Ölkədən qaçan gömrük əməkdaşı Xalq şairinin oğlu imiş

Xəbər verdiyimiz kimi, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar həbslər başladıqdan sonra DGK-nın iki əməkdaşı - Tahir Tahiri və Əvəz adlı gömrük işçiləri məsuliyyətdən yayınmaq üçün İrana qaçdıqları bildirilir. DGK-nın İrana qaçan əməkdaşı Tahir Tahirinin Xalq şairi Söhrab Tahirin oğlu olduğu bildirilir. Xatırladaq ki, Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması ilə əlaqədar Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Hövsan Məntəqəsinin rəisi Fərid Usubov, Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının rəisi Rəşad Daşdəmirov, İdarənin əməkdaşları Heydər Eyvazov və Tamerlan Axundzadə həbs ediliblər. Fərid Usubov, uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini işləmiş general-leytenant Cəbrayıl Usubovun oğludur. Ona qarşı 206.4. (Qaçaqmalçılıq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, habelə belə malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ittiham elan olunub. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, istintaq tədbirləri davam edir.Bakupost.az)

Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ olacaq? – Seysmoloq açıqladı

Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı maqnitudalı zəif zəlzələlər baş verir. Sozcu.az bildirir ki, seysmoloq Ənvər Əliyevə NOCOMMENT.az-a açıqlamasına görə, Xəzər dənizi regionun ən mürəkkəb tektonik zonalardan biridir: “3‑4, bəzən 5‑ə qədər maqnitudalı zəlzələlər tamamilə mümkündür və “hiss olunan zəlzələ” halı da arzuolunmaz deyil. Lakin mövcud geoloji şəraitə baxmayaraq, Azərbaycanda “dağıdıcı və güclü zəlzələ” ehtimalı yüksək deyil. Ölkədə hazırda baş verən kiçik təkanlar mütləq “böyük zəlzələnin siqnalı” sayılmamalıdır. Lakin, seysmik aktivlik olduğu üçün risk heç zaman sıfır deyil və vətəndaşlar, tikinti sektoru və yerli idarəetmə daima ehtiyatlı olmalıdır”.

Rusiyadakı azərbaycanlıların nəzərinə! - YENİ QADAĞA

Sankt-Peterburq şəhərində miqrantların taksi sürücüsü və kuryer kimi işə götürülməsinə qoyulan məhdudiyyətlər 2026-cı ilə sonuna qədər uzadılacaq. Sozcu.az xəbər verir ki, bunu Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov deyib. "Biz müvafiq qadağaları 2026-cı ilin sonuna qədər uzatmağı məqbul hesab etdik - həm taksi, həm də kuryer işi üçün. Xarici mütəxəssislərə, şübhəsiz ki, tələbat var, ancaq iqtisadiyyatın onlara ehtiyac olduğu sektorlarda", - deyə Beqlov bildirib.

Dəhşətli qəzanın təfərrüatı: Ailə məhv oldu... - Video

Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda “Leksus” markalı avtomobilin su kanalına düşməsi nəticəsində 5 nəfər həyatını itirib. Sozcu.az xəbər verir ki, hadisədə ölənlərin yaxınları danışıblar. Mərhum İldırım Həsənlinin atası İlqar Həsənov yaşadıqları faciəni belə təsvir edib: “Ölənlərdən ikisi qardaşım balalarıdır. Digəri də qonşumdur. Ağır dərddir. Ailə məhv oldu, bircə nəvəsi qalıb. İldırım mənim oğlum idi, 35 yaşı var idi. Deyirlər, maşını 150 km/saat sürətlə sürüb, idarə edə bilməyib. Gənclərə tövsiyəm odur ki, ehtiyatlı olun, bala”. Həlak olanlardan biri – 25 yaşlı Məhəmməd Məmmədlinin atası Vidadi Məmmədov isə bu sözləri deyib: “Hamısı mənim balalarımdır. Bizim ailə üçün böyük faciədir. Qonşunun iki oğlu və mənim oğlum – üçü də dost idilər. Üçü də bir yerdə dəfn olundular”. Daha ətraflı Baku TV-nin süjetində:

“Hər 5 müəllimdən 1-i peşəkar tələblərə cavab verir” – NAZİR

Nəzarətlər və təhlillər göstərir ki, təhsilin keyfiyyəti ilə bağlı məsələlərin kökündə dayanan əsas amillərdən biri müəllim faktorudur. Tədris resursları, dərsliklərin sayı və keyfiyyəti nə qədər önəmli olsa da, bu sistemdə ən vacib müəllimdir. Təcrübə göstərir ki, uğurlu təhsil sistemlərinin əsasında keyfiyyətli müəllimlər dayanır. Sozcu.az “Modern.az”a istinadən xəbər verir ki, bunu Parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir qeyd edib ki, son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil. “Buna görə də müəllimlərin ilkin hazırlığı əsas prioritetlərdən biridir. Xüsusilə ibtidai siniflərdə dərs deyən müəllimlərin təhsili və bacarığı uşaqların gələcək inkişafına bilavasitə təsir edir. Əgər müəllimin özündə tədris bacarıqları zəifdirsə, bu, növbəti mərhələlərdə də təhsilin keyfiyyətinə mənfi təsir göstərir”. Nazir qeyd edib ki, ali məktəblər üçün müasir dərsliklər hazırlanır. Amma orta məktəblər üçün təməl dərsliklər daha da təkmilləşdirilməlidir. Bu dərsliklər sadəcə məlumat ötürən deyil, düşüncə formaladıran, inkişaf etdirən vasitə olmalıdır. “Bunun nəticəsində dil dərslikləri müasir tələblərə cavab vermir, dərindən tədqiq olunmuş və praktikaya əsaslanan dərsliklər çatışmır. Məsələn, bəzi dərsliklər müəllifin şəxsi yanaşmasına əsaslanır, lakin ümumi metodoloji və nəzəri əsasları zəifdir. Bu səbəbdən, standartlara uyğun, öyrədici və qiymətləndirməyə əsaslanan dərsliklərin hazırlanması vacibdir”. Onun sözlərinə görə, bu məsələdə dəqiq qiymətləndirmə də önəmlidir: “Biz nəyə nail olduğumuzu və nəyi edə biləcəyimizi ölçmək üçün dəqiq və nəticəyönümlü qiymətləndirmə mexanizmləri qurmalıyıq. Bu sistemlər yalnız formal yanaşmalarla deyil, real nəticələrlə işləməlidir. Qiymətləndirmə qaydaları şəffaf və obyektiv olmalı, nəticələri ölçən vasitələrlə təmin edilməlidir”. “Azərbaycanın yeni texnoloji məzun bazasının formalaşdırılmasıdır. Təkcə humanitar sahələrdə deyil, texnologiya üzrə ixtisaslaşan məzunların sayı da artmalıdır. Bu, ölkənin inkişafı və gələcək strateji məqsədləri üçün olduqca vacibdir” – o vurğulayıb.

Avropa liderləri Zelenskini bununla razılaşmamağa çağırır

Avropa liderləri Ukrayna Prezidenti Vladimir Zelenskini Donbasdan qoşunları çıxarmağa razılaşmamağa çağırır. Sozcu.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Avropa üçün əsas məsələ Zelenskinin Ağ Evin təzyiqi altında etibarlı ABŞ təhlükəsizlik zəmanətləri olmadan Donbasdan qoşunları çıxarmağa razılaşmasının qarşısını almaqdır”, - nəşr yazıb.

Teleqramda vətəndaşlara saxta iş təklifləri gəlir - Xəbərdarlıq

Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə Teleqram vasitəsilə "Temu 1106" adlı kanal tərəfindən vətəndaşlara saxta iş təkliflərinin göndərilməsi halları müşahidə olunur. Sozcu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb. Bildirilir ki, "Temu iş təklifi" adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır. Dələduzlar vətəndaşlara "ev şəraitində onlayn qazanc", "asan iş", "sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir" kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər. ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər fərdi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.

Lökbatanda yanğında həlak olan ana və övladlarının FOTOLARI

Lökbatan qəsəbəsinin “Qobu Park-1” yaşayış massivində baş verən yanğında ölən 4 nəfərin adları müəyyənləşib. Sozcu.az xəbər verir ki, hadisə zamanı həlak olan şəxslər ana, 2 övladı və qonşu olub. Onların adlarını təqdim edirik: Zülfiyyə Yusifova (1998), Yusif Yusifov (2016), Məryam Yusifova (2019) və Yusif Hüseynov (1953). Qeyd edək ki, Y.Hüseynov qonşu evdən kömək etmək üçün içəri daxil olarkən tüstüdən boğularaq həyatını itirib.

Vardanyanın məhkəməsi: zərərçəkənlər danışdılar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 2-də davam etdirilib. Sozcu.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub. Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib. Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən atılan tankəleyhinə mərminin yaxınlıqlarında partlaması nəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və Yusif Həsənov isə yaralanıblar. Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonunun Sərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatan mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və Kamran Həsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan, snayper və digər silahlarla atəş açırdı. Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanı Sadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar. Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıran zərərçəkmiş Taleh Hümbətzadə qeyd edib ki, Xocavənd rayonunun Yenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanı Cavid Şavqatlı da xəsarət alıb. Zərərçəkmiş Fazil Əmirli Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıraraq bildirib ki, Xocalı rayonunun Malıbəyli kəndi ərazisində düşmənin açdığı atəşlər nəticəsində o, Seyfəddin Cabbarov və Kamran Nəcəfov yaralanıblar. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran İlqar Qasımov deyib ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılmış minanın partlaması nəticəsində o və Hüseyn Hüseynov xəsarət alıblar. Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olan digər sübutların tədqiqi ilə davam etdirilib. Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub. Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Əli Kərimliyə ittiham irəli sürüldü

AXCP sədri Əli Kərimliyə ittiham elan olunub. Sozcu.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Tramp Maduroya zəng etdi: Zorla devirəcəyəm...

Donald Tramp Nikolas Maduro ilə telefon danışığında bildirib ki, könüllü olaraq vəzifəsindən getməsə, ABŞ Venesuelaya qarşı güc tətbiq etməyi nəzərdən keçirəcək. Sozcu.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, Trampla Maduro arasında telefon danışığı ötən həftə baş tutub.

"Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm” - Yermak

Ukrayna Prezident Administrasiyasının (PA) istefaya göndərilmiş rəhbəri Andrey Yermak qalmaqaldan sonra ilk dəfə Qərb jurnalistləri ilə əlaqə saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Post” (NYP) məlumat yayıb. Yermak özünü dürüst və vicdanlı insan adlandıraraq istənilən repressiyaya hazır olduğunu bildirib: “Məni alçaldıblar və ləyaqətim qorunmayıb. Buna görə də mən Zelenskiyə problem yaratmaq istəmirəm, cəbhəyə gedirəm”. Qeyd edək ki, ölkədə korrupsiya qalmaqalı fonunda Zelenski Yermakın Ukrayna Prezident Administrasiyasının rəhbəri vəzifəsindən istefa ərizəsini qəbul edib.