ABŞ vətəndaşlarının yarıdan çoxu prezident Donald Trampın ikinci müddətinin ilk ili üzrə fəaliyyətinin nəticələrini bəyənmir. Sozcu.az xəbər verir ki, bu barədə "Economist" jurnalı və "YouGov" şirkətinin apardığı araşdırmada bildirilir. Sorğuda iştirak edənlərin 39 faizi Trampın fəaliyyətini dəstəklədiyini, 56 faizi isə onu bəyənmədiyini qeyd edib. Demokrat Partiyasının tərəfdarları arasında nisbət 4 faiz dəstək – 95 faiz narazılıq, Respublikaçılar arasında isə 88 faiz dəstək – 10 faiz narazılıq təşkil edir. Özünü heç bir partiyaya aid etməyən seçicilər arasında isə prezidentin fəaliyyətini 27 faiz bəyənir, 63 faiz isə onun kursu ilə razılaşmır. Trampın siyasətinə ən aşağı dəstək 18–29 yaş qrupunda qeydə alınıb: bu kateqoriyada cəmi 29 faiz onu dəstəkləyir, 66 faiz isə narazıdır. ABŞ-ın hazırkı prezidenti ən yüksək dəstəyi 65 yaşdan yuxarı şəxslər arasında alır – burada təsdiq səviyyəsi 45 faizdir. Lakin bu yaş qrupunda belə narazılıq göstəricisi daha yüksəkdir – 54 faiz. Araşdırma 26–29 dekabr tarixlərində ABŞ-ın yetkin vətəndaşları arasında aparılıb. Sorğunun statistik səhv payı açıqlanmayıb. Amerika KİV-ləri və sosioloqların apardığı digər sorğular da Trampın reytinqinin azaldığını göstərir. "Economist" və "YouGov" onu son dövrlərin ABŞ prezidentləri arasında ən ciddi reytinq itkilərinə məruz qalan dövlət başçısı kimi qiymətləndirir. NORC tədqiqat mərkəzi və "Associated Press" agentliyi öz sorğularına əsaslanaraq, Amerika liderinin iqtisadi siyasətinə dəstəyin zəiflədiyini bildiriblər. "Politico" nəşrinin "Public First" şirkəti ilə birgə apardığı araşdırmaya görə isə ABŞ sakinlərinin təxminən yarısı gündəlik xərcləri – ərzaq, dərman və kommunal ödənişləri qarşılamaqda çətinlik çəkir. Donald Tramp isə öz növbəsində sosioloqları ABŞ iqtisadiyyatının real vəziyyəti barədə yalan məlumat yaymaqda ittiham edir.
İsraildə dekabrın 22-də üçtərəfli sammit keçirilib. Sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Bildirib ki, Yunanstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər: “İsrailin Baş naziri Benyamin Netanyahu üçlü ittifaqın Türkiyə əleyhinə olduğunu bu sözlərlə ifadə edib: “İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unudun. Belə olmayacaq. Bu barədə heç düşünməyin”. Aydındır ki, Netanyahu “imperiyaların bərpası” ifadəsi adı altında Avrasiya bölgəsində güclənən Türkiyəni nəzərədə tutub. İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq “hərbi reaksiya qüvvələrinin” yaradılması mövzusunu müzakirə ediblər. Bu “qüvvələr” Aralıq dənizi bölgəsində “təhlükəsizliyin gücləndirilməsini” və “hərbi koordinasiyanı” həyata keçirəcəklər. Liderlər Qüdsdə keçirilən ortaq mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirəcəklərini bildiriblər”. Politoliq qeyd edib ki, Yunanstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin Baş naziri Benyamin Netanyahudur: “O, Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır. PKK-nın tərk-silah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki İsrailin hərbi və kəşfiyyat dairələri illər uzunu bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar. Mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır. Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bununla yanaşı Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eyni ilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kipr Respublikasıyla mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq. Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir. Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq “üçlü ittifaq” İsraillə Türkiyə arasında gərginliyi artıracaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb”.