Bir gün Sultan dərəsilə dağlara çıxmalıydıq. Biz ora çatmazdan əvvəl aralıda bolşevik qüvvələrini gördük, onlar isə bizi görə bilmirdilər. Mən tapşırdım ki, onlar bizə atəş açmayınca heç kəs silah işlətməsin. Biz iki hissəyə bölünüb, Sultan dərəsini öndən və arxadan mühasirəyə aldıq. Yollarını kəsdik. Onlar iki qüvvə arasında qalmışdı. Axşamadək döyüşlər davam etdi. Biz hamısını öldürüb axşam dağlara çəkildik. Sübh tezdən əsgərlər hər yerə doluşmuşdu. Bizimlə döyüşmək üçün əlavə qüvvələr də gətirilmişdi. Biz də tamam əldən düşmüşdük. Bu dəfə bizi allah qurtardı. Tufanlı, yağışlı ruzigar başladı. Bolşeviklər bu yerləri yaxşı tanımadıqları üçün çətin vəziyyətə düşmüşdülər. Onlar bizi tapa bilmədilər. Ertəsi gün Şəki istiqamətində getməyə başladıq. Qarlı havada yol getmək də çətinləşmişdi. Böyük bir ağacın ovuğunda gecələdik. Yapıncılarımıza bürünüb yatdıq. Sabah olanda isə qarşımızda iki arxac göründü. Onlar dağıstanlılar idilər. İki qrup halında arxaca gəldik. Çox qonapərvər idilər. Bizə yemək-içmək verdilər. Baş çoban bizdən kim olduğumuzu soruşanda hər şeyi doğru düzgün anlatdıq. Bu adam da bizə normal münasibət göstərdiyi üçün iki gün orada qaldıq. Bayırda qış havası duyulurdu, qar yağırdı. Ağdaşa getməyə qərara aldıq. Bu da bizi qorxutmurdu. Belə səfərlərə alışmışdıq. Yorucu bir yolculuq başlamışdı. Gecə qaranlığı düşsə də yenə də yol gedirdik. Gecə yarısı Səfərabad qəzasına çatdıq. Əyri çayını keçdik və sıx bir ormanlığa girdik. Qaçaqlara qurumuş kötükləri toplamağı tapşırdım. Qar yağırdı. Yapıncıları üstümüzə örtüb qarın altında yatdıq. Səhər tezdən yuxudan duranda yatmış qaçaqlar qıraqdan qəbirlərə bənzəyirdi. Onları bir-bir yuxudan ayıltdım. Kəndlər rus əsgərlərilə dolmuşdu. Hər kənddə on əsgər, bir çavuş vardı. Qaçaqlardan biri yaxınlıqdakı kənddən idi, bu səbəbdən də gedib bizə yemək gətirə bilərdi. Tütünləri qurtaran qaçaqlar ağac yarpaqlarını ovub siqaret kimi çəkirdilər. Bu durum bir həftə davam etdi. Bir axşam üstü yenə yola başlayıb Ağdaşın Cəyirli qəzasına gəldik. Orada iki qoyun yatağı vardı. Biz yenə də iki qrupa bölündük. Mən yatağa girdim. Yemək bişirirdilər. Qaçaqlar da gəldi. Əyləşib yemək yediyimiz vaxt içəriyə yaşıl gözlü, sarışın bir nəfər girib salam verdi. Sonra siz kimsiniz –deyə soruşdu. Mən də - görmürsənmi insanıq, həm də hökümət adamı – deyə cavab verdim. Bu adam çox hirsliydi. Mən başa düşmürəm, telefon etmişəm beş dəqiqəyədək sizin kim olduğunuz aydınlaşacaq. Mən təkrar –sən qarnımızı doydur, nə qədər istəsən pul verəcəyik. O isə - mən nə sizi tanıyıram, nə də yemək verəsiyəm – deyib üzümüzə baxdı. Bunu dedikdə - Mən səni bizi dinləməyə məcbur edərəm – deyib ayağa qalxdım. Əlini ayağına bağladım. Əlimə bir ağac alıb döyməyə başladım. Sonra isə qaçaqlara – kimin ülgücü varsa bunun qulağını bir az kəsin, yadında saxlasın. Bizdən sonra bura gələn qaçaqlara belə rəftar etməsin – dedim. Bunu eşidən Fidail həmin adamın qulağını dibindən kəsdi. Bunu haqq etmişdi. Ona görə ki, bu adam satqın və kommunist idi. Sonra onu yanına çağırıb bir də biz buralara gələndə belə etsən özündən küs –dedim. Burada qalmağımız təhlükəli olduğundan ərzaq götürüb uzaqlaşdıq. Küllü qara deyilən yerdə yenə də iki qoyun yatağı vardı. Yataq sahibi nurlu sifət Hacı Həmzə idi. Bizi gülər üzlə qarşılayıb xoş gəlmisiniz – dedi. Çobanları çağırıb iki qoyun kəsmələrini tapşırdı, onun iki gəlini vardı. Onlar da təzə çörək bişirməyə başladılar. Damda tütün vardı. Onu da qaçaqlara payladı. O da dərdliydi. 4 oğlu vardı, ikisi Sibirdə sürgündə, ikisi də nəzarətdəydilər. Mənə baxaraq : - Çopur Məmmədqasım sənsənmi –deyə soruşdu. Sonra mənə Ələsi göstərin deyə xahiş etdi. Biz də ona Ələsin başqa yerə getdiyini söylədik. Yemək hazır idi. Əyləşib doyunca yedik. Hacı Həmzə bildirdi ki, 2400 qoyun var. Onları sizə fəda edə bilərəm. Vətən və millət naminə mübarizə aparırsınız. Silahdaşlarınıza deyin ki, tez-tez gəlib yemək aparsınlar. Ancaq bir kimsə bilməsin. O bizə gizli olaraq 500 mauzer gülləsi verib yanaqlarımızdan öpdü və vidalaşdı. Ətrafı yaxşı görmək və özümüzü müdafiə etmək üçün əlverişli bir yer tapmalıydıq. Ona görə də Naltökən deyilən yerə çatmalıydıq. Biz düzə çatdıq, oradan hər yer aydınca görünürdü. Qaçaqlara istirahət etmələri üçün icazə verdim. Mən də bir təpənin başına çıxıb durbinlə ətrafı seyr etməyə başladım. Çox qarışıq bir suvari dəstəsinin bizə tərəf gəldiyini gördüm. Bizi hər yerdə axtarırdılar. Komandirləri avtomobildəydi. Qarşısına çıxan ceyranları ovlayırdı. Onlar bizi tapa bilməyib axşam üstü geri çəkildilər. Biz də bir müddət burada qalıb yenidən Samuxa döndük. Vəziyətimiz getdikcə ağırlaşırdı. On illik qaçaq həyatı bizi əldən salmışdı. Vəhşi bir həyat tərzi keçirirdik. Digər bölgələrdəki qaçaq dəstələrinin çoxu yaxalanmışdı. Öldürülmüşdü. Bu durum qarşısında bütün qüvvələr bizə qarşı yönəlmişdi. Bizim silahdaşlarımızdan Mehralı və Camal, üç qardaş, bu ağır şəraitə dözməyib bizdən ayrılıb qaçmış, gedib hökümətə təslim olmuşdular. Mübarizəyə dözüb təslim olmayan qaçaqların da mənəviyyatları sarsımışdı. Qafqazın dağ və ormanları rus əsgərlərinin məzarları ilə dolmuşdu. Bizdən ayrılanları həbs edəndə bolşeviklər : - “Qasımın qüvvəsi azaldı. Qardaşı da suda boğuldu” deyə sevinirdilər. Bir gün Oğurca deyilən bir yol keçidində əyləşmişdik. Birdən postdakı qarovulçumuz bizim yanımıza gəlib – “ Hazır olun gəlirlər” deyə bağırdı. Havada yağışlıydı. Onlarla burda döyüşmək məqsədə uyğun deyildi. Aradan çıxmaq üçün şansımızda qalmamışdı. Qarşıdakı bir dağa çıxdıq. Bura çatanda qablarımızda bir damcı da su qalmamışdı. Çox susamışdıq. İçi soxulcan və böcəklərlə dolu su içməyə başladıq. Hökümət qüvvələri isə bizdən əl çəkmirdi. Biz dağın əsas nöqtələrini tutub çalanın içində pusqu qurduq. Döyüşə hazır vəziyyətdə gözləməyə başladıq. Köhnə dostumm Pirvəli oğlu Səməd də dəstəsi ilə üstümüzə gəlirdi. Onunla əvvələr dost idik. İndi isə heç bir bağlılığımız yox idi. O yolunu azmışdı. Səməd mənim ünvanıma söyə-söyə - “ Sən Denikinmisən, Kolçakmısan, ortaya çıxsana, Qasımı öz əlimlə tutub aparacam” – deyərək qışqırırmış. O, bizi axtararkən hökümət qüvvələri ilə döyüşlər başladı, hər tərəfdən silah səsi eşidilirdi. Üstümüzə gələn Səməd də əlində silah bir yoxuşu çıxırdı. Ora həm yoxuş, həm də dar keçid idi. Ən qabaqda Əsəd dayanmışdı. Səməd yoxuşu çıxanda qardaşım Əsəd onu vuracaqdı. Mən də sürünə-sürünə o tərəfə irəlilədim. Aramızda on beş, iyirmi metr məsafə qalmışdı. Ya allah deyib nişan aldım. Güllə açıldığı ilə Səmədin aşmağı bir oldu. Qardaşım Əsədi də ölümdən qurtardım. Səmədin yanındakıları da öldürdüm. Onun arxasınca gələn qüvvələr isə sevinərək ura çəkirdilər. Onlar elə biliblər ki, Səməd məni öldürüb. Mən isə sürünüb Səmədin cəsədi olan yerə gəldim. Onun səsini təqlid edərək dəstənin başcısı Yunisə - yavaş-yavaş gəlin onları təmizlədim – deyə, bağırdım. Özüm də onlara tərəf sürünməyə başladım. Yunis ağır-ağır yoxuşu çıxırdı, silahsız idi. Ona da bir güllə vurdum. Öz rəislərinin öldürüldüyünü görən hökümət qüvvələri məcbur qalıb yenə də geri çəkildilər. Bitib tükənməyən bu mübarizəmiz, ağır yolculuq həyatı, soyuq ruzigar bizi də yormuşdu. Nə olursa olsun, yalnız bu işgəncə bitsin deyə allaha yalvarırdıq. Azacıq yeməyimiz qalmışdı, onu da yeyib qurtardıq. Mən bir kənara çəkilib qardaşım Əsədi də yanıma çağırdım. Əyləş dedim. Sonra söhbətə başladım. Dedim ki, Əsəd ola bilsin mən səhv düşünürəm. Sənin də məsləhətin lazımdı. O, diqqətlə qulaq asırdı. Qardaşım, vəziyyətimizi görürsən, qaçaq dəstələrinin hamısını dağıtdılar. Bizim də qüvvəmiz azaldı. Ələs də suda boğuldu. Ailəmiz, qohum-əqrabamız məhv edildi. Qalanları isə Sibirə sürgün olundular. Düşmənlərimiz isə gündən-günə güclənməkdədi. Yanımızdakıların da üçü qaçıb hökümətə təslim oldu. Tək ümidimiz İrana keçməkdi. Sənin fikrin nədi ? O da tərəddüd etmədən razılıq verdi. *** Kür çayının bütün keçidləri nəzarət altındaydı. Qaçaqların bir qismi ilə çayın kənarındakı Adabaşı kəndinə gəldik. Kənddə Qurban və Zəkəriyyə adlı iki dostumuz vardı. Onlar barama ilə məşğul olurdular, qayıqları da vardı. Bu sadiq dostlarımdan Qurbanı çağırtdırdım və qayığı ilə bizə qarşı sahilə keçirməsini rica etdim. O da məmnuniyyətlə bu xahişimi yerinə yetirəcəyini bildirdi. Bizi sağ-salamat qarşıdakı Küçüklü kəndinə çatdırdı. Bu kənd həm qayalıq, həm də sıx ormanların əhatəsindəydi. Qorunmağımız üçün əlverişli şəraiti vardı. Orada da hökümətdən qaçaq düşən bir dostumuzla rastlaşdıq. Adı Mirzə idi. O, bizləri görüncə sevincindən nə edəcəyini unutmuşdu. Bizim qayəmiz isə Qarabağdan İrana keçmək idi. Bu arzumuzu ona da söylədik. Yəni Mingəçevirə gedib lüt Əli Hüseyni Mustafa və qardaşlarını görəcəyimizi anlatdıq. O bizimlə razılaşdı və bir yerdə hərəkət etdik. Mingəçevirdəki dostlarımızı da götürüb yola çıxdıq. Qərarımız qəti idi. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
Bizə qarşı hücumalar güclənir, kütləvi sürgünlər artırdı. Məmləkətin müxtəlif yerlərində isə gizli təşkilatlar fəaliyyətdəydi. Kommunistlərin və orduda qulluq edənlərin içində də bu qurluşun əlehdarları çoxalırdı. Nuxa şəhərində minbaşı Kor Bəhrəm, qəssab Hüseyn, Erkək Abdulla, Cöynükdən Əbdülrəhim və qardaşları, kiçik Dəhnədən Əbdülkərim, nəvəsi Hüseyn, Əli, Zülqədər, Böyük Dəhnədən Şüayıb, Qaraqoyunlu kəndindən Əbdülrəhim və qardaşları, Qaxdan Hacı Qədir və qardaşları, qohumları üsyana hazırlaşırdı. Bizdə də bu barədə məlumat vardı. Üsyandan bir gün sonra biz Nuxa şəhərinə varid olduq. Həbsxananı açıb silahları üsyançılara payladıq. Şiddətli mübarizə başladı. Bir tərəfdə kiçik və yardımsız Azərbaycan, digər tərəfdə qanlı imperiya qüvvələri küçələrdə döyüşlər davam edirdi. Bağırovun ən sadiq adamlarından birinin evini tutuduq. Sahibi evdə tapılmadı. Qadın paltarında qaçmışdı. Üsyanın başında duran Bəhram yaralanmışdı. Onu şəhərdən çıxarıb müalicə edirdilər. Biz də şəhərdən çıxmaq məcburiyyətində qaldıq. Üsyanın dördüncü günü şəhəri tərk etdik. Bizimlə birlikdə Osmanlı ordusundan qalıb sonra müəllimlik edən bir zabit də döyüşürdü. Adı İsmayıl Hakkı idi. O bütün gücü ilə mübarizə aparırdı. Yaralı olan minbaşı Bəhramı öz çadırıma gətirdim. Lakin o bayırda olanda öz gülləsi ilə özünü öldürmüşdü. İzimizə düşən bolşevik rus qüvvələri bizi öndən və arxadan təqib edirdi. Onlarla Qutqaşenin Qayıqlı kəndində üzləşdik. Bizim yerimiz yaxşı idi. Başımız üzərinə güllələr dolu tək yağırdı. Bu şiddətli döyüşlərdə “məni əsir aldılar” deyə qışqıran İsmayıl Hakkının səsini eşitdim. Ona tərəf sürünüb beş rus əsgəri ilə qarşılaşdım. Onları bir-bir öldürdüm və İsmayılı azad etdim. Ruslar xeyli tələfat verib çəkildilər. Ortalıq meyidlərlə doluydu. Bir az da vuruşub oradan sürətlə uzaqlaşdıq. Ağdaş ərazisinə gəldik. Bütün silahdaşlarımı toplayıb önəmli məsləhətlər verdim. Ərzağımız və suyumuz qalmamışdı. Tarladakı buğda dənələrini əlimizlə ovuşdurub yeyirdik. Elə orda da hər kəs öz məntəqəsinə getmək üçün görüşüb ayrıldıq. Hadisələrin belə dözülməzliyi bizi yabançı halına salmışdı. Evlərimiz yıxılmış, uşaqlarımız pərişan olmuş, bizim də yerimiz-yurdumuz qalmamışdı. Bizim yaşamamız dövlət üçün əlverişli olmadığından təqiblər, basqılar davam edirdi. Gecəmiz-gündüzümüz tox idi. Elə bu vaxt Sadıqov adında bir kommunistin Moskvaya qədər gedib “Qasımın kəlləsini gətirməsəm, mənim başımı kəsin” deyə söz verməsi və bizə qarşı hücuma hazırlaşması xəbərini bizə çatırdı. Bu generalın güclü qoşun topladığını, mübarizəyə hazırlaşdığını bizim olduğumuz əraziyə hücum zamanı ağaclara iz qoya-qoya irəlilədiyini də öyrənə bildik. Güclü kəşviyyat işi aparmışdı. Yanında bir mühəndis və yüzə qədər könüllü ilə gəldiyi də aydın oldu. Kəndlərə daxil olanda onlardan süd, qaymaq alıb pul təklif etsələr də kəndlilər onlardan pul almırmış. Kəndlilərdən nə üçün pul almadıqlarını soruşanda onlar : - nəyinə lazımdı sən südünü, qaymağını al, deyə cavab verirlərmiş. Sadıqov oralarda bir neçə gün dolaşıb heç kim tapmayınca çıxıb getmişdi. Bizə bu xəbəri kəndlilər çatdırırdı. Həmin ilin Qurbam bayramında bizim evlərimizə gedəcəyimizi zənn edən Sadıqov kəndimizin yaxınlığına 300-ə qədər əsgər toplamışdı. Onlar ərazini mühasirəyə almışdılar. Bundan xəbər tutub ailəmizə baş çəkməkdən vaz keçdik. Ailəmizi, uşaqlarımızı tutub sürgünə göndərdilər. Bizə məxsus mal-qaranı və ev əşyalarımızı talan etdilər. General Sadıqovun bu hərəkətləri vəziyyətin yaxşı olmayacağından xəbər verirdi. Kür çayının bütün keçidləri də rus əsgərləri tərəfindən nəzarətə alınmışdı. Biz isə çayın o biri sahilinə keçməyə məcbur idik. İşimiz çox müşkül idi. 24 nəfərlə Qaraağaclı qəzasına gəldik. Bir may gecəsiydi. Çayın kənarındakı mal qışlağına soxulduq. Qışlağı iri çoban itləri qoruyurdu. Orada bir qayıq olduğunu bilirdik. Köpəklərdən güc-bəla ilə qorunaraq qayıqçının olduğu yerə gəldik. Qayıqçı heç nədən xəbərsiz arvadı ilə yatırdı. Tüfəngin qundağı ilə onu qaldırdım. Lakin ondan tez arvadı oyandı, məni görüb özünü itirdi. Tez ərinə qışqıraraq : -Qalx, Qasım qardaş gəlib – dedi. Şirin yuxuda olan qayıqçı heç nə anlamamışdı. Qasım, Qasım deyə mızıldandı. Qadın qalxıb bir az yemək hazırladı. Bu adam isə hələ özünə gəlməmişdi, heyrətlə mənə baxırdı. Mən qayıqçıya : - Abdulla bizi o biri sahilə keçirəcəksən – dedim. O hələ ayılmamışdı üzünü turşutdu. Bunu hiss edən arvadı – qalx qayığını hazırla, onlar bizim üçün mübarizə aparırlar, kişi, deyilsənmi – deyə, ərinə acıqlandı. Hərif yenə durmaq istəməyəndə - qalxmasan səni öldürəcəm – dedim. Dəstəmiz 24 kişidən ibarət olduğu üçün qarşı sahilə iki dəfəyə getməliydik. Çayda suyun çoxluğundan qarşı sahil görünmürdü. Birinci qrup sahilə çıxanda fanarla yaşıl işıq yandırmalıydı. Birinci qrup qayığa mindi və bir vaxtdan sonra yaşıl işıq saçdılar. Onlar sahildə düşdükdən sonra qayıq geri döndü. İkinci qrupun başcısı mən idim. Biz də o biri sahilə keçdik. Çaydan aralanıb nə qədər telefon dirəkləri və telləri vardıa hamısını kəsdik. Sanki tanrının bizə verdiyi bu zülm azmış kimi, şiddətli bir leysan yağmağa başladı. Bu hadisə işimizi daha da çətinləşdirdi. Eldardan Zaman oğullarından Məhəmməd Əli, Abbasqulu, Hacı Adıgözəl və oğlu Zamanın qaçaq dəstələri aləmi dağıdıb uçururdu. Qabaqlarına çıxan bütün kommunistləri öldürürdülər. Bunu duyan və bizim üstümüzə gələn Sadıqovun dəstəsi Eldara getməyə məcbur oldu. Biz isə qabağımıza çıxan bir mal damına girdik. Qara Məhəmməd oğlu Mustafadan bir at və bir qoyun aldıq. Qoyunu kəsib yedik, qalanını çantamıza doldurduq. Bir az vaxtdan sonra silahdaşlarımızdan birinin, bir milis və bələdçinin – Bu, Sadıqov bir bəladı, Eldara gedib, bir azdan dönəcək və buralarda daşı-daş üstə qoymayacaq, hər yeri dağıdacaq – deyə, danışdıqlarını mənə xəbər verdi. Mən qarovulçuları ağaca çıxarıb ətrafa nəzarət etmələrini əmr verdim. Başqalarına da tapşırmışdım ki, qoyunu kəsib qızartsınlar. Onlar bu işlərlə məşğul ikən ağacdakı qarovulçu qışqırdı və o birisi sahilə 15 nəfər rus əsgərinin gəldiyini anlatdı. General Sadıqovun da onların içində olduğunu dedi. Bu xəbər bizim üçün gözlənilməz oldu. Mən ağaca çıxdım. Əlimə durbini aldım. Onun belində 10 açılan atdan endiyini gördüm. Bu Sadıqovun özüydü. Əlində ki, qamçı ilə çəkmələrini döyə-döyə sahildə gəzişirdi. Sonra o qayığa yaxınlaşdı. Əvvəlcə özü sonra isə, əsgərlər qayığa mindilər. Bizim olduğumuz sahilə doğru üzməyə başladılar. Ağacdan düşüb 6 nəfər götürdüm, qalanlarına isə, gözləməyi əmr etdim, dedim ki, əgər bizi sıxışdırsalar köməyə gələrsiniz. Biz çayın sahilindəki səngərlərdə gizlənib onların sahilə çıxmalarını gözlədik. Qayıq sahilə çatırdı. Onlar düşər-düşməz bir yayılım atəşi açdıq. General və üç nəfər yıxıldılar. Qalanları yaralanmışdı. Yanlarına getdik. Yaralılar yalvarmağa başladılar. Bu yalvarışlara məhəl qoymadan onları öldürdük. Sadıqov hələ ölməmişdi, gözlərini açıb mənə baxırdı. Can verirdi. Onun başına çəkmə ilə qüvvətli bir zərbə endirdim. Moskvanın iti – bizim zavallı uşaqları, qadınları haraya sürdün – dedim. O yenə ölməmişdi. Qaçaqlar onu sahilə sürüdülər, tapançasını belindən çıxarıb bütün güllələrini başına sıxıb öldürdülər. Mən qaçaqlara dedim – çayın qudurmuş dalğaları bunu gözləyir. Bu sözümdən sonra qaçaqlar onu Kürə atdılar. Çayın o biri sahilində Sadıqova yardıma gələnlərin sayı artırdı. Onlar silah səslərini eşidib çaş-baş qalmış, nə edəcəklərini bilmirdilər. Mən qışqıraraq : - niyə dayanıbsınız, çıxıb getsəniz, - dedim. Onlardan məni tanıyanlar vardı. Hara gedək, hər tərəfdən başımıza güllələr yağır dedilər. Mən onlara – General Sadıqova toy tutduq, gərdəyə qoyduq, yolunuz açıq olsun, artıq gedə bilərsiniz – dedim. Qoyun qızardılmışdı. Əyləşib doyunca yeyib, bir-birimizə nuş olsun dedik. Yeməkdən sonra kəndləri dolaşdıq və bildirdik ki, kim Sadıqovun leşini görüb sudan çıxararsa və ya dövlətə xəbər verərsə onu da generalın aqibəti gözləyir. Kür sahilindəki Alıkənddən bir qadın su götürməyə gedəndə sabahın erkən vaxtında sahildə bir cəsəd görür və qaça-qaça ərinə xəbər verir. Əri də sahilə gəlir. Sadıqovun cəsədini tanıyır və əlindəki ağacla onu dalğaların qoynuna itələyir. Beləliklə, general məzar üzü görmədən sulara qərq oldu. Həmin ili qış çox ağır keçdi. Dörd gözlə baharın gəlməsini gözləyib, yazı və sonbaharı yenə dağlarda, ormanlarda keçirdik. Arı komuna toxunduğumuz üçün daim bizi izləyirdilər. Təqiblər, basqınlar artırdı. Evsiz, ailəsiz dağlarda, ormanlarda, mağaralarda yaşamaq çox müşkül bir iş idi. Hökümət rəhbərləri də on ildən artıq davam edən qaçaq hərakatına son qoymaq üçün yeni tədbirlər hazırlayırdı. Mübarizəmiz çeşidli şəkildə dəyişib davam edirdi. Kütləvi sürgünlər də əskilmirdi. O zaman Gəncənin qərbində Şəmkirin Bitdili kəndində qəribə bir hadisə baş verdi. Şəmkirin Bitdili kəndində bir mərkəz qurulmuşdu. Gizli olan bu mərkəz ziyarətgah idi. Bunu idarə edənlər Düyərli kəndindən Hacı Axund, Dövlət oğlu Mehdi, Abulla və qardaşlarıydı. Ziyarətgahın sahibi isə Düyərlidən Hüseyn adlı birisiydi. Qısa bir zamandan sonra bura ziyarətə gələnlərin sayı artmağa başladı. Korların burada gözləri açılır, xəstələr şəfa tapırdılar. Güclü təbliğat aparıldığına görə adamlar dəstə-dəstə ziyarətgaha axışırdılar. Müsəlmanlardan başqa ruslar, ermənilər, hətta kommunistlər də gəlirdilər. Səcdəgahda bir dam var idi. Bacadan içəri baxdıqda damın tavanında bir göyərçin, bir dənə də qılınc görünürdü. Lakin qorxudan heç kim ona yaxınlaşa bilmirdi. Burda din xadimlərilə allahsızlar arasında toqquşma gözlənilirdi. Bolşeviklər buranı mühasirəyə alanda şiddətli döyüşlər oldu. Hacı Axund və qardaşları, Qululu Abdulla, İskəndər, Temur qardaşları şəhid oldular. Biz burada da işimizi gördükdən sonra bizi axtaranların sayının gündən –günə çoxaldığını görüb Gürcüstana keçməyi qərara aldıq. Müəyyən bir vaxt üçün izimizi itirmək vacib idi. Novruz bayramından bir həftə keçmişdi, gecə ikən Gürcüstan ərazisinə keçdik. İzimizi itirdik. Orda yolu çaşdıq. Mən dincəlmək barədə əmr verdim. O qədər yorğun idik ki, qarovulçularda yatmışdı. 24 nəfər idik. Səhər tezdən yuxudan durub gördüm ki, buralar çox təhlükəli yerdi. Həm də şose yolunun qırağıdı. Hər an tutulmaq təhlükəsi vardı. Ona görə biz ordan aralandıq, Alazan çayını keçib Dağıstana sığınmaq fikrimiz vardı. Çayın keçid yerinə çatdıqda gördük ki, qarşımızada iki heyvan sürüsü var. Onlar gürcüydülər, hamısı da təpədən-dırnağadək silahlıydı. Gürcülərdən oralarda hökümət adamı olub-olmadığını soruşsaq da dəqiq cavab ala bilmədik. Mən anladım ki, bunlar özü də bizə basqı edə bilər. Kiçik qardaşım Ələsə qarşımızdakı təpəni tutmağı tapşırdım. Bunu etməsi üçün o çayı keçməliydi. Qayıq olmadığı üçün onu bir kötüyə mindirdim. O rahatca çayı keçirdi. Tam çayın ortasında bir adacıq vardı. Ora çatıb durdu. O durmamalıydı. Mən sahildə qışqırdım. Nə üçün durursan ? O səsimi eşidib yenidən irəliməyə başladı. Sahilə çatar-çatmaz saldan düşdü. O, suyun nə vəziyyətdə axdığını bilmirdi. Ora isə çox dərin və suyun fırlandığı bir yermiş. Yalnız bunu görə bildim. Suyun üzündə təkcə onun papağı qalmışdı. Bunu təsəvvür etmək çətin idi. Ən böyük dəstəyimiz, doğma qardaşım, cəsur bir türk oğlu sulara qərq olmuşdu. İstər-istəməz özümü suya atdım. Üzə-üzə sahilə çıxdıqda qardaşımın boğulduğunu gördüm. Onu qudurğan dalğalar aparmışdı. Elə bil köksümdən güllə ilə vurulmuşdum. Əlimdən heç nə gəlmirdi. Aciz qalmışdım. Görəcəyim bir iş qalmamışdı. O birisi qaçaqlarda mənim yanıma keçmişdi. Onlar Ələsin harada olduğunu soruşduqda mən – paltarlarını qurudur – deyə yalan məlumat verdim. Qardaşım isə artıq sağ deyildi. Mənim bolşeviklərlə uzun müddət mübarizə aparmağımda ən cəsur köməkçim Ələs idi. Onun tək igid yox idi. Sanki qeybə çəkilmişdi. Ələs quşu gözündən vurmağı bacarırdı. Ancaq mənim təbəssümmündən qap-qara qaralmağımdan qaçaqlar da faciə baş verdiyini hiss etmişdilər. Onlar mənə inanmırdılar. Elə bu vaxt bir yerə toplanmalarını söylədim. Fəqət içlərində vətəni, dini, namusu qeyrətlə qoruyan Ələs yox idi. Mən: - Qardaşlar, deyə müraciət etdim. Bu mübarizə illərində heç zaman məni ağlayan görməmisiz. Onlar da mənim gözümdə yaşı görüb qəhərləndilər. Mən – durun ağlamayın Ələsi qeyb etdik. Sizin canınız-ciyəriniz, mənim isə qardaşım idi. Lakin biz bu yoldan dönməyib mübarizəmizi axıracan aparacağıq – dedim. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
Bu da bolşeviklərin iş üsullarından biriydi. 1929-cu ilin iyulunda Gəncə ÇEKA-sının Orucov bizimlə görüşdü. Bu görüşü onların Zaqataladakı adamlarından Üzeyir təşkil etmişdi. Üzeyir Zaqatalalı Musa bəyin oğluydu. Stalinin Azərbaycanda sağ əli olan Bağırovun da müaviniydi. Görüşdən sonra onlar Bakıya getdilər. Bir müddət sonra isə Bağırovun yerinə təyinin olunan Abdullayevlə yenidən qayıtdılar. Üzeyir bizimlə görüşdü və Abdullayevin də belə bir təklifdə bulunduğunu anlatdı. Biz isə şəhərə gələ bilməyəcəyimizi bildirdik. Üzeyir narazı qalıb dedi : -İnanmıram ki, elə böyük bir vəzifənin sahibi sizinlə görüşmək üçün ormanlara gəlsin. Belə olduqda mən dedim : -Onda siz şəhərin kənarında meşənin girəcəyinə gəlin. Bizim qarovulçumuz işarə etdiyi yerdə avtomobilinizi saxlayın. Belə də oldu. Ertəsi gün təyin etdiyimiz yerdə onlarla görüşümüz oldu. Bir saat yarım söhbət etdik. Abdullayev bizə məlum olan təranələri oxudu – “Siz Denikindən, Kolçakdanmı güclüsünüz ? Şura höküməti onlar kimi sizi də yox edəcək. Mən isə sizi bağışlayıram.” Mən isə cavabımda –“ Siz yalançısınız. Sizin vədlərinizə inanan deyilik. Siz özünüzü də zavallı bir qulsunuz”- dedim. Doqquz il idi ki, rahatlıq üzü görmürdük. Mən bunları deyərkən Abdullayev diqqətlə dinləyirdi. Tez-tez rəng verib rəng alırdı. Sözlərimi bitirdim. O mənə astaca: -Qasım, yumşaq yataqda yatma, təslim olma – deyərək çıxıb getdi. Bunu söyləyən Azərbaycanın Stalini idi. Yəqin ki, o da bu qızıl imperialistlərin kim olduğunu anlamışdı. Kommunist olduğuna görə əlindən heç nə gəlmirdi. Yenə də mübarizə aparan biz idik. Bütün Qafqaz qayanyırdı. Dağlar, ormanlar bolşeviklərlə mübarizə aparan qaçaqlarla dolu idi. Hər tərəfdən basqınlar davam edirdi. Heç bir dövlətdən yardım almayan qaçaqlar mübarizədən geri çəkilmirdilər. Bütün yollar nəzarət altına alındığından, gediş-gəliş buraxılış vərəqəsilə həyata keçirildiyindən bu dəfə Samuxa güclə gəldik. Bu yolculuq çətin olmuşdu. Belə bir plan cızdıq ki, bir maşın tutub yola çıxaq. Şəki istiqamətindən bir yük maşının gəldiyini gördük. Onu saxladıq. Sürücü rus idi. Adı da Mişka. Ayı adı. O, bizi maşına mindirmək istəmirdi. Bəhanə gətirdi ki, faraları yanmır. Bizdə isə iki gəmiçi fanarı vardı. Onlardan istifadə etsin deyə fanarları ona verdik. Əşyalarımızı, ərzağımızı maşına yüklədik. Qaçaqlar Mişkaya bir şüşə kanyak da içirtdilər. Biz doqquz nəfər idik. Mişka sərxoş olmuşdu, hər dəqiqə məndən haraya gedəcəyimizi soruşurdu. Mən isə “Çobangölü” qəzasına – deyib maşını asta sürməsini tələb edirdim. O isə bizi dövlət adamı zənn edirmiş. Ona görə də maşını sürətlə sürməyə can atırdı. Çoban gölünü keçdik. Qara gölün yanında isə benzinimiz qurtardı. Mən silahdaşlarımdan – Mişkaya göz olmalarını tapşırıb özümü hökümət adamı kimi apararaq benzin satılan yerə getdim. Mənə bir söz demədən iki qab benzin verdilər. Benzini maşının yanına gətirdim və baka tökdüm. Sonra yolumuza davam edib, sabaha yaxın Şəkiyə çatdıq. Şəhərə iki yol gedirdi. Biri şəhərin içindən, digəri isə kənarından keçirdi. Biz kənardan keçən yola girdik bir az getmişdik ki, yenindən benzinimiz qurtardı. İki nəfər götürüb yenidən benzin satılan yerə getdim. Həmin yer işlək yol olduğundan maşınlar gəlib keçirdi. Bir sürücünü saxlayıb benzini olub-olmamasını soruşdum. O, mənə acıqlı halda: - xeyr - dedi. Ona inanmadım. Maşından yerə salıb açarlarını aldım. İçindəki müştərilərdən pullarının olub-olmamasını soruşdum. İçərilərindəki bir nəfər bizə şübhəylə baxırdı. Mən: -Qardaşlar bizim sürücümüzü Moskvaya qaçırıblar. Bizə benzin lazımdır - dedim. Sonra maşındakı əşyaları gözləmək üçün iki nəfər saxlayıb yeni sürücü tapdıq. Mən sürücünün yanında əyləşdim. Mişka qaçmışdı, onun yerimizi xəbər vermək ehtimalı vardı. Biz isə Səfərabad qəsəbəsinin içindən keçməli idik. Bu da çox təhlükəli idi. Lakin məcbur idik. Elə buna görə də qaçaqlara : Mən silah çıxarmayınca heç kəs silaha əl vurmasın deyə, əmr verdim. İmkan daxilində səssiz-sədasız keçməyimiz daha münasib idi. Qəsəbənin içində iki kişi maşınımızı saxlatdırdı. Səbəbini soruşduqda bir şey olmadığını söylədi. Anladığıma görə Ərəşli Qaçaq Aslanın və dəstəsini təqib edən 500 nəfərlik milis dəstəsi onların izinə düşə bilmədiklərinə görə Musa bəyin oğlu Üzeyirə - Şuayib və Qasımı tapacağıq deyə xəbər göndərirlər. Üzeyir isə bizi qorumaq məqsədilə - əgər hamısını öldürə biləcəksinizsə hücum edin. Yox əgər bir ikisini vurub geri çəkiləcəksinizsə toxunub onları acıqlandırmayın – deyə əmr edir. Bu tapşırıqlardan sonra milis dəstələrinin rəisi qorxub geri çəkilir. Milis qüvvələri çəkilib getdi. Mən qəsəbənin ağsaqallarından hansı yolun təhlükəsiz olduğunu soruşdum. Kəndin dövlət nümayəndəsindən : - Hansı yolun palçıqlı, hansının quru olduğunu soruşduqda,o dedi : -Yollar hamısı palçıqlıydı. Lakin gün çıxıb qurutdu – deyə qarşımızdakı milis dəstələrinin çıxıb getdiyini işarə verdi. Bizdə qorxusuz vətənimizə döndük. 1929-cu ildə Azərbaycanda hərbi kommunizm zorla qəbul edilməsinə başlandı. Kütləvi sürətdə xalqımızın məhv edilməsi də o ilə təsadüf edir. Torpağın üzərində yaşamağımıza imkan yox idi. Hər kəs yetərincə azuqəsini götürüb yeraltı qazmalara çəkilir, əl çatmaq yerlərdə yaşamağa məcbur olurdu. Bu qanlı rejimin qorxusundan bizim əleyhimizə çıxanlarda artırdı. Bütün çətinliklərə baxmayaraq on il idi ki, bu qurluşa qarşı mübarizəmiz davam edirdi. Ona görə də bu qanlı ili, yarı qazma halında soyuq, yeraltı daxmalarda keçirməyə qərara aldıq. Bu normal insan yaşayışından fərqli dözülməz bir vəziyyət idi. Lakin çarəmiz yox idi. Kommunist rejimi özünə məxus qəddarlığı ilə insan haqqlarının qorunmasına tamam biganəydi. Yeni quracaqları dövlətin divarlarını bizim kimi minlərlə insanların qanı ilə hörmək əvvəlcədən planlaşdırılmışdı. Minlərlə insanın qohum-əqrabaları, uşaqları, qadınları, onların taleyi isə heç bir bolşevikin vecinə deyildi. İlk bahar aylarında biz də dünya işığına qovuşduq. Ağaclar yarpaq açmış, aləm cənnətə dönmüşdü, silahdaşımız Fidail növbədəydi. Birdən qulağıma səs gəldi və mən o tərəfə qaçmağa başladım. Fidailin qarşısında bir rus dururdu əlində ov tüfəngi, qarşısında da çanta vardı. Mən onun çantasını, tüfəngini aldım və ona – bizlər rus rejiminə qarşı döyüşən qaçaqlarıq – dedim. Bu adam elə bil, sözlərimi anlamırdı. Dərdli bir çöhrəsi vardı. Mən bunu sizdən soruşmağa gəlmişəm – o bu sözləri çox səmimi söylədi. Özünün isə keçmiş çar zabiti olduğunu anlatdı. Məqsədi bizimlə görüşmək imiş. Onu yaşadığımız yerə gətirdim, dərdli-dərdli başına gələnləri danışmağa başladı. Dedi ki, köhnə çar zabiti olduğuna görə axtarışdaydım. Ona görə də ailəmlə birlikdə gizlicə Bakıya gəlməyi qərara aldım. Yanımda bir dostum da vardı. Məni tanımadılar. Onu isə tanıdıqlarına görə qandallayıb apardılar. Ayaqlarına dəmir bağlayıb dənizə atdılar. Bu faciə qarşısında zavallı həyat yoldaşı çaş-baş qalmışdı. Həmin qadın bir dalğıc tapıb pul verdi və ərinin cəsədini dənizdən çıxarmasını xahiş etdi. Dalğıc orta yaşlı qara saçlı qüvvətli bir dənizçiydi. O, dənizə baş vurdu. Aradan bir müddət keçdikdən sonra suyun üzünə çıxdı. Heç kim onu tanımadı. Saçları bir saat ərzində qar kimi ağ-appaq olmuşdu. Qadın ona doğru qaçdı. Dalğıc səksəkəli halda dənizin dibində yüzlərlə cəsəd var, onları görüb qorxdum. Sənin ərinin isə kim olduğunu tanıya bilmədim. Ordakılar hamısı vəhşiliklə öldürülmüşdür. Sonra sözünə davam etdi – Məni dəstənizə qəbul edin, qəhramanlıqlarınıza sevinirəm və sizə inanıram. Qarşınıza çıxan bolşevikləri gəbərdin. Mən də əlimdən gələn maddi-mənəvi köməkliyi sizdən əsirgəməyəcəm. – O, bu hadisələri ağlaya-ağlaya danışırdı. Sonra bizimlə vidalaşıb getdi. Bu adam rus da olsa sözlərində səmimiyyət vardı. Lakin xalqımızın atalar sözündə deyilir – “itlə dost olsan da dəyənəyi yerə qoyma” Yenə o ərazidə su işləri ilə məşğul olan İvan adlı bir rusla tanış olmuşduq. Bu adam bizə su gətirirdi. Arabir önəmli məlumatlarda verirdi. Bir gün İvan belə bir məlumat verdi. Çar ordusunun keçmiş bir zabiti bizə beş yüz mauzer fişəngi, bir neçə tüfəng vermək istəyir. Çayın kənarında yerini də nişan verdi. Mən həmin yerə silahdaşlarımızdan üç nəfər göndərdim. Onlar da təhlükəsiz şəraitdə bu silahları və sürsatı götürüb gəldilər. Ondan şübhələnən bolşeviklər həmin yerdən İvanı yox etdilər. Vaxt, zaman keçdikcə bizə məxsus olan ərazilər daralırdı. Kiçik qardaşım Əsədə toy etmək üçün Samuxa gəlmişdik. Toya hazırlıq görülürdü. Bizim evimiz kənddən bir az aralı idi. Evimizlə kəndin arasında bir məscid tikdirmişdim. Bolşeviklər gecə ikən gizlicə məscidin damına pulemyot çıxarmış və bizim evi hədəfə almışlar. Bizsə xəbərsiz idik. Düşmən ayıq imiş. Göyçay, Qarabağ, Şəki, Ağdaş və Zaqatalanın dövlət adamları Gəncə, Şamxor, Gədəbəy, Qazax bolşevik qüvvələri həmin gün Ramazan oğlu Rüstəmin üstünə hücum etmək üçün hazırlıq vəziyyətinə gətirilibmiş. Bunlardan xəbərsiz olan qardaşım Şirin xalam gilə gedərkən tutulmuş, bundan xəbərimiz olmamışdı. Sabah namazından əvvəl tövləyə gedib atları yoxladım. Geri qayıtdım. Şübhəli bir fakt gözə dəymirdi. Gün çıxar-çıxmaz güllə səsi eşitdik. Bu güllə məsciddən bir silahdaşımıza atılmışdı. Silah səsləri çoxalanda məsələ aydınlaşdı. Məsciddən evimiz güclü atəşə tutulurdu. Hər tərəfdən milis nəfərləri evimizi mühasirəyə almaq üçün sürünə-sürünə bizə tərəf irəliləyirdilər. Birdən milislər “Ura” deyərək hücuma kecdilər. Biz evin içində 7 nəfər idik. Onlar isə çox idi. Lakin onlara göz açmağa imkan vermədik və Göyçay icra komitəsinin rəhbəri Məhəmməd bəyi əsgərləri ilə birlikdə öldürə bildik.Ayağa durmaq istəyən yerə sərilirdi. Bizdən isə yalnız bir nəfər yaralanmışdı. Bizə ardıcıl olaraq “təslim olun” deyə qışqırırdılar. Lakin müsəlman olduğumuza görə məscidə atəş açmırdıq. Məhəmməd öldürüldükdən sonra bir az atəş zəiflədi. Toy üçün heyvanlar gətirməyə gedənlərin də bu vuruşmadan heç bir xəbərləri yox idi. Onlar heyvanlarla kəndə girəndə atəş səslərini eşidirlər və elə başa düşürlər ki, atəş səsləri toy şənliklərindən gəlir. Fəqət yaxınlaşdıqda hər şey aydın olur. Onlar heyvanları buraxıb kommunistlərin arxasında mövqe tutub atəş açırlar. Beləcə iki atəş arasında qalan bolşeviklər qaçmağa üz tutdu. Axşama yaxın toy yeri cəhənnəmə dönmüşdü. Uşaqları və qadınlarımızı götürüb kəndimizdən uzaqlaşdıq. Xalam oğlu Hüseyni vurmuşdular, onun atası bir-iki il əvvəl bolşeviklər tərəfindən edam edilmişdi. Bolşeviklərə qarşı kini olmayan yox idi. Partiyaya daxil olanlar da bizə kömək etməyə can atırdılar. Ortalıq sakitləşəndə düşmən tərəfdən ölənlərin saçlarından tutub bir yerə topladıq. 37 cəsəd vardı. Yaralılar arasında “barmaqsız Nadir”də gözümə dəydi. Mən ondan nə üçün bunlara qoşulduğunu xəbər aldıqda dedi : -Biz buraya xəbərsiz gətirdilər. Bizi tamamilə başqa bir məqsədlə toplamışdılar. Mən silahdaşlarımızdan İskəndəri axtarırdım. Bir də nə görsəm yaxşıdı. Bu ağır mübarizədə o qədər yorulub ki, başını bir cəsədin kürəkləri üstünə uzadıb mışıl-mışıl yatmaqdadı. Ertəsi gün leşləri arabalara yüklədib vilayət mərkəzinə göndərdim. Qanlı bolşeviklərə qan udduran Ramazan oğlu Rüstəmin üzərinə gedən qüvvələr onu tapmadıqdan sonra bizi təqib etmək üçün qərar çıxararaq Samuxa doğru irəlilədikləri barədə məlumat aldım. Lakin onlar bizim yanımızdan qaçan milislərlə qarşılaşdıqdan sonra Samuxa gəlməyə qorxaraq geri döndülər, arabalardan aparılan cəsədləri gördükdən sonra isə mütəəsir olaraq yeni planlar cızmaq üçün arxaya çəkilirlər. Vurulan xalam oğlu Hüseynin dəfnilə məşğul idik. Birdən kənd icra nümayəndəsinin bizə doğru qaçdığını gördük. Çox həyacanlı şəkildə mühasirəyə alındığımızı bəyan etdilər. Hazırlaşmağa da vaxtımız qalmamışdı. Bir azdan güllələr dolu kimi başımız üzərinə yağmağa başladı. Təkrar olaraq yeni vuruşmaya girişdik. Mən qaçaraq evə girdim, beş yüz metr aralıda isə dəyirman vardı. Milislərdən birinin atını dörd nala çapıb dəyirmanı tutmağa getdiyini gördüm. Atdığım birinci güllə boşa getdi. İkinci güllədən sonra milisin atı ilə bərabər aşdığını hiss etdim. Basqı getdicə qızışırdı. Axşam düşsə də atışma kəsilmirdi. Biz onları bir az üstələnmişdik. Ancaq onların qüvvələri çoxalırdı. Yeganə çarəmiz – sürünüb aradan çıxmaq idi. Süründüyüm zaman bir böyürtkənli çalaya düşmüşdüm. Mən çaladan çıxmaq istəyəndə qaçaqlar bağırdılar : -Başını əy səni vuracaqlar. Bizimlə vuruşan milislərin içərisində Birinci Dünya müharibəsində bir yerdə döyüşdüyüm İdris də vardı. Onunla dost idik. Onlar məni görmüşdülər. Bu zaman məni nişan alan milisə İdris qışqırır: -Ona atəş açsan mən də səni öldürəcəm o, kommunist olsada ləyaqətini saxlamışdı. Axşam qaranlığından istifadə edib oradan da uzaqlaşa bildik. Bizdən sonra həmin yeri darmadağın etmişdilər. Evimin qarşısında yaxşı bağ salmışdım. Əllərindəki qılıncla həmin ağacları doğramışdılar. Kəndimizdəki 18 ev tarmar edilmişdi. Ağabəyim Şirini tutub evimizə gətirirlər, onun öldürülməsi məsələsi ortaya atılanda bu iş Gəncə vilayəti İcra Komitəsinin rəisi Əli Məmmədova həvalə olunur. Kommunist olmasına baxmayaraq xalqımızın adət-ənənələrinə sadiq qalan Məmmədov : -Mən bu evdə çörək yemişəm. O, çörəyi itirə bilmərəm. Amma bu evi öz əlimlə dağıdaram – deyir. Şirini edam edib, evimizi yandırırlar. Onun cəsədi buradan aparılmasın deyə həmin yerə qaravolçular təyin edilir. Onlar bu üsullarla bizi təslim etmək niyyətindəydilər. Biz yenə dağda-daşda,ormanlarda dolaşırdıq. Aradan bir müddət keçmişdi. Gəncə şəhərinin İmamlı məhəlləsindən Səid Əli adında bir köhnə dostumu hökümət tərəfindən Tomuluya göndərirlər. Orada Şirinin oğlunu görür deyir ki, atasının cənazəsini çıxarıb dəfn etmək üçün ərizə ilə müraciət etsin. Beləliklə, Şirinin meyidini çıxarıb dəfn edirlər. Artıq ilk bahar gəlmişdi. Samuxun Yelləngüc kəndinin yanında sıx bir orman vardı. Kür çayı bu ormanın yanından axırdı. Biz də ordaydıq. Bir gün qarovulçu xəbər verdi ki, bizi yenidən mühasirəyə alıblar. Qamçını qaçaqlara verib onun nişan verdiyi yerə gəldim. Öz qəddarlığı və namərdliyilə tanınan qəddar çekist gəmiçi Kərimlə üz-üzə gəldik. Onlar bizi axtarırdılar. O, silaha əl atınca mən onun ağzından gülləylə vurdum, yanındakı iki köməkçisini də öldürdüm. Aradan yarım saat keçməmiş kənddəki rus əsgərləri bizi mühasirəyə saldı. Biz keçidi tutub, hücum edənləri öldürdük. Camal yaralanmışdı. Axşamadək atışıb qaranlıqda aradan çıxa bildik. O ilin baharıydı. Yelləngüc kəndinin dəyirmanı yaxınlığında dolaşdıq. Ağcaqanadlar qara bulud kimi başımızın üzərində qaynaşır, bolşeviklər kimi onlar da bizə aman vermirdilər. Qarasaqqaldan Beçə oğlu Məcidin oğlu Hilal ilə çoban Yusifin oğlu Cəlil barama qurdu yetişdirmək üçün xalqa əvvəlcədən pul vermək üçün əraziyə gəlmişdilər. Hər ikisi də kommunist olmuşdu. Onları tanıyırdım. Yanıma çağırtdırdım. Gəldilər. Haraya getdiklərini soruşanda barama yetişdirmək üçün xalqa avans pul verdiklərini anlatdılar. Onlardan nə qədər pulları olduğunu soruşduqda 6 min – deyə cavab verdilər. Bizim pulumuz qurtarmışdı. Mən dedim – Hökümətin pulu bizə halaldır. Pulları verin. Pulları əllərindən aldım. Zavallı insanlar olduğuna görə onlara toxunmadım. Fəqət kommunist olduqları üçün onları da sonradan öldürəcəkdim. Mən – dəlləyiniz yoxdumu, nə üçün saçlarınız belə uzundur, siz qadınsınızmı – deyə soruşdum. Yanımdakı silahdaşımdan ülgücünün olub-olmamasını xəbər aldım – var, deyə cavab verdi. Ondan bunların başlarını qırx. Bəhanə edən silahdaşım – axı, ülgüc kordu. Onda gərək dərili zadlı başlarını soyum, - deyə cavab verdi. -Bir azdan hər ikisini daz başla yanıma gətirdi. Onların hər ikisini ağaca bağladım. Ağcaqanadlar sürütək onlara hücum çəkdi. Mən qoy ağcaqanadlar onlardakı rus qanını sorsunlar – dedim. Bunu dedikdə ikisidə yalvarmağa başladı. – Qasım ağa amanın bir günüdü, bizi öldürmə. Mən dedim : -Axı, siz kommunistlərin qanunlarında mərhəmət yoxdu. Onlar yenə yalvarır bildirdilər ki, bizi buraxsanız bu dediklərinizi rəislərimizə çadırarıq. Axşam üstü onları sərbəst buraxdım. Hər ikisi arxaya baxmadan şəhərə doğru qaçdılar. Onlar şəhərə çatıb tanınmış bir qəzet redaktorunun yanına getdilər. Bildirdilər ki, “Dəyirman göl yanında Qasımın bir dəlləyi var adamın birini üç minə taraş edir. İcra Komitəsi rəisi istəyirsə buyursun” Bu yazı qəzetdə çıxır. Onlar başlarına gələni də danışırlar. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
1923-cü ilin yayında Zaqatalanın Uzun Qazmalar kəndində Osman adında bir dostumuzun evində qonaq idik. O, mərd bir kişiydi. Bizi ərzaqla təmin edib mühüm məlumatlar verirdi. Onların kəndi bağlı-bağçalı cənnətə bənzər bir əraziydi. Osman mənə maraqlı bir əhvalat danışdı. Dedi ki, bu günlərdə səhər tezdən bağı yoxlamağa çıxmışdım. Gördüm ki, uzunboylu, qüvvətli bir rus meyvə ağaclarının arasında mənim dəryazımla ot biçir. Ona yaxınlaşıb soruşdum : -Sən nə üçün icazəsiz mənim bağıma girmisən ? O, bu sözümdən hirslənib üstümə şığıdı. Əlindəki dəryazın sapı ilə məni döyməyə başladı. Başımı əyməsəydim dəryazla boğazımı üzmüşdü, qorxudan fındıq kollarının arasına girdim. O yenə sakitləşmirdi. Yenidən üstümə hücüm çəkdi. Sonra əlindəki dəryazı tullayıb əyləşdi. Cibindən tənbəki çıxarıb qəlyanını doldurdu. Mən hiss etdim ki, o çox kədərlidir. Mənə də tənbəki uzadıb, çək- dedi. Sonra mənə üz tutub – Oğlan bir yaba o nədi ki, məni təhqir etdin ? Mənim kim olduğumu bilirsənmi ? Axı, mən məşhur fabrikant, milyoner Morozovların nəslindənəm. Ölümdən qaçdım ki, izim itsin. Hər şeyimizi əlimizdən aldılar. Sən elə bilirsən ki, bu qədər bağ-bağça sənə qalacaq ? Bolşeviklər sizidə dilənçi qoyacaqlar. Onun bu sözləri mənə çox təsir etdi. Sonralar dostlaşdıq. Ara-sıra görüşüb siqaret çəkirdik. Söhbətimiz tuturdu. Osmanın bu söhbəti mənə də çox təsir etdi. Günlər keçir bolşeviklər isə qüvvətlənirdilər. Təslim olmaq isə ağlımıza belə gəlmirdi. Gəncənin Gədəbəy nahiyəsində Məcid bəy, yaxınları və oğlanları ilə qış aylarında dağların zirvəsindəki Koroğlu qalasına çəkilmişdi, fürsət düşdükcə bolşeviklərə divan tutub onlarla əsgərini məhv edirdi. Mağara ətrafında qarın hündürlüyü bir metrə çatdığından yerləri bəlli deyildi. Nəhayət onların yerlərini müəyyən edib qarı təmizlətdilər. Mağara yaxınlığında istehkam qurub xeyli qoşun gətirdilər. Məcid dəstəsiylə davaya girişdi. 12 gün çarpışma oldu. Mağara ətrafı bolşeviklərin meyidlərilə dolsa da qoşunun ardı-arası kəsilmirdi. Məcid dəfələrlə özümüzünkülərə : -Siz, arxa tərəfdən aradan çıxın, mən qoşunun qarşısına heç olmasa bir saat saxlaya biləcəm – desə də heç bir silahdaşı onu tək buraxmadı. Lakin Məcid sonuncu dəfə onlara əmr edir. Adamlarının xeyli hissəsini aradan çıxarır və özü tək başına üç gün, üç gecə döyüşür. Silah-sürsatı qurtardığını hiss edib sonuncu gülləni ürəyinə sıxır. O öləndən sonra da bir müddət bolşeviklər mağaraya girməyə cürət etmir və nəhayət oraya bir nəfər daxil olub Məcidin öldüyünü görür və çıxıb bolşeviklərə muştuluq verir. Yenə Gədəbəyin İnəkboğan kəndindən Məlik bəy, Qaraağac kəndindən Molla Zeynalın oğlu Abuzər, Gədəbəyin özündən Mustafa ağa eyni vaxtda bolşeviklərlə döyüşürdülər. Bizim dəstəmiz də fürsət tapıb basqın edir, bolşevikləri göz açmağa qoymurdu. Samuxun Ocaq kəndi yaxınlığında dağ ətəyində Sarısu deyilən yerdə qoyun sürüləri vardı. Neçə müddət idi ki, bu ərazidə gəzib-dolaşırdıq. Sürülər dərənin içindəydi. Növbətçi bizə əlli nəfərlik bir dəstənin yaxınlaşdığını xəbər verdi. Biz onları görsək də onlar bizi görə bilmirdilər. Onlar sürülərə yaxınlaşıb atlardan endilər.Çobanlar gələnlərin atlarını çəkib bağladı. Onların komandiri İdrisi yaxşı tanıyırdıq. Bu canavar harda olursa-olsun qaçaqların yerini öyrənmək üçün günahsız insanlara işkəncə verir, bəzən dəmiri qızdırıb danışmayanlara heyvan kimi dağ basıb öldürürdü. O da atından endi. Çobanın çomağını alıb kəlləsinə vurmaq istəyəndə güllə ilə sağ qolunu qırdım. Sonra nərə çəkib “təslim olun” deyə bağırdım. Güllələr dolu tək yağdığını görən bolşeviklər silahlarını atıb təslim oldular. Hamısını mal damlarına doldurduq. İçərisində Mühiddin adlı bir yaşlı adam vardı. Onunla həmin sürünün sahibi mənə yalvarmağa başladı. Qasım dedi : -Əgər bunları öldürsən bizim nəslimizi kəsəcəklər. Bu dağlarda çoban qalmayacaq. Mən bunu başa düşürdüm. Qaçaqlar İdrisi tövlədən çıxarıb xəncərlə qırılan qolunu kəsib tək qolla buraxdılar. Aylar-illər keçirdi. Daimi yerimiz olmadığı üçün ormanlarda, dağda-daşda gəzib dolaşırdıq. Ara-sıra döyüşlərimiz də olurdu. 1927-ci ilin son bahar ayında bizimlə görüşmək üçün Moskvadan bir dəstə adamın gəldiyini xəbər verdilər. Yanıma adam göndərdilər. Mən görüş yeri təyin etdim. Bizə təslim olmağı da təklif etdilər. Əgər təklif qəbul olunsa bizə toxunulmayacağına və vəzifə verəcəklərinə də söz verdilər. Onların içərisində Şükrü Köçərli adlı bir vəzifəli adam da vardı. Mən hiss etdim ki, onun mənə deyəsi məxfi sözü var. Bir az kənara çəkildim. Ələs də yanımdaydı. Şükrü ona şübhə ilə baxdıqda – doğma qardaşımdı, dedim. O isə sakitcə dedi : -Qasım bəy, bu vədlərə inanma, səni tutan kimi öldürəcəklər. Heç vaxt təslim olma, yeganə ümidim sənədi. Bu insan əsl türk qanı daşıdığını sübut edirdi. Əgər kommunistlər içərisində Şükrü kimilər olmasaydı allah bilir ki, xalqımızın taleyi necə olardı. Fəqət belələrini də qısa zamanda “rus mujikləri”, “erməni dığaları” ilə əvəz etdilər. Axırda Şükrü bizi toplayıb nitq söylədi: - Yoldaşlar, təslim olun, əks təqdirdə məhv olacaqsınız. Hələ ki, imkan var. Onun bu nitqini dinlədikdən sonra yollarımız ayrıldı. Onlar Gəncəyə, biz isə ormanlara üz tutduq. Ceyran düzü deyilən böyük bir ərazidə “Qanlıdərə” adlı bir yer vardı. Mənbəyini Gürcüstan ərazisindən götürən çay yağışlı havalarda aşıb-daşır, hər il həmin yüzlərlə adam sulara qərq olurdu. Ona görə də həmin yerə “Qanlıdərə” deyirdilər. Həmin dərənin kənarı münbit olduğundan otların hündürlüyü bəzən bir metrə çatırdı. Biz ora gəldik. Ərzağımız tükənmişdi. Suyumuz da yox idi. Ümidsiz halda otlaq sahələrinin içərisində gəzməyə başladım. Birdən ayağıma nəyinsə ilişdiyini hiss etdim, aşağı əyildikdə gözlərimə inanmadım. 10-12 kiloqramlıq qarpız idi. Yəqin ki, ötən il kimsə burada qarpız yeyib tumunu da torpağa basdırıb, arzulayıb ki, qismət olsa gələn il gəlib dərərəm. İndi isə həmin qarpızlar bizim ruzimiz oldu. Hər tərəf yetişmiş qarpızla doluydu. Mən ayağımın altındakı dərib qucağıma aldım. “Qarpız satıram, alan varmı” deyə çığırdım. Zavallıların susuzluqdan ağızları qurumuşdu. Onlar da mənə tərəf gəlib hərəsi bir dənə qarpız dərdi. Əyləşib doyunca yedik. Allahın bizə qismət etdiyi nemət idi. Dövlət adamları ilə görüşümüzdən bir ay keçmişdi. Yerimizi dəyişmək üçün sallarla Kürü keçib gecə düşdüyünə görə dincəlmək istədik. Ağacların dibində yapıncıları salıb uzandıq. Qardaşım Əsədlə Fidail növbətçiydi. Məni yuxu apardı və yuxuda gördüm ki, əzrayıl gəlib bir nəfərin canını almağa, qışqırıb ayıldım. Qaçaqlar yorğun olduğundan hamısı yatmışdı. Ayağa qalxıb növbətçiləri yoxladım. Onlar da şirin-şirin yuxudaydı. Əsədlə Fidailin qamçılarını və silahlarını götürüb gizlətdim. Sonra isə - “təslim olun”- deyə qışqırdım. Onlar möhkəmcə qorxdular. Səhər tezdən isə qoyun kəsib yemək hazırladıq. Əlavə iki atlı qonağımız da gəldi. Biz yemək hazırlamaqla məşğul olan zaman qarşımızdan dörd arabanın keçdiyini gördük. Arabalarda on nəfər əyləşmişdi. Onlara baxıb şübhələndim, qalxıb yanlarına getdim. Yaxınlaşdıqca şübhəm daha da gerçəkləşirdi. Əyinlərindəki paltarların qolları bəzisində uzun, bəzisində isə qısaydı. Bu paltarların onlara məxsus olmaması aydınca hiss olunurdu. Bunlar işçi paltarlarına bürünmüş rus əsgərləriydilər. Arabalara yaxınlaşanda isə otların altında parıldayan dəmir əşyalar gördük. Yəqin ki, iriçaplı makinalı silahlar idi. Onların başçısı zalım bir insan kimi tanınan kommunist mühəndis Vasili Fyodroviç idi. Arabanın arxasında isə Qubalı Abdullayev əyləşmişdi. Mən Abdullayevə salam verdim. O da salamımı aldı. Hara getdiklərini soruşduqda dili topuq çaldı. Başa düşdüm ki, onlar bizi mühasirəyə salıb məhv etmək üçün əraziyə gəliblər. Mənə yanlış bir məlumat verdi ki, güya Kürün üzərində yeni keçid tikəcəklər. Mən xeyirli olsun – deyib geri döndüm. Bir az uzaqlaşmışdım ki, bir əl bombasının mənə tərəf atıldığını gördüm. Xoşbəxtlikdən bomba bizdən aralı bir ağacın ətrafındakı qumsallığa düşdü və orda ağaca bağladığımız bir at param-parça oldu. Elə bu zaman qaçaqlardan biri: - Nə durursan arxadan gələn kafiri gəbərtsənə - deyə qışqırdı. Mən arxaya dönər-dönməz onu cəhənnəmə göndərdim. Amansız mücadilə başladı. Atəş səsindən barıt iyindən durmaq olmurdu. Bizdəndə ölənlər oldu. Əmim oğlu Cəbrayıl isə ağır yaralandı. Bizim isə əsas məqsədimiz Vasili və Qubalı Abdullayevi vumaq idi. Buna da nail olduq. Onları öldürdükdən sonra milislərdən də məhv edə bildik. Sağ qalanlar isə canlarını qurtarıb qaçdılar. İki yaralımızı aparmaq üçün müsafirlərimiz öz atlarını bizə verdi. Axşam tərəfi olduğuna görə həmin yerdən aralanmağı qərara aldıq və yolda qarşımıza çıxan iki əsgəri də öldürdük. Biz doqquz nəfər idik. İki yaralı at belində biz isə piyada yol gedirdik. İçimizdən ən yaşlısı Rüstəm Ağabəy idi. O, bizlə ayaqlaşa bilmədiyindən ayaq saxlayıb soruşdum: -Ağabəy, bəlkə nəsə olub görürəm ki, çətin yeriyirsən ? O, qaçaqlara bildirmə, yaralıyam dedi, bağırsaqlarım da bayıra çıxıb. Onun qoluna girdim. Bir təhər Ceyran çölündə Kərbalayi Hacıların arxasınca gəldik. Hacı bizi qonaq etdi, qoyun kəsdirdi. Yeməyimizi yeyib yaralıların yaralarını sardıq və sonra yerimizi azdırmaq üçün əlimizdə olan iki atıda güllələyib dərəyə atdıq. Hacı bizə iki qatır verdi, yaralılar qatırlarda, biz isə piyada Ceyran çölünün ucsuz-bucaqsız ərazisilə irəliləməyə başladıq. Qarşımızda sürü-sürü ceyranlar qaçırdı. Ramazan oğlu Rüstəm bir ulduzu göstərib, bu ulduza tərəf gedək, indi çobanların arxacları görünəcək – dedi. Arxaclara yaxınlaşanda mən qurd kimi ulamağa başladım. Səsini eşidən çoban itləri hürməyə başlayanda arxacların yaxında olduğunu anladıq. Biz, bir azdan “Koroğlu mağaraları” deyilən yerə çatdıq. Çobanlarla görüşdük və izimizi yox etmək üçün onlar gəldiyimizi yolla qoyun sürülərini gəzdirdilər. Bu mağaralarda bir ay yarım dincəldik. Çobanlar bizi ətlə və ərzaqla təmin edirdilər. Havalarda tədricən isinməyə başlayırdı. Biz həmin yerdən ayrılıb Şəmkir istiqamətinə getdik. Şəmkir stansiyası və ilə Qaracaəmirli kəndi arasında bizi təqib edən, məhv etmək istəyən yerli kommunistlərdən Əmirxan Əlirza oğlunu və dəstəsinin yerini öyrənib hamısını güllələdik. Sonra yerimizi dəyişib Quşqara çayı tərəfdəki vadidə gizlənə bildik. Ora qamışlıq idi. Baharın gəlməsi, ağacların çiçək açmasından məlum olurdu. Bir neçə gün dincəlib ulduzlarla istiqamətimizi təyin etdik. Yenidən Samuxa döndük. Bir müddət keçdi və eşitdik ki, Gəncə yaxınlığındakı Safıkürd kəndindən Yüzbaşı Cəlal bizi yaxalayıb öldürmək, yaxud dövlətə təhvil vermək barədə tədbirlər görür. Bu barədə dövlət məmurlarına söz də verib. Bu adam həmin kənddən bir nüfuzlu imamın oğluydu. Samuxa qoşun çəkən Cəlalı atası çağırıb deyir : -Oğlum, Samuxa gedən geri qayıtmır. Allahdan qorx, bu işdən əl çək – deyə onu fikrindən daşındırmaq istəyir. Cəlal isə - Mən Allah filan tanımıram. Mənim Allahım kommunizmdir. Söz vermişəm, gərək Qasımın kəlləsini gətirəm – deyir. Biz, Qavrı çayının kənarında istirahət edib yeni mücadiləyə hazırlaşdığımız vaxt bir çobanın bizə tərəf gəldiyini gördük. O tanışımız idi... Mən yerimdən qalxıb onu qarşıladım. Hal-əhval tutub dedi ki, bir yüzbaşı ilə bir neçə əsgər səninlə görüşmək istəyir. Mən cavab verdim : -Get söylə ki, ayrılıqda özü və iki əsgərilə gələrsə görüşə razıyam. Çoban bizdən ayrıldı. Axşam üstü onlar vədləşdiyimiz yerə gəldi, mən də önəmli yerlərə adamlarımı düzüb onları gözləyirdim, yaxşılıq əvəzinə yüzbaşı yavalıq etməyə başladı. Onların planları beləymiş ki, danışıqlar bitəndə pusquda olanlar hücum edib bizi tutsunlar. Bundan da heç birimizin xəbərimiz yox idi. Mən silah səsi eşitdim. Bunu bizimkilərin atdığını his edib : -Bu qonağa hörmətsizlikdi – deyə qışqırdım. Sonra öyrəndim ki, qaçaqlardan biri vurulub. Cəbrayılı öldürüblər. Bu zaman növbətçi dayanan qardaşım Ələs bizə tərəf qaçıb qışqırdı – nə durursan – deyərək Əsəd də silaha sarıldı. Mən danışığa gələnlərin vurulmamaları üçün araya girdim. Elə bu vaxt hiss etdim ki, yüzbaşı məni nişan alıb. Lakin mən çevrilməmiş Ələsin gülləsi qoltuğumun altından keçib yüzbaşını yerə sərdi. Bu hadisə bir anlığa baş verdi. Gələnlərin ikisini də mən öldürdüm. Aləm cəhənnəmə bənzəyirdi. Aralıda qardaşım Əsədi gördüm. O dayanmışdı. Mən ona tərəf qışqırdım: - Niyə dayanmısan ? yaxın gəlsənə ? O, mənə - dur, dedi, məni yaraladılar. Barı siz döyüşü davam etdirin. O sonra sürünə-sürünə bizə yaxınlaşdı. Ağır yaralıydı. Bu da azmış kimi şiddətli yağışda yağmağa başladı. Elə o anda da bizlə döyüşənlər qaçıb getdilər. Mən qaçaqları yoxladım, məlum oldu ki, iki nəfər yoxdu. Belə hallarda bizim parolumuz vardı. Qurd kimi ulamağa başladım. Bir az keçdikdən sonra cavabını aldım. Onlarla qovuşa bildik, gecəni isə yaxınlıqdakı bir arxacda qalmalı olduq. Sol ayağından yaralanan qardaşım Əsədi bir ata mindirib Alazan çayını keçdik. Sonra isə daha təhlükəli bir yerdən keçməliydik. Yaralı qardaşım Əsəd özünün bizə yük olmasına dözmürdü. Tələb edirdi ki, onu buraxıb gedək. Silahını da yanında saxlayaq. Gücü çatdığı qədər düşmənlə mübarizə aparıb son gülləsini də özünə vuracaq. Bu əl kişilik idi. Lakin biz hamımız ölsək də Əsədi qoyub getmək ağlımıza belə gəlmədi. Allah burda da bizləri qorudu. Hamımız sağ-salamat keçidi adladıq. Dağ ətəyindəki sərt qayalara sığındıq. Orada Əsədin vəziyyəti tamam ağırlaşdı. Neçə gün idi ki, yuxu yatmırdı. Qarnı da qaval kimi şişmişdi. Mən bir qoyun kəsdirib dərisini su ilə doldurdum, qamışdan da boru düzəltdik. Sonra Əsədi imalə etdik. Ona yalnız süd və su verirdik. Bu zaman Zaqataladan qaçaq Şüayib də 25 nəfərlə gəlib çıxdı. Onların arasında həkim də vardı. Mənu bunu gizlicə həkimə bildirdim və o da Əsədin müalicəsi ilə məşğul olmağa başladı. Bir iki gündən sonra Şüayib dəstəsilə çıxıb getdi. Biz isə vətənimiz Samuxa doğru yol başladıq. Ona görə ki, ordakı insanlara inamım yox idi. Səhər erkən “təslim olun” çığırtısı bizi