Szinpin Trampla telefon danışığı aparıb?

Çinin Xarici İşlər Nazirliyi Çin Xalq Respublikasının Sədri Si Szinpin ilə ABŞ Prezident Donald Tramp arasında yaxın zamanlarda telefon danışığının olmadığını bəyan edib. Sozcu.az xəbər verir ki, nazirliyin rəsmisi Quo Jiakun ABŞ Prezidenti Donald Trampın “Time” jurnalının müsahibəsində ÇXR Sədri Si Szinpinin ona zəng etməsi barədə açıqlamasını şərh edərkən belə deyib. Quo Jiakun, ümumiyyətlə iki ölkə arasında rüsum məsələsinə dair heç bir danışığın aparılmadığını açıqlayıb: "Bir daha izah edim ki, Çin və ABŞ rüsum məsələsi ilə bağlı heç bir məsləhətləşmə və ya danışıqlar aparmır".

Mənzili təmirli, yoxsa təmirsiz almaq sərfəlidir? - AÇIQLAMA

Son illər Bakıda çoxmərtəbəli binalardakı mənzillərin, həyət evlərinin çoxu təmirli satılır. Lakin əvvəllər təmirli mənizllərin satışı, demək olar ki, yox səviyyəsində idi. Bəs insanlar hansına daha çox üstünlük verir? Sozcu.az milli.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, tikili binalarda satılan mənzillərin çoxu təmirsizdir. “Yalnız bəzi tikinti şirkətləri təmirli mənzil təklif edir. Bu zaman vətəndaşın təmirlə bağlı nəyisə seçmək şansı olmur”. Bəs alıcı istifadə olunan materialların keyfiyyətindən necə əmin ola bilər? “Əgər vətəndaş təmirli mənzil alırsa, yaxşı olar ki təmirin keyfiyyəti ilə bağlı mütəxəssislərə müraciət etsin. Başqa bir hal isə mənzili satan şəxs materialların keyfiyyəti ilə bağlı şəxsə qarantiya verməlidir. Qiymətlərə nəzər salsaq, mənzillərin təmir olunması minimal olaraq bir kv metrinə görə 200 manatdan başlayaraq 800 manata qədər dəyişir”. Realterlər ictimai birliyinin sədri Vədafar Axundov bildirir ki, insanların çox təmirsiz ev almağa üstünlük verir. Çünki bu, həm onlara qiymət baxımdan sərfəlidir, həm də istədikləri kimi təmir etdirə bilirlər. Təmirsiz evi alan şəxs minumum 20-25 faiz qabağa düşür. Hazırda 2400, 2500 manata təklif elədiyimiz mənzillərin təmirli olan forması 1000, 1200 manat daha baha çıxır. Tikinti şirkətlərinə hansı daha çox sərf edir? Bu şirkətlərə daha çox padmayaq formasında satmaq, çünki şirkət əgər təmir edirsə uzun müddət həmin təmirlər davam edir. Təmir müştərinin bəzən zövqünə olmadığı üçün bu da tikinti şirkətinə sərf etmir. Öz zövqünə görə dizayn etmək istəyən şəxslər daha çox təmirsiz mənzillərə üstünlük verir.

ABŞ Ukraynaya NATO üzvlüyü üçün icazə verə bilər, lakin...

ABŞ rəsmiləri ukraynalı məmurlara aydın şəkildə bildiriblər ki, növbəti ABŞ administrasiyası Ukraynanın NATO-ya üzvlüyü məsələsində mövqeyini dəyişə bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb. Qəzetin məlumatına görə, Şimali Atlantika Alyansına üzvlük məsələsi London və Parisdə keçirilən danışıqlarda gündəmə gətirilib. "ABŞ-ın növbəti administrasiyası Ukraynanın NATO-ya daxil olmasına icazə vermək qərarı verə bilər", — Birləşmiş Ştatların nümayəndəsi qeyd edib. Bununla belə, amerikalı tərəf dəqiqləşdirib ki, ABŞ Prezidenti Donald Tramp Kiyevin alyansa üzvlüyünə qarşı çıxmağa davam edəcək.

