Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik" Ağamalı Sadiq Əfəndi Ağamalı Sadiq Əfəndi XX əsrin son 50 illiyində adı ən çox xatırlanmağa və anılmağa layiq olan adamlardandır. Təmiz mənəviyyatı, vicdanı, fədakarlığı, qorxmazlığı və cəsarəti ilə yaddaşımızda heykəlləşmiş Ağamalı Sadiq qələmi ilə yalanları sökdüyü kimi həmçinin bizim azadlığımız naminə əvəzsiz döyüş cəngavəri idi. Ona verilən sualların birini belə cavanlandırmışdı: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. 80-lərin sonu 90-ların əvvəlində ən cəsarətli addımlar Ağamalı Sadiq Əfəndiyə məxsusdur. Şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan uzaq olduğuna görə bəlkə də adı sizlərə elədə çox tanış gəlmir. Amma tanıyanlar bilir ki, ən çətin gündə, birinci cəsarətli addımlar ona məxsus olub. 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayondakı mənzilinin həyətində keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qeyri-rəsmi ( rəsmi onsuzda qərargahı mövcud deyildi) qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərinin də redaksiyasına çevrilmişdi. AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi. Ağamalı Sadiq fövqəladə vəziyyətlərin insanı idi. Sanki Tanrı onu bunun üçün yaradıbmış. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycan mətbuatının bütün ağır yükü onun çiyinləri üzərində hərəkət etməyə başladı. Həmin günlərdə Ağamalı Sadiq Əfəndi "Fövqəladə Vəziyyət" qəzetini nəşr etdirir. Həmin qəzet tək milli mətbu nəşr idi. İnsanlar baş verənləri, olanları, AXC qərarlarını oradan oxuyurdular. Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımı materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi. Oğlu Nofəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu. Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi” Ceyhun Nəbi
22 iyun saat 10:00-da Şəmkir rayonu Kür qəsəbəsində yerləşən 1 saylı orta məktəbin qarşısında yeni ucaldılmış şəhid Milli Qəhrəman Isgəndər Aznaurovun büstünün açılış tədbiri keçiriləcəkdir. İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir. Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdurBaşkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir. 1993-cü il 18 apreldə Gədəbəydə "Hörükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Sözcü.az
Azərbaycanın başına gələn bəlaların hamısı Rus və Fars şovinistlərinin əli ilə gəlib. Ən çox da Rusun. İndi gəlin baxaq görək bəs hər şeyi qüdrətli,daim bizdən güclü olan rusa biz nə etmişik? Yəni onun o boyda rus gücünə qarşı hansı güc tətbiq edərək haradasa uğur,qələbə əldə edə bilmişikmi? Etmişiksə necə,nə cür və harada etmişik?.. Bəli edə bilmişik. Rus qoşunları iki dəfə Azərbaycanda ağır məğlubiyyətə düçar olub. İkisində də bu hadisələr Şəmkirdə olub. Birinci dəfə keçən əsrin əvvəllərində 1918-ci il yanvar ayının 08-də AzərbaycandanTürkiyəyə gedən rusların qarşısını Şamxor stansiyasında kəsən Azərbaycanlılar 2000( iki min) nəfərdən çox Rus və Ermənini məhv etmiş,sıradan çıxartmış və onların hamısını tərksilah edərək onların Türkiyəyə getməsinə yol verməmişlər. Bu həmin ərəfədə bütün düşmənlərinə qarşı eyni zamanda döyüşən Türkiyəyə böyük kömək oldu. İkinci dəfə isə keçən əsrin sonlarında 1992-ci ilin 14 iyununda Şəmkirdə yerləşən 861 saylı alay sayları cəmi 100 (yüz) nəfərə çatan qüvvə ilə hücum edərək Şəmkirdə yerləşən hərbi Aerodromu Ruslardan aldı. Bu əməliyyat ağlasığmaz,fantastik surətdə həyata keçirilən əməliyyat oldu. Belə ki, rusların aerodromdakı əsgər,gizir,MAXE və zabit heyətinin birlikdə sayı təxminən 1500(min beş yüz) nəfərə yaxın idi. Biz aerodroma daxil olduqdan sonra Şəmkirin mərkəzində yerləşən Desant Şturm Briqadası da onların köməyinə gəldi. Nəzərə alsaq ki, desantların da sayı 1000(min)nəfərə yaxın idi (balacasının boyu 1m 90 sm olardı) İndi əziz dostlar özünüz aerodromda nələr olduğunu,ola biləcəyini təsəvvür edin. Yenə yazıram - Bizim cəmi sayımız 100(yüz)nəfər yox idi. Bu mübarizə bizə mütləq lazım idi. Biz özümüzü sübut etməli, mütləq formada silahlanmalı idik. Silahı da yalnız rusları tərksilah edərək ələ keçirməli idik. Bu gün mən bu yazıları yazıramsa demək bu işin öhdəsindən layiqincə gəlmişik. Biz aerodromda olan bütün silahları ələ keçirib tam silahlandıq və sonralar Gədəbəy uğrunda döyüşlərə qatıldıq... Demək şöhrəti yer üzü ilə bir olan ruslara da istəyəndə qalib gəlmək olar. Biz ruslara qarşı 45 sutka canavarlar kimi üz-üzə, ağız ağıza duraraq Azərbaycan üçün son dərəcə əhəmiyyəti olan aerodromu qoruyub saxladıq,əldən vermədik. Məhz 1992--1994-cü illərdə Qarabağda erməniləri bombalayan qırıcı təyyarələrimiz bu aerodromdan uçurdular. Amma çox əfsuslar olsun ki, belə bir mühüm əməliyyat barədə məlumat heç yerdə öz əksini tapmamışdır. Elə isə mən sizə əldə etdiyimiz qənimətlərlə tanış edim: --- MiQ-25 (qırıcı təyyarə) -- 5(beş)ədəd. --- Su-24 (qırıcı təyyarə) -- 11(on bir)ədəd. --- İl-76 (ağır yükdaşıyan təyyarə)--3(üç)ədəd. --- Atıcı silahlar -- 2436 (iki min dörd yüz oyuz altı)ədəd. --- Yanacaq sürtkü materialları 3000 (üç min) tona qədər. --- Xüsusi təyinatlı aviasiya və mühəndis texnikaları-- 300 (üç yüz)-dən çox. --- Və külli miqdarda ərzaq ehtiyyatı və Aviaəmlak... İndi isə həmin aerodromu ələ keçirən,əməliyyata rəhbərlik edən hərbçilərin bir qisminin adını qeyd edirəm: --Hərbi hissə komandiri - Polkovnik leytenant Cahangir Rüstəmov. --Hərbi hissə komandirinin müavini baş leytenant Dilqəm Əliyev. --Rota komandiri kapitan İlham Əliyev. --Rota komandiri leytenant Əliyar Novruzov. --Taqım komandiri leytenant Yasin Rüstəmov. --Taqım komandiri leytenant Qalib Hüseynov. -- Minomyot Batareyasının komandiri leytenant Aydın Məhərrəmov. --Taqım komandiri Oruc Mahmudov. --Taqım komandiri gizir Tahir Vəliyev. --Gizir Namiq Abbasov. --Gizir Şahin Adıgözəlov. --Gizir İlham Adıgözəlov. --Gizir Adil Şükürov. --Gizir Yusif Musayev. --Gizir İlham İsgəndərov. --Könüllü Həsən Abdullayev. --Əsgər Qoşun Ələkbərov. --Əsgər Ələddin Cəfərov. --Könüllü İlqar Məhərov və ... adlarını yazmadığım başqa igidlər... Diqqətinizə olduqca mühüm bir şeyi də çatdırmaq istəytirəm. Belə ki, bu əməliyyat zamanı,ruslara qarşı durduğumuz qeyri bərabər 45 sutkada bizə Şəmkir camaatı çox böyük dəstək oldu. Onlardan bəzilərini sizlərin yadına salmaq istəyirəm: -- Şahbaz Süleymanov( Saşa dayı) --Şəmkir konyak zavodunun direktoru. -- Hafiz İbrahimov-- Şəmkir şərab zavodunun direktoru. -- Malik müəllim-- Şəmkir şərab zavodu. -- Fəxrəddin Məmmədov --Şəmkir beton zavodunun direktoru. -- Firdovsi Ələkbərov -- Şəmkirli xeyriyyəçi. -- Füzuli Ələkbərov -- Şəmkirli xeyriyyəçi. -- Abdulla Sadıqov -- Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı... ... Mən bu siyahını da uzada bilərəm. Ancaq hamısının adını tam yaza bilmirəm.(bir çoxunu unutmuşam). Bu insanlardan bəziləri artıq həyatda olmasa da onların hamısı həmin əməliyyatın iştirakçılarının yaddaşında ömürlük qalacaqlar... ALLAH ölənlərə Rəhmət, qalanlara can sağlığı versin... Dilqəm Əliyev - Birinci Qarabağ müharibəsi qazisi, peşakar hərbiçi
