Bu ölkədə xərçəng əleyhinə vaksin istehsal olundu

Rusiya xərçəng əleyhinə hazırladığı vaksin sınaqları uğurla tamamlayıb. Sozcu.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Vaksinin üzərində aparılan araşdırlmaların nəticəsində təkrar tətbiqlərdə belə təhlükəsiz və yüksək effektivlik göstərdiyi məlum olub. Tədqiqatçılar şişlərin ölçüsündə azalma və inkişaf tempinin yavaşlamasını müşahidə ediblər. Bu göstəricilər xəstəliyin xüsusiyyətlərindən asılı olaraq 60%-dən 80%-ə qədər dəyişib. Bundan əlavə, vaksin sayəsində sağ qalma göstəricilərinin də artdığı müəyyən olunub. Vaksinin ilkin hədəfi yoğun bağırsaq (kolorektal) xərçəngi olacaq. Peyvəndin artıq istifadəyə hazır olduğu da bildirilib.

Ağır xəstələr 3 aydır dərmansız qalıb – Azərbaycanda "Dimerast" böhranı

Azərbaycanda dağınıq skleroz (MS) xəstələri üçün həyati vacib sayılan "Dimerast" dərmanı artıq üç aydır ki, tapılmır. Dövlət qurumları da dərmanın çatışmadığını təsdiqləyib. Apteklərdə satılan ehtiyatlar tükənib və xəstələr dərmansız qalıb. Pasiyent şikayətləri MS diaqnozu ilə yaşayan pasiyentlərdən biri Medicina.az-a danışaraq bildirib ki, sonuncu dəfə dərmanı may ayında ala bilib: “Axırıncı dəfə mayda götürmüşük. İyun ayında getdik, dedilər ki, yoxdur. Ondan sonra özümüz axtarmağa başladıq. "Dimerast" heç yerdə tapılmır, əvəzedicisi "Tekfidera" var. "Dimerast" gəlmədiyi üçün apteklər onun da qiymətini qaldırır. Birinci ay 350 manata almışdım, ikinci ay 400, üçüncü ay 450 manat ödədim. İndisə ümumiyyətlə, tapa bilmirik. Xüsusi apteklər satır, amma hər adama vermirlər. Bu, dəhşətdir, xəstələri üç ay dərmansız qoymaq nə deməkdir?!” Digər pasiyentlər də dərmanın tapılmaması səbəbindən müalicələrinin yarımçıq qaldığından şikayətlənirlər. Bəziləri maddi imkanına görə həbləri gündəlik yox, günaşırı qəbul edir: “Axır vaxtlar bir həb qəbul edirəm ki, heç olmasa, yola verim. Öz pulumuzla belə dərmanı tapa bilmirik”. Qiymətlər qalxır, dərman isə yoxdur Əvvəllər dövlət təminatı ilə yanaşı, "Dimerast" bəzi apteklərdə də satılırdı. Hazırda isə nə dövlət xəstəxanaları, nə də apteklər bu dərmanı verə bilir. Əvəzində pasiyentlərə təklif olunan "Tekfidera" bahadır, həm də əlçatan deyil. Qiyməti hər ay artmaqla yanaşı, bəzi apteklərdə yalnız tanışlıq vasitəsilə satıldığı iddia olunur. TƏBİB: Problem istehsalçı ilə bağlıdır TƏBİB-dən Bakupost.az-a bildirilib ki, dərman təminatında yaşanan problem istehsalçı ilə bağlıdır və yaxın zamanlarda həllini tapmalıdır. Maraqlıdır, TƏBİB-dən yaxın zaman deyərkən hansı müddəti nəzərdə tuturlar? Bir həftə, bir ay yoxsa, daha uzun müddət? Bəlli deyil. Vəziyyət isə doğrudan da acınacaqlı və dözülməzdir. Məsələ burasındadır ki, Azərbaycanda 2 minə yaxın pasiyent dağınıq sklerozdan əziyyət çəkir. Onların arasında 13 yaşdan aşağı uşaqlar da var. Uzun müddət dərmanın tapılmaması bu xəstəlikdən əziyyət çəkənlərin səhhətində ciddi ağırlaşmalara yol aça bilər. Çünki dağınıq sklerozun müalicəsində fasiləyə yol verilə bilməz. Hər keçən gün xəstələrin vəziyyətini daha da ağırlaşdırır. Sistemdəki boşluqlar Qeyd edək ki, dövlət tərəfindən təmin olunan preparatlarla bağlı oxşar problemlər mütəmadi olaraq gündəmə gəlir. Hər dəfə aydın olur ki, bir sıra həyati vacib dərmanlarla bağlı ehtiyatlar yoxdur, səhiyyə qurumları belə vəziyyətlər üçün "B" planına malik deyil və bu cür məsuliyyətsiz yanaşma nəticəsində xəstələrin həyatı riskə altındadır. Ötən ilin statistikasına görə, Azərbaycanda 1867 dağınıq skleroz xəstəsi rəsmi qeydiyyatdadır və onların hər biri mövcud dərman böhranının birbaşa təsiri altındadır. Qanunvericiliyə görə, dağınıq skleroz xəstələrinin müalicəsi üçün nəzərdə tutulan preparatlar dövlət tərəfindən tam qarşılanmalıdır. Yəni bu dərmanların apteklərdə kommersiya məqsədilə satılması qanunsuzdur. Əslində bu, yalnız dövlət tədarükü əsasında xəstələrə pulsuz paylanmalıdır. Ancaq xəstələr hazırda öz hesablarına belə bu dərmanı əldə edə bilmirlər...BakuPost)