Trampın planı: Avropa ordusu Ukraynaya yerləşdirilir

ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması planında Kiyevin nəzarətində olan ərazilərdə Avropa qoşunlarının yerləşdirilməsi barədə bənd ola bilər. Sozcu.az xəbər verir ki, bu barədə “Nyu York Post” mənbəyə istinadla məlumat yayıb. “Planın ən çətin hissəsi təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Biz onları dayanıqlı qüvvələr adlandırırıq. Bu, ukraynalıların istədiyi təhlükəsizlik zəmanətlərinin bir hissəsidir və ümid edirik ki, onlar bu zəmanətləri əldə edəcəklər”, - məlumatda qeyd olunub. Bundan əlavə, atəşkəs rejiminə nəzarət etmək üçün Rusiya, Ukrayna və NATO üzvü olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı birgə komissiyanın yaradılması məsələsinə baxılır.

Yağış yağanda küçələri niyə su basır?

Ötən gün axşam saatlarından etibarən Bakıya yağan güclü yağışdan sonra şəhərdə bir çox yollar avtomobillər üçün  keçilməz olub, piyadalar isə demək olar ki, yollarda keçid tapa bilmirlər. Sozcu.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi küçələrin balaca göllərə çevrildiyi aydın şəkildə görünür. Bəs niyə hər dəfə yağış yağanda Bakı küçələrində eyni vəziyyət təkrarlanır? Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən (keçmiş “Azərsu” ASC) bildirilib ki, bəzən Bakıda və regionlarda yağıntıların miqdarı normadan artıq olur və kanalizasiya kollektorları yağış sularını daşımaq üçün nəzərdə tutulmadığından sistemlər suyun axıdılmasında çətinlik çəkir. Mütəxəssislər isə bildirirlər ki, normadan artıq yağan yağış sullarının kanalizasiya kollektorları ilə daşınması artıq köhnəlmiş üsuldur. Halbuki, dünyanın bir çox şəhərləri bu problemi artıq təbiətdən ilham alan üsullarla həll edir. Böyük şəhərlərdə yağış sularının yollarda toplanmasının qarşısını almaq üçün müxtəlif təbii və ekoloji yönümlü üsullardan istifadə edilir. Bu üsullar həm şəhər dizaynına estetik dəyər qatır, həm də urban ekosistemlərin dayanıqlılığını artırır. Məsələn, Kopenhagen şəhərində yağış suları birbaşa parklara axıdılır. Xüsusi yollarla yönəldilən su, torpaq tərəfindən sovrularaq həm ekoloji tarazlığı qoruyur, həm də şəhərin yaşıllaşdırılmasına xidmət edir. Rotterdamda isə meydanlar təkcə əyləncə və idman üçün yox, həm də yağış sularının yığılıb tədricən torpağa hopdurulması üçün nəzərdə tutulub. Sakinlər həmin sahədə futbol oynayır, lakin yağışlı gündə ora kiçik bir su hövzəsinə çevrilir. Daha maraqlısı isə Seuldadır. Burada bir vaxtlar avtomobillərin hərəkət etdiyi yolun yerində yağışlı günlərdə süni çay axır. Yağış yağanda çay dolur, günəşli havada isə ətrafı park kimi istifadə olunur. Həm turistlərə, həm yerli sakinlərə göz oxşayan bir məkandır. Portland (ABŞ) şəhərində yağış bağları (Rain Gardens) adlı sistem tətbiq edilir. Bu sitem yollarda və ya binaların yaxınlığında yerləşdirilən xüsusi bitki əkilmiş çuxurlardır. Suyun bir hissəsini torpaq udur, qalanı isə təmizlənərək yerin altına yönləndirilir. Bəzi şəhərlərdə adi asfalt və beton yerinə, suyu torpağa keçirməyə imkan verən materiallardan istifadə edilir. Məsələn, Sinqapur şəhərində bu cür səthlər yeni urban layihələrdə tez-tez tətbiq olunur. Binaların damları bitkilərlə örtülür və yağış sularının bir hissəsini udaraq yavaş-yavaş axıdılmasına şərait yaradır. Berlin və Toronto bu texnologiyanı dəstəkləyən şəhərlərdir. Bu sadalananlar həm də onu göstərir ki, əslində yağış suyu təkcə çətirlərin açıldığı bir hadisə deyil – o, düzgün idarə olunarsa, şəhərin nəfəs alması üçün bir fürsətə çevrilə bilər. Bu gün inkişaf etmiş şəhərlərdə yağışa sadəcə təbii hadisə kimi baxmırlar. Onu resurs kimi görürlər – yaşıllaşma, suvarma, təmiz hava və şəhər estetikasının ayrılmaz hissəsi.

