İran ordusunun baş komandanı öldürüldü

İran ordusunun baş komandanı Əmir Hatəminin öldürüldüyü iddia olunur. Sozcu.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

İran İsrailə ballistik raket dalğası buraxdı – Təcili

İranın İsrail istiqamətində ilk ballistik raket dalğasını buraxdığı bildirilir. Sozcu.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb Məlumata görə, İsrail istiqamətində təxminən 30 raket atılıb. Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb.

Müşfiq Abbasov həbs edildi

Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasov həbs edilib. Sozcu.az xəbər verir ki, Yasamal Rayon Məhkəməsi prokurorluğun müraciəti əsasında belə qərar qəbul edib. Qərara əsasən, M.Abbasova inzibati qaydada 15 sutka həbs verilib. O, internetdə yayılması qadağan edilən məlumatları paylaşmaqda təqsirli bilinib. Qeyd edək ki, M.Abbasov əvvəllər də rüşvət alma ittihamı ilə həbsdə olub (Qafqazinfo.az).

Fuad Nəcəfli istintaqa cəlb edildi

Baş Prokurorluqda "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sabiq sədri Bəhruz Əsgərova cinayət işi açılıb və barəsində həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi araşdırılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində icraata verilib. Məlumatda qeyd olunur ki, Naxçıvanda adıçəkilən agentliyə 16 il ərzində rəhbərlik etmiş B. Əsgərov 22 fevral 2025-ci ildə vəzifəsindən azad olunub. Ona qarşı irəli sürülən ittihamlar 2018-2023-cü illəri əhatə edir, bu müddətdə dövlətin xüsusilə külli miqdarda - 5 milyon manatdan çox vəsaitini ələ keçirdiyi vurğulanır. Qeyd edək ki, həmin dövrün 1 ili Prezidentin Naxçıvan üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin vəzifədə olduğu dövrə düşür. Sozcu.az xəbər verir ki, “AzPolitika”-ya daxil olan məlumata görə, F.Nəcəfli bu iş üzrə istintaqa cəlb edilib. Mənbə iddia edir ki, bundan əlavə Nəcəfli başqa bir cinayət işi üzrə korrupsiya, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərində də ifadə verib. Qeyd olunur ki, iş üzrə epizodlardan biri NMR Taxıl Fondundan 6.5 milyon manat dəyərində taxılın qanunsuz olaraq ARF şirkətinə verilməsi ilə bağlıdır. Bu əməliyyatdan əldə edilən vəsaitin keçmiş səlahiyyətli nümayəndə tərəfindən mənimsənildiyi iddia olunur. Mənbə F. Nəcəflinin vəzifədə olduğu dövrdə davranışı, dövlət rəsmiləri ilə işgüzar münasibəti haqqında da informasiya verib. Qeyd olunur ki, o, tutduğu posta tamamilə uyğunsuz kadr olub, yerli nazirlərə, komitə sədrlərinə, deputatlara qarşı məmur etikasından kənar münasibət sərgiləyib. Onlara qarşı tez-tez alçaldıcı, təhqiramiz hərəkətlərə yol verib. Əldə olunan çoxsaylı məlumatlar F.Nəcəfli kimi tamamilə yararsız kadrın belə yüksək posta təqdimatını verənlərin cəsarətinə həsəd yaradır. “O, qeyri-adekvat, tutduğu vəzifənin məsuliyyətini dərk etməyən, hədsiz tamahkar şəxs idi”, - mənbə vurğulayıb.

28 yaşlı şəxs binadan yıxılıb öldü

Bakıda 28 yaşlı kişi evin 4-cü mərtəbəsindəki eyvanından yıxılıb. Sozcu.az xəbər verir ki, hadisə 1998-ci il təvəllüdlü Azər İsmayılov yaşadığı Bakıxanov qəsəbəsində olub. Sabunçu Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma aparılır.

Vüsal Nəsirli Saleh Məmmədovun müşavir qudasını işdən çıxarıb? - YENİLƏNDİ

AAYDA-dan verilən məlumata görə, qurumda kadr islahatlarına başlanılması və bəzi əməkdaşların işdən azad olunması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir: “Agentlikdə heç bir əməkdaşın işdən azad olunması ilə bağlı əmr verilməyib və belə bir prosedur həyata keçirilmir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların və medianın diqqətinə çatdırır ki, bütün rəsmi açıqlamalar yalnız İctimaiyyətlə əlaqələr şöbəsi vasitəsilə təqdim olunur və digər mənbələrdən alınan məlumatlar həqiqətə uyğun olmaya bilər”. *** 14:33 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin yeni sədri Vüsal Nəsirli kadr islahatlarına başlayıb. Qaynarinfo-nun əldə etdiyi məlumatına görə, AAYDA İdarə Heyətinin sədrinin 70 yaşlı müşaviri Əflatun Qasımov vəzifəsindən azad edilib. Vüsal Nəsirli bununla bağlı müvafiq əmr imzalayıb. Qeyd edək ki, Əflatun Qasımov uzun illər Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. O, sözügedən qurumda çalışdığı dövrdə AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovla quda olub. Bundan sonra adı müxtəlif qalmaqallarda hallanan Əflatun Qasımov idarə rəisi vəzifəsindən azad edilib. Yerinə isə özünə yaxınlığı ilə tanınan Əzizov Kamran Gülbala oğlu təyin edilib.

