Tramp: “Yayılan məlumatlara inanmayın, hər şey nəzarət altındadır”

ABŞ Prezidenti Donald Tramp mediada ABŞ–İran danışıqları ilə bağlı məlumatları tənqid edib və vəziyyətin nəzarət altında olduğunu bildirib. Sozcu.az xəbər verir ki, Tramp bu barədə açıqlamasında qeyd edib ki, guya danışıqlarla bağlı yayılan müxtəlif razılaşma, siyahı və məktublar prosesə heç bir aidiyyəti olmayan şəxslər tərəfindən hazırlanır. Onun sözlərinə görə, bu cür məlumatları yayanlar “fırıldaqçılar, şarlatanlar və daha pisləridir” və aparılan federal araşdırma başa çatdıqdan sonra onların ifşa olunacağı gözlənilir. Tramp vurğulayıb ki, ABŞ üçün qəbul edilə bilən yalnız bir sıra əsas şərtlər mövcuddur və bu məsələlər danışıqlar çərçivəsində bağlı qapılar arxasında müzakirə olunur. O, əlavə edib ki, həmin şərtlər atəşkəs razılaşmasının əsasını təşkil edir və kifayət qədər məntiqli olduğu üçün asanlıqla həll edilə bilər. Prezident, həmçinin CNN telekanalını da tənqid edərək bildirib ki, kanal etibarsız mənbəyə istinadla məlumatlar yayır.

Epşteyn hələ də sağdır - Maskın atasından şok

Qalmaqallı maliyyəçi Cefri Epşteyn hələ də sağdır. Sozcu.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Maskın atası Errol Mask “RİA Novosti”yə müsahibəsində deyib. “O, dəqiq sağdır. Epşteyn ölməyib. Buna şübhə yoxdur. Onun hətta ölmüş olması belə mümkün deyil”, - Mask bildirib. O, həmçinin Epşteynin ölümünün rəsmi açıqlamasını da şübhəli hesab edib. Errol Maskın sözlərinə görə, hadisə zamanı (Epşteynin ölümü - red.) təhlükəsizlik kameraları söndürülmüş və həbsxana mühafizəçiləri yatmışdılar.

Tramp: ABŞ Səudiyyə Ərəbistanına F-35 qırıcıları satacaq

ABŞ ilk dəfə Səudiyyə Ərəbistanına beşinci nəsil F-35 qırıcıları satacaq. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Mayamidə keçirilən investisiya forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Vaşinqton krallığı NATO-dan kənar əsas müttəfiq kimi tanıyıb və bu çərçivədə silah satışına razılıq verib. “İlk dəfə olaraq Səudiyyə Ərəbistanına F-35 qırıcılarının satışına razılaşdıq. Bu təyyarələr olduqca güclüdür və biz onları çox məhdud şəkildə satırıq”, – deyə Tramp qeyd edib.

Ukrayna ordusu daha bir kəndi azad etdi

Ukrayna hərbçiləri Donetsk bölgəsindəki Minkovka kəndini Rusiya ordusundan təmizləməyi bacarıblar. Bu, Baxmut-Slavyansk magistral yolundakı əsas yaşayış məntəqəsidir. Sozcu.az xəbər verir ki, bu barədə “Skelya” alayı Teleqram səhifəsində məlumat yayıb. Hərbçilər Rusiya qoşununun irəliləməsinin artıq dayandırıldığını və magistral yol boyunca vəziyyətin sabitləşdiyini bildiriblər.

Tramp: İsrailin İranın "Cənub Pars" yatağına hücumundan ABŞ-nin məlumatı olmayıb

Birləşmiş Ştatlar İsrailin İranın "Cənub Pars" qaz yatağına hücumundan əvvəlcədən xəbərdar olmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb. "Yaxın Şərqdə baş verənlərlə əlaqədar qəzəblənən İsrail böyük bir obyektə - İrandakı "Cənub Pars" qaz yatağına güclü zərbə endirib. Bütün kompleksin nisbətən kiçik bir hissəsi vurulub. Birləşmiş Ştatlar bu konkret hücum barədə məlumatlı deyildi, Qətərin isə buna heç bir aidiyyəti yox idi və hazırlanan zərbə haqqında hər hansı bir məlumata malik deyildi", - o qeyd edib. Tramp həmçinin bildirib ki, buna cavab olaraq İran Qətərin mayeləşdirilmiş təbii qaz (MTQ) istehsal edən obyektinə qeyri-mütənasib zərbə endirib. "İsrail bu son dərəcə vacib "Cənub Pars" yatağına artıq zərbə endirməyəcək, bir şərtlə ki, İran buna qətiyyən aidiyyəti olmayan Qətərə hücum etmək qərarına gəlməsin. Əks təqdirdə, ABŞ İsrailin köməyi və razılığı ilə və ya bunlar olmadan bütün "Cənub Pars" yatağını tamamilə məhv edəcək", - Ağ Evin rəhbəri vurğulayıb. Bununla belə, Tramp öz yanaşmasını İranın gələcəyi üçün uzunmüddətli mənfi nəticələrlə əsaslandıraraq bu səviyyədə dağıntıların olmasını istəmədiyini əlavə edib. Çərşənbə günü İsrail tərəfindən endirilən zərbələr nəticəsində "Cənub Pars" qaz yatağının bir sıra obyektlərində yanğınlar baş verib. Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Buraxılış imtahanlarının nəticələri ləğv olunur? - RƏSMİ CAVAB

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da keçirilən buraxılış imtahanları ilə bağlı tənqidlərə cavab verib. Qurumdan “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, imtahanlarla bağlı müraciətlər adətən nəticələr elan olunduqdan sonra qəbul edilir. “Həmin vaxt elektron ərizə forması açılır və iştirakçılar öz müraciətlərini həmin sistem vasitəsilə təqdim edə bilirlər. Bəzən belə fikirlər səsləndirilər ki, tapşırıqlar proqramdan kənar olub. Ancaq DİM sual kitabçalarını imtahandan sonra iştirakçılara verir. Hələ də konkret bir fakt - sual göstərən yoxdur ki, bax bu tapşırıq proqramdan kənardır. Və ya imtahan nəticəsi olmadan qəti mülahizələr irəli sürülür. Halbuki əlinizdə statistik nəticə olmadan qəti fikir söyləmək doğru deyil. Yalnız ümumi, əsası olmayan fikirlər yazılır. Sağlam və rasional tənqid müşahidə edilmir”, - DİM-dən bildirilib. Məlumata görə, DİM tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkədə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır: “İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır”. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə, qurumdan qaydalar xatırladılıb: “Ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur”. DİM-də hesab edirlər ki, ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir: “İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur.  İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada əsasən hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu hər il təkrarlanır. Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib. Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə Mərkəzin saytında “Abituriyent” jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz. Dövlət İmtahan Mərkəzi imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da Mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictmaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir”.

Tramp: Münaqişə bitdikdən sonra İranın xəritəsi dəyişə bilər

ABŞ Prezidenti Donald Tramp münaqişə bitdikdən sonra İranın sərhədlərinin dəyişdirilməsini mümkün hesab edir. Sozcu..az xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib. Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox".

ABŞ-dan vətəndaşlarına Naxçıvanla bağlı çağırış

ABŞ hökuməti öz əməkdaşlarına Naxçıvan bölgəsinə səfər etməməyi tövsiyə edib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında məlumat yer alıb. Tövsiyə İranın Naxçıvana dron hücumundan sonra verilib. Səfirlik həmçinin bildirib ki, hazırda ABŞ-ın Bakıdakı səfirliyinin təhlükəsizlik rejimində dəyişiklik yoxdur və adi konsulluq xidmətləri davam edir. ABŞ vətəndaşlarına isə vəziyyətlə bağlı yerli məlumatları izləmək, izdihamlı yerlərdən və nümayişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək və zərurət yaranarsa regionu tərk etmək üçün plan hazırlamaq tövsiyə olunub.

Hərbçilərimiz qəzaya düşdü: ölən var

Gecə saatlarında Xocalı yolu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sozcu.az Unikal-a istinadla xəbər verir ki, hadisə zamanı Azərbaycan Ordusunun giziri, 1996-cı il təvəllüdlü Vüsal Quluzadə ölüb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Cavid Əhmədov isə ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

İran İraqdakı NATO-nun Viktoriya bazasına hücum edib

İran İraqın Bağdad beynəlxalq hava limanı yaxınlığındakı NATO-nun Viktoriya bazasına hücum edib. Sozcu.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziya və Radio Şirkəti (IRIB) məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Amerikanın "Palm Jet" təyyarəsi vurulub və uçuş-enmə zolağına zərər dəyib. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) mətbuat xidmətinin məlumatına görə, bazaya üç kamikadze dron hücum edib. Xatırladaq ki, İran 28 fevralda İsrail və ABŞ-ın hücumlarına cavab olaraq "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, həm də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn, Qətər və İordaniya da daxil olmaqla, ABŞ hərbi obyektlərinə ev sahibliyi edən region ölkələrini hədəf alıb.

İran dövlət televiziyası Xameneinin ölümünü təsdiqlədi

İran İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei ABŞ-ın hücumları nəticəsində öldürülüb. Sozcu.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb. “Fars” xəbər agentliyinin məlumatına görə, İranın Ali Rəhbərinin ailəsinin dörd üzvü, o cümlədən qızı və nəvəsi ABŞ-ın hücumları zamanı həlak olub.

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

Xamenei izləmə sistemlərimizdən yayına bilmədi. İsraillə sıx əməkdaşlıq nəticəsində onun və digər liderlərin qarşısı alındı - öldürüldülər! Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb. ”Bu, İran xalqı üçün ölkəni geri almaq baxımından ən böyük şansdır. Bir çox SEPAH, hərbi və polis qüvvələri döyüşmək istəmir, toxunulmazlıq axtarır. “İndi toxunulmazlıq əldə edə bilərlər, yoxsa sadəcə ölüm var” Yaxın Şərqdə və dünyada sülhə nail olunana qədər ağır bombardmanlar davam edəcək”.