Redaktor seçimi

Növbəti sertifikasiyada riskli qrup: ən çox kəsiləcək MÜƏLLİMLƏR

Bu il keçiriləcək sertifikasiya imtahanına tarix fənni də daxildir. Ancaq artıq indidən bəzi tarix müəllimləri narahatdırlar ki, imtahan çətin keçəcək və nəticədə kəsilənlərin sayı çox olacaq. Maraqlıdır, tarix fənni üzrə sertifikasiyaya cəlb olunacaq müəllimlərin aqibəti necə olacaq? Sozcu.az xəbər verir ki, "AzEdu.az"a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, tarix fənni üzrə imtahan da digər fənlərlə təxminən eyni səviyyədə olacaq: “Ümumiyyətlə, mən sertifikasiya imtahanına belə baxıram ki, müəllim bu imtahandan qorxmamalıdır. Çünki müəllim şagirdin qarşısına çıxır və onun biliyi, bacarığı yüksək səviyyədə olmalıdır ki, şagirdə lazım olan məlumatları düzgün şəkildə ötürə bilsin. Ona görə də hər bir fənn müəllimi öz ixtisası üzrə sertifikasiya imtahanına daim hazır olmalı, qorxmamalı və çəkinməməlidir. Əksinə, müəllim düşünməlidir ki, bu imtahanda daha yaxşı nəticə əldə edərək əməkhaqqına əlavə qazansın. Bildiyiniz kimi, sertifikasiya nəticələrinə görə 10% və 35% əməkhaqqı artımı nəzərdə tutulur. Bu da müəllimlər üçün əlavə motivasiya olmalıdır. Hesab edirəm ki, tarix fənni üzrə imtahan da digər fənlərlə eyni səviyyədə olacaq. Çətinlik və ya asanlıq baxımından ciddi fərqin olacağını düşünmürəm. Çünki sualları hazırlayanlar hər fənn üzrə müvafiq metodik birliklərdir. Tarix fənni üzrə də suallar çətin, orta və asan səviyyədə balanslı şəkildə tərtib olunmalıdır. Digər fənlərdə necədirsə, tarix fənnində də eyni yanaşma tətbiq edilir. Mən sertifikasiya imtahanlarını dəstəkləyirəm. Bu proses bir reallığı ortaya qoydu: bəzi müəllimlərin öz ixtisası üzrə ali təhsili yoxdur və ya ixtisasından kənar sahə üzrə təhsil alaraq müəllimlik edirlər. Hətta ixtisası üzrə müəllim olanların bir qisminin də öz sahəsini yetərincə yaxşı bilmədiyi üzə çıxdı. Biz hər birimiz övladımızı məktəbə göndərəndə istəyirik ki, ona savadlı, peşəkar müəllim dərs desin. Təhsil sistemi də bunu hədəfləyir: məktəblərdə güclü müəllimlər qalsın. Sertifikasiya imtahanlarının məqsədi də məhz budur. Müəllim hər zaman özünü inkişaf etdirməlidir. “Mən artıq müəllim oldum, kifayətdir” yanaşması doğru deyil. Dövr müasirləşir, texnologiya sürətlə inkişaf edir və müəllim də bu dəyişikliklərə uyğunlaşmalıdır. Nazirlik də müəllimlərin daim yenilənməsini və müasir tələblərə uyğun dərs keçməsini istəyir. Belə müəllimlər sertifikasiyadan uğurla keçəcəklər. Digərləri isə imtahandan keçə bilməyərək müəllimlik fəaliyyətindən uzaqlaşa bilərlər. Bu, hər sahədə olduğu kimi, ən bacarıqlının seçilməsi prinsipidir. Məqsəd öz ixtisasını yaxşı bilən, müasir texnologiyalarla işləməyi bacaran və dövrün tələblərinə uyğun dərs deyən müəllimləri məktəblərdə saxlamaqdır".