ABŞ Ukrayna ilə sazişi bu həftə imzalayacaq

ABŞ və Ukrayna arasında resurslara dair saziş bu həftə imzalana bilər. Sozcu.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib. “Biz buna çox yaxınıq. Hətta bu həftə imzalana bilər”, - o bildirib.

"Rusiyanın yay hücumu uğursuzluğa məhkumdur" - "The Telegraph"

"Ukraynanın dronlarla düşmən hədəflərinə dəqiq zərbələr endirmək qabiliyyəti Moskvanın irəliləyişini mümkünsüz edir..." Ukrayna Rusiyadan yeni genişmiqyaslı hücum gözlədiyi bir vaxtda, Moskva qoşunları Ukrayna mövqelərinə hücumlarını intensivləşdirir. Kiyev Rusiyanın növbəti böyük hücuma hazırlaşmaq üçün ehtiyat qüvvələr topladığını bildirir. Sozcu.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb. Lakin analitiklərin fikrincə, Vladimir Putinin mümkün sülh sazişindən əvvəl yeni əraziləri ələ keçirmək ambisiyalarının reallaşması çətin görünür. Səbəb Rusiya ordusunda çoxsaylı problemlər, zəif təşkilatçılıq və texnika çatışmazlığıdır. Hücumların tempi artır Müşahidəçilər bildiri ki, Rusiya qoşunlarının tank və zirehli texnika ehtiyatları demək olar ki, tükənib. Hətta kiçik taktiki uğurlar əldə olunsa belə, Rusiya bu uğurlardan məhdud resurslar səbəbilə istifadə edə bilməyəcək. Bundan əlavə, Ukraynanın dronlar vasitəsilə dəqiq zərbələr endirməsi Moskva üçün cəbhə xəttində böyük qüvvələr yerləşdirməyi çətinləşdirir ki, bu da genişmiqyaslı irəliləyişin mümkün olmadığını göstərir. Ukrayna Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo nəşrə deyib: "Hazırda Rusiyanın cəbhə xətti boyunca hər hansı irəliləyişi mümkün deyil. Rusiya cəbhədə böyük hərbi uğurlar əldə edə bilməyib, buna görə də, guya, böyük hərəkətlər və üstünlüklər varmış kimi təsəvvür yaratmaq istəyirlər. Biz ərazidə belə bir şey görmürük". Ötən ay prezident Vladimir Zelenski və G7 liderləri xəbərdarlıq edib ki, Rusiya xüsusilə Sumı və Xarkov istiqamətlərində yeni hücumlar planlaşdırır. Bu, Putinə gələcək danışıqlarda üstünlük qazandıra bilərdi. Çərşənbə günü Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski təsdiqləyib ki, hücum əməliyyatları artıq başlayıb, Rusiya hücumlarının intensivliyi xeyli artıb. Bu zaman Kiyev dünyada diqqəti Ukraynada baş verənlərə yönəltməkdə maraqlıdır, baxmayaraq ki, Donald Trumpın gündəmində sülh razılaşması yoxdur. "Hücumlar ciddi nəticə verməyəcək" Lakin Demokratiyaların Müdafiəsi Fondunun Rusiya proqramı üzrə direktor müavini Con Hardi əmindir ki, artan hücumlar