Subasmış ərazilərdən vətəndaşların təxliyəsi davam edir - 19-u uşaqdır

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. Bu barədə Sozcu.az-a FHN-dən məlumat verilib.  Bildirilib ki, hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb. Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.

Bakıda taksilərin qiyməti qalxdı: 60 manat

Bakıda yağan leysan yağışları taksi xidmətlərinin qiymətinin artmasına səbəb olub. Adi günlərdə 8-10 manata gedilən məsafələrin gedişhaqqı hazırda 25-30 manat arasında dəyişir. Paytaxtın bəzi ərazilərinə taksi ilə getmək istəyən sərnişinlər 40-45 manat ödəməlidirlər. Adi günlərdə həmin məsafələrin qiyməti 14-17 manat təşkil edirdi. Bunlar adi - ekonom taksi xidmətinin qiymətidir. Komfort taksilərdə isə Bakının müxtəlif istiqamətləri üzrə qiymətlər 60 manatadək artıb. Bundan başqa, Bakıda taksi tapmaq da çətinləşib. Taksi sifariş edən sərnişinlər avtomobilin gəlməsi üçün 20-25 dəqiqə gözləməli olurlar.

Tanınmış hüquqşünas faciəli şəkildə həlak oldu

Azərbaycanın tanınmış hüquqşünası Elçin Namazov Bosniyada faciəli şəkildə həlak olub. Sozcu.az xəbər verir ki, bu barədə jurnalist Rövşən Hacıbəyli məlumat yayıb. 2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılmışdı. Allah rəhmət eləsin.

Alışanın cinayət işi: O, məhkəməyə məcburi gətiriləcək

Valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sozcu.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər iştirak etməyib. Bildirilib ki, zərərçəkən Babək Məmmədzadə ölkə xaricindədir. Ona görə də prosesdə iştirak edə bilmir. Hakim zərərçəkən barədə məcburi gətirilmə ilə bağlı qərar çıxarılmasının zəruri olduğunu deyib. Həmçinin, prosesdə zərərçəkən Yadigar İsrafilov barədə məcburi gətirilmə qərarı çıxarılıb. Növbəti proses aprelin 24-nə təyin olunub. Qeyd edək ki, cinayət işi üzrə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov zərərçəkən kimi tanınıblar. İttihama görə, təqsirləndirilən Nizami Alışan asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. Bununla da o, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib. Zərərçəkənlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir. Nizami Alışan Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. O, ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkəni, AzTV-nin keçmiş sədri Arif Alışanovun isə qardaşı oğludur. Təqsirləndirilən şəxsin mərhum atası polkovnik Akif Alışanov Sumqayıt Mühafizə İdarəsinin rəisi, həmçinin Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xəzərlə bağlı şok xəbərdarlıq: Bulvar yoxa çıxacaq...

Lids Universitetinin britaniyalı alimlərinin araşdırmalarına görə, hətta qlobal istiləşmənin ən əlverişli ssenarisində (+2°C) belə, cari əsrin sonunda Xəzər dənizinin səviyyəsi 5-10 metr aşağı düşə bilər. Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, alimlər iddia ediblər ki, ən pessimist proqnoz doğru olarsa, eniş 21 metr olacaq. Bu perspektiv 15 milyona yaxın insanın yaşadığı bütün region üçün genişmiqyaslı ekoloji fəlakət vəd edir. Elmi araşdırmanın nəticələri “Communications Earth & Environment” (CEE) jurnalında dərc olunub. Planetin ən böyük endoreik su hövzəsi olan Xəzər dənizi unikal ekosistemin saxlanmasında əsas rol oynayır. Xəzər suitisi, ağcaqayın, ulduz nərə balıqları və bir çox digər endemik növlərin məskəni kimi xidmət edir. Hesablamalar göstərib ki, temperaturun minimal artması ilə dənizin su səthinin sahəsi 112 min kvadrat kilometr azala bilər ki, bu da İslandiya kimi bir ölkənin ərazisindən böyükdür. Ekoloji və iqtisadi cəhətdən ən qiymətli torpaqların çoxu dayaz sularda yerləşdiyinə görə belə dayazlaşma biomüxtəlifliyə və yerli əhalinin rifahına dağıdıcı təsir göstərə bilər. Xəzərin şimal sahillərinin sakinləri ən həssas olacaqlar, çünki balıqçılığın yoxa çıxması onları əsas gəlir mənbəyindən məhrum edəcək, sərt iqlim şəraiti isə alternativ iqtisadi fəaliyyətlərin, o cümlədən kənd təsərrüfatının inkişafını faktiki olaraq qeyri-mümkün edəcək. Üstəlik, Bakı və Aktau kimi iri liman şəhərləri yeni sahil zolağından onlarla kilometr aralıda yerləşə bilər ki, bu da regionda neft hasilatı üçün zəruri olan bütün logistik infrastrukturun köklü şəkildə yenidən qurulmasını tələb edəcək. Nəhayət, Aral faciəsi kimi Xəzərin dayazlaşması da dəniz dibindən duz və sənaye çirkləndiricilərinin yayılması nəticəsində yaranan zəhərli toz fırtınalarına səbəb ola bilər. Yekun olaraq, tədqiqatçılar gözlənilən fəlakətin təsirini yumşaltmaq üçün tədbirlər kimi qorunan ərazilərin yaradılmasını, biomüxtəlifliyin monitorinqinə aktiv investisiya qoyulmasını və sahilyanı iqtisadiyyatların şaxələndirilməsini qətiyyətlə tövsiyə edirlər.

