II Qareginin qardaşı oğlu da saxlanıldı

Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün səhər saatlarında Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının altı din xadimini, o cümlədən yepiskop Mkrtç Proşyanı (bütün ermənilərin katolikosu II Qareginin qardaşı oğlu - red.) saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Məlumata görə, Saqmosavank monastırının keşişi Paren Arakelyan da saxlanılıb. Onlar İstintaq Komitəsinə aparılıb.

Mehdiyevi ağır cəza gözləyir - İki dəfə ömürlük...

Xəbər verdiyimiz kimi, AMEA-nın sabiq prezidenti, PA-nın sabiq rəhbəri, akademik Ramiz Mehdiyev barəsində həbs qətimkan tədbiri seçilib. Axar.az xəbər verir ki, R.Mehdiyev ittiham olunduğu maddələrlə təqsirli bilinərsə, iki dəfə ömürlük cəza ala bilər. Belə ki, o, CM-in 274, 278.1 və 193-1.2.3-cü maddələri ilə ittiham olunur. Maddə 278.1 — Dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər; Cəza: on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 274 — Dövlətə xəyanət Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə; Cəza: əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 193-1.3.2 — Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma (xeyli miqdarda) Cəza: Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.axar.az)

Ukrayna Pokrovskda qaz kəmərlərini minaladı

Ukrayna ordusu Pokrovskda rus hərbçilərinin yeraltı yollardan keçməsinin qarşısını almaq üçün kanalizasiya borularını tullantı suları ilə doldurmağa başlayıb. Sozcu.az xəbər verir ki, bu barədə Rusiyanın “Maş” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin dekabr ayından Pokrovskun qaz təchizatı kəsilib, kanalizasiya sisteminə xidmət göstərilmir. Buna görə də Ukrayna hərbçiləri keçidləri tullantılarla doldurmağa, qaz kəmərini minalamağa başlayıb. Qeyd edək ki, artıq Rusiya hərbçiləri borulardan istifadə edərək bir neçə yaşayış məntəqəsinə sıza biliblər.

Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb. Sozcu.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib. Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır. "Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Qaradağda vulkan püskürüb - İki nazirlikdən AÇIQLAMA - VİDEO

Fövqəladə Hallar Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi istiqamətində palçıq vulkanının püskürməsi barədə daxil olmuş məlumat əsasında Nazirliyin Aviasiya dəstəsinin helikopteri vasitəsilə əraziyə baxış keçirilib. Sozcu.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. "Baxış zamanı ərazidə alov müşahidə edilməyib, həmçinin ətraf yaşayış məntəqələri üçün hər hansı təhlükənin olmadığı müəyyən edilib. Məsələ ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən müvafiq işlər görülür", - məlumatda deyilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, oktyabrın 11-də saat 08:27-də Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin yüksək dağlıq ərazisində yerləşən palçıq vulkanında püskürmə hadisəsi qeydə alınıb. Hazırda nazirliyin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, ərazidə müvafiq müşahidələr aparılır.

Rusiya Ağayevi azad etdi

Rusiyada həbs edilən Satira Teatrının sabiq direktoru Məmmədəli Ağayev azad edilib. Sozcu.az xəbər verir ki, bu barədə “Qafqaz bürosu” məlumat yayıb. “Dələduzluqda ittiham olunan Ağayev bir neçə gün əvvəl azad edilib, lakin bu barədə hələlik rəsmi məlumat yoxdur”, - məlumatda deyilib. Qeyd edək ki, bundan öncə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiyada həbsdə olan bir azərbaycanlının da azad edildiyini bildirmişdi. Onun Ağayevi nəzərdə tutub-tutmadığı bəlli deyil.

Bakı əhalisinin nəzərinə: İş vaxtları dəyişir...

