FİFA-ya şikayət: Bu ölkə DÇ-2026-ya yollana bilər

Nigeriya Futbol Federasiyası 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsində Konqo Demokratik Respublikası (KDR) ilə oyunun nəticəsindən FİFA-ya şikayət ərizəsi ilə müraciət edib.

Sozcu.az xəbər verir ki, Nigeriya tərəfi Konqo yığmasının heyətində vətəndaşlıqla bağlı qaydaları pozaraq meydana çıxan 9-a qədər oyunçunun olduğunu açıqlayıb.

Bildirilib ki, sözügedən futbolçular Avropada anadan olublar və həmin pasportlarından imtina etməyiblər.

Konqo qanunlarına görə, bu, ikili vətəndaşlığın qadağan edildiyi ölkədə vətəndaşlığa sahib olmaqla bir araya sığmır.

FİFA-nın şikayətlə bağlı yekun qərarını mart ayında keçiriləcək DÇ-2026-ya vəsiqə uğrunda qitələrarası pley-off görüşlərinə qədər verəcəyi gözlənilir.

Xatırladaq ki, Nigeriya yığması DÇ-2026-ya vəsiqə uğrunda Afrika zonasında keçirilən pley-off mərhələsinin final görüşündə Konqoya məğlub olub (1:1, penaltilərlə 3:4). Bundan sonra KDR yığması qitələrarası pley-off mərhələsinə yüksəlib, Nigeriya isə nüfuzlu turnirə vəsiqə qazanmaq şansını itirib.

Share on Facebook