mühüm nəticələr verməyəcək: "Gördüyümüz şey, sadəcə, hücumların tempində artımdır. Bu, çox kiçik miqyaslıdır. Onlar Ukrayna xəttində bir dəlik aça bilərlər, amma bu dəlikdən istifadə edib sürətli və əməli nəticə əldə edə bilməzlər". Təxminlərə görə, ən zəif nöqtə Sumı vilayətidir. Ukrayna ordusu burada qonşu Kursk bölgəsində Rusiyanın sürətli irəliləyişindən sonra yenidən qruplaşır. Kursk yaxınlığındakı döyüşlərdə iştirak etmiş ukraynalı hərbçi nəşrə bildirib ki, geriçəkilmə gecələr kiçik qruplar şəklində baş verib: "Çoxlu texnika orada qalıb", - o, deyib. Hardi qeyd edir ki, hücumlar əsasən texniki dəstəyi olmayan kiçik qruplar tərəfindən həyata keçirilir, çünki resurslar məhduddur. Təxminən 100 əsgərdən ibarət bölük ilə hücumlar nadir hallardandır. Ukrayna Rusiya müharibəsinə uyğunlaşıb Son bir ildə Rusiya təxminən 3000 tank, 9000 zirehli texnika və azı 13 000 artilleriya sistemi itirib. Hardi deyir: "Siz anbarlarda qalanlara, xüsusilə istifadə oluna biləcək texnikaya baxsanız, ehtiyatlar çox azalıb. Mən gözləyirəm ki, ilin sonuna qədər müharibəni davam etdirmək onlara çox çətin olacaq, tam tükənəcəklər". Rusiyanın üstünlüyü isə insan qüvvəsinin çoxluğudur. Putin bu yaxınlarda əlavə 160 min nəfərin orduya çağırılmasına dair fərman imzalayıb. Lakin Hardinin sözlərinə görə, bu çağırılanlara çox minimal-çox vaxt bir aydan az hazırlıq verilir. "Bu, Rusiyanın şüurlu qərarıdır- Ukraynaya təzyiqi davam etdirmək, bu əsgərləri "ət maşınına" atmaq və müharibə davam etdiyi müddətdə qüvvələrin keyfiyyətini artırmağa vaxt sərf etməmək". Hazırda Ukraynanın əsas vəzifəsi Rusiyanın çoxsaylı qoşunlarını bir məkanda toplamasının qarşısını almaqdır, çünki bu, müdafiə xəttinin yarılmasına səbəb ola bilər. Burada dronlardan istifadə həlledici rol oynayır. Hardi deyir ki, Ukrayna ən güclü dron bölmələrini genişləndirir və ümumilikdə pilotsuz sistemlərə güvənir ki, digər sahələrdəki çatışmazlıqları kompensasiya etsin. "Onlar Rusiyanın necə döyüşdüyünə yaxşı uyğunlaşıb", - ekspert bildirib.

ABŞ-la İran razılığa gəldi: ikinci raund olacaq...

ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Arakçı məlumat verib. O bildirib ki, Omanda ikinci raundun növbəti həftənin şənbə günü keçirilməsi barədə razılıq əldə edilib. Arakçı bildirib ki, tərəflər danışıqlar naminə danışıqlar aparmaq istəmirlər. Xatırladaq ki, bu gün Omanda ABŞ və İran arasında nüvə proqramına dair danışıqlar keçirilib.