Putin dərhal atəşkəsə razılaşmalıdır - Starmer

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Rusiyadan Ukraynadakı münaqişəni dərhal dayandırmağı tələb edib. Sozcu.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb. Siyasətçi Suma edilən hücumdan hiddətləndiyini bildirib. Eyni zamanda o, Ukrayna lideri Vladimir Zelenskinin artıq sülhə sadiqliyini nümayiş etdirdiyi qənaətində olduğunu bildirib. "Putin indi heç bir şərt olmadan tam və dərhal atəşkəsə razılaşmalıdır”, - deyə Starmer qeyd edib. Qeyd edək ki, bu gün Rusiya Ukraynanın Sum şəhərinə raket zərbələri endirib. İndiyə qədər olan məlumata görə, zərbələr nəticəsində 31 nəfər ölüb, 84 nəfər isə yaralanıb.

Hakan Fidandan İsrailə ÇAĞIRIŞ

“Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir”. Sozcu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin Suriya ilə bağlı prioriteti sabitlikdir: “İsrail Suriyada təxribatlardan çəkinməlidir”. Nazir, həmçinin İsrailin uzun müddətdir Suriyada sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb.

Tramp onlara çağırış etdi: ABŞ-a qayıdın!

ABŞ Prezidenti Donald Tramp smartfonlar və kompüterlərə tətbiq olunan tarifləri 90 günlük ertələyəndən sonra texnologiya nəhənglərini istehsallarını ABŞ-a köçürməyə çağırır. Sozcu.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt danışıb. "Prezident Tramp açıq şəkildə bildirib ki, Amerika yarımkeçiricilər, çiplər, smartfonlar və noutbuklar kimi həyati əhəmiyyətli texnologiyaların istehsalında Çinə arxalana bilməz", – deyə o bildirib. Onun sözlərinə görə, "Əpl", TSMC və "Nvidia" da daxil olmaqla dünyanın ən böyük texnologiya şirkətləri Trampın göstərişi ilə istehsallarını mümkün qədər tez ABŞ-a köçürməyə tələsirlər. CNN nəşri isə bildirir ki, smartfonlar, kompüterlər, monitorlar və müxtəlif detallara tətbiq olunan rüsumların ləğvi "Əpl" kimi texnologiya nəhəngləri üçün böyük xəbər ola bilər. Qeyd olunur ki, "Əpl" Ayfon istehsalı və yığımının təxminən 90%-ni Çində həyata keçirir.

Toylarda bu adət qadağan oluna bilər

Tez-tez yas mərasimləri ilə bağlı müzakirələr olur. Əsas vurğu israfçılığa yönəlir. Lakin toylarımızın acınacaqlı vəziyyətdə olduğu da istisna edilmir. Əksinə, toylarda daha çox israfçılığa yol verildiyi, lazımlı-lazımsız qidaların masaya düzüldüyü bildirilir. Pandemiya zamanı deyilirdi ki, həyat normala döndükdən sonra yəqin israfçılıq da azalar. Əksi oldu. Pandemiyadan sonra toy qiymətləri və israfçılıq daha da artdı. Bəs bunun qarşısı alına bilərmi? Hər hansı bir tədbir görülməsi mümkündürmü? Sozcu.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat Gülşad Rüstəmova danışıb. “Doğrudan da toylarda israfçılığa çox yol verilir. Dinimiz də bizə israfçılığın olmamasını buyurur. Amma yaslarda məsələ bir az fərqlidir. Hər kəs əzizi üçün ehsan vermək istəyir. Şəxsən mən bu gün şəhid balamın tədbirlərində hər gələn adamın ehsandan dadmasını, rəhmət oxumasını istəyirəm. Biz şəhid anaları da belə mənəvi rahatlıq tapırıq. Amma onu da sizə deyim ki, Naxçıvanda keçirilən yaslarımızda qəti israfçılıq olmur”, - deputat bildirib. G.Rüstəmova deyib ki, əslində, yeyilməyən yeməklər süfrəyə qoyulmaya bilər: “Məsələn, 5-6 növ salat olacaqsa və onun çoxu yeyilməyəcəksə, elə bir qab salat olması daha yaxşıdır, 5-6 yemək növündənsə 2 cür yemək olsun. İnsanın mədəsi guya nə qədər qida qəbul edir ki?! Toya gedəndə bir dənə salatdan götürərik, bir növ də yemək əlavə edirik. Hər cür yeməyi süfrəyə düzəndə doğrudan da israfçılıq olur. Təki həmişə süfrələrimiz bol olsun, Azərbaycanımızda şad günlər keçirilsin, amma israfçılığa yol verilməsin. Anlayıram, hamı övladının xoş günündə belə şeylərlə rahatlıq tapır, bir söz deyə bilmərəm. Lakin israfçılığın olmamasına diqqət edilməlidir. Ən azından qalan yeməklər sonra ehtiyaclı kəslərə verilə bilər. Bununla bağlı tədbir görmək mümkündür”.

