"ABŞ liderinin dəyişən ritorikası Qərbdə ümidlər, Rusiyada narahatlıq doğurur..."
ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı mövqeyindəki kəskin dəyişiklik həm Avropada, həm də ABŞ-da ciddi müzakirələr doğurub.
Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Nəşr qeyd edir ki, son həftələrdə Tramp açıq şəkildə bəyan edib ki, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərini geri qaytarmaq gücü var. Bu dönüşün arxasında həm diplomatik, həm də şəxsi amillərin dayandığı vurğulanır.
Kralın təsirli söhbətləri
Nəşr yazır ki, ABŞ liderinin mövqeyinə əsas təsirlərdən biri Böyük Britaniya kralı III Çarlz olub. Trampın Londona son səfəri zamanı kral onu Vindsor qəsrində qəbul edib, birgə gün ərzində müxtəlif tədbirlərdə iştirak edib, nahar və şam yeməyi təşkil edib. Dövlət banketində çıxışı zamanı III Çarlz Avropa tarixindən nümunələr gətirərək Ukraynanın azadlıq uğrunda mübarizəsinin önəmini vurğulayıb.
Tramp isə kralın qonaqpərvərliyindən heyran qaldığını bildirərək, onu "çox, çox xüsusi insan" adlandırıb. Diplomatik mənbələr hesab edir ki, bu şəxsi təmaslar Trampın Ukrayna məsələsinə baxışında dönüş nöqtəsi olub. ABŞ Dövlət katibi Marko Rubio da Avropa həmkarlarına Trampın mövqeyindəki dəyişimin "mümkün qədər müsbət qiymətləndirilməli" olduğunu deyib.
Finlandiya prezidentinin şərhi
Eyni zamanda, Finlandiya prezidenti Aleksander Stubb "Politico"ya müsahibəsində Trampın bu dəyişimini başqa səbəblərlə izah edib. Onun sözlərinə görə, Trampın sərt mövqeyə keçidi, əslində, Putinə olan "məyusluqdan" qaynaqlanır.
Stubb vurğulayıb ki, Trampın Ukrayna ilə bağlı son bəyanatları sadəcə siyasi taktika deyil, onun ciddi niyyətlərini göstərir:
"Bütün məlumatlar göstərir ki, Tramp həqiqətən də Ukraynanı dəstəkləməkdə qətiyyətlidir. Məncə, o, əsaslı şəkildə Putindən məyus olub".
Finlandiya lideri əlavə edib ki, ABŞ və Avropa arasındakı açıq dialoq mühüm rol oynayır: "Biz Zelenskini Trampa, Trampı isə Zelenskiyə izah edə bilirik. Bu, tərəflərin mövqelərinin uzlaşması baxımından əhəmiyyətlidir".
Rusiyaya iqtisadi təzyiq
Stubb həmçinin Avropa İttifaqının 19-cu sanksiya paketinin təsirlərinə diqqət çəkib. Onun sözlərinə görə, Rusiyanın iqtisadiyyatı artıq ciddi zərbə alıb: "Ehtiyatlar tükənib, inflyasiya və faiz dərəcələri 20 faizi keçib, iqtisadi artım ya sıfır, ya da mənfidir. Vergilərin artırılması qaçılmaz olacaq".
Bununla belə, Finlandiya prezidenti qeyd edib ki, Putini atəşkəsə məcbur etmək üçün NATO və Qərb birliyinin dəyişməz dəstəyi həlledici olacaq. Hazırda Moskva hibrid müharibə üsulları ilə Qərbin qətiyyətini sınayır, lakin Stubb-un fikrincə, belə məqamda "sakitliyi qorumaq və eyni zamanda möhkəm dayanmaq" vacibdir.
Trampın Ukrayna ilə bağlı mövqeyindəki dönüşün arxasında həm şəxsi diplomatik təsirlər - kral III Çarlzla söhbətlər, həm də siyasi reallıqlar Putinə qarşı məyusluq dayanır. Bu dəyişiklik Qərbdə Ukraynanın müdafiəsinə əlavə güc qazandırmaqla yanaşı, Rusiyaya da müharibənin iqtisadi və siyasi qiymətini daha aydın göstərir.