Qəssabların verdiyi məlumata görə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin(AQTA) əməkdaşları onlara xəbərdarlıq edib ki, bütün heyvanların kəsim işi orada həyata keçirilməlidir. İri buynuzlu heyvanlar üçün 20 manat, xırdabuynuzlu heyvanlar isə 8 manat olmaqla ödəniş edilməlidir(ümumiyyətlə bunun qanunvericiliyə nə dərəcədə uyğun olması haqqında heç bir izahatları mövcud deyil). Əgər Qəssabxananın mövcud olduğu ərazidə kəsim işi təşkil edilərsə birinci 500 manat, ikinci xəbərdarlıqda 1000 manat, 3-cüdə isə 1500 manat cərimə olunacaqları bildirilib. Ümumiyyətlə Azərbaycanda "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il "199" nömrəli sərəncamı mövcuddur. Həmin sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir (stasionar, modul və mobil tipli) kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin sistemli və kompleks şəkildə həyata keçirilməsi məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi: 1.1. yerli icra hakimiyyəti orqanları ilə birlikdə sahibkarlıq subyektlərini cəlb etməklə baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun müasir (stasionar, modul və mobil tipli) heyvan kəsimi məntəqələrinin yaradılması (sakinlərin sıxlığı və onlar üçün əlverişli sahələr nəzərə alınmaqla) ilə bağlı tədbirlər görsün; 1.2. bu Sərəncamın 1.1-ci bəndinə uyğun olaraq yaradılacaq heyvan kəsimi məntəqələrinin müvafiq laboratoriyalarla təchiz olunmasına dair təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədləri üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində tədbirlər görsün; 1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. 4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları müvafiq olaraq bu Sərəncamın 1.1-ci və 1.3-cü bəndlərində nəzərdə tutulmuş işlərin icrası ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə zəruri köməkliyin göstərilməsini təmin etsinlər. Sözcü.az
Məhəmməd Altunbay O dünyaya gələndə vətəni Çar Rusiyasının işğalı altında idi. Bunu xatırlamağı mümkün deyildi. Vətəni çar boyunduruğundan qurtulub cümhuriyyətə qovuşduğu zaman hələ 4 yaşı var idi. Və bunu da xatırlamırdı. Vətəni ancaq 2 il hürr yaşaya bilmişdi və 1920-ci ildə kommunist Rusiyası tərəfindən işğal edildi. Bu vaxt onun 6 yaşı var idi. Və kommunist imperializmin zülmləri yaddaşına yazılırdı. Məhəmməd Altunbay yaddaşına həkk etdiyi acılarla təhsilini tamamlamış və Hərbi Hava Qüvvələrini bitirərək Bakıdakı hərbi məktəbdə komandir olmuşdu. Onun qəlbi kommunist imperializminə qarşı kinlə dolu idi. Hər şeyi anlayan gizli polis onu işindən uzaqlaşdırdı. Bu 3-4 gün sonra Məhəmməd Altunbayın yox ediləcəyi demək idi. 1941-ci il idi… Məhəmməd Altunbay digər 2 pilot dostları ilə birlikdə plan qurdular və sərnişini olduqları təyyarəni havada ikən ələ keçirdilər. Təyyarənin Türkiyəyə uçacaq qədər benzin ehtiyatı yox idi və İrana məcburi eniş edildi. Məhəmməd Altunbay bundan sonra məşəqqətli bir dövr keçirərək 1942-ci ildə Türkiyəyə qovuşa bildi. Ancaq “qırmızı” imperalizmə qarşı olan kini də özü ilə bərabərində aparmışdı. Hərfləri öyrənməyə başladığım zaman böyüklərin Anadoludan, Mustafa Kamaldan danışırdılar. Düşmənlərin bölüşdürdüyü Anadoluya yardım mövzusu açılır və böyüklər Anadoluda düşmənə qarşı savaşmaq üçün səbirsizlənirdilər. Ankarada Türkiyə Böyük Millət Məclisinin açılışı ilə əlaqadar danışılanları tam xatırlamıram. Ancaq həmin vaxtlarda kommunist Rusiyası tərəfindən ölkəmizin işğal edilmək istəndiyi söhbətləri hələ də qulaqlarımda eşidilir. “Leninin əsgərləri gəlir” sözləri eşidilməyə başlanılanda şəhərdə böyük köç hazırlığı başlanmışdı. Biz Gəncədə yaşayırdıq. Uşaqlar anaları, nənələri və başqa qadınlarla birlikdə şəhərdən köçdük. Bir həftə dağlarda ac, susuz yaşadıq. İndi tarixi daha dəqiq deyə bilərəm. Kommunist Rusiyasının məmləkətimizi işğal etdiyi tarix 27 Aprel 1920-ci il idi. Hərfləri yeni öyrənməyə başlamışdım və 6 yaşım var idi. Dağlarda bir həftə ac, susuz qaldıqdan sonra şəhərə qayıtdıq. Şəhərin giriş qapısındaca türk kişilərinin vurulmuş, əzilmiş bədənləri ilə qarşılaşdıq. Şəhərin içinə doğru irəlidikcə cəsədlərin sayı artırdı. Və elə bir an gəldi ki, cəsədləri tapdalamadan keçmək mümkün deyildi. Mən kommunizmə və kommunistlərə hürriyyəti əzdikləri üçün düşmənəm! Mən kommunizmə insanları heyvanlaşdırmaq istədiyi üçün düşmənəm! Və kommunizm Azərbaycanda türkləri kütləvi şəkildə öldürdüyü üçün mənim nəzərimdə türk düşməni idi. Bəli, mən kommunizmin və kommunistlərin türk düşməni olduğunu bilirdim, türkləri yer üzündən silmək istədiklərini gözlərimlə görmüşdüm. Şəhərin türk kişilərinin cəsədləri ilə dolu olduğunu gördüyümüz gün hamımızı saxlayan kommunistlər, bizi bir zirzəmiyə saldılar. Səhərə qədər uşaqların fəryadlarını, qadınların naləsini eşitdim. Sabahı gün hamımızı bayıra çıxardılar, aramızda az sayda olan kişiləri divarın yanına düzüb və gözümüzün qabağında güllələdilər. Böyük kədər içində evlərimizə qayıtdıq. Evdə hər şey oğurlanmış və ya məhv edilmişdi. Daha sonra şəhərin içində qalmış şəhidlərimiz və güllələnmiş insanlarımız dəfn edilməyə başlanıldı. Ardıyca aclıq və xəstəlik yayılmağa başladı. O sırada, kommunist ruslar gecə-gündüz oyunlar oynayır, qəhqəhələr atırdılar. Gecələr türk evlərindəki qadınlara hücum etdiklərini də eşidirdik. Kommunist rejimi deyiləndə yadımda bu zülmlər və hücumlardan başqa bir də qara çörəyin görüntüsü qalıb. Qadınlar sübh tezdən bu qara çörəyi ala bilmək üçün növbəyə dayanırdılar. Axşam qaranlığında evə qayıdan qadınları gözü yaşlı qarşılayırdıq. Yaşamaq və ölməmək kommunistlərin zülmlərinə və cinayətlərinə dözmək demək idi. 1929-cu ilin oktyabr ayında Azərbaycan türklüyünün kommunizm və kommunist imperializminə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi. Türkün bu hürriyyət savaşına dünyadan dəstək gələcəyini gözləməyimiz hədər yerə idi. Macar üsyanında olduğu kimi Azərbaycan türkünün də yardım fəryadını bütün insanlıq sadəcə izlədi və Azərbaycan türkləri Qırmızı Ordunun tankları altında can verdilər. Kommunist imperializmin zülmlərinə dözdüyümüz kimi insanlığın hürriyyət savaşımıza qarşı göstərdiyi laqeydliyə də dözdük. Amma bu olanlara dözməyimiz kommunizmə qarşı qəlbimizdə olan kini söküb atdığımız demək deyildi. Kommunist rejim elə qorxunc bir təşkilat idi ki, qəlbimizdə olan bu kini belə aşkarlaya bilirdi. Ələ keçirdiyimiz sərnişin təyyarəsi ilə kommunist rejimdən qaçarkən İrana məcburi eniş etmişdik, eniş zaman təyyarənin yararsız hala düşməsi məni ölümlə üz-üzə qoymuşdu. Bunların heç bir önəmi yox idi?! Türkiyəyə qovuşduğum zaman içim çox böyük fərəhlə dolmuşdu. Amma ürəyimdə kommunizm, kommunist və kommunist imperializminə qarşı olan kin daha da böyüməkdə idi. Türklüyü yer üzündən silməyə çalışan kommunizm… Bu sadəcə bir rejim deyildi... Bir az da Azərbaycan Cümhuriyyətinin quruluşundan əvvəlki zamanı və milli hökumətimizin kommunist ordusu tərəfindən sonlandırılmağı haqqında danışmaq istəyirəm. 1914-cü il dünya müharibəsinin sonunda Rusiya Çarlığının qanlı səltənəti sona çatmışdı və əsir türk ölkələrində qurtuluş ümidi yaranmışdı. Ancaq o zamanda köhnə Çarlığı yenidən diriltməyə çalışan Denikin ordusu ilə birlikdə Moskva silahları ilə təchiz edilmiş erməni daşnak ünsürləri Azərbaycanı təhdid etməyə başlamışdı. Bəlkə də Azərbaycan bu yeni təhlükə qarşısında daha böyük vəhşiliklə üz-üzə idi. Tam bu ərəfədə qərb sərhədlərimizdən böyük qüvvədə olan xilaskar qardaş əli bizə doğru uzanırdı: Türk ordusu gəlirdi... Nuru və Mürsəl paşanın komandanlığı altında olan bu ordunu Azərbaycan türkləri böyük sevinc və coşqun alqışlarla qarşıladı. Qəlbləri tükənməz inamla dolan, ümidləri çiçəklənən odlar yurdunun aslan ürəkli insanları Anadoludan gələn məhmətciklərin şərəfinə minlərlə qurban kəsmişdi. Ölkənin hər yerində türkiyəli qardaşlarını qaşılamaq üçün şənliklər qurulurdu. Şəhərli və kəndlilər sevinclərini milli mahnılar oxumaqla ifadə edirdi. Böyük vətənpərvər və qəhrəman olan 2 türk komandiri Nuru və Mürsəl paşanın rəhbərliyi altında gələn aslan ürəkli Anadolu əsgərləri azəri türk qardaşları ilə əl-ələ, çiyin-çiyinə verərək çox çətin və qanlı savaşdan sonra, Azərbaycanı boğan və qanını sovuran düşmənlərdən tamamilə təmizləmişdi. Bu 2 silah və qan qardaşının polad əzmi nəticəsində Azərbaycan əsarətdən xilas olaraq, 28 May 1918-ci ildə ilk Türk Cümhuriyyəti olaraq istiqlalını elan etmişdi. O gün Türk dünyasının gözlədiyi ən böyük gün idi. Bu Azərbaycan türklərinin 100 ildi axan göz yaşının quruduğu gün idi. Bu Azərbaycan tarixinin ən şanlı və müqəddəs günü idi. Bu üçrəngli və ay-ulduzlu Azərbaycan bayrağının yüksəklərə ucaldığı gün idi. Bu 5 min Anadolu igidinin Azərbaycanın istiqlalı uğrunda sevərək canlarından keçdiyi və şəhid olduqları gün idi. Bəli, o anlar heç vaxt unudulmayacaq böyük və müqqədəs günlərdi. Azərbaycanın şanlı tarixi və qəhrəman gələcək nəsilləri istiqlalımız uğrunda son damla qanına qədər savaşan türkiyəli qardaşlarını heç vaxt unutmayacaqlar. Azərbaycan türkləri bu qardaşlığın qarşısında daima hörmətlə baş əyəcəklər. 