Son zamanlar uşaqlar arasında yalnız qızdırma ilə müşahidə olunan xəstəlik yayılıb. Belə ki, xəstəlik daşıyıcısı olan uşaqlarda yüksək temperatur və halsızlıq əlamətləri görülür. Əksər valideynlər bunu qriplə qarışdırır. Həkimlər isə xəstəliyin qriplə əlaqəli olmadığını bildirirlər.
Sozcu.az xəbər verir ki, bunu tibb eksperti, terapevt Rasif Bağırov Bizim.Media-ya açıqlamasında deyib.
O bildirib ki, hazırda uşaqlar arasında müşahidə edilən xəstəlik qrip deyil:
"Bu gün uşaqlar arasında soyuqdəymə halları artıb. Qızdırma yüksək olanda valideynlər bunun da qrip olduğunu düşünürlər. Bu səbəbdən uşaqları qripi müalicə etdikləri dərmanlarla sağaltmağa çalışırlar. Lakin bu, qrip deyil. Bu xəstəliyin adı FMF-Aralıq Dənizi Qızdırması adlanır. Bunu isə nə qədər müalicə etsən də, keçmir. Bir müddət sonra öz-özünə sağalır. Bəzən özünəxas müalicə forması olan bu xəstəlik genetik test və qan analizi verməklə müəyyənləşdirilə bilər. Yalnız bundan sonra qızdırma müalicəyə tabe olur".
