ABŞ siyasi sistemində xarici siyasətlə bağlı qərarları Ağ Ev qəbul etsə də, bu qərarların davamlılığı və gücü Konqresin dəstəyindən asılıdır. İran məsələsi ABŞ-da uzun müddətdir partiyalararası ciddi fikir ayrılığı yaradan mövzulardan biridir. Demokratlar əsasən diplomatik yanaşmaya və razılaşmalar vasitəsilə nəzarət modelinə üstünlük verirlər, respublikaçılar isə daha sərt təzyiq, güc tətbiqi dəstəkləyirlər. Bu gün İrana qarşı hərbi zərbələr başlayıb və respublikaçıların Konqresdə çoxluğa sahib olması Ağ Ev üçün siyasi "qalxan" deməkdir, maliyyələşmənin bloklanması riski azalır, məhdudlaşdırıcı qanun təşəbbüslərinin ehtimalı aşağı düşür. 2026-cı ilin Konqresə ara seçkilərində çox böyük ehtimalla respublikaçılar Konqresdə çoxluğu itirəcəklər və Ağ Ev artıq İrana qarşı hər hansı hərbi əməliyyat keçirməyə gücündə olmayacaq. Digər məsələ ondan ibarətdir ki, hərbi əməliyyatların keçirib keçirməmək qərarını Ağ Ev təkbaşına vermir, bu tip qərarlarda son söz hərbçilərdə olur və tarixdə bir çox hallarda siyasi hakimiyyət hərbi elita ilə razılığa gələ bilmirdi(loqistika, risklər, maliyyə və s). Bu səfər Tramp Pentaqonu razılığa sala bildi, amma 2-ci dəfə bu boyda hərbi qüvvələri regionda cəmləşdirmək çətin mümkün olsun. Respublikaçı partiyasının daxilində də durum sabit deyil, partiyanın ultra-sağ izolyasionist(Taker Karlson, Nik Fuentes, Mardjori Teylor Qrin və s) qanadı Trampı İsrailə dəstək verdiyinə görə yıxıb-sürüyür. Həmin qanad, ABŞ-ın İsraillə müttəfiqliyinə son qoyulmasını tələb edir. İranda rejim devrilməsə, Tramp üçün daxildə misilsiz siyasi risklər yaranacaq, respublikaçıların ultra-sağ və mərkəzə meyilli sağ qanadı, demokratların ultra-sol qanadı və sola meyilli mərkəçiləri hamısı birləşib Trampa qarşı "xaç yürüşünə" başlayacaqlar. Tramp və İsrail üçün isə, ABŞ daxili siyasi durumu baxımından, vaxt və fürsət prizmasından çətin 2-ci dəfə belə şans yaransın. Ya indi, ya da heç vaxt... Kamran Cəfərov, politoloq
Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Avropanın qaz bazarının 40 faizinə nəzarət edən, OPEK+ formatında dünya neft bazarında qaydaları və qiymətləri müəyyən edən Rusiya enerji gücü idi. Neft, qaz və daş kömürün satışından Rusiyaya hər il orta hesabla 500-550 milyard dollar daxil olurdu. Putinin “fateh”lik niyyəti bütün bu uğurları məhv etdi. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli bildirib. Onun sözlərinə görə, Rusiya neft, qaz və daş kömürün satışını davam etdirsə də, Avropa bazarlarından qovulduğu üçün Çin, Hindistan və Türkiyə kimi alıcıların mərhəmətinə möhtac vəziyyətə düşüb: “Üstəlik, Avropa və dünya bazarlarında neft və qazın qiyməti də ucuzlaşmaqda davam edir. Niderlandın TTF (Title Transfer Facility) mərkəzində ən yaxın qaz fyuçers müqaviləsi 1000 kubmetr üçün 338 dollara düşüb. Aprel ayı üçün 1000 kubmetr qaz 334 dollardan təklif olunur. Böyük Britaniyada isə qiymətlər daha da ucuzlaşaraq 317 dollara düşüb. Bütün bunların nəticəsində Rusiyanın qaz və daş kömür sənayesi zərərlə işləyir. Neft sənayesinin gəliri 77 faiz azalıb. “Lukoyl” vergi yükünün azaldılması üçün dövlətdən kömək istəyib, “Surqutneftqaz”ın maliyyə vəziyyəti pisləşib, “Rosneft”in mənfəəti kəskin şəkildə azalıb. Hazırda neft sənayesindəki şirkətlərin təxminən yarısı zərərlə işləyir və bəzi kiçik şirkətlər iflas edir. Rusiya Energetika Nazirliyinin hesablamalarına görə, 2030-cu ilə qədər Rusiyada çətinliklə çıxarılan neft hasilatın