“Mübahisəli qətnamə: Sülhə dəstək, yoxsa yeni risk?”

Avropa Parlamentinin qətnaməsi tənqid olunur: ‘Sülhə deyil, gərginliyə xidmət edir’”

Avropa Parlamentinin Ermənistanla bağlı qəbul etdiyi son qətnamə Azərbaycanda tənqidlərə səbəb olub. Sənədin xüsusilə 12 və 13-cü bəndlərinin regionda sülh prosesinə mənfi təsir göstərə biləcəyi iddia edilir.

Məsələ ilə bağlı açıqlama verən Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı bildirib ki, həmin bəndlər Vladimir Putinin Qafqaz siyasəti ilə üst-üstə düşür və həm Azərbaycana, həm də Ermənistana yönəlmiş təzyiq elementləri daşıyır.

Onun sözlərinə görə, qətnamədə yer alan bəzi müddəalar regionda sülhə xidmət etmir, əksinə, qarşıdurma riskini artırır:

“Bu tələblər bütövlükdə Qafqazda sülhə, konkret olaraq Ermənistanda demokratiyaya və Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlib.”

S. Soltanlı qeyd edib ki, Ermənistan cəmiyyətinin böyük hissəsi, o cümlədən Qarabağdan köç etmiş ermənilərin əksəriyyəti artıq bəzi məsələlərdən imtina etdiyi halda, onların yenidən gündəmə gətirilməsi regionda gərginliyi artırır:

“Qayıdış məsələsinin və digər mübahisəli mövzuların yenidən qabardılması düşmənçiliyi qızışdırmaqdan başqa bir məqsəd daşımır.”

O əlavə edib ki, bu yanaşma Ermənistanda qarşıdan gələn siyasi proseslərə də təsir göstərə bilər və Paşinyanın rəqiblərinə əlavə arqumentlər verir:

“Belə bir vəziyyətdə həm Rusiya, həm də Avropa tərəfindən oxşar mövqelərin səsləndirilməsi Paşinyanın rəqiblərinin əlini gücləndirir və sülh prosesinə zərbə vurur.”

Sonda bildirilib ki, qətnamə formal olaraq Ermənistanda demokratiyaya dəstək kimi təqdim edilsə də, reallıqda bu sənədin bəzi müddəaları həm sülhə, həm də demokratik proseslərə mənfi təsir göstərir.

Share on Facebook