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya rəsmiləri ilə telefon danışığının mətni mediaya ötürülüb. Sozcu.az xəbər verir ki, telefon danışıqlarının detallarını "Bloomberg" agentliyi dərc edib. Telefon danışıqları Uitkof ilə Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov, həmçinin Kreml iqtisadi müşaviri Kirill Dmitriyev arasında aparılıb. 14 oktyabr tarixli ilk telefon danışığında Uitkof Uşakova Putinlə Tramp arasında telefon danışığının dərhal təşkil edilməsini məsləhət görür və bunun üçün konkret “dil və davranış strategiyası” təqdim edir. O qeyd edib ki, Putin Trampı Qəzza sülh planına görə təbrik etməli, Trampın “sülh adamı” olduğunu vurğulamalıdır. ABŞ-la birlikdə Ukrayna üzrə eyni formatda “20 maddəlik sülh planı” hazırlaya biləcəklərinə işarə etməlidir. “Biz Qəzza üçün 20 maddəlik Tramp planı hazırladıq. Bəlkə Ukrayna üçün də eyni şeyi edək”, - Uitkof bildirib. “Mən Trampa demişəm ki, Rusiya həmişə sülh istəyib. Mən buna inanıram”, - o əlavə edib. Xüsusi nümayəndə Zelenskinin 17 oktyabrda Ağ Evə səfərindən əvvəl Putinlə Trampın danışığının təşkil edilməsini “çox vacib” adlandırır: “Zelenski cümə günü Ağ Evə gəlir. Mən də o görüşdə olacağam. Amma əgər mümkündürsə, sizin boss (Putin) Trampa bu görüşdən əvvəl zəng etsin.” İki gün sonra Putin Trampa zəng edir. Danışıq 2,5 saat davam edir və Tramp bunu “çox məhsuldar” adlandırır. Ardınca o, Budapeştdə Putinlə görüş planını açıqlayır. "Bloomberg"in analizinədə görə, Uitkof-Uşakov danışığı sonradan formalaşan və ABŞ-ın Ukraynaya qəbul etdirmək istədiyi 28 maddəlik sülh planının başlanğıc nöqtəsi olub. Kremlin də bu plana öz düzəlişlərini göndərdiyi bildirilir. Putin bu ayın əvvəlində 28 maddəlik təklifin “danışıqlar üçün əsas ola biləcəyini” bildirib. 29 oktyabrda Uşakov və Dmitriyev arasında baş tutan ikinci telefon danışığı Moskvanın ABŞ-la koordinasiyanı davam etdirdiyini təsdiqləyir. Bu dəfə Kreml rəsmiləri Vaşinqtona hansı şərtləri maksimum şəkildə təqdim etməli olduqlarını müzakirə edir: Uşakov: “Maksimum istəmək lazımdır. Yoxsa bizdən nə keçirməyin mənası var?” Dmitriyev: “Biz kağızı öz mövqeyimizə uyğun hazırlayırıq. Mən onu qeyri-rəsmi ötürəcəyəm. Amerikalılar tam versiyanı qəbul etməsələr də, çox yaxın sənəd hazırlayacaqlar.” Uşakov Vaşinqtonun planı sonradan “düzgün təqdim etməməsindən” narahat olduğunu deyir. Dmitriyev isə onu arxayın salır: “Mən dediklərinizi sözbəsöz ötürəcəyəm.” Sızmalar yayılarkən Ağ Evdən ilk reaksiya gəlib. Prezident Trampın kommunikasiya direktoru Stiven Çunq deyib: “Bu hekayə yalnız bir həqiqəti sübut edir: Uitkof sülh üçün həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə hər gün danışır. Prezident onu buna görə təyin edib.” Kreml isə "Bloomberg"in sorğusuna cavab verməyib.
Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova həyatına qəsd edib. 16 yaşlı yeniyetmənin atasının ondan imtina etməsindən sonra belə fikrə düşdüyü bildirilir. Hadisədən sonra isə Nurcanın yaxınları sığınacağa yaxınlaşaraq ona aid əşyaları və pulu götürüblər. Sozcu.az Teleqraf- istinadla xəbər verir ki, Nurcandan geri qalanları götürən şəxs onun ana babası olub. Bu məbləğ isə 100 manat təşkil edib. Həmin pul Nurcanın anasının vəfat etməsinə görə aldığı aylıq müavinətdən geri qalan məbləğ olub. Məlumata görə, Nurcanın anası da o, 7 yaşında olarkən intihar edib. Bu barədə yeniyetmə sığınacaqda olduğu müddətdə məlumat verib. Onu da bildirək ki, Nurcan hadisənin baş verdiyi gün qrip olub. Bu səbəbdən o, dişlərinin müalicəsi üçün həkimə yollanmayıb, şənbə günü gedəcəyini bildirib. Bundan yarım saat sonra isə həyatına qəsd edib. Qeyd edək ki, Nurcanın atası Elşad Cəfərov Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova isə müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib. Şəmkir Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Nurcan Cəfərova üçün himayəçi təyin edilə biləcək şəxs müəyyən edilməyib.
