Hesablama Palatası: Qurumlarda daxili nəzarət zəifdir, boşluqlar var

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabat müzakirə olunub.

Sozcu.az-ın məlumatına görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, dövlət qurumlarında daxili nəzarət zəifdir, tikinti və satınalmalarda boşluqlar var.   

Onun sözlərinə görə, aparılan nəzarət tədbirlərinin nəticələri dövlət qurumlarında bir sıra sistemli problemlərin və əsas risklərin mövcudluğunu göstərir.

Palata sədri bildirib ki, əsas problemlərdən biri qurumlarda daxili nəzarət mühitinin və daxili audit mexanizmlərinin ya zəif olması, ya da ümumiyyətlə işləməməsidir. Onun sözlərinə görə, bəzi hallarda isə nəzarət sisteminin ayrı-ayrı elementləri kifayət qədər effektiv fəaliyyət göstərmir.

Vüqar Gülməmmədov vurğulayıb ki, daxili nəzarət kənar dövlət maliyyə nəzarəti üçün ilkin və əsas element hesab olunur.

O qeyd edib ki, tikinti sahəsində görülən işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar qalmaqdadır və bu məsələ uzunmüddətli problemlərdən biri kimi aktuallığını saxlayır. Bununla yanaşı, tikintisi başa çatmış və istifadəyə hazır olan obyektlərin istismara qəbulunda gecikmələr müşahidə olunur.

Palata sədrinin sözlərinə görə, dövlət sektorunda əməyin ödənişi sahəsində qurumlararası disproporsiyalar da mövcuddur. Eyni zamanda, bəzi sahələr üzrə xərc normalarının olmaması və ya yenilənməməsi büdcə vəsaitlərinin səmərəsiz istifadəsinə və təyinatının dəyişdirilməsinə şərait yaradır.

Vüqar Gülməmmədov bildirib ki, bir mənbədən satınalma üsulu bəzi hallarda vaxta qənaət etsə də, ehtimal olunan qiymətin hesablanmaması son nəticədə vəsaitlərin artıq xərclənməsi riskini artırır.

O əlavə edib ki, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin tam formalaşmaması da problemlər sırasındadır. Bu isə dövlət vəsaitlərinin nəticəyə yönəlmədən xərclənməsinə gətirib çıxarır.

Palata sədri həmçinin qeyd edib ki, bəzi hallarda hüquqi aktların tələblərinə əməl olunmur, aktiv və öhdəliklərin inventarizasiyası ya ümumiyyətlə aparılmır, ya da müəyyən edilmiş müddətlərə riayət edilmir.

Bundan başqa, konsolidə edilmiş maliyyə hesabatlarının tərtibi zamanı müxtəlif qurumlar tərəfindən fərqli beynəlxalq standartların tətbiq edildiyi, bəzi qurumların isə yeni mühasibat uçotu standartlarına tam keçmədiyi diqqətə çatdırılıb.

Vüqar Gülməmmədov sonda bildirib ki, mövcud hüquqi tənzimləmələrə baxmayaraq, fəaliyyətin qiymətləndirilməsi metodologiyası, gəlir və xərc nəticələrinin təhlili kimi mexanizmlər praktikada yetərincə tətbiq olunmur.

Share on Facebook