Demokratların ABŞ prezidentliyinə namizədi partiyanın qurultayında müəyyənləşəcək. ABŞ-ın ən böyük media quruluşları hesab edilən “The Washington Post“, “The New York Times“ və “USA Today”, “The Economist” jurnalı, “Axios” və “Business Insider” portalları Baydenin əvəzinə Demokratlar partiyasından namizədliyə mümkün namizədlərin siyahısını hazırlayıb. Siyahılar müxtəlif olsa da siyahılarda bir neçə şəxs önə çıxıb. Həmin şəxslər aşağıdakılardır: - Vitse-prezident Kamala Harris. Qeyd edək ki, bu gün Bayden də onu dəstəklədiyini açıqlayıb. 59 yaşlı Harris ABŞ tarixində ilk qadın vitse-prezidentdir. O 2019-cu ildə prezidentlik kampaniyasına başlamış, lakin həmin ilin dekabrında onu başa çatdırmışdı. - Mişel Obama. Sabiq ABŞ prezidenti Barak Obamanın həyat yoldaşı. 60 yaş. - Pit Butticiç. Nəqliyyat naziri. 42 yaş. O həmçinin Əfqanıstan müharibəsi veteranıdır. Qeyd edək ki, o, 2020-ci ildə Demokratlar arasında Baydenin əsas rəqiblərindən biri idi. - Emi Klobuşar. Minnesotadan olan 64 yaşlı senator da 2019-2020-ci illərdə Demokratlar arasındakı namizədlik uğrunda Baydenin rəqiblərindən biri idi. - Gevin Nyusom. 56 yaşlı Kaliforniya qubernatoru Nyusom 2023-cü ilin oktyabrında Pekinə səfər edərək Çin Prezidenti Si Cinpin ilə də görüşmüşdü. - Rafael Uornok. Corciya ştatından olan 54 yaşlı senator. ABŞ Senatında Corciya ştatını təmsil edən ilk afroamerikalı. - Cey Pritzker. 59 yaşlı siyasətçi İllinoys ştatının qubernatorudur. Qeyd edək ki, onun ailəsi Hyatt otellər şəbəkəsinin sahibidir. - Coş Şapiro. Pensilvaniyanın qubernatorudur. 51 yaşı var. (APA)
"Tramp Ukraynanın məğlubiyyətinin Amerika üçün çox böyük məğlubiyyət olacağı gerçəkliyi anlayır..." Böyük Britaniyanın sabiq baş naziri Ukrayna üçün sülh planını açıqlayıb Böyük Britaniyanın sabiq baş naziri Boris Conson Donald Trampa Rusiya-Ukrayna böhranının həll variantlarını təklif edib. Sozcu.az xəbər verir ki, bu barədə o, "Daily Mail" qəzetində dərc edilən məqaləsində yazıb. Məqalənin əvvəlində britaniyalı siyasətçi ABŞ prezidentliyinə namizədin onun həyatına sui-qəsd zamanı cəsarət göstərdiyini yüksək qiymətləndirib və qeyd edib ki, Tramp "Amerikaya göstərib ki, qatil gülləsi onu nə fiziki, nə də psixoloji səhətdən məğlub edə bilməyib". "Hesab edirəm ki, indi dünyaya da, Ağ Evə də lazım olan məhz yenilməz ruhdur", - Conson yazıb. O, əmindir ki, məhz bu keyfiyyət Trampa o cümlədən Rusiya-Ukrayna kimi münaqişələrin həllində kömək edəcək. Bu zaman britaniyalı siyasətçi Trampın "Amerika hər şeydən öncədir" siyasətini nəzərə alaraq Şərqi Avropada müharibənin dayandırılmasına kömək edəcək bir neçə praktiki məsləhətlər vermək qərarına gəlib. "Bəzi respublikaçıların keçmişdə Ukrayna haqqında nə deməsindən asılı olmayaraq, hesab edirəm ki, Tramp gerçəkliyi anlayır: Ukraynanın məğlubiyyəti Amerika üçün çox böyük məğlubiyyət olacaq", - britaniyalı siyasətçi buna əmindir. O, hesab edir ki, Putin Ukrayna ilə qane olmayacaq və öz təcavüzkar siyasətini davam etdirəcək. Polşa, Baltikyanı ölkələr və ya Gürcüstan zərbə altına düşə bilər. Onun fikrincə, Putinin potensial qələbəsi Ronald Reyqanın nailiyyətlərinin və "soyuq müharibə"nin başa