz yenə dağda-daşda,ormanlarda dolaşırdıq. Aradan bir müddət keçmişdi. Gəncə şəhərinin İmamlı məhəlləsindən Səid Əli adında bir köhnə dostumu hökümət tərəfindən Tomuluya göndərirlər. Orada Şirinin oğlunu görür deyir ki, atasının cənazəsini çıxarıb dəfn etmək üçün ərizə ilə müraciət etsin. Beləliklə, Şirinin meyidini çıxarıb dəfn edirlər.

    Artıq ilk bahar gəlmişdi. Samuxun Yelləngüc kəndinin yanında sıx bir orman vardı. Kür çayı bu ormanın yanından axırdı. Biz də ordaydıq. Bir gün qarovulçu xəbər verdi ki, bizi yenidən mühasirəyə alıblar. Qamçını qaçaqlara verib onun nişan verdiyi yerə gəldim. Öz qəddarlığı və namərdliyilə tanınan qəddar çekist gəmiçi Kərimlə üz-üzə gəldik. Onlar bizi axtarırdılar. O, silaha əl atınca mən onun ağzından gülləylə vurdum, yanındakı iki köməkçisini də öldürdüm. Aradan yarım saat keçməmiş kənddəki rus əsgərləri bizi mühasirəyə saldı. Biz keçidi tutub, hücum edənləri öldürdük. Camal yaralanmışdı. Axşamadək atışıb qaranlıqda aradan çıxa bildik.

    O ilin baharıydı. Yelləngüc kəndinin dəyirmanı yaxınlığında dolaşdıq. Ağcaqanadlar qara bulud kimi başımızın üzərində qaynaşır, bolşeviklər kimi onlar da bizə aman vermirdilər. Qarasaqqaldan Beçə oğlu Məcidin oğlu Hilal ilə çoban Yusifin oğlu Cəlil barama qurdu yetişdirmək üçün xalqa əvvəlcədən pul vermək üçün əraziyə gəlmişdilər. Hər ikisi də kommunist olmuşdu. Onları tanıyırdım. Yanıma çağırtdırdım. Gəldilər. Haraya getdiklərini soruşanda barama yetişdirmək üçün xalqa avans pul verdiklərini anlatdılar. Onlardan nə qədər pulları olduğunu soruşduqda 6 min – deyə cavab verdilər. Bizim pulumuz qurtarmışdı. Mən dedim – Hökümətin pulu bizə halaldır. Pulları verin. Pulları əllərindən aldım. Zavallı insanlar olduğuna görə onlara toxunmadım.

    Fəqət kommunist olduqları üçün onları da sonradan öldürəcəkdim. Mən – dəlləyiniz yoxdumu, nə üçün saçlarınız belə uzundur, siz qadınsınızmı – deyə soruşdum. Yanımdakı silahdaşımdan ülgücünün olub-olmamasını xəbər aldım – var, deyə cavab verdi. Ondan bunların başlarını qırx. Bəhanə edən silahdaşım – axı, ülgüc kordu. Onda gərək dərili zadlı başlarını soyum, - deyə cavab verdi.

    -Bir azdan hər ikisini daz başla yanıma gətirdi. Onların hər ikisini ağaca bağladım. Ağcaqanadlar sürütək onlara hücum çəkdi. Mən qoy ağcaqanadlar onlardakı rus qanını sorsunlar – dedim. Bunu dedikdə ikisidə yalvarmağa başladı. – Qasım ağa amanın bir günüdü, bizi öldürmə. Mən dedim :

    -Axı, siz kommunistlərin qanunlarında mərhəmət yoxdu.

    Onlar yenə yalvarır bildirdilər ki, bizi buraxsanız bu dediklərinizi rəislərimizə çadırarıq.

    Axşam üstü onları sərbəst buraxdım. Hər ikisi arxaya baxmadan şəhərə doğru qaçdılar. Onlar şəhərə çatıb tanınmış bir qəzet redaktorunun yanına getdilər. Bildirdilər ki, “Dəyirman göl yanında Qasımın bir dəlləyi var adamın birini üç minə taraş edir. İcra Komitəsi rəisi istəyirsə buyursun” Bu yazı qəzetdə çıxır. Onlar başlarına gələni də danışırlar. 

Davamı var...

Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib

Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Share on Facebook