Müəllimin güllələndiyi liseyin direktoru vəzifədən uzaqlaşdırıldı

Bakıda yerləşən “İdrak” liseyində baş verən və müəllimin güllələnməsi ilə nəticələnən hadisədən sonra təhsil müəssisəsinin direktoru vəzifəsindən kənarlaşdırılıb. Bu barədə liseydə təhsil alan şagirdin valideynlərindən biri məlumat verib. Valideynlər məktəbdə təhlükəsizlik tədbirlərinin zəif təşkil olunduğunu iddia edərək, rəhbərliyin məsuliyyət daşıdığını bildirirlər. Xatırladaq ki, Bakıda yerləşən “İdrak” liseyində müəllimin güllələnməsi faktı ilə bağlı daha əvvəl məlumat yayılmışdı. Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır. Hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq əməkdaşları tərəfindən saxlanılıb. Məlumatlara görə, silahlı şagirdin vəzifəli şəxslərdən birinin övladı olduğu iddia edilir. Bu fakt isə cəmiyyətdə ciddi narahatlıq doğurub və digər valideynlər arasında təhlükəsizliklə bağlı suallar yaradıb. Valideynlər bildirirlər ki, yüksək təhsil haqqı tələb olunan özəl məktəbdə elementar mühafizə tədbirlərinin yetərli olmaması qəbuledilməzdir. Onların sözlərinə görə, məktəbə şagirdin silahla daxil olması mühafizə sistemində ciddi boşluqlardan xəbər verir. Qeyd edək ki, hadisədən sonra liseyin rəsmi saytına girişdə problemlər yaranıb. Açıq mənbələrdə yer alan məlumatlara əsasən, “İdrak” liseyi professor Mönsüm Alışov tərəfindən 2008-ci ildə Sumqayıt şəhərində təsis edilib, 2014-cü ildən Bakı filialı fəaliyyət göstərir. Liseydə ibtidai, ümumi orta və tam orta təhsil pillələri, həmçinin məktəbəqədər hazırlıq tədris olunur. Təhsil Azərbaycan, rus və ingilis dillərində (IB – Beynəlxalq Bakalavr proqramı üzrə) təşkil edilir. Bildirilir ki, valideynlər müəyyən saatlarda onlayn kameralar vasitəsilə dərs prosesini izləyə bilir, şagirdlər gündə iki dəfə yeməklə təmin olunur və müəssisə mühafizə xidməti tərəfindən qorunur, kənar şəxslərin girişinə məhdudiyyət tətbiq edilir. Bununla belə, ictimaiyyəti düşündürən əsas sual açıq qalır: ciddi mühafizə sistemi mövcud olduğu iddia edilən təhsil müəssisəsinə şagird silahı necə keçirə bilib və onu haradan əldə edib? İstintaqın nəticələrinin bu məqamlara aydınlıq gətirəcəyi gözlənilir.Tezadlar.az)

"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri saxlanıldı

09:53 "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaş saxlanılıb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Ceyhun Məzahir oğlu Salmanov, Elşad Məhərrəm oğlu Məhərrəmov və Natiq Eldəniz oğlu Əliyev tutulub. Qeyd edək ki, Baş Prokurorluq "Qurtuluş" Reabilitasiya Mərkəzində aşkar edilmiş qanun pozuntuları ilə bağlı bir müddət əvvəl məlumat yayıb. Məlumatda bildirilirdi ki, "Qurtuluş" Reabilitasiya Mərkəzi MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciətləri əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma nəticəsində toplanmış ilkin dəlillər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 145.2.1 və 145.2.4-cü (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsə qarşı törədildikdə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb. Lakin cinayət işinin həmin hadisə ilə əlaqəsi yoxdur. Şikayət prokurorluğa ötən ilin dekabr ayında daxil olub. *** "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşa elan olunan ittiham məlum olub. Məlumata görə, onlar Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 133-cü (əzab vermə), 144-cü (adam oğurluğu), 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri üzrə ittiham edilir.

Kupyansk tamamilə azad olunub, ruslar məhv edilir

Xarkov vilayətinin Kupyansk şəhəri tamamilə azad edilib. Hazırda orada yalnız mühasirəyə alınmış rus işğalçılarının yerləşdiyi bir neçə kiçik qrupu qalıb. Sozcu.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert İvan Timoçko məlumat verib. “İşğalçıların niyə hələ də ayrı-ayrı kiçik qrupları qalır? Çünki onları Ukraynanın Müdafiə Qüvvələri üçün minimum itkilərlə məhv etmək lazımdır. Məhvetmə prosesi mərhələli şəkildə aparılır. Həmişə düşməni elə bir səviyyəyədək zəiflətmək daha məqsədəuyğundur ki, o, müqavimət göstərmək imkanını itirsin. Bundan sonra onun tam məhv edilməsi həyata keçirilir, lakin bu proses həmişə vaxt tələb edir”, – deyə ekspert bildirib. Timoçko vurğulayıb ki, ruslar ümid etdikləri nəticələrə nail ola bilməyiblər. Onun sözlərinə görə, hazırda Ukrayna hərbçiləri işğalçıları blokadada saxlayır və onların mühasirədən çıxmasına imkan vermirlər.

Ağdərədə partlayış olacaq - Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ

Azərbaycan Ordusunun balansında olan və istismar müddəti başa çatmış, istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək. Bu barədə Sozcu.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, məhvetmə prosesi yanvarın 19-23-də təhlükəsizlik qaydalarına riayət olunmaqla Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində  həyata keçiriləcək. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, - nazirlikdən bildirilib.

Qar Ağsu aşırımında nəqliyyatın hərəkətini iflic etdi

Yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Sozcu.az xəbər verir ki, xüsusilə sərt döngəli və enişli hissələrdə bəzi nəqliyyat vasitələri yolda qalıb, yol-nəqliyyat qəzaları qeydə alınıb. Sürücülərə hava şəraitini nəzərə almaq tövsiyə edilib.

Bakı metrosunda ölüm...

Bu gün saat 11:30 radələrində metronun “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib. Bu barədə Sozcu.az-a Bakı Metropoliteni QSC-dən məlumat verilib. Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.