çaşdırdı. Üstümüzə basqın etmişdilər. Həmin gün axşamadək atışmamız davam etdi. Bir nəfərimiz yaralansa da onların çoxunu öldürə bildik. Sonda isə atışa-atışa bir kəndə girdik. Qorxusundan heç kəs bayıra çıxmırdı. Bizimlə atışanların birini tutub ağacla döyə-döyə öldürdük və yerimizi dəyişdik. Yenə də bizi məmləkətimizin xeyirxah çobanları qorudular. Bolşeviklərin qaçaqları öldürmək üçün qızışdırıb ortaya atdıqları bir nəfər də öz qəddarlığı, namərdliyilə aləmə bəlli olan çoban Qasım idi. Bu insan öldürdüklərinin qanını içməyə hazır idi. Bizim olduğumuz yeri Qasım dövlət adamlarına nişan verdiyinə görə ətrafımıza xeyli canlı qüvvə toplamışdılar. Yerimizi dəqiqləşdirmək üçün çobanlara işgəncə verirdilər. Bu zaman Bincalı qəbiləsindən olan bir gənc qan-tər içində özünü bizə çatdırıb bəzi məqamları anlatdı. Bu xəbəri alıb ormandan keçən şose yolunu nəzarətə aldıq. Bir az irəlidəki qəsəbədən siqaret almaq məqsədilə iki silahdaşımız bizdən ayrılmışdı. Bu zaman şose yolu tərəfdən yaxşı tanıdığım Məhəmməd dayının sürüsünün bizə tərəf gəldiyini gördüm. O yanımıza çatdı. Mən hal-əhval tutsam da Məhəmməd dayı bir kəlmə də danışmırdı. Əlini ağzına qoyub susurdu. Sürü yanımızdan keçən anda arxadan bizi tutmağa gələnləri gördüm. Onlar isə bizi görmürdülər. Bolşevik qüvvələri tam yaxınlıqdaydı. Böyüklərinin adı Qəmbər idi. Onlarla atışmağa başladıq, aralarına vəlvələ düşdü. Yaxınlıqdakı kəndi çox yaxşı tanıyırdım. Onların hansı evə gedəcəklərini də zənn etmişdim. Bu vaxt Fidail bir siqaret yandırdı. Bir iki udum çəkib mənə tərəf qışqırdı : -Gəlirlər, - Onun qımıldamağa belə halı qalmamışdı. Çoban Qasımın və adamlarının bizə doğru gəldiyini gördük. İkimiz də eyni anda atəş açdıq. Qasımın atdığı güllə başımın üstündən boşa getdi. Mən isə hərifi düz köksündən vurmuşdum. Aləm yenə cəhənnəmə döndü. Qanlı bir döyüş başladı. Çoban Qasım ağır yaralı halda sürünüb şose yoluna çıxaraq yol ilə gedən arabaçıya yalvarırdı ki, onu aparsın. Arabaçı əvvəl tərəddüd etsə də sonra onu arabaya uzadıb üstünü samanla örtdü. Mən bunu görsəm də bir şey əlimdən gəlmirdi. Ona görə ki, hədəfdə mən idim. Vuruşma isə şiddətli gedirdi. Yerimdən qımıldamaq məqsədə uyğun deyildi. Ormanı yaxşı tanımayanları bir-bir məhv edə bildik. Qalanlarını isə qovalaya bildik. Hacı Qurban oğlu Sarı Qafar, Saro və Faxralı Çoban Qasımı Qurutlu körpüsündə pusquya salıb öldürdülər. Sarı Qafar igid bir qaçaq idi. Hökümət onunla bacarmadığı üçün öz yaxınları tərəfindən öldürtmək niyyətinə düşdülər. Əmisi oğlu Talıb satqınlıq etdi. Alçaqlığı üzərinə götürüb Qafarı təqib etdi və yaylaqda onu yaralayıb öldürdü. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
Ərzaq ehtiyatımız yenidən tükənirdi. İzi itirmək üçün axşam düşəndə Şəmkir istiqamətində yola çıxdıq. Qədirlidəki keçidə çatdıq. Hər keçid bir çavuş və 12 əsgərlə qorunurdu. Onların gecələr atəşdən daha bərk qorxduqları bizə məlum idi. Bərədən keçmək təhlükəli olduğundan bir qayıq oğurlayıb Kür çayını keçdik. Qaçaq Rüstəmin, Təhməzin vətəni Qaracaəmirlidə dəmir yolunun yaxınlığındakı bir evin mal tövləsində 15 gün qaldıq. Ev sahibi ən etibarlı dostlarımızdan biri idi. Mal tövləsinin yarısında biz, yarısında isə mal-qara qalırdı. Axurlarda yatırdıq. Burda da bəxtimiz gətirmədi. Dövlət tərəfindən qaçaqları tutmaq üçün Qaracaəmirliyə göndərilən milislərdən 5 nəfərini də gecələr qalmaq üçün bu evə göndərmişdilər. Həmin adamlarla bizi nazik bir divar ayırırdı. Danışıqlarını aydınca eşidirdik. Onların atları da tövlədə bağlanmışdı. Birdən onlardan ikisi atlarını tumarlamaq üçün tövləyə girdi. Atlarına sığal çəkib çıxdılar. Onlar Seka oynayırdılar. İki düşmən nazik bir divarla bir-birindən xəbərsiz əyləşmişdik. Danışıqlarını da eşidirdik. Arabir Məmmədqasım, Samux sözlərini aydınca eşidirdik. Bunlar vəzifə almaq üçün könüllü milis dəstələrinə qoşulan həmyerlilərimiz idi. Ertəsi gün onlar, iki gündən sonra isə biz kəndi tərk etdik. Yenidən anamız kimi bizi qoruyan ormanlara çəkildik. Sabahı Qədili deyilən bir yerdə keçirdik. Rusiyanın Volqa boyunda olduğu kimi Qafqazın da müxtəlif yerlərində yerləşmiş alman kəndləri vardı. Bunlar ziraət və şərabçılıqla məşğul idilər. Türk-müsəlman xalqları ilə dostluq edirdilər. Biz də onları çox sevirdik. Onlar qızlarını ermənilərə verməz, müsəlmanlarla isə ailə qurmalarına mane olmazdılar. Biz Qədilidə ikən köhnə bir alman dostum Ramazan oğlu Rüstəmdən – Qasımdan nə xəbər – deyə, soruşur. Rüstəm isə cavabında - Qasımın yeri-yurdu bilinməz, deyə cavab verir. Alman təkidlə: - Mən onunla görüşməliyəm”- deyir. Rüstəm – Sən, Kür sahili boyunca gəz, mütləq rastlaşarsan, deyə cavab verir. Biz, ormanda ikən növbətçi bizə doğru bir rusun gəldiyini xəbər verdi. Mən ona – gizlənin, sizə çatanda əlini qolunu bağlayıb kürə atın – tapşırığını verdim. Növbətçi isə dediyimin əksinə onu tutub bizə tərəf gətirdiyini gördüm. Yaxınlaşanda onu tanıdım, köhnə bir alman dostum idi. Biz qucaqlaşıb öpüşdük. Yanımızda bir heyvan vardı, onu kəsib kabab etdik. Almanın gözləri dolmuşdu. Sanki bu dəqiqə ağlayacaqdı. Ayrılarkən sabah axşam adamlarından birini bu yerdə saxla, sizə verəcəyim əmanət var –dedi. Ertəsi gün üç mauzer, 500 fişəng, 200 ədəd tapança patronu və xeyli ərzaq gətirib həmin yerdə dayanmış silahdaşımıza vermişdi. Heç bir hərbi əski illərin din və məzhəb qayğıları, üsyanları bu qədər qanlı olmamışdı. Qosqoca məmləkət ikiyə bölünüb bir-biri ilə vuruşurdu. Bütün Rusiya kimi Qafqaz da, qan gölü içində boğulurdu. Atanın övlada, qardaşın qardaşa etimadı qalmamışdı. Ruslar almanlara “nemets”, türklər isə “nemsə” deyirdi. Biz azərbaycanlılar da onları “lemsə” deyə öz şivəmizlə çağırırdıq. O, qorxulu dövrdə Alman dostunun bu hərəkəti ən böyük insanpərvərlik, humanistlik kimi qiymətləndirilməlidi. Mən onun bu yaxşılığını bütün qaçaq dostlarıma anlatdım. Axı, o zaman bolşeviklərin insanları sorğusuz-sualsız məhv etdikləri illər idi. Çar zamanında Qarabağın Şuşa qalası deyilən yerində Məhəmməd Rzazadə adlı bir şəxs polis komissarı idi. Sovet höküməti qurulanda onu və digər çar məmurlarını tutub öz əllərilə qəbirlərini qazmağa məcbur edirlər. Onlar gecə də qəbir qazmaqla məşğul olarkən Məhəmməd Rzanı qoruyan rus zabiti ondan adını soruşur. O ismini bildirəndə zabit tüfəngini atıb onu qucaqlayır və sonra onu gətirib öz mənzilində gizlədir. Məhəmməd Rza heç nə soruşmur və elə düşünür ki, bu zabit onu orda öldürmədi ki, gətirib evində boğsun. Üç gündən sonra Bakıdan gələn bir heyət Məhəmməd Rzanı əfv edir. Rus zabiti onun xəstə olduğunu hiss edib müalicə etdirir. Bunları anlamayan Məhəmməd Rza rusdan səbəbini soruşanda o deyir, - sən məni tanımadın ? Neçə il əvvəl mən də Şuşa qalasında yaşayırdım və mənə xəyanət edən arvadımı öldürmüşdüm, o zaman məni əfv etdin –deyir. İndi isə get başının çarəsini qıl. O, zabitin adı Vasili idi. Qafqaz millətləri içərisində ən nankoru ermənilər idi. Gəncə ətrafında n Hacı Əgər oğlu Məhəmməd Əli adında bir şəxs var idi. Azərbaycan işğal olunanda o da Türkiyəyə qaçır, orda da işi gətirmir. Moskvaya qayıdır, oradan tutulub edam olunmaq üçün Azərbaycana göndərilir. Biz, Kür kənarındakı ormanlarda çətinliklə də olsa yaşayırdıq. Bahar yaxınlaşırdı. Ormanda axşamladığımız zaman təqribən yüzədək silahlı bizim yanımızdan ötüb getdi. Bizi görə bilmədilər. Ertəsi gün Qavri çayının yanına gəldik. Orada odun və ərzaq tapmaq çətin deyildi. Ət bişirib bir az istirahət etdik. Qaçaqlar yorğun idi. Axşam düşəndə yenidən döyüşdüyümüz yerə qayıdıb 15 gün bir təhər dolandıq. Bu müddət iki dəfə bizə sataşdılar. Bir qaçağı yaralayıb 80 baş mal-qara və nə qədər heyvan vardısa hamısını aparıb getdilər. Bizi təqib edən Qarağaclı qəzasının hökümət rəisi kommunist Musa Cəfərov xalqı toplayaraq deyir. – Biz Qasımı yaxalamadıq, o isə bizim qolumuzu, qanadımızı qırdı, bahar da gəldi, ağaclar yarpaq açdı onu yaxalamaq çətin olacaq. Bu zaman xalq – Qasıma toxunulmasa o heç nə etməz, o ədalətli bir insandı -demişdi. Elə isə biz gedirik. Heç bir qarmaqarışıqlıq olmayacağı barədə siz yazılı izahat verirsinizmi – deyə yenə soruşur. Xalq – verərik – deyə cavab verir. Bundan sonra Cəfərov çəkilib gedir. Beləcə günlər keçirdi. Ağaclar yarpaqlamışdı. Əsgərlər çəkilib getsə də kefimiz yox idi. Heç nəyimiz qalmamışdı. Bir gün Zaqatala tərəfə yol gedirdik. Zaqatala ilə Car arasında bir dar ormanlıq vardı, yolumuz oradan keçirdi. Poçtun da oradan keçdiyini bildiyimiz üçün dayanıb gözlədik və poçtu soyduq. Arabanı üç rus əsgəri müşayiət edirdi. Qənimət kimi xeyli pul, 800 qızıl və əsgər paltarlarını ələ keçirdik. Bundan əvvəl isə içərisində tələbələr olan bir avtobusu saxlamışdıq. Onlara toxunmadıq. Bizim işimiz hökümətnən idi. Bu tələbələrin içərisində türk və müsəlman gəncləri vardı. Onlar bizim kim olduğumuzu soruşduqda – Samuxlu Məmmədqasım - deyə cavab verdim və dedim ki, sizə toxunan olmadı, gedib bizim əleyhimizə danışmayın. Tələbələrdən biri, mənim saatımı aldılar – deyə şikayət etdi. Belə dedikdə mən coşdum və soruşdum – sənin saatını kimi aldı ? O barmağı ilə bizim qaçaqlardan birini göstərdi. Mən saatı geri qaytardım və onlar getdikdən sonra həmin nanəcibin payını verdim. Bundan sonra Alazan nəhrini keçib Zilcə dağına çıxdıq. Atların yəhərlərini aldıq. Dayandığımız yerdən hər tərəf aydınca görünürdü. Durbinlə ətrafı seyr etdikdə topa-topa əsgərlərin bizi axtardıqlarını gördüm. Bizdə yetərincə ərzaq olduğuna görə əyləşib yemək yedik. Bir xeyli dincəldik. Sonra əmir etdim ki, atları yəhərləyin yenidən Samuxa dönürük. Beləcə də geri qayıtdıq. Birinci Dünya Savaşında könüllü olaraq müharibəyə getməyim barədə əvvəldə bəhs etmişdim. Abdulla adlı bir müharibə dostum vardı. O da son zamanlar kommunist olmuşdu. O, əlli nəfərlik dəstəsilə bizim haqqımızda məlumat toplamış, sonra isə Gəncəyə gedib lazımı yerlərə məlumat vermişdi. Aradan bir az keçdikdən sonra isə qəza icra komitəsi rəisi Musa Cəfərov gəlib bizimlə görüşdü. Kommunist olmasına baxmayaraq çox ləyaqətli bir insan idi. Onunla möhkəm əlaqəmiz vardı. O, bizə bir çox vacib məqamları açıqladı. Vəziyyətin yaxşı olmadığını, onun özündən də son vaxtlar, rəhbər işçilərin şübhələndiklərini anlatdı. Sonra ürək ağrısı ilə qeyd etdi ki, bolşeviklər onu da məhv etmək barədə planlar cızırlar. Bu məlumat məni də xeyli kədərləndirdi. Musa kişiyə necə kömək etmək barədə fikirləşib dedim: -Sizə belə bir təklifim var. Sabah eyni vaxtda öz adamlarınla bu dayandığımız yerə hücüm edərsən. Biz bir az kənarda dayanıb başınız üstündən sizə tərəf güllələr yağdıracağıq. Özünüzü isə vurmaq fikrimiz olmayacaq. Burada bizə məxsus qamçılar, əşyalar, bir neçə silah-sursat, yəhər-yüyən atıb gedəcəyik. Rahatca həmin əşyaları toplayıb Gəncəyə apararsan. Hökümətə bildirərsən ki, xeyli atışmadan sonra qaçaqlar aradan çıxdılar. Bu da onlara məxsus əşyalardır. Ertəsi gün bu əməliyyat uğurlu alındı. Musanın dəstəsi əşyaları yığıb Gəncəyə, biz isə ormanlara üz tutduq. Aradan bir neçə gün keçdikdən sonra məlumat aldım ki, Samuxda milis idarəsinin evində iclas olacaq. Mən öz dəstəmdən beş-altı nəfər götürüb çayı keçdim kəndin yaxınlığında atları gizlədib toplantı keçirilən evə yaxınlaşdım. Evin ətrafı bomboş idi. Qoruyucular da gözə dəymirdi. Əlimdə silah, çəkmə ilə evin qapısını açdım. Süfrə arxasında xeyli milis nəfəri əyləşib şam yeməyi ilə məşğul idilər. Mən – heç kəs tərpənməsin – deyə qışqırdım. Milislər donub qaldılar. Səsləri belə çıxmırdı. Bir az sükutdan sonra dedim : - Yoxsa lal oldunuz ? Səsiniz niyə çıxmır ? Milis rəisi Şahmalıyev : -Loxmamızı boğazımızda qoydun, necə danışaq, - deyib, donquldandı. Onun əlindən qaşığı alıb süfrəyə əyləşdim. Onlara da əyləşib rahataca şam edin- deyə, müraciət etdim. Lakin milislərin boğazından çörək keçmirdi. Süfrə aradan götürüldü. Çay təklif etdilər. Mənim adamlarım bayırda hazır vəziyyətdə dayandıqlarına görə rahatca əyləşmişdim. Dostum Musa Qafarov da onların arasındaydı. O, mənə işarə etdi ki, bayıra çıxaq. Mən razılıq verib evdən çıxdım. Onun oğlunun kirvəsi olduğuma görə cibimdəki bir neçə qiymətli hədiyyəni qəbul etməsini xaiş etdim. Musa boynumu qucaqladı. Gözləri doldu və dedi : - Qasım, sən hamımızın sevimlisisən, canımı da istəsən əsirgəmərəm. Bu bolşevik rejimi, qurduqları dövlət xalqımızı məhvə aparır. Əgər silahlarınızı yerə qoysanız bilin ki, yeriniz cəhənnəm olacaq. Sizi xalqımız bağışlamaz. Mən sonra milislərlə xudahafizləşib ormanlara çəkildim. Bir müddət Samux və Zaqatala arasında dolaşdıq. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
