Samuxlu Qaçaq Məmmədqasım "Allah qoruyunca" adlı xatirələri - IV hissə

 Ərzaq ehtiyatımız yenidən tükənirdi. İzi itirmək üçün axşam düşəndə Şəmkir istiqamətində yola çıxdıq. Qədirlidəki keçidə çatdıq. Hər keçid bir çavuş və 12 əsgərlə qorunurdu. Onların gecələr atəşdən daha bərk qorxduqları bizə məlum idi.

    Bərədən keçmək təhlükəli olduğundan bir qayıq oğurlayıb Kür çayını keçdik. Qaçaq Rüstəmin, Təhməzin vətəni Qaracaəmirlidə dəmir yolunun yaxınlığındakı bir evin mal tövləsində 15 gün qaldıq. Ev sahibi ən etibarlı dostlarımızdan biri idi. Mal tövləsinin yarısında biz, yarısında isə mal-qara qalırdı. Axurlarda yatırdıq. Burda da bəxtimiz gətirmədi. Dövlət tərəfindən qaçaqları tutmaq üçün Qaracaəmirliyə göndərilən milislərdən 5 nəfərini də gecələr qalmaq üçün bu evə göndərmişdilər. Həmin adamlarla bizi nazik bir divar ayırırdı. Danışıqlarını aydınca eşidirdik. Onların atları da tövlədə bağlanmışdı. Birdən onlardan ikisi atlarını tumarlamaq üçün tövləyə girdi. Atlarına sığal çəkib çıxdılar.

    Onlar Seka oynayırdılar. İki düşmən nazik bir divarla bir-birindən xəbərsiz əyləşmişdik. Danışıqlarını da eşidirdik. Arabir Məmmədqasım, Samux sözlərini aydınca eşidirdik. Bunlar vəzifə almaq üçün könüllü milis dəstələrinə qoşulan həmyerlilərimiz idi. Ertəsi gün onlar, iki gündən sonra isə biz kəndi tərk etdik. Yenidən anamız kimi bizi qoruyan ormanlara çəkildik. Sabahı Qədili deyilən bir yerdə keçirdik.

    Rusiyanın Volqa boyunda olduğu kimi Qafqazın da müxtəlif yerlərində yerləşmiş alman kəndləri vardı. Bunlar ziraət və şərabçılıqla məşğul idilər. Türk-müsəlman xalqları ilə dostluq edirdilər. Biz də onları çox sevirdik. Onlar qızlarını ermənilərə verməz, müsəlmanlarla isə ailə qurmalarına mane olmazdılar.

    Biz Qədilidə ikən köhnə bir alman dostum Ramazan oğlu Rüstəmdən – Qasımdan nə xəbər – deyə, soruşur. Rüstəm isə cavabında - Qasımın yeri-yurdu bilinməz, deyə cavab verir. Alman təkidlə: - Mən onunla görüşməliyəm”- deyir. Rüstəm – Sən, Kür sahili boyunca gəz, mütləq rastlaşarsan, deyə cavab verir.

    Biz, ormanda ikən növbətçi bizə doğru bir rusun gəldiyini xəbər verdi. Mən ona – gizlənin, sizə çatanda əlini qolunu bağlayıb kürə atın – tapşırığını verdim. Növbətçi isə dediyimin əksinə onu tutub bizə tərəf gətirdiyini gördüm. Yaxınlaşanda onu tanıdım, köhnə bir alman dostum idi. Biz qucaqlaşıb öpüşdük. Yanımızda bir heyvan vardı, onu kəsib kabab etdik. Almanın gözləri dolmuşdu. Sanki bu dəqiqə ağlayacaqdı. Ayrılarkən sabah axşam adamlarından birini bu yerdə saxla, sizə verəcəyim əmanət var –dedi. Ertəsi gün üç mauzer, 500 fişəng, 200 ədəd tapança patronu və xeyli ərzaq gətirib həmin yerdə dayanmış silahdaşımıza vermişdi.

    Heç bir hərbi əski illərin din və məzhəb qayğıları, üsyanları bu qədər qanlı olmamışdı. Qosqoca məmləkət ikiyə bölünüb bir-biri ilə vuruşurdu. Bütün Rusiya kimi Qafqaz da, qan gölü içində boğulurdu. Atanın övlada, qardaşın qardaşa etimadı qalmamışdı. Ruslar almanlara “nemets”, türklər isə “nemsə” deyirdi. Biz azərbaycanlılar da onları “lemsə” deyə öz şivəmizlə çağırırdıq. O, qorxulu dövrdə Alman dostunun bu hərəkəti ən böyük insanpərvərlik, humanistlik kimi qiymətləndirilməlidi.