çatmasından sonra bərqərar olan balansın üzərindən xətt çəkəcək. Üstəlik, Çin Rusiyadan nümunə götürərək "Tayvanı zəbt etməyə ruhlanacaq". "Biz qəflətən əsl dəhşət doğuran münaqişənin astanasında qala bilərik. Bu münaqişədə amerikalılar seçim qarşısında qalacaq: ya dünya liderliyi uğrunda bütün iddialardan əl çəkmək, ya da qayda-qanunun bərpasına trilyonlarla dollar xərcləmək və gənc həmvətənlərimizi yenidən xaricə özgəsinin torpağında ölümə göndərmək", - Conson xoşagəlməz proqnoz verib. Onun fikrincə, Ukraynaya vaxtında yardımı nizama salmaq və Ukrayna Silahlı Qüvvələrinə (USQ) var gücü ilə döyüşməyə imkan vermək lazımdır. "Hal-hazırda Rusiya qoşunları havada planlaşdırıcı bombalardan istifadə edərək Ukraynanın mövqelərinə xeyli zərər vurur. Lakin USQ buna cavab verə bilmir, çünki ABŞ onlara Rusiyanın hava limanlarını məhv etmək üçün ATACMS-dan istifadə etməyə icazə vermir, Böyük Britaniya isə, təəssüf ki, Ukraynaya bu hədəfləri məhv etmək üçün "Storm Shadow" raketlərindən istifadə etməyi qadağan edir. Consonun fikrincə, Tramp "bütün bu bürokratik tərəddüdlərə son qoya və zəruri icazələr verə bilər". Rusiya qoşunları geri oturulduqdan sonra isə ABŞ prezidenti rusiyalı həmkarına sövdələşmə təklif edə bilər. "Putinə ən azı 2022-ci ilin sərhədlərinədək geri çəkilmək lazım gələcək. Gələcək münaqişələrdən və qeyri-müəyyənlikdən yan keçmək üçün Ukraynanın qalan hissəsinin öz taleyini Avropa İttifaqı və NATO-da seçim etməyə qadir olan suveren ölkə kimi tanımaq lazımdır", - o, hesab edir. O, əmindir ki, Ukraynaya tezliklə bu təşkilatlarda üzlük verilməlidir. Bundan sonra böyük döyüş təcrübəsinə malik olan USQ bölmələri NATO-nun Avropa ölkələrində Amerikanın 70 minlik kontingentini əvəz edə bilər. "Bu, Trampa qənaət etməyə, ABŞ hərbi qulluqçularını evlərinə qaytarmağa və avropalıların öz müdafiəsi üçün daha çoxunu etməyə imkan verə bilər. Bu, onun əsas məqsədlərindən biridir", - Conson bəyan edib. Digər tərəfdən, Rusiya prezidenti Putinə "qələbə mənzərəsini çəkməyə" mane olunmamalıdır. "O, əlbəttə ki, "xüsusi hərbi əməliyyat"ın uğurla bitməsini və Ukraynanı denasifikasiya etdiyini bəyan edə bilər", - Conson yazıb. Lakin praktiki addımlar da atılmalıdır. Bunlardan biri Ukraynanın rusdilli əhalisinin qanunvericiliklə müdafiəsi ola bilər. Onun fikrincə, Moskvaya qarşı təkcə qamçı ilə deyil, həm də kökə ilə hərəkət etmək gərəkdir. "Hər şeydən öncə, Tramp Ağ Evi Rusiya ilə qlobal yaxınlaşmaya sövq edər, Putini isə Rusiyanın "Böyük səkkizlik" və hətta NATO ilə əməkdaşlıq etdiyi günlərə qaytara bilər", - Conson buna əmindir. Lakin buna yalnız güc nümayiş etdirməklə nail olmaq mümkündür, o, qeyd edib. "Vaşinqton və Trampa beynəlxalq sərhədlərə hörmət edilməsinin zəruriliyini və sovet imperiyasını güclə bərpa etməyin mümkünsüzlüyünü göstərmək lazım gələcək", - britaniyalı siyasətçi güman edir. "Heç vaxt unutmayın ki, Obama və ya Bayden deyil, məhz Tramp ukraynalılara 2022-ci ildə Kiyev uğrunda döyüşdə həlledici rol oynayan "Cavelin" tankəleyhinə silah verib. Tramp artıq Ukrayna demokratiyasının müdafiəsində qətiyyətli hərbi əməliyyatlarda təcrübəyə malikdir", - Conson xatırladıb.