Prezident İlham Əliyevin bir neçə rayonun icra başçısını dəyişməsi haqqında sərəncamlardan sonra sosial şəbəkələrdə, saytlarda yeni təyin olunan şəxslərin hansı vəzifəli və ya tanınmış adamların övladları, qohumları və ya yaxınları olması barədə məlumatlar yayıldı. Bu xəbərlərin, paylaşım dalğasının ardından cəmiyyətdə eyni sual yenidən gündəmə gəldi: “Bəs bu təyinatlar hansı meyara görə edilir? Doğrudanmı, ölkədə vəzifə təyinatları yalnız qohumluq bağları üzərindən verilir?” Bu narazılıq ilk baxışda emosional görünə bilər. Amma əslində, bu sualları doğuran cəmiyyətin içində yığılan uzun illərin ədalət gözləntisi, şəffaflıq tələbi və güvənsizlik sindromudur... Qohum olmaq hüquqi qadağadır? Azərbaycan qanunvericiliyinə görə, dövlət qulluğuna qəbul və rəhbər vəzifələrə təyinat zamanı əsas meyarlar təcrübə, təhsil, səriştə, peşəkarlıq və məsuliyyət daşıma qabiliyyətidir. Qohumluq əlaqəsi isə qanuni qadağa deyil. Yəni kimsə yüksək vəzifəli şəxsin övladı və ya yaxın qohumu olduğu üçün dövlət işindən məhrum edilə bilməz. Hüquqi baxımdan bu məsələdə 3 əsas amil nəzərə alınmalıdır. Bunlar maraqlar toqquşması baş verməməsi, korrupsiya risklərinin olmaması və vəzifə səlahiyyətlərindən sui-istifadə şəraiti yaranmasından ibarətdir. Başqa sözlə, hüquqi müstəvidə bu təyinatlarla bağlı hər hansı məhdudiyyət və ya problem yoxdur. Problem yalnız keçmiş acı təcrübələrin yaratdığı travmadadır. Yəni cəmiyyətin qıcıqlanmasının kökündə ədalət anlayışının zədələnməsi dayanır. Uzun illər boyu bəzi təyinatların şəffaf meyarlara əsaslanmadığını görən insanlar indi hər yeni təyinatı avtomatik olaraq “qohumbazlıq” prizmasından qiymətləndirirlər. Bu, bəzən doğru, bəzən isə yanlış psixoloji refleksdir. Kadr siyasətində əsas meyar şəffaflıq olsa da, cəmiyyətin sualı dəyişmir: “Bu adam nə edib ki, vəzifəyə gəlib?”, “Onun gözə görünən bir xidməti olubmu?”,“Yoxsa yenə kimsə xahiş edib, kiminsə xətrinə edilib?” və s. Qohumluğun "görünməyən" tərəfi - peşə ailədən gəlir Məsələnin sosioloji tərəfi də var ki, bu da əksər hallarda nəzərdən qaçırılır. Belə ki, istər ABŞ-də, istər Avropada, istər qonşu Türkiyədə müəyyən sahələrin ailə ənənəsi ilə davam etməsi tamamilə normal haldır. Məsələn, həkim ailəsində övladlar da həkim olur,• hüquqşünas ailəsində doğuilanlar bu sahəıni seçir, yaxud oğul hərbçi olan atanın yolunu davam etdirir və s. Başqa sözlə, bir çox gənclərin peşə seçimi çox vaxt mühitin təsirilə baş verir. Azərbaycan cəmiyyəti də tarixən bu model üzərində qurulub. Qədim türk ənənəsində “ata kimdirsə, oğul da odur” prinsipi həm peşə, həm də idarəçilik təcrübəsinin ötürülməsində mühüm rol oynayıb. Tarix boyu bir çox sənət sahələri — misgərlik, xalçaçılıq, zərgərlik, ağac oymaçılığı, muğam ifaçılığı, aşıq sənəti nəsildən-nəslə ötürülərək bu günə gəlib çıxıb. Məhz bu davamçılıq Azərbaycan tarixinin və mədəniyyətinin rəngarəngliyini qoruyub saxlayıb. Belə ailələrdə uşaqlar kiçik yaşdan həmin peşənin içində böyüyür, mühitin dili ilə danışır və nəticədə daha peşəkar və daha hazırlıqlı nəslin formalaşmasına səbəb olurlar. Bu, qohumbazlıq yox, peşə məktəbinin ailə daxilində davam etməsi kimi dəyərləndirilə bilər. İdarəçilik və dövlət qulluğu da çox hallarda bu mexanizmdən kənarda qalmır. Dövlətçilik mühiti olan ailələrdə yetişən övladların həmin sahəyə maraq göstərməsi tamamilə təbiidir. Beləliklə, problem heç də qohumluq əlaqələrində deyil, təyinatların şəffaf meyarlarla izah olunmamasındadır. Cəmiyyət yeni icra başçısı təqdim edilən zaman onun hansı təhsilə yiyələndiyi, hansı nailiyyətlərə imza atdığını görmədikdə ilk verdiyi reaksiya təbii olaraq “qohumbazlıq” olur. Məhz buna görə qohumluq faktı bəzən real bacarığı kölgədə qoyur. “Mənim uşağımın şansı varmı?” İnsanların qıcıqlanmasının ən vacib psixoloji səbəblərindən biri dəə öz övladları ilə bağlıdır. Valideynlər inanmaq istəyir ki, onun övladı da peşəkarlığı, biliyi və zəhməti ilə irəli gedə bilər. Əgər təyinatlarda şəffaflıq hiss olunmazsa, cəmiyyət belə düşünür: “Deməli, yenə eyni adamlar irəli verilir”, “Bacarıqlı gənclər yenə kənarda qalacaq” və s. Bu qorxu əslində hakimiyyətə qarşı deyil, gələcəklə bağlı narahatlıqlarla əlaqədardır. Ancaq cəmiyyətin gözləntisi mürəkkəb