Qəzadan sonra İspinin meyiti parça-parça olubmuş - TƏFƏRRÜAT

Göygöldə iki nəfərin həlak olduğu yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Qəzada həlak olan 16 yaşlı İspi Əliyevin yaxınları Baku TV-yə danışıblar. "16 yaşı var idi. Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, geri qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük təqsir uşağa maşını verən atadadır", - İspi Alıyevin atası bildirib. "Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi. İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız? Nə idi o körpələrin günahı? Niyə yazıq etdilər bizi?", - mərhumun nənəsi deyib. "16 yaşında uşaq, ata-anasının gözünün ağı-qarası. Niyə onun qanı o düzlərlə bir olurdu? Niyə o parça-tikə olurdu? Mən bu gün gedib baxmışam, ət parçası o düzlərə dağılıb. Niyə? Xahiş edirəm, ananızı gözü yaşlı qoymayın",- mərhumun xalası vurğulayıb. Qeyd edək ki, Göygöldə baş verən ağır qəzada 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İspi Alıyev hadisə yerində həlak olublar. Maşında olan digər iki nəfər - 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Faktla bağlı araşdırma aparılır.

AzTV-də misli görünməmiş qanunsuzluq - 26 milyon manatı belə yeyiblər

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC üzrə dövlət vəsaitlərinin və digər əmlakın idarə olunmasının auditinin nəticələri açıqlanıb. Sozcu.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə əksini tapıb. Qeyd edilib ki, audit nəticəsində “AzTV” QSC tərəfindən əmək müqaviləsi əsasında fəaliyyət göstərən işçilərə əmək funksiyalarının icrası ilə bağlı əməkhaqqı formasında ödənilməli vəsaitlərin qonorar adı ilə rəsmiləşdirilməsinə və ödənilməsinə (ümumilikdə, 26,0 mln. manat, o cümlədən 2023-cü ildə 11,3 mln. manat, 2024-cü ildə 11,6 mln. manat, 2025-ci ilin 1-ci rübündə 3,1 mln. manat) yol verildiyi müəyyən edilib. Bu, əmək münasibətlərinin mülki-hüquq münasibətləri kimi yanlış təsnif edilərək Əmək Məcəlləsi və Vergi Məcəlləsinin şərtləri ilə uyğunsuzluqlara səbəb olub, nəticə etibarilə məcburi sosial ayırmaların tam həcmdə tutulmaması işçilərin sosial təminat hüquqlarının məhdudlaşdırılması ilə səciyyələnib.Yenisabah)

Mehdiyevin həyat yoldaşı Bakıda erməni təşkilatı yaratmışdı - Əvəz Zeynallıdan sensasion iddia - VİDEO

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı dövlətə xəyanətdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva ilə bağlı şok məlumatlar açıqlayıb. O, Mehdiyev hakimiyyətdə olduğu dönəmdə Q.Mehdiyevanın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi“Hayastan” adlı təşkilatın yaradıldığını iddia edib: "Qalina Mehdiyeva və Əli Həsənovun həyat yoldaşı Badamdarda tikdirdikləri villada ustaların yanında ermənicə danışırdılar. Mən bu barədə "Xural"da manşet vermişəm. Ustaların biri ağlaya-ağlaya "Xural"a gəlib dedi ki, Əvəz müəllim, biz hara gedirik? Bunun axırı nə olacaq? Mən o zaman yazdım, üstünə getdim. Məlum oldu ki, Qalina xanımın başçılığı ilə Azərbaycanda vəzifəli məmurların erməni həyat yoldaşlarının birləşdiyi bir “Hayastan” təşkilatı var". Ə.Zeynallı “Hayastan” təşkilatının Bakıda adını dəyişmiş ermənilərin müxtəlif vəzifələrə yerləşdirilməsi işi ilə məşğul olduğunu da bildirib: "Bəlkə qulaqlara bir az dəhşətli gələ bilər, amma mən bunu "Xural" qəzetində yazmışam. Öz aralarında ermənicə danışıblar, “Hayastan” təşkilatı qurublar. Həmin təşkilatın üzvlərindən biri də adını dəyişmiş erməni İrina Danyelyan idi, o, məni məhkəməyə vermişdi. Məhkəmə də 24 apreldə - saxta erməni soyqırımı günü idi. O zaman sağ olsun, mənə informasiya dəstəyi verən zərərçəkən oğlan Arzu (bilmirəm, onun aqibəti necə oldu) o sənədin əslini çıxartdırıb mənə gətirmişdi. Biz o qadına sübut etdik ki, sən İradə Hüseynova yox, İrina Danyelyansan. O qız məhkəmədən başını götürüb getdi ki, siz bunu haradan bilirsiniz?".