9-cu sinif imtahanında səhv sual: bu il ballar düşəcək? - AÇIQLAMA

Ötən gün Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. Buraxılış imtahanından sonra riyaziyyat fənni üzrə bir neçə sualın çətin olması ilə bağlı fikirlər səsləndirilib. Belə ki, qeyd olunan fənn üzrə 1 yaxud 2 sualda yanlışlıq olduğu bildirilir. Bu kontekstdə imtahanın ümumi çətinlik səviyyəsi və yekun nəticələrin necə formalaşacağı ətrafında da suallar yaranır. Mövzu ilə bağlı Modern.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev bildirib ki, buraxılış imtahanından sonra ən çox narahatlıq doğuran fənn riyaziyyat fənni olub. "Şagirdlər və bəzi müəllimlər bildirirlər ki, bu fəndən bir neçə sual kifayət qədər çətin olub. Hətta bir sualın səhv olduğu, bəzi yanaşmalara görə isə iki sualın yanlış olduğu bildirilir. Əgər həmin sualda səhv təsdiqlənərsə, DİM tərəfindən bu sual bütün şagirdlərin xeyrinə düzgün cavab kimi qəbul olunacaq". Ekspert onu da qeyd edib ki, diqqət çəkən məqamlardan bir digəri də imtahan cavablarının gec açıqlanmasıyla bağlıdır: "Adətən DİM imtahandan təxminən 2 saat sonra, saat 16:00 radələrində düzgün cavabları açıqlayırdı. Lakin son imtahanda cavabların açıqlanmaması bu sualın doğrudan da yanlış olması ətrafında şübhələri daha da artırıb. Şagirdlərin nəticələrinə gəlincə, builki imtahan ötən ilin 9-cu sinif buraxılış imtahanları ilə müqayisədə daha çətin hesab olunur. Keçən il sualların daha asan olması nəticələrin xeyli artmasına səbəb olmuşdu. Bu il isə balların müəyyən qədər aşağı düşəcəyi ehtimal edilir". R.Nurəliyev əlavə edib ki, əslində gözlənti ondan ibarət idi ki, 9-cu siniflərin imtahanı 11-ci siniflərin imtahanı qədər çətin olacaq: "Lakin bu hal baş vermədi, imtahan bir o qdəər ağır olmadı. Sadəcə riyaziyyat fənni üzrə ötən illə müqayisədə cüzi çətinlik hiss olunurdu. Ümumilikdə hələlik əsas çətinlik builki 11-ci siniflərin buraxılış imtahanlarında müşahidə olunub. Ehtimal edilir ki, bu fərq Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan blok imtahanlarında sualların səviyyəsinin müəyyən qədər asan olması ilə tənzimlənəcək". Xatırladaq ki, imtahanda 49 701 şagirdin iştirakı nəzərdə tutulub. İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə məhdudiyyətli və digər) şagird də iştirak edib. Qayda pozuntusuna yol verdiyi üçün 4 nəfərdə mobil telefon aşkar olunaraq imtahandan xaric edilib. Bundan əlavə, imtahanda iştirak üçün tələb olunan sənədləri qaydasında olmayan - şəxsiyyət vəsiqəsini evdə unudan, sənədin surəti ilə gələn və ya vəsiqəsində şəkil olmadığı üçün məktəbdən verilmiş şəkilli arayışı təqdim etməyən şagirdlər də qeydə alınıb. Məlumat üçün bildirək ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt apardığından nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

Rubio: Kubada dövlət sistemi dəyişməlidir

ABŞ administrasiyası Kubada dövlət quruluşunun dəyişdirilməsinin zəruri olduğunu hesab edir. Sozcu.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. Onun sözlərinə görə, ölkədə iqtisadi islahatlar yalnız idarəetmə sistemində dəyişikliklər olduqda mümkün ola bilər. “Kubanın iqtisadiyyatının dəyişməsi lazımdır. Amma bu, dövlət idarəetmə sistemi dəyişmədən mümkün deyil”, – deyə Rubio qeyd edib.

Prokurorluq Bakıdakı silahlı insdentlə bağlı məlumat yaydı

Bakının Xəzər rayonunda 1 nəfəri qəsdən öldürməyə cəhd etməkdə, digər şəxsi isə qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub. Xəzər rayon prokurorluğundan Sozcu.az-a verilən məlumata görə, martın 26-da paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində Vaqif Əmirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Cavanşir Muradovun qonşusu Ruslan Əliyevə silahdan atəş açaraq onu öldürməyə cəhd etməsi, sonra isə həmin silahdan Vaqif Əmirova atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulublar.

İran ABŞ-la əvvəlki danışıqlara qayıtmayacaq – Rəsuli

Tehran ABŞ-la hərbi əməliyyatlar başlamazdan əvvəl aparılan danışıqlar formatına qayıtmayacaq. Sozcu.az xəbər verir ki, bunu İran parlamenti sədrinin siyasi məsələlər üzrə müşaviri Əmir İbrahim Rəsuli deyib. "Amerikalıların müharibədən əvvəl yaratdığı danışıqlar formatına qayıtmayacağıq" ,- o bildirib. O, həmçinin bu həftə İran və ABŞ nümayəndələri arasında üzbəüz danışıqlar barədə xəbərləri tamamilə yalan adlandırıb.

