Körpə ölümlərinə görə Azərbaycan regionda 4-cü sırada yer alır

Dünyada hər 1000 diri doğulan uşağa düşən 1 yaşadək ölüm sayı orta hesabla 27-dir. Sozcu.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb. Qeyd olunur ki, körpə ölümü səviyyəsi regionlar arasında ciddi fərqlənir və ən ağır vəziyyət əsasən Afrika ölkələrində müşahidə olunur. Ən yüksək göstərici Qərbi Afrikada qeydə alınıb. Siyahıda ilk yerdə Syerra-Leone dayanır. Bu ölkədə hər 1000 diri doğulan körpədən 72-si bir yaşına çatmadan ölür. Nigeriyada bu göstərici 70, Somalidə 66, Nigerdə və Mərkəzi Afrika Respublikasında isə 65-dir. Çad və Cənubi Sudanda göstərici 64 olaraq qeydə alınıb. Ən aşağı körpə ölümü göstəriciləri isə inkişaf etmiş Avropa və Şərqi Asiya ölkələrində müşahidə edilir. Siyahıda ən yaxşı nəticə San-Marinoya məxsusdur. Burada hər 1000 diri doğulan uşağa qarşı 1 yaşadək ölüm sayı cəmi 1,1-dir. Honkonqda göstərici 1,4, İslandiyada 1,4, Yaponiyada və Finlandiyada isə 1,8-dir. İsrail, Cənubi Koreya, İtaliya və Çexiyada da göstəricilər 3-dən aşağıdır. Avropa üzrə orta göstərici 4, Şimali Amerikada 6, Asiyada isə 21-dir. Afrika isə 44 göstərici ilə ən ağır vəziyyətin yaşandığı qitə olaraq qalır. Azərbaycanda hər 1000 diri doğulan uşağa görə 1 yaşadək ölüm sayı 13,9 təşkil edir. Bu göstərici dünya ortalamasından aşağı olsa da, Avropa ölkələri ilə müqayisədə yüksəkdir. Azərbaycanın qonşuları arasında ən yaxşı vəziyyət Rusiyada müşahidə olunur. Bu ölkədə göstərici 4,4-dür. Ermənistanda 6,8, Gürcüstanda 8,2, Türkiyə və İranda isə 10 olaraq qeydə alınıb. Keçmiş SSRİ ölkələri arasında ən yüksək göstərici Türkmənistanda müşahidə edilir. Burada hər 1000 diri doğulan uşağın 32-si bir yaşına çatmadan ölür. Tacikistanda göstərici 23, Qırğızıstanda 14, Azərbaycanda 13,9-dur. Baltikyanı ölkələrdə isə vəziyyət daha yaxşıdır. Estoniyada göstərici 1,7, Latviyada 2,6, Litvada isə 3-dür. Keçmiş SSRİ ölkələri və Azərbaycanın qonşularında hər 1000 diri doğulan uşağa düşən 1 yaşadək ölüm göstəricisi aşağıdakı kimidir: Türkmənistan – 32 Tacikistan – 23 Qırğızıstan – 14 Azərbaycan – 13,9 İran – 10 Türkiyə – 10 Moldova – 10 Özbəkistan – 8,5 Gürcüstan – 8,2 Qazaxıstan – 8 Ermənistan – 6,8 Ukrayna – 5,9 Rusiya – 4,4 Litva – 3 Latviya – 2,6 Belarus – 2,1 Estoniya – 1,7

Sabah uşaqların I sinfə qəbulu başlayır

6 may 2026-cı il tarixindən etibarən 2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayır. Sozcu.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir. Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

İlk 3 ayda məişət zorakılığına məruz qalanların statistikası

2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub. Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.  Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə Komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda, kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub. "Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, 1 fakt isə cinsi zorakılıqla bağlı olub. Qeyd olunmalıdır ki, bu rəqəmlər Komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyəti dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib-təsdiqlənmədiyi müəyyən edilir", - deyə rəsmi məlumatda vurğulanıb. Komitədən verilən məlumata görə, coğrafi bölgüyə əsasən, müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub.

Qəfil vəziyyətlərə hazır olun - XƏBƏRDARLIQ

Özlərinin və başqalarının həyatına real təhlükə yaradan piyadalara qarşı profilaktik tədbir keçirilib. Bu barədə Sozcu.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, qanunvericiliyin tələblərinə əsasən piyadalar avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidirlər. Yol polisinin paytaxt ərazisində keçirdiyi profilaktik tədbir zamanı yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin qarşısına qəflətən çıxan piyadalar müəyyən olunub və onlarla maarifləndirici söhbətlər aparılıb. “Bir daha bütün hərəkət iştirakçılarının diqqətinə çatdırırıq ki, qaydalara əməl etmək özünüzü və başqalarını həyati təhlükələrdən qoruyur”, - deyə məlumatda qeyd edilib.

Tramp İrana neçə gün vaxt verib? - AÇIQLANDI

ABŞ prezidenti Donald Trump İranla atəşkəs rejimini konkret müddət göstərmədən uzadıb. Onun addımı diplomatiyaya razılaşma əldə etmək üçün əlavə imkan yaradır. Sozcu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, bu qərarın səbəblərindən biri ABŞ və Pakistan vasitəçilərinin İranın ali lideri Müctəba Xameneidən son təklifə cavab gözləməsidir. İsrail mənbəsinin məlumatına görə, Xameneinin çərşənbə günü cavab verəcəyi gözlənilir. Başqa bir mənbə bildirib: “Tramp iranlılara işlərini yoluna qoymaq üçün əlavə 3–5 gün vaxt verməyə hazırdır, lakin atəşkəs qeyri-müəyyən müddətli olmayacaq”.

Metroda yaranan problemin səbəbi nədir? - AÇIQLAMA

“Təmas relsinə yüksək gərginliyin verilməsində yaranan nasazlığın müxtəlif səbəbləri ola bilər. Dəqiq analiz aparmamış, konkret nəsə demək mümkün deyil. Belə halların təkrarlanmaması üçün ciddi tədbirlər görülməlidir”. Bunu “Yeni Sabah”a açıqlamasında yeraltı nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov deyib. O bildirib ki, platforma daxilində enerji təminatını həyata keçirən müxtəlif avadanlıqların hər birində nasazlıq olma ehtimalı mümkündür: “Ümumiyyətlə platformanın içərisində müxtəlif işıq gücləndiriciləri, enerji ötürücüləri və transformatorlar var. Onlarda müəyyən nasazlıqlar, qısaqapanmalar olan zaman gərginliyin düşməsi müşahidə olunur. Ola bilsin, elektrik vericiləri yaxud relslərdə olan qəbuledicilərdə nasazlıq yaranıb. Sadalanan bütün avadanlıqlarda problem olması mümkündür. Bunu daha yaxşı energetiklər müəyyən edə bilər. Daha dəqiq səbəbi müvafiq araşdırmadan sonra öyrənə bilərik”. Qeyd edək ki, “Bakı Metropoliteni”nin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyulub. İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə stansiyalardakı sərnişinlər təxliyə olunub. Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

Britaniya Hörmüz boğazının blokadasına qoşulmayacaq

ABŞ İranla danışıqlardan sonra Hörmüz boğazında blokada tətbiq etməyə hazırlaşır, lakin Böyük Britaniya bu əməliyyata qoşulmayacaq. Bu barədə "Sky News" məlumat yayıb.

