İşğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu rayonlar arasında Kəlbəcər xüsusi spesifik xüsusiyyətləri ilə seçilir. Burada hər kəndin özünəməxsus danışıq ləhcəsi, adət-ənənəsi və sosial-məişət həyatı formalaşıb.
Kəlbəcər rayonunun Çorman kəndi isə bu baxımdan xüsusilə diqqət çəkən yaşayış məntəqələrindən biridir. Çorman çox qədim tarixə malikdir. Kənd ərazisində IX–X əsrlərə aid iki Alban məbədi mövcud olub. Həmin məbədlərdən birinin hasar qalıqları bu gün də qalmaqdadır. Kənddə eyni zamanda qədim su dəyirmanının izləri mövcuddur.
Kəndin güney hissəsində, xüsusilə “Güney Kalafalıq” adlanan ərazidə qədim yaşayış məskənlərinin qalıqları bu günədək qorunub saxlanılıb. Yaylaq sahəsində, yüksək bir təpəlikdə yerləşən Qırıb qəbiristanlığının isə tarixi dəqiq məlum deyil və tədqiqata ehtiyac var.
Çorman kəndi ərazisində yerləşən digər qədim yaşayış məskəni “Köhnə kənd” adlanır. Yerli sakinlərin söylədiklərinə görə, vaxtilə buradan dörd kənd ayrılıb: Çorman, Keçiliqaya, Qaragüney və Zülfüqarlı.
Kəndin təbiəti olduqca zəngindir. Çorman Kəlbəcərin ən böyük meşə sahələrinə malik kəndlərindən biridir, bəlkə də birincisidir. Ərazi daxilində 1 isti su, 1 turş su, 85-dən artıq bulaq, 13 şəlalə, 20-dən çox xırda çay və bir nisbətən böyük çay mövcuddur. Kəndin yaylaqları isə bölgə əhalisi arasında xüsusi məşhurluğa malikdir. Aran Qarabağdan və Şirvandan olan elat camaatı Çiçəkli, Göybulaq və Dükanlı yaylaqlarını bu gün də yaxşı xatırlayır.
Hazırda isə Çorman kəndinin sakinləri öz doğma kəndlərinə deyil, digər bölgələrdə – əsasən də Ağdərə rayonunda məskunlaşdırılır. Bu vəziyyət insanların tarixi yurd-yuvalarından uzaq salınması, sosial bağlarının qırılması və kənd həyatının davamlılığının zəifləməsi deməkdir.
Belə bir kəndin unudulması və ya tarixi-coğrafi bağlarından qoparılması, sözün əsl mənasında, tariximizə və mədəni yaddaşımıza ağır zərbədir.
Əsas narahatlıq doğuran məsələ isə kəndin birləşdirilərək salınması planlaşdırılan ərazinin əkin-biçin və otlaq sahələrindən 15–20 kilometr uzaqda yerləşməsi ehtimalıdır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün ciddi problemlər yaradır. Belə olan halda, mal-qaranın hər gün nəqliyyat vasitələri ilə örüşə aparılıb-gətirilməsi zərurəti yaranacaq.
Halbuki geri qayıdan əhalinin əsas dolanışıq mənbəyi əkinçilik və maldarlıq olmalıdır. Bu imkanlar olmadan kənddə davamlı məskunlaşma necə təmin ediləcək?
Bu baxımdan sual yaranır:
Görəsən, müvafiq dövlət qurumları kəndlərin birləşdirilməsi zamanı bu cür sosial-iqtisadi, tarixi və mədəni amilləri kifayət qədər nəzərə alırlarmı?
Müəllif: Kəlbəcər rayonu, Çorman kənd sakini – Hüseyin Əliyev
