Ramiz Mehdiyevin köməkçisi həbs olundu

AMEA katibliyinin keçmiş rəisi, Ramiz Mehdiyevin köməkçisi vəzifəsində çalışan Eldar Əmirov həbs olunub. Sozcu.az APA-ya istinadla xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ukrayna Rusiyada neft qovşağını vurdu

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərinə kütləvi PUA hücumu edilib. Sozcu.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zərbə əsas neft daşınma qovşağı olan mərkəzi estakadaya dəyib. Nəticədə tanker və neft terminalı ciddi zədələnib.

Ramiz Mehdiyevin xanımı da işdən çıxarıldı

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva işdən çıxarılıb. Sozcu.az Manset.az-a istinadən xəbər verir ki, BDU-nun rektoru Elçin Babayevin müvafiq Əmri ilə Q.Mehdiyeva bir müddət öncə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin kafedra müdiri vəzifəsindən azad edilib. Digər Əmrlə onun yerinə AMEA-nın müxbir üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Əməkdar müəllim Vaqif İbrahimov təyin olunub. Qeyd edək ki, V.İbrahimov millət vəkili Eldar İbrahimovun qardaşıdır. Xatırladaq ki, Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva da bu günlərdə Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrindən azad edilib.

Azərbaycan İranla quru sərhədini açır? - Arakçı

İran və Azərbaycan arasında sərhədin yenidən açılması iki ölkə münasibətlərində əsas mövzulardan biridir. Sozcu.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. Nazirin sözlərinə görə, son bir il ərzində İran və Azərbaycan prezidentləri arasında keçirilən bütün görüşlərdə, eləcə də onun Azərbaycan xarici işlər naziri ilə danışıqlarında sərhədin bağlı qalması məsələsi mütəmadi şəkildə gündəmə gətirilib: “Azərbaycan tərəfi bütün sərhədlərinin bağlı olduğunu və bunun yalnız İrana aid olmadığını əsas gətirib. Lakin mövzunun yenidən araşdırılacağına və qərarın nəzərdən keçiriləcəyinə dair söz verib. İran tərəfi hazırda sərhədin açılması ilə bağlı Bakının cavabını gözləyir. Sərhədin açılması Azərbaycan Respublikası ilə münasibətlərimizdə əsas məsələlərdən biridir”.

DTX Balakəndə əməliyyat keçirir: başçı saxlanıldı

DTX Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirir. Sozcu.az xəbər verir ki, korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.

Şəmkirdə DƏHŞƏT: azyaşlı qız qaynar suda yandı

Şəmkirdə azyaşlı yanıq xəsarətləri alıb. Sozcu.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb. Kənd sakini 8 yaşlı Aynur Ramin qızı Həsənovanın üzərinə qaynar su tökülüb. Nəticədə o, yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır. Araşdırma aparılır.

Azərbaycanda güclü zəlzələ gözlənilir? - Qurban Yetirmişli açıqladı

“Azərbaycan ərazisində təkcə bu gün 17 yeraltı təkan qeydə alınıb”. Bunu “Yeni Sabah”a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O xatırladıb ki, Azərbaycan seysmik zonada yerləşmir: “Ümumiyyətlə ölkəmizdə yeraltı təkanlar gündəlik olaraq baş verir. Bu aydın məsələdir. Yer daxilində hər zaman termodinamik proseslər gedir. Bunun nəticəsində də müxtəlif təkanlar yaranır. Təkcə bu gün Azərbaycan ərazisində 17 təkan qeydə alınıb. Heç biri də hiss olunmayıb. Türkiyədə olan zəlzələnin də Azərbaycana heç bir aidiyyatı yoxdur. Eyni zamanda bizdə elə bir texnogen bölgə yoxdur ki, orada maqnitudası 6 və 6-dan çox olan zəlzələlər baş versin. Hiss olunanı da ola bilər, amma elə bir qorxulu proses yoxdur. Nəzərə almaq lazımdır ki, Azərbaycan seysmik zonada yerləşmir. Bizdə yalnız yüngül tərpənişlər baş verə bilər”. Qeyd edək ki, oktyabrın 27-də Türkiyənin Balıkesir vilayətində 6,1 maqnitudalı zəlzələ baş verib. Balıkesirin Sındırqı rayonunda qeydə alınan zəlzələdə yeraltı təkanların ocağı 5,99 kilometr dərinlikdə yerləşib və İstanbul da daxil olmaqla, bir neçə şəhərdə hiss olunub.