1919-cu ilin baharıydı. Cümhuriyyətimiz bir yaşını qeyd edib iki yaşına qədəm qoyurdu. Cins heyvanları ilə məşhur olan Tomulu kəndinə gürcülər basqın edib beş nəfəri öldürmüş və beş yüzə qədər inək və öküz aparmışdılar. Mənə belə bir məlumat verdilər ki, 50 nəfərlik bir oğru dəstəsinə rus ordusunda zabit olmuş Soso Sokalaşvili başcılıq edib. Mən bu hadisəni Azərbaycan hökümətinə xəbər verdim. Hökümət də öz növbəsində Gürcüstan hökümətinə nota göndərdi. Gürcüstan höküməti bu notaya cavab da vermədi. Aradan 4-5 ay keçmişdi. Öyrəndik ki, gürcü zənginlərindən Qızıl Simonun sürüləri “Dakqa bulaq” deyilən yerdədi. Qardaşım Ələs və Şirin, əmioğlum Camal, Əmir, Qaya, Cavadoğlu Məhəmməd, Yunis, Təkə, İsmayıl, oğlu Nürəddin, Molla Məhəmmədəli, Nəsib, Mədət və Çoban Məhəmmədlə sürək etdik. Onlar da silahlı olduğuna görə sürək uzun çəkdi. Onlardan beş çobanı öldürdükdən sonra 2500 qoyun və 12 qatırı kəndimizə gətirə bildik. Mübarizədə bizdən də iki nəfər yaralandı. Bu hadisədən sonra gürcü höküməti Azərbaycana belə bir ultimatum göndərdi : “Ya aparılan heyvanları, ya da Qasımı bizə təhvil verin”. Bizim hökümət isə Qasıma güc çatmır, nə vaxt taparıqsa onda da təhvil verərik - deyə, cavab verdi. Ultimatumlardan sonra Gəncə vilayəti, alay komandanı Nevitski əlli süvari ilə Samuxa gəldi. Onlar Mahal Qazinin evinə düşdülər. Mahalın evi Yeni Samux deyilən yaşayış məntəqəsində idi. Polkovnik Nevitski gürcü nümayəndələri Dəli Alaksey, Kova və digər zənginlərlə gəlmişdi. Nevitskinin dəvətilə mən də beş nəfərlə onun yanına gəldim. Bir az söhbət etdikdən sonra Nevitski dedi: – Mən buraya sənin gətirdiyin gürcü qoyunlarının qaytarılması üçün gəldim. Sən nə üçün belə iş görmüsən ? Mən, evin pəncərəsindən, yamacda otlayan sürüləri göstərib dedim: -yaxşı eləmişəm, ona görə ki, gürcülər bizdən əvvəl basqın edib 500 inək oğurlamaqla yanaşı 5 çobanımızı öldürüblər. Onların oğurladıqları inəklərin buzovları damlarda mələşir. Heyvanlar da yazıq deyilmi deyərək sözümü bitirdim. Sonra əlavə etdim ki, onlar bizim inəkləri qaytararsa biz də onların qoyunlarını və qatırlarını qaytararıq. Mən bu məsələni həll etmək üçün iyirmi gün vaxt verdim. Bu müddət ərzində inəklər qaytarılmasa bu məsələni həll olunmuş hesab edəcəm – deyib sözümü bitirdim. Onlar öz aralarında bir az söhbət etdikdən sonra çıxıb getdilər. İyirmi gün keçdisə cavab gəlmədi. Bunu dəqiqləşdirib gətirdiyimiz qoyunları, inəkləri oğurlanan kəndlilərə payladım. 1920-ci ilin baharında, qızıl imperialistlər Azərbaycanın paytaxtı Bakını işğal etdilər. 27 aprel 1920-ci ildə iki ilə yaxın fəaliyyəti olan Milli Azərbaycan höküməti istiqlalını itirdi və rusların əsarətinə keçdi. Bunu eşidib mən də Gəncəyə gəldim. Şəhərin irəli gələnləri Sarı İmamquluoğlu Ələkbər və məşhur qaçaq Qəmbər şəhərdəydi. Şəhərin ən hörmətli vətəndaşı Gəncə qubernatoru Xudadat bəy də tutulub Bakıya göndərilmişdi. Onu təpədən dırnağadək silahlı rus əsgərləri müşayət edib vağzala aparmışdılar. O zaman gəncəlilər də ayağa qalxıb Xudadat bəyi azad etmək üçün vağzala toplaşmışdılar. Qubernatoru qurtarmaq üçün tam hazırlıq da görülmüşdü. Xudadat bəy hiss etmişdi ki, bu mübarizədə xeyli insan tələfatı olacaq. Ona görə də vaqonun pəncərəsindən başını çıxarıb xalqa müraciətlə: –“Əziz həmvətənlərim, mən sizdən rica edirəm evinizə gedəsiniz, qan tökülməsin”. Bu müraciətdən məyus olan xalq evlərinə dağılışır. Aradan bir müddət keçdikdən sonra Xudadat bəy də yüzlərlə mücahidlə bir yerdə Bakıdakı Nargin adasında güllələnir. Ən dəyərli və nüfuzlu bir insanın belə vəhşicəsinə bolşeviklər tərəfindən şəhid edilməsi bütün gəncəliləri hiddətləndirir. Şəhər qaynar qazan kimi qaynayırdı. Hər yerdə bolşeviklər divan tutmaq, istilqlalımızı əldən verməmək çağrışları eşidilirdi. May ayının ortalarında hər gecə şəhər qəbirstanlığında toplantılar keçirilir, tədbir görülürdü. Bura toplananlar şəhərin ən nüfuzlu ziyalıları, hörmətli insanlarıydı. Onlar üsyanın planını hazırlayırdılar. 1920-ci il mayın 24-də bolşevik hökümətinə qarşı ilk üsyan da Gəncədə alovlandı. Şəhərdə yerləşən bolşevik qərargahı ələ keçirildi. Yalnız ermənilərin himayəsilə bolşeviklər şəhəri top atəşinə tutmağa nail oldular. Mənə Samuxdan yeni qüvvələr gətirmək tapşırığı verildi. Ona görə də Samuxa yollandım və yolda 500-ə yaxın bolşevik əsgərinin bizə tərəf gəldiyini müşahidə edib onlardan tez özümü Samuxa çatdırdım. Qısa vaxtda 250 nəfər könüllü toplaya bildim. Geri dönərkən bolşevik qoşunları ilə Qarasaqqal ətrafında üzləşdik. Həmin yerləri yaxşı tanıdığımızdan, onları darmadağın etdik və üsyanın ikinci günü Gəncəyə daxil olduq. Bu vaxt özümüzünkülər də bizi tanımadıqları üçün atəş açırdılar. Biz yalnız ağ bayraq qaldırdıqdan sonra üsyançılarla birləşdik. Üsyanı Şeyxli Cahangir bəy, Hacı Əsgər oğlu Məhəmmədəli, Qaçaq Qənbər, Sarı Ələkbər, Tatoğlu Həsən idarə edirdilər. Mənə Dördyol deyilən ərazini qorumaq tapşırıldı. Burada at və insan meyitlərindən tərpənmək mümkün deyildi. Taxıl zəmiləri də məhv edilmişdi. Top mərmiləri, pulemyot güllələri təpəmizə dolu kimi yağırdı. Ermənilər tərəfə çəkilən bolşeviklər sayı anbaan artırdı. Bizə isə yardım gəlmirdi. Nəhayət bolşeviklər şəhərin Üçtəpə istiqamətindən Gəncəyə daxil ola bildilər. Onlar üç gün, üç gecə heç kimə fərq qoymadan – uşaqları, qadınları, qocaları da vəhşicəsinə məhv etdilər. Küçələrdə o qədər meyid vardı ki, hərəkət etmək mümkün deyildi. Leysan yağışlar da bir tərəfdən vəziyyəti ağırlaşdırırdı. Gəncə çayı daşdığından düşmənlərin şəhərə daxil olmasına maneçilik törədirdi. Şəhərin su hovuzları da qızıl qanla dolmuşdu. Evlər, bağ-bağçalar, parklar dağıldığından çaş-baş qalmış camaat hərəsi bir tərəfə qaçırdı. Doğudan gələn və şəhəri güclü atəşə tutan bolşeviklərdən canını qurtarmaq istəyən zavallı xalq əsasən qərbə tərəf qaçırdı. Fəqət qarşılarında qudurmuş dalğaları ilə aşıb-daşan Quşqara çayı vardı. Daş qaya nə varsa sürükləyib gətirən çayın belə axmasını mən birinci dəfəydi ki, görürdüm. Aləm cəhənnəmə dönmüşdü. Qanlı bolşeviklərdən canını qurtarmaq istəyən uşaqlar, qızlar, gəlinlər, qocalar, qarılar özlərini çaya atır sellərdə qərq olurdular. İçi insanlarla dolu arabalar da çayda beşik kimi atılıb tutulur məhv olurdular. Şəhərin quzey tərəfindən iki hissəylə düşmənlərin irəliləməsi bu fəlakəti daha da artırdı. Namus və iffətlərini qoruyan Gəncə qadınları əvvəlcə körpələrini, sonra isə özlərini çaya atıb məhv olurdular. Biz atlarımızla bu zavallı qadınların bir qismini tərkimizdə çayı keçirməyə nail olduq. Lakin başımıza yağan atəşin altında onları tamam qurtarmaq mümkün deyildi. O qudurmuş dalğalarda məhv olan qadınlarımızın məsum çöhrələrini və çoxlarının –“ Qasım lələ - bizi qurtar” deyə nalə çəkdiklərini hələdə unutmamışam. Bu faciə idi, dözülməz bir faciə. Belə hərəkətlərilə bolşeviklər Azərbaycana hürriyyət, qardaşlıq, sosializm gətirdilər. Onlar Gəncəyə daxil olanda şəhər bom-boş idi. Yenə də gəzib gözə görünənləri şəhid etdilər və belə bir ultumatum yaydılar ki, hər kəs on gün içərisində təslim olarsa onlara toxunmayacaq. Onların bu hiyləsini yaxşı bilənlər aldanmadılar. Dağların zirvələrinə çəkildilər. Qanlı tarixlərinə yeni qanlı səhifələr yazmaq üçün hazırlıq gördülər. Məğlub olan Gəncə üsyanı yeni məcraya uğradı. Şərəfsizliyi qəbul etməyən üsyançılarımız mübarizəni davam etdirmək qərarını qəbul etdi. Dağlara çəkilib qaçaq dəstələri düzəldərək döyüşməyə, bu qanı yerdə qoymamağa söz verdi. Çanaqçı kəndindən Sarı Qafar, Saro kəndindən Məhəmmədəli, Gədəbəydən Mustafa ağa və Məlik, Yaqublu dərəsindən( Şınıxdan) Məcid ağa, Xınna dərəsindən Mıka, Həmzə, Dağbasandan Molla Zeynalın oğlu Abuzər, Ayıblıdan Abdulla, Hacılar, Qaracaəmirlidən Ramazanoğlu Rüstəm və qardaşları, Əbdülkərimin nəvələri, Hüseyn və Əli Zülqədərlilər və sülaləsi, Zaqataladan Süayib və qardaşı Məhəmməd, Çar qəsəbəsindən Hacı Bilal oğlu Abdulməcid, Qarabağın Qəzvənd kəndindən Qədir və qardaşları və on minlərlə könüllü ölüm-dirim mübarizəsinə girişdilər. Nadir və qardaşları iki yüzədək bolşevik əsgərini pusquya salıb öldürdülər. Gəncənin Balçılı kəndindən Yunis, Eldardan Məhəmməd Əli və qardaşı Abbas, Hacı Adıgözəl oğlu Zaman, Şəkinin Göynük kəndindən Abdulla və qardaşları Temurxan-Şuradan(Dağıstandan) Uzun Hacı 3 min atlısı ilə birlikdə bolşeviklərlə döyüşürdü. Bütün Qafqaz qaynayırdı. Qan və atəş içindəydi. Bu mübarizə 1920-ci ilin mayından Gəncə üsyanından başlayıb 12 il davam etdi və onlara kömək olmadığı üçün bolşevik qüvvələri tərəfindən məhv edildilər. Gəncə üsyanından sonra biz doğma obamıza Samuxa çəkildik. Bolşeviklər Samuxa gəlməyə ehtiyat edirdilər. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
Mən Gəncə vilayətinin Samux qəzasının Tomulu kəndindəki Arıxlı soyundanam. Atamın adı Məhəmməd, anamın adı Ağa Soltan, Ağabəyimin adı Şirin, qardaşlarımın adı Əsəd və Ələsdir. Doğulduğum kənddə mənə Arıxlının cəsuru Məmməd Qasım deyirdilər. 1897-ci ildə Tomuluda anadan olmuşam. Çar Rusiyası zamanı bizləri məktəbə oxumağa qoymazdılar. Əsgərliyə də aparmırdılar. Ona görədə mədrəsədə mollalardan oxuyub yazmağı öyrənirdik. O zaman Qafqazda hamı at minib, silah gəzdirərdi. Fəqət əsgərliyə aparılanlar çox az idi. Birinci dünya müharibəsində ruslar bizdən də könüllü əsgər toplamağa başladılar. Bu səbəbdən 1915-ci ildə 16 yaşım tamam olduğuna görə mən də könüllü əsgərliyə yazıldım. Bizi Gəncəyə gətirdilər. Topçu alayında üç ay təlim keçməyə başladıq. Alayın komandiri Qarabağlı Səlim Sultanzadə idi. II Dünya müharibəsində İranı işğal edən Rus qoşunları tərəfindən orada öldürülən Sultanzadənin komandirliyi ilə alayımız döyüşmək üçün cəbhəyə yollandı. Biz Kiyevi də keçdik. Avropada əslən Borçalıdan olan İsrafil Yadigarlının alayı ilə birləşdik. Bizim alaydan başqa gürcü, çərkəz, Dağıstan bölükləri də vardı. Gəldiyimiz Proskozevdə zabit həmyerlilərimizlə də rastlaşdıq. Səməd bəy və Qabaqtəpəli Nəbi dayının oğlu İsrafil də orada “ Yüzbaşı” rütbəsindəydi. Gürcü əsilzadələrindən olan general Makalov iki il müharibədə bizə komandirlik etdi. Israfil isə II Dünya Müharibəsində almanlar tərəfinə keçdiyi üçün ruslar tərəfindən öldürüldü. Karpat dağlarında Avstriyalılarla döyüşərkən aldığımız əsirlər arasında türk dilində danışanlar da var idi. Onlar Yaqub Şövqü paşanın əsgərləriydilər. Alman təyyarələri isə hər gün Dunay ətrafını bombalayırdı. Ruslar isə onlara qarşı heç nə edə bilmirdilər. 1917-ci ildə Rusiyada ixtilaf baş verdi, bu hadisə cəbhə xətlərinə də təsirini göstərdi. Cana gəlmiş əsgərlər hər yerdə sülh və hürriyyət deyib bağırırdılar. Üç yüz il hökmdarlıq etmiş Romanovlar taxtdan salınmış yerinə Kerinski keçib müvvəqəti hökümət qurmuşdu. Çar Nikolayın qohumlarının və qızının Avropada olduğu söylənirdi. Bizdə cəbhədən Proskozevə dönmüşdük. O vaxt Kerinski də öz adamları ilə Proskozevə gəldi. Vağzalda bizlə görüşdü və mühafizə dəstəsinə qəbul etdiyini anlatdı. Beləliklə, biz də onunla Peterburqa gəldik. Xarici müharibə bitsə də vətəndaş müharibəsi başlamışdı. Çar Nikolayın mühafizə dəstəsi də yoxa çıxmışdı. Daxili müharibə davam edir, hər gün on minlərlə insan öldürürdü. Əsgərlər yeni inqlab mahnıları oxuyurdular. Qalan əsgərlər isə evlərinə qayıdırdılar. Biz türklər, gürcülər, şimali qafqazlılar və dağıstanlılar da evlərimizə qayıtmaq üçün hazırlıq görməyə başladıq. Yol idarələri fəaliyyət göstərmirdi. Ona görə də biz üstü açıq vaqonlar tapa bildik. Vaqonları qum torbaları ilə doldurduq, topları və iri çaplı tüfəngləri torbalar arxasında gizlədə bildik və yola çıxdıq. Kiyev yaxınlığında qatarımız dayandı. Bizim əsgərlərdən biri qarpız almaq üçün yerə enərkən onu seyr edən bir erməni əsgəri güllə ilə vurmuşdu. Qafqazdakı erməni-müsəlman davası on ildən çox idi ki, davam edirdi. Buna hirslənən əsgərlərimiz vaqonlardan düşüb stansiyadakı bütün erməni və rus əsgərlərini məhv etdi, sonra yolumuza davam etdik. Öz nefti ilə zəngin olan Qroznuda da relslər sökülmüşdü. Çeçenlər bizi tanıyıb yolu düzəltdilər, onlar bizə toxunmadılar. Biz 4 vaqon silah-sursatla doğma vətənimizə gəlib Bakıya çatdıq. Bir-iki gün Bakıda qaldıqdan sonra komandirimiz Şahverdi xan Ziyadxanlının komandanlığıyla alayımızla birlikdə Gəncəyə üz tutduq. Şahverdi xan Gəncə xanı Cavad xanın nəslindəndi.Cavad xan 1804-cü ildə oğlu Hüseynqulu xanla şəhid edildikdən sonra düşmənlər şəhəri tuta bilmişdi. O zaman Azərbaycanın və Qafqaz ölkələrinin Rusiya ilə bağlı heç bir məsələsi qalmamışdı. Mən Karpatda vuruşandan baş çavuş idim. Ona görə də məni Morul Lemsəsi deyilən yerə baş çavuş təyin etdilər. Orada bir az işlədikdən sonra öz xahişimlə azad oldum və mənim yerimə Adıgözəlli Qədir bəyi təyin etdilər. 1917-ci ilin sonlarıydı. Rusiyada vətəndaş müharibəsi davam etdiyi vaxt Batumdan hərəkət edən qatarlar Gürcüstandan keçib Gəncə yolu ilə Bakıya və Rusiyaya getməliydilər. Vaqonlarda rus əsgərləri daşınırdı. Onların içərisində ermənilər də az deyildi. Qatarlar azərbaycanlılar yaşayan kəndləri, stansiyaları keçəndə ətrafdakı günahsız insanlara toplardan və iri çaplı tüfənglərdən atəş açır, günahsız həmyerlilərimizi öldürürdülər. Bu xəbər bütün Gəncə və Gəncə ətrafını sarsıtmışdı. Sonralar Azərbaycan Cümhuriyyəti dövründə Gəncə valisi işləmiş doktor Xudadat bəyin başçılığı ilə Şəmkir və Gəncə arasında vaqonları saxlayıb onları tərksilah edə bildilər. İyirmi günədək davam edən döyüşlərdə düşmənləri tamam tərksilah etmək mümkün oldu. Ondan sonra gələn əsgərlər ağ bayraq qaldırıb silahlarını təhvil verərək yollarına davam edirdilər. Azərbaycan Cümhuriyyəti yarananda iyun ayında 1918-ci ildə mərhum Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığı ilə Osmanlı türk ordusu Gəncəyə gəldi. O zaman Azərbaycanın baş şəhəri Bakı erməni və rusların əlindəydi. Yerli əhalini bolşeviklər sorğusuz-sualsız məhv edirdilər. Mart soyqırımı da o zaman baş vermişdi. 