Öskürək, qusma, ishal – Həkim XƏBƏRDARLIQ ETDİ!

“Yay mövsümündə dənizlə təmas uşaqlar üçün həm fiziki, həm də psixoloji baxımdan faydalıdır. Dəniz havası, günəş və hərəkət immun sistemini gücləndirə bilər. Amma son illərdə biz həkimlər olaraq müşahidə edirik ki, dənizdən sonra uşaqlarda müxtəlif infeksion əlamətlər – öskürək, qızdırma, qusma, ishal və qarın ağrısı ilə müraciətlər artmaqdadır”. Bu sözləri “Yeni Sabah”a açıqlamasında pediatır, infeksionist Aytən Ziyadova bildirib. Həkim məsələ ilə bağlı bir sıra məqamları diqqətə çatdırıb: “Bu hallar əsasən iki səbəblə bağlı ola bilər: birincisi, çimərlik suyunun və qumun mikrobioloji baxımdan təmiz olmaması; ikincisi isə gigiyena qaydalarına əməl olunmaması. Uşaqlar qumlu əllə ağızlarına, gözlərinə toxunur, dəniz suyunu udurlar və bu, virus, bakteriya və parazitlərin orqanizmə keçməsi üçün şərait yaradır.  Qeyd etməliyəm ki, bu simptomlar sadəcə soyuqdəymə deyil, rotavirus, adenovirus, enterovirus, bəzi hallarda isə bağırsaq parazitləri ilə bağlı ola bilər. İnfeksiya əlamətlərini ciddiyə almaq və vaxtında həkimə müraciət etmək vacibdir”. A.Ziyadova uşaqları dəniz və çimərlik infeksiyalarından qorumaqla bağlı valideynlərə aşağıdakı tövsiyələri verib: “Çox sadə, amma vacib qaydalara riayət etməklə bu riskləri minimuma endirmək mümkündür: Yalnız rəsmi və sanitar nəzarətdən keçmiş çimərliklərə gedilməlidir. Uşaq dənizdən çıxan kimi təmiz su ilə yuyulmalı, islanmış geyim dərhal dəyişdirilməlidir. Qumla oynayan uşaqların əlləri tez-tez yuyulmalı, gigiyena öyrədilməlidir. Yeməklər mütləq ev şəraitində hazırlanmalı, su isə butulkada verilməlidir. Əgər uşaqda halsızlıq, qızdırma, qusma və ya ishal yaranarsa, dərhal pediatr-infeksionistə müraciət edilməlidir – çünki vaxtında müdaxilə daha ciddi fəsadların qarşısını alır”.

