Təbrizdə milli fəal həbs edildi

İran Təhlükəsizlik Nazirliyinin əməkdaşları dekabrın 29-da Təbrizdə yaşayan milli fəal Nadir Sultanini həbs ediblər. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Onun həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib.

Məni təhqir edin, ancaq Azərbaycan xalqını yox - "Traktor"un sahibi

Təbrizin "Traktor" futbol klubunun sahibi Məhəmmədrza Zunuzi televiziya kanallarının birində canlı yayımda çıxışı zamanı türklərə qarşı təhqirlərə sərt reaksiya verib. Sozcu.az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. O bildirib ki, şəxsi təhqirlərə dözə bilər, lakin Azərbaycan xalqına qarşı hörmətsizliyə heç vaxt göz yummayacaq. Zunuzi qeyd edib ki, etnik təhqirlər davam edərsə, komandanın oyunlara çıxmasına icazə verməyəcək: "Futbolda başımızı da kəssələr, türklərə qarşı təhqir qarşısında geri çəkilməyəcəyik. Xalqın qeyrəti "Traktor"dan da önəmlidir".

Güneyli fəalların hərəkatdakı rolu - Ceyhun Nəbi

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nabi bildirib ki, 1988-ci ildə başlayan Meydan Hərəkatından əvvəl Sovet Azərbaycanında fəaliyyət göstərmiş bir sıra Güney Azərbaycanlı fəallar müstəsna xidmətlər göstərmişdir. Onların gizli təşkilatlanma işində tövsiyə və məsləhətləri nəzərə alınmış, bir çoxu isə Seyid Cəfər Pişəvəri hökuməti ilə bağlı fəaliyyət göstərmişdir. “Bu səbəbdən, həmin şəxslər siyasi təşkilatlanma işinə az-çox bələd idilər. Təəssüf ki, onları biz hələ lazımınca tanımırıq və fəaliyyəti barədə kifayət qədər araşdırma aparılmayıb. Adları yalnız müəyyən müsahibələrdə və çıxışlarda çəkilmişdir. Xüsusilə İsmayıl Təriqpeyma, Məhəmməd Hatəmi Tantəkin, İsfəndiyar Bərxu (Coşğun) və başqaları diqqət çəkir,” – deyə Ceyhun Nabi vurğulayıb. O əlavə edib ki, bir gün Azərbaycan Meydan Hərəkatı və Azərbaycanın müstəqilliyinin bərpasına gedən yol ciddi şəkildə tədqiqatlara cəlb olunmalı, bu proseslərin təməllərini müəyyən edən məqamlar öyrənilməlidir. “Hazırda yaxın tariximizlə bağlı əlimiz boşdur və bu, bizim üçün böyük bir faciədir. Azərbaycanda bu məsələni tam mənzərəsi ilə ortaya qoyacaq fundamental mənbə və ya tədqiqat işi hələ ortada yoxdur,” – Ceyhun Nabi bildirib.

3 milli fəala 12,9 il həbs cəzası verildi

Təbrizin İnqilab Məhkəməsinin ikinci bölməsi azərbaycanlı fəallar Əmin Tağızadə, Səməd Heydəri və Rza Səlimini ümumilikdə 12 il 9 ay azadlıqdan məhrum edib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “hökumətə qarşı təbliğat”da günahlandırılıblar. Adı çəkilən fəallar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə həbs ediliblər.

Cəfər Pənahiyə hökm oxundu

Kann festivalının “Qızıl Palma” mükafatçısı, tanınmış iranlı rejissor Cəfər Pənahi bir il müddətinə həbs cəzası alıb. Sozcu.az xəbər verir ki, bu barədə rejissorun vəkili Mustafa Nili X hesabında paylaşım edib. “Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsi Cəfər Pənahini rejim əleyhinə təbliğat fəaliyyətlərinə görə qiyabi şəkildə 1 il müddətinə həbsə, 2 il ölkədən çıxış yasağına və siyasi-ictimai qruplara üzvlük qadağasına məhkum edib. Hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün qanuni addımlar atacağıq", - paylaşımda qeyd olunub.