təxminən 80 faizini təşkil edəcək. Bu isə o deməkdir ki, Rusiyada neftin bir barrelinin hasilatı ən azı 40-45 dollara başa gələcək. Hazırda Rusiyanın “Urals” markalı xam neftinin qiyməti 60 dollar civarında olsa da, Moskva onu Çinə 25 dollar endirimlə satır. Yəni, Rusiya bir daha böyük valyuta axınını hətta yuxuda da görməyəcək. Bu o deməkdir ki, Rusiya hələlik hərbi məğlubiyyətə məruz qalmasa da, iqtisadi məğlubiyyəti artıq gerçəkləşib. Bu məğlubiyyət Rusiyanı hökmən çökdürəcək. Rusiya iqtisadiyyatının aparıcı sahələri çökdüyü halda, “ölüm iqtisadiyyatı” (dəfn xidməti) yüksəliş dövrünü yaşayır. Bu “sənaye” 2024-cü ildə 7,7%, 2025-ci ildə 12,7% böyüyüb. Dəfn xərcləri yüksək olduğu üçün meyitlərin yandırılması da artıb. Bu isə krematoriyalara təlabatı artırıb. Hazırda Rusiyada 38 krematoriya var. Onlardan 27-si özəldir və 8-i son iki ildə açılıb. Halbuki özəl krematoriyaların fəaliyyəti də tamamilə qanunauyğun deyil. Maliyyə çatışmamazlığı səbəbindən dövlətə aid krematoriyaların tikintisi mümkün olmadığı üçün rəsmi orqanlar özəl krematoriyaların fəaliyyətinə göz yumur. Məlumata görə, 30-dan artıq krematoriyanın tikintisi də davam edir. Neft, qaz və daş kömür sənayesinin çöküşü, “ölüm iqtisadiyyatı”nın (dəfn xidməti) yüksəlişi Rusiyanın böyük bir sarsıntı ərəfəsində olduğunu təsdiqləyir. Bu nəhəng dövlət çökür və onu bir daha kimsə xilas edə bilməz. Elə bir vəziyyət yaranıb ki, Federal Təhlükəsizlik Xidmətinə yaxınlığı ilə bilinən “Komsomolskaya Pravda” radiosunda da Rusiyanın süqut edərək parçalanacağı təhlükəsindən danışmaq tabu mövzu olmaqdan çıxıb”.
Rusiyada hakim olan raşizmin nə qədər təhlükəli olduğunu Ukraynaya qarşı 24 fevral 2022-ci ildən bəri davam edən müharibədə Rusiya ordusunun törətdiyi qətliamlar, Ukraynanın dinc şəhərlərinin bombardman edilməsi və buna rəsmi Moskvanın münasibəti çox aydın göstərir. Ukraynanın dinc şəhərlərinin bombardıman edilməsinə münasibət bildirən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov belə demişdi: “Ukrayna “Rusiyanın qanuni maraqları”nı tanısa, Moskva Ukrayna xalqının əzabına son verəcək.” Peskovun bu açıqlaması 1940-cı il iyulun 17-də Reyxstaqda çıxışı zamanı Hitlerin Böyük Britaniyaya ünvanlanmış bədnam fikrinin rus variantıdır. Britaniyanın dinc şəhərlərinin bombardman edilməsindən danışan Hitler demişdi ki, London Almaniyanın qanuni maraqlarını tanısa, Britaniya əhalisinin iztirablarına son vermək üçün hərbi əməliyyatları dayandıracaqlar. Peskovun açıqlamasının Hitlerin sözləri ilə birəbir üst-üstə düşməsi raşizmin faşizmlə eyni mahiyyətə malik olduğunun, eyni məntiqlə hərəkət etdiyinin sübutudur. Raşizmin məntiqinə görə, Rusiyanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyadakı “qanuni maraqları” bu coğrafiyadakı ölkələr və xalqların Moskvanın əsarəti altında olmasından ibarətdir. Rusiyanın Ukraynadakı hərbi-siyasi uğursuzluğu dərinləşdikcə raşizm daha da quduzlaşır. Rusiyanın cinayətkar ordusunun Azərbaycanın Ukraynadakı səfirliyinə 3 dəfə zərbə endirməsi raşizmin daha da quduzlaşmasının nəticəsidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində panel müzakirələr zamanı Prezident İlham Əliyev bildirib ki, Rusiyaın Azərbaycan səfirliyinə ilk hücumundan sonra bu hadisənin təkrar olmaması üçün Azərbaycanın diplomatik nümayəndəliklərinin- konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilib. Ancaq buna baxmayaraq daha iki hücum olub və aydın görünür ki, bu