Atəşkəs pozuldu: Bu şəhərlərə zərbələr endirilir - KİV

İranın paytaxtı Tehrana hava hücumu həyata keçirilir. Sozcu.az xəbər verir ki, bu barədə “Nournyus” nəşri məlumat yayıb. Məlumata görə, Tehranda hava hücumundan müdafiə sistemləri işə düşüb. Hava hücumundan müdafiə sistemlərinin səsləri Tehranın mərkəzi və qərb rayonlarında eşidilir. Sistemin işə düşməsinin səbəbi açıqlanmayıb. “Mehr” agentliyi də 12 saatlıq atəşkəs rejiminin pozulduğunu, Tehran və Kərəcə hava zərbələri endirildiyini bildirib. Bundan əlavə, İsfahan və Əhvaz üzərində də qırıcı təyyarələrin uçuşlar həyata keçirdiyi qeyd edilib.

Qətər: İran tərəfindən ölkə ərazisinə zərbələr endirilib

Qətər Müdafiə Nazirliyi ölkə ərazisinin kütləvi hücuma məruz qaldığını açıqlayıb. Sozcu.az xəbər verir ki, rəsmi məlumatda hücumun İran tərəfindən həyata keçirildiyi bildirilir. Qeyd olunub ki, ölkə ərazisinə 7 ədəd ballistik raket və bir neçə zərbə tipli pilotsuz uçuş aparatı ilə hücum edilib. Hazırda dağıntıların miqyası və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir. Rəsmi Doha hücuma görə məsuliyyəti Tehranın üzərinə qoyur. Bu hadisə regionda vəziyyəti daha da gərginləşdirərək böyükmiqyaslı hərbi qarşıdurma riskini artırır.

Universitetlərdə dərslər dayandırılıb? - AÇIQLAMA

Bakıya yağan güclü yağışlar ali məktəblərdə dərslərin keçirilməsinə mənfi təsir göstərib.   Sozcu.az xəbər verir ki, bəzi universitetlərdə tədris formatı müvəqqəti dəyişdirilib. Xəzər Universitetindən bildirilib ki, ali təhsil ocağında dərslər dayandırılıb: “Bu gün dərslər onlayn formada keçirilib. Növbəti gündən ənənəvi qaydada davam edəcəyik”. Azərbaycan Memarlıq və İnşaat Universitetindən qeyd edilib ki, artıq hava şəraiti yaxşılaşıb, yağıntılar kəsilib və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada təşkil olunur: “Bəzi tələbələrin universitetə gəlməsi və ya dərslərə vaxtında çatması ilə bağlı müəyyən çətinliklər mövcuddur. Həmin tələbələr bizə məlumat veriblər və bu müraciətlər dekanlıqlar vasitəsilə müəllimlərə çatdırılıb. Müəllimlərə tapşırılıb ki, belə hallarda tələbələrin dərslərdə iştirak etməməsini anlayışla qarşılanmalı, onların davamiyyəti mümkün qədər nəzərə alınmalı və iştirak edə bilmədikləri dərslər üzrə sonradan fərdi şəkildə materialları mənimsəmələri üçün şərait yaradılmalıdır”. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də dərslərin keçirilməsi formatında dəyişiklik edilib. “Bu gün ADMİU-da magistr səviyyəsindəki dərslər onlayn keçiriləcək. Bakalavrların dərsləri isə olduğu kimi davam edir”, - ali məktəbdən bildirilib. Bakı Mühəndislik Universitetində isə dərslər ənənəvi şəkildə keçirilir: “BMU-da dərslər ənənəvi qaydada davam etdirilir. Hava şəraiti ilə əlaqədar bir sıra ərazilərdən universietə gəlməyə çətinlik çəkənlər az saydadır”. Həmçinin, Azərbaycan Dillər Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universitetindən verilən açıqlamalarda heç bir problemin olmadığı və dərslərin onlayn formata keçmədiyi vurğulanıb. Qeyd edək ki, iki gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.yenisabah)

İrandan Azərbaycana 21 kq narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana 21 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Bu barədə Sozcu.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 21 kiloqram 300 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Sel və subasma ilə bağlı əhaliyə ÇAĞIRIŞ

Əhali sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalıdır. Sozcu.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciətində qeyd olunub. Vurğulanıb ki, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır. "Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir", - müraciətdə bildirilib.

İsrail hücumları: Livanda ölənlərin sayı artdı

İsrail Hərbi Hava Qüvvələrinin gün ərzində Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 33 nəfər ölüb, 90 nəfər yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində bildirilib. "Hərbi eskalasiyanın başlanğıcından bəri öldürülən vətəndaşların ümumi sayı 1072 nəfərə çatıb, 2966 nəfər yaralanıb", - nazirlik bildirib. Livanın Daxili İşlər Nazirliyinin məlumatına görə, hərbi əməliyyatlar zonasında 1 049 328 nəfər evlərini tərk edib.

İranın 158 gəmisini məhv etdik - Tramp

ABŞ İranın 158 gəmisini məhv edib. Sozcu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib. Onun sözlərinə görə, İranın PUA və raket buraxılışı 90 faiz azalıb.

