Putinə məruzə edən general-polkovnik məhv edildi

9 dekabr tarixində Rusiya lideri Vladimir Putinə Kupyanskın Rusiya ordusunun nəzarətində olduğu barədə məruzə edən general-polkovnik Sergey Kuzovlev təltif olundu. 12 dekabrda Zelenski Kupyanska səfər etdi (Kupyanskın işğal altında olmadığını nümayiş etdirmək üçün – red.). Zelenskinin səfərindən bir neçə gün sonra isə məlumat yayıldı ki, general Kuzovlevin cəsədi tapılıb. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. “İki gün əvvəl Zelenski şəxsən özü bildirdi ki, çox güman, bu general artıq sağ deyil. Dövlət başçıları belə bəyanatları, adətən, kəşfiyyat qurumlarının dəqiq məlumatı olmadan səsləndirmirlər. Bu hadisə Rusiya hərbi-siyasi elitasında hökm sürən kritik gərginlikdən xəbər verir”, - politoloq əlavə edib. Qeyd edək ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Operativ Hazırlıq İdarəsinin rəisi, general-mayor Fanil Sarvarovun olduğu avtomobil partladılıb. General ağır yaralanıb.

ABŞ daha bir neft tankerini saxladı

ABŞ ordu qüvvələri Venesuela sahillərində neft tankerini saxlayıb. Sozcu.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat yayıb. ABŞ sanksiyalar siyahısında olan "Bella 1" adlı tankeri dayandırıb. Panama bayrağı altında üzən gəmi Venesuelaya neft yükləmək məqsədilə hərəkət edirmiş. Hadisə Vaşinqtonun daha əvvəl elan etdiyi dəniz blokadası çərçivəsində baş verib. Məlumata əsasən, tanker ABŞ qüvvələri tərəfindən Venesuela sahillərinə yaxın ərazidə ələ keçirilib. Rəsmi qurumlar hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

Qəzzada dəhşətli fırtına - 22 bina uçdu

Qəzzada güclü fırtına nəticəsində İsrail hücumları zamanı zərər görmüş 22 bina uçub. Sozcu.az xəbər verir ki, dağıntılar altında qalan 18 nəfər həyatını itirib. Fələstin Mülki Müdafiə Xidmətinin açıqlamasına görə, əlverişsiz hava şəraiti 10 dekabrdan bu yana davam edir.  Qeyd edək ki, İsrail 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya genişmiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində bölgədə minlərlə ev və mühüm infrastruktur obyektləri dağıdılıb.

Ukraynadan şok: Aralıqda rus tankeri vuruldu

Rusiyanın “kölgə donanması”na məxsus tanker Aralıq dənizinin neytral sularında Ukrayna dronları tərəfindən vurulub. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində QENDİL adlı tanker ciddi xəsarət alıb və fəaliyyətini davam etdirə bilməyib.

Rusiyaya sanksiya: Siyahıda Azərbaycan vətəndaşı da var

Böyük Britaniya Rusiyaya sanksiyalar çərçivəsində 5 şəxsə və 19 təşkilata məhdudiyyətlər tətbiq edib. Sozcu.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Maliyyə Nazirliyi öz saytında məlumat yayıb. Sənəddə sanksiyaların Rusiya, Azərbaycan, Pakistan və Özbəkistan vətəndaşlarına qarşı tətbiq olunduğu bildirilib. Bundan başqa, məhdudiyyət tətbiq edilənlər sırasında Rusiyanın “Tatneft” və “Russneft” şirkətləri, həmçinin Özbəkistan, Qırğızıstan və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan təşkilatlar da var.

Keçmiş arvadını boğaraq öldürdü

10:51 Qusar rayonunda qətl hadisəsi baş verib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb. Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır. *** Dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub. Qusar rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib. Sozcu.az APA-ya istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər - gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs dekabrın 16-da hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin RR Caspi MMC-nin işçiləri olduğu bildirilir. İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də RR Caspi MMC-yə məxsus olduğu bildirilir. Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve 213-1.2.3 cu maddələri üzrə ittiham elan olunub. İş üzrə həmçinin Səmayə Co LTD MMC, Səmayə logistic MMC-nin adları da keçir. İş üzrə dəymiş ziyanın məbləğinin 2 milyon manat olduğu bildirilir. Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə bir qədər əvvəl Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin bölmə rəisi və bölmənin nəzarətçisi də saxlanılıb. Kapitan Vüsal Sadıqov və nəzarətçi barəsində qətimkan tədbirləri seçilib.

Tovuzda bir ailənin 4 üzvü dəm qazından ZƏHƏRLƏNDİ

Tovuzda bir ailənin 4 üzvü dəm qazından zəhərlənib. Sozcu.az xəbər verir ki, hadisə dekabrın 16-da Qovlar şəhərində baş verib. Qəsəbə sakinləri 1985-ci il təvəllüdlü Qaroğlan Zeynalov, arvadı 1997-ci il təvəllüdlü Aygül Həsənova və iki övladı dəm qazından zəhərləniblər. Onlar xəstəxanaya yerləşdirilmiş vəziyyətləri qənaətbəxşdir. Araşdırmalar aparılır.(Mənbə APA)

Fotolar paylaşıb, yardım adı ilə 200 min ələ keçirdi - Video

Sosial şəbəkələrdə müalicəyə ehtiyacı olan uşaqların şəkillərini paylaşaraq dələduzluq etməkdə şübhəli bilinən 30 yaşlı Rəsul Həsənov saxlanılıb. Bu barədə Sozcu.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, o, xəstə, müalicəyə ehtiyacı olan körpələrin foto və video görüntülərini İnstaqram sosial şəbəkəsində yaratdığı "Zəhra balama yardım", "Körpə balama dəstək", "Əli üçün yardım", "Yusif serebral iflic" və s. səhifələrdə paylaşaraq təcili yardım edilməzsə, körpələrin həyatı üçün təhlükə yarana biləcəyini qeyd edib. R.Həsənov yardımların köçürülməsi üçün istifadəsində olan bank kartlarını da həmin paylaşımların üzərində yerləşdirib. Ağır xəstəliyi olan uşaqların görüntüləri, emosional musiqi və mətnlərdən təsirlənən vətəndaşlar isə qeyd edilən kartlara 1 manatdan 500 manata qədər, ümumilikdə isə 200.000 manata yaxın pul vəsaiti köçürüblər. Saxlanılan şəxs həmin pulları nağdlaşdıraraq şəkillərini paylaşdığı uşaqların ailələrinə yox, öz şəxsi ehtiyaclarına xərcləyib. R.Həsənovdan iş üzrə əhəmiyyət kəsb edən məlumat və elektron sübutlar aşkar olunaraq götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir. Vətəndaşlara tövsiyə edilir ki, sosial şəbəkələrdə yardım adı altında yerləşdirilən bu tipli məlumatlarla qarşılaşan zaman bir qədər diqqətli olsunlar. Həmçinin, sosial şəbəkə istifadəçilərini dəqiqləşdirilməmiş məlumatlara inanaraq pul köçürmə əməliyyatlarından çəkinməyə çağırırıq.

Rusiyanın şok itkiləri

Ukrayna müharibənin 1390-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 1 188 490 hərbçi, 11 410 ədəd tank, 23 721 ədəd zirehli döyüş maşını, 35 041 ədəd artilleriya sistemi, 1 567 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 259 hava hücumundan müdafiə sistemi, 432 ədəd hərbi təyyarə, 347 ədəd helikopter, 69 798 ədəd avtomobil texnikası, 90 124 ədəd PUA, 4 073 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 4 026 xüsusi avadanlıq itirib.