hücumlar bilərək edilib. Qeyd edim ki, Azərbaycan tərəfinin ölkəmizin konsulluq şöbəsinin, mədəni mərkəzin, səfirliyin koordinatları Rusiya tərəfinə verilməsindən öncə də Rusiya hərbiçiləri həmin kordinatları çox yaxşı bilirdilər. Çox güman ki, Azərbaycan tərəfi Rusiyanın cinayət məsuliyyətindən yayınmaması üçün ən kiçik bəhanəyə yer buraxmamaq üçün belə ediblər. Digər tərəfdən istisna deyil ki, Ukrayna tərəfi Azərbaycanın diplomatik nümayəndəliklərinə hücumun təsadüf olmadığını sübut edən texniki məlumatları da Azərbaycan tərəfinə təqdim edib. Azərbaycanın sərnişin təyyarəsinə hücumla başlayan, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliklərinə hücumla davam edən hadisələr raşizmin Azərbaycana qarşı hibrid müharibəsinin bir hissəsidir. ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən Tramp adminstrasiyasının Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün bir neçə yeni qayıq (kater) göndərəcəyini bəyan etməsi raşizmin yeni hədəfi ilə bağlı Vaşinqtonda məlumatlar olduğunu ehtimal etməyə imkan verir. Heç şübhəsiz ki, raşizmin başqa hədəfləri də var. Ən əsası unutmamalıyıq ki, raşizmin hibrid müharibəsi yalnız hərbi zərbələrdən ibarət deyil. Ukraynanın Rusiya işğalına qarşı heyratimiz müqaviməti göstərdi ki, raşizmin hibrid müharibəsini dövlətinin və cəmiyyətinin birgə mübarizəsi ilə dəf etmək, zərərsizləşdirmək mümkündür. Xəqani Cəfərli, politoloq
Bir neçə gündən sonra Rusiyanın Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı cinayətkar müharibənin dördüncü ili tamam olacaq. Dörd il əvvəl heç kim müharibənin bu qədər davam edə biləcəyini təsəvvür etmirdi. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib. O bildirib ki, müharibəyə başlarkən Putin bir neçə gün ərzində qələbə qazanacaqlarına əmin idi: “Bu əminlik Rusiyanın informasiya müharibəsinə də sirayət etmişdi. Moskvanın şiddətli informasiya müharibəsinin təsiri və təzyiqi altında bəşəriyyətin böyük bir kəsimi Rusiyanın qısa müddətdə qalib gələcəyinə inanırdı. Bəşəriyyətin kiçik qisimi Ukraynanın bir neçə ay müqavimət göstərə biləcəyini, ancaq sonda Rusiyanın qalib gələcəyini düşünürdü. Çox cüzi sayda insan isə Ukrayna xalqının alçaq işğalla barışmayacağı qənaətində idi. Müharibənin dördüncü ilinin başa çatması ərəfəsində böyük əksəriyyət artıq Rusiyanın bu müharibədən salamat çıxa bilməyəcəyini düşünür”, - o bildirib. Politoloq NATO-nun Baş katibi Mark Ruttenin sözlərindən sitat gətirib: “Rutte rusları Ukraynadakı müharibənin dayandırılması üçün əllərindən gələni etməyə çağıraraq bildirib ki, bu müharibə Rusiyanı məhv edir. Rusiyanın məğlubedilməzliyinə inananlar NATO Baş katibinin sözlərini şübhə altına ala bilərlər. Lakin bu, heç nəyi dəyişməyəcək. Dördüncü ili başa çatmaqda olan müharibə həqiqətən də Rusiyanı məhv edir. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) mütəxəssisləri 2025-ci ilin hesabatında qeyd ediblər ki, Rusiya ordusunun itkiləri 1.198 milyon nəfərə çatıb. CSIS-in hesabatında qeyd edilir ki, təkcə 2025-ci ildə Rusiya qoşunları ölü və yaralı olaraq 425 000 nəfər itirib ki, bu da ayda orta hesabla təxminən 35 000 nəfər deməkdir. Bu rəqəmlərin heyrətamizliyi ondan ibarətdir ki, İkinci Dünya müharibəsindən bəri heç bir aparıcı ölkə heç bir müharibədə belə dəhşətli itki verməyib. Koreya müharibəsində Amerika 54 400, Vyetnam müharibəsində 47.300 və Əfqanıstandakı əməliyyatlar zamanı cəmi 2400 hərbçi itirib. Sovet İttifaqının sonunu