1918-ci il 28 mayda Azərbaycanda Cümhuriyyət quruldu. Azəri və türk əsgərləri Bakını azad etmək üçün hücuma keçdilər. Bolşeviklər sovet höküməti qurmaq adı ilə xalqın başına min cür fəlakətlər açır, müsəlmanları məhv edirdilər. Türk və əzərbaycanlı qoşun birləşmələrinin səyilə Bakı azad olundu və tarixdə ilk türk cümhuriyyəti quruldu. Yüksək və qarlı dağları, yalçın qayalıqları, dağ şəlalələri, ormanları və ovalıqları, rəngarəng təbiəti olan vətənimin insanları da çox cəsurdur. Onlar həmişə işğalçılarla mübarizə aparmışlar. Azəri xalqının bu cəsurluğu da nəsildən-nəsilə keçmişdir. Adət etmədiyi bir şey varsa o da xəyanət və yalandır. Bu da onların saf niyyətli, təmiz qəlbli olmasından irəli gəlir. İstiqlal sevincilə yaşayan Azərbaycan türkləri o zaman türk ordusunun yardımını unutmamış, onların şəninə şeirlər qoşmuş, şərqilər mahnılara dönmüşdür. Onların bir-ikisi hələdə yadımdadır: Şalon gəlir baş-başa İçində Nuru Paşa. Paşaların Paşası Yaşasın Ənvər paşa. Şalon gəlir yan verir Gəncəyə nişan verir. İçindəki zabitlər Azərbaycan deyə can verir. Türk ordusu işini bitirib Anadoluya döndükdən sonra mən də Samuxdakı kəndimə qayıtdım. Azərbaycan ordusu yenicə yaranmağa başlayırdı. Biz isə yenə də silahlı dolaşırdıq. Bir gün məni Gəncə şəhər valisi Xudadat bəy yanına çağırtdırdı. Rəfibəylilərlə səmimi münasibətimiz olduğu üçün dərhal yanına getdim. Gəncə şəhəri ortasından çay axan qədim bir şəhərdi. Batı tərəfdə türklər, doğuda isə ermənilər yaşayırdı. Ermənilər tərəfə dəmir bir körpü ilə keçib getmək olurdu. Vilayət binasının erməni tərəfdə 4 mərtəbəli saray olduğunu öyrəndim. Doktor Xudadat bəyi iş otağında tapdım. Uzun boylu, enli kürəkli, qüvvətli bir kişiydi. Sərt baxışları ilə məni süzdükdən sonra barmaqları arasındakı qələmi saçlarına dayayıb – “xoş gəldin Qasım, buyur əyləş” – dedi. Oturdum. Bir az sükutdan sonra sözünə davam etdi: Qasım, nə vaxtadək dağda-daşda dolaşacaqsan. Azərbaycan hökümətini qurduq. Fəqət hərəmiz bir tərəfə çəkilirik. Siz, gəlib vəzifə alıb işə başlamalısınız. Əsgərlikdə, müharibədə olmusunuz. Bizə belə adamlar çox lazımdı. Sonra ağır və qalın səslə : Qaracaəmirlidən Ramazan oğlu Rüstəm, Dəllərdən Kərbəlayı Hacılar, Ayıblıdan Abdulla Quşbazoğlu, Hacı Həsən hamısı gəlməli və birlikdə bizə yardımçı olmalısız. Qardaşın isə Dövlət Dəmir Yolunda işləyəcək. Dövləti, höküməti bir yerdə quracağıq. Başqa yolumuz yoxdu – deyib sözünü bitirdi. Vali bəyin sözlərini diqqətlə dinləyib dərindən düşünürdüm. Bu vaxtadək heç kəs bu sözləri bizə deməmişdi. Yeni bir aləmdəydim. Məsuliyyətli bir vəzifə təklif olunurdu. Bir Qafqazlı kimi belimdə qılınc, arxamda tüfəng at belində böyümüşdüm. Yeyib-içib kef edərdim. Hər kəs özü-özünə hökümət idi. Elə hiss etdim ki, vəziyyət dəyişib. Xudadat bəy də mənə ehtiramla yanaşdığına görə çağırıb bu məsuliyyətli vəzifəni təklif edirdi. Valini doğma atam kimi sevirdim. O, Gəncənin bəylərindən idi. Onlara Rəfibəyzadələr deyərdilər. Həmişə dövlət yanında xalqın haqq və hüququnu müdaifə edərdilər. Xudadat bəy Ələkbər bəyin oğlu idi. O da xalqı müdafiə etdiyə görə sürgün olunmuşdu. Rəfibəylilər xalqın təhsil, sənaye, ticarət işləri ilə də məşğul idilər. Onlar cəhalətə qarşı da mübarizə aparırdılar. Çar zamanı Sibirdən Gəncəyə rus əsgərləri gətirilmişdi. Onlar çeşməyə gedən çarşablı qadınlara söz atıb həyasızlıq edirdilər. Bundan mütəəssir olan xalq Ələkbər bəyin yanına şikayətə gedir. Bizim də dəliqanlı vaxtlarımız idi. Ələkbər bəy 15 nəfər dəliqanlı topladı və dedi : – Hamınız qadın paltarı geyib üstündən çarşab bürünəcəksiniz. Kişi olduğunuz bilinməyəcək. Silahınız da çarşab altda olmalıdı qucağınızdakı teşt paltarla dolu çaya gedəcəksiniz. Rus əsgərləri həyasızlığa başlayanda atəş atacaqsınız. Onun tapşırığını yerinə yetirdik və nəticədə rus əgərləri rədd olub getdilər. Mərhum Ələkbər bəyi öldürmək üçün ermənilər və ruslar nə qədər hiylə qursada, xalq onu qorudu. Azərbaycan Cümhuriyyəti mənə Eldar, Alazan nəhri arasında Gürcüstan sərhədlərini qorumaq üçün komandanlıq vəzifəsi verdi. Davamı var... Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi
Tomas Peyn Amerika və Avropada inqilabi səbəbləri dəstəkləyən İngiltərə əsilli siyasi filosof və yazıçı idi. 1776-cı ildə nəşr olunan və beynəlxalq şöhrət qazanan “Sağlam düşüncə” Amerikanın müstəqilliyini müdafiə edən ilk kitabça idi. İnqilab Müharibəsi zamanı "Amerika Böhranı" məqalələrini yazdıqdan sonra Peyn Avropaya qayıtdı və "İnsan Hüquqları" ilə Fransız İnqilabının həyəcanlı müdafiəsini təklif etdi. Onun siyasi baxışları həbsxanada qalmasına səbəb oldu; azadlığa çıxdıqdan sonra institutlaşmış din və xristian ilahiyyatının mübahisəli tənqidi olan “Ağıl dövrü” adlı son möhtəşəm essesini yazdı. Sağlam düşüncə Peynin ən məşhur broşürü olan “Sağlam düşüncə” ilk dəfə 1776-cı il yanvarın 10-da nəşr olundu və onun min çap nüsxəsi dərhal satıldı. Həmin ilin sonuna qədər 150.000 nüsxə - o dövr üçün çox böyük məbləğ idi - çap edilib satıldı. “Sağlam düşüncə” kolonistləri İngiltərəyə qarşı silahlanmağa inandırmaqda mühüm rol oynayır. Burada Peyn iddia edir ki, təmsilçi hökumət aristokratiya və irsiyyətə əsaslanan monarxiya və ya digər idarəetmə formalarından üstündür. Broşür o qədər təsirli idi ki , Con Adamsın “Sağlam düşüncə” müəllifinin qələmi olmasaydı, Vaşinqtonun qılıncı boş yerə qalxardı” demişdi. Peyn həmçinin iddia edirdi ki, Amerika koloniyaları sağ qalmaq üçün İngiltərə ilə qopmalıdırlar və bunun baş verməsi üçün tarixdə heç vaxt bundan yaxşı an olmayacaq. O, Amerikanın təkcə İngiltərə ilə deyil, bütövlükdə Avropa ilə əlaqəli olduğunu və Fransa və İspaniya kimi dövlətlərlə sərbəst ticarət etməli olduğunu müdafiə etdi. T.Peyn İngiltərənin Norfolk əyalətinin Thetford şəhərində anadan olub. Londonda tanış olduğu Benjamin Franklinin təklifi ilə 37 yaşında Amerikaya köçüb . Bu dövrdə Amerika müstəmləkələri ilə İngiltərə arasında münasibətlər korlanmağa başladı və koloniyalarda müstəqillik ideyası çiçəklənməyə başladı. Amerikada siyasətlə yaxından maraqlanan Peyn köləliyin ləğvini və Amerika koloniyalarının İngiltərədən ayrılmasını müdafiə edən məqalələr yazır. O , Amerikanın Müstəqillik Bəyannaməsinin hazırlanmasında mühüm rol oynamışdır. Corc Vaşinqtonun fikrincə , "Sağlam düşüncə"insanların şüurunda əhəmiyyətli dəyişikliklərə səbəb oldu". Amerika Müstəqillik Müharibəsi zamanı müxtəlif dövlət vəzifələrində çalışan Peyn 1787-ci ildə Avropaya qayıtdı. O, İngiltərə və Fransadakı krallıqları devirmək və əvəzinə respublikalar qurmaq üçün mübarizə apardı. 1789-cu il Fransa İnqilabı ilə onların bəzi gözləntiləri gerçəkləşdi. 1791-1792-ci illərdə o, iki hissədən ibarət "İnsan hüquqları" kitabını nəşr etdirir. Bu kitabda o, respublika idarəçiliyini müdafiə etdi və ingilisləri monarxiyanı devirməyə çağırdı . O, xalqın təhsil almasını, kasıblara köməklik göstərilməsini, dövlətin işsizlərə iş yerlərinin açılmasını, pensiyaların verilməsini, gəlirlərinə görə artan nisbətdə vergilərin yığılmasını istəyirdi. Bu kitaba görə İngiltərədə vətənə xəyanətdə günahlandırılan Peyn, bu vaxt Fransada Milli Məclisin deputatı seçildi . O, Fransaya gedib parlamentin fəaliyyətində iştirak edib, monarxiyanın ləğvinə səs verib. Bununla belə, Maksmillan Ropespierin dövründə o rəğbətini itirdi, çünki o , XVI Lüdovikin edamına qarşı çıxdı və bir ilə yaxın həbs edildi. Ropespierin süqutundan sonra azad edildi və ağır xəstə olsa da, Milli Konvensiyaya yenidən qəbul edildi . Peyn 1 sentyabr 1802-ci ilə qədər Fransada qaldı və oradanda ABŞ-a getdi . O, ölkə qarşısındakı xidmətlərinin tamamilə unudulmuş olduğunu və onu yalnız dünyanın ən böyük kafiri kimi qəbul etdiyini tez bir zamanda kəşf etdi . Kasıblığına və bəzən sərxoşluqdan pisləşən fiziki vəziyyətinə baxmayaraq, Peyn imtiyazlara və dini xurafatlara hücumlarını davam etdirirdi. 1809-cu ildə Nyu-Yorkda vəfat etdi və Nyu-York ştatı tərəfindən İnqilabçı yazılarına görə mükafat olaraq ona verilən fermada Nyu-Roşeldə dəfn edildi . On il sonra siyasi jurnalist William Cobbett sümükləri çıxararaq İngiltərəyə apardı və burada Peynə bəşəriyyətə verdiyi böyük töhfələrə layiq bir dəfn mərasimi keçirməyə ümid etdi. Lakin plan əks nəticə verdi və sümüklər heç vaxt bərpa oluna bilməyərək itdi. 30 yanvar 1937-ci ildə London Times onu “İngilis Volteri” adlandırdı və 18 May 1952-ci ildə Peynin büstü Nyu York Universitetinin Şöhrət Zalına yerləşdirildi. Tomas Peynin fikirlərindən seçmələr 1. Sağlam düşüncə bizə deyəcək ki, bizi özünə tabe etdirməyə cəhd edən qüvvə, bizi müdafiə etmək üçün ən düzgün olmayan qüvvədir. 2. Bir dəfə işıqlanan ağıl bir daha qaranlıq ola bilməz. 3. Hakimiyyət özünün ən yaxşı şəklində belə pislikdir, özünün pis halında isə dözülməzdir. 4. Hər bir vətənpərvər insanın borcu ölkəsini hakimiyyətdən qorumaqdır. 5. Bu kitabı sizə əmanət edirəm. Kitab dinlə bağlı fikirlərimdən ibarətdir. Hər bir insanın öz fikrinə sahib olmaq hüququnu, fikri mənim fikrimdən nə qədər fərqli olsa da, mən qətiyyətlə müdafiə etdiyimi bilməniz ədalətli olardı. Bu haqqa qarşı çıxan hər kəs indi sahib olduğu düşüncənin köləsi olacaq, çünki onu dəyişdirməkdən özünə mane olur. Hər cür yanlışa qarşı ən amansız silah Ağıldır. Bu günə kimi başqa silahdan istifadə etməmişəm, bundan sonra da istifadə etməyəcəyəm. 6. Doğru olmayan bir hökümət sistemi tərəfindən insanlar bir-birilərinə qarşı düşmən edilmədiyi halda, insan insanın düşməni deyildir. 7. Münaqişə nə qədər ağır olarsa, zəfər də bir o qədər şərəflidir. Çox ucuz əldə etdiyimiz şeyi çox yüngül qiymətləndiririk; əzizlik yalnız hər şeyə öz dəyərini verəndir. 8. Müstəqillik mənim xoşbəxtliyimdir və mən yerdən və şəxsdən asılı olmayaraq hər şeyə olduğu kimi baxıram; mənim ölkəm dünyadır, mənim dinim yaxşılıq etməkdir. 9. İnsan qəddarlığı, təcavüzü və adam öldürməyi Müqəddəs Kitabdan öyrənib; çünki zalım Tanrı inancı zalım insanı yaradır. 10. Uşaq şüurunu sarsıdan hər hansı bir din sistemi doğru ola bilməz. 11. İnsan təbiəti özlüyündə pis deyil. 12. Öz azadlığını təmin etmək istəyən, hətta düşmənini zülmdən qorumalıdır; çünki bu vəzifəni pozarsa, özünə çatacaq bir presedent yaradır. 13. Mən insanın bərabərliyinə inanıram; və inanıram ki, dini vəzifələr ədalətli davranmaq, mərhəməti sevmək və həmvətənlərimizi xoşbəxt etməyə çalışmaqdan ibarətdir. 14. İnsan ancaq ağlını icra etməklə Allahı kəşf edə bilər 15. Qəzəbin ən böyük dərmanı gecikdirməkdir. 16. Bir dəfə işıqlanan ağıl bir daha qaranlıq ola bilməz. 17. Ağıldan istifadə və ixtiyardan əl çəkmiş və fəlsəfəsi bəşəriyyətə nifrət etməkdən ibarət olan bir adamla mübahisə etmək, ölülərə dərman vermək və ya ateisti müqəddəs kitabla dinə çevirməyə çalışmaq kimidir. 18. Azadlıq ağacının meyvəsini yemək istəyənlər ağacın yıxılmaması üçün ona dəstək olmaq yorğunluğunu da riskə atmalıdırlar. 19. “Hökumətin legitimliyi onun xalqın xoşbəxtliyini təmin etmək qabiliyyətindən asılıdır. 20. Hökumət insanların həyatını idarə etmək üçün deyil, insanların hüquqlarını qorumaq üçün bir vasitədir. 21. Hər bir insanın haqqı ədalətin olmasıdır. 22. Fikir azadlığı azadlığın özüdür 23. İnsan hüquqları bir şəxsin digərləri üzərində səlahiyyətinə deyil, hamının bərabərliyinə əsaslanır 24. Cəmiyyətin qanunun aliliyinə inamı hökumətin legitimliyini təmin edir 25. Azadlıq, insanların fikirlərini sərbəst ifadə etmələri və fikirlərini bölüşmələridir 26. Azadlıq insanların öz qərarlarını verə biləcəyi bir mühitdə yaşamasıdır. Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nəbi
