"Tələbələrin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır".
Sozcu.az xəbər verir ki, bunu "Yeni Sabah" a təhsil eksperti Elşən Qafarov bildirib.
O, ixtisasalr üzrə təhsil haqlarının artırılması barədə danışarkən qeyd edub:
"Azərbaycanın dövlət təhsil müəssisələrində təhsil haqlarını Nazirlər Kabineti müəyyən edir və hər bir ixtisas üzrə hazırlıq qiyməti dəqiqləşdirilir. Özəl təhsil müəssisələrində isə qiymətlər sərbəst şəkildə tətbiq olunur və hər hansı xüsusi məhdudiyyət yoxdur".
E. Qafarovun sözlərinə görə, əgər 2025–2026-cı tədris ili üçün təhsil haqlarında artım nəzərdə tutulsaydı, bu, ən azı 6 ay öncə elan olunmalı idi:
“Görünən odur ki, növbəti təhsil ili üçün təhsil haqlarında hər hansı artım gözlənilmir, ən azı bu tədris ili üçün. Keçən Prezidentin sərəncamı ilə bütün tələbələrin təqaüdlərində müvafiq artım edildi. Uzun müddətdir ki, təqaüdlərdə artım olmurdu. Növbəti artımın nə vaxt olacağı isə Prezidentin səlahiyyətində olan məsələdir”.
Ekspert qeyd edib ki, hər il üçün təhsil büdcəsindən təhsil xərcləri hesablanır və Nazirlər Kabineti büdcəni adambaşına düşən maliyyə normativlərinə uyğun olaraq hazırlayır. Qiymətlərin artması da təhsil büdcəsinin artması ilə bağlıdır:
“3 il əvvəlki təhsil büdcəsi ilə bugünkü büdcəni müqayisə etsək, görərik ki, büdcə təxminən 60% artıb. Təhsil büdcəsi artdıqca müvafiq ixtisaslar üzrə kadr hazırlığının qiyməti də artır. Amma bu o demək deyil ki, təhsil haqlarının artması müəyyən problemlər yaradır. Bir neçə il əvvəl ölkədə hər 100 nəfərdən 70-i pullu ixtisasalar üzrə oxuyurdusa, hazırda hər 100 nəfərdən 40-ı ödənişli təhsil alır”.
Elşən Qafarov dünya üzrə inflyasiyanın, eləcə də Azərbaycanda illik 10–15% inflyasiyanın mövcud olduğunu bildirib:
“Düşünürəm ki, hər il ən azı təqaüdlər inflyasiyaya uyğun olaraq artırılmalıdır. 3 ildən bir təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinə ciddi mənfi təsir göstərir. Ali təhsil müəssisələrinin kampus sisteminə keçməsi, yataqxana ilə təmin olunması, kirayə haqlarının Təhsil Tələbə Krediti Fonduna daxil edilməsi çox xoş olardı. Amma bu istiqamətdə inkişaf yoxdur. Elm və Təhsil Nazirliyinin fəaliyyətini görmürük, çünki faktiki olaraq fəaliyyət yoxdur”.
Ekspert əlavə edib ki, ideal təqaüd anlayışı yoxdur və təqaüdün əsas məqsədi tələbənin minimum yaşayış xərclərini qarşılamaqdır:
“Tələbələrimizin təqaüdü ən azı minimum əmək haqqı qədər olmalıdır. Bu məbləğ bir dəfəlik minimum əmək haqqı ilə müəyyən edilsin və minimum əmək haqqı artdıqca tələbələrin təqaüdü də artsın. Ən azı ilkin mərhələdə bunu etmək mümkündür”.