İstanbul böyük şəhər bələdiyyəsinə qəyyum təyin etmək riskinə getmədilər.
Ayın 26-da bələdiyyə Məclisi toplaşaraq öz üzvlərindən birini bələdiyyə başqanı seçəcək. Çoxluq CHP-də olduğundan İmamoğlunun komanda üzvlərindən biri (yəqin ki, ilçə bələdiyyə başqanları arasından) böyük şəhər bələdiyyə başqanı olacaq.
Qəyyumdan vaz keçilməsində 2 amil rol oynadı:
- Xalq etirazlarının gözləniləndən daha genişmiqyaslı, inadlı və coşğulu olması;
- İqtisadiyyatın alt-üst olması riski.
19 mart əməliyyatı ilə iqtidarın nəyə nail olduğu zamanla əlbəttə ki, daha aydın ortaya çıxacaq. Mən şəxsən burada prezident Ərdoğan üçün bir uduş variantı görmürəm. Əməliyyat öncəsi Əkrəm İmamoğlu reytinqi yüksək olan ölkə siyasətçilərindən biriydi, əlavə olaraq onun əzabkeş obrazı da yarandı.
Korrupsiya iddialarına kimsə inanmır, zatən dosye də boşdur. Dəlil-sübut kimi təqdim olunan məsələlər gizli şahidlərin ifadələrindən ibarətdir, onlar isə gördüklərini yox, eşitdiklərini danışırlar. Vaxtilə "Ergenekon", "Balyoz" əməliyyatları da gizli şahidlərin ifadələrinə əsaslanırdı və türk ordusunun yüzlərlə zabiti həbs olunmuşdu. (Yeri gəlmişkən, Türkiyə işğal olunsa, düşmənin belə asanlıqla cəsarət etməyəcəyi bu boyda rəzalətə görə kimsə cavabdehlik daşımadı). Bu cinayət işlərinin aqibətinin nə olduğunu bilirsiniz. Ona görə də, gizli şahid ifadələrinə hər hansı ictimai etimaddan söhbət gedə bilməz.
Digər tərəfdən, indiyə qədər İstanbul bələdiyyəsində Daxili İşlər Nazirliyinin, Ticarət Nazirliyinin müfəttişləri və Hesablama Palatası (Sayıştay) tərəfindən 1019 dəfə yoxlama aparılıb. Dövlət müfəttişləri qanunsuz heç nə aşkarlamayıb, amma gizli şahidlər deyir ki, "eşitdiyimizə görə filan şey filan cür olub" və bunun əsasında nüfuzlu müxalifət lideri həbsə atılır.
İnsanlar axmaq deyil, təhsil səviyyəsindən asılı olmayaq hər kəs məntiqlə düşünə bilir. Aydındır ki, hakimiyyətin onun fəaliyyətini diqqət mərkəzində saxladığını çox yaxşı bilən prezidentliyə iddiaçı şəxs maksimum çalışar ki, boşluq buraxmasın. Məntiq mühakiməsi həm də onu deyir ki, İmamoğlu həqiqətən korrupsioner və rüşvətxordursa, onda diplomunu ləğv eləməyə nə ehtiyac var idi? Deməli, məsələ siyasidir.
Bir sözlə, baltