Abbas Lisani sürgünə göndərildi

Avqustun 31-də təhlükəsizlik məmurları tərəfindən Ərdəbildəki şəxsi mənzilində həbs edilən keçmiş siyasi məhkum Abbas Lisani 2 illik sürgün cəzasını çəkmək üçün məcburi şəkildə Yəzd şəhərinə aparılıb. Sozcu.az xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb. O, sürgün cəzasına tabe olmayacağı təqdirdə barəsində daha ağır cəza tədbirləri görüləcəyi, cəza müddətinin artırılacağı ilə hədələnib. Abbas Lisani barəsində çıxarılan ədalətsiz və qanunsuz sürgün cəzası qərarına tabe olmayacağını bildirib. Milli hərəkat fəalının ailəsinin verdiyi məlumata görə, o, təhlükəsizlik idarəsindən buraxıldıqdan sonra Ərdəbilə geri qayıtmaq üçün Yəzd şəhərinin avtovağzalına yollanıb. Xatırladaq ki, Abbas Lisani 21 fevral 2023-cü il tarixində 4 il 2 aylıq həbs cəzasını çəkdikdən sonra “ümumi amnistiya və cəzaların azaldılması” haqqında fərman əsasında Ərdəbil həbsxanasından azad edilib. Hüquqşünas Seyid Məhəmmədrza Fəqihi bildirib ki, əgər Lisani ümumi amnistiya ilə azad edilibsə, Yəzd şəhərindəki məcburi sürgün cəzası da həmin amnistiyaya daxil olmalı idi. Bu səbəbdən milli fəalın azadlığa buraxıldıqdan sonra Yəzd şəhərinə köçürülməsi və cəzasının artırılmasının hüquqi əsası yoxdur.

İran hökuməti türkcə kitabların nəşrini məhdudlaşdırır

Yaranan vəziyyət türk dilində kitabların nəşrinə, Azərbaycanın tarixi, dili və mədəniyyəti ilə bağlı fəaliyyətlərə birmənalı olaraq qadağa kimi dəyərləndirilə bilər. Sozcu.az xəbər verir ki, bunu güneyli şair, tərcüməçi və ictimai fəal Saleh Səccadi deyib. O, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin ölkədə Azərbaycan dilində kitabların nəşrinə qadağa və məhdudiyyətləri artırdığını açıqlayıb. Səccadi bildirib ki, ölkədə Azərbaycan türklərinin milli kimlik, dil və mədəniyyətini qoruyub saxlamaq və inkişaf etdirmək üçün fəaliyyətlərinin genişlənməsi ilə eyni vaxtda buna qarşı qadağaların tətbiqi də güclənib. Yazıçının sözlərinə görə, xüsusilə son üç ildə Azərbaycan dilində kitabların nəşrinə qadağa və senzura daha da kəskinləşib.

Sürgün cəzası ilə bağlı Abbas Lisaniyə xəbərdarlıq edildi

Ərdəbil şəhərində yaşayan keçmiş siyasi məhbus və milli hərəkat fəalı Abbas Lisaniyə barəsində bundan əvvəl çıxarılmış Yəzd şəhərinə sürgün cəzasının icrası ilə bağlı xəbərdarlıq məktubu göndərilib. Bu barədə yerli mənbələr məlumat yayıb. Bununla bağlı ona Ərdəbil əyalətinin Məhkəmə Xidmətləri İdarəsi çağırış məktubu göndərib. Məktubda Abbas Lisanidən bu gün avqustun 5-də adı çəkilən idarəyə getməsi istənilib. "Əks təqdirdə sizin saxlanılmanız üçün tədbirlər görüləcəkdir",- deyə məhkəmənin çağırış məktubunda xəbərdarlıq edilib. Qeyd edək ki, 2023-cü il fevralın 21-də Ərdəbildə həbsxanasında 50 ay həbs çəkdikdən sonra Yəzd şəhərinə iki illik sürgünə göndərilən Abbas Lisani "məcburi sürgün hökmünə tabe olmayacağam" bəyanatı yayıb və fevralın 23-də Ərdəbilə geri dönüb. Abbas Lisani 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Urmiyada ictimai fəal həbs edildi

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərində 44 yaşlı ictimai fəal Yusif Ziyayi həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb. O, təhlükəsizlik məmurları tərəfindən saxlanılıb və naməlum yerə aparılıb. Yusif Ziyayinin ittihamı və həbs səbəbləri barədə açıqlama verilməyib.

