İran rejiminin rəsmi şəxsləri külli miqdarda vəsaiti ölkədən çıxarmağa çalışır.
İranda genişmiqyaslı etirazlar internetin kəsilməsi və yanlış məlumatların yayılması fonunda davam etdiyi bir vaxtda, rejimin süqutu, şəhərlərin ələ keçirilməsi və ya Əli Xameneinin qaçmağa hazırlaşması ilə bağlı yayılan iddialar hələlik müstəqil mənbələr tərəfindən təsdiqlənməyib. Lakin ABŞ rəsmiləri İran hakimiyyətinin yuxarı eşalonlarında ölkədən ciddi maliyyə çıxarılması əlamətlərinin müşahidə olunduğunu bildirirlər.
ABŞ-ın Xəzinədarlıq naziri Skott Bessent “Newsmax” telekanalına verdiyi müsahibədə bildirib ki, İran İslam Respublikasının yüksək vəzifəli şəxsləri son günlərdə on milyonlarla dollar vəsaiti ölkə xaricinə çıxarıblar. O, bu prosesi belə təsvir edib: “Hazırda siçanların batmaqda olan gəmini tərk etdiyini görürük. İran rejiminin rəhbərliyi tərəfindən on milyonlarla dollar xaricə qaçaqmalçılıq yolu ilə çıxarılır.”
Bessentin sözlərinə görə, bu pullar dünyanın müxtəlif ölkələrində banklara və maliyyə institutlarına daxil olur və ABŞ Xəzinədarlığı bu vəsaitlərin hərəkətini — istər bank sistemi, istərsə də rəqəmsal aktivlər vasitəsilə — diqqətlə izləyir. O vurğulayıb ki, bu şəxslər həmin vəsaitləri qoruyub saxlaya bilməyəcəklər.
ABŞ rəsmisi əlavə edib ki, İranın neft ixracına qarşı tətbiq edilən “maksimum təzyiq” siyasəti rejimin maliyyə qaynaqlarını kəsməyə yönəlib və son həftələrdə müşahidə olunan proseslər hakimiyyətin maliyyə baxımından ciddi şəkildə zəiflədiyini göstərir.
Bu arada, şübhəli hava hərəkətləri ilə bağlı da məlumatlar yayılıb. Bildirilir ki, İran hökumətinə məxsus EP-IGD qeydiyyatlı Airbus A321 təyyarəsi Tehrandan cənuba doğru uçuş həyata keçirib və radar izləməsindən itib. Hadisə ölkə daxilində etirazların davam etdiyi və uçuş məhdudiyyətlərinin tətbiq olunduğu bir dövrdə baş verib.
Bəzi mənbələr, o cümlədən İsrail rəsmiləri, bu uçuşu İran rejimi məmurlarının Dubaya mümkün qaçışı ilə əlaqələndirir. Bu iddialar İran hakimiyyətinin daxilində dərinləşən böhran və panika əlaməti kimi görülür..