DİN-dən əməliyyat: 9 nəfər saxlanıldı

Ötən gün dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılıb. Sozcu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri ilə sözügedən şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Kəndin ruhu köçürülə bilərmi? Çormanla bağlı açıq suallar

İşğaldan azad olunmuş rayonlarda kəndlərin birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Bu rayonlar arasında Kəlbəcər xüsusi spesifik xüsusiyyətləri ilə seçilir. Burada hər kəndin özünəməxsus danışıq ləhcəsi, adət-ənənəsi və sosial-məişət həyatı formalaşıb. Kəlbəcər rayonunun Çorman kəndi isə bu baxımdan xüsusilə diqqət çəkən yaşayış məntəqələrindən biridir. Çorman çox qədim tarixə malikdir. Kənd ərazisində IX–X əsrlərə aid iki Alban məbədi mövcud olub. Həmin məbədlərdən birinin hasar qalıqları bu gün də qalmaqdadır. Kənddə eyni zamanda qədim su dəyirmanının izləri mövcuddur. Kəndin güney hissəsində, xüsusilə “Güney Kalafalıq” adlanan ərazidə qədim yaşayış məskənlərinin qalıqları bu günədək qorunub saxlanılıb. Yaylaq sahəsində, yüksək bir təpəlikdə yerləşən Qırıb qəbiristanlığının isə tarixi dəqiq məlum deyil və tədqiqata ehtiyac var. Çorman kəndi ərazisində yerləşən digər qədim yaşayış məskəni “Köhnə kənd” adlanır. Yerli sakinlərin söylədiklərinə görə, vaxtilə buradan dörd kənd ayrılıb: Çorman, Keçiliqaya, Qaragüney və Zülfüqarlı. Kəndin təbiəti olduqca zəngindir. Çorman Kəlbəcərin ən böyük meşə sahələrinə malik kəndlərindən biridir, bəlkə də birincisidir. Ərazi daxilində 1 isti su, 1 turş su, 85-dən artıq bulaq, 13 şəlalə, 20-dən çox xırda çay və bir nisbətən böyük çay mövcuddur. Kəndin yaylaqları isə bölgə əhalisi arasında xüsusi məşhurluğa malikdir. Aran Qarabağdan və Şirvandan olan elat camaatı Çiçəkli, Göybulaq və Dükanlı yaylaqlarını bu gün də yaxşı xatırlayır. Hazırda isə Çorman kəndinin sakinləri öz doğma kəndlərinə deyil, digər bölgələrdə – əsasən də Ağdərə rayonunda məskunlaşdırılır. Bu vəziyyət insanların tarixi yurd-yuvalarından uzaq salınması, sosial bağlarının qırılması və kənd həyatının davamlılığının zəifləməsi deməkdir. Belə bir kəndin unudulması və ya tarixi-coğrafi bağlarından qoparılması, sözün əsl mənasında, tariximizə və mədəni yaddaşımıza ağır zərbədir. Əsas narahatlıq doğuran məsələ isə kəndin birləşdirilərək salınması planlaşdırılan ərazinin əkin-biçin və otlaq sahələrindən 15–20 kilometr uzaqda yerləşməsi ehtimalıdır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan əhali üçün ciddi problemlər yaradır. Belə olan halda, mal-qaranın hər gün nəqliyyat vasitələri ilə örüşə aparılıb-gətirilməsi zərurəti yaranacaq. Halbuki geri qayıdan əhalinin əsas dolanışıq mənbəyi əkinçilik və maldarlıq olmalıdır. Bu imkanlar olmadan kənddə davamlı məskunlaşma necə təmin ediləcək? Bu baxımdan sual yaranır: Görəsən, müvafiq dövlət qurumları kəndlərin birləşdirilməsi zamanı bu cür sosial-iqtisadi, tarixi və mədəni amilləri kifayət qədər nəzərə alırlarmı? Müəllif: Kəlbəcər rayonu, Çorman kənd sakini – Hüseyin Əliyev