"Bolmart"da təcili YOXLAMA - Adnan Əhmədzadə ilə əlaqəsi var

"Bolmart" marketlər şəbəkəsində yoxlama aparılır. Sozcu.az bakuplus.az-a istinadla xəbər verir ki, yoxlama hazırda "Bolmart"ın Səməd Vurğun küçəsi yerləşən filialında keçirilir. Mühafizə orqanları tərəfindən yoxlama aparıldığı üçün supermarketin fəaliyyəti dayandırılıb və bütün işçilər çölə çıxarılıb. Mənbədən verilən xəbərə görə, "Bolmart" marketlər şəbəkəsinin bir müddət əvvəl həbs edilən məşhur iş adamı, SOCAR-ın keçmiş departament rəhbəri Adnan Əhmədzadə ilə əlaqəsi var.

Bərdədə avtomobil arxa aşdı, sürücü öldü

Bərdə rayonunda avtomobil arxa aşıb. Sozcu.az xəbər verir ki,Koroğlu Pirməmməd oğlu Rzayev "Mitsubişi Pajero" markalı avtomobillə Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedərkən idarəetməni itirib və avtomobil yolun kənarındakı arxa aşıb. Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Madurodan Trampa: Xahiş edirəm, hücum etməyin!

Müharibə yox, yalnız sülh, əbədi sülh. Lütfən, xahiş edirəm. Sozcu.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro ABŞ Prezidenti Donald Trampa ingilis dilində müraciətində bildirib. Qeyd edək ki, ötən gün Prezident Donald Tramp ordunun Latın Amerikasında (Venesuela) narkokartellərə qarşı quru əməliyyatına başlaya biləcəyini bəyan edib.

“Sputnik Azərbaycan”ın şef redaktoru da buraxıldı

“Sputnik Azərbaycan”ın şef redaktoru Yevgeni Belousov ev dustaqlığına buraxılıb. Sozcu.az xəbər verir ki, bu barədə “Minval” məlumat yayıb. Məlumata görə, Xətai Rayon Məhkəməsi Yevgeni Belousovun işi üzrə vəsatətə baxıb: “Məhkəmə vəsatəti təmin edib və Belousov ev dustaqlığına buraxılıb”. Qeyd edək ki, daha öncə agentliyin icraçı direktoru İqor Kartavıx həbsdən azad edilmiş, bundan sonra isə Azərbaycanı tərk edərək Rusiyaya getmişdi.

Azərbaycanda alim küçədə gedərkən yıxılıb öldü

Ötən il kirayə yaşadığı evdən çıxarılan tanınmış ilahiyyatçı-alim Fazil İsmayılov vəfat edib. Sozcu.az Bakı.vs-ə istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. Bildirilib ki, 77 yaşlı fəlsəfə doktoru küçədə gedərkən qəfil yıxılıb və vəfat edib. Xatırladaq ki, 1 il əvvəl kirayə borcunu ödəyə bilmədiyi üçün ev sahibi Fazil İsmayılovu mənzildən çıxarmışdı. İddiaya görə, o, bir illik kirayə haqqını ödəməmişdi. Qeyd edək ki, Fazil İsmayılov Ankara Universitetində 17 il müəllim işləyib. 29 kitab müəllifi və “Quran”ın rusca və azərbaycanca tərcüməçisidir.