İQTİDAR DƏYİŞSƏ BELƏ, TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI DƏYİŞMƏYƏCƏK

Doğrusu, görəndə çox təəccübləndim və  məyus oldum. Hətta deyərdim, bir qədər də hiddətləndim!  Necə yəni "Türkiyəsiz Azərbaycana hazırlaşaq"?  Bu nə cəfəng cümlədir? Bu cümlənin struktur olaraq bu şəkildə qurulması nəyə hesablanıb?  Haralara, kimlərə mesaj göndərirsiz? Haralara, kimlərə eyham vurursuz? Nəyin eyhamıdır bu? Siz nə etdiyinizin fərqindəsiniz? Özü də bunu, qələminə sayğı duyduğumuz bir jurnalist edəndə, adam bilmir başına haranın daşını töksün.  Ən dəhşətlisi isə budur ki, bu zərərli sərlövhə ilə yazılan yazıları birdən-birə bir neçə sayt manşetdən tirajlamağa başlayır. Ağlınızı itirmisiniz?!.. Siz Türkiyə-Azərbaycan birliyinə düşmənsiniz? Siz Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə qəsd etmək yolu tutmusuz?. "...TÜRKİYƏSİZ AZƏRBAYCANA HAZIRLAŞMALIYIQ" - ALLAH ALLAH! Xəyalı, təsəvvürü belə dəhşətlidir, qorxuludur, vahiməlidir!  Vallah-billah, yazıqlar olsun! Çox heyf!  Elbeyi Hesenli, yanlış təbliğata meydan verməyin, Bəy. Siz axı çox təcrübəli bir qələm adamısız. Etməyin-eləməyin. Haqqında danışdığınız partiyaların ən üst düzəy adamları ilə təmaslarımız olub dəfələrlə, indi də var, hər səfərdə sizin də qaldırdığınız bu narahat sualları soruşmuşuq, soruşuruq, amma hər səfərdə bizə cavabları bu olub ki, "...Əfəndilər, bu bizə veriləcək suallar deyil, ayıb olur axı, arxadaşlar, ayıb olur".  Yəni, sözümün canı budur ki... ...nə Türkiyə Azərbaycansız, nə Azərbaycan Türkiyəsizdir, belə bir şey olmayıb, olmayacaq da, ola da bilməz, bu nə fiziki, nə də mənəvi-vicdani olaraq baş tutan işdir. Türkiyədə iqtidarda kim olur-olsun, ha AKP-si, ha CHP-si, Azərbaycan Türkiyə üçün, Türkiyə Azərbaycan üçün candır! Bu, 1918-ci ildən bu yana belədir!  Belə cəfəng fikirlər olan yazılarla insanlarımızı çaşdırmayaq, xalqlar arasına nifaq salmayaq!  İkincisi, bu gün Türkiyədə demokratik sistem hələ də yaşayırsa, bunun ən böyük səbəblərindən biri - ana müxalifət partiyası CHP-dir və bu təşkilata qarşı düşmənçilik toxumu səpmək, yalnız və yalnız Azərbaycanda təkadam yarımtotalitar sistemi qoruyub saxlamaq istəyən qüvvələrin işinə yarayır, başqa heç nəyə.  Onmilyonlarla tərəfdarı, seçməni olan bir siyasi institutu necə bu şəkildə bir qələmdə silə bilirsiz? Xeyirdə və şərdə daim bizim yanımızda olan, sevgisini bizdən əsirgəməyən Türkiyə xalqına bu dərəcədə sayğısızlıq nəyin əlamətləridir?  