Mehdiyevə görə həbs edilən AMEA işçisi, görün, kimdir?

Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın sabiq prezidenti, hazırda dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmək ittihamı barəsində ev həbsi seçilən Ramiz Mehdiyevin AMEA-da köməkçisi olan Eldar Qurban oğlu Əmirovun həbs edildiyi barədə media məlumat yayıb. Sozcu.az xəbər verir ki, bu, E.Əmirovun həbsi haqda ilk məlumat deyil. Hələ 14 fevral 2022-ci ildə - Ramiz Mehdiyev AMEA-nın prezidenti vəzifəsindən çıxarılan gün onun saxlanıldığı xəbəri yayılmışdı. Bildirilirdi ki, AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub. Bəs, bu Eldar Əmirov kimdir ki, vaxtaşırı gündəmə gəlir? Məlumata görə, 40 yaşlı Eldar Əmirov Ramiz Mehdiyevin baldızı oğludur. E.Əmirov Ramiz Mehdiyevin AMEA-dakı “sağ əli” olduğu iddia edilir, faktiki olaraq AMEA-da Mehdiyevin iradəsinin ifadəçisi rolunu oynayıb.

Azərbaycanda icra başçılarına qadağa qoyuldu

Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan "qara buludlar" bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir. Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib. Metbuat.az-ın əldə etdiyi məlumata görə, dünəndən etibarən kənd rayonlarına rəhbərlik edən məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onların çalışdıqları rayonları icazəsiz tərk etməsi qadağan olunub. Xatırladaq ki, kənd rayonlarına rəhbərlik edən icra başçılarının əksəriyyəti Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. Dünəndən etibarən onlara ciddi zərurət olmadığı halda işlədikləri rayonları tərk etməmək tapşırılıb. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər.

ABŞ-da nüvə sınağı açıqlaması: Nüvə partlayışı deyil...

ABŞ nüvə silahı sınaqlarının bir hissəsi olaraq nüvə zəncirvari reaksiya yaratmayan subkritik partlayışlar həyata keçirmək niyyətindədir. Sozcu.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt deyib. "Bəhs etdiyimiz sınaqlar sistem sınaqlarıdır. Bunlar nüvə partlayışları deyil, əksinə, nüvə silahının bütün digər hissələrinin düzgün həndəsə yaratdıqlarından və nüvə partlayışına səbəb ola biləcəyindən əmin olmaq üçün sınaqdan keçirildiyi subkritik partlayışlar adlanır", - deyə o, “Foks Nyus”a verdiyi müsahibədə bildirib. Qeyd edək ki, oktyabrın 29-da ABŞ Prezidenti Donald Tramp Pentaqona nüvə silahı sınaqlarını dərhal bərpa etməyi tapşırdığını açıqlamışdı.

SOCAR Türkiyədə rus neftindən imtina edir

ABŞ, Avropa Birliyi və Böyük Britaniyanın Rusiyanın enerji sektorunu hədəf alan son sanksiyalarından sonra Türkiyənin ən böyük neft emalı zavodları daha çox qeyri-rus nefti almağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Agentliyin məlumatına görə, SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodu bu yaxınlarda İraq, Qazaxıstan və digər istehsalçılardan dörd partiya xam neft alıb. “Söhbət gündə 77 min – 129 min barrel arasında qeyri-rus neftindən gedir. Bu o deməkdir ki, SOCAR öz əməliyyatlarında Rusiya neftinin payını azaldacaq, halbuki sentyabr və oktyabr aylarında şirkət demək olar ki, tamamilə Rusiyanın “Urals” markalı xam neftindən - təxminən gündə 210.000 barreldən asılı idi”, - məlumatda qeyd olunub. Bildirilib ki, yeni alınan yüklərdən biri də “Urals” neftinə oxşayan, amma sanksiyalara məruz qalmayan Qazaxıstanın KEVSO neftidir. Əvvəllər SOCAR bu markadan ildə yalnız bir partiya idxal edirdi. Türkiyənin digər böyük neft emalı zavodu olan “Tupras” da İraq xam neftinin alışını artırıb. Şirkət AB-yə yanacaq ixrac etmək qabiliyyətini qorumaq üçün neft emalı zavodlarından birində Rusiya xam neftinin idxalını tamamilə dayandırmağı düşünür: “Bu il “Tupras” artıq tədarük coğrafiyasını genişləndirib, ilk neft partiyasını Braziliyadan alıb və daha bir neft partiyasını Anqoladan almağı planlaşdırır”. “Kpler “analitik şirkətinin məlumatlarına görə, Türkiyə noyabr ayında gündə təxminən 141 min barrel İraq nefti almağı planlaşdırır ki, bu da oktyabr ayı ilə müqayisədə (99 min barrel) çoxdur.