Tanınmış jurnalist mənzil problemi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib

Cənab Prezident İlham Əliyev. Sizi həyat yoldaşınızla qonağ dəvət edirəm. Mən, şair-jurnalist Rəhimli Xatirə Əziz qızı (XATİRƏ ƏZİZ) Bakı şəhərində yaşayıram.   25 ildir ki, mətbuat sahəsində jurnalist kimi fəaliyyət göstərirəm. Şair-jurnalist kimi xalqımın haqq səsiyəm. Ədəbiyyat adamı kimi haqqı qələmə alıram. Mənzilim yoxdur. Ailə üzvlərimlə birgə uzun illər ərzində 39 dəfə kirayə mənzillərə köçmüşük. Kirayədə ömür yaşamaq isə çox ağrı-acılıdır, çox dözülməzdir. Neçə ildir ki, sizi, həyat yoldaşınız, Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə ailə üzvlərimlə birlikdə ömür yaşadığım zirzəmiyə qonağ dəvət edirəm.  Amma çox-çox təəssüf ki, gəlmirsiniz.  Xahiş edirəm ki, budəfəki təklifimi qəbul edin, Novruz bayramında qonağımız olun. Şair-jurnalist olaraq düşünürəm ki, yəqin Azərbaycanın maddi baxımdan ən kasıb şairi olduğum üçün, ən kasıb jurnalisti olduğum üçün bizə qonağ gəlmirsiniz? Rayonlarda, qəsəbələrdə, kəndlərdə vətəndaşların qonağı olursunuz, onları ziyarət edirsiniz. Mənim ailəmin niyə qonağı olmursunuz? Prezident İlham Əliyev. Zirzəmidə sosal-iqtisadi baxımdan səfalət içində yaşadığım üçünmü bizə qonağ gəlmək istəmirsiniz?  Şair-jurnalist kimi sizdən bir daha xahiş edirəm ki, Bahar bayramı günlərində-Novruz byramında yaşadığım zirzəmiyə gəlin, bizim də qonağımız olun. Gəlişiniz əlbəttə, bizlər üçün də çox xoş olar. Böyük məmnuniyyətlə Mehriban Əliyeva ilə birgə ailə üzvlərimlə yolunuzu gözləyəcəyik. Qonağımız olsanız, ailəmlə birlikdə hansı çətinliklər içində, hansı ağrı-acılarla, hansı əzab-əziyyətin içərisində, hansı dözülməz vəziyyətdə yaşadığımızı da görərsiniz. Yəqin ki, məni də mənzillə təmin edərsiniz. Mən də sizin mənə hədiyyə edəcəyiniz mənzildə ailə üzvlərimlə birlikdə ömür yaşayaram və rahat şəkildə şair kimi, jurnalist kimi yaradıcılığımı da davam etdirərəm.  Prezident İlham Əliyev.  Bir məsələni də vurğulayım ki, Azərbaycan xalqının 80 faizi bir çox problemlərlə üz-üzə qalıb. Uzun illərdir xalqın yanında olan jurnalist kimi bu problemləri də sizə və Birinci vitse-prezident Mehriban Əliyevaya  çatdıraram. Siz də xalqın neçə ildir üzləşdiyi bir çox problemlərdən xəbardar olarsınız. Hörmətlə: şair-jurnalist XATİRƏ ƏZİZ Rəhimli

KİV: Vaşinqton Yaxın Şərqə minlərlə hərbçi göndərmək variantlarını nəzərdən keçirir

ABŞ administrasiyası İrana qarşı hərbi əməliyyatda mümkün iştirak da daxil olmaqla, Yaxın Şərq regionuna əlavə minlərlə Amerika hərbçisinin göndərilməsi məsələsini nəzərdən keçirir. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Amerika tərəfi Yaxın Şərqdəki fəaliyyətləri dəstəkləmək məqsədilə minlərlə ABŞ hərbçisinin yerləşdirilməsi variantlarını təhlil edir. Nəşr qeyd edib ki, bu addım xüsusilə Birləşmiş Ştatlara Hürmüz boğazından neft tankerlərinin maneəsiz keçidinin təminində kömək edə bilər. Nəşr bildirib ki, bu planları həyata keçirmək üçün ABŞ öz hərbçilərini İran sahillərində yerləşdirməyə cəhd edə bilər. Vaşinqton administrasiyasının silahlı qüvvələrin İranın Xarq adasına mümkün göndərilməsini müzakirə etdiyi də əlavə olunub. Daha əvvəl "Axios" portalı xəbər vermişdi ki, ABŞ ölkənin xam neft ixracının 90 %-ə qədərinin keçdiyi İranın Xarq adasındakı strateji neft terminalını ələ keçirməyi planlaşdırır. Nəşr qeyd edib ki, söhbət konkret tapşırıqları yerinə yetirmək üçün kiçik xüsusi təyinatlı qrupların reydlərindən gedir. Daha sonra "The Wall Street Journal" (WSJ) qəzeti yazıb ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının Yaxın Şərqə Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun əlavə bölmələrinin göndərilməsi ilə bağlı sorğusunu təsdiqləyib.