Kremlin, "Moskva cocuqları"nın Azərbaycanda təbliğat maşınının əsas tezisləri də elə bu deyilmi?  Hakimiyyətə də elə bu lazım deyilmi?  CHP-ni düşmən çıxarmaq, CHP-nin demokratiya, azad və ədalətli seçkilər, hüquqi dövlətçilik, ləyaqətli rifah dövləti, şəffaf və hesabatlı idarəetmə ilə bağlı verdiyi mücadiləni, ən əsası - GERÇƏK BİR MÜXALİFƏT OBRAZI YARATMASINI görməzdən gəlib xalqımızın gözündən salmaq - hamısı Əliyev iqtidarının əlinə oynamaqdan başqa bir şey deyil axı.  CHP-yə düşmənçilik, sadəcə, Erdoğan sevgisi, AKP sevgisi-filan da deyil. Burada rejimə sivil mübarizə ilə dirənən bir müxalifətçilik institutunun insanlarda yarada biləcəyi mübarizə əzminə, dirəniş iradəsinə nifrət yaratmaqdır əsas iş. CHP - müxalifətçilik institutunun yenilməz qalasıdir indi və siz hər səfərdə bu nümunəvi siyasi mərkəz haqda nifrət toxumu səpməklə avtoritarizmə, totalitarizmə qaz verirsiz.  Məgər siz bunu da başa düşmürsüz?  Kim nə deyir-desin, bu gün CHP qardaş Türkiyəmizdə uğurları kifayət qədər böyük olan bir müxalifət partiyasıdır. Ölkə iqtisadiyyatının 95 faizinin döndüyü böyük şəhər bələdiyyəri CHP-nin idaraetməsindədir. Bütün bunları illərdir demokratik savaş verərək əldə ediblər.  Siz indi qalxıb, siyasi meydanda, az qala yüz illik siyasi təcrübəsi və praktikası olan partiyanı düşmən elan etməklə, onların demokratiya uğrunda mücadiləsinə ləkə vurmuş olursuz, bu mübarizəni gözdən salmış olursuz.  Nə olur-olsun demokratiya mücadiləsi verənləri aşağılayıb gözdən salmaq, əvəzində isə, avtoritar şəxsləri guya xarizmatik lider kimi Şərq toplumuna qəhrəman obrazında sırımaq bizim düşmənlərimizin, bizi istəməyənlərin, TƏKADAM hakimiyyətlərin istək və arzularıdır.  İndi siz bunlara xidmət edirsiz? Bunun da fərqində deyilsiz?  Türkiyə xalqının yarıdan çoxunun səsini almış, Türkiyənin ən böyük şəhərlərini idarə edən CHP-yə düşmənçilik fonunda "Türkiyəsiz Azərbaycan haqda düşünməliyik" yazmaqla əlinizə nə keçdi? Bunu yazmağa əliniz necə gəldi?  Bu nə əcaib bir cümlədir belə? Məqsədiniz nədir axı cümləni sırf bu cür qurmaqda? Guya yeni bir şey deyirsiniz? İnanın, heç nə demirsiniz!  Yoxdur belə bir şey və bunu Türkiyənin mürəkkəb siyasi sistemini, Türkiyədə fəaliyyət göstərən hdp xaric iqtidarlı-müxalifətli bütün siyasi partiyaları, beyin mərkəzlərini, ictimai-siyasi quruluşları tanıyan, bilən, proseslərdən tam məlumatlı şəxs kimi bütün məsuliyyətimlə deyirəm: yazdıqlarınız tamamilə, kökündən cəfəng fikirlərdir. Mirzə Rəşad Orbey, siyasətçi

