Aprelin 14-də Türkiyənin Şanlıurfa, 15-də isə Qəhrəmanmaraş şəhərində məktəbdə silahlı hücum baş verib. Qəhrəmanmaraşda 8-ci sinif şagirdi 10 nəfəri öldürüb, 20 nəfəri yaralayıb, daha sonra intihar edib. Şanlıurfada isə şagird 16 nəfəri yaraladıqdan sonra özünü öldürüb. Bundan əlavə, Zonquldağda məktəbə hücumla bağlı təhdid yayan lisey şagirdi saxlanılıb. Türkiyədə baş verən bu hadisələr fonunda Azərbaycanda 2026-cı ilin fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verən hadisəni xatırlayırıq. Belə ki, liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə müəlliminə xəsarət yetirib. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb, cinayət işi açılıb. Fevralda ölkəmizdə, son günlərdə isə Türkiyədə baş vermiş bu hadisələr cəmiyyət üçün ciddi şok effekti yaratdı. Bir şagirdin silahdan istifadə edərək digər şagirdlərə hücumu təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirir və eyni zamanda bu cür davranışların hansı mühitdə formalaşdığı sualını ortaya çıxardı. Hadisə geniş müzakirələrə səbəb oldu və xüsusilə sosial medianın mümkün təsiri diqqət mərkəzinə düşdü. İlk baxışda bu tip hadisələr fərdi aqressiya, psixoloji problemlər və ya sosial təcrid kimi səbəblərlə izah olunur. Lakin müasir rəqəmsal mühitdə bu yanaşma artıq kifayət etmir. Çünki bu gün fərdlər yalnız real dünyada deyil, paralel olaraq alqoritmlərlə idarə olunan rəqəmsal ekosistemdə formalaşır. Rəqəmsal davranışları və media təsirini sistemli şəkildə analiz etdikdə görürük ki, sosial media bu tip ekstremal aktların səbəbi deyil, lakin onların formalaşma, sürətlənmə və təqdim olunma formasında kritik rol oynayan bir mühitdir. Son illərdə baş vermiş hadisələr göstərir ki, zorakılıq artıq təkcə “baş verən hadisə” deyil, eyni zamanda “istehsal olunan kontent”ə çevrilib. Məsələn, 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kraystçerç şəhərində cümə namazı vaxtı məscidlərdə həyata keçirilən və 51 nəfərin ölümü, 89 nəfərin yaralanması ilə nəticələnən silahlı terror hücumu zamanı, hücum edən şəxs aktı yalnız törətməklə kifayətlənmədi – onu canlı yayımladı, vizual dili və narrativi öncədən planladı. Bu, təsadüfi davranış deyil, rəqəmsal platformaların məntiqinə uyğunlaşdırılmış kommunikasiya modelidir. Oxşar pattern 14 may 2022-ci ildə ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində supermarketlərin birində müşahidə olundu. Burada hücum edən şəxs əvvəlcədən onlayn platformalarda radikallaşmış, müəyyən ideoloji kontentlə qidalanmış və hücumu eyni formatda təqdim etməyə çalışmışdı. Bu isə göstərir ki, sosial media yalnız məlumat ötürən kanal deyil, davranış modellərinin öyrənildiyi və təkrarlandığı mühitdir. Daha erkən nümunə – 20 aprel 1999-cu ildə ABŞ-ın Kolorado ştatının Kolumbin şəhərindəki Kolumbin liseyində baş verən atışmada və bombalama cəhdində on ikinci sinif şagirdləri Erik Harris və Dilan Klebold 13 şagirdi və bir müəllimi qətlə yetirdilər. Qaçmağa çalışarkən 20 nəfər yaralandı. Hücum Harris və Kleboldun intihar edərək ölməsi ilə başa çatdı. Bu hadisə sosial medianın bu qədər güclü olmadığı dövrdə baş versə də, sonrakı illərdə sosial platformalar vasitəsilə müəyyən qruplar üçün “referans hadisə”yə çevrildi. Bu isə çox vacib bir məqamı ortaya qoyur: rəqəmsal mühit yalnız yeni davranış yaratmır, köhnə hadisələri də davamlı şəkildə “yenidən istehsal edərək” onların təsir müddətini uzadır. Bu nöqtədə artıq məsələ təkcə kontentin mövcudluğu deyil, onun necə paylanmasıdır. Alqoritmik sistemlər istifadəçinin platformada qalma müddətini artırmaq üçün emosional yüklü kontenti prioritetləşdirir. Araşdırmalar göstərir ki, qorxu, qəzəb və şok effekti yaradan məzmunlar digər kontentlərlə müqayisədə daha yüksək engagement (bəyənmə, paylaşım, izlənmə) yaradır. Bu isə platformaların biznes modeli ilə etik məsuliyyəti arasında ciddi bir ziddiyyət yaradır: diqqət iqtisadiyyatı ilə ictimai təhlükəsizlik hər zaman üst-üstə düşmür. Buradan bir neçə fundamental dilemma ortaya çıxır. – Birincisi, məlumatlandırma və yayılma dilemmasıdır. Media bu hadisələri işıqlandırmalıdır – bu, ictimaiyyətin məlumat alma haqqıdır. Lakin hadisənin detallı vizuallaşdırılması, hücum edən şəxsin kimliyinin və motivlərinin mərkəzə çəkilməsi bəzən istəmədən “copycat effect” (təqlid effekti) riskini artırır. Akademik araşdırmalar göstərir ki, yüksək mediatik rezonans doğuran zorakılıq hadisələrindən sonra qısa müddət ərzində oxşar hadisələrin baş vermə ehtimalı artır. – İkincisi, azadlıq və nəzarət dilemmasıdır. Sosial media platformaları ifadə azadlığını qorumağa çalışır, lakin eyni zamanda zərərli kontentin yayılmasının qarşısını almaq məsuliyyəti daşıyır. Həddindən artıq moderasiya senzura kimi qəbul oluna bilər, zəif moderasiya isə radikallaşma və zorakılıq riskini artırır. Xüsusilə yeniyetmələr bu balanssızlığın ən həssas auditoriyasıdır. – Üçüncüsü, görünürlük və məsuliyyət dilemmasıdır. Rəqəmsal mühitdə “görünmək” sosial dəyərə çevrilib. Bəzi fərdlər üçün ekstremal davranışlar belə diqqət qazanmaq və “mesaj vermək” vasitəsinə çevrilə bilər. Bu, artıq psixoloji motivasiyanın rəqəmsal mühitlə necə transformasiya olunduğunu göstərir. Bütün bunların fonunda sosial medianın rolunu düzgün çərçivələndirmək vacibdir: bu platformalar səbəb deyil, lakin risk faktorlarını gücləndirən, davranışları modelləşdirən və bəzi hallarda onları sürətləndirən ekosistemin ayrılmaz hissəsidir. Məsələyə həll yönümlü yanaşdıqda isə sistemli addımlar tələb olunur: Platformalar üçün: Alqoritmik şəffaflığın artırılması, zorakılıq və radikal kontentin yayılmasını məhdudlaşdıran daha proaktiv sistemlər, xüsusilə yeniyetmələr üçün qoruyucu mexanizmlərin gücləndirilməsi. Media üçün: Etik reportinq standartlarının tətbiqi – hadisənin dramatizasiyasından qaçmaq, hücum edən şəxsi mərkəzə qoymamaq, vizual və dil seçimində məsuliyyətli olmaq. Valideynlər və təhsil sistemi üçün: Rəqəmsal savadlılıq artıq əlavə bacarıq deyil, zəruri kompetensiyadır. Gənclərin istehlak etdiyi kontentin tənqidi analizini öyrətmək vacibdir. Psixoloji və sosial institutlar üçün: Erkən mərhələdə riskli davranışların identifikasiyası və müdaxilə mexanizmlərinin gücləndirilməsi. Nəticə etibarilə, bu cür hadisələrə yalnız “kim günahkardır?” sualı ilə yanaşmaq bizi irəli aparmır. Daha doğru sual budur: “Bu davranış hansı mühitdə formalaşdı və biz o mühiti necə dəyişə bilərik?” Əgər bu sualı sistemli şəkildə cavablandıra bilməsək, hər yeni hadisədən sonra eyni müzakirələri aparacaq, amma real dəyişiklik yaratmayacağıq.
İşğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu rayonlar arasında Kəlbəcər xüsusi spesifik xüsusiyyətləri ilə seçilir. Burada hər kəndin özünəməxsus danışıq ləhcəsi, adət-ənənəsi və sosial-məişət həyatı formalaşıb. Kəlbəcər rayonunun Çorman kəndi isə bu baxımdan xüsusilə diqqət çəkən yaşayış məntəqələrindən biridir. Çorman çox qədim tarixə malikdir. Kənd ərazisində IX–X əsrlərə aid iki Alban məbədi mövcud olub. Həmin məbədlərdən birinin hasar qalıqları bu gün də qalmaqdadır. Kənddə eyni zamanda qədim su dəyirmanının izləri mövcuddur. Kəndin güney hissəsində, xüsusilə “Güney Kalafalıq” adlanan ərazidə qədim yaşayış məskənlərinin qalıqları bu günədək qorunub saxlanılıb. Yaylaq sahəsində, yüksək bir təpəlikdə yerləşən Qırıb qəbiristanlığının isə tarixi dəqiq məlum deyil və tədqiqata ehtiyac var. Çorman kəndi ərazisində yerləşən digər qədim yaşayış məskəni “Köhnə kənd” adlanır. Yerli sakinlərin söylədiklərinə görə, vaxtilə buradan dörd kənd ayrılıb: Çorman, Keçiliqaya, Qaragüney və Zülfüqarlı. Kəndin təbiəti olduqca zəngindir. Çorman Kəlbəcərin ən böyük meşə sahələrinə malik kəndlərindən biridir, bəlkə də birincisidir. Ərazi daxilində 1 isti su, 1 turş su, 85-dən artıq bulaq, 13 şəlalə, 20-dən çox xırda çay və bir nisbətən böyük çay mövcuddur. Kəndin yaylaqları isə bölgə əhalisi arasında xüsusi məşhurluğa malikdir. Aran Qarabağdan və Şirvandan olan elat camaatı Çiçəkli, Göybulaq və Dükanlı yaylaqlarını bu gün də yaxşı xatırlayır. Hazırda isə Çorman kəndinin sakinləri öz doğma kəndlərinə deyil, digər bölgələrdə – əsasən də Ağdərə rayonunda məskunlaşdırılır. Bu vəziyyət insanların tarixi yurd-yuvalarından uzaq salınması, sosial bağlarının qırılması və kənd həyatının davamlılığının zəifləməsi deməkdir. Belə bir kəndin unudulması və ya tarixi-coğrafi bağlarından qoparılması, sözün əsl mənasında, tariximizə və mədəni yaddaşımıza ağır zərbədir. Əsas narahatlıq doğuran məsələ isə kəndin birləşdirilərək salınması planlaşdırılan ərazinin əkin-biçin və otlaq sahələrindən 15–20 kilometr uzaqda yerləşməsi ehtimalıdır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün ciddi problemlər yaradır. Belə olan halda, mal-qaranın hər gün nəqliyyat vasitələri ilə örüşə aparılıb-gətirilməsi zərurəti yaranacaq. Halbuki geri qayıdan əhalinin əsas dolanışıq mənbəyi əkinçilik və maldarlıq olmalıdır. Bu imkanlar olmadan kənddə davamlı məskunlaşma necə təmin ediləcək? Bu baxımdan sual yaranır: Görəsən, müvafiq dövlət qurumları kəndlərin birləşdirilməsi zamanı bu cür sosial-iqtisadi, tarixi və mədəni amilləri kifayət qədər nəzərə alırlarmı? Müəllif: Kəlbəcər rayonu, Çorman kənd sakini – Hüseyin Əliyev
Orxan Hacılının qanunsuz saxlanmasına münasibət barədə: Bu işin məhkəmə perspektivi yoxdur. Bu gün Orxanı polis şöbəsində saxlayanlar da bunu yaxşı bilir. Çünki, istənilən halda, qəzanın baş verməsinin səbəbkarı Orxan deyil. İqtidar yandaşlarının paylaşdığı videokadrlarda bunu hamı görüb. Bu halda, iqtidarın bu davranışının motivi nədir? Dünəndən baxıram, cəbhə funksionerləri də bu qanunsuz saxlanmanı pisləyən açıqlamalar verir. İqtidarın bu işdə düzgün hərəkət etdiyini iddia edən heç bir açıqlamaya hələlik rast gəlməmişəm. Bu işin beynəlxalq aləmdə də iqtidar üçün müəyyən neqativ nəticələri olacaq. Belə olduğu halda, müxalifətin rejimə boyun əyməyən hissəsinin birliyinə, ölkədə ədalət hissini itirməyən insanların etirazına, beynəlxalq aləmdə nüfuzuna xələl gətirən bu addımın atılması iqtidarın nəyinə lazımdır? Razılaşaq ki, bu hansısa müstəntiqin, yaxud polis rəisinin təşəbbüsü ilə olan hadisə deyil. Orxan Hacılı barədə qəbul edilən qərarın arxasında mövcud rejim durur. İqtidardakılar bu qədər axmaqdılarmı ki, nümayişkaranə şəkildə bu cür rüsvayçı qərar qəbul edirlər. Belə deyil. Nə etdiklərini, bu qanunsuzluğa yol verməklə cəmiyyətə hansı mesajı verdiklərini çox yaxşı bilirlər. Beləliklə, Qarabağ uğrunda gedən müharibələrdə gerçək müxalifətin sağlam mövqeyinə baxmayaraq, rejim hesab edir ki, bu 1993-cü ildən bu yana şərti olaraq "AXCP - Musavat" cütlüyünə qarşı davam edən soyuq vətəndaş müharibəsinə son qoymaq üçün kifayət deyil. İqtidarın məntiqinə görə, AXCP və Musavat konkret olaraq İlham Əliyevə biət etdiyini bəyan etməyincə onlara qarşı "bizimlə olmayanlar bizə qarşıdır" prinsipinə əsaslanan bolşevik metodlarından istifadə olunacaq. Son otuz il ərzində iqtidar ölkədə irticaya qarşı müqavimət göstərə biləcək qüvvələri daim təzyiq altında saxlamaqla onları faktiki qanundan kənar elan etmək və bu yolla cəmiyyətdə xof yaratmaq siyasətini həyata keçirib. Orxan Hacılıya qarşı yol verilən qanunsuzluq da məhz bu məqsədlə törədilir. Bu arada özlərini daim müstəqil sayan, onları şərti olaraq "avtobus müxalifəti" adlandıranlara etiraz edən partiya sədrlərinə də müraciət etmək istəyirəm. Orxan Hacılıya qarşı yol verilən qanunsuz əməllərin yuxarıda qeyd etdiyim motivləri sizlərə məlum deyilmi? Yığışın bir açıqlama verin, ortaya ortaq mövqe qoyun. Əgər bu hadisədə iqtidarın hərəkəti düzgündürsə, birgə açıqlama verin ki, hər şey qanun çərçivəsindədir, antimilli müxalifət iqtidara böhtan atır və sairə. Yoxsa, sizlər yalnız prezident aparatından göstəriş olanda birgə bəyanata imza atırsız? Orxan üçün isə qətiyyən narahat olmağa dəyməz. Kişinin başına iş gələr. Onun bu sınaqdan daha mətin, daha mübariz, daha güclü çıxacağına əminəm. Düzdür, birinci dəfə deyil, amma yenə də, qəzan mübarək olsun, Orxan! Vaqif Hacıbəyli, hüquqşünas
"Azərbaycan ərazisində separatçı qüvvələrin nümayəndələri ilə görüş keçirilir. Masada Azərbaycan bayrağı yox, masanın başında rus zabitləri, Rusiya bayrağı, başları üzərində rus generallarının portretləri. Azərbaycan və ölkə bölgəsinin nümayəndələri bərabərhüquqlu tərəflər kimi üzbəüz oturub. Azərbaycan deputatı hətta milli bayrağımız olan deputat nişanını da çıxarıb". Sozcu.az xəbər verir ki,bunu Müsavat Partiyasının başqanı Arif Hacılı özünün "Feysbuk" səhifəsində yazıb. "Görüşdən sonra Araik Harutunyan müstəqillik ideyasından bir addım da geri çəkilməyəcəklərini elan edir. Bütün bunlar əvvəllər də dediyimiz kimi döyüş meydanında ordumuzun qazandığı qələbənin masa arxasında təhvil verilməsinin daha bir sübutu, Azərbaycan xarici siyasətinin və diplomatiyasının növbəti uğursuzluğudur".
“Azərtac”ın keçmiş əməkdaşı Aygün Əliyeva intihara cəhd edib. Sozcu.az xəbər verir ki, bu barədə Gününsəsi.info-ya jurnalistin həyat yoldaşı Teymur Əliyev bildirib. Onun sözlərinə görə, həyat yoldaşı zəhərli maddə qəbul edib. Hazırda onu Bakıdakı xəstəxanalardan birinə yerləşdiriblər. Qeyd edək ki, əmək hüquqlarının pozulmasından məhkəmə orqanlarına şikayət verən xanım jurnalistin şikayəti Ali Məhkəmədə də təmin olunmayıb. O, hələ məhkəmədən öncə ədalətsiz qərar çıxarılacağı təqdirdə intihar edəcəyini deyib.