gətirən Əfqanstan müharibəsində SSRİ Rusiyanın Ukrayna müharibəsindəki itkilərindən 17 dəfə az hərbçi itirmişdi. Rusiyanın Ukraynadakı itkiləri 1945-ci ildən bəri SSRİ və Rusiyanın, iki Çeçen müharibəsi də daxil olmaqla, bütün müharibələrdəki itkilərindən 5 dəfə çoxdur. Bu qədər dəhşətli itkilərin müqabilində Rusiya 24 fevral 2022-ci ildən bəri Ukrayna ərazisinin cəmi 12 faizini işğal edə bilib. CSIS-in başqa bir araşdırmasına görə, Rusiyanın Ukraynada irəliləmə sürəti Birinci Dünya müharibəsi də daxil olmaqla, 1916-cı ildən bəri baş vermiş bütün hərbi əməliyyatların ən yavaşıdır. Rusiya ordusunun döyüş təlimatlarına görə hücum əməliyyatı aparan ordu gün ərzində 1.5-3 kilometr sürəti ilə irəli getməlidir. 24 fevral 2022-ci ildə başlayan cinayətkar müharibədə isə Rusiya ordusunun irəliləmə sürəti ay ərzində 1.5 kilometr təşkil edib. Yəni, Rusiya ordusu özünün döyüş təlimatlarında göstəriləndən 30-60 dəfə yavaş sürətlə irəliləyir. Belə bir müharibəni daha bir neçə il davam etdirməyə isə heç bir dövlətin resursları yetməz. Belə ağır müharibə istənilən dövləti çökdürməyə qadir və Rusiyada müşahidə olunan çöküş də bunun nəticəsidir. Rusiyanın çöküş mərhələsinə daxil olduğunu rəsmi qurumların “redaktə olunmuş” hesabatları da təsdiq edir. Rusiya Dövlət Federal Statistika Xidmətinin (Rosstat) hesabatına görə, 2025-ci ilin ilk 11 ayının nəticələrinə görə, Rusiya şirkətlərinin ümumi zərərləri 7.5 trilyon rubla çatıb. “İzvestiya” qəzetinin məlumatına görə, Rusiyada restoran, kafe və barlar kütləvi şəkildə bağlanmağa başlayıb. Alina Kabayevaya yaxınlığı ilə tanınan “İzvestiya” qəzetinin bu məlumatı Rusiyanın çöküşünün təsdiqidir. Çünki böhran ən sonuncu məhz xidmət sahələrinə, xüsusilə də restoran, kafe və barlara təsir edir. Əgər restoran, kafe və barlar bağlanırsa, deməli, istehsal sahələri artıq çöküb. Rusiya Dəmir Yollarının mənfəəti əvvəlki ilə nisbətdə 76 faiz azalıb. RDY ən böyük borcu olan Rusiya şirkətləri sırasında üçüncü yerdədir. Ötən ilin əvvəlində RDY-nin xalis maliyyə borcu artıq 3.5 trilyon rubla çatmışdı. Ehtimala görə, son bir ildə bu borc təxminən üçdə bir qədər də artıb. Rusiyanın Avropaya boru kəməri vasitəsilə qaz ixracı 2025-ci ildə 44 faiz azalaraq 1975-ci ildən bəri ən aşağı səviyyə düşüb. Rusiyanın qaz nəhəngi “Qazprom” ötən il Avropaya cəmi 18 milyard kubmetr qaz ixrac edib. Halbuki Sovet İttifaqı 1975-ci ildə Avropaya 19.3 milyard kubmetr qaz ixrac etmişdi. Bunun nəticəsində Rusiyanın qaz nəhəngi “Qazprom”un dəyəri Çinin uşaq oyuncaqları istehsal edən “Pop Mart”dan bir neçə milyard dollar ucuzdur. “Pop Mart”ın səhmlərinin ümumi dəyəri 42 milyard dollardır. Putin “fatehlik” niyyətinə düşdüyü zaman, 2008-ci ildə “Qazprom” dünyada üçüncü ən böyük şirkət idi və səhmlərinin ümumi dəyəri 348 milyard dollar təşkil edirdi. O zaman Rusiya rəsmiləri “Qazprom”un 1 trilyon dollara qədər bahalaşacağını əminliklə bəyan edirdilər. Putinin “fatehliyi” nəticəsində isə “Qazprom”un dəyəri kəskin aşağı düşərək, bu gün 2008-ci ildəkinin təxminən 10 faizini təşkil edir. Rusiya neftin bir barrelinə 27 dollar endirim etməsinə baxmayaraq, ötən ay aylıq hasilatının ancaq yarısını sata bilib. Bunun nəticəsində Rusiya neftini daşıyan tankerlər üzən saxlama qurğularına çevrilib”. Politoloq əminliklə əlavə edib ki, Rusiya çökür və artıq bu prosesin qarşısını heç nə və heç kim ala bilməz: “Yeni dünya düzəni isə Rusiyanın xarabalıqları üzərində qurulacaq”.