İmtahandan kəsilən müəllimlərə ikinci şans verilməlidir - TƏKLİF

Təhsil sahəsində aparılan sertifikasiya imtahanlarından təxminən 13 min müəllim kəsilib, onlardan 1000-ə yaxını daha sonra işlə təmin olunub.  Sozcu.az məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən “İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai dinləmədə deputat Ceyhun Məmmədov bildirib. Deputat qeyd edib ki, təhsil sahəsində olduğu kimi mədəniyyət sahəsində fəaliyyət göstərən müəllimlərə ikinci şans verilməlidir.  C. Məmmədov həmçinin vurğulayıb ki, musiqi məktəblərinə qəbul yerlərinin azaldılmasında daha ehtiyatlı yanaşma lazımdır.  “İşğaldan azad olunmuş ərazilərdə yeni musiqi məktəblərinin açılması da diqqətdə saxlanılmalıdır. Təmsil etdiyim  Cəbrayıl rayonunda belə bir problem var. Gələcəkdə bu məqamları diqqətdə saxlamaq lazımdır” – deyə o bildirib.  Nazir Adil Kərimli isə  qeyd edib ki, indiyədək incəsənət sahələrində dərs deyən müəllimlər attestasiya imtahanından keçirilirdiyindən onların nəticələri ya məqabul sayılır, ya da əmək müqaviləsinə xitam verilirdi. Lakin buna baxmayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə onlar ixtisasartımı və təlimlərə qoşularaq ikinci şans əldə edirdilər. Bundan sonra bu sahədə çalışan müəllimlərin də sertifikasiyadan keçməsi qaldırlan problemləri tənzimləyə bilər. 

Quru sərhədlər bu tarixdə açıla bilər - YENİ QƏRAR

Azərbaycanın quru sərhədləri bu il iyulun 1-dək bağlı qalacaq. Sozcu.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı imzaladığı qərarda öz əksini tapıb. Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə verilib. Qərara əsasən, xüsusi karantin rejiminin müddəti iyulun 1-i saat 06:00-dək artırılıb. Karantin rejiminin əsas bəndlərindən biri quru sərhdələrin bağlı saxlanılmasıdır. Baş nazirin yeni qərarı ölkənin quru sərhədlərinin daha 3 ay bağlı qalacağı deməkdir. Quru yolların açılması yalnız bundan sonra gündəmə gələ bilər.  Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejimi 2020-ci il martın 24-dən tətbiq edilir.

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

Qarabağdakı keçmiş separatçı-terrorçu rejimin “deputatı” Aramais Ağabekyan sosial şəbəkə paylaşımında İranla bağlı çox ilginc bir fakt açıqlayıb. O, SEPAH-ın Qüds qüvvələrinin komandanı Qasım Süleymaninin vaxtilə separatçı rejimin nəzarətində olan Azərbaycan ərazilərində də şəbəkə qurduğunu etiraf edib. Sozcu.az xəbər verir ki, bu barədə Cavanşir Həsənli qeyd edib. “Sitat: “Hər şey 3 yanvar 2020-ci ildə, Qüds komandiri Süleymani öldürüldükdə başladı. O, evdə oturub sülh vədləri verməyə inanmayan, əksinə, İraq, Suriya, Livan, hətta Ermənistan və Artsaxda şəbəkə quran adam idi. Süleymani düşmənlərlə evində üzləşməkdənsə, çölə çıxmağın daha yaxşı olduğunu bilirdi, əks halda onlar onun evinə gələcəkdilər. O, Artsaxın əhəmiyyətini başa düşən və Azərbaycanın hücumunun qarşısını almaq üçün həyatını təhlükəyə atan azsaylı insanlardan biri idi”. Qeyd edək ki, Qasım Süleymaninin 1992-ci ildə Qarabağda erməni terrorçularla fotosu da o dövrdə yayılmışdı.

Yeniyetmə oğlan atasını buna görə öldürüb - Təfərrüat

Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub. Sozcu.az Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir. Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub. Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.