Donald Trampı öldürməyə cəhddə ittiham olunan 20 yaşlı Tomas Metyu Kruks qocalar evində işləyirmiş. Sozcu.az "UNİAN"-a istinadla xəbər verir ki, "CNN-in məlumatına görə, müstəntiqlər hələ gəncin sosial şəbəkələrində motivi göstərən heç nə tapmayıblar. Hazırda Federal Təhqiqatlar Bürosu onun telefonuna giriş əldə etməyə çalışır. Jurnalistlərin sözlərinə görə, Kruks Amerika Birləşmiş Ştatlarının keçmiş prezidentinin mitinq keçirdiyi ərazidən təxminən 35 mil cənubda yerləşən Bethel Parkda yaşayıb. 2022-ci ildə orta məktəbi bitirib və kollektivə uyğunlaşa bilmədiyi üçün daim yoldaşları tərəfindən ələ salınıb. Atıcının qocalar evində dietoloq köməkçisi kimi işlədiyi məlum olub. Tibb bacılarından biri jurnalistlərə bildirib ki, həmin yerdə də axtarış aparılıb. Kruks respublikaçı kimi qeydiyyatdan keçmişdi, lakin əvvəllər demokratları dəstəkləyə qrupa kiçik ianələr də verib. O, yalnız bir dəfə, 2022-ci il aralıq ümumi seçkilərində səs verib. 2024-cü il prezident seçkiləri onun səs verəcəyi ilk seçki olmalı idi. "Oğlanın atasına aid ola bilən "AR" tüfəngindən istifadə etməklə onun şəxsiyyətini müəyyən etmək mümkün olub. Onun yanında heç bir sənəd olmayıb. Oğlanın valideynləri sosial işçi olub. Kruksun atası əvvəlcə jurnalistlərə baş verənləri araşdırmağa çalışdığını deyib. Sonradan onunla əlaqə saxlaya bilməyiblər... Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti D.Tramp Pensilvaniyada keçirilən mitinq zamanı yaralanıb. Atışma anı videoda lentə alınıb - siyasətçi əlini qulağına qoyaraq əyilib. Sonradan məlum olub ki, 20 yaşlı atıcı Gizli xidmət tərəfindən vurularaq öldürülüb. Tramp qulağından zədə alıb və tezliklə xəstəxanadan buraxılıb. Amerika prezidenti Co Bayden Respublikaçılar Partiyasının qarşıdan gələn qurultayından əvvəl Trampın təhlükəsizliyini gücləndirməyi və təhlükəsizlik tədbirlərinə yenidən baxmağı əmr edib.
Türkiyə xərcləri azaltmaq üçün ABŞ-la bağladığı 23 milyard dollarlıq F-16 modernləşdirmə müqaviləsində bəzi dəyişikliklər etməyi planlaşdırır. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə hakimiyyəti daha az modernləşdirmə dəsti və sursat almaqla vəsaitlərinə qənaət etməyi hədəfləyir. Qeyd edək ki, ABŞ Türkiyənin 40 yeni nəsil F-16 döyüş təyyarəsi, 79 modernizasiya dəsti və çoxlu sayda raket almasına razılıq vermişdi. İndi isə Türkiyə razılaşmaya bəzi dəyişikliklər etməyə hazırlaşır. Adı açıqlanmayan Türkiyə rəsmisi bildirib ki, onlar müqavilənin xərclərini azaltmaq üçün daha az modernləşdirilmiş dəst və sursat alacaqlar. Prezident Rəcəb Tayyib Ərdoğan Vaşinqtonda keçirilən mətbuat konfransında ehtiyat hissələri məsələsinin gündəmə gətirildiyini bildirib. Anlaşmanıntəxminən 2030-cu ildə həyata keçiriləcəyi gözlənilir. Qeyd edək ki, müqaviləyə həmçinin müxtəlif təkmilləşdirmələr, o cümlədən radar, elektron müharibə dəsti, rabitə sistemi və missiya kompüteri alınması daxildir.