28 May 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyəti qısa bir zaman ərzində demokratik prinsiplərə əsaslanan müasir bir dövlət olmağa başlamışdı. Bu ölkədə yaşayan hər fərd eyni hüquqa malik idi. Azərbaycan Cümhuriyyəti qonşu ölkələrdə sıx və dost münasibətdə idi və onlara lazım olan həm maddi həm də iqtisadi yardımını əskik etmirdi. Öz torpağımızda öz millətimizə dayanaraq milli hökumətimizi qurmuşduq. Artıq məmləkətimizdə həyat, mal, namus və vicdan təhlükəsizliyi bərqərar olmuşdu. Artıq nə qatil, nə quldur, nə dar ağacı və Sibir sürgünləri, nə də rütubətli və qaranlıq zindanlarda çürüyən insanlar qalmamışdı. Azərbaycan xalqı öz taleyinə özü qərar verərək istiqbala doğru əmin addımlarla irəliləyirdi. Həmin vaxt ölkənin kəndlisi də, şəhərlisi də, cavan və qocasında da milli mübarizəyə və istiqlalımıza bağlılıq təkcə ürək və hisslərlə yox, eyni zamanda ağıl və düşüncə ilə hakim olmuşdu. Azərbaycan Cümhuriyyətinin qurulmasından 2 il keçməmişdi ki, Rusiya bu dəfə kommunist ordusu ilə Azərbaycanı yenidən işğal etdi. 27 aprel 1920-ci ildə baş verən bu işğal haqqında daha əvvəl danışmışdım. Beləliklə, Azərbaycan türkləri olaraq biz həm Çar Rusiyasının, həm də kommunist Rusiyasının zülmünə məruz qalmışdıq. Halbuki, kommunistlərin iddiası belə idi: millətlərin daxili işinə qarışmamaq, xalqlar arasında dostluq yaratmaq. Bundan əlavə kommunistlər davamlı olaraq özlərini sülh tərəfdarı kimi tanıdılması haqqında təbliğat aparırdı. Bu kommunizmin taktikası idi. Kommunistlər özlərini dostluğa və sülhə əhəmiyyət verən insanlar olaraq tanıdaraq, millətləri aldatmaq məqsədi güdürdülər. Həqiqətdə isə kommunistlər qədər dostluğa, sülhə, hürriyyət və istiqlala düşmən olan başqa bir qüvvə tarix boyu görülməmişdi. Onlar hədəflərinə çatana qədər özlərini demokratik prinsiplərə inanan, xalqın rifahını istəyən, insanlığa xidmət etmək arzusu ilə yaşayan insanlar olaraq tanıdır və bu işdə uğur da qazanırdılar. Bəli, kommunistlərin təlqin və yalanlarına inananlar və aldananlar olurdu. Bu insanlar, yəni kommunizmin təlqin və yalanlarına inananlar, kommunistlərdən daha təhlükəli idi. Çünki bir millətin içində belə zəif insanların olması o məmləkətdə kommunistlərin qüvvətlənməsinə xidmət edirdi. Kommunizm bizim üçün sadəcə rejim deyildi. Biz Türk dünyası olaraq həm milliyyətçiliyimizi, həm də insanlığımızı qorumalı idik. Və biz türklük olaraq kommunizmdən, kommunist imperializmindən qorunmaq məcburiyyətində idik. Fikrimcə, dünyanın hürr məmləkətlərində kommunizmlə mübarizə mövzusunda göstərilən səylər və çalışmalar çox zəifdir. Kommunizmlə mübarizədə qarşılıqlı təbliğata üstünlük vermək lazımdı. Digər tərəfdən hökumətlər kommunizmlə mübarizəyə I dərəcəli əhəmiyyət verməlidirlər. Əgər kommunizmlə mübarizə aparan insanlar hökumətin dəstək və yardımı ala bilməsələr, bu mübarizədən geri çəkilə bilərlər. Üstəlik kommunizmlə mübarizə aparmağa qərar verən insanların, artıq kommunizmlə mübarizə aparanların bu işdən geri çəkildiyini gördükləri zaman dərhal qərarlarını dəyişəcəklər və kommunist təbliğatı qarşısında səssizliyi seçəcəklər. Əlavə olaraq onu da demək istəyirəm: kommunist rejim qurulduqdan sonra kommunizmdən xilas olmaq üçün aparılacaq mübarizələrdə uğur əldə etmək demək olar ki, mümkünsüz idi. Çünki kommunist rejimdə meydana gələ biləcək bütün üsyanlar əvvəlcədən hesablanmış, kommunizmə qarşı baş qaldıracaq üsyanalara rəhbərlik edə biləcək bütün insanlar ya öldürülürdü, ya da sürgünə göndərilirdi. Bütün bu tədbirlərə rəğmən kommunist rejim yenə də zülm və təzyiqlərinə davam edirdi. Xalq arasında yayılan, ordu içinə sızdırılan, məktəblərdə uşaqlar arasına belə yerləşdirilən kommunist cəsuslar rejim əleyhinə danışılan ən kiçik sözü belə xəbər verirdi. İnsanın insan kimi düşünə bilməsi üçün bir dəqiqə belə vaxt tanımayan kommunist rejim iş saatları xaric kommunizm təbliğatlarların aparıldığı toplantılar tərtib edirdi və davamlı zülm və təbliğatlar sayəsində ayaqda qalmaqda idi. Bundan əlavə olaraq, kommunist rejim dünya ilə bütün əlaqəsini kəsmiş, dünyada insanlığın və hürriyyətin nə olduğunu bildirəcək ən kiçik işarəyə belə qapılarını bərk-bərk bağlamışdı. Bu yolla kommunist rejimdə yaşayan insanlar zülm və təzyiq altında yaşayır, dünyadan xəbərsiz qalır və müqavimət etmək imkanından məhrum edilirdi. Görünən odur ki, kommunist sistemə keçdikdən sonra ordan xilas olma ehtimalı demək olar ki, yoxdur. Belə olduğu halda kommunist sistemə keçilmədən onunla mübarizə aparmaq lazımdır. Bu məsələlərdə hökumət millətə rəhbərlik etməlidir. Kommunizmlə mübarizədə hökumət rəhbərlik etməsə, millətin öz-özünə qüvvətlənməsi mümkün deyil. Ancaq unudulmamalıdır ki, kommunizmlə mübarizə məsələsinə böyük məbləğ ayrılmalıdır. Kommunizmlə mübarizəni sadəcə milli məsələ və milli dava olaraq görmək və mübarizəyə pul xərcləmədən yalnız millətin milli duyğuları ilə qələbə qazanılacağını düşünmək ən böyük səhvlərdən biridir. Kommunizmin nə olduğunu və kommunist rejimin hansı zülmlər törətdiyini bildirmək üçün bu mövzuda yazılmış kitab və əsərləri kəndlərə qədər yayılmalıdır. Və bu işi davamlı olaraq görmək lazımdır. Çünki kommunistlər öz təbliğatlarını davamlı olaraq nəşriyyat vasitəsilə aparır və qələm silahından istifadə edərək öz fəaliyyətlərinə heç fasilə vermirdilər. Buna qarşılıq olaraq, milləti kommunizmdən qorumaq üçün fasiləsiz fikir mübarizəsi aparılmalıdır. Əlbəttə ki, bizim kommunist rejimdə gördüklərimizi oxuyan insanlar, kommunizmin dəhşətini az da olsa anlayacaqlar. Amma bir müddət sonra etdiyimiz xəbərdarlıqlar da unudulacaqdır. Etiraf etməliyik ki, insanlar hürriyyətin qiymətini hürr şəkildə yaşayan zaman bilmirlər və hürriyyəti qorumalı olduqlarını da anlamırlar. Və buna görə də onlara davamlı olaraq xəbərdarlıq edilməlidir. Kommunizmlə aparılan fikir mübarizəsində üstün durumda olan məmləkətlərdə kommunizmin uğur əldə etməsi mümkün deyil. Kommunistlər aldada və təsir altına sala biləcəkləri toplumlarda üst-üstə həmlələr edirlər. Kommunizmlə mübarizənin nə olduğunu və kommunizmə qarşı necə mübarizə aparıldığını bilməyən toplumlar kommunistlər qarşısında hərəkətsiz qalacaq və o an kommunistlər belə toplumları ayaqlar altına alaraq məqsədlərinə nail olacaqlar. Azərbaycan türkləri kommunizmə qarşı üsyan qaldırdığı zaman mənim 15 yaşım var idi və millətimizin “qırmızı” ordu qarşısında yalnız qaldığını görmüşdüm. Dünya ölkələri də bizə kömək etməmişdi. Bugünkü Türkiyəmizi kommunizmdən qorumaq istəyiriksə, dünya ölkələrindən kömək gözləmək əvəzinə, öz vəzifə borcumuzu dərk etməli və kommunistlərin təbliğatını boş çıxarmaq üçün davamlı olaraq əks təbliğatlar aparmalıyıq. Mənbə: Rus İşğalının mahiyyəti ( xatirələr ) Türkcəmizə uyğunlaşdıranlar: Nigar Musazadə & Dilarə Begili