    Mən onun bu yaxşılığını bütün qaçaq dostlarıma anlatdım. Axı, o zaman bolşeviklərin insanları sorğusuz-sualsız məhv etdikləri illər idi. Çar zamanında Qarabağın Şuşa qalası deyilən yerində Məhəmməd Rzazadə adlı bir şəxs polis komissarı idi. Sovet höküməti qurulanda onu və digər çar məmurlarını tutub öz əllərilə qəbirlərini qazmağa məcbur edirlər. Onlar gecə də qəbir qazmaqla məşğul olarkən Məhəmməd Rzanı qoruyan rus zabiti ondan adını soruşur. O ismini bildirəndə zabit tüfəngini atıb onu qucaqlayır və sonra onu gətirib öz mənzilində gizlədir. Məhəmməd Rza heç nə soruşmur və elə düşünür ki, bu zabit onu orda öldürmədi ki, gətirib evində boğsun.

    Üç gündən sonra Bakıdan gələn bir heyət Məhəmməd Rzanı əfv edir. Rus zabiti onun xəstə olduğunu hiss edib müalicə etdirir.

    Bunları anlamayan Məhəmməd Rza rusdan səbəbini soruşanda o deyir, - sən məni tanımadın ? Neçə il əvvəl mən də Şuşa qalasında yaşayırdım və mənə xəyanət edən arvadımı öldürmüşdüm, o zaman məni əfv etdin –deyir. İndi isə get başının çarəsini qıl. O, zabitin adı Vasili idi. Qafqaz millətləri içərisində ən nankoru ermənilər idi.

    Gəncə ətrafında n Hacı Əgər oğlu Məhəmməd Əli adında bir şəxs var idi. Azərbaycan işğal olunanda o da Türkiyəyə qaçır, orda da işi gətirmir. Moskvaya qayıdır, oradan tutulub edam olunmaq üçün Azərbaycana göndərilir.

    Biz, Kür kənarındakı ormanlarda çətinliklə də olsa yaşayırdıq. Bahar yaxınlaşırdı. Ormanda axşamladığımız zaman təqribən yüzədək silahlı bizim yanımızdan ötüb getdi. Bizi görə bilmədilər. Ertəsi gün Qavri çayının yanına gəldik. Orada odun və ərzaq tapmaq çətin deyildi. Ət bişirib bir az istirahət etdik. Qaçaqlar yorğun idi. Axşam düşəndə yenidən döyüşdüyümüz yerə qayıdıb 15 gün bir təhər dolandıq. Bu müddət iki dəfə bizə sataşdılar. Bir qaçağı yaralayıb 80 baş mal-qara və nə qədər heyvan vardısa hamısını aparıb getdilər.

    Bizi təqib edən Qarağaclı qəzasının hökümət rəisi kommunist Musa Cəfərov xalqı toplayaraq deyir. – Biz Qasımı yaxalamadıq, o isə bizim qolumuzu, qanadımızı qırdı, bahar da gəldi, ağaclar yarpaq açdı onu yaxalamaq çətin olacaq. Bu zaman xalq – Qasıma toxunulmasa o heç nə etməz, o ədalətli bir insandı -demişdi. Elə isə biz gedirik. Heç bir qarmaqarışıqlıq olmayacağı barədə siz yazılı izahat verirsinizmi – deyə yenə soruşur. Xalq – verərik – deyə cavab verir. Bundan sonra Cəfərov çəkilib gedir.

    Beləcə günlər keçirdi. Ağaclar yarpaqlamışdı. Əsgərlər çəkilib getsə də kefimiz yox idi. Heç nəyimiz qalmamışdı. Bir gün Zaqatala tərəfə yol gedirdik. Zaqatala ilə Car arasında bir dar ormanlıq vardı, yolumuz oradan keçirdi. Poçtun da oradan keçdiyini bildiyimiz üçün dayanıb gözlədik və poçtu soyduq. Arabanı üç rus əsgəri müşayiət edirdi. Qənimət kimi xeyli pul, 800 qızıl və əsgər paltarlarını ələ keçirdik. Bundan əvvəl isə içərisində tələbələr olan bir avtobusu saxlamışdıq. Onlara toxunmadıq. Bizim işimiz hökümətnən idi. Bu tələbələrin içərisində türk və müsəlman gəncləri vardı. Onlar bizim kim olduğumuzu soruşduqda – Samuxlu Məmmədqasım - deyə cavab verdim və dedim ki, sizə toxunan olmadı, gedib bizim əleyhimizə danışmayın. Tələbələrdən biri, mənim saatımı aldılar – deyə şikayət etdi. Belə dedikdə mən coşdum və soruşdum – sənin saatını kimi aldı ? O barmağı ilə bizim qaçaqlardan birini göstərdi. Mən saatı geri qaytardım və onlar getdikdən sonra həmin nanəcibin payını verdim.