deyil. Hamı istəyir ki, birincisi, yeni təyinat alan şəxslərin peşəkar dosyesi ictimaiyyətə açıq şəkildə təqdim olunsun. Hər kəs görsün ki, bu insan təsadüfən deyil, real işinə görə yeni vəzifəyə təyinat alıb. İkinci gözlənti icra başçıları üçün konkret nəticə əsaslı qiymətləndirmə sisteminin tətbiq edilməsidir. Söhbət rayonun inkişafı, sosial xidmətlər, investisiya mühiti, infrastrukturun qaydasında olmasından, seçim proseslərində gənclərin, peşəkarların, müsabiqədən keçənlərin rolunun artırılmasındna gedir. Bütün bunlar təmin edildikdə “qapalı çevrə” mifi öz-özünə dağılacaq. Beləliklə, qapılar insanlara kimin qohumu olduğuna görə yox, ədalətə prinsipinə görə açılmalıdır. Ədalət isə tələb edir ki, qohumu olan da, olmayan da eyni meyarla yoxlanılsın və yalnız öz bacarığı ilə irəli getsin. Şəffaf sistem qurulduqca, cəmiyyət kimin kimə qohum olduğuna yox, kimin nə iş gördüyünə baxacaq. Azər, BakuPost
“Demokrat qadınlar Ebiqeyl Spanberger və Mikki Şerrillin Virciniya və Nyu Cersi ştatlarında keçirilən qubernator seçkilərində, müsəlman əsilli demokrat Zöhran Məmdaninin Nyu-Yorkun bələdiyyə sədri seçkisində qələbəsi prezident Donald Trampın ağır məğlubiyyətidir”. Sozcu.az xəbər verir ki, bunu siyasi şərhçi Xəqani Cəfərli bildirib. Onun sözlərinə görə, ABŞ-də ekspertlər bu seçkilərin nəticəsinin Trampa münasibətin bariz nümunəsi hesab edirlər: “Xüsusilə Nyu Cersi seçkiləri Trampa etimad referendumu (referendum on Trump) kimi dəyərləndirilirdi. Ötən gün keçirilən seçkilərin nəticələri seçicilərin Trampa etimadsızlıq göstərdiyini təsdiq etdi. İki ştatda qubernator seçkisində qadın namizədin, Nyu-Yorkda isə müsəlman əsilli namizədin qalib gəlməsi XXI əsrin qadın əsri olduğunu, qadınların rolunun çox önə çıxacağını təsdiq edir”. X.Cəfərli bildirib ki, 4 noyabr seçkiləri Tramp və Respublikaçılar Partiyası üçün həyəcan siqnalı olmalıdır: “Belə davam etsə gələn ilin noyabrın 4-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasının tam tərkibinin və Senatın üçdə birinin seçkilərini uduzacaqlar. Demokartlar Konqresdə çoxluğu qazansalar Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqları isə gün kimi aydındır. Konqresdə azlıqda ola-ola buna cəhd edirlərsə, çoxluğu ələ keçirdikdən sonra buna dərhal cəhd edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Bu isə respublikaçıların 2028-ci il prezident seçkilərin də bəri başdan uduzması demək olar. Zaman Trampın və Respublikaçılar Partiyasının əleyhinə işləyir.Aralıq seçkilərə bir ildən az vaxt qalır. Tramp seçicilərin etimadını geri qazanmaq üçün qətiyyətli addımlar atmalı, uğurlar qazanmalıdır. Ona görə də tərəddülərdən xilas olub, Venesuela, İran və Rusiya məsələsində uğur qazanmalı, Kanada kimi yaxın müttəfiqi ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmalıdır”.
İqtisadçı Natiq Cəfərli: Kiçik sahibkarlar üçün ƏDV-dən azad dövriyyə limiti 1 milyon manata qaldırılmalıdır İqtisadçı Natiq Cəfərli kiçik sahibkarlar və sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-dən azad dövriyyə həddinin artırılmasının vacibliyini gündəmə gətirib. Onun sözlərinə görə, artıq 10 ildir ki, bu məsələ ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə, eləcə də publik çıxışlarında problemə toxunur. “2006-cı ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq qaldı,” – deyə iqtisadçı qeyd edib. Natiq Cəfərlinin fikrincə, bu məsələnin “buzu” artıq əriməyə başlayıb və böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə limiti 400 min manata qaldırılacaq. Lakin iqtisadçı hesab edir ki, bu artım da kifayət deyil: “Hörmətli hökumət, sizə problemləri görmək üçün azı 10 il lazım olur, bunu anladıq. Amma yenə də eşidin – 400 min manat da azdır. Bir neçə ildən sonra yenidən artırmaq məcburiyyəti yaranacaq. Ona görə də, kiçik sahibkarlar üçün ƏDV-yə cəlb olunmayan dövriyyəni 1 milyon manat etmək lazımdır.” Cəfərli əlavə edib ki, ölkə iqtisadiyyatında dərin böhran izləri hiss olunur, ÜDM artmır, iqtisadi aktivlik zəifdir. Buna görə də əsas diqqətin kiçik sahibkarlığın inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb: “Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 milyon manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq.”
