Körpə ölümlərinə görə Azərbaycan regionda 4-cü sırada yer alır

Dünyada hər 1000 diri doğulan uşağa düşən 1 yaşadək ölüm sayı orta hesabla 27-dir.

Sozcu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.

Qeyd olunur ki, körpə ölümü səviyyəsi regionlar arasında ciddi fərqlənir və ən ağır vəziyyət əsasən Afrika ölkələrində müşahidə olunur. Ən yüksək göstərici Qərbi Afrikada qeydə alınıb. Siyahıda ilk yerdə Syerra-Leone dayanır. Bu ölkədə hər 1000 diri doğulan körpədən 72-si bir yaşına çatmadan ölür. Nigeriyada bu göstərici 70, Somalidə 66, Nigerdə və Mərkəzi Afrika Respublikasında isə 65-dir. Çad və Cənubi Sudanda göstərici 64 olaraq qeydə alınıb.

Ən aşağı körpə ölümü göstəriciləri isə inkişaf etmiş Avropa və Şərqi Asiya ölkələrində müşahidə edilir. Siyahıda ən yaxşı nəticə San-Marinoya məxsusdur. Burada hər 1000 diri doğulan uşağa qarşı 1 yaşadək ölüm sayı cəmi 1,1-dir. Honkonqda göstərici 1,4, İslandiyada 1,4, Yaponiyada və Finlandiyada isə 1,8-dir. İsrail, Cənubi Koreya, İtaliya və Çexiyada da göstəricilər 3-dən aşağıdır.

Avropa üzrə orta göstərici 4, Şimali Amerikada 6, Asiyada isə 21-dir. Afrika isə 44 göstərici ilə ən ağır vəziyyətin yaşandığı qitə olaraq qalır.

Azərbaycanda hər 1000 diri doğulan uşağa görə 1 yaşadək ölüm sayı 13,9 təşkil edir. Bu göstərici dünya ortalamasından aşağı olsa da, Avropa ölkələri ilə müqayisədə yüksəkdir. Azərbaycanın qonşuları arasında ən yaxşı vəziyyət Rusiyada müşahidə olunur. Bu ölkədə göstərici 4,4-dür. Ermənistanda 6,8, Gürcüstanda 8,2, Türkiyə və İranda isə 10 olaraq qeydə alınıb.

Keçmiş SSRİ ölkələri arasında ən yüksək göstərici Türkmənistanda müşahidə edilir. Burada hər 1000 diri doğulan uşağın 32-si bir yaşına çatmadan ölür. Tacikistanda göstərici 23, Qırğızıstanda 14, Azərbaycanda 13,9-dur. Baltikyanı ölkələrdə isə vəziyyət daha yaxşıdır. Estoniyada göstərici 1,7, Latviyada 2,6, Litvada isə 3-dür.

Keçmiş SSRİ ölkələri və Azərbaycanın qonşularında hər 1000 diri doğulan uşağa düşən 1 yaşadək ölüm göstəricisi aşağıdakı kimidir:

Türkmənistan – 32

Tacikistan – 23

Qırğızıstan – 14

Azərbaycan – 13,9

İran – 10

Türkiyə – 10

Moldova – 10

Özbəkistan – 8,5

Gürcüstan – 8,2

Qazaxıstan – 8

Ermənistan – 6,8

Ukrayna – 5,9

Rusiya – 4,4

Litva – 3

Latviya – 2,6

Belarus – 2,1

Estoniya – 1,7

Share on Facebook