Öskürək, qusma, ishal – Həkim XƏBƏRDARLIQ ETDİ!

“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır.  Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”. A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib: “Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür: Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir. Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir. Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir. Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir. Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.

Hava bu insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Uşaqlar arasında yayılan xəstəliklər... - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazirlikdən APA-ya bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb. Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir: “Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür. Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”. Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.

Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib. İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib. Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Qafqazinfo)

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Azərbaycanda qızılcaya neçə nəfər yoluxub? - Rəsmi cavab

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir. Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.

Dünya ölümcül epidemiya ilə üz-üzə: Daşıyıcısı pişiklər ola bilər

Pişiklərdən insanlara quş qripi virusunun keçmə ehtimalı yüksəkdir. Hazırda Avropa və ABŞ-da pişiklərin bu infeksiyaya kütləvi yoluxması müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə "İzvestiya"ya müsahibəsində Rusiyanın N.F.Qamale adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq danışıb. Ekspert hesab edir ki, pişiklər virusun mutasiyaya uğraması üçün bir növ “inkubator” rolunu oynayır və bu, insanlar üçün potensial təhlükə yaradır. “Qrip virusu heyvanlar və insanlar arasında dövri şəkildə hərəkət edir. O, heyvanlarda olduğu zaman antigenliyini dəyişə bilər, çünki heyvanlar insanların yoluxmadığı digər ştammlarla xəstələnir. Əgər bir hüceyrədə fərqli variantlar qarşılaşarsa, müxtəlif komponentlərdən yeni bir genomun yığılması baş verə bilər”, - deyə Gintsburq izah edib. Ekspertin sözlərinə görə, quş qripi virusunun pişiklərdən insanlara keçmə ehtimalı yüksəkdir. Bu baş verərsə, quş qripi virusunun yayılması həddindən artıq yoluxucu və potensial ağır nəticələrə görə çiçək epidemiyası ilə müqayisə edilə bilər. Buna görə də, epidemiya halında sürətli reaksiya vermək üçün H5N1 ştammına qarşı peyvəndin prototipinin təcili olaraq hazırlanması zəruridir. Gintsburqun fikrincə, lazım gələrsə, bu vaksinin kütləvi istehsalını bir neçə həftəyə başlamaq mümkündür.Bakupost)

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? - Bu əlamətlər varsa...

Son günlər ölkə ərazisində bir çox vətəndaşlar yüksək hərarət, boğaz ağrısı və digər oxşar əlamətlərlə müşayiət olunan narahatlıqlardan şikayətlənirlər. Vəziyyətin geniş vüsət alması ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə və gündəlik müşahidələrdə bu halın mövsümi qripdən daha ağır keçdiyi, hətta yeni virusun yayıldığına dair iddialar irəli sürülür. Həkim-infeksionist Aytən Ziyadova iddialarla bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, havaların dəyişkən keçməsi və temperatur fərqlərinin artması fonunda müxtəlif infeksion xəstəliklərin müşahidə edilməsi artıb: “Bu infeksiyalar həm bağırsaq sistemi, həm də üst tənəffüs yolları ilə əlaqədar ola bilər. Mövsümi keçidlər zamanı orqanizmin immun sistemi zəiflədiyindən, virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaranır. Üst tənəffüs yolu infeksiyaları arasında daha çox rast gəlinən viruslar RSV (Respirator Sinsitial Virus) və RV (Rinovirus) kimi tanınır. Bu virusların klinik əlamətləri bir-birinə oxşardır – öskürək, burun axıntısı, boğaz ağrısı, bəzən isə nəfəs darlığı ilə müşayiət oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda və yaşlılarda bu infeksiyalar daha ağır keçə bilər. Belə hallarda "qırmızı bayraq" əlamətlərinə diqqət etmək tövsiyə olunur.  Bu əlamətlərə yüksək hərarətin 38.5 dərəcədən yuxarı olması, hərarət salıcı preparatların təsirsiz qalması, dəri səpkilərinin yaranması və onların bədəndə sürətlə yayılması daxildir. Belə hallarda mütləq həkimə müraciət edilməli və laborator diaqnostika aparılmalıdır”. Həkim bildirib ki, həm uşaqlar, həm də böyüklər arasında bu dövrdə müxtəlif bağırsaq viruslarına da rast gəlinir: “Bu viruslar arasında parvovirus B19 xüsusilə qeyd olunmalıdır. Parvovirus infeksiyası əsasən dəri səpkisi və qızdırma ilə başlayır, bəzi hallarda isə ürəkbulanma, qusma və ishal ilə özünü göstərir. Bu virus uşaqlarda "beşinci xəstəlik" kimi tanınan səpkili xəstəliklərə səbəb ola bilər. Eyni zamanda, influenza (qrip) virusunun da aktiv dövrüdür. Gərgin əzələ ağrısı, baş ağrısı, halsızlıq, yüksək hərarət və bəzən ishal ilə müşahidə olunan bu infeksiya da ciddi ağırlaşmalara yol aça bilər, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə. İnfluenza və digər mövsümi viruslara qarşı peyvəndlənmə və gigiyenik qaydalara ciddi əməl olunması vacibdir. Havaların qeyri-sabit olduğu bu dövrdə həm uşaqların, həm də böyüklərin sağlamlığına diqqətlə yanaşmaq, immuniteti gücləndirici tədbirlər görmək və ilk əlamətlərdə tibbi yardıma müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Meteohəssas insanların nəzərinə: Sabah...