Bu ilin əvvəlində Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdirilməsi barədə Dövlət Proqramı qəbul edilib. Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Bunun üçün aidiyyəti dövlət qurumlarına təhlillərin aparılması və müvafiq siyahıların təsdiq edilməsi barədə tapşırıq verilib. Dərslərin başlaması ilə paytaxt yollarında hər gün saatlarla davam edən tıxacların yaranır. Məktəbli avtobusları layihəsi hələlik pilot qaydada bəzi məktəblərdə tətbiq edildiyindən tıxac problemi həllini tapmayıb. Dəyişkən iş qrafikinin tətbiqi isə bu problemin aradan qaldırılması istiqamətində atılan əsas addımlardan biri hesab olunur. Sozcu.az xəbər verir ki, mövzu ilə bağlı Ölkə.Az-a danışan iqtisadçı deputat Vüqar Bayramov dəyişkən iş qrafikinin dünya təcrübəsinə əsaslandığını və effektiv olduğunu deyib: “Təbii ki, fərqli iş qrafikinin tətbiq edilməsi bütövlükdə Dövlət Proqramının istiqamətlərindən biridir və bunun tətbiqi vacibdir. Çünki biz inkişaf edilmiş ölkələrə, xüsusən də Avropa ölkələrinə diqqət yetirsək, görərik ki, dövlət qurumları, özəl sektor, hətta xidmət sektoru üzrə fərqli iş saatları tətbiq olunur. O cümlədən bura təhsil müəssisələri də daxildir. Azərbaycanda da oxşar praktikaların tətbiq edilməsi məqsədəuyğundur. Çünki bu da artıq nəzərdə tutulub. Bu, yollardakı tıxacın, sıxlığın aradan qaldırılması baxımında vacibdir. Gözlənilir ki, işə başlama və iş vaxtlarının bitmə saatları fərq bulacaq. Sözsüz ki, bu zaman standart 09:00-18:00 arası iş rejimi tətbiq olunmayacaq. Artıq müəssisənin və ya qurumun fəaliyyə göstərdiyi sektorda Əmək Məcəlləsinə uyğun olaraq 8 saatlıq iş rejimi tətbiq olunacaq. Bu, iş vaxtının uzadılması anlamına gəlmir. İnkişaf edib ki, ölkələrin təcrübəsi göstərir ki, bu effektiv bir mexanizmdir və tətbiqi birmənalı şəkildə sıxlığa və tıxaca təsir göstərmək imkanına malikdir. Sözsüz ki, bununla yanaşı, parlalel olaraq digər tədbirlərin də həyata keçirilməsinə ehtiyac var”. Mövzu ilə bağlı danışan hüquqşünas Sahib Məmmədov də hesab edir ki, Dövlət Proqramının effektiv olması üçün bu sahədə kompleks tədbirlər görülməlidir: “İş yerlərində qrafikin dəyişməsi tıxacların aradan qaldırılması üçün bir tədbirdir. Təhsil müəssisələrinə gəldikdə orada qrafikini dəyişmək yox, təhsil müəssisələrinin qarşısında avtomobillərin dayanmasının qarşısını almaq lazımdır. Ən çox tıxac yaradan onlardır. Bunun qarşısı alınmasa, qrafikin fərqi yoxdur. Çünki elə məktəblər var ki, övladlarını düşürmək üçün saxlayan avtomobil sahiblərinin əlindən heç cür keçib getmək mümkün olmur”. S.Məmmədovun fikrincə, az sayda əməkdaşı olan iş yerlərində qrafiki dəyişmək bir qədər mümkünsüz görünür. O, həmçinin bidirib ki, gələcəkdə dəyişkən iş qrafiki tətbiq edildikdə bu rejimə əməl edilməsinə nəzarət edilməsi vacibdir.

Toydan qayıdarkən qəza törətdi, yanaraq öldü

Salyanda baş verən qəzada sürücü avtomobildə yanaraq ölüb. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Emil Asəf oğlu Əzizov saat 04:00 radələrində idarə etdiyi “Mersedes” markalı avtomobillə qəzaya uğrayıb. Məlumata görə, Ağcabədidən toydan qayıdan E.Əzizovun avtomobili idarəetmədən çıxaraq hasara çırpılıb, sonra isə alışaraq yanıb. Nəticədə sürücü avtomobildə yanaraq ölüb. Faktla bağlı araşdırma aparılır. *** Salyan rayonunun Yolüstü kəndində "Mersedes" markalı minik avtomobilinin avtoyuma məntəqəsinə çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində avtomobilin yanar hissələri, ümumi sahəsi 120 m² olan avtoyuma məntəqəsinin dam örtüyünün taxta atmaları 3 m² sahədə və xarici divarından keçən elektrik kabeli 2 paq.m yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı sürücünün yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Əli ətçəkən maşında qalan azyaşlının həyatı xilas edildi

Əli ətçəkən maşında qalan 2 yaşlı körpə Göyçay Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Tibb müəssisəsində körpənin əli ətçəkən maşından çıxarılıb və ona zəruri tibbi yardım göstərilib. Sozcu.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, 27.08.2023-cü il təvəllüdlü körpəyə sağ əlin çoxsaylı əzilmiş, cırılmış yaraları diaqnozu təyin olunub və həkim-cərrahların peşəkarlığı, eyni zamanda çevik müdaxiləsi nəticəsində hər hansı ciddi xəsarət almadan xilas olunub. "Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən azyaşlının vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb. Tövsiyə edirik ki, bu kimi halların təkrarlanmaması üçün valideynlər daha diqqətli olsunlar. Təhlükə riski daşıyan bu cür avadanlıqlar, mexaniki və elektrikli cihazlar uşaqların nəzarətsiz şəkildə yaxınlaşa bilməyəcəyi yerlərdə saxlanılmalıdır. Hər bir valideyn bilməlidir ki, ən sadə məişət əşyası belə azyaşlı üçün təhlükə mənbəyinə çevrilə bilər",- deyə məlumatda qeyd edilib.

Rus ordusu darmadağın: 346 ədəd helikopter məhv edilib

Ukrayna müharibənin 1321-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 116 340 hərbçi, 11 235 ədəd tank, 23 313 ədəd zirehli döyüş maşını, 33 464 ədəd artilleriya sistemi, 1 516 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 223 hava hücumundan müdafiə sistemi, 426 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 63 496 ədəd avtomobil texnikası, 67 226 ədəd PUA, 3 841 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 971 xüsusi avadanlıq itirib.

Müharibə vəziyyətində deyilik - Almaniya

Almaniya müharibə vəziyyətində deyil. Sozcu.az xəbər verir ki, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Bizdə soyuq müharibə ilə bir qədər müqayisə oluna bilən bir vəziyyət var. Atışma yoxdur, amma təxribatlar var”, - Pistorius bildirib.

Xəzərdə zəlzələ oldu

Astara stansiyasından 13 km cənub-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Məlumata görə, yerli vaxtla saat 05:36-da qeydə alınan zəlzələnin maqnitudası 3,5 olub. Yeraltı təkanların ocağı 45 kilometr dərinlikdə yerləşib.