Mühacirətdə yaşamı və mübarizəsi Anadan olmasının 150 illiyinə həsr olunur V Hissə Xəlil bəy Xasməmmədlinin mühacirət həyatı çox ağır və keşməkeşli olub. Mühacirətdə olduğu zaman sovetlərə qarşı mübarizənin ən fəal simalarından biri kimi müəyyən təşkilat və mərkəzlərin təsis edilməsində yer almışdı. Hər zaman olduğu kimi yenədə amalı vətən və millət olmuşdu. Onun 1921-ci il 23 may tarixli Əbdüləli bəy Əmircanova Parisdən ünvanlanmış məktubu bu baxımdan çox əhəmiyyətlidir : . “Hörmətli Əbduləli bəy! Sizin may tarixli məktubunuza cavab olaraq bildirirəm ki, mənim sərəncamımda bizim həmyerlilərimizə - qacqınlara kömək üçün heç bir maliyyə yoxdur. Parisdəki Sülh Konfransının nümayəndələri tərəfindən bir neçə adama müəyyən dotasiya verilir ki, onların da siyahısı bizim indiki konsulluqdadır. Sizin xatırlatdığınız 25 min frank, həqiqətən, bizim nümayəndəliyin dediyi F.B.Vəkilovun adına göndərilib. Bu pul Vəkilova və onun iki dostuna ödənilməsi, eləcə də, işin təşkil olunması üçün ayrılıb. Hazırkı şəraitdə vəziyyətin dəyişdiyini nəzərə alıb yazılı şəkildə Vəkilovdan xahiş etmişəm ki, həmin pulun ikinci iş üçün nəzərdə tutulan hissəsi Azərbaycanın harasında qeydiyyatından asılı olmayaraq Anadoluda yaşayan qacqınlara verilsin. Bununla birgə təklif etmişəm ki, ona ayrılan pul yerlərdəki qacqın təşkilatlarına verilsin. X.Xasməmmədli(1, 228). 20-ci illərin əvvəllərində Müsavat Partiyasının Xarici Bürosu təsis edilir və Xəlil bəy Xasməmmədli həmin büronun əsas rəhbər şəxslərindən biri idi. Belə ki, Xarici Büro bütöv partiyanın fəaliyyətinə rəhbərlik edən bir orqan idi və yarandığı vaxtdan etibarən Azərbaycandakı gizli Müsavat təşkilatı ilə əlaqəyə girmişdi. Büronun MK-sı nisbətən geniş tərkibə malik olduğundan, əsas məsələlər partiyanın Başqanı M. Ə. Rəsulzadənin rəhbərlik etdiyi üçlüyün-Rəyasət Heyətinin qərarı ilə həll edilirdi. Bu üçlüyə Başqandan əlavə iki nəfər-Xəlil bəy Xasməmmədli və Məmməd Sadıx Axundzadə də daxil idi. Azərbaycandakı gizli Müsavat MK-sının tərkibini ancaq üçlüyün üzvləri bilirdi, gizli Müsavat MK-sı da öz növbəsində üçlüyün göstərişləri və qərarları ilə hərəkətə edirdi. “Azərbaycan haqqında ayda bir dəfə Partiyanın Başqanı məruzə edirdi. Bu məruzələr ümumi məlumat xarakterli olduğundan mübahisələr doğurmurdu(2, 95). 1927-ci il fevralın 26-da İstanbulda Azərbaycan Milli Mərkəzi yaradıldı. Mərkəzin sədri Ə. Topçubaşi, baş katibi M.Rəsulzadə, xəzinədarı Ə. Əmircanov idi(4, 220). Həmin mərkəzin əsas üzvülərindən biri Xəlil bəy idi. Mərkəzin əsas fəaliyyət yeri İstanbul olduğundan Xəlil bəy onun işində fəal iştirak edirdi. Xəlil bəy Xasməmmədli mühacirətdə Azərbaycan istiqlalı uğrunda mübarizənin önündə dayanan Əlimərdan bəy Topçubaşi, M.Ə.Rəsulzadə, Xosrov bəy Sultanov kimi əsas simalardan biri sayılırdı. Heç şübhəsiz ki, mühacirətdaxili qarşıdurmalar, qarşılıqlı ittihamlar zamanı oda bu məsələlərdə yer almışdı. Ümumiyyətcə çox diqqət çəkən bu məqam izah və şərhlərə ehtiyacı olan bir mövzudur. Kökündə nə qədər siyasi məsələlərin durduğu sezilsədə, əsl mahiyyəti sosial amillərlə bağlı olan bu problemli münasibətlər ağır günlər keçirmiş azərbaycanlı mühacirlərin yaşamının açıq güzgüsüdür. Hər biri zəngin siyasi bioqrafiya malik bu qurucu dövlət xadimləri bir-birinə nələrisə güzəştdə getməyi düşünməkdən öncə, onların həmin zamankı ağır yaşam durumunu nəzərə almaq lazımdır. 20-ci illərin sonu və 30-cu illərdə Xəlil bəy Xasməmmədlinin M.Ə.Rəsulzadə ilə münasibətləri mütləq ciddi şəkildə gözdən keçirilməli və dəyərləndirilməlidir. Müsavat partiyası Xarici Bürosu daxilində sədr M.Ə.Rəsulzadə ilə rəqabət apara biləcək və partiyanın fəaliyyətinə yön verə biləcək birinci şəxs Xəlil bəy Xasməmmədli idi. Dumalardakı, seymdəki və Gəncə bələdiyyəsində çalışdığı zaman qazandığı təcrübə, Azərbaycan Cümhuriyyəti dönəmi ən ağır və məsuliyyətli dövlət postlarında tutduğu vəzifələr və həmçinin illərlə topladığı nəzəri biliklər buna imkan verirdi. Partiyanın və həmin zaman mövcud olan bir sıra mərkəz və təşkilatların tək əldə cəmləşməsi qıcıqyaradıcı mahiyyətə malik idi. Xəlil bəy və onunla birlikdə Şəfi bəy Rüstəmbəylinin, Nağı Şeyxzamanlının, Məmməd Sadıq Aranın, Səlim Ağasıbəylinin və digər bir sıra müsavatçıların ortaya qoyduğu mövqey nə qədər müxaliflik əlaməti idisə, həmçinin bir o qədərdə etiraz idi. 1934-cü ilin 24 martında X. Xasməmmədli, Ş. Rüstəmbəyli və S. Ağasıbəylinin imzası ilə Parisdə yayımlanan rusca “Qafqaz” məcmuəsində “Müsavat firqəsinin rəsmi təbliği” başlığı altında sensasiya doğuran yazı dərc olunmuşdu. Burada Müsavat firqəsinin 1933-cü il 18 dekabrda müxtəlif yerlərdəki firqə nümayəndələrinin iştirak etdiyi konqresindən söhbət açılır, aşağıdakı məsələlərin müzakirə edildiyi göstərilirdi: 1. Əsas prinsip, taktik və təşkilat məsələlərində firqənin əksəriyyəti ilə firqə rəisi Mehmet Emin Rəsulzadə bəy arasında ciddi ixtilafın olması. 2. Rəisin ötkəm (eqoistik) hərəkətləri. 3. İki buçuq sənədən bəri firqə mərkəzinin bulunmaması, firqənin təşkilatsız və şəkilsiz olması və yuxarıda qeyd edilən səbəblərdən dolayı bir mərkəzin vücuda gətirilməsi. 4. Bu şəkildəki üsuli-idarənin nəticəsi olaraq firqənin təcrid edilməsi. Bu vəziyyəti nəzərə alaraq yığıncaq qərara almışdır: Məmməd Əmin bəy Rəsulzadəni bundan sonra firqə rəisi olaraq tanımamaq və onunla tamamilə qəti əlaqə etməmək, yerinə başqasını təyin və yeni firqə Divanı intihap (seçmək) etmək(2, 117). İndiyə qədər aparılmış bir çox tədqiqat və araşdırmalarda Xəlil bəy Xasməmmədli və onun rəhbərlik etdiyi müxalif qanad Məhəmməd Əmin Rəsulzadəyə əks mövqeydə dayandıqlarına görə aşağılanmış və işin əsl mahiyyəti subyektiv formada izah olunmuşdu. Belə ki, hörmətli Aydın Balayev Məhəmməd Əmin Rəsulzadənin mühacirətdə yaşam və mücadiləsi ilə bağlı apardığı tədqiqat işində mühacirətdaxili münasibətləri belə şərh edir: “Azərbaycan mühacirətinin tanınmış nümayəndələri arasında münasibətlərin mütamadi olaraq gərginləşməsinin çoxsayılı səbəbləri vardı. Burada paxıllıq, qısqanclıq, təşəxxüs kimi adi insani naqisliklər ilə yanaşı olaraq, ayrı-ayrı şəxslərin siyasi ambisiyaları və liderlik uğrunda mübarizəsi də az rol oynamırdı”(3, 96-97). Əlbəttə ki, bu yanaşma subyektiv yanaşmadı, şərh və izaha ehtiyacı var. Biz Azərbaycan Cümhuriyyətinin qurucu atalarından və onların uğrunda mübarizə apardığı istiqlaldan və dəyərlərdən danışırıq. Xəlil bəy Xasməmmədli əlbəttə ki, rəhbər də ola, prosesə də rəhbərlik edə bilərdi. Bu onun təbii haqqı idi və daşıdığı respublikaçılıq ideallarına tam uyğun idi. Cümhuriyyət və onun uğrunda mübarizə fərdi iradəyə qarşı, toplum iradəsinin güc gəlməsi və siyasi davamlılığın, siyasi yeniliklərin davam etməsidir. Hürriyyət ideyası tələb edir ki, bu gün Məhəmməd Əmin, sabah Xəlil bəy, o biri gün Şəfi bəy və s. Bu məsələyə baxış və yanaşma hesab edirəm ki, çox önəmlidir. Digər tərəfədən paxıllıq və qısqanclıq məsələsinə gəldik də bu fikirlərdə ciddi əsaslara söykənmir. Xəlil bəy Xasməmmədli 1917-ci ildə Türk Ədəmi Mərkəziyyət Partiyası qurularkən heç fikrinə gətirmədi onun rəhbəri olsun, həmçinin həmin partiyanın Müsavatla birləşmə qurultayında və yaxud da 1919-cu il qurultayında. Siyasi qanuna uyğunluqların məntiqi ortaya bir fakt qoyur, siyasi münasibətlərdə davamlılıq üçün mütləq dəyişiklər olmalı və yeni simalarada yer verilməlidir. 1. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 2. Xaləddin İbrahimli “ Azərbaycan mühacirət tarixi”, Bakı, 2012. 3 .Aydın Balayev “ Məhəmməd Əmin Rəsulzadə - Qürbətdə vətən davası(1923-1943)”, Bakı, 2019. 4. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi
Azərbaycan Cümhuriyyətinin qurulmasında yer alması və həmin dönəm fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur IV hissə Transqafqaziyanın dağılmasından sonra azərbaycanlıların üz-üzə qaldığı məsələlər erməni və Gürcüstandakılardan olduqca fərqli idi. Azərbaycanlılara görə Türkiyə bir düşmən deyil, ancaq bir müttəfiq idi. 28 mayda Tiflisdə Seyimin azərbaycanlı üzvüləri və Müsəlman Milli Şurasının üzvüləri Azərbaycanın istiqlaliyyətini elan etdilər. Fətəli Xan Xoylu Baş nazir seçildi(2, 151). Həmin günü Fətəli Xan Xoylu rəhbərlik edəcəyi hökümətin tərkibini elan etdi və həmin hökümətdə Xəlil bəy Xasməmmədli Ədliyyə naziri vəzifəsini tutdu. İyun böhranına qədər Xəlil bəy həmin vəzifəni icra etmişdi. İyun böhranı zamanı birinci hökümət kabinəsi fəaliyyətini dayandırdı. İyunun 17-də axşam F.X.Xoylunun rəhbərlik etdiyi ikinci hökumət kabinəsi yaradıldı. İkinci kabinədə Xəlil bəy portfelsiz nazir vəzifəsi tutmuşdu. İyun ayının 17-də yaradılmış hökumətin ilk addımlarından biri Mərkəz (Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan) və Qafqaz (Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı) dövlətlərinin İstanbul konfransına göndəriləcək diplomatik heyətinin müəyyən edilməsi və onlar üçün müvafiq sənədlərin təsdiq edilməsi oldu. Bu konfransın Azərbaycanın həyatında oynayacağı mühüm rolu nəzərə alaraq hökumət diplomatik heyətinin üç nəfərdən - M.Ə.Rəsulzadədən, X.Xasməmmədovdan və A.Səfikürdskidən, habelə dörd nəfər məsləhətçi, texniki işçidən ibarət olmasını təsdiq etdi. Onlara hökumət tərəfindən səlahiyyət verildi ki, İstanbul beynəlxalq konfransının iştirakçısı olan Türkiyə, Almaniya, Avstriya-Macarıstran, Bolqarıstan, Gürcüstan, Ermənistan və Dağlılar İttifaqının nümayəndələri ilə siyasi, iqtisadi maliyyə və hərbi məsələlərlə bağlı danışıqlar aparsınlar və müqavilələr bağlasınlar. Bundan əlavə, hökumət İstanbula gedən diplomatik nümayəndəliyə Osmanlı dövləti ilə hər cür gizli siyasi və hərbi müqavilələr bağlamaq və imzalamaq hüququ da verirdi. Belə bir səlahiyyət Dağlılar respublikası ilə münasibətlərə də aid idi(1, 92). İstanbulda keçirdikləri birinci görüşlər haqqında M.Ə.Rəsulzadə xarici işlər naziri M.H.Hacınskiyə bunları yazırdı: "İyunun 24-də İstanbula yetişdik və Pera Palasda yerləşdik. Bir gün sonra Tələt paşanın qəbulunda olduq, xarici işlər naziri Ənvər paşa, Хəlil bəy, Şeyxülislam və digər nazirlər də orada idilər. Eyni zamanda Almaniya səfiri Bernsdorfun qəbulunda olduq. Ənvər paşa təklif etmişdi ki, ərazilərimizin hüdudlarını elan edək. Hökumətdən rica edirik təcili şəkildə bunu etsin, əgər vaxtında edə bilməsəniz, biz özümüz müvafiq bəyanat hazırlayırıq. Bütün nümayəndələr buradadır. Bernsdorf bizi nəzakətlə qəbul etdi, bizim hökumətin təşkili qaydası, Milli Şura, siyasi partiyalar haqqında soruşdu. Eyni zamanda ordumuzun olub-olmadığı ilə, hansı qüvvə ilə Bakıya qarşı bolşeviklərlə mübarizə apardığımızla maraqlandı. Həmçinin soruşdu ki, biz konfransda sərhədlərimizin müəyyən edilməsini zəruri hesab edirikmi. Mən cavab verdim ki, bunu biz öz aramızda həll etməyə ümidliyik, nəticələr barədə isə müttəfiqlərə məlumat verəcəyik. Fikirləşirik ki, konfrans Ramazan bayramından tez başlamayacaq"(1, 94). 1918-ci ilin sentyabrın 6-da yeni hakimiyyətə gəlmiş Sultan VI Mehmedin İstanbulda olan Azərbaycan nümayəndələrini qəbul etməsi Azərbaycanın beynəlxalq vəziyyətinə müsbət təsir göstərdi. Həmin gün Qılınc asma mərasimi ilə bağlı İstanbulda olan bir sıra nümayəndəliklər Sultanın qəbuluna dəvət edilmişdilər. Lakin Sultanın şəxsi təşəbbüsü ilə birinci olaraq Azərbaycan nümayəndələri qəbul edildilər. M.Ə.Rəsulzadə, X.Xasməmmədli və A.Səfikürdskidən ibarət Azərbaycan nümayəndələrini Ənvər paşa qarşılayıb Sultana təqdim etdi. Azərbaycan Respublikası adından VI Mehmedi təbrik edən M.Ə.Rəsulzadə yüzillik əsarətdən xilas olmuş Azərbaycan xalqının öz istiqlaliyyətini və hürriyyətini qoruyub saxlamaq yolunda qardaş Türkiyəyə arxalandığını bildirdi. Sultan cavabında qeyd etdi ki, "sevimli Azərbaycanımızın nümayəndələri tərəfindən təbrik edildiyimi həyatımda xoşbəxt bir hadisə kimi qəbul edirəm. Əsarətdən xilas olmuş türk və müsəlman hökumətinin istiqlaliyyət və hürriyyətini təmin etmək mənim hökumətimin ən müqəddəs vəzifəsini təşkil edir. Azərbaycanın həyat və qüvvət kəsb edərək bizimlə birlikdə ümumi düşmənlərimizə qalib gələcəyinə ümid edirəm. Salamımın bütün azərbaycanlı qardaşlara çatmasını arzu edirəm". Bu qəbul barəsində Azərbaycan hökumətinə məlumat verən M.Ə.Rəsulzadə yazırdı: "Biz çıxanda Sultanın Ənvər paşa həzrətlərinə yaxınlaşaraq "bu dəqiqələr ömrümün ən xoşbəxt dəqiqələridir" dediyini eşitdik və bundan köksümüz iftixarla doldu"(1, 130-131). Oktyabr ayının axırlarında İstanbul konfransında iştirak etmək üçün Türkiyədə olan Azərbaycan nümayəndələri, Mərkəz ölkələri tərəfindən respublikanın istiqlaliyyətini tanıyacaqlarına ümidini itirərək və yaranmış böhranlı vəziyyətlə əlaqədar olaraq konfransın artıq baş tutmayacağına əmin olaraq Bakıya qayıtdılar. Sonuncu olaraq noyabr ayının 1-də X.Xasməmmədli İstanbuldan Bakıya yola düşdü. Lakin, ümumiyyətlə, M.Ə.Rəsulzadənin, X.Xasməmmədlinin və A. Səfikürdskinin İstanbul səfəri əhəmiyyətsiz olmadı(1, 152). X.Xasməmmədli İstanbuldan döndükdən sonra 1918-ci il oktyabrın 6-da aparılan kabinədaxili dəyişikliklərdən sonra X.Xasməmmədli yollar naziri təyin edilmişdi. Fətəli Xan Xoylunun rəhbərlik etdiyi 3-cü hökumət kabinəsində (26.12.1918 – 14.03.1919) Daxili İşlər naziri vəzifəsini icra etməyə başlayır. Daxili İşlər naziri olaraq çalışdığı qısa müddətdə o, bütün bacarığını Azərbaycanda asayişin qorunmasına, dövlətin inkişafına sərf etdi. Azərbaycan Cümhuriyyəti dönəmində Daxili İşlər orqanlarının təkmilləşdirilməsi, kadr potensialının artırılması, polis orqanları ilə bağlı hüquqi bazanın dahada inkişafı Xəlil bəy Xasməmmədlinin adı ilə bağlıdır. X.Xasməmmədlinin nazirliyi dövründə onun əmri ilə 14 fevral 1919-cu ildə baş verən cinayətləri təhqiq etmək və xidməti vəzifəsindən sui-istifadəyə qarşı mübarizə aparmaq məqsədilə Daxili İşlər Nazirliyinin Təftiş İstintaq Komissiyası yaradılmışdı. Onun təklifi və təqdimatı ilə Azərbaycan Parlamenti 18 fevral 1919-cu il tarixli iclasında “Parlamenti Mühafizə Polisi Dəstəsinin təşkili haqqında” qanun layihəsinə baxmışdı. (Parlamenti Mühafizə Dəstəsi sonra alaya çevrilmişdi)(4, 107). X. Xasməmmədlinin başçılıq etdiyi Daxili İşlər Nazirliyi öz fəaliyyətində Milli Ordu ilə qarşılıqlı fəaliyyət göstərirdi. Bunu Azərbaycan Cümhuriyyətinin hərbi naziri, tam artilleriya generalı S. Mehmandarovun 1918-ci ilin dekabrında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi məlumatlardan da bilmək olar. X.Xasməmmədlinin nazirliyi zamanı Daxili İşlər Nazirliyinin məlumatına görə 1 yanvar 1919-cu ildə Azərbaycan müstəqil polisinin sayı rəsmən 9661 nəfərə çatmışdı. Bundan 1-ci dərəcəli qorodovoylar 498 nəfər, 2-ci dərəcəli qorodovoylar 5089 nəfər, 1-ci dərəcəli keşikçilər 242 nəfər, 2-ci dərəcəli keşikçilər 243 nəfər idi(7, 47). Həmin vaxtdan əvvəllər ləğv edilmiş Bakı Qradonaçalnikliyinin faəliyyəti də bərpa olun-muşdu. Bu qurum