İsrailin xarici işlər naziri Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri Yerusəlim-Bakı, Yerusəlim-Astana münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunun göstəricidir. İsrail və Azərbaycan arasında münasibətlərin “strateji tərəfdaşlıq” mərhələsinə daxil olması, Qazaxıstanın Abraham sazişiniə qoşulması ABŞ, Azərbaycan və İsrail arasında şərti olaraq “Xəzər asayişi” Alyansı adlandırdığım hərbi-siyasi ittifaqın çox yaxın gələcəkdə gerçəkləşəcəyini söyləməyə imkan verir. Hətta Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri zamanı əldə olunan razılaşmalarla bu ittifaqın təməllərinin atıldığını söyləmək mümkündür. ABŞ, Azərbaycan və İsrail arasında “Xəzər asayişi” Alyansı hərbi-siyasi ittifaqın yaradılması ideyası ilə çıxış edərkən Mərkəzi Asiya dövlətlərinin, ilk növbədə Qazaxıstanın bu Alyansa qoşula biləcəyini qeyd etmişdim. Ancaq belə görünür ki, Qazaxıstan ilk gündən bu Alyansın üzvü ola, üçlü deyil, dördlü regional hərbi-siyasi ittifaq yarana bilər. ABŞ vitse-prezidenti Ceyms Di Vensin fevral ayında Azərbaycana səfəri “Xəzər asayişi” Alyansının formalaşması prosesini daha gücləndirəcək. Venslə eyni vaxtda İsrail prezidenti və ya Baş naziri Bakıya səfər edərsə, “Xəzər asayişi” Alyansı bir neçə gündən sonra təsis edilə bilər. Cəmi bir neçə ay əvvəl çoxlarına xəyal kimi görünən “Xəzər asayişi” Alyansı üçlü ittifaqı artıq gerçəkləşmə mərhələsinə daxil olub və prosesin geri dönüşü yoxdur. “Xəzər Asayişi” Alyansının yaranması Xəzər hövzəsində son 200 ildə formalaşmış və Rusiyanın ağalığını təmin edən siyasi düzəni dağıdacaq. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın faciələrinin səbəbi məhz bu siyasi düzənin dağıdacaq yeganə formul budur. Rusiyanın ağalığını təmin edən siyasi düzəninin dağılması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın suverinliyini gücləndirməklə yanaşı bu ölkələrin təhlükəsizliyinin təminatına çevriləcək. “Xəzər Asayişi” Alyansının yaranması Azərbaycanın, Qazaxıstanın, Qırğızıstan, Özbəkistan və Türkmənistan qlobal iqtisadiyyata inteqrasiyasına güclü təkan təkan verərək bu ölkələrin xalqlarının rifahının yüksəlməsinə də ciddi təsir edəcək. Bu proses eyni zamanda Güney Azərbaycanın və İrandakı digər türk bölgələrinin, yaxın gələcəkdə isə Rusiya əsarətindəki türk xalqlarının həyati əhəmiyyətli maraqlarının hüquqlarının qorunmasında da böyük rol oynayacaq. Gideon Saarın Azərbaycana və Qazaxıstana səfəri hər iki ölkə ilə yanaşı bölgədəki Türk dövlətlərinin və xalqlarının həyati əhəmiyyətli maraqlarının təmin edilməsinə xidmət edən hadisə olsa da, Türkiyədə böyük narazılıqla qarşılanıb. Siyasi islamçıların əsas yayım orqanlarından olan “Yeni Agit” qəzeti Azərbaycan prezidentini sərt tənqid edib. Xarici İşlər naziri Hakan Fidana yaxınlığı ilə tanınan jurnalist Adnan Zentürk bir qədər də irəli gedərək Azərbaycanı və Qazaxıstanı təhdid edərək, Türkiyənin tədbir görəcəyini bəyan edib. Azərbaycanı və Qazaxıstanı tənqid, təhdid edənlərin yeganə “dəlili” ondan ibarətdir ki, Bakı və Astana Qəzzanı özlərinin maraqlarına qurban verirlər. Elə bir gün olmur ki, Rusiyadan Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın və Türkmənistanın ünvanına təhdid səslənməsin. Ən son olaraq müasir raşizmin ideoloqlarından biri olan Aleksandr Duqin Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın və digər postsovet respublikalarının müstəqilliyinin Rusiya üçün qəbuledilməz olduğunu bəyan edib. Bütün bu təhdidlərə bir dəfə olsun cavab verməyənlərin Azərbaycan və Qazaxıstanı tənqid etməyə mənəvi haqqları yoxdur. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan özlərinin həyati əhəmiyyətli maraqlarını Qəzzaya, ərəblərə qurban verməyə istəmək ümumiyyətlə sağlam ağılın məhsulu ola bilməz. Xəqani Cəfərli, politoloq
AB ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək cəhdlərinin qarşısını almaq üçün Amerikaya qarşı sərt tədbirlərə, o cümlədən 93 milyard avroluq tariflərə hazırlaşır. Sozcu.az xəbər verir ki, bu barədə “Politiko” diplomatlara və rəsmilərə istinadən yanvarın 18-də Brüsseldə 27 AB ölkəsinin nümayəndələrinin təcili görüşündən sonra məlumat yayıb. “Üç saatlıq müzakirə zamanı diplomatlar gələn həftə Vaşinqtonla danışıqların həll yoluna gətirib çıxarmayacağı təqdirdə Trampa qarşı konkret variantlar hazırlamağın vacibliyini vurğulayıblar. Avropa Şurasının Prezidenti Antonio Koşta da bu həftə AB sammiti çağırmaq niyyətindədir. 93 milyard avro dəyərində cavab tarifləri də tətbiq oluna bilər. Alternativ olaraq, Amerika banklarının fəaliyyətini məhdudlaşdıracaq, patentləri etibarsız hala gətirəcək və ya proqram təminatından və yayımdan əldə edilən gəliri əngəlləyən bir anti-məcburiyyət alətindən istifadə etmək olar. AB-nin arsenalında diplomatik və iqtisadi tədbirlər də daxil olmaqla geniş seçim var və bunlardan bəziləri ictimai müzakirə mövzusu deyil”, - mənbə bildirib.