Hava bu insanlar üçün əlverişsiz olacaq - Xəbərdarlıq

Sabah meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti müşahidə olunacaq. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyulun 31-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Uşaqlar arasında yayılan xəstəliklər... - Səhiyyə Nazirliyi

Səhiyyə Nazirliyi uşaqlar arasında yayılan xəstəliklərə aydınlıq gətirib. Sozcu.az xəbər verir ki, nazirlikdən APA-ya bildirilib ki, hazırda ölkə üzrə yoluxucu xəstəliklərlə bağlı səhiyyə müəssisələrinə edilən müraciətlərin sayında nəzərəçarpacaq artım qeydə alınmayıb. Bildirilib ki, uşaqlarda rast gəlinən hallar əsasən, yüngül simptomlarla müşayiət olunur və qısa müddətdə sağalma ilə nəticələnir: “Dövlət Sanitariya Nəzarəti müəssisələri epidemioloji durumu daim nəzarətdə saxlayır və zəruri profilaktik tədbirlər görülür. Valideynlərdən xahiş olunur ki, uşaqların gigiyenası, qidalanması, uzun müddət qızmar günəş altında qalmasına və immun sistemini dəstəkləyən rejimlərinə diqqət yetirsinlər”. Qeyd edək ki, bir müddətdir uşaqlar arasında yüksək qızdırma, halsızlıq, iştahasızlıq müşahidə olunur.

Xırdalanda 4 yaşlı uşaq qızdırmadan öldü

Abşeron rayonu Xırdalan şəhərində azyaşlı vəfat edib. İyulun 22-si saat 01 radələrində 2021-ci il təvəllüdlü Aybars Kərimlinin yaşadığı Xırdalan şəhəri Heydər Əliyev prospektindəki evdə hərarəti yüksəlib. Nəticədə azyaşlı yüksək temperaturun yaratdığı fəsadlardan vəfat edib. Faktla bağlı araşdırmalar aparılır. Qafqazinfo)

Azərbaycanda xərçəng xəstələrinin sayı artdı

Ötən il Azərbaycanda 73 875 nəfər xərçəng xəstəsi kimi qeydiyyatda olub. Sozcu.az xəbər verir ki, bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub. Məlumata əsasən onlardan 28 098 nəfəri kişi, 45 777 nəfəri isə qadın olub. Qeyd edilib ki, 2023-cü ildə isə qeydiyyatda olan xərçəng xəstələrinin sayı 69 435 nəfər olub ki, onlardan 25 840 nəfəri kişi, 43 595 nəfəri isə qadın olub.

Azərbaycanda qızılcaya neçə nəfər yoluxub? - Rəsmi cavab

Hazırda Azərbaycanda qızılca xəstəliyi qeydə alınmayıb. Sozcu.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, ölkədə epidemiloji vəziyyət sabitdir. Bildirilib ki, Azərbaycanda kifayət qədər həm uşaqların vaksinasiyası üçün Qızılca-Parotit-Məxmərək peyvəndi, həm də böyük yașlı əhali üçün Qızılca-Məxmərək peyvəndi mövcuddur.

Dünya ölümcül epidemiya ilə üz-üzə: Daşıyıcısı pişiklər ola bilər

Pişiklərdən insanlara quş qripi virusunun keçmə ehtimalı yüksəkdir. Hazırda Avropa və ABŞ-da pişiklərin bu infeksiyaya kütləvi yoluxması müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə "İzvestiya"ya müsahibəsində Rusiyanın N.F.Qamale adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq danışıb. Ekspert hesab edir ki, pişiklər virusun mutasiyaya uğraması üçün bir növ “inkubator” rolunu oynayır və bu, insanlar üçün potensial təhlükə yaradır. “Qrip virusu heyvanlar və insanlar arasında dövri şəkildə hərəkət edir. O, heyvanlarda olduğu zaman antigenliyini dəyişə bilər, çünki heyvanlar insanların yoluxmadığı digər ştammlarla xəstələnir. Əgər bir hüceyrədə fərqli variantlar qarşılaşarsa, müxtəlif komponentlərdən yeni bir genomun yığılması baş verə bilər”, - deyə Gintsburq izah edib. Ekspertin sözlərinə görə, quş qripi virusunun pişiklərdən insanlara keçmə ehtimalı yüksəkdir. Bu baş verərsə, quş qripi virusunun yayılması həddindən artıq yoluxucu və potensial ağır nəticələrə görə çiçək epidemiyası ilə müqayisə edilə bilər. Buna görə də, epidemiya halında sürətli reaksiya vermək üçün H5N1 ştammına qarşı peyvəndin prototipinin təcili olaraq hazırlanması zəruridir. Gintsburqun fikrincə, lazım gələrsə, bu vaksinin kütləvi istehsalını bir neçə həftəyə başlamaq mümkündür.Bakupost)

Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus NƏDİR? - Bu əlamətlər varsa...

