Onkoloji xidmətlər icbari sığortaya daxil edilsin! - Komitə sədrindən TƏKLİF

“Təəssüf ki, icbari tibbi sığort ailə əhatə olunan dövlət proqramlarının tərkibində onkoloji xidmət yoxdur. Büdcədən ayrılan vəsait də bu xəstələrin adekvat müalicəsi üçün yetərli deyil”.  Sozcu.az xəbər verir ki, bunu Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat qeyd edib ki, bu xəstələri müasir səviyyədə effektli müalicə etmək üçün target və immunterapiya dərman vasitələrinə ehtiyac duyulur: “Bu dərman vasitələrinin qiyməti isə kifayət qədər yüksəkdir. Ayrılan vəsait bu dərmanların alının Azərbaycana gətirilməsinə kifayət etmir. İmkan daxilində belə preparatların alınıb Azərbaycana gətirilməsinə əlavə vəsaitin ayrılması da nəzərdən keçirilməlidir. Çünki bu preparatlar olmadan onkoloji xəstələrin adekvat müalicəsi mümkün deyil. Bütövlükdə onkologiyanın problemi bu dövlət proqramının icbari dövlət sığorta ilə əhatə olunması ilə həll ediləcək”.

Meyitdən ürək köçürülən gəncdən yeni xəbər var

Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev evə buraxılıb. Sozcu.az Oxu.az-a istinadla xəbər verir ki, 2006-cı il təvəllüdlü gənc pasiyentin səhhəti normallaşdığından o, Mərkəzi Klinikadan köçürülüb. Hazırda onun müalicəsi xüsusi həkim briqadasının nəzarəti altında davam etdirilir. Xatırladaq ki, oktyabrın 23-də gecə saat 3 radələrində 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyev Mərkəzi Klinikada əməliyyat olunub. Ona meyitdən donor ürək köçürülüb. Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin dəstəyi ilə həyata keçirilib. Əməliyyat Mərkəzi Klinikanın baş həkimi Kamran Musayevin başçılıq etdiyi həkim briqadası tərəfindən reallaşdırılıb.

Bu xəstəxanaya yeni direktor və baş həkim təyin edildi

Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına direktor və direktor müavini təyin edilib. Sozcu.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək. Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə isə Elçin Mustafayev təyin olunub. V.Qurbanov bu gün yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, bundan öncə həmin xəstəxananın direktoru Fariz Babayev idi. O öz ərizəsi ilə işdən azad edilib.

Gələn ildən doğuş və keysəriyyə dövlətdə də ödənişli olacaq – AÇIQLAMA

2026-ci il yanvarın 1-dən Azərbaycanda bütün ölkə üzrə İcbari tibbi sığortadan pulsuz istifadə dövrü böyük əhali qrupu üçün bitir və səhiyyədə çətin dövr başlayır. “Medicina” xəbər verir ki, işləməyən, vergi ödəməyən, rəsmi iş yeri olmayan hər kəs əlavə olaraq aylıq tibbi sığorta haqqı ödənişi etməsə, 90% tibbi xidmətdən pulsuz istifadə edə bilməyəcək. Əsas məsələlərdən biri təcili təxirəsalınmaz yardım və doğuşdur. Doğuş və klassik qeysəriyyə kəsiyi əməliyyatı, stasionar yatış zamanı dərman, tibbi sərf və qidalanma, laborator və instrumental müayinə, diaqnostika və müalicə tədbirləri ödənişsiz olaraq göstərilir. Klassik qeysəriyyə kəsiyi əməliyyatı tibbi göstəriş əsasında həyata keçirilir. Habelə, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə qarşılanır. Bəs yeni ildən hamilə qadınların doğuş məsələsi necə olacaq. Bu xidmət qadının işləməsindən və ödənişindən asılı olmayaraq, yenə də İTS-lə qarşılanacaqmı? Əgər yeni qaydalar qanunla qüvvəyə minərsə, o zaman rayonlar da daxil olmaqla doğuş və keysəriyyədə ciddi riskli vəziyyətlər yarana bilər. Mövzu ilə bağlı sualları İcbari Tibb Sığorta üzrə Agentliyə yönləndirdik. Rəsmi məlumatda bildirildi ki, “bu məsələlər “Tibbi Sığorta haqqında Qanunla tənzimlənir. Bu qərarlar qanunverici orqan Milli Məclis tərəfindən qəbul olunur. Hələ ki, 2026-cı il üçün qeyd olunan məsələlər və işləməyən əhali kateqoriyası üçün ödənişli tibbi xidmət belə qanunla qəbul olunmayıb. Bu sadəcə gündəndə olan məsələdir. Belə bir qanun qüvvəyə minərsə, ona uyğun şərtlər açıqlanacaq”.