Əgər sual olunsa ki, Gəncədə ən çox kim türk qanı axıdıb və bunun qarşılığında mükafatlandırılıb ? Heç şübhəsiz ki, məlumatlı tarixçilər Həmid Sultanovun adını çəkəcək. Sovet tarixində bolşevik, görkəmli inqilabçı, Azərbaycan SSR-nin ilk Daxili İşlər Komissarı kimi tanıdılan Həmid Sultanov Gəncə şəhərində minlərlə günahsız insanın amansızca qətlə yetirilməsində, işgəncələrə məruz qalmasında məsul şəxslərin başında gələnlərdən biri idi. Genetik bağlılığı ilə hətta ruslara xidmət etmiş Nəsib Sultana bağlı olan Həmid Sultanovun Gəncəyə qarşı nifrətinin səbəbini anlamaq heçdə çətin olmamalıdır. Vaxtı ilə bu "görkəmli inqilabçının" Tovuz şəhərinin mərkəzində bir büstü qoyulmuşdu və son illərə qədər həmin büst öz mövcudluğunu qorumaqda idi. Görünür ki, şəhər rəhbərliyini kimsə başa salıb ki, bu adam heykəli qoyulmağa yox, yıxılmağa layiq olanlardan biridir. Əməllərinə layiq mükafatını ərmağan ediblər. Artıq onun heykəli orada yoxdur. 1920-ci il aprel işğalı zamanı onun oynadığı rolu yazmış olduğu məqalələrindən oxumaq yetərlidir. Yazmış olduğu "Müsavat hakimiyyətinin son dəqiqələri" adlı xatirələrində qeyd edir ki - " Parlaman təxminən gecə saat 11-12-də dağıldı. Biz Bünyadzadə Dadaşı və başqa yoldaşları həbsxanadan azad etdik və Azərbaycan İnqilab və Bakı İnqilab Komitəsi heyətini elan etdik. Gecə ikən bütün şəhərdə qızıl bayraqlar asıldı. Şəhər əhalisi axşam Müsavat bayraqlarını( 3 rəngli Azərbaycan bayrağı) asaraq yatdıqları halda, 28 apreldə səhər durarkən qızıl inqilab bayrağı gördü: Gecə, bütün qəzalarda inqilab komitələrinin təşkili haqqında qəza təşkilatlarına təklif verildi. Səhər zirehli qatarla Mikoyan və Musabəyov( həyat yoldaşı Ayna Sultanovanın qardaşı) yoldaşlar Bakıya gəldilər. Qızıl Ordu isə iki gündən sonra gəldi". Elə bu yazısından onun əsl kimliyini anlamaq bəs edir. Həmid Sultanov Azərbaycan SSR Xalq Daxili İşlər Komissarı olaraq 1920-ci il Gəncə üsyanının yatırılmasında xidmətlərinə görə "Qırmızı bayraq" ordeni ilə mükafatlandırılıb. Azərbaycandan bu ordeni alan ilk şəxsdir. Ayna Sultanova isə Həmid Sultanovun həyat yoldaşı, digər bolşevik Qəzənfər Musabəyovun isə bacısıdır. Mahiyyət olaraq nə həyat yoldaşından, nədə ki, qardaşından fərqli olmayıb. İlk inqilabçı qadın kimi təqdim olunan Ayna Sultanova öz həyat yoldaşı və qardaşı kimi Stepan Şaumyanın silahdaşlarından biri idi və eyni maraqlardan çıxış edirdi. Heç şübhəsiz ki, 1918-ci il mart qırğınları zərrə qədər narahat etmədiyi adamlardan biri Gəncədə bu gün adına küçə olan, hətta küçənin başında, şəhərin görkəmli yerində xatirə lövhəsi qorunan Ayna Sultanova idi. Ən maraqlısı isə budur ki, Ayna Sultanovanın xatirə lövhəsi Gəncədə Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökümətinin fəaliyyət göstərdiyi binaya tərəf baxır. Belə bir yerdə Nəsib bəyin, Fətəli Xanın, Həsən bəyin adına küçə olması doğru deyilmi ? Ayna Sultanovaya aidiyyatı olmayan şəhərdə, Gəncə üsyanının, istiqlal şəhidlərinin qanı ilə yoğrulmuş bu məkanda onun adına küçənin saxlanılması çox utancvericidir. Ceyhun Nəbi - Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri
Biz övladlarımıza qaniçən bir imperiyada kölə kimi yaşamağı miras qoya bilmərik" Ağamalı Sadiq Əfəndi Ağamalı Sadiq Əfəndi XX əsrin son 50 illiyində adı ən çox xatırlanmağa və anılmağa layiq olan adamlardandır. Təmiz mənəviyyatı, vicdanı, fədakarlığı, qorxmazlığı və cəsarəti ilə yaddaşımızda heykəlləşmiş Ağamalı Sadiq qələmi ilə yalanları sökdüyü kimi həmçinin bizim azadlığımız naminə əvəzsiz döyüş cəngavəri idi. Ona verilən sualların birini belə cavanlandırmışdı: "Məni bəzən qəzəbli jurnalist adlandırırlar, ancaq yetmiş il sürmüş rejimə münasibətimlə müqayisədə həmin yazılar çox yumşaqdır. Mənə elə gəlir ki, bunların hamısı yaşadığım sovet cəmiyyətinə nifrətdən irəli gəlirdi. Çünki bu cəmiyyətdə insan simasızlaşır, biri-birini satmaq istedada çevrilirdi, şəxsiyyət alçalır, əyilir, bir tikə çörəyini qazanmaq, irəli getmək üçün insanda olan mənfi keyfiyyətlər fitri istedad sayılırdı”. 80-lərin sonu 90-ların əvvəlində ən cəsarətli addımlar Ağamalı Sadiq Əfəndiyə məxsusdur. Şöhrətpərəstlikdən, özünü gözə soxmaqdan uzaq olduğuna görə bəlkə də adı sizlərə elədə çox tanış gəlmir. Amma tanıyanlar bilir ki, ən çətin gündə, birinci cəsarətli addımlar ona məxsus olub. 1989-cu ilin iyul ayının 16-da Azərbaycan Xalq Cəbhəsinin təsis konfransı Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayondakı mənzilinin həyətində keçirilmişdir. Konfransın işində Azərbaycanın 30 rayonundan məşvərətçi səslə 240, səsvermə hüququ ilə 196 nəfər iştirak etmişdir. Ağamalı Sadiq Əfəndinin Bakının 8-ci mikrorayonundakı evi AXC-nin qeyri-rəsmi ( rəsmi onsuzda qərargahı mövcud deyildi) qərargahı elan olunmuşdu. Bu ev AXC-nin bir çox sonrakı nəşrləri kimi bülletenlərinin də redaksiyasına çevrilmişdi. AXC təsis edildikdən sonra hökumət bir müddət ona qərargah vermək istəmirdi. 1989-cu ilin ilk kütləvi mitinqlərinin birində AXC-yə müraciət etmək üçün bir neçə ünvan və bir neçə telefon nömrəsi elan olunur. Bu ünvanlardan biri Ağamalı Sadiq Əfəndinin 8-ci mikrorayonda yerləşən evi idi. Ağamalı Sadiq fövqəladə vəziyyətlərin insanı idi. Sanki Tanrı onu bunun üçün yaradıbmış. 1990-cı ilin 20 yanvarından sonra Azərbaycan mətbuatının bütün ağır yükü onun çiyinləri üzərində hərəkət etməyə başladı. Həmin günlərdə Ağamalı Sadiq Əfəndi "Fövqəladə Vəziyyət" qəzetini nəşr etdirir. Həmin qəzet tək milli mətbu nəşr idi. İnsanlar baş verənləri, olanları, AXC qərarlarını oradan oxuyurdular. Qəzetin yayılmasında iştirak edən Nofəl o günləri belə xatırlayır: “Hələ Meydan hərəkatı dövründə AXC rəhbərliyi 8-ci mikrorayondakı evimizin nömrəsini, 61-26-42-ni AXC-nin Redaksiya Komissiyasının qərargahı kimi elan etmişdi. “FV – ÇP” və digər bütün qəzetlər bu evdə müzakirə olunar, səhifələnər, lazımı materiallar fədakar insanların köməyi ilə toplanıb nəşrə hazırlanardı. Demək olar ki, 5 otaqlı evimiz mənzil-qərargah idi və bura gələn qonaqların çay süfrəsini həmişə anamız təşkil edirdi. O, böyük məclislər yola salmışdı. AXC İdarə Heyətinin iclasları da burada mütəmadi keçirilirdi. Oğlu Nofəl: “Elan olunmuş ev telefonumuza təhdid və provokasiya xarakterli zənglər də olurdu. Hətta bir neçə dəfə anam dəstəyi götürdükdə “Yığışdırın o qəzetləri, yoxsa sizi öldürərik, məhv edərik” ifadələri ilə təhdid olunmuşdu. Sovet imperiyasına qarşı mübarizənin gərginliyi Ağamalı bəyin səhhətində dərin fəsadlar yaratdı. Ağamalı Sadiq Əfəndini vaxtsız itirsək də onun tək bizdən getmədiyini hər zaman hiss etdik. Daim el üçün, vətən üçün yaşadı. Müstəqil, azad Azərbaycan onun böyük idealı idi” Ceyhun Nəbi
22 iyun saat 10:00-da Şəmkir rayonu Kür qəsəbəsində yerləşən 1 saylı orta məktəbin qarşısında yeni ucaldılmış şəhid Milli Qəhrəman Isgəndər Aznaurovun büstünün açılış tədbiri keçiriləcəkdir. İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistannın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində dünyaya gəlmişdir. 1963-cü ildə orada məktəbə getmiş və 1973-cü ildə məktəbi bitirmişdir. Ukraynanın Çerkessk şəhərində hərbi xidmətini başa vurduqdan sonra 1978-ci ildə Daşkənd İrriqasiya İnstituna daxil olmuş, 1983-cü ildə ali təhsilini başa vurmuşdur. Sonra bir müddət Daşkənd Vilayətinin Axanqaran rayonunda çalışmışdır. 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra yüzminlərlə axısqa türkü kimi oranı tərk etməyə məcbur olmuş və 1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana Şəmkir rayonunun Kür qəsəbəsinə köçmüşdür. O, burada cihazqayırma zavodunda işləyib. Erməni işğalçılarının Azərbaycan torpaqlarına basqınları başlayanda İsgəndər Aznaurov 1992-ci ilin aprelində könüllü olaraq yeni yaranmaqda olan Azərbaycan Silahlı Qüvvələrinin sıralarına daxil qoşulmuşdur. Şınıxda yerləşən və indi onun adını daşıyan qaladan düşmən üzərinə od ələyərək bir gündə onların 4 topunu sıradan çıxarıb, onlarla erməni işğalçısını məhv edib, düşmən mövqelərinə ciddi zərbələr vuraraq bir neçə silah-sursat anbarını dağıtmışdır. 1993-cü ilin yaz aylarında hücuma başlamazdan əvvəl Aznaurov top atəşi ilə düşmən postunu məhv etmiş və düşmən onun başı üçün pul mükafatı müəyyənləşdirmişdir. Aznaurovu "N" saylı hərbi hissənin artilleriya üzrə komandir müavini təyin olunmuşdurBaşkəndin erməni quldurlarından təmizlənməsində, "Mutudərə", "Ərdağı", "Kaftar qayası", "Ləzgi daşı" əməliyyatlarında xeyli düşmən texnikası, canlı qüvvəsini məhv etmişdir. 1993-cü il 18 apreldə Gədəbəydə "Hörükdaş"da düşmənin 13 texnikasına qarşı, 3 növ texnika ilə vuruşur. Səhhətində problemlər yaranmasına baxmayaraq müalicə almaqdan imtina edir. Daha sonra arxa cəbhədəki mövqeyini tərk edərək, minalanmış geniş ərazini keçərək ön cəbhəyə — döyüşlərin ən qızğın hissəsinə yollanır. Orada gedən atışmalar zamanı Aznaurovun topu düşmən hədəfinə tuş gəlir və qəhrəmancasına həlak olur. Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Sözcü.az
Azərbaycanın başına gələn bəlaların hamısı Rus və Fars şovinistlərinin əli ilə gəlib. Ən çox da Rusun. İndi gəlin baxaq görək bəs hər şeyi qüdrətli,daim bizdən güclü olan rusa biz nə etmişik? Yəni onun o boyda rus gücünə qarşı hansı güc tətbiq edərək haradasa uğur,qələbə əldə edə bilmişikmi? Etmişiksə necə,nə cür və harada etmişik?.. Bəli edə bilmişik. Rus qoşunları iki dəfə Azərbaycanda ağır məğlubiyyətə düçar olub. İkisində də bu hadisələr Şəmkirdə olub. Birinci dəfə keçən əsrin əvvəllərində 1918-ci il yanvar ayının 08-də AzərbaycandanTürkiyəyə gedən rusların qarşısını Şamxor stansiyasında kəsən Azərbaycanlılar 2000( iki min) nəfərdən çox Rus və Ermənini məhv etmiş,sıradan çıxartmış və onların hamısını tərksilah edərək onların Türkiyəyə getməsinə yol verməmişlər. Bu həmin ərəfədə bütün düşmənlərinə qarşı eyni zamanda döyüşən Türkiyəyə böyük kömək oldu. İkinci dəfə isə keçən əsrin sonlarında 1992-ci ilin 14 iyununda Şəmkirdə yerləşən 861 saylı alay sayları cəmi 100 (yüz) nəfərə çatan qüvvə ilə hücum edərək Şəmkirdə yerləşən hərbi Aerodromu Ruslardan aldı. Bu əməliyyat ağlasığmaz,fantastik surətdə həyata keçirilən əməliyyat oldu. Belə ki, rusların aerodromdakı əsgər,gizir,MAXE və zabit heyətinin birlikdə sayı təxminən 1500(min beş yüz) nəfərə yaxın idi. Biz aerodroma daxil olduqdan sonra Şəmkirin mərkəzində yerləşən Desant Şturm Briqadası da onların köməyinə gəldi. Nəzərə alsaq ki, desantların da sayı 1000(min)nəfərə yaxın idi (balacasının boyu 1m 90 sm olardı) İndi əziz dostlar özünüz aerodromda nələr olduğunu,ola biləcəyini təsəvvür edin. Yenə yazıram - Bizim cəmi sayımız 100(yüz)nəfər yox idi. Bu mübarizə bizə mütləq lazım idi. Biz özümüzü sübut etməli, mütləq formada silahlanmalı idik. Silahı da yalnız rusları tərksilah edərək ələ keçirməli idik. Bu gün mən bu yazıları yazıramsa demək bu işin öhdəsindən layiqincə gəlmişik. Biz aerodromda olan bütün silahları ələ keçirib tam silahlandıq və sonralar Gədəbəy uğrunda döyüşlərə qatıldıq... Demək şöhrəti yer üzü ilə bir olan ruslara da istəyəndə qalib gəlmək olar. Biz ruslara qarşı 45 sutka canavarlar kimi üz-üzə, ağız ağıza duraraq Azərbaycan üçün son dərəcə əhəmiyyəti olan aerodromu qoruyub saxladıq,əldən vermədik. Məhz 1992--1994-cü illərdə Qarabağda erməniləri bombalayan qırıcı təyyarələrimiz bu aerodromdan uçurdular. Amma çox əfsuslar olsun ki, belə bir mühüm əməliyyat barədə məlumat heç yerdə öz əksini tapmamışdır. Elə isə mən sizə əldə etdiyimiz qənimətlərlə tanış edim: --- MiQ-25 (qırıcı təyyarə) -- 5(beş)ədəd. --- Su-24 (qırıcı təyyarə) -- 11(on bir)ədəd. --- İl-76 (ağır yükdaşıyan təyyarə)--3(üç)ədəd. --- Atıcı silahlar -- 2436 (iki min dörd yüz oyuz altı)ədəd. --- Yanacaq sürtkü materialları 3000 (üç min) tona qədər. --- Xüsusi təyinatlı aviasiya və mühəndis texnikaları-- 300 (üç yüz)-dən çox. --- Və külli miqdarda ərzaq ehtiyyatı və Aviaəmlak... İndi isə həmin aerodromu ələ keçirən,əməliyyata rəhbərlik edən hərbçilərin bir qisminin adını qeyd edirəm: --Hərbi hissə komandiri - Polkovnik leytenant Cahangir Rüstəmov. --Hərbi hissə komandirinin müavini baş leytenant Dilqəm Əliyev. --Rota komandiri kapitan İlham Əliyev. --Rota komandiri leytenant Əliyar Novruzov. --Taqım komandiri leytenant Yasin Rüstəmov. --Taqım komandiri leytenant Qalib Hüseynov. -- Minomyot Batareyasının komandiri leytenant Aydın Məhərrəmov. --Taqım komandiri Oruc Mahmudov. --Taqım komandiri gizir Tahir Vəliyev. --Gizir Namiq Abbasov. --Gizir Şahin Adıgözəlov. --Gizir İlham Adıgözəlov. --Gizir Adil Şükürov. --Gizir Yusif Musayev. --Gizir İlham İsgəndərov. --Könüllü Həsən Abdullayev. --Əsgər Qoşun Ələkbərov. --Əsgər Ələddin Cəfərov. --Könüllü İlqar Məhərov və ... adlarını yazmadığım başqa igidlər... Diqqətinizə olduqca mühüm bir şeyi də çatdırmaq istəytirəm. Belə ki, bu əməliyyat zamanı,ruslara qarşı durduğumuz qeyri bərabər 45 sutkada bizə Şəmkir camaatı çox böyük dəstək oldu. Onlardan bəzilərini sizlərin yadına salmaq istəyirəm: -- Şahbaz Süleymanov( Saşa dayı) --Şəmkir konyak zavodunun direktoru. -- Hafiz İbrahimov-- Şəmkir şərab zavodunun direktoru. -- Malik müəllim-- Şəmkir şərab zavodu. -- Fəxrəddin Məmmədov --Şəmkir beton zavodunun direktoru. -- Firdovsi Ələkbərov -- Şəmkirli xeyriyyəçi. -- Füzuli Ələkbərov -- Şəmkirli xeyriyyəçi. -- Abdulla Sadıqov -- Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşı... ... Mən bu siyahını da uzada bilərəm. Ancaq hamısının adını tam yaza bilmirəm.(bir çoxunu unutmuşam). Bu insanlardan bəziləri artıq həyatda olmasa da onların hamısı həmin əməliyyatın iştirakçılarının yaddaşında ömürlük qalacaqlar... ALLAH ölənlərə Rəhmət, qalanlara can sağlığı versin... Dilqəm Əliyev - Birinci Qarabağ müharibəsi qazisi, peşakar hərbiçi