İqtisadçı Natiq Cəfərli: Kiçik sahibkarlar üçün ƏDV-dən azad dövriyyə limiti 1 milyon manata qaldırılmalıdır
İqtisadçı Natiq Cəfərli kiçik sahibkarlar və sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-dən azad dövriyyə həddinin artırılmasının vacibliyini gündəmə gətirib.
Onun sözlərinə görə, artıq 10 ildir ki, bu məsələ ilə bağlı həm rəsmi, həm də qeyri-rəsmi görüşlərdə, eləcə də publik çıxışlarında problemə toxunur.
“2006-cı ildə, 1 dollar 78 qəpik olan zamanlarda sadələşdirilmiş vergi ödəyiciləri üçün ƏDV-yə cəlb olunmayan limit 200 min manat təsdiq edildi. 2015-ci ildə hökumət 3 pilləli devalvasiyaya getdi, manat 2 dəfədən çox dəyər itirdi, amma bu limit yenə 200 min manat olaraq qaldı,” – deyə iqtisadçı qeyd edib.
Natiq Cəfərlinin fikrincə, bu məsələnin “buzu” artıq əriməyə başlayıb və böyük ehtimalla 2026-cı ilin əvvəlindən ƏDV-yə cəlb olunmayan dövriyyə limiti 400 min manata qaldırılacaq.
Lakin iqtisadçı hesab edir ki, bu artım da kifayət deyil:
“Hörmətli hökumət, sizə problemləri görmək üçün azı 10 il lazım olur, bunu anladıq. Amma yenə də eşidin – 400 min manat da azdır. Bir neçə ildən sonra yenidən artırmaq məcburiyyəti yaranacaq. Ona görə də, kiçik sahibkarlar üçün ƏDV-yə cəlb olunmayan dövriyyəni 1 milyon manat etmək lazımdır.”
Cəfərli əlavə edib ki, ölkə iqtisadiyyatında dərin böhran izləri hiss olunur, ÜDM artmır, iqtisadi aktivlik zəifdir. Buna görə də əsas diqqətin kiçik sahibkarlığın inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb:
“Dövriyyədən cəmi 5% vergi olsun, amma ƏDV-yə düşməyən dövriyyə həddini 1 milyon manata qaldırın. Ölkə, biznes, sahibkarlar, hətta büdcə də bu addımdan ancaq udacaq.”