Dövlətə qarşı ağır cinayətlərdə ittiham olunan keçmiş AMEA prezidenti Ramiz Mehdiyev ətrafında gedən ictimai diskusiyalar son aylar cəmiyyətin diqqət mərkəzindədir. Bu müzakirələr təkcə bir şəxsin hüquqi məsuliyyətindən ibarət deyil — burada söhbət illərlə formalaşmış, dövlətin müxtəlif strukturlarına sirayət etmiş, özünəməxsus idarəetmə və təsir mexanizmi olan bir şəbəkədən gedir. Təhlillər göstərir ki, Rusiyaya bağlı olan bu şəbəkə kifayət qədər təşkilatlanmış və koordinasiyalı fəaliyyət göstərən yarı krıminal güc mərkəzi kimi formalaşa bilib. Onlar dövlət orqanlarının müxtəlif səviyyələrində – parlamentdən tutmuş icra strukturlarına, media və QHT sektoruna qədər – özlərinə mövqe qazanıblar. Bu şəbəkənin əsas təhlükəsi ondadır ki, ictimaiyyət onları hər birini tanımaqda çətinlik çəkir. Türkiyədə ifşa olunan FETO terror təşkilatının istifadə etdiyi metodlardan yararlanırlar. FETO-çular kimi “Mehdiyev şəbəkəsinin” nümayəndələri də illərlə dövlətçilik ritorikasının arxasında gizlənməyi, maskalanmağı mükəmməl öyrəniblər. Elə buna görə də indi Ramiz Mehdiyevin ən sərt “tənqidçiləri” sırasında onun vaxtilə yaxın çevrəsində olmuş bəzi şəxsləri də görmək mümkündür. Onlar indi “müxalif” obrazında çıxış etsələr də, yaxın tarixi unutmayanlar bu buqələmunların əslində kim olduqlarını, kimə və hara xidmət etdiklərini yaxşı bilirlər. Əslində, Ramiz Mehdiyevin belə bir şəbəkə qura bilməsi təəccüblü deyil. O, Azərbaycanda dövlət idarəçiliyində son illərə qədər müəyyən təsir imkanlarına malik olduğundan, vəzifəni, pulu, mandatı hər şeydən üstün tutanları öz ətrafında toplaya bilib. Düzdür, onların sayı bəzilərinin şişirtdiyi kimi çox deyil. Ancaq ölkədə dərin kök atmış bürokratik sistemin hər mərtəbəsində, hər bucağında “mehdiyevçilərin” idbar sifətini görmək mümkündür. Nisbətən zəif mövqedə olanlar ya qorxudan, ya da belə situasiyalara uyğun əvvəlcədən verilmiş təlimata əsasən Ramiz Mehdiyevi ittiham edir, dövlətə sədaqətdən dəm vururlar. Hətta içərilərində vaxtilə Ramiz Mehdiyevə deyil, Prezident Administrasiyasına məddahlıq etdiklərini iddia edən “çoxüzlülər” də var. Adama deyərlər, sənin liderin Ramiz Mehdiyev olub? Hansısa bir bürokratın mətbuatda tənqid olunması, həm də haqlı tənqid edilməsi səni niyə narahat edirdi? Yəqin ki, istintaq genişlənsə, bu suallar onlara veriləcək... Ramiz Mehdiyev “şəbəkəsinin” “ağır topları” isə hələlik açıq mövqe ortaya qoymaqdan yayınırlar. Onlardan bəziləri ictimai təmaslardan qaçır, digər bir hissəsi isə “ortada rəsmi ittiham yoxdur, olsun, mövqe bildirərik” – deyə susqunluq nümayiş etdirirlər. Bunu əslində vaxt udmaq strategiyası da hesab etmək olar. Bu strategiyanın məqsədi sadədir: ictimai diqqət azaldıqdan sonra yenidən siyasi səhnəyə adaptasiya olmaq. Onların bir qismini Milli Məclisdə, digərlərini müxtəlif nazirliklərdə, komitələrdə, hətta müxalifət partiyalarında, media və QHT sektorunda görmək mümkündür. Maraqlıdır ki, Mehdiyev sisteminin xaricdəki ideoloji qolu da fəallaşıb. Onun və ətrafının himayəsi ilə xarici ölkələrdə məskunlaşan və cəmiyyətdə “söyüş müxalifəti” adı ilə tanınan bəzi internet “qəhrəmanları” koordinasiyalı şəkildə Ramiz Mehdiyevi az qala günahsız mələyə çevirir, onun həbsinin qanunsuz olduğunu iddia edirlər. Hətta bəzi internet televiziyalarının rəhbərləri, “politoloqlar” Ramiz Mehdiyevin həbsinin ölkədə böyük xaos yaradacağı, hakimiyyəti zəiflədəcəyi və s. kimi ağılsız iddialarla çıxış edirlər. Ancaq fikirlərində heç bir məntiq olmadığından, sadəcə, hakimiyyəti şantaj etməyə, xidmət etdikləri “Mehdiyev şəbəkəsinin” ifşasından çəkindirməyə çalışdıqları aydın hiss