birbaşa Azərbaycan DİN-ə tabe idi. 3-5 yanvar 1919-cu i il Bakıdakı Böyük Britaniya Müvəqqəti Polis Komissarlığı və Azərbaycan Cümhuriyyəti DİN-in birgə əməliyyatları nəticəsində milli hökumətimizə qarşı yönəlmiş İrandakı sabiq rus ordusunun generalı, ermənipərəst L.Biçeraxovun qəsdinin üstü açılmışdı(4, 108). Mənbələr və sənədlər göstərir ki,Azərbaycan Cümhuriyyətinin 3-cü hökumət kabineti zamanı daxili işlər naziri işləmiş X. Xasməmmədli yorulmaz və barışmaz şəxsiyyət olmuşdur. Xəlil bəy qanunun aliliyini ilk növbədə rəhbər tutur və bunu tabeliyində olanlardan da tələb edirdi. Onun ölkədə ictimai təhlükəsizliyin təmin edilməsində və cinayətkarlıqla mübarizə sahəsində tutduğu sərt mövqe və tələbləri hamı bilir və qəbul edirdi. Azərbaycan Parlamentinin 1919-cu il 4 fevral tarixli geniş iclasında çıxış edən daxili işlər naziri X. Xasməmmədov demişdi: - ”...Qanunlarımız dəqiq, həm möhkəm və həm də yerinə yetirilən olmalıdır. Onlar dəqiq olmayan yerlərdə qanunsuz fəaliyyət üçün imkan yaranır. Bu, əhalinin taxıl yığımındakı iştirakına da aiddir”. Xəlil bəy Parlamentdəki həmin çıxışında Quba, Göyçay, Gəncə və bəzi başqa yerlərdə taxıl ehtiyatının saxlanılması ilə yanaşı, mövcud olan oğurluq faktları və onlarla mübarizə yollarından da bəhs etmişdi. Nazir Qazax qəzasında polisin istintaq orqanlarının dövlət əmlakının mənimsənilmə faktlarını üzə çıxardığını bildirmiş, həmçinin Ağstafa stansiyası vasitəsilə qonşu Gürcüstan və Ermənistana daşınıb 1 pudunun 20 manata satıldığı neft alverindən bəhs edib bununla mübarizə üçün bütün tədbirlərin artıq görüldüyünü nəzərə çatdırmışdı. 18 yanvar 1919-cu il Bakıdakı müttəfiq dövlətlərin müvəqqəti Polis Komissarlığının razılığı və təşəbbüsü ilə Bakı Polismeysterliyinin yeni ştatlar üzrə Xəfiyyə Polisi təsis olunmuşdu. Bu vaxtadək həmin Polismeysterliyin Xəfiyyə hissəsinin rəisi olan Həsən bəy Fətəlibəyov Bakı Xəfiyyə Polisinin rəisi vəzifəsinə təyin edilmişdi. Həmin vaxt Azərbaycan hökumətinin qərarı və daxili işlər naziri X. Xasməmmədlinin əmri ilə mərkəzi Şuşa şəhəri olan, tərkibinə Şuşa, Zəngəzur, Cəbrayıl və Cavanşir qəzalarının daxil olduğu Qarabağ General-Qubernatorluğu təsis edilmişdi. Gəncə quberniyasından ayrılaraq 1919-cu il yanvarın 13-də təsis edilən Qarabağın general-qubernatoru vəzifəsinə həmin il yanvarın 29-da Xosrov bəy Sultanov təyin edilmişdir. Xəlil bəy Xasməmmədli Daxili İşlər nazirliyinin rəhbəri olarkən bolşevizmə, onun təbliğatına qarşı ciddi işlər görürdü. Onun bolşevizmə qarşı mövqeyi birmənalı idi. Milli hökümətimiz qurulmamışdan əvvəl belə Gəncədə İctimai Təşkilatların İcrayə Komitəsinin rəhbəri olarkən o açıq şəkildə bolşevizmə qarşı mübarizə elan etmişdi. Daxili İşlər naziri olarkən 8 aprel 1919-cu ildə general-qubernator doktor X. Sultanova “ N.Nərimanovun Azərbaycan ordusunda bolşevizmin təbliğatını apardığına görə həbs edilməsi barədə” sərancamgöndərmişdi. Həmin sərəncamda yazılmışdı: “Hərbi nazirin aldığı agentura məlumatına görə bolşevik Nərimanov Bakıya gəlib orada parlamentin “Hümmət”dən olan üzvləri, başlıcası isə Sanıyev və Qarayevlə görüşmüş, sonra isə Şuşa və Qazax qəzalarının əhalisi ilə görüşmək və imkan daxilində qoşun daxilində bolşevizmi təbliğ etmək məqsədilə həmin qəzalara getmişdir. Hərbi nazir təsdiq edir ki, belə təbliğatın nəticəsində orduya gənclərin axını xeyli azalmış və təhlükə doğuracaq həddə catmışdır. Bu barədə Sizə məlumat verməklə mən əlahəzrətinizdən Sizin general-qubernatorluğun ərazisində göründüyü vaxt Nərimanovun tutulması üçün sərancam verməyinizi xahiş edirəm. Bu barədə tərəfimdən Gəncə qubernatoruna da teleqrafla bildirilmişdir. Daxili İşlər naziri Xasməmmədli”(6, 224). Xəlil bəy Xasməmmədli tutduğu bütün postlarda hüququn aliliyi prinsipini qorumağa, dövlətin təhlükəsizliyini və sabitliyini təmin etmək üçün bütün gücü və enerjisini səfərbər etmişdi. Gəncə qubernatoru polkovnik İ.Vəkilov 1919-cu ill martında daxili işlər naziri X. Xasməmmədliyə göndərdiyi raportda bildirirdi ki, Gəncə qəzasında daşnak irticasının və xarici müdaxiləçilərin törətdiyi “fitnə-fəsadlar” aşkar edilmişdir.Yerli bolşeviklərlə birləşən ermənilər azərbaycanlılar və müsəlmanlar arasında qırğın törətmək istərkən yaxalanmışlar. Onların başçısı qolçomaq Cümşüd Voskanov həbs edilmişdir. 1919-cu ilin martında Novruz Bayramı münasibəti ilə Milli Ordunun paradı keçirilmişdi. Respublika hərbi naziri, tam artillerya generalı S. Mehmandarov, bir qrup Parlament üzvü (onların içərisində X. Xasməmmədlidə var idi) paradda iştirak etmək üçün Gəncəyə gəlmişdilər. Gəncə qarnizonundakı səliqə-sahmana və nümunəvi qayda-qanuna görə hərbi nazir S. Mehmandarov Daxili İşlər Nazirliyinin vəzifə daşıyan yüksək rütbəli məmuru qubernator, polkovnik İ.Vəkilova səmimi təşəkkürünü bildirmişdi. Bununla bərabər, daxili işlər naziri X. Xasməmmədlinin verdiyi təqdimatlar və Azərbaycan hökumətinin 1919-cu il 30 mart tarixli qərarı ilə uzun illər nümunəvi xidmətinə görə İbrahim ağa Paşa oğlu Vəkilova general-mayor ali hərbi rütbəsi, onun müavini Hüseynqulu xan Xoyluya isə polkovnik rütbəsi verilmişdi(4, 115). Xəlil bəy Xasməmmədli 1919-cu ilin mart ayında Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi ilk hökümət kabinetində qısamüddətli Daxili İşlər naziri çalışır. Həmçinin Nəsib bəyin rəhbərlik etdiyi sonuncu, 5-ci kabinədə o Ədliyyə naziri olur. Ümumilikdə götürdükdə Azərbaycan Cümhuriyyətinin hüquq, ədliyyə və polis sisteminin qurulmasının ağırlığı Xəlil bəy Xasməmmədlinin üzərində olub. Hüquq sahəsindəki savadı, işin praktiki tərəfini mükəmməl bilməsi bütün bu məsuliyyətləri ona tərəf yönləndirib. Dövlət Dumaları və Seym zamanı qazandığı təcrübə ona bu işlərdə geniş imkanlar yaratmışdı. Tadeuş Svyataxovki Xəlil bəy Xasməmmədli haqqında bildirirdi ki, o çox dərin adam idi, ölkədə hansı addım atılırdısa, sonuncu söz bir hüquqşunas kimi ona verilirdi. O öz işinə yaxşı bələd olduğu üçündür ki, Gürcüstanın hökümət nümayəndələri Azərbaycanda apelyasiya instansiyasının Tiflis Məhkəmə Palatasının nəzdində təşkil edilməsini təklif edəndə Xəlil bəy buna qəti etiraz etmiş, uzaqgörənliklə : “müstəqil dövlətin müstəqil məhkəməsi olmalıdır” demiş və bunun Azərbaycan Ali məhkəməsinin özündə yaradılmasına nail olmuşdu. Azərbaycanda Məhkəmə palatasının, onun əsasnaməsinin, fəaliyyət mexanizminin yaradılmasıda Xəlil bəyin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Məhkəmə Palatasının böyük sədri Xəlil bəyin böyük qardaşı Ələkbər bəy Xasməmmədli təyin edilmişdir(3, 190). Nazirlər Şurasının 28 fevral 1919-cu il tarixli qərarı ilə o bu vəzifəyə təyin edilmişdi. O həmçinin Mülki departamentə rəhbərlik edir. Ələkbər bəy Xasməmmədli gələcək fəaliyyətlərində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfindən işlənib hazırlanmış prinsipləri rəhbər tutcaqlarını, ədalət mühakiməsini qorxuya görə deyil, vicdana görə həyata keçirəcəklərini və bu zaman qanunçuluq və ədalətə riayət edəcəklərini bəyan edir (5, 49-50). 1920-ci ilin aprel ayında Xəlil bəy Xasməmmədli Azərbaycan Cümhuriyyətinin Türkiyədəki səfiri təyin edilir. Həmin ilin apreli Azərbaycan Cümhuriyyətinin mövcudluğunun son ayı idi. Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edilir. Bu xəbəri Xəlil bəy İstanbuldan eşidir. Bu xəbər onun üçün çox ağır və məyyusedici idi. Həmin xəbərdən sonra bir çox silahdaşlarının - F. Xoylunun, H.Ağayevin, M.Vəkilovun, Ş. Rüstəmbəylinin və başqalarının o zaman Tiflisə gələrək orada yaşadıqlarını bilən Xəlil bəy də bu şəhərə gəlmiş, bir müddət orada yaşamışdı. Lakin duyurdu ki, sabiq müsavatçıları təqib edən XI ordunun Xüsusi şöbəsinin rəisi, cəllad Semyon Pankratovun “qırmızı terrorundan” yaxa qurtara bilməyəcək. Odur ki, 1920-ci il iyunun 19-da Tiflisdə Azərbaycan hökumətinin sabiq baş naziri və daxili işlər naziri Fətəli xan Xoylunun muzdlu erməni terrorçuları tərəfindən qətlə yetirilməsindən sonra (həmin hadisə zamanı Fətəli xanın yanında olan Xəlil bəy erməni terrorçusu ilə atışmada özü də yaralanmışdı. Xəlil bəy boynuna dəyən həmin gülləni 1946-cı ilə qədər gəzdirmişdi) daha Tiflisdə qalmayıb Türkiyəyə, İstanbula mühacirət etmiş və ömrünün sonunadək orada yaşamışdı.(4, 120). Fətəli Xanın qətlinin və Xəlil bəyin vurulmasının bilavasitə icraçıları erməni daşnakları olsada, polkovnik-leytenant Korbelin fikrincə bu cinayətin arxasında Azərbaycanda üsyançı hərakatı başsız qoymağa ümid edən bolşeviklər durmuşdu(3, 50). 1. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009 2. Firuz Kazımzadeh “TRANSKAFKASYA İÇİN MÜCADELE (1917-1921) Türkiye-İngiltere-Rusya, İstanbul, 2016 3. Giorgi Mamulia, Ramiz Abutalıbov “ Odlar Yurdu- Azadlıq və müstəqillik uğrunda mübarizədə”, Bakı, 2015 4. Iltifat Şahevən(Əliyarlı), Tahir Behbudov – “İstiqlal fədailəri- Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirləri və silahdaşları (1918-1920), Bakı, 2013. 5. Mehman Dəmirov “Azərbaycan prokrorluğu- tarix və müasirlik”, Bakı, 1997 6. Nəsiman Yaqublu “Cümhuriyyət qurucuları”, Bakı, 2018. 7. İltifat Əliyarlı- Şahsevənli “ Azərbaycan polisinin yaranması və təşəkkül tarixindən”, Bakı, 2018. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri - Ceyhun Nəbi
Dumadan sonrakı və Azərbaycan Cümhuriyyətinə qədər ki, fəaliyyəti Anadan olmasının 150 illiyinə həsr olunur III hissə Xəlil bəyin Dumadan sonrakı fəaliyyəti Yelizavetpol şəhər bələdiyyəsi ilə bağlıdır. 1913-1917-ci illər arasında o şəhər bələdiyyəsinin rəhbəri idi. Bütün ömrü boyu milli maraqlardan çıxış edən, xalqın istək və arzuları uğrunda mübarizəni ali dəyər hesab edən Xəlil bəy ana prinsipi, ideyanı həmişə qorumağa çalışmışdı. Dumadakı fəaliyyəti, ortaya qoyduğu mövqeyi, fəaliyyəti zamanı qaldırdığı məsələlər, qətiyyətli və mətin siyasi davranışları onun Azərbaycanda, bütünlükdə o zamankı Rusiya müsəlmanları arasında mövqeyini möykəmləndirmiş və adını şöhrətləndirmişdi. Bələdiyyə rəisi olduğu zaman Gəncənin ziyalı elitası və milli düşüncəyə sahib insanları ilə əlaqələri möykəmləndirən Xəlil bəy 1917-ci ilin fevralında Rusiya ərazisində qarşıqlıq zamanı Gəncədə ən nüfuzlu və hörmətli şəxslərdən biri idi. 1917-ci ilin mart ayında Gəncədə Nəsib bəy Yusifbəyli tərəfindən elan edilmiş Türk Ədəmi-Mərkəziyyət Partiyasının rəhbər heyətinin əsas simalarından biri Xəlil bəy Xasməmmədli idi. Savadlı hüquqşunas, zəngin siyasi bioqrafıya malik bir şəxs və peşakar hüquq bilcisi kimi partiya proqramının hazırlanmasında onunda rolu var. 1914-cü ilin sentyabrında Şəhərlər Birliyinin Bakı və Yelizavetpol komitələri fəaliyyətə başladı. Onlar şəhər özünüidarəsi xadimlərinin, burjua ziyalılarının və xırda burjuaziyanın bir hissəsinin cəmləşdiyi mərkəzlərə çevrildilər. Bakı komitəsininin sədri şəhər qlavası L.L.Bıç, Gəncə komitəsinin sədri isə şəhər qlavası Xəlil bəy Xasməmmədli oldu(1, 146). 1917-ci ilin martında Gəncə və Qazax qəzalarında və həmin şəhərlərdə İctimai Təşkilatların İcrayə Komitələri təsis edildi. Gəncə quberniyası icra komitəsinin sədri vəzifəsinə quberniyanın ən böyük bəylərindən Xəlil bəy Xasməmmədli seçilmişdi. İsmayıl Xan Ziyadxanlı isə milis rəisi vəzifəsinə kemişdi. Xəlil bəy seçildiyi ilk gündən bildirmişdi ki, bolşeviklərin inqilabi hərakatını təqib edəcək və bütün qüvvəsi ilə ona qarşı mübarizə aparacaq(4, 24). 1917-ci ilin aprelində Bakıda Ümumqafqaz müsəlmanları qurultayı keçirilir və həmin qurultayda Xəlil bəy Xasməmmədli milli camiyənin əsas simalarından biri kimi iştirak edir. 1917-ci ilin oktyabr ayının 24-də Tatar alayının keçmiş komandiri Polovstevin Yelizavetpola gəlişi ilə bağlı Müsəlman Milli Komitəsinin fövqəladə iclası keçirilir. Generalı toplaşanların sürəkli alqışları və Xəlil bəy Xasməmmədlinin təbrik sözü ilə qarşılayırlar. Milli Komitənin nümayəndləri öz nitqlərində millət üçün milli alayların böyük əhəmiyyətini qeyd edir, alayın komandir tərkibinin zabitlərin siravilər və süvarilərlə birliyindəki xidmətlərini təsdiqləyir və milli alaylarla Milli Komitə arasında həmrəyliyə və əlaqəyə çağırırlar. Polovstev ilə görüşdə Ə. Rəfibəyov, X. Xasməmmədli, A. Ağayev, Ş.Rüstəmbəyli, A. Səfikürdski, Qacar iştirak edirdi. Yelizavetpolda 1-ci müsəlman hərbi qurultayı keçirilir. Müsəlman korpusunun formalaşdırılması tapşırığı alan general-leytanant Ə.Şıxlinski Tiflisdən Yelizavetpola gəlir və könüllülərdən ibarət alayın formalaşmasına başlayır(3, 94). 1917-ci ilin noyabr ayının 24-də Zaqafqaziya Komissarlığı təsis edilir. Azərbaycandan 4 nəfər oradan nazir vəzifəsi tutur. Xəlil bəy Xasməmmədli Nəzarət naziri postuna sahiblənmişdi. Bu 4 şəxsdən 3-ü keçmiş Duma mənsubları idi. 1918-ci ilin fevral ayının 10-da Zaqafqaziya Seyimi təsis edilir. Xəlil bəy Xasməmmədlidə Müsəlman fraksiyasının tərkibində seymə daxil edilir. Seymin fəaliyyətində Xəlil bəy fəal iştirak edir, Trabzon konfransında iştirak edəcək heyyətin tərkibində yer alır. Martın 12-də heyyətin tərkibində danışıqların başlanacağı Trabzona gəlir(1, 244). Trabzon konfransında heyyətə daxil olan gürcü və ermənilərdən fərqli olaraq Xəlil bəygilin qarşısında bir məqsəd var idi. Dilimiz, dinimiz bir olan Osmanlı türkləri ilə münasibətləri möykəmləndirmək, onların dəstəyini əldə etmək və onlara qarşı erməni və gürcülərin mənfur niyyətlərində yer almamaq. Aprel ayının 20-də hümmətçilərin iştirakı olmadan Zaqafqaziya Seyminin Azərbaycan fraksiyasına daxil olan bütün partiyaların nümayəndələrinin iştirakı ilə təcili birgə iclası keçirildi. İclasda Bakı hadisələri ilə bağlı hökumətin biganə siyasətindən, bolşevik terroru və özbaşınalığına qarşı ciddi tədbir görülmədiyindən danışıldı, daşnakların Bakı bolşevikləri ilə əlaqəsindən, habelə gürcü menşeviklərində də belə meylin hiss edildiyindən bəhs edildi. Orada göstərildi ki, "polkovnik knyaz Maqalov indi hər gün həddindən artıq həyəcanlı teleqramlar göndərib xahiş edir ki, zirehli qatar, top, mərmi, pulemyot və patron göndərilsin, lakin hökumət buna heç bir əhəmiyyət vermir və onların göndərilməsi üçün əməli tədbir görmür"(2,54). Xəlil bəy Xasməmmədli həmin iclasda bildirdi ki, Zaqafqaziyada indi hökumət yoxdur, Geqeçkori, Karçikyan və Ramişvilidən ibarət erməni və gürcülərin diktaturası vardır, danışıqlarda bolşevik-erməni intriqası nəticəsində parçalanmaya məruz qalan gürcü xalqı üçün də böhranlı olan bu vəziyyətdə ona hər şeyi birbaşa söyləməyi və qəti cavaba nail olmağı təklif edir : “Bizimlə, yoxsa bizə qarşı. Əgər bizə qarşıdırsa, onda bizim əlimizdə başqa cür düymə var və əgər onu işə salsaq, böyük sarsıntılar baş verə bilər”(3, 305). May ayının 6-da Seymin müsəlman fraksiyasının birgə iclasında Seym üzvü F.X.Xoylu fövqəladə bəyanat verərək dedi: "Daşnaksütyun partiyasının Seym fraksiyasının məsul nümayəndələri bildirmişlər ki, Bakı hadisələrini ləğv etməyi bu şərtlərlə öz üzərlərinə götürürlər ki, Bakıda gələcək hökumət sırf müsəlmanlardan deyil, beynəlmiləl hökumət kimi yaradılsın və erməni hərbi hissələri Bakıda saxlanılsın". F.X.Xoylu qeyd edirdi ki, belə həyasız təklifi o, həmin dəqiqə taktiki mülahizələrlə rədd etməmişdi". Seym üzvü N.Yusifbəyli bildirdi ki, daşnakların bu qeyri-səmimi xidmətləri mehriban qonşuluq şəraitində yaşamaq arzusundan deyil, daha çox türk qoşunlarının Azərbaycana yaxınlaşmasından irəli gəlir. Seym üzvü X.Xasməmmədli Bakıda hakimiyyətin bölüşdürülməsinin yolverilməz olduğunu söyləyib qeyd etdi - Bakıda və ümumilikdə Şərqi Zaqafqaziyada bütün hakimiyyət müsəlmanlara məxsus olmalıdır, biz Bakını müvəqqəti olaraq itirmişiksə də, lakin onu bütövlükdə və əbədi olaraq qaytarmaq üçün hər şey etməliyik, ikinci bir yol yoxdur, ya hamısını, ya da heç nə.