Trampın İranla bağlı ŞOK PLANI: "Xomenei devriləcək, əvəzində isə..."

“Tramp İran rəhbərinə iki ay vaxt verib və danışıqlara başlamağı təklif edib. ABŞ-ın İrandan əsas tələbi nüvə məsələsinin həll olunmasına nail olmaq və Yaxın Şərqdəki proksi qüvvələri maliyyələşdirməkdən vaz keçirməkdir. Bilirik ki, İran son 30-35 il ərzində Yaxın və Orta Şərqdə bir çox proksi qüvvələri dəstəkliyib və onların güclənməsi üçün milyardlar xərcləyib”. Bu fikirləri “KONKRET.az“a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib. “Bu proksi qüvvələr İran tərəfindən müqavimət oxu kimi də dəyərləndirilir. Bu qüvvələrdən İsrailə qarşı istifadə olunub. 2023-cü ilin oktyabrından artıq İranın proksi qüvvələrinə qarşı savaş açılıb. Bu müddət ərzində həm HƏMAS, həm də Hizbullah ciddi şəkildə zəiflədilib. Eləcə də İranın Yaxın və Orta Şərqdə əsas dəstəkçisi rolunda çıxış edən Bəşər əsəd rejimi də devrilib. Trampın mövqeyi ondan ibarətdir ki, qeyd olunan bütün proksi qüvvələr sıradan çıxarılmalıdır. Belə olan halda onlar ABŞ və İsrailin maraqlarına təhdid yaratmayacaqlar. Trampın husilərə qarşı mübarizəsi bir müddət davam edəcək. Onların tamamilə sıradan çıxarılması məsələsi mürəkkəbdir. Amma xeyli dərəcədə zəiflədə bilərlər. Çünki ABŞ-ın Yaxın və Orta Şərqdə kifayət qədər ciddi maraqları var. Ona görə də, Tramp İranın zəiflədilərək ABŞ-ın iradəsinə tabe edilməsinə çalışır. Ən azı İranda rejimi dəyişərək özünə yaxın və sözəbaxan hökumətin qurulmasında maraqlıdır”.

İran İslam Respublikasının sonuncu ili

Novruz bayramının ilk dəfə nə zaman və harada qeyd edildiyi haqqında tarixi qeyd yoxdur. Ancaq Doğu Türküstandan Ərəbistan sərhədlərinə qədər uzanan çoğrafiyada ərəblər istisna olmaqla Novruzu bütün xalqlar milli bayramları olaraq qeyd edirlər. Novruz bayramının tarixdə ilk dəfə harada və nə zaman qeyd olunduğu haqqında məlum olmasa da, son 1400 ildə ərəbləşməyə qarşı ən kütləvi ayin, qoruyucu zirehi olub.   Bu il Novruz bayramı İslamın beş şərtindən biri hesab olunan orucluğun tutulması zamanını müəyən edən Ramazan ayı ilə üst-üstə düşmüşdü. Bundan başqa bu il Novruz bayramı İslam peyğəmbərinin kürəkəni, Rəşidi xəlifələrin dördüncüsü və şiələrin ilk imamı Əli ibn Əbu Talibin yaralanması və vəfatının ildönümünə təsadüf edirdi. Bütün bunlara baxmayaraq İranda Novruz bayramı çox geniş qeyd olunub. Sosial şəbəkəklərdə və Youtebe-də yayılan video və fotolar təsdiqləyir ki, bu il Novruz bayramı geniş və kütləvi əyləncələrlə müşaiyyət olunub. Elə bir vəziyyət yaranıb ki, baş verənlər İranın dini lideri Seyid Əli Xameneini özündən çıxarıb. Təmkinliyi ilə fərqlənən Seyid Əli Xamenei son cümə xütbəsində Novruz bayramı şənliklərində iştirak edənləri pisləyib. Seyid Əli Xameneini özündən çıxaran əsas məsələ dini ziyarətgah və məscidlərə getməyən İran vətəndaşlarının musiqili əyləncələr və kütləvi yürüşlər keçirmələri olub. İranın bəzi yerlərində kütləvi Novruz tədbirlərinə görə yollar bağlanıb. Müşahidəçilər İran İslam İnqilabından ötən 46 ildə ilk dəfə olaraq Novruz bayramının bu qədər açıq sürətdə mövcud rejimə və dinə qarşı yönəldiyini qeyd edirlər. Bütün bunlar göstərir ki, İrandakı mövcud rejimin ideoloji-mənəvi əsasları tamamilə dəyərini itirib. Rejim ancaq süngü- sərt represiya maşının üzərində mövcudluğunu saxlaya bilir. Bu represiya maşınını əzildikdən sonra İrandakı mövcud rejim dərhal çökəcək. İranda və bölgədə gedən proseslərin təhlili onu göstərir ki, bu il İran İslam Respublikasının sonuncu ilidir. Çökən imperiyanın dağıntıları altında qalmamaq, əksinə imperiyanın çöküşünü böyük bir başlanğaca çevirmək üçün xalqımızın çox böyük tarixi şansı var. Xəqani Cəfərli, politoloq