olunur. Ramiz Mehdiyevin həbsi bu adamların əslində kim olduqlarını, haradan maliyyələşdiklərini də ifşa etdi... Qeyd edək ki, hakimiyyət üçün də, dövlət üçün də əsl təhlükəni xarici dövlətə bağlı belə bir şəbəkənin mövcud olması, onların tam zərərsizləşdirilməməsi törədə bilər. Bu baxımdan geniş araşdırma aparılmalı, dövlət orqanları “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizlənməlidir. Bu istiqamətdə parlamentdə də ciddi “təmizləmənin” aparılmasına ehtiyac var. Məlumdur ki, Ramiz Mehdiyev siyasi gücünün zirvəsində olduğu illərdə Milli Məclisə xüsusi diqqət göstərib. Seçki dairələri üzrə namizədlərin bir çoxunu öncədən şəxsən müəyyənləşdirib, parlamentin tərkibinə kifayət qədər öz adamını yerləşdirə bilib. “Mehdiyev şəbəkəsinin” üzvü olan deputatlar isə uzun illər boyu ölkədə qanunvericilik istiqamətində zəruri islahatların həyata keçirilməsinin qarşısını alıb, passiv müqavimətlə mütərəqqi qanunların qəbuluna imkan verməyiblər. Əksinə, qanunları mürtəceləşdirməsində, xalqı narazı salan dəyişikliklərin həyata keçirilməsində fəal iştirak ediblər. Təəssüf ki, son parlament seçkisində də Milli Məclisi bu şəbəkənin üzvlərindən təmizləmək mümkün olmadı. Baxmayaraq ki, parlamentin buraxılmasının əsas səbəblərindən biri də bu idi... Məhz bu səbəbdən 2024-cü ilin iyununda Milli Məclisin buraxılması ideyası gündəmə gəldi və reallaşdırıldı. YAP-ın təşəbbüsü ilə hakim partiyanı parlamentdə təmsil edən deputatlar altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Azərbaycan Prezidentinə müraciət olunması üçün təşəbbüs göstəriblər. Prezident müraciəti qəbul etdi, Konstitusiya Məhkəməsi bunu təsdiqlədi və 1 sentyabrda növbədənkənar seçkilər keçirildi. Lakin bu seçkilər də gözləntiləri tam doğrultmadı, parlamenti “Mehdiyev şəbəkəsinin” üzvlərindən təmizləmək mümkün olmadı. Hətta bəzi siyasi şərhçilər parlamenti “Ramiz Mehdiyev parlamenti” də adlandırırlar. Bunun əsas səbəbi kimi onların dəyişikliklərə müqavimət göstərməsi qeyd olunur. Hər halda, müxtəlif səbəblərdən bu şəbəkəyə aid olduğu şübhə doğurmayan bir çox şəxs yenidən mandat aldı. Belə şəxslərin Milli Məclisdə olması isə həm parlamentin nüfuzunu zədələyir, həm də Ramiz Mehdiyev kimi xaricdən idarə olunan adamların dövlət çevrilişi cəhdi kimi ağılsız fikrə düşməsində əlavə stimula çevrilir. İstisna deyil ki, Ramiz Mehdiyevin Moskvaya təqdim etdiyi siyahıda da deputat mandatı daşıyanlar var. Ancaq hamısının adı o siyahıya salınmayıb. Həm də bu şəbəkənin adamları FETO-çular kimi maskalandığından, asanlıqla “dəri dəyişmə” keyfiyyətinə malik olduqlarından, “Mehdiyev şəbəkəsinin” üzvü olduqlarını isbat etmək də asan deyil. Odur ki, ən doğru çıxış yolu mövcud parlamentin də buraxılması, Milli Məclisin yenidən demokratik və şəffaf seçkilərlə təşkil edilməsidir. Bu dəfə Ramiz Mehdiyev həbsdə, şəbəkəsi qorxu içində olduğundan, hər hansı müqavimət də göstərə bilməzlər. Nəticədə, Rusiyaya bağlı “Mehdiyev şəbəkəsindən” tam təmizlənmiş parlament formalaşdırmaq olar ki, bu da dövlətin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Nəzərə alaq ki, dövlətin dayaqları ancaq şəffaflıq və ictimai etimad üzərində möhkəmlənə bilər. Mehdiyev dövrünün qalıqları isə bu prosesin qarşısında duran ən ciddi maneədir. Bu maneəni söküb atmaq lazımdır!Azpolitika.info
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Zaqatalada 41 yaşlı İsgəndər Musayev vəhşicəsinə döyülüb və komaya düşüb. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, onun atası Yusif Musayev buna dözməyib və ötən gecə ürək çatışmazlığından ölüb. Qeyd edək ki, İsgəndər Musayevi döyənlər hələ tutulmayıblar.