ABŞ Prezidenti Co Bayden seçki yarışından geri çəkilmək niyyətində olmadığını və respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib. Sozcu.az xəbər verir ki, bunu Bayden Konqresdəki demokratlar fraksiyaların rəhbərliyinə ünvanlandığı məktubunda ifadə edib. Məktubun mətni onun X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Ağ evin hazırkı sahibi vurğulayıb ki, mətbuatdakı fərziyyələrə baxmayaraq, o, seçki yarışını sona çatdırmaqda və Donald Trampı məğlub etməkdə qərarlıdır. Bayden deyir ki, Trampla debatdan sonra səslənən narahatlıqlara da “göz yummur”. “Bütün bunlara yüksək səslə və aydın cavab verə bilərəm: 2024-cü ildə Donald Trampı məğlub etmək üçün hamıdan daha yaxşı mövqedə olduğuma tam inanmasaydım, yenidən seçilmək istəməzdim”, - məktubda qeyd olunub.
İranda keçirilən prezident seçkilərinin ikinci turunun nəticəsi elan edildi. Güney azərbaycanlı namizəd Məsud Pezeşkian 16 384 403 səs ilə prezident seçkilərinin qalibi oldu. Nəticələrin elan edildikdən sonra İranın paytaxtı Tehran, eləcə də Güney Azərbaycanın Təbriz, Urmiya və digər şəhərlərində seçicilər küçələrə axışaraq, Məsud Pezeşkianın prezident seçkilərində qələbəsini qeyd edirlər. Sosial şəbəkələrin Azərbaycan seqmentində M.Pezeşkianın qələbəsi sevinclə qarşılanır, hətta bu olayı “Türk Əsri” olaraq şərh edirlər. Sırf Güney azərbaycanlı olması səbəbindən Məsud Pezeşkianın qələbəsinə sevinmək onun xüsusi nə isə edəcəyini gözləmək real bir yanaşma sayılmır. Bu haqda indiyədək bir çox fikirlər var. Məsələ ondadır ki, Səid Cəlili kimi Məsud Pezeşkian da İran islam inqilabına və mövcud rejimə sadiqdir. Digər bir danılmaz fakt isə İrandakı seçki sistemi ilə bağlıdır. Pezeşkian və rəqiblərinin hamısının seçkidə iştirak etməsinə İran Ali dini lideri icazə verib. Yəni İranda prezident seçilmək bir yana, namizəd olmaq da o qədər asan bir şey deyil. Bundan başqa SEPAH faktoru da var və əslində həlledici yekun qərarı məhz o təşkilat verir. İranda geniş səlahiyyəti Ali dini lider institutu və atılan bütün addımlara nəzarət edən, qərar verən SEPAH olduğu müddətdə etnik mənsubiyyətindən asılı olmayaraq prezident olan şəxsin fərqli siyasət yeritməsi imkansızdır. Pezeşkianın prezident seçilməsini İranda “türk əsrinin” başlanması kimi təqdim etmək romantik yanaşmadan başqa bir şey deyil. İrandakı başlıca problem heç də türklərin siyasi proseslərdən kənarda qalması, ya da yüksək vəzifələrdə təmsil edilməməsi deyil. Müqayisə üçün deyim ki, İranda kifayət qədər Güney azərbaycanlı dini lider, deputat, siyasi şəxs var. Bilməyənlər üçün onu da deyim ki, SEPAH daxilində yüksəkrütbəli azərbaycanlılar da çoxdur. Lakin İrandakı teokratik rejim, onun elementləri və qərarvermə mexanizmi fars elitasının əlindədir. Bu sistem elə qurulub ki, etnik mənsubiyyət fərqi olmadan onun bir parçası olmaq, hətta yüksəlmək də olar. Lakin sistem etnik əsasda qərar verməyi ümmətçilik adı altında pərdələnən fars milliyyətçiliyini üstələməyə