Vaşinqtonda kritik görüş: İsrail və Livan üz-üzə

İsrail və Livan hökumətləri uzun illər davam edən gərginlikdən sonra ilk dəfə səfirlər səviyyəsində birbaşa danışıqlara hazırlaşır. Sozcu.az-ın “Al Hadath”a istinadən yaydığı məlumata görə, görüş aprelin 14-də Vaşinqtonda keçiriləcək. Bildirilir ki, danışıqlarda İsraili bu ölkənin ABŞ-dəki səfiri Yexiel Leyter, Livanı isə səfir Nada Hamade Moavad təmsil edəcək. Məlumata əsasən, rəsmi Vaşinqton görüş baş tutana qədər Livanın paytaxtı Beyrutun hərbi hücumlardan qorunması ilə bağlı xüsusi təhlükəsizlik zəmanəti verib. Bu diplomatik təşəbbüsün məqsədi bölgədə atəşkəsi möhkəmləndirmək və davamlı sülhə nail olmaqdır. Danışıqlar zamanı İsrail qoşunlarının Livanın cənubundan çıxarılması, “Hizbullah”ın tərksilah edilməsi, sərhəd mübahisələrinin həlli və məhbusların azad olunması kimi əsas məsələlərin müzakirəsi planlaşdırılır. Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp aprelin 7-də İranla iki həftəlik müvəqqəti atəşkəs elan etsə də, İsrail Livanın cənubunda “Hizbullah”a qarşı əməliyyatlarını davam etdirib. Hazırda Vaşinqton və Beyrut rəsmiləri İsrailin Baş naziri Benyamin Netanyahudan birbaşa danışıqlar başlayana qədər hücumların müvəqqəti dayandırılmasını istəyiblər. Qeyd edək ki, bu gün Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında da birbaşa görüş keçirilib.

Hörmüz boğazında gəmilərin hərəkəti dayandırıldı - KİV

İran İsrailin atəşkəsi pozmasından sonra Hörmüz boğazında gəmilərin hərəkətini dayandırıb. Sozcu.az xəbər verir ki, bu haqda “Fars” agentliyi məlumat yayıb. “İsrailin Livana hücumlarından sonra Hörmüz boğazı ilə gəmilərin hərəkəti dayandırılıb”, - məlumatda deyilir. Xatırladaq ki, bir müddət əvvəl İranın XİN rəhbəri Seyid Abbas Əraqçi İsrailin atəşkəsi pozduğunu iddia etmişdi.

Raket qorxusu: Səudiyyə bu rayonu boşaldır

Səudiyyə Ərəbistanı İranın mümkün raket və ya dron hücumları səbəbindən Ər-Riyadın əsas maliyyə rayonunu boşaldıb. Sozcu.az xəbər verir ki, bu barədə “Semafor” məlumat yayıb. Məlumata görə, rayondakı şirkətlərə işçilərini ərazidən köçürmək tapşırılıb.

İranda ABŞ və İsrailə işləyən 42 nəfər həbs edildi

İranın Xuzistan vilayətində İsrail və ABŞ ilə əlaqədə şübhəli bilinən bir qrup şəxs həbs olunub. Sozcu.az xəbər verir ki, İran mediasının məlumatına görə, texniki kəşfiyyat tədbirləri və ardıcıl polis araşdırmaları vasitəsilə Xuzistan hüquq-mühafizə orqanlarının əməkdaşları düşmən media qurumları ilə əlaqəli 42 nəfəri müəyyən etməyə müvəffəq olub. Məhkəmə koordinasiyasından sonra onların hamısı həbs edilib. Bu şəxslər əvvəlcədən planlaşdırma ilə həssas hərbi və mülki mərkəzlərin foto və videolarını çəkib düşmən şəbəkələrinə göndəriblər.

Ukrayna Rusiyanın neft terminallarını vurdu

Ukrayna dronları Leninqrad vilayətindəki Primorsk və Ust-Luqa limanlarına yenidən hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Drozdenko məlumat yayıb. Qubernator eyni zamanda bildirib ki, bir gecədə 36 dron vurulub. Qeyd edək ki, adı çəkilən limanlar Rusiyanın neft ixracında mühüm rol oynayır.