KTC-də seçkilərdə Ersin Tatar məğlub oldu — Türkiyə siyasətinə etiraz səsi kimi dəyərləndirilir Politoloq Şahin Cəfərlinin analizi Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərində Türkiyə hökumətinin açıq dəstəyini qazanan indiki prezident Ersin Tatar böyük fərqlə məğlub olub. İlkin məlumata görə, müxalifət lideri, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman 62,76% səs toplayaraq ilk turda qalib gəlib, Ersin Tatar isə cəmi 35,80% səs əldə edib. Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Tatarın sarsıdıcı məğlubiyyəti iki əsas səbəblə bağlıdır: birincisi, onun uğursuz idarəçiliyi, ikincisi isə Türkiyənin Kıbrısın daxili işlərinə kobud müdaxilələrindən və yerli xalqa qarşı hörmətsiz münasibətdən doğan narazılıqdır. Cəfərli qeyd edir ki, Ersin Tatar özünü Kıbrıs türk xalqının lideri kimi deyil, Türkiyədəki “Cumhur İttifaqı”nın – AKP və MHP-nin nümayəndəsi kimi aparıb. Onun prezidentliyi dövründə Kıbrıs mafiyanın, çirkli pulların və qumarxanaların mərkəzinə çevrilib, Tatar isə buna qarşı mübarizə apara bilməyib. Politoloq xüsusilə Halil Falyalı qalmaqalını xatırladır və bildirir ki, bu, Türkiyə ilə bağlı yüksək səviyyəli əlaqələri üzə çıxarmışdı. Maraqlıdır ki, Tatar müstəqillik tərəfdarı, rəqibi Erhürman isə federativ həllin – yəni yunanlar və türklərin bərabər hüquqlu olduğu vahid dövlətin tərəfdarı kimi çıxış edib. Bu səbəbdən Tatar və onu dəstəkləyən çevrələr Erhürmanı “xain” kimi təqdim etməyə çalışsalar da, Kıbrıs türkləri bu təbliğata inanmadı. Şahin Cəfərli xatırladır ki, 2004-cü ildə keçirilən Annan planı referendumunda türklər federasiyaya “bəli”, rumlar isə “xeyr” demişdi. Həmin dövrdə Türkiyə hökuməti də planı dəstəkləmişdi. Tatarın o qədər “toksik” fiqura çevrildiyini qeyd edən politoloq bildirir ki, Kıbrıs türklərinin iki əfsanəvi lideri — Rauf Denktaş və doktor Fazıl Küçükün ailələri belə bu dəfə Erhürmanı dəstəkləmişdi. Cəfərlinin fikrincə, Erhürmanın seçilməsi dərhal federasiyanın qurulacağı anlamına gəlmir. Çünki, bir tərəfdən rumların və Yunanıstanın federasiya anlayışı türkləri bərabərhüquqlu tərəf kimi deyil, azlıq statusunda görür, digər tərəfdən isə KKTC-nin xarici siyasət, maliyyə və təhlükəsizlik məsələlərində Türkiyədən asılılığı Erhürmana məhdud manevr imkanı buraxır. Mənbə: Politoloq Şahin Cəfərlinin analitik şərhi Hazırladı: Sozcu.az
"ABŞ-ın köhnə, amma hələ də ölümcül raketləri Ukrayna savaşında oyun qaydalarını dəyişə bilər..." ABŞ prezidenti Donald Trampın Ukraynaya uzaqmənzilli "Tomahawk" qırıcı qanadlı raketlərinin verilməsi barədə istəklər və işarələr son günlərin əsas beynəlxalq gündəmi olub. Sozcu.az xəbər verir ki, bu barədə "The Times" nəşri yazıb. Nəşr qeyd edir ki, Trampın bu məsələni prezident Vladimir Zelenski ilə yaxın günlərdə müzakirə edəcəyi bildirilir. Həm Vaşinqtondakı görüş, həm də Trampın açıqlamaları dünya siyasətində gərginliyi artırıb. "Tomahawk" nədir və nə üçün önəmlidir? "Tomahawk" ABŞ-ın uzaqmənzilli qanadlı raketlərindən biridir: onlar aşağı hündürlükdə uçub hədəfi dəqiq vura bilir, son modifikasiyalarda zirehə nüfuz edən başlıq və yüzlərlə kilometr mənzil əldə olunub. Bu raketlər dərin strateji zərbələr üçün uyğundur - komanda-mərkəzləri, yüksək dəyərli hərbi infrastrukturlar və mühüm sənaye obyektləri hədəf ola bilər. Buna görə də onların kütləvi çatdırılması qarşı tərəfin hava müdafiə şəbəkəsini "çəkməyə" məcbur edə və əməliyyat imkanlarını xeyli genişləndirə bilər. Təhdid, hədiyyə, yoxsa manevr? Tramp mətbuat