imkan vermir. Ümumiyyətlə, İranda Güney Azərbaycanın timsalında türk elitasının hakimiyyətə gəlməsini imkansız edən ən önəmli faktor milli kimliyin, özünüdərkin praqmatik əsaslarda deyil, romantizm əsasında olmasıdır. Yəni İrandakı türk elitası tam olaraq nə istədiyini bilmir. Elitanın ideoloqlarının bəzilərinin düşüncəsi belədir: 1. Güney Azərbaycan mədəni muxtariyyət əldə etməlidir; 2. Güney Azərbaycan yüksək muxtariyyət əldə etməlidir; 3. İran konfederasiya olmalı, iki dövlət modelinə keçməlidir; 4. Güney Azərbaycan müstəqil olmalıdır; 5. Güney Azərbaycan İrandan ayrılıb, şimala birləşməli, vahid Azərbaycan olmalıdır; 6. Türklər İranda hakimiyyəti ələ keçirməli, hakim elita olmalıdır. Bu görüş fərqliliyi əslində ötən əsrin ikinci yarısında İran islam inqilabının da seyrini dəyişdi və prosesi farsların lehinə yekunlaşdırdı. Güney Azərbaycan İran islam inqilabının qələbəsindən həlledici rol oynadıqdan sonra bir ildən də az müddətdə fikir ayrılıqları səbəbindən inqilaba dəstək verən ideoloqlarını, düşünürlərini itirməyə başladı. Bunlardan ən önəmli və dəyərlisi şübhəsiz əslən Güney azərbaycanlı olan Seyid Məhəmməd Kazım Şəriətmədari idi. O, din xadimi olsa da din xadimlərinin hökumət vəzifələrindən uzaq tutulması kimi ənənəvi şiə praktikasının tərəfdarı idi. O, həm də İranda Cənubi Azərbaycan milli hərəkatının lideri olub və İranın tərkibində Cənubi Azərbaycan muxtariyyəti və daha sonra isə müstəqillik ideyasını dəstəkləyib. Lakin onun dövründə də türk elitasının heç də hamısı onu dəstəkləmədiyi üçün rejim qarşısında tab gətirə bilmədi. Hesab edirəm, Məsud Pezeşkianın prezident olması Güney Azərbaycandakı ideoloji böhranı daha da dərinləşdirəcək. Rejimə sadiq bir azərbaycanlının prezident olması sadəcə həmin rejimə sadiq təbəələrin yetişməsi, assimilyasiya prosesinin davam etməsi deməkdir. Turan Rzayev Globalinfo.az-ın siyasət yazarı
İyulun 15-dən 24-dək Ermənistanda ABŞ və Ermənistan hərbçilərinin iştirakı ilə “Eagle Partner” hərbi təlimləri keçiriləcək. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. “Təlimlərdə Ermənistan silahlı qüvvələrinin sülhməramlı briqadası, ABŞ ordusunun Avropa və Afrikadakı hərbi qulluqçuları və Kanzas Milli Qvardiyası iştirak edəcək”, - məlumatda qeyd olunub. Bildirilib ki, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin koordinasiya səviyyəsinin yüksəldilməsi, idarəetmə və taktiki rabitə sahəsində təcrübə mübadiləsinin aparılması, döyüş hazırlığının artırılmasıdır.
ABŞ Prezidenti Co Bayden seçki kampaniyasından geri çəkilmək niyyətində olmadığını və onu davam etdirmək niyyətində olduğunu açıqlayıb. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə o, dünən seçki qərargahına bildirib. “Mən sona qədər seçki kampaniyasında iştiraka davam edəcəyəm və biz qalib gələcəyik”, - deyə Bayden vurğulayıb. Bəziləri hesab edirdilər ki, eks-prezident Donald Trampla sonuncu teledebatın uğursuzluğundan sonra Bayden namizdəlikdən geri çəkiləcək.
“Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı 2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər...” “Kremlin Ukraynada kifayət qədər resursları var. Mən Ukrayna informasiya resurslarını ciddi izləyirəm. Və gəldiyim qənaət ondan ibarətdir ki, onların bəlkə də yarısından çoxu Rusiya tərəfindən idarə olunan, Rusiya tərəfindən dəstəklənən və Kremlin maraqlarına xidmət edən informasiya resurslarıdır. Bəs Ukrayna hakimiyyətinin daxilində Rusiyanın təsir imkanları varmı? Zənnimcə, var. Hətta orduda da var. Və onu da nəzərə alaq ki, sovet dövründə Ukrayna Rusiyaya digər postsovet ölkələrindən bir köynək yaxın olub”. Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının “Bu günlərdə Ukrayna Təhlükəsizlik Xidməti Rusiya xüsusi xidmət orqanlarının təşkil etdiyi növbəti dövlət çevrilişinə cəhd ssenarisinin qarşısını aldı. Necə hesab edirsiz, hazırkı durumda Kremlin Kiyevdə dövlət çevrilişinə nail olmaq üçün yetərli imkan və resursları varmı?” sualını cavablandırarkən ifadə edib. “O vaxtlar Moskvada Ukraynaya etibar da, güvən də daha yüksək olub. Ukraynanın nümayəndələri SSRİ rəhbərliyində daha yüksək vəzifələrdə təmsil olunurdular. Bilirsiz ki, sırf etnik ukraynalı olmasa da, Ukraynadan olan Brejnev sovet dövlətinin rəhbəri olub. Çoxlu misallar gətirmək olar. Stalindən sonra Xruşşov Ukraynadan gəlib SSRİ-yə rəhbərlik edib. Belə amillər də onu deməyə əsas verir ki, Rusiyanın Ukraynada xeyli resursları var. Amma bu resurslar Kreml üçün Ukraynada dövlət çevrilişi həyata keçirməyə kifayət edirmi? Zənnimcə, yox. Ona görə ki, birincisi, artıq Ukraynanın özündə xeyli təmizlənmə prosesi aparılıb. Yalnız son iki ildən çox dövrdə yox, ondan əvvəl də, yəni Rusiyanın Ukraynaya qarşı aqressiv siyasət apardığı 2012-ci ildən bəriki 12 illik müddətdə, əlbəttə, Ukrayna dövləti, onun müvafiq qurumları müəyyən lazımi fəaliyyətlər həyata keçiriblər. Digər tərəfdən, unutmayaq ki, Uktraynanın NATO müttəfiqləri arasında ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və s. kimi dövlətlərin xüsusi xidmət orqanları da bu dövrdə mürgüləməyiblər, onlar da Ukraynanın təhlükəsizliyi üçün müəyyən fəaliyyət göstərib, bu istiqamətdə hansısa konkret addımlar atıblar. Onlar da Ukrayna xüsusi xidmət orqanlarına Rusiya agentura şəbəkələrinin aşkarlanmasında, zərərsizləşdirilməsində xeyli kömək göstəriblər. Yəni bu yalnız ehtimal deyil, bu, əməkdaşlığın müəyyən bir zəruri istiqamətidir. Bir sözlə, bütün bu deyilənlər baxımından düşünürəm ki, Rusiyanın Ukraynada dövlət çevrilişi etmək imkanları kifayət qədər məhduddur. Və deyərdim ki, yetərli deyil...”, - deyə davamında ekspert vurğulayıb.