Son günlər ölkə ərazisində bir çox vətəndaşlar yüksək hərarət, boğaz ağrısı və digər oxşar əlamətlərlə müşayiət olunan narahatlıqlardan şikayətlənirlər. Vəziyyətin geniş vüsət alması ictimaiyyətdə müəyyən narahatlıq yaradıb. Sosial şəbəkələrdə və gündəlik müşahidələrdə bu halın mövsümi qripdən daha ağır keçdiyi, hətta yeni virusun yayıldığına dair iddialar irəli sürülür. Həkim-infeksionist Aytən Ziyadova iddialarla bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, havaların dəyişkən keçməsi və temperatur fərqlərinin artması fonunda müxtəlif infeksion xəstəliklərin müşahidə edilməsi artıb: “Bu infeksiyalar həm bağırsaq sistemi, həm də üst tənəffüs yolları ilə əlaqədar ola bilər. Mövsümi keçidlər zamanı orqanizmin immun sistemi zəiflədiyindən, virus və bakteriyaların yayılması üçün əlverişli şərait yaranır. Üst tənəffüs yolu infeksiyaları arasında daha çox rast gəlinən viruslar RSV (Respirator Sinsitial Virus) və RV (Rinovirus) kimi tanınır. Bu virusların klinik əlamətləri bir-birinə oxşardır – öskürək, burun axıntısı, boğaz ağrısı, bəzən isə nəfəs darlığı ilə müşayiət oluna bilər. Xüsusilə azyaşlı uşaqlarda və yaşlılarda bu infeksiyalar daha ağır keçə bilər. Belə hallarda "qırmızı bayraq" əlamətlərinə diqqət etmək tövsiyə olunur.  Bu əlamətlərə yüksək hərarətin 38.5 dərəcədən yuxarı olması, hərarət salıcı preparatların təsirsiz qalması, dəri səpkilərinin yaranması və onların bədəndə sürətlə yayılması daxildir. Belə hallarda mütləq həkimə müraciət edilməli və laborator diaqnostika aparılmalıdır”. Həkim bildirib ki, həm uşaqlar, həm də böyüklər arasında bu dövrdə müxtəlif bağırsaq viruslarına da rast gəlinir: “Bu viruslar arasında parvovirus B19 xüsusilə qeyd olunmalıdır. Parvovirus infeksiyası əsasən dəri səpkisi və qızdırma ilə başlayır, bəzi hallarda isə ürəkbulanma, qusma və ishal ilə özünü göstərir. Bu virus uşaqlarda "beşinci xəstəlik" kimi tanınan səpkili xəstəliklərə səbəb ola bilər. Eyni zamanda, influenza (qrip) virusunun da aktiv dövrüdür. Gərgin əzələ ağrısı, baş ağrısı, halsızlıq, yüksək hərarət və bəzən ishal ilə müşahidə olunan bu infeksiya da ciddi ağırlaşmalara yol aça bilər, xüsusilə də xroniki xəstəlikləri olan şəxslərdə. İnfluenza və digər mövsümi viruslara qarşı peyvəndlənmə və gigiyenik qaydalara ciddi əməl olunması vacibdir. Havaların qeyri-sabit olduğu bu dövrdə həm uşaqların, həm də böyüklərin sağlamlığına diqqətlə yanaşmaq, immuniteti gücləndirici tədbirlər görmək və ilk əlamətlərdə tibbi yardıma müraciət etmək mühüm əhəmiyyət daşıyır”.

Meteohəssas insanların nəzərinə: Sabah...

Mayın 8-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Sozcu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bu dərmanlar icbari tibbi sığorta ilə qarşılanacaq

Ürək-damar xəstəlikləri ilə bağlı dərman vasitələrinin resept əsasında icbari tibbi sığorta tərəfindən qarşılanması nəzərdə tutulub. Sozcu.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev "Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı tədbirdə deyib. O bildirib ki, növbəti mərhələdə həzm və tənəffüs xəstəliklərinin dərman vasitələrinin resept əsasında sığorta tərəfindən qarşılanması nəzərdə tutulub.