Təbriz bazarında tarixi abidə məhv olur

Təbrizin üstüörtülü bazarında yerləşən tarixi "Mirzə Mehdi" hamamı baxımsızlıq ucbatından tamamilə dağılmaq üzrədir. Bu barədə "mədəni fəallar məlumat yayıb. Bildirilib ki, Bu, Mədəni İrs Təşkilatının tarixi abidənin bərpasına vəsait ayırmaması ilə bağlıdır. Divar və sütunlarında nadir rəsm əsərlərinin olduğu abidə Qacarlar dövründə inşa edilib. Qeyd edək ki, Şərqi Azərbaycanda bu günə kimi tanınan və qeydə alınan tarixi abidələrin sayı 1800-dən çoxdur. Əyalət bu sahədə İranda ən çox tarixi abidəyə malik olan 5 əyalət arasında yer alır. Təbrizdə 600-dən çox tarixi tikili, abidə və evin mövcud olmasına baxmayaraq, onlardan bir çoxu dağıdılıb, baxımsız qalıb və ya dağılmaq üzrədir. Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcə ayrılmadığını deyirlər.GünazTV

İran əl çəkmir: Nizami Beynəlxalq Fondu yaratdı

Fars dili və ədəbiyyatının qorunub inkişaf etdirilməsi, yayılması və İranın qədim mədəniyyəti, şəxsiyyətlərinin dünya səviyyəsində tanıtdırılması istiqamətindəki fəaliyyətlərin təkmilləşdirilməsi üçün fars dili və İran ədəbiyyatında müstəsna yeri olan Nizami Gəncəvi Fondunun yaradılması qərara alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Prezident səlahiyyətlərini yerinə yetirən Məhəmməd Müxbirin imzası ilə yayılan bəyanatda bildirilib. Ali Mədəni İnqilab Şurasının təsdiq etdiyi qərarı İran Mədəniyyət və İrşad Nazirliyi də qəbul edib və onun icrası, bu istiqamətdə işlərin aparılması üçün bütün dövlət qurumlarına göndərilib. Qeyd edək ki, xüsusilə son illər İran Mədəniyyət və İrşad Nazirliyi, Fars Dili Akademiyası, Ali Mədəni İnqilab Şurası və başqa dövlət qurumları Nizaminin fars və İran şairi olduğu barədə təbliğatlarını artırıblar. Bunun üçün xüsusi büdcə və imtiyazlar ayrılıb, bir çox şəhərlərin məktəblərində “Nizmi həftəsi” keçirilir. 2022-2023-cü illərdə bu qəbildən olan tədbirlərin Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində keçirilməsi milli və mədəni fəalların etirazları ilə qarşılaşsa da, tədbirlər müxtəlif səviyyələrdə davam etdirilir.

Urmiyada bu xəstələr xəstəxanaya qəbul edilmir

Urmiya şəhərinin bəzi xəstəxanaları danq qızdırmasına yoluxanları qəbul etməkdən imtina edir. Sozcu.az xəbər verir ki, bu barədə Təbrizin “Azərəncümən” nəşri məlumat yayıb. Bildirilib ki, xəstəliyə yoluxanların vəziyyətinin ağır olmasına baxmayaraq, onların qəbulu və müalicəsinə icazə verilmir. Bunun səbəbləri barədə məlumat verilməyib. Qeyd edək ki, son günlər İranda danq qızdırmasına yoluxma halları artıb. Yoluxma nəticəsində bir neçə nəfər həyatını itirib.