(2, 68). Sonra Xasməmmədli əlavə edir : “Daşnakların təklif ediyi şərtlər onlar qarşısında bədnam təslimçilik kimi qəbulolunmazdır. Bakı yarandığı ilk günlərdən qəti formada qoyulub: Ya hər şey, ya heç nə(3, 311). Həmin İclasda iki bənddən ibarət qərar qəbul edildi: "Bakıda hakimiyyət müsəlmanlara verilməlidir. 2. Müsəlman hərbi hissələri həmin hökuməti müdafiə etmək üçün Bakıya daxil olmalı, erməni hərbi hissələri isə tərksilah edilib oradan çıxarılmalıdır"(2, 68). Batumdakı Azərbaycan nümayəndələri gürcülərə təklif etdilər ki, ermənilərsiz ikilikdə dövlət yaratsınlar. Lakin gürcülər bildirdilər ki, onlar özlərinin ayrıca dövlətlərini yaratmaq fikrindədirlər. Azərbaycan fraksiyası bu xəbəri eşidən gün iki dəfə, səhər və axşam iclas keçirdi. Səhər iclasında bildirildi ki, etibarlı mənbələrdən alınan məlumata görə, gürcü fraksiyası Batumda olan gürcü nümayəndələri ilə birlikdə Gürcüstanın ayrılmasına və müstəqilliyini elan etməsinə dair gizli danışıqlar aparırlar. Qərara alındı ki, Gürcüstanın ayrılması məsələsi demək olar ki, həll edildiyindən Seymin müsəlman fraksiyası bu akta hazır olmalıdır. İclasda bütün Seym fraksiyası belə bir qəti qərara gəldi ki, "Gürcüstanın ayrılıb müstəqilliyini elan edəcəyi halda, Azərbaycan da öz müstəqilliyini elan etməlidir". Axşam iclasında da Gürcüstanın ayrılacağı təqdirdə Azərbaycan fraksiyasının vəzifələri məsələsi müzakirə edildi. İclasa F.X.Xoylu sədrlik edirdi və on altı nəfər Seym üzvü toplanmışdı. İclas açılan kimi F.X.Xoyluya tapşırıldı ki, Zaqafqaziya Seyminin sədri Çxeidzenin yanına gedib sabaha təyin edilmiş iclasın gündəliyini öyrənsin və Batumdakı Azərbaycan nümayəndələri ilə birbaşa əlaqəyə girsin. F.X.Xoylu getdikdən sonra müvəqqəti olaraq iclasa sədrlik edən X.Xasməmmədli ölkədəki vəziyyət haqqında məlumat verir. O, Cənubi Qafqaz hökumətində əsl birliyin olmadığını və Azərbaycan türklərinə heç bir yardım göstərilmədiyini qeyd edib Kürdəmirə doğru hərəkət edən bolşeviklərə qarşı menşeviklərin heç bir ciddi tədbir görmədiyindən şikayətləndi(2, 71). Tiflisdə olan Azərbaycan siyasi elitasının tərkibində Xəlil bəy Xasməmmədli Zaqafqaziya Seyminin üzvü kimi ən fəal siyasi xadimlərdən biri idi. Dumalarda olduğu kimi burada da aktivlik nümayiş etdirmiş, ən köklü məsələlərə münasibət bildirərək milli maraqlarımızın qorunmasına çalışmışdır. 1. Azərbaycan Tarixi, 5-ci cild, Bakı, 2008 2. Cəmil Həsənli “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti”(1918-1920), Bakı, 2009 3. Həsən Həsənov “ Birinci Respublikaya aparan yollar”, Türkiyə, 2018 4. Teymur Miralayev “ Gəncə və Qazax qəzalarında kəndlilərin inqilabi hərakatına bolşeviklərin rəhbərliyi”, Bakı, 1963. Müəllif: Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədi - Ceyhun Nəbi
Məhərrəm İncə seçki mitinqinə Boluda Koroğlu heykəlinin önündən başladı. Çıxışında "Koroğlu" kimi döyüşəcəklərini bildirdi. Bütün mesajlarını elm, doğruluq, həqiqət üzərində quran M. İncə, tarixdə olması şübhə doğuran, şifahi xalq ədəbiyyatı nümunəsindən ilhamlanırcasına mübarizə yolu seçməsi heç şübhəsiz ki, gülüş doğurur. Adam Koroğlu kimi, öz iddiasına uyğun olaraq qılınc əlinə alıb qarşısına keçəni qılınclayır. Maraqlı tərəfi isə budur ki, qılıncı "TƏK ADAM" rejiminə daha tutarlı şəkildə vurmaq əvəzinə, "TƏK ADAM"ın küfrlərlə, aşağılamalar, hədələmələr ilə üzərinə getdiyi müxalifətə endirir (Həm də, "Tək adam"ın əlinə qüvvət verir). Çıxış iqtidarın üzərinə yüklənəcəyi yerdə, müxalifətə yüklənib (illər öncə Azərbaycanda da belə hallar olub). Həm də belə bir təəssürat yaranır ki, Kamal Kılıçdaroğlunun böyük məharət və bacarıqla müxtəlif siyasi baxışları özündə ehtiva edən siyasi kəsimləri öz ətrafında cəmləşdirməsi, iqtidara əks qüvvələrin əsas namizədi kimi çıxış etməsi onda qıcıq yaradır. Əslində daha barışcıl, birləşdirici, yeni dünyanın bir parçası olacaq gələcəyi vəd edəcəyi yerdə(Türkiyədə gənclər əslində onu elə düşünür), parçalayıcı vizyonu ilə vətəndaş hüquqlarını unudaraq, millətçi baxışla hərəkət etməyə cəhd edir. Sekluyar camiyənin təsəvvüründəki M. İncə Sinan Oğan vizyonunda canlanmağa başlayır. K. Kılıçdaroğlu quçaqlaşaq, birləşək deyir, M. İncə isə kəsib-doğramaq( Bu günün siyasi Koroğlusu), Tək adam ritorikasında parçalayıcı bir mövqeyə sərgiləyir. Heç şübhəsiz ki, qalibiyyət üçün çalışanlar bilir ki, qələbə birləşərək əldə oluna bilər, ayıraraq, parçalayaraq yox. Ceyhun Nəbi
Bir çox mənbələrin verdiyi məlumata əsasən, bu gün Manhettendə böyük jüridə(*izahatı sonda) səsvermə olacaq. Səsvermə predmeti prokuror Elvin Breqqin Trampa qarşı irəli sürdüyü ittihamlardır. Böyük jüridə ittihamlar səs çoxluğu toplasa(ittihamlar çox sadə, həm də mükəmməl hazırlanıb, bu səbəbdən böyük jürinin lehinə səs verəcəyinə şübhəm yoxdur), ABŞ-ın eks-prezidenti Donald Trampa qarşı rəsmi ittihamlar irəli sürüləcək(şəkilləri çəkiləcək, barmaq izləri götürüləcək, təsəvvür edin ki, dünyanın ən qüdrətli ölkənin sabiq prezidenti üçün bu nə dərəcədə utancverici səhnədir). Tramp maliyyə dələduzluqda ittiham olunur(porno aktrisaya ilə intim əlaqədə oluğuna görə, həmin aktrisaya susqunluğu əvəzinə Tramp 130 min$ ödəmişdi, bu pullar seçki kampaniyası zamanı ianələr hesabından verilib, bu isə cinayətdir). Nyu York ştatının qanunvericiliyinə əsasən bu cür cinayətlərə görə ittihamların irəli sürülməsi təqdirdə həbs qətimkan tədbiri olmur(məhkəməyə qədər). Yəni andlılar məhkəməsinə qədər Tramp azadlıqda olacaq, sonrası isə məhkəmənin qərarından asılı olacaq. Təbii ki, etirazlar olacaq, amma: -Etirazların miqyası o qədər də böyük olmayacaq; -Nyu York polisi bu gün fövqəladə(xüsusi avadanlıqlar və s) rejimdə fəaliyyət göstərəcək. Sizə bu barədə xəbər vermişdim, təkrarlamaq yerinə düşər, Trampa qarşı irəli sürülən ittihamlar və hətta həbs, ona seçki kampaniyasında və ya seçkilərdə iştirak etməyə mane olmayacaq. Nəzəri cəhətdən Tramp həbsxanada olarkən də, prezident seçilə bilər, qanunvericilik buna imkan verir(təbii ki bu baş verməyəcək, amma hüquqi yox, siyasi səbəblərdən). *ABŞ dünyada yeganə ölkədir hüquqşünaslıqda böyük jüri institutunu qoruyub saxlayıb. Böyük jüri bir növ istintaqın son mərhələsidir. İstintaq bitəndən, bütün materiallar hazırlanandan və ittihamlar əsaslandırılandan sonra, bütün bunlar böyük jüriyə təqdim olunur və ittihamların irəli sürülməsi ya da sürülməməsi böyük jürinin səsverməsindən asılı olur. Kamran Cəfərov
Şirvanda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sozcu.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, C.Astanov şəhər sakini olan üç vətəndaşın etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də işlə təmin edəcəyi barədə vədlər verərək, zərərçəkənlərin ümumilikdə 8500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla bağlı cinayət işi açılıb, C.Astanov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları həmin şəxsin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər C.Astanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.