Britaniyada kütləvi bıçaqlanma: Starmer açıqlama verdi

Britaniyanın Kembric şəhəri yaxınlığında qatarda kütləvi bıçaqlanma hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Məlumata görə, naməlum şəxslər Donkaster-London reysi ilə hərəkət edən qatarda sərnişinlərə hücum edib. Baş verən bıçaqlanma hadisəsində 10 nəfər yaralanıb. Yaralılardan 9-nun vəziyyəti ağırdır. Baş nazir Keyr Starmer hadisəni dəhşətli insident adlandırıb. Hadisə nəticəsində 2 şübhəli şəxs saxlanılıb, istintaq davam edir.

Azərbaycanda üzdə olan 3 məmur həbs ediləcək! - Sensasion AÇIQLAMA

“Noyabr ayında Azərbaycanda həbslər davam edəcək, sensasion həbslər də olacaq”. Sozcu.az xəbər verir ki, bunu tanınmış astroloq Səbuhi Rəhimli noyabr ayı ilə bağlı siyasi proqnozunda bildirib. Astroloq istintiq səbəbindən ad çəkmək istəmədiyini qeyd edib. O, üç məmurun həbs olunacağını söyləyib: “Üzdə olan 3 məmur bu prosesdə qurban gedəcək”, - S.Rəhimli vurğulayıb. O, noyabr-dekabr aylarında manatın sabiq qalacağını, devalvasiya təhlükəsinin olmadığını vurğulayıb. Bununla yanaşı, astroloq bahalaşmanın davam edəcəyini də bildirib.

Elm və Təhsil Nazirliyində yoxlama aparılır

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir. Sozcu.az xəbər verir ki, bu barədə APA-ya qurumdan bildirilib. Qeyd edilib ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir. Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.

İcra başçısı ilə yanaşı onlar da HƏBS EDİLDİ

DTX-nin Balakəndə keçirdiyi əməliyyat zamanı icra başçısı ilə yanaşı onun 3 müavini və şəhərin baş memarı da həbs olunub. Bu barədə “Yeni Sabah”a Balakən rayonunun sabiq icra başçısı və Milli Məclisin deputatı Nəsib Məhəməliyev məlumat verib “Məlumata görə, icra başçısı ilə bərabər onun 3 müavini və rayonun baş memarı da həbs olunub”.  Qeyd edək ki, icra başçısının üç müavini var: Dibirov Turan Eldar oğlu, Rüstəmova Nəzakət Carullah qızı və Nuriyeva Mehparə Zahid qızı. Şəhərin baş memarı Rəcəbov Tahir Əlipaşa oğludur.

Mehdiyev, Əlizadə və Həbibbəyli prokurorluqda dindirildi

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yol verilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işləri üzrə dindirilən əsas fiqurların adları məlum olub. Sozcu.az lent.az-a istinadla xəbər verir ki, AMEA-nın hazırkı və sabiq prezidentləri - İsa Həbibbəyli, Ramiz Mehdiyev və Akif Əlizadə müxtəlif vaxtlarda istintaq orqanı tərəfindən dindirilib. Xatırladaq ki, həmin cinayət işlərinin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən aparılır. Qeyd edək ki, ötən gün Baş Prokurorluq da AMEA-da baş verən qanunsuzluqlar barədə açıqlama yaymışdı. Həmin açıqlamada bildirilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla israf etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ibtidai istintaqı davam etdirilən cinayət işi üzrə 3 milyon manat büdcə vəsaitinin əsassız olaraq xərclənməsinə şübhələr müəyyən edilib. İstintaq tədbirləri nəticəsində əsassız olaraq xərclənmiş 3 milyon manat büdcə vəsaitinin Elton Məmmədov tərəfindən tam şəkildə dövlət büdcəsinə ödənilməsi təmin edilib. Hazırda isə sözügedən qurumdakı qanun pozuntuları ilə bağlı başqa cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.