Bu analizlər icbari tibbi sığortaya daxil edilə bilər

Səhiyyə Nazirliyi genetik analizlərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə salınmasını təklif edir. Sozcu.az Report-a istinadən xəbər verir ki, bunu Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri, həkim-reanematoloq Yeganə Abbasova Sumqayıtda keçirilən "Regionda ilk: Meyitdən orqan nəqli. Uğurlu təcrübədən gələcəyə doğru" Beynəlxalq Elmi Konfransında deyib. O qeyd edib ki, sümeli və kök hüceyrə transplantasiyası üçün bu analizlər vacibdir: "Xatırlatmaq istəyirəm ki, hazırda ümumilikdə 1021 nəfər müxtəlif orqanların çatışmazlığından əziyyət çəkdiyindən növbədədir".

Bu xəstələr icbari tibbi sığorta hesabına müayinə olunacaq

Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi icbari tibbi sığorta vəsaitləri hesabına maliyyələşdiriləcək. Sozcu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Qeyd edilib ki, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunla nəzərdə tutulan digər vəsaitlər hesabına da həyata keçirilə biləcək. Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin dövlət tibb müəssisələrində müayinəsi və müalicəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. Müayinə və müalicənin maliyyələşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin müayinəsi və müalicəsi üzrə tədbirlər icbari tibbi sığorta vəsaitləri, hüquqi və fiziki şəxslərin ianələri, eləcə də qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər hesabına da həyata keçirilə bilər.

Yayılan virus covid ola bilər - Həkimdən XƏBƏRDARLIQ

Son zamanlar Azərbaycanda əhali arasında infeksion xəstəliklərə yoluxma halları artıb. Sozcu.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yüksək hərarət, boğaz ağrısı, burun axması və öskürəklə müşayiət olunan xəstəliyə daha çox uşaqlar arasında rast gəlinir. Belə ki, virus günlərlə davam edir, sürətlə yayılır və böyüklərə də keçir. Xüsusilə də məktəblər, uşaq bağçaları kimi ictimai yerlərdə yayılan qripəbənzər virus insanların təşvişinə səbəb olub. Hətta yayılan virusun COVID ştamı olması ehtimalları da var. Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının dosenti Könül Cəfərovanın sözlərinə görə, yayılan xəstəlik mövsümi xarakter daşıyır: “Son dövrlər xüsusən uşaqlar arasında infeksion xəstəliklər yayılıb. Bu, mövsümi xəstəlikdir. COVID ştamı da ola bilər, onu təsdiqləmək üçün virusoloji müayinə metodları aparılmalıdır. Bunun yoxlanmamış, təsdiqlənməmiş COVID olduğunu deyə bilmərik. Həmçinin rotavirus, adenovirus və digər viruslar da ola bilər. Uşaqlar arasında daha çox yayılıb. Uşaqlar adətən yoluxduran olur”. O hesab edir ki, hazırda ölkəyə gətirilən qrip əleyhinə peyvəndlər də bunun müəyyən qədər qarşısını alacaq: “Peyvəndləmədən bəzən bizim insanlarımız qorxurlar. Əslində peyvənd ancaq ağırlaşmanın qarşısını almaq üçündür. Bu virusa yoluxsa da, həmin şəxsdə ağırlaşma olmayacaq”. K.Cəfərova bildirib ki, əhali ənənəvi qorunma yollarından istifadə etməli, maska taxmalı, digər şəxsləri yoluxdurmamağa çalışmalıdır: “Əgər uşaq xəstədirsə, bağçaya, məktəbə göndərmək olmaz. Bu virus infeksiyasının daşıyıcısı olmasınlar, digər uşaqları da yoluxdurmasınlar. Uşaqlarda immun sistemi zəif olduğuna görə onlar bu virusu daha ağır keçirirlər. İstirahət rejimi, bol maye qəbul etmək, yüksək temperatur olarsa, hərarət salıcı dərmanlardan istifadə tövsiyə olunur”. Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən qripin yayılma riskinə qarşı vaksinlər gətirilib. Oktyabrın 8-dən etibarən əhali arasında vaksinasiyaya başlanılıb. Xüsusilə səhiyyə işçilərinin, hamilələrin, həmçinin xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı körpələrin qripə qarşı peyvənd olunması tövsiyə edilir.