“COP29 tədbiri Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Təkcə Azərbaycan üçün yox, dünyada ekoloji tarazlıqla bağlı ən vacib tədbirlər sırasında ilk yerlərdədir. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onun siyasi gücünün nəticəsidir. Bu gün Azərbaycan dünyada təhsilə ən çox önəm verən ölkələr sırasındadır. 4 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır. Məktəblərimizin 326-sı, şagirdlərimizin 470 minə qədəri paytaxt Bakının payına düşür. Təbii ki, COP29 tədbirləri əsasən Bakıda keçiriləcək. Lakin bu heç də bütün orta ümumtəhsil məktəblərində dərslərin 1 ay müddətinə bağlanmasına gətirib çıxarmayacaq”. Bu sözləri Pravda.az-a təhsil eksperti Kamran Əsədov noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiri ilə əlaqədar məktəblərin 1 ay müddətinə bağlanacağı barədə məlumatlara münasibət bildirərkən deyib. Ekspert qeyd edib ki, daha çox Bakı şəhərində, tədbirin keçirildiyi yalnız lokal ərazilərdə məktəblərin müəyyən müddət onlayn rejimdə keçirilməsi qaçılmazdır: “Nəzərə alsaq ki, həm də Azərbaycanda koronavirus pandemiyası davam edir. Biz mütəmadi olaraq yoluxmanın müşahidə edildiyi, yaxud hansısa yoluxucu xəstəliyin olduğu məktəblərdə dərslərin onlayn rejimdə keçməsinin mövcud qanunvericiliyə uyğun olduğunu bilirik. Hətta məktəblər 1 ay müddətində bağlansa belə, bu nə müəllimlərin əməkhaqlarına təsir göstərəcək, nə də şagirdlərin normal dərs əldə etməsinə. Çünki Elm və Təhsil Nazirliyi bütün onlayn resursları yaradıb. Onlayn qiymətləndirmələr, dərsliklər, vəsaitlər, müvafiq portallar var. COP29-la bağlı qapanmada təkcə orta məktəblərdən yox, həm də ali məktəblərdən söhbət gedir. Tədbirin keçirildiyi ərazilərdə yerləşən orta, ali təhsil və peşə məktəblərində də noyabr ayında dərslər müəyyən müddət onlayn rejimdə davam edə bilər. Lakin bu o demək deyil ki, məktəblər tətilə bağlanacaq”. K.Əsədov bildirib ki, COP29 zamanı bütün təhsil müəssisələrinin 1 ay müddətinə bağlanması təhlükəlidir: “Biz 2020-ci ilin martından 2022-ci ilə qədər, yəni iki ildən çox müddət ərzində orta məktəblərdə tədrisi onlayn rejimdə apara bildik. Hesab edirəm, artıq Azərbaycanda məsafədən tədrisin təşkili ilə bağlı həm bütün resuruslarımız var, həm də müəllimlərimiz onlayn dərs keçə bilmək üçün avadanlıqlara malikdirlər. Təbii ki, təhsil sisteminin müasir çağırışlara uyğun olması onlayn tədrisin təşkilini qaçılmaz edir. Azərbaycanda ən vacib məqamlardan biri şagirdlərin təhlükəsiz şəraitdə, rahatlıqla məktəblərə getmələri ilə bağlıdır”.
Macarıstan Baş naziri Viktor Orban Kiyevə səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə Orbanın mətbuat katibi Bertalan Havaşi məlumat yayıb. “Macarıstan Baş naziri Viktor Orban səhər Kiyevə yollanıb. Burada Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparacaq”, - Havaşi bildirib.
Fransanın tanınmış simaları Fransa Silahlı Qüvvələrinin Ermənistana göndərilməsi xahişi ilə Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar. Sozcu.az APA-ya istinadən xəbər verir ki, yüzə yaxın tanınmış şəxs Emmanuel Makrona müraciət edərək Fransa Silahlı Qüvvələrini Ermənistana göndərməyə çağırıblar. Onlar guya Azərbaycan tərəfindən Ermənistana hər hansı təhlükənin olduğuna dair absurd ittihamla çıxış ediblər. Müraciəti ünvanlayanlar "bir çox fransızı və hüquq müdafiəçilərini narahat edən çox mühüm bir vəziyyətə - Ermənistanın mövcudluğu ilə bağlı vəziyyətə diqqət yetirməyi" Makrondan xahiş ediblər. Onlar Fransa hərbçilərinin "sülhməramlı kontingent" şəklində Ermənistana göndərilməsinə çağırış ediblər.