Mayın 8-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq

Ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib. O bildirib ki, növbəti mərhələdə həzm və tənəffüs xəstəliklərinin dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulub.

Gündə 4 min addım atmağın faydası

Araşdırmalar sübut edir ki, oturaq həyat tərzi hazırda dünyada dördüncü ən ümumi ölüm səbəbidir və hər il 3,2 milyon insanın ölümünə səbəb olur. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün gün ərzində çalışıb ayaqla gəzməli, hərəkətli həyat tərzi keçirməlisiniz. Mütəxəssislərin bildirdiyinə görə, gündə ən az dörd min addım atan insanların hər hansı səbəbdən ölmə riski əhəmiyyətli dərəcədə azalır. Bu gün nəşr olunan və hər növ yerimənin (addım atmağın) sağlamlıq üçün çox əhəmiyyətli faktorlar olduğuna diqqət çəkən elmi araşdırmaya görə, 4 min addımın üzərində atılan hər min addımın ölüm riskini yüzdə 15 azaltdığı bildirilib. Bu cür insanlar ürək-damar (ürək, qan damarı, qan) xəstəlikləri ilə bağlı problemlərdən qorunur. Bu onu göstərir ki, çox yüngül bir fəaliyyətdən başlayaraq sağlamlıq baxımından əhəmiyyətli nəticələr əldə etmək olar. Gəzintinin faydaları ilə bağlı indiyə qədər aparılan ən əhatəli tədqiqatlardan biri hesab edilən və "European Journal of Preventive Cardiology" tibbi jurnalında dərc edilən araşdırma meta-analiz (birdən çox elmi araşdırmanın nəticələrini birləşdirən statistik təhlil) kimi müəyyən edilmişdir. Gəzinti, yaşından, bölgəsindən və cinsindən asılı olmayaraq hər kəs üçün faydalıdır. Polşanın Lodz Tibb Universitetinin kardiologiya fakültəsinin professoru Maciej Banaçın rəhbərlik etdiyi tədqiqatçılar qrupu, müxtəlif gündəlik addım saymalarının sağlamlığa təsirini qiymətləndirmək üçün orta hesabla yeddi il ərzində 226.889 nəfərin iştirak etdiyi 17 il əvvəlki araşdırmanın nəticələrini gözdən keçirdib. Qənaətə gəlinir ki, nə qədər çox gəzirsinizsə, bir o qədər sağlamlıq faydaları əldə edirsiniz, lakin gündə ən az 3967 addım atmaq hər hansı səbəbdən ölüm riskini azalda bilər. Tək yerimək, hərəkətli gün keçirtməklə kifayətlənmək olmaz. Mütəxəssislər bildirir ki, qida rasionunuza da fikir verməlisiniz. Yağlı, zərərli qidalardan, fast-food-lardan uzaq olmalısınız.  (Axşam.az)

Bu yağlar ürək xəstəliyinə və xərçəngə səbəb ola bilər - XƏBƏRDARLIQ

Dietoloq və qidalanma mütəxəssisi Krutika Nanavati ürək sağlamlığına zərər verə biləcək bəzi yemək yağlarından istifadə etməmək barədə xəbərdarlıq edib. O, hidrogenləşdirilmiş bitki yağlarından və soya yağından çəkinməyi məsləhət görür. Tez-tez işlənmiş qidalarda olan hidrogenləşdirilmiş bitki yağları ürək xəstəliyi, insult və 2-ci tip diabet riskini artırdığı bilinən trans yağları ehtiva edir. Bu yağlar damarları bağlaya, pis xolesterolu (LDL) yüksəldə və yaxşı xolesterolu (HDL) aşağı sala bilər. Kulinariya və qida sənayesində geniş istifadə edilən soya yağı yüksək miqdarda omeqa-6 yağ turşularını ehtiva edir. Omeqa-6 vacib olsa da, həddindən artıq çoxu ürək xəstəliyi və xərçəng kimi xəstəliklərlə əlaqəli olan iltihaba səbəb ola bilər. Nanavati, balanslı yağ turşuları olan və yüksək tüstü nöqtəsinə sahib olan zeytun yağı, avokado yağı və hindistan cevizi yağı olan daha sağlam alternativlərdən istifadə etməyi tövsiyə edir ki, bu da ürək xəstəliyi riskini azaldır. Yemək üçün düzgün yağ seçmək ürəyin ümumi sağlamlığını və rifahını qorumaq üçün çox vacibdir.