Azərbaycanda vəzifəli şəxs işdə öldü

Beyləqanda vəzifəli şəxs iş başında ölüb. Hadisə 8 saylı ərazi vergi idarəsində baş verib. Burada kiçik vergi xidməti müşaviri işləyən Ağcabədi şəhər sakini 64 yaşlı Arif Qasım oğlu Qasımlı infarktdan ölüb. Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (lent.az)

Eyni şirkət, eyni markalı maşın, bənzər qəza: “Əsas məsuliyyət şirkətin üzərinə düşür”

Heydər Əliyev prospektində "JAC” markalı (BYD şirkəti - red.) avtomobilin sayca 3-cü qəzası baş verib. Bir xaric olmaqla, bu qəzaların eyni prospektdə və oxşar qızası, üstəlik, “Bolt” taksi xidmətinə məxsus olması müəyyən şübhələr və ehtimallar yaradıb. Mövzu ilə bağlı "Yeni Sabah" danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirib ki, məsuliyyəti birbaşa taksi şirkətlərinin üzərinə atıb:  “Öncə ondan başlayaq ki, avtomobilin məsələyə heç bir aidiyyəti yoxdur. Tam standarta uyğun nəqliyyat vasitəsidir. Əvvəllər, adətən, “Toyota Prius”ları adı daha çox hallanırdı, indi onları “BYD”lər əvəz edib. Bu nəqliyyat vasitələri, yəqin ki, taksi fəaliyyətində özlərini doğrultduğuna göə şirkətlər məhz həmin maşınlara üstünlük verirlər. Odur ki, əsas yük taksi şirkətlərinin üzərinə düşür. Sürücülərin iş rejimi, onlar avtomobilin sükanına oturmazdan öncə tibbi yoxlanışdan keçməsi, qeydiyyatda olan şəxsin nəqliyyat vasitəsini idarə etməsi məhz şirkətinin məsuliyyətindədir. Bütün hallarda, maşın kimə etibar olunursa, sima kimi şirkət cavabdehdir. İkincisi, klaviatura arxasında oturub, sosial şəbəkədə özünü qəhrəman hesab edənlər anlasınlar ki, onların özlərinin də məsuliyyəti var. Ən azı istifadəçi olaraq, sifariş etdiyimiz nəqliyyat vasitəsinin sürücüsü, maşının markası və digər məlumatlar tətbiqdə göstərilir. Bunlar uyğun olmadıqda, həmin nəqliyyat vasitəsinə oturmağın heç bir mənası yoxdur. Vətəndaşlar bu məsələyə ciddi yanaşmalıdır”. Ekspert qeyd edib ki, belə halların tez-tez baş verməsi taksi şirkətinin fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər: “Əsas məsuliyyət birmənalı olaraq, şirkətin üzərindədir. Buna nəzarət edən qurum Dövlət Yol Polis İdarəsidir. Onlar da mütəmadi olaraq reydlər keçirməlidir. Doğrudur, bunu müəyyən etmək nəzarət edən qurum üçün çox çətindir. Söhbət insan həyatından gedir. İnsanlar ödənişini etdiyi halda, qəzalarla rastlaşır. Bu kimi hallarda, əlbəttə, hər hansı taksi şirkəti ilə bağlı müəyyən tədbirlər görmək olar. Bir neçə xəbərdarlıqdan sonra aydın məsələdir ki, cərimələr və məhdudiyyətlərin tətbiq olunması ilə yanaşı, şirkətin fəaliyyətinə xitam da verilə bilər. Bu kimi qəzalar insan həyatı, xəsarət və maddi baxımdan yol infrastrukturuna dəyən ziyandır. Hər halda şirkətlər taksi fəaliyyətində məsuliyyətin altına giribsə, nəzarəti də yerinə yetirməlidir. Bunun başqa yolu yoxdur”.

Aytac Ağazadə həbs edildi

12:15 “QHT işi” üzrə saxlanılan Aytac Ağazadənin barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanın təqdimatına baxılıb. Sozcu.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanın təqdimatı təmin olunub. Aytac Ağazadə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır. Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri - hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi " MMC - nin təsisçisi və direktoru Məmməd Alpay (Məmmədzadə), "Benefisiar: Hüquqi Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay (Məmmədzadə) və Bəşir Süleymanlı barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl isə cinayət işi üzrə Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədov, sosial işçi - hüquq müdafiəçisi Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə həbs edilib. Binəqədi Rayon Məhkəməsi hər 3 şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.