    Bundan sonra Alazan nəhrini keçib Zilcə dağına çıxdıq. Atların yəhərlərini aldıq. Dayandığımız yerdən hər tərəf aydınca görünürdü. Durbinlə ətrafı seyr etdikdə topa-topa əsgərlərin bizi axtardıqlarını gördüm. Bizdə yetərincə ərzaq olduğuna görə əyləşib yemək yedik. Bir xeyli dincəldik. Sonra əmir etdim ki, atları yəhərləyin yenidən Samuxa dönürük. Beləcə də geri qayıtdıq.

    Birinci Dünya Savaşında könüllü olaraq müharibəyə getməyim barədə əvvəldə bəhs etmişdim. Abdulla adlı bir müharibə dostum vardı. O da son zamanlar kommunist olmuşdu. O, əlli nəfərlik dəstəsilə bizim haqqımızda məlumat toplamış, sonra isə Gəncəyə gedib lazımı yerlərə məlumat vermişdi. Aradan bir az keçdikdən sonra isə qəza icra komitəsi rəisi Musa Cəfərov gəlib bizimlə görüşdü. Kommunist olmasına baxmayaraq çox ləyaqətli bir insan idi. Onunla möhkəm əlaqəmiz vardı. O, bizə bir çox vacib məqamları açıqladı. Vəziyyətin yaxşı olmadığını, onun özündən də son vaxtlar, rəhbər işçilərin şübhələndiklərini anlatdı. Sonra ürək ağrısı ilə qeyd etdi ki, bolşeviklər onu da məhv etmək barədə planlar cızırlar. Bu məlumat məni də xeyli kədərləndirdi. Musa kişiyə necə kömək etmək barədə fikirləşib dedim:

    -Sizə belə bir təklifim var. Sabah eyni vaxtda öz adamlarınla bu dayandığımız yerə hücüm edərsən. Biz bir az kənarda dayanıb başınız üstündən sizə tərəf güllələr yağdıracağıq. Özünüzü isə vurmaq fikrimiz olmayacaq. Burada bizə məxsus qamçılar, əşyalar, bir neçə silah-sursat, yəhər-yüyən atıb gedəcəyik. Rahatca həmin əşyaları toplayıb Gəncəyə apararsan. Hökümətə bildirərsən ki, xeyli atışmadan sonra qaçaqlar aradan çıxdılar. Bu da onlara məxsus əşyalardır.

    Ertəsi gün bu əməliyyat uğurlu alındı. Musanın dəstəsi əşyaları yığıb Gəncəyə, biz isə ormanlara üz tutduq. Aradan bir neçə gün keçdikdən sonra məlumat aldım ki, Samuxda milis idarəsinin evində iclas olacaq. Mən öz dəstəmdən beş-altı nəfər götürüb çayı keçdim kəndin yaxınlığında atları gizlədib toplantı keçirilən evə yaxınlaşdım. Evin ətrafı bomboş idi. Qoruyucular da gözə dəymirdi. Əlimdə silah, çəkmə ilə evin qapısını açdım. Süfrə arxasında xeyli milis nəfəri əyləşib şam yeməyi ilə məşğul idilər. Mən – heç kəs tərpənməsin – deyə qışqırdım. Milislər donub qaldılar. Səsləri belə çıxmırdı. Bir az sükutdan sonra dedim : - Yoxsa lal oldunuz ? Səsiniz niyə çıxmır ? Milis rəisi Şahmalıyev :

    -Loxmamızı boğazımızda qoydun, necə danışaq, - deyib, donquldandı. Onun əlindən qaşığı alıb süfrəyə əyləşdim. Onlara da əyləşib rahataca şam edin- deyə, müraciət etdim. Lakin milislərin boğazından çörək keçmirdi. Süfrə aradan götürüldü. Çay təklif etdilər. Mənim adamlarım bayırda hazır vəziyyətdə dayandıqlarına görə rahatca əyləşmişdim. Dostum Musa Qafarov da onların arasındaydı. O, mənə işarə etdi ki, bayıra çıxaq. Mən razılıq verib evdən çıxdım. Onun oğlunun kirvəsi olduğuma görə cibimdəki bir neçə qiymətli hədiyyəni qəbul etməsini xaiş etdim. Musa boynumu qucaqladı. Gözləri doldu və dedi :

    - Qasım, sən hamımızın sevimlisisən, canımı da istəsən əsirgəmərəm. Bu bolşevik rejimi, qurduqları dövlət xalqımızı məhvə aparır. Əgər silahlarınızı yerə qoysanız bilin ki, yeriniz cəhənnəm olacaq. Sizi xalqımız bağışlamaz.

    Mən sonra milislərlə xudahafizləşib ormanlara çəkildim. Bir müddət Samux və Zaqatala arasında dolaşdıq.

Davamı var...

Xatirələr ilk dəfə mərhum tədqiqatçı Xanlar Bayramovun " Samuxlu Qaçaq Məmmədqasım" kitabında çap edilib

Xatirələrdən parçanı təqdim etdi - Ceyhun Nəbi

Share on Facebook