"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı

"Fənərbaxça" klubunun prezidenti Sadettin Saran narkotik maddələr qəbul edirmiş. Sozcu.az-ın Türkiyənin DHA agentliyinə istinadən yaydığı məlumata görə, narkotik maddələrlə bağlı istintaq çərçivəsində Sadettin Saranın saç nümunəsindən götürülən kokain testi müsbət nəticə verib. Hazırlanan rəy İstanbul Respublika Baş Prokurorluğuna təqdim olunub. AA isə xəbər verir ki, Saranın qan, sidik və dırnaq nümunələrində aparılan testlərin nəticəsi mənfi olub. "Fənərbaxça" Klubunun prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaq çərçivəsində şübhəli qismində İstanbul Respublika Baş Prokurorluğuna dəvət olunmuş və ifadə vermişdi. Prokurorluqdakı dindirilmədən sonra Ədliyyə Tibb Qurumuna göndərilən Saranın saç və qan nümunələri götürülmüşdü. Prosedurların ardından Sadettin Saran sərbəst buraxılmışdı. Qeyd edək ki, Saranın ifadəyə çağırıldığı gün onun evində də axtarış aparıldığı bildirilir. Axtarış zamanı müəyyən materialların aşkarlandığı iddia olunsa da, bununla bağlı rəsmi qurumlardan ətraflı açıqlama verilməyib.

Bəzi təkliflərdən sonra futbolçuların başı gedir - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində oyunçulara komandadan ayrılmaq ehtimalından söz açıb. Sozcu.az xəbər verir ki, bu barədə o,  Azərbaycan Premyer Liqasının XVI turunda səfərdə “Qəbələ”ni 2:1 hesabı ilə məğıub etdikləri matçdan sonra danışıb. “Bəzi təkliflərdən sonra futbolçuların başı gedir. Yəni pul onların gözünü örtür. Mən də onlara bildirirəm ki, belə olmaz. Həm klub rəsmiləri, həm də menecerlər tərəfindən o qədər lazımsız təkliflər gəlir ki… Amma bilmirlər ki, bunlar 3-5 manata oynayır. Belə halda 1-2 ay oyunçunun fikri dağılır. Elə olanda da gərək Çempionlar Liqasının qrupunda oynamayaq. Mən də bir baş məşqçi olaraq daim məsləhət verirəm. Amma özü, ailəsi düşünməlidir. Mənim üçün bu dəqiqə “Qarabağ”ı, bu futbolçuları əldə saxlamaq böyük bir problemə çevrilib. 90 faiz oyunçulara təklif var. Biri Çindən, biri Səudiyyə Ərəbistandan… Juninyonu verdik. Braziliya ona 5 milyon, “Sevilya” isə 3 milyon verdi. Amma biz İspaniyaya getməyinə razı idik, daha yaxşı yerə getməsini istəyirdik. Zənglər çoxdur".

Azərbaycan UEFA reytinqində gerilədi

UEFA-nın əmsallar reytinqində yenilənmə olub. Sozcu.az xəbər verir ki, Konfrans Liqasında dünən keçirilən oyunlardan sonra Azərbaycan 26-cı yerdən (22.250 xal) 28-ci yerə düşüb. Azərbaycandan bir pillə yuxarıda olan Slovakiyanın əmsalı 22.375, 29-cu olan Bolqarıstanın əmsalı isə 19.875-dir. Hazırda yalnız "Qarabağ"la avrokuboklarda təmsil olunan Azərbaycan mövsümə 17.125 xalla başlayıb.  Qeyd edək ki, cədvələ 103.658 əmsallla İngiltərə başçılıq edir.

FİFA-ya şikayət: Bu ölkə DÇ-2026-ya yollana bilər

Nigeriya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində Konqo Demokratik Respublikası (KDR) ilə oyunun nəticəsindən FİFA-ya şikayət ərizəsi ilə müraciət edib. Sozcu.az xəbər verir ki, Nigeriya tərəfi Konqo yığmasının heyətində vətəndaşlıqla bağlı qaydaları pozaraq meydana çıxan 9-a qədər oyunçunun olduğunu açıqlayıb. Bildirilib ki, sözügedən futbolçular Avropada anadan olublar və həmin pasportlarından imtina etməyiblər. Konqo qanunlarına görə, bu, ikili vətəndaşlığın qadağan edildiyi ölkədə vətəndaşlığa sahib olmaqla bir araya sığmır. FİFA-nın şikayətlə bağlı yekun qərarını mart ayında keçiriləcək DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off görüşlərinə qədər verəcəyi gözlənilir. Xatırladaq ki, Nigeriya yığması DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off mərhələsinin final görüşündə Konqoya məğlub olub (1:1, penaltilərlə 3:4). Bundan sonra KDR yığması qitələrarası pley-off mərhələsinə yüksəlib, Nigeriya isə nüfuzlu turnirə vəsiqə qazanmaq şansını itirib.

Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq

Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Sozcu.az Report-a istinadən xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. "Məğlub olsaq da şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz ÇL in qrupuna düşmək idi. Şükürlər olsun ki bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki bir qələbə olsun. Çox şükür ki artıq iki qələbəmiz var. Azərbaycana belə klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı formada idi. Bu gün 60, 70 dəqiqə tab gətirə biliriksə deməli sabah daha da irəli gedə bilərik. Təəssüf ki Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə çalışırıq ki rəqiblərə aciz şəkildə məğlub olmayaq", - baş məşqçi əlavə edib. Qeyd edək ki, Q.Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.

