KTC-də seçkilərdə Ersin Tatar məğlub oldu — Türkiyə siyasətinə etiraz səsi kimi dəyərləndirilir
Politoloq Şahin Cəfərlinin analizi
Bu gün Quzey Kıbrıs Türk Cümhuriyyətində (KKTC) keçirilən prezident seçkilərində Türkiyə hökumətinin açıq dəstəyini qazanan indiki prezident Ersin Tatar böyük fərqlə məğlub olub. İlkin məlumata görə, müxalifət lideri, Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Erhürman 62,76% səs toplayaraq ilk turda qalib gəlib, Ersin Tatar isə cəmi 35,80% səs əldə edib.
Politoloq Şahin Cəfərlinin sözlərinə görə, Tatarın sarsıdıcı məğlubiyyəti iki əsas səbəblə bağlıdır: birincisi, onun uğursuz idarəçiliyi, ikincisi isə Türkiyənin Kıbrısın daxili işlərinə kobud müdaxilələrindən və yerli xalqa qarşı hörmətsiz münasibətdən doğan narazılıqdır.
Cəfərli qeyd edir ki, Ersin Tatar özünü Kıbrıs türk xalqının lideri kimi deyil, Türkiyədəki “Cumhur İttifaqı”nın – AKP və MHP-nin nümayəndəsi kimi aparıb. Onun prezidentliyi dövründə Kıbrıs mafiyanın, çirkli pulların və qumarxanaların mərkəzinə çevrilib, Tatar isə buna qarşı mübarizə apara bilməyib. Politoloq xüsusilə Halil Falyalı qalmaqalını xatırladır və bildirir ki, bu, Türkiyə ilə bağlı yüksək səviyyəli əlaqələri üzə çıxarmışdı.
Maraqlıdır ki, Tatar müstəqillik tərəfdarı, rəqibi Erhürman isə federativ həllin – yəni yunanlar və türklərin bərabər hüquqlu olduğu vahid dövlətin tərəfdarı kimi çıxış edib. Bu səbəbdən Tatar və onu dəstəkləyən çevrələr Erhürmanı “xain” kimi təqdim etməyə çalışsalar da, Kıbrıs türkləri bu təbliğata inanmadı.
Şahin Cəfərli xatırladır ki, 2004-cü ildə keçirilən Annan planı referendumunda türklər federasiyaya “bəli”, rumlar isə “xeyr” demişdi. Həmin dövrdə Türkiyə hökuməti də planı dəstəkləmişdi.
Tatarın o qədər “toksik” fiqura çevrildiyini qeyd edən politoloq bildirir ki, Kıbrıs türklərinin iki əfsanəvi lideri — Rauf Denktaş və doktor Fazıl Küçükün ailələri belə bu dəfə Erhürmanı dəstəkləmişdi.
Cəfərlinin fikrincə, Erhürmanın seçilməsi dərhal federasiyanın qurulacağı anlamına gəlmir. Çünki, bir tərəfdən rumların və Yunanıstanın federasiya anlayışı türkləri bərabərhüquqlu tərəf kimi deyil, azlıq statusunda görür, digər tərəfdən isə KKTC-nin xarici siyasət, maliyyə və təhlükəsizlik məsələlərində Türkiyədən asılılığı Erhürmana məhdud manevr imkanı buraxır.
Mənbə: Politoloq Şahin Cəfərlinin analitik şərhi
Hazırladı: Sozcu.az