Güneyli fəalların hərəkatdakı rolu - Ceyhun Nəbi

Cümhuriyyət Siyasi Düşüncə Mərkəzinin sədri Ceyhun Nabi bildirib ki, 1988-ci ildə başlayan Meydan Hərəkatından əvvəl Sovet Azərbaycanında fəaliyyət göstərmiş bir sıra Güney Azərbaycanlı fəallar müstəsna xidmətlər göstərmişdir. Onların gizli təşkilatlanma işində tövsiyə və məsləhətləri nəzərə alınmış, bir çoxu isə Seyid Cəfər Pişəvəri hökuməti ilə bağlı fəaliyyət göstərmişdir.

“Bu səbəbdən, həmin şəxslər siyasi təşkilatlanma işinə az-çox bələd idilər. Təəssüf ki, onları biz hələ lazımınca tanımırıq və fəaliyyəti barədə kifayət qədər araşdırma aparılmayıb. Adları yalnız müəyyən müsahibələrdə və çıxışlarda çəkilmişdir. Xüsusilə İsmayıl Təriqpeyma, Məhəmməd Hatəmi Tantəkin, İsfəndiyar Bərxu (Coşğun) və başqaları diqqət çəkir,” – deyə Ceyhun Nabi vurğulayıb.

O əlavə edib ki, bir gün Azərbaycan Meydan Hərəkatı və Azərbaycanın müstəqilliyinin bərpasına gedən yol ciddi şəkildə tədqiqatlara cəlb olunmalı, bu proseslərin təməllərini müəyyən edən məqamlar öyrənilməlidir.

“Hazırda yaxın tariximizlə bağlı əlimiz boşdur və bu, bizim üçün böyük bir faciədir. Azərbaycanda bu məsələni tam mənzərəsi ilə ortaya qoyacaq fundamental mənbə və ya tədqiqat işi hələ ortada yoxdur,” – Ceyhun Nabi bildirib.

Share on Facebook