Körpələrdə genetik xəstəlikləri aşkarlayan yeni testlər gətirilir

Azərbaycanda körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün yeni testlər tətbiq ediləcək. TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bu məqsədlə 325 min ədəd müxtəlif növ neonatal skrininq testi sifariş edib. Sozcu.az xəbər verir ki, TƏBİB-in Ana və uşaq sağlamlığı şöbəsinin əməkdaşı Vəfa Hacıyevanın sözlərinə görə, genetik xəstəliklərin qarşısının alınması məqsədilə hazırda doğuş aparılan bütün tibb müəssisələrində neonatal skrininq testlərinin tətbiqi məcburidir.

Nazirlikdən ürək xəstəliklərinə qarşı addım: Lipid məktəbi...

Aterosklerozla bağlı xəstəliklər – ürəyin işemik xəstəliyi, infarkt və insult xəstəliklərinin qarşısını almağın yeganə yolu vaxtında profilaktika və müalicədir. Məhz bu səbəbdən Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu ölkəmizdə lipid xidmətlərinin yaradılması istiqamətində genişmiqyaslı layihəyə start verib və Azərbaycanda lipid məktəbi yaradılıb. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, institut tərəfindən Azərbaycanda lipid xidmətinin təşkili üçün yol xəritəsi hazırlanıb: “Yol xəritəsinin məqsədi ürək-damar xəstəliklərinin yayılmasının qarşısını almaq və risk qrupunda olan şəxslərin vaxtında aşkarlanmasıdır. Bunun üçün Azərbaycan üzrə lipid məktəblərinin və mərkəzlərinin yaradılması, skrininq proqramlarının həyata keçirilməsi və hər bir xəstə üçün milli reyestr sisteminin qurulması üzərində işlər gedir, keyfiyyətə nəzarət mexanizmlərinin tətbiqi aparılır. Lipid xidmətləri çərçivəsində vətəndaşlara yüksək keyfiyyətli tibbi yardım göstəriləcək. Belə ki, lipid profili analizi, irsi hiperkolesterinemiyanın aşkarlanması, mütəxəssis konsultasiyası, genetik testlər tətbiqi həyata keçiriləcək. Xəstələrin davamlı izlənməsi və regionlarda maarifləndirici proqramların keçirilməsi də layihənin əsas hədəflərindəndir”. Qeyd olunub ki, əhalinin geniş maarifləndirilməsi üçün kampaniyalar aparılır: “Xolesterininizi yoxlayın!” şüarı altında sosial şəbəkələrdə, mediada və tədris materiallarında maarifləndirici məzmun paylaşılacaq, risk qrupları üçün xüsusi seminar və təlimlər təşkil ediləcək.

Nazirli əhaliyə müraciət etdi - Peyvənddə iştirak edin

“Havaların soyuması ilə əlaqədar hava-damcı üsulu ilə ötürülən virus infeksiyalarının yayılmasında artımlarım olması epidemioloji qanunauyğunluq olaraq hər il təkrarlanır. Hazırda, hələ ki, epidemioloji durum sabit olaraq qalır, keçən illə müqayisədə yoluxma sayında artımlar qeyd olunmur”. Sozcu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib. O bildirib ki, sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edilir: “Əhali arasında respirator və ümumi əlamətlərlə müşayiət edilən hallar müxtəlif kəskin respirator viruslar tərəfindən törədilir. Bu tip infeksiyalar arasında daha çox fəsadlaşa bilən qrip infeksiyasıdır ki, buna qarşı sentyabr-oktyabr aylarında risk qruplarına daxil olan insanları birinci növbədə peyvənd olunmağı israrla tövsiyə edirik”. Təyyar Eyvazov qeyd edib ki, bundan başqa xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. (Mənbə APA)

"Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır" - Aydın Əliyev

"Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında radioloq Aydın Əliyev deyib. O bildirib ki, hazırda dərman idxalı sahəsində monopoliya hökm sürür: “Bu əslində yeni yox, köhnə problemdir. Çünki Azərbaycanda daxili dərman preparatlarının istehsalı yoxdur. Ən vacib və strateji məsələ budur. İraq olsun, daha bir pandemiya olarsa, görün nə vəziyyətə düşəcəyik? Belə vəziyyətlərdə heç bir dövlət istehsal etdiyi dərmanları ixrac etmək istəmir. Bu halda dərman istehsal etməyən dövlətlər çox çətin vəziyyətdə qalır. İkincisi, dərman sahəsində hazırda monopoliya var. Yəni ölkəyə yalnız bəlli şəxslər ancaq dərman idxal edə bilir və istədiyi qiyməti qoyurlar. Əgər bu məsələ sərbəst olsa, digər imkanlı şəxslər və dərman biznesi ilə məşğul olan insanlar rahat şəkildə müxtəlif ölkələrdən dərman idxal edə bilsə, dərman bol, qiymətləri isə münasib olacaq. Hər şey tələb-təklifə bağlıdır. Lakin buna şərait yaratmırlar”.  Həkim vurğulayıb ki, bəzi xəstəliklərin dərman və müayinə xərclərini dövlət qarşılamalıdır: “Onkoloji xidmət ölkədə bərbad vəziyyətdədir. Müalicəsi bahalı olan xəstəliklərin dərmanlarını dövlət qarşılamalıdır. Birinci növbədə onkoloji xidmət heç də yaxşı vəziyyətdə deyil. Adı dövlət hesabına olsa da, təəssüflər olsun ki, xəstələr ödəniş etməyə məcbur olurlar. Ödəniş etməyən xəstəyə isə yuxarıdan aşağı baxırlar. Sistemdə dəyişiklik olmalıdır. Orqan köçürülməsi, onkoloji xəstəliklər, ağır xroniki xəstəliklərdən əziyyət çəkənlərin şəxsi vəsaitləri müalicəyə bəs etmir. Digər tərəfdən, sosial şəbəkələrdə tez-tez müalicəyə ehtiyac olan və köməklik üçün müraciət edən vətəndaşlar qarşımıza çıxır. Eyni zamanda məlum verilişlər xəstələri efirə çıxararaq, həmin şəxslər üçün pul yığırlar. Bu ayıbdır. Belə ağır xəstələr niyə dövlətə müraciət edib, rahat şəkildə müalicə ala bilməməlidir? Bu məsələlər həll edilməlidir”. Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin dünən keçirilən iclasında bildirib ki, dərman vasitələri cəmiyyətimizi narahat edən məsələdir. Deputat qeyd edib ki, seçicilər görüşlərdə dərmanların qiymətlərindən də narazılıqlarının bildirirlər.

Bu ölkədə xərçəng əleyhinə vaksin istehsal olundu

Rusiya xərçəng əleyhinə hazırladığı vaksin sınaqları uğurla tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vaksinin üzərində aparılan araşdırlmaların nəticəsində təkrar tətbiqlərdə belə təhlükəsiz və yüksək effektivlik göstərdiyi məlum olub. Tədqiqatçılar şişlərin ölçüsündə azalma və inkişaf tempinin yavaşlamasını müşahidə ediblər. Bu göstəricilər xəstəliyin xüsusiyyətlərindən asılı olaraq 60%-dən 80%-ə qədər dəyişib. Bundan əlavə, vaksin sayəsində sağ qalma göstəricilərinin də artdığı müəyyən olunub. Vaksinin ilkin hədəfi yoğun bağırsaq (kolorektal) xərçəngi olacaq. Peyvəndin artıq istifadəyə hazır olduğu da bildirilib.