Bakı şəhərində dövlət tərəfindən bir neçə il ərzində jurnalistlərə 3 yaşayış binası tikilib istifadəyə verildi. Mənə isə mənzil verilmədi.
Çünki şair kimi də, jurnalist kimi də həmişə həqiqəti qələmə alıram. Xalqın üzləşdiyi problemləri yazıb ictimailəşdirirəm, mətbuat səhifələrində tez-tez işıqlandırıram.
Neçə illər ərzində ailə üzvlərimlə birgə 39 dəfə kirayə mənzillərə köçmüşük. Kirayədə ömür yaşamaq elə çətin, elə əziyyətlidir...
Hansısa məmurun çətirinə heç vaxt, heç zaman sığınmadım. Həmin 3 yaşayış binasında jurnalist olmayanlara, məmur vəzifəsində çalışanlara QHT rəhbərlərinə, bir neçə yerdə mənzili olanlara, başqa sahədə çalışanlara hətta jurnalistikaya heç bir aidiyyəti olmayanlara mənzil verildi.
Mənə isə bugünə kimi də mənzil verilməyib.
Sual yaranır ki, nə üçün axı? Çünki mən yaltaqlıq və məddahlıq edə bilmirəm.
Vurğulayım ki, mənzil haqqıma girənləri hər iki dünyada bağışlamayacağam. Əllərim hər zaman hər birinin yaxasında olacaq.
Onlar bilərəkdən mənim mənzil almaq hüququmu pozdular, haqqımı əzdilər. Haqqımı onlara ömrüm boyu halal etmirəm.
Mənzil haqqım halalınız olmasın deyirəm.
Bilin, haqqım sizə heç vaxt halal olmayacaq.
Kirayələrdə min bir əzab içində, çətinliklərlə üz-üzə qalan, ağır sosial durumda yaşayan ailə üzvlərimin, bacılarımın da, elə mənim də ah-naləm tutacaq sizləri. Bunu heç vaxt unutmayın. Bu dünya belə qalmaz ki.
Məmurların ədaləti olmasa da, İlahi ədalətə çox inanıram. Ah-naləmiz yerdə qalmayacaq.
XATİRƏ ƏZİZ Rəhimli
Şair-jurnalist