Qurban Qurbanov ilin ən yaxşı məşqçisi SEÇİLDİ

Azərbaycanda 2025-ci ilin ən yaxşı futbol məşqçisinin adı məlum olub. Sozcu.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov digər namizədləri böyük fərqlə qabaqlayaraq, birinci yeri tutub. Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplamaqla, 2025-ci ilin ən yaxşı məşqçisi seçilib. Bununla da, o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb. Sorğuda iştirak edənlərdən 2-si son mövzümdə “Sabah”a ölkə kubokunu qazandıran Vasili Berezutskiyə, 1-i “Zirə”nin “sükanı arxasında” olan Rəşad Sadıqova, 1-i “Araz-Naxçıvan”ın çalışdırıcısı Elmar Baxşıyevə, 1-i isə milli komandanın və “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasova səs verib. “Qarabağ” ötən mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan Premyer Liqasında çempionluq sevinci yaşayıb. Bundan başqa, Qurbanovun komandası tarixində ikinci dəfə UEFA Çempionlar Liqasında əsas mərhələyə yüksəlib. Hazırda da bu turnirdə çıxışını davam etdirən “köhlən atlar” “Benfika”, “Kopenhagen” kimi komandaları məğlub edib, “Çelsi” ilə oyunda bərabərə qalıb.

Qurbanov "Napoli" ilə oyundan danışdı: Yaxşı nəticə...

Hazırlaşırıq. Yaxşı mübarizə aparmağa çalışacağıq. Yaxşı nəticə əldə etməyi çox istəyirik. Sozcu.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Napoli” ilə keçiriləcək oyunu şərh edərkən deyib. 53 yaşlı mütəxəssis “Napoli” ilə oyunda əsas heyətlə bağlı ünvanlanan suala cavabında bildirib: “Hər şey ola bilər. Qarşıdakı günlərdə baxacağıq”. Qeyd edək ki, "Qarabağ" noyabrın 25-də Çempionlar Liqasının Liqa mərhələsinin V turunda İtaliyada "Napoli"nin qonağı olacaq.

ÇL: "Qarabağ"ın oyununa hansı kanalda baxaq?

Çempionlar Liqasında Liqa mərhələsinin 4-cü turunun bəzi matçlarına Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. Sozcu.az xəbər verir ki, qarşılaşmalar "CBC Sport" və İctimai TV vasitəsi ilə nümayiş etdiriləcək. Azərbaycan "CBC Sport" 21:45. "Qarabağ" (Azərbaycan) - "Çelsi" (İngiltərə) 00:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) İctimai TV 00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə) Türkiyə TRT-1 00:00. "Ayaks" (Niderland) - "Qalatasaray" (Türkiyə)

"Çelsi"nin Bakıda nə açıq məşqi, nə də mətbuat konfransı olacaq

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü  turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Çelsi" (İngiltərə) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub. Sozcu.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin yaydığı məlumatda bildirilib. Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı noyabrın 4-də saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:00-da isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək. Məlumatda o da qeyd edilib ki, qonaq komandanın mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqi isə İngiltərədə keçiriləcək. Xatırladaq ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

“Qarabağ” – “Çelsi” matçına nə qədər bilet satılıb?

“Qarabağ” UEFA Çempionlar Liqasının 4-cü turunda İngiltərə “Çelsi”sinə qarşı Bakıda keçiriləcək oyunu üçün bilet satışı davam edir. Sozcu.az xəbər verir ki, Ağdam klubunun mətbuat xidməti 27 250 bilet satıldığını deyib. Klubdan qeyd edilib ki, hazırda məhdud sayda biletlər qalıb. Bunları da yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə etmək olar. Biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75, VIP sektorlar üçün 200, 250, 300 və 400, VVIP sektorlara 1000 AZN təşkil edir. Xatırladaq ki, “Qarabağ” – “Çelsi” oyunu noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

"Qarabağ" azarkeşlərə müraciət etdi

"Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada "Atletik"ə qarşı keçirəcəyi oyundan əvvəl azarkeşlərə müraciət edib. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb. Bildirilib ki, komandanı İspaniyada dəstəkləmək istəyən azarkeşlər səfər oyunu üçün vauçerləri oktyabrın 15-dən əldə edə biləcəklər. Vauçerlərin biletə dəyişdirilməsi ilə bağlı əlavə məlumat daha sonra klubun sosial media hesablarında açıqlanacaq. Qeyd edək ki, "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

TRT-ni “Qarabağ”a görə tənqid etdi: Hörmətsizlikdir!

Tanınmış türkiyəli yutuber Onur Naci Öztürklər TRT də daxil olmaqla, bəzi kanalların futbol şərhçilərini tənqid edib. Sozcu.az xəbər verir ki, Öztürklər adıçəkilən kanalların aparıcılarını “Qarabağ” klubunun oyunlarını zəif şərh etməkdə ittiham edib. “Azərbaycanda “Qalatasaray”ın, “Beşiktaş”ın oyunları yayımlanan zaman spikerlər bizim klublarımız qol buraxanda pis olur, rəqib komandanın hücumunu sakit şəkildə şərh edirlər. Bizim qollarımıza isə öz qolları qədər sevinirlər. Amma “Benfika” “Qarabağ”a qol vuranda bizim spikerlər qışqıraraq, həyəcanlanaraq şərh etdilər. “Kopenhagen”in hücumunu həyəcanla şərh edirlər. O insanların ölkələrində sizin klubların oyunlarını şərh etməsinə baxmısınız? Bu nə hörmətsizlikdir?” – Öztürklər bildirib.