2026-cı ilin ilk rübü (yanvar-mart ayları) ərzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə (AQUPDK) məişət zorakılığı ilə bağlı ümumilikdə 134 müraciət daxil olub.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova deyib.
Bildirilib ki, daxil olan müraciətlərdən 23-ü kişilər, 106-sı qadınlar, 5-i isə uşaqlar tərəfindən edilib. Kişilər tərəfindən daxil olan müraciətlərin əsas hissəsi psixi zorakılıq, bəzi hallarda isə iqtisadi zorakılıqla bağlı olub. Fiziki zorakılığa məruz qalan kişilərlə bağlı isə Komitəyə hər hansı müraciət daxil olmayıb. Eyni zamanda, kişilərin müraciətlərinin əksəriyyəti övladları ilə ünsiyyət, uşaqların keçmiş həyat yoldaşları tərəfindən zorakılığa məruz qalması kimi məsələlərlə bağlı olub.
"Müraciətlərin növləri üzrə bölgüsünə gəlincə, 31 fakt psixi zorakılıq, 9 fakt iqtisadi zorakılıq, 93 fakt fiziki zorakılıq, 1 fakt isə cinsi zorakılıqla bağlı olub.
Qeyd olunmalıdır ki, bu rəqəmlər Komitəyə daxil olan müraciətlərin sayını əks etdirir və hələlik təsdiq olunmuş faktlar hesab edilmir. Müraciətlər aidiyyəti dövlət qurumlarına yönləndirilir və yalnız həmin qurumlardan daxil olan cavab məktubları əsasında faktın təsdiqlənib-təsdiqlənmədiyi müəyyən edilir", - deyə rəsmi məlumatda vurğulanıb.
Komitədən verilən məlumata görə, coğrafi bölgüyə əsasən, müraciətlərin 64-ü regionlardan, 70-i isə Bakı şəhərinin rayonlarından daxil olub.