qarşısında Zelenski ilə görüşdə "Tomahawk" mövzusunu müzakirə edəcəyini, ABŞ-in böyük ehtiyatı olduğunu bildirib və mövzunu həm təzyiq, həm də danışıqlar aləti kimi səciyyələndirib. Nüfuzlu nəşrlər yazır ki, Tramp bu vasitəni həm Putinə təzyiq vasitəsi kimi, həm də NATO və Avropa müttəfiqlərinə "hərəkətə keçin" siqnalı olaraq istifadə etmək istəyir. Bununla belə, rəsmi qərar verilincə nə qədər raketin təqdim olunacağı və hansı şərtlərlə veriləcəyi suallar açıq qalır. Ukraynanın real imkanları: atəşə hazırdırmı? Məqalələr və ekspert rəyləri göstərir ki, "Tomahawk"ların istifadə olunması üçün yalnız raketlərin özü kifayət deyil, onların işə düşməsi üçün uyğun sistemlər, təhlükəsiz saxlanma və əməliyyat dəstəyi tələb olunur. Həmçinin bəziləri vurğulayır ki, Ukraynada dəniz və ya yerüstü müvafiq platformalar məhduddur. ABŞ-ın bəzi sistemləri (məsələn, "Typhon" tipli qurğular) və ya ABŞ əməliyyat dəstəyi lazım ola bilər ki, bu da Vaşinqtonun Rusiyaya daha yaxın qarşıdurmaya girməsi riski deməkdir. Effektivlik üçün nə qədər raket lazımdır? Ukraynalı rəsmilər və ekspertlər hesab edir ki, simvolik sayda raket yetərli olmayacaq - əhəmiyyətli təsir üçün yüzlərlə raketin lazım olacağı vurğulanır. Məsələn, bəzi rəy sahibləri hesab edir ki, təsirli əməliyyatlar üçün ayda doza-doza, ümumilikdə isə iki yüzə yaxın raketdən danışmaq lazımdır. Daha məhdud say isə yalnız məhdud, simvolik təsir göstərə bilər. Bu isə maddi və logistika baxımından ciddi çağırışlar doğurur. Moskva və digər reaksiyalar Kreml və Rusiyanın yaxın dairələri "Tomahawk" tədarükünün vəziyyəti "yeni mərhələ" sayacağı barədə xəbərdarlıq edir və mümkün eskalasiyanın gətirə biləcəyi təhlükələri qeyd edirlər. Həmçinin Belarus rəhbərliyi və bəzi rusiyapərəst rəsmilər belə tədarüklərin gərginliyi kəskin artıracağını və cavab tədbirlərinə yol aça biləcəyini bildiriblər. Bu tip xəbərdarlıqlar transatlantik siyasətdə risk hesablamalarını daha da mürəkkəbləşdirir. Nə dəyişə bilər - strateji nəticələr - Müharibə dinamikası: Əgər böyük sayda "Tomahawk" Ukraynaya ötürülərsə, bu Rusiyanın dərin arxa zolaqlarına təzyiq tətbiq etməyə imkan verə və yerli hava müdafiəsini yoraraq taktiki üstünlük verə bilər. - Eskalasiya riski: Eyni zamanda belə bir addım Moskva ilə birbaşa qarşıdurma riskini artırar və Rusiyanın cavab reaksiyasını sərtləşdirə bilər. - Beynəlxalq koordinasiya: Trampın yanaşması NATO ölkələrini və Avropanı daha fəal maliyyələşdirici-tədarükçü roluna təhrik edə bilər, habelə, bu cür addımların miqyası ABŞ ehtiyatları, istehsal tempi və müttəfiq öhdəlikləri ilə məhdudlaşır. "Tomahawk"ların Ukraynaya verilməsi barədə debat təkcə raketlərdən ibarət deyil, bu, strateji seçim, logistika, beynəlxalq siyasət və eskalasiya riski ilə bağlı mürəkkəb siyasət paketidir. Hər bir addımın həm qısa müddətli döyüş meydanı təsiri, həm də uzun müddətli siyasi nəticələri var. Vaşinqtonun qərarı, həmçinin Avropa müttəfiqlərinin reaksiyası və Moskvanın cavab strategiyası bu məsələni gələcək həftələrin ən kritik geosiyasi mövzularından birinə çevirəcək.
15-20 dəqiqəlik görüş olacağını düşünərək, Uitkoffu Putinlə görüşə göndərdim. Uitkoffun Rusiya və Putin haqqında heç bir fikri yox idi. Sozcu.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Tramp Knessetdə (İsrail parlamenti) çıxışı zamanı deyib. “Uitkoffun siyasətdən o qədər də xəbəri yox idi. Onun Putinlə görüşü 5 saat davam edib. Dedim sən 5 saat nə danışdın? Dedi kİ, maraqlı şeylərdən danışdıq”, - Tramp qeyd edib.