Ukrayna Belqorodu vurdu: ölənlərin sayı artdı

18:42 Ukrayna ordusu Rusiyanın Belqorod vilayətinə zərbə endirib. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, ticarət mərkəzinə endirilən zərbə nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Dağıntılar altında qalanların olduğu ehtimal olunur. *** Belqorod endirilən zərbə nəticəsində ölənlərin sayı 4-ə çatıb. Bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

İranın Qətərə atdığı ballistik raket dağıntılara və yanğına səbəb olub

Qətər xilasediciləri İran raketinin Ras Laffan sənaye zonasına düşməsindən sonra baş verən yanğınla mübarizəni davam etdirirlər. Sozcu.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyinin açıqlamasında deyilir. "Yanğınsöndürənlər İran raket zərbəsindən sonra Ras Laffan sənaye zonasında başlayan yanğını söndürməyə davam edirlər. Tələfat yoxdur", - açıqlamada deyilir. Qeyd edək ki, Qətər Müdafiə Nazirliyi Ras Laffan sənaye şəhərinə ballistik raket atıldığını və raketin partlamasının dağıntıya səbəb olduğunu açıqlayıb.

İran Əli Laricaninin öldürüldüyünü TƏSDİQLƏDİ

İran hakimiyyəti Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümünü təsdiqləyib. Sozcu.az xəbər verir ki, bu barədə onun ofisi teleqramda məlumat yayıb. “Milli Təhlükəsizlik Şurasının baş katibi Laricani səhər saatlarında baş verən hücumda oğlu Murtəza, müavini Əlirza Beyat, Şura Katibliyinin əməkdaşları və bir neçə mühafizəçisi ilə birlikdə öldürülüb”, - məlumatda deyilir. İran Prezidenti Məsud Pezeşkian Laricaninin ölümünə görə sərt qisas alınacağına söz verib. O, həmçinin Təhlükəsizlik Şurası katibinin vəfatı ilə bağlı başsağlığı verib. Qeyd edək ki, martın 17-də İsrailin müdafiə naziri İsrael Katz Laricaninin İrana hava hücumu nəticəsində öldüyünü açıqlamışdı. Bunun ardınca İran Milli Təhlükəsizlik Şurası katibinin teleqram kanalında ABŞ sualtı gəmisi tərəfindən İrana məxsus “İRİS Dena” freqatının batması nəticəsində həlak olan iranlı dənizçilərlə vida mərasimi öncəsi Laricaninin əlyazmasının fotosu yayılmışdı.

İcra başçısından kütləvi ixtisar - 39 nəfər işdən çıxarıldı

Bərdə Rayon İcra Hakimiyyətində 43 vəzifə ləğv edilib. Sozcu.az xəbər verir ki, həmin vəzifələr icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə ixtisara düşüb. Nəticədə həmin vəzifədə çalışan 43 nəfər vəzifəsini itirib. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin sərəncamı ilə vəzifəsini itirən həmin şəxslərin dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar. Məlumata görə, vəzifəsini itirənlərdən 35 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyin baş məsləhətçisi - baş mühasibidir. Digər şəxslər isə Bərdə Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır. Məlumata görə, vəzifəsi ləğv edilənlərdən dörd nəfər icra hakimiyyəti və tabe qurumlarda digər vəzifələrə təyin edilib. Qalan 39 nəfər isə hazırda işsizdir. Qeyd edək ki, bundan əvvəl icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı, Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı, Cəlilabad Rayon İcra Hakimiyyətinin 38 əməkdaşı, Quba Rayon İcra Hakimiyyətinin 36 əməkdaşı, Göyçay Rayon İcra Hakimiyyətinin 27 əməkdaşı, Lənkəran Şəhər İcra Hakimiyyətinin isə 44 əməkdaşı vəzifələrindən azad ediliblər. (oxu.az)

Bakıda müşahidə olunan dronlar - Nə baş verir?

Bakı səmasında müşahidə edilən dronlarla bağlı sosial şəbəkələrdə ciddi narahatlıq və təşviş müşahidə olunur. Sozcu.az xəbər verir ki, bəzi sosial şəbəkələrdə PUA-ların səsi də paylaşılıb və bunun "Şahid" ola biləcəyi iddia edilir. Maraqlıdır ki, Bakı səmasında bu dronların səsi eşidildikdən bir neçə dəqiqə sonra Ukrayna Teleqram kanalları bunun İran PUA-ları olduğunu yazıb. Əslində isə bu PUA-lar ölkəmizə məxsusdur və nəzarət məqsədilə uçuşlar həyata keçirir. Etibarlı mənbələrin məlumatına görə, bu dronlar müəyyən ərazilərdə vəziyyətə nəzarət etmək üçün istifadə olunur və mövcud şəraitdə belə uçuşlar normal sayılır. GSSR44 Teleqram kanalı da qeyd edib ki, Bakıda eşidilən dron səsi Azərbaycan Silahlı Qüvvələrinə məxsus PUA-lara məxsusdur. “Təhlükəsizliyin təmin olunması üçün mütəmadi (təlim) uçuşlar həyata keçirilir. Təşviş yaradan yazılara isə aldanmayın. Qohuma-qonşuya zəng eləməyə ehtiyac yoxdur…” - məlumatda bildirilib.(axar)