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri 29 yanvarda Brüsseldə keçiriləcək görüşdə İrana qarşı yeni sanksiyalar paketini nəzərdən keçirəcəklər. Sozcu.az xəbər verir ki, bu barədə "Politico" nəşri iki avropalı diplomata istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, təklif olunan siyahıya insan haqlarının pozulmasına görə Aİ sanksiyaları rejimi çərçivəsində 21 maddə daxildir. Bundan əlavə, Avropa Xarici Fəaliyyət Xidməti dron istehsalı ilə bağlı 10 maddə əlavə etməyi təklif edir. "Politico"nun məlumatına görə, Almaniya, Fransa və Niderland Tehrana qarşı məhdudiyyətlərin sərtləşdirilməsini ən çox dəstəkləyən dövlətlərdir. Məlumatda o da bildirlib ki, Aİ Roma, Paris və Madridin müqavimətinə görə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımaq niyyətində deyil. Daha əvvəl Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib ki, Aİ İrana qarşı sanksiyaların daha da sərtləşdirilməsini istisna etmir.
Dünən Ukrayna, Fransa və Böyük Britaniya atəşkəsdən sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi barədə bəyannamə imzalayıblar. Məsələ artıq rəsmiləşib və söhbət atəşkəsdən sonra Ukrayna ərazisində NATO ölkələrinin (ABŞ daxil) bilavasitə iştirakı ilə hərbi bazaların və hərbi kontingentin yerləşdirilməsindən gedir. Sozcu.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov bildirib. Onun fikrincə, bu, tarixi qərar və tarixi məqamdır: “Rusiyanın niyə görə müharibəni başlatdığını və müharibənin bitməsində əsas şərt kimi “müharibənin ilkin səbəblərinin aradan qaldırılması” şərtini qoyduğunu xatırlayaq: Ukraynanı öz təsir dairəsinə qaytarmaq. Nəticə etibarı ilə Rusiya HƏMİŞƏLİK Ukraynanı itirdi. Dünən bir simvolik hadisə də baş vermişdi. Uitkoff ilk dəfə avropalı müttəfiqlərlə birgə mətbuat konfransda iştirak edib, bu günə qədər Uitkoff avropalılarla toplantılarda iştirak edirdisə, mətbuat konfranslarına qatılmırdı, bu, bir növ Ağ Evin “sizdən ayrıyıq” siqnalı kimi qarşılanırdı”, - o bildirib.
ABŞ Prezidenti Donald Tramp son çıxışında Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”. Sozcu.az xəbər verir ki, bu sözəri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Kuba rejimini devirməyəcəyi vədini verdi: “Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl, Kuba artıq Venesueladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial durumunu daha da ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər. ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər. 1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O, Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq. Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalarında kifayət qədər meksikalı narkotacir cəza çəkir”. Politoloqun sözlərinə görə, son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəlir: “Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuela neftinin əsas alıcılarından idi. İkincisi, Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuelanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. Pekində düşünürlər ki, Venesuelaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerikası ölkəsinin zənginliklərindən faydalana bilməyəcək. Halbuki Tramp son çıxışında ABŞ-ın Venesuela neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb. Pekin bu vədə çətin ki inansın! Çünki Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuela cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseulada Amerikaya etiraz səsləri eşidilmir. Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib və baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuela əməliyyatı ABŞ-a siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin. Bu arada, Pekin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artıracaq. Venesuelada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər. Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuelaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”. Ancaq məsələ burasındadır ki, Tramp administrasiyası Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur”.
ABŞ vətəndaşlarının yarıdan çoxu prezident Donald Trampın ikinci müddətinin ilk ili üzrə fəaliyyətinin nəticələrini bəyənmir. Sozcu.az xəbər verir ki, bu barədə "Economist" jurnalı və "YouGov" şirkətinin apardığı araşdırmada bildirilir. Sorğuda iştirak edənlərin 39 faizi Trampın fəaliyyətini dəstəklədiyini, 56 faizi isə onu bəyənmədiyini qeyd edib. Demokrat Partiyasının tərəfdarları arasında nisbət 4 faiz dəstək – 95 faiz narazılıq, Respublikaçılar arasında isə 88 faiz dəstək – 10 faiz narazılıq təşkil edir. Özünü heç bir partiyaya aid etməyən seçicilər arasında isə prezidentin fəaliyyətini 27 faiz bəyənir, 63 faiz isə onun kursu ilə razılaşmır. Trampın siyasətinə ən aşağı dəstək 18–29 yaş qrupunda qeydə alınıb: bu kateqoriyada cəmi 29 faiz onu dəstəkləyir, 66 faiz isə narazıdır. ABŞ-ın hazırkı prezidenti ən yüksək dəstəyi 65 yaşdan yuxarı şəxslər arasında alır – burada təsdiq səviyyəsi 45 faizdir. Lakin bu yaş qrupunda belə narazılıq göstəricisi daha yüksəkdir – 54 faiz. Araşdırma 26–29 dekabr tarixlərində ABŞ-ın yetkin vətəndaşları arasında aparılıb. Sorğunun statistik səhv payı açıqlanmayıb. Amerika KİV-ləri və sosioloqların apardığı digər sorğular da Trampın reytinqinin azaldığını göstərir. "Economist" və "YouGov" onu son dövrlərin ABŞ prezidentləri arasında ən ciddi reytinq itkilərinə məruz qalan dövlət başçısı kimi qiymətləndirir. NORC tədqiqat mərkəzi və "Associated Press" agentliyi öz sorğularına əsaslanaraq, Amerika liderinin iqtisadi siyasətinə dəstəyin zəiflədiyini bildiriblər. "Politico" nəşrinin "Public First" şirkəti ilə birgə apardığı araşdırmaya görə isə ABŞ sakinlərinin təxminən yarısı gündəlik xərcləri – ərzaq, dərman və kommunal ödənişləri qarşılamaqda çətinlik çəkir. Donald Tramp isə öz növbəsində sosioloqları ABŞ iqtisadiyyatının real vəziyyəti barədə yalan məlumat yaymaqda ittiham edir.
İsraildə dekabrın 22-də üçtərəfli sammit keçirilib. Sammitdə İsrailin Baş naziri Benyamin Netanyahu, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər. Bu dövlətlərin formalaşdırdıqları üçtərəfli ittifaq Türkiyə əleyhinədir. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Bildirib ki, Yunanstan, Kipr və İsrail Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok təsis ediblər: “İsrailin Baş naziri Benyamin Netanyahu üçlü ittifaqın Türkiyə əleyhinə olduğunu bu sözlərlə ifadə edib: “İmperiyalarını bərpa etməyi və torpaqlarımız üzərində hökmranlıq qurmağı xəyal edənlərə deyirəm: bunu unudun. Belə olmayacaq. Bu barədə heç düşünməyin”. Aydındır ki, Netanyahu “imperiyaların bərpası” ifadəsi adı altında Avrasiya bölgəsində güclənən Türkiyəni nəzərədə tutub. İsrail, Yunanıstan və Kipr liderləri Aralıq dənizində ortaq “hərbi reaksiya qüvvələrinin” yaradılması mövzusunu müzakirə ediblər. Bu “qüvvələr” Aralıq dənizi bölgəsində “təhlükəsizliyin gücləndirilməsini” və “hərbi koordinasiyanı” həyata keçirəcəklər. Liderlər Qüdsdə keçirilən ortaq mətbuat konfransında təhlükəsizlik, enerji və müdafiə sahələrində əməkdaşlığın dərinləşdirəcəklərini bildiriblər”. Politoliq qeyd edib ki, Yunanstanla Kipr Respublikasının Türkiyə əleyhinə siyasət yürütdükləri bəlli fakt olsa da, hazırki üçlü ittifaqın təşəbbüskarı İsrailin Baş naziri Benyamin Netanyahudur: “O, Türkiyənin bölgədə, o cümlədən qonşu Suriya və İraqda artan rolundan narahatdır. PKK-nın tərk-silah olunmağa başlaması da İsrailin hakim dairələrinin narahatlığına səbəb olub. Çünki İsrailin hərbi və kəşfiyyat dairələri illər uzunu bölgədəki silahlı kürdlərlə gizli təmaslara malik olublar. Mövcud vəziyyət Azərbaycana çətinliklər yaradır. Azərbaycan İsraillə müxtəlif sahələrdə əməkdaşlıq edir. Bununla yanaşı Azərbaycanın əsas strateji müttəfiqi Türkiyədir. Şuşa Bəyannaməsinə görə Azərbaycana hücum olarsa, Türkiyə müttəfiqini müdafiə etmək hüququna malik olacaq. Eyni ilə Türkiyəyə hücum olarsa, Azərbaycan müttəfiqini müdafiə etməlidir. Yəni İsrailin formalaşdırdığı üçlü ittifaq Aralıq dənizində Türkiyəyə qarşı hansısa həmlə həyata keçirərsə, Azərbaycan müttəfiqinin yanında olacaq. Bu isə o deməkdir ki, Azərbaycan Türkiyənin İsrail, Yunanıstan və Kipr Respublikasıyla mümkün qarşıdurmasında müttəfiqi ilə koordinasiya içində olacaq. Azərbaycan belə təhlükəli ssenarinin reallaşmasını istəmir. Ancaq Azərbaycanın istəyindən asılı olmayaraq “üçlü ittifaq” İsraillə Türkiyə arasında gərginliyi artıracaq. Təəssüf ki, İsrail Türkiyə ilə qarşıdurmaya gedərkən bunun Azərbaycanla münasibətlərə mənfi təsirlərini hesablamayıb”.
ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkofun Rusiya rəsmiləri ilə telefon danışığının mətni mediaya ötürülüb. Sozcu.az xəbər verir ki, telefon danışıqlarının detallarını "Bloomberg" agentliyi dərc edib. Telefon danışıqları Uitkof ilə Rusiya prezidentinin xarici siyasət müşaviri Yuri Uşakov, həmçinin Kreml iqtisadi müşaviri Kirill Dmitriyev arasında aparılıb. 14 oktyabr tarixli ilk telefon danışığında Uitkof Uşakova Putinlə Tramp arasında telefon danışığının dərhal təşkil edilməsini məsləhət görür və bunun üçün konkret “dil və davranış strategiyası” təqdim edir. O qeyd edib ki, Putin Trampı Qəzza sülh planına görə təbrik etməli, Trampın “sülh adamı” olduğunu vurğulamalıdır. ABŞ-la birlikdə Ukrayna üzrə eyni formatda “20 maddəlik sülh planı” hazırlaya biləcəklərinə işarə etməlidir. “Biz Qəzza üçün 20 maddəlik Tramp planı hazırladıq. Bəlkə Ukrayna üçün də eyni şeyi edək”, - Uitkof bildirib. “Mən Trampa demişəm ki, Rusiya həmişə sülh istəyib. Mən buna inanıram”, - o əlavə edib. Xüsusi nümayəndə Zelenskinin 17 oktyabrda Ağ Evə səfərindən əvvəl Putinlə Trampın danışığının təşkil edilməsini “çox vacib” adlandırır: “Zelenski cümə günü Ağ Evə gəlir. Mən də o görüşdə olacağam. Amma əgər mümkündürsə, sizin boss (Putin) Trampa bu görüşdən əvvəl zəng etsin.” İki gün sonra Putin Trampa zəng edir. Danışıq 2,5 saat davam edir və Tramp bunu “çox məhsuldar” adlandırır. Ardınca o, Budapeştdə Putinlə görüş planını açıqlayır. "Bloomberg"in analizinədə görə, Uitkof-Uşakov danışığı sonradan formalaşan və ABŞ-ın Ukraynaya qəbul etdirmək istədiyi 28 maddəlik sülh planının başlanğıc nöqtəsi olub. Kremlin də bu plana öz düzəlişlərini göndərdiyi bildirilir. Putin bu ayın əvvəlində 28 maddəlik təklifin “danışıqlar üçün əsas ola biləcəyini” bildirib. 29 oktyabrda Uşakov və Dmitriyev arasında baş tutan ikinci telefon danışığı Moskvanın ABŞ-la koordinasiyanı davam etdirdiyini təsdiqləyir. Bu dəfə Kreml rəsmiləri Vaşinqtona hansı şərtləri maksimum şəkildə təqdim etməli olduqlarını müzakirə edir: Uşakov: “Maksimum istəmək lazımdır. Yoxsa bizdən nə keçirməyin mənası var?” Dmitriyev: “Biz kağızı öz mövqeyimizə uyğun hazırlayırıq. Mən onu qeyri-rəsmi ötürəcəyəm. Amerikalılar tam versiyanı qəbul etməsələr də, çox yaxın sənəd hazırlayacaqlar.” Uşakov Vaşinqtonun planı sonradan “düzgün təqdim etməməsindən” narahat olduğunu deyir. Dmitriyev isə onu arxayın salır: “Mən dediklərinizi sözbəsöz ötürəcəyəm.” Sızmalar yayılarkən Ağ Evdən ilk reaksiya gəlib. Prezident Trampın kommunikasiya direktoru Stiven Çunq deyib: “Bu hekayə yalnız bir həqiqəti sübut edir: Uitkof sülh üçün həm Rusiya, həm də Ukrayna rəsmiləri ilə hər gün danışır. Prezident onu buna görə təyin edib.” Kreml isə "Bloomberg"in sorğusuna cavab verməyib.