İranda hərbçilər daha bir bəlucu qətlə yetirdilər

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərində hərbçilər etnik bəlucu qətlə yetiriblər. Sozcu.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu məlumat yayıb. Məlumata görə, hərbçilər avtomobilə atəş açaraq, Mustafa Dehmərde adlı mülki şəxsi öldürüblər. Dehmərdenin qanunsuz yanacaq daşıdığı və hərbi qüvvələrinin dayanma əmrinə tabe olmadığı iddia edilib. Qeyd edək ki, 2024-cü ildə İranın repressiv qüvvələrinin açdığı atəşlər nəticəsində 122 bəluc həlak olub, 114 nəfər isə yaralanıb.

Təbrizli milli fəal həbs edildi

Təbrizdə yaşayan milli fəal Kərim İsmayılzadə həbs edilərək həbsxanaya göndərilib. Sozcu.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Məlumata görə, o, oktyabrın 18-də Təbriz Prokurorluğunun 10-cu bölməsinə çağırıldıqdan sonra saxlanılıb. Fəal yalan məlumatlar yaymaqla ictimai rəyi təhrik etməkdə ittiham olunur. Qeyd edək ki, İsmayılzadə bundan əvvəl də dinc fəaliyyətlərinə görə bir neçə dəfə həbs edilib.

İranın 52 həbsxanasında aclıq aksiyası keçirilir

Bu gün, oktyabrın 14-ü səhər saatlarından başlayaraq İranın 52 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıb. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb. Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər. Aclıq aksiyası 90-cı dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

İranın 5 şəhərində 17 məhbus edam edildi

İranın Kərəc, Məşhəd, Şiraz, Amol və Taybad şəhərlərinin həbsxanalarında 17 məhbus edam edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı insan haqları təşkilatları məlumat yayıb. Onlar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Bununla da cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1093-ə çatıb, onlardan 30-u qadındır.

Zəncanlı şagird ürəktutmasından öldü

Zəncan əyalətinin Söhreyn kənd məktəbində 14 yaşlı şagird Nima Nəcəfi həyatını itirib. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, məktəblinin ölümünə məktəb rəhbərliyi səbəb olub. Şagirdin əmisi bildirib ki, məktəb rəhbərliyi artıq çəkidən əziyyət çəkən yeniyetməni məktəb həyətində bir neçə dövr qaçmağa məcbur edib. Qaçdıqdan sonra şagirdlərin arasına qayıdan Nima Nəcəfi yıxılıb və dünyasını dəyişib. Onun ürək tutmasından vəfat etdiyi bildirilir.

İki azərbaycanlı uçquna düşdü, biri öldü

Şərqi Azərbaycan əyalətinin Binab rayonunda qazıntı aparan iki qardaşdan biri həlak olub, biri isə ağır yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Sozcu.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb. Məlumata görə, onlar "əhəng" (kalsium karbonat) toplamaq üçün qazıntı apardıqları zaman torpaq uçqunu altında qalblar.

Şəhriyarın anım gününün keçirilməsinə icazə verilmədi

İran hökumətinin yerli icraçıları sentyabrın 18-də Məhəmməd Hüseyn Behcət Təbrizinin (Şəhriyar) ildönümü münasibətilə keçirilməsi planlaşdırılan anım mərasiminə icazə verməyiblər. Sozcu.az xəbər verir ki, bu haqda Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb. Bildirilib ki, Şəhriyarın ata yurdu Xoşkənab kəndində keçirilməsi nəzərdə tutulan tədbir ləğv edilib, şairin ata evinin qapıları bağlanıb və qonaqların ziyarətininin qarşısı alınıb. Tədbir təşkilatçıları və mədəniyyət xadimlərinin tədbirin qarşısının alınmasının səbəbləri barədə əlaqədar dövlət qurumlarına ünvanladıqları müraciət cavabsız qalıb. Qeyd edək ki, bununla eyni vaxtda İranın müxtəlif şəhərləri ilə yanaşı Təbrizdə də “Fars dili və ədəbiyyatı günü” ilə bağlı təntənəli mərasimlər keçirilib. Xatırladaq ki, İran Ali Mədəni İnqilab Şurası 18 sentyabrı (27 şəhrivər) Şəhriyarın ölüm günü münasibətilə İranda "Fars dili və ədəbiyyatı günü" elan edib.