İran mediası təhrif etdi- Ağrı dağını "Ararat" adlandırdı

İranın rəsmi dövlət mediası Azərbaycan və Türkiyə ilə bağlı dərc etdikləri materiallarda davamlı olaraq yer adlarını təhrif edirlər. Bu qəbildən olan növbəti təhrifi İRNA xəbər agentliyi edib. Agentlik Qərbi Azərbaycan əyalətindən olan alpinistlərin Türkiyənin Ağrı dağına dırmanışı barədə xəbər dərc edib. "2 alpinist 5 günlük yürüşdən sonra Türkiyənin ən yüksək dağı olan Ararat dağının zirvəsinə qalxdılar",- xəbərdə Ağrı dağı "Ararat" verilib.

İranda evsiz vətəndaşların sayı artdı

Hazırda İranda 6,5 milyon vətəndaş evsizdir və onların aylıq gəlirlərinin 60%-i ev kirayəsinə xərclənir. Sozcu.az xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Müctəba Yusifi deyib. Qeyd edək ki, bundan əvvəl rəsmi məlumatda evsizlərin sayının 5 milyon olduğu bildirilmişdi.

Milli fəal təhlükəsizlik idarəsində dindirilib

İyulun 11-də Təbrizdə yaşayan milli fəal Səccad Sidqi təhlükəsizlik idarəsinə aparılaraq dindirilib. Bu barədə yerli insan haqları fəalları məlumat yayıblar. Onlarn sözlərinə görə, mülki güyimli əmurlar məhkəmə hökmü  olmadan iş yerinə gedən milli fəalı özləri ilə idarəyə aparıb, 4 saat dindirdikdən sonra sərbəst buraxıblar. Məmurlar Səccad Sidqinin təhküləsizlik idarəsindən edilən çağırış zənglərinə cavab vermədiyinə görə onun təhdid ediblər. Qeyd edək ki, Səccad Sidqi bundan əvvəl bir neçə dəfə saxlanılıb, "İrana qarşı olan qrup və ya təşkilatların xeyrinə təbliğat"da günahlandırılıb və girov qarşılığında müvəqqəti sərbəst buraxılıb.

Pezeşkianın seçki qərargahının üzvü həbs edildi

Məsud Pezeşkianın Qərbi Azərbaycan əyalətinin Salmas şəhərindəki seçki qərargahının üzvü Hacı Əlili həbs edilib. Sozcu.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, o, din xadimlərini, müharibə veteranlarını və İbrahim Rəisini təhqir etməkdə günahlandırılıb. Qeyd edək ki, Hacı Əlili seçkiqabağı təbliğat kampaniyasında vətəndaşların mollalara inanmadığını deyib. O, İbrahim Rəisinin həddən artıq şişirdildiyini, əslində onun prezident kimi azərbaycanlılar üçün yaddaqalan heç bir iş görmədiyini söyləyib.

Təbrizdə təqaüdçülər etiraz aksiyası keçirdilər

Təbrizdə Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri növbəti dəfə etiraz aksiyası keçiriblər.  Bu barədə yerli sosial media şəbəkəsində məlumat yayılıb. İyunun 8-da Rabitə Nazirliyinin yerli idarələri qarşısına toplaşan təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Məlumata görə, təqaüdçülər hökumət rəsmilərindən onların müraciətlərinə baxılmasını tələb edən şüarlar səsləndiriblər: Tələblərini əks etdirən plakatlar qaldıran təqüdçülər Rabitə Nazirliyinin rabitə şirkətlərindəki səhmdarları dəstəklədiyini, işçi və təqaüdçülərin hüquqlarının pozulmasına göz yumduğunu bildiriblər. Onlar "Təqaüdə çixmış rabitə işçilərinə qarşı neçə illik zülmə son verin!", "təqaüdçülərlə bağlı konstitusiya tələblərini yerinə yetirin" və başqa etiraz məzmunlu plakatlar açıblar. Qeyd edək ki, Rabitə Nazirliyinin təqaüdçüləri bir neçə ildir davamlı şəkildə eymi tələblərlə aksiya keçirsələr də, bu günə kimi onların problemləri həll olunmayıb.