İmamoğlu həqiqətən rüşvətxordursa diplomunu ləğv eləməyə nə ehtiyac var idi?

İstanbul böyük şəhər bələdiyyəsinə qəyyum təyin etmək riskinə getmədilər. Ayın 26-da bələdiyyə Məclisi toplaşaraq öz üzvlərindən birini bələdiyyə başqanı seçəcək. Çoxluq CHP-də olduğundan İmamoğlunun komanda üzvlərindən biri (yəqin ki, ilçə bələdiyyə başqanları arasından) böyük şəhər bələdiyyə başqanı olacaq.  Qəyyumdan vaz keçilməsində 2 amil rol oynadı: - Xalq etirazlarının gözləniləndən daha genişmiqyaslı, inadlı və coşğulu olması; - İqtisadiyyatın alt-üst olması riski. 19 mart əməliyyatı ilə iqtidarın nəyə nail olduğu zamanla əlbəttə ki, daha aydın ortaya çıxacaq. Mən şəxsən burada prezident Ərdoğan üçün bir uduş variantı görmürəm. Əməliyyat öncəsi Əkrəm İmamoğlu reytinqi yüksək olan ölkə siyasətçilərindən biriydi, əlavə olaraq onun əzabkeş obrazı da yarandı.  Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur. Dəlil-sübut kimi təqdim olunan məsələlər gizli şahidlərin ifadələrindən ibarətdir, onlar isə gördüklərini yox, eşitdiklərini danışırlar. Vaxtilə "Ergenekon", "Balyoz" əməliyyatları da gizli şahidlərin ifadələrinə əsaslanırdı və türk ordusunun yüzlərlə zabiti həbs olunmuşdu. (Yeri gəlmişkən, Türkiyə işğal olunsa, düşmənin belə asanlıqla cəsarət etməyəcəyi bu boyda rəzalətə görə kimsə cavabdehlik daşımadı). Bu cinayət işlərinin aqibətinin nə olduğunu bilirsiniz. Ona görə də, gizli şahid ifadələrinə hər hansı ictimai etimaddan söhbət gedə bilməz.  Digər tərəfdən, indiyə qədər İstanbul bələdiyyəsində Daxili İşlər Nazirliyinin, Ticarət Nazirliyinin müfəttişləri və Hesablama Palatası (Sayıştay) tərəfindən 1019 dəfə yoxlama aparılıb. Dövlət müfəttişləri qanunsuz heç nə aşkarlamayıb, amma gizli şahidlər deyir ki, "eşitdiyimizə görə filan şey filan cür olub" və bunun əsasında nüfuzlu müxalifət lideri həbsə atılır.  İnsanlar axmaq deyil, təhsil səviyyəsindən asılı olmayaq hər kəs məntiqlə düşünə bilir. Aydındır ki, hakimiyyətin onun fəaliyyətini diqqət mərkəzində saxladığını çox yaxşı bilən prezidentliyə iddiaçı şəxs maksimum çalışar ki, boşluq buraxmasın. Məntiq mühakiməsi həm də onu deyir ki, İmamoğlu həqiqətən korrupsioner və rüşvətxordursa, onda diplomunu ləğv eləməyə nə ehtiyac var idi? Deməli, məsələ siyasidir. Bir sözlə, baltanı daşa vurdular. Şahin Cəfərli, politoloq