Orxan Hacılıya qarşı baş verən qanunsuzluqlar sizələrə məlum deyilmi?

Orxan Hacılının qanunsuz saxlanmasına münasibət barədə: 

Bu işin məhkəmə perspektivi yoxdur. Bu gün Orxanı polis şöbəsində saxlayanlar da bunu yaxşı bilir. Çünki, istənilən halda, qəzanın baş verməsinin səbəbkarı Orxan deyil. İqtidar yandaşlarının paylaşdığı videokadrlarda bunu hamı görüb. 

Bu halda, iqtidarın bu davranışının motivi nədir? Dünəndən baxıram, cəbhə funksionerləri də bu qanunsuz saxlanmanı pisləyən açıqlamalar verir. İqtidarın bu işdə düzgün hərəkət etdiyini iddia edən heç bir açıqlamaya hələlik rast gəlməmişəm. Bu işin beynəlxalq aləmdə də iqtidar üçün müəyyən neqativ nəticələri olacaq. Belə olduğu halda, müxalifətin rejimə boyun əyməyən hissəsinin birliyinə, ölkədə ədalət hissini itirməyən insanların etirazına, beynəlxalq aləmdə nüfuzuna xələl gətirən bu addımın atılması iqtidarın nəyinə lazımdır?

Razılaşaq ki, bu hansısa müstəntiqin, yaxud polis rəisinin təşəbbüsü ilə olan hadisə deyil. Orxan Hacılı barədə qəbul edilən qərarın arxasında mövcud rejim durur. İqtidardakılar bu qədər axmaqdılarmı ki, nümayişkaranə şəkildə bu cür rüsvayçı qərar qəbul edirlər. Belə deyil. Nə etdiklərini, bu qanunsuzluğa yol verməklə cəmiyyətə hansı mesajı verdiklərini çox yaxşı bilirlər.

Beləliklə, Qarabağ uğrunda gedən müharibələrdə gerçək müxalifətin sağlam mövqeyinə baxmayaraq, rejim hesab edir ki, bu 1993-cü ildən bu yana şərti olaraq "AXCP - Musavat" cütlüyünə qarşı davam edən soyuq vətəndaş müharibəsinə son qoymaq üçün kifayət deyil. İqtidarın məntiqinə görə, AXCP və Musavat konkret olaraq İlham Əliyevə biət etdiyini bəyan etməyincə onlara qarşı "bizimlə olmayanlar bizə qarşıdır" prinsipinə əsaslanan bolşevik metodlarından istifadə olunacaq. Son otuz il ərzində iqtidar ölkədə irticaya qarşı müqavimət göstərə biləcək qüvvələri daim təzyiq altında saxlamaqla onları faktiki qanundan kənar elan etmək və bu yolla cəmiyyətdə xof yaratmaq siyasətini həyata keçirib. Orxan Hacılıya qarşı yol verilən qanunsuzluq da məhz bu məqsədlə törədilir.

Bu arada özlərini daim müstəqil sayan, onları şərti olaraq "avtobus müxalifəti" adlandıranlara etiraz edən partiya sədrlərinə də müraciət etmək istəyirəm. Orxan Hacılıya qarşı yol verilən qanunsuz əməllərin yuxarıda qeyd etdiyim motivləri sizlərə məlum deyilmi? Yığışın bir açıqlama verin, ortaya ortaq mövqe qoyun. Əgər bu hadisədə iqtidarın hərəkəti düzgündürsə, birgə açıqlama verin ki, hər şey qanun çərçivəsindədir, antimilli müxalifət iqtidara böhtan atır və sairə. Yoxsa, sizlər yalnız prezident aparatından göstəriş olanda birgə bəyanata imza atırsız? 

Orxan üçün isə qətiyyən narahat olmağa dəyməz. Kişinin başına iş gələr. Onun bu sınaqdan daha mətin, daha mübariz, daha güclü çıxacağına əminəm. Düzdür, birinci dəfə deyil, amma yenə də, qəzan mübarək olsun, Orxan!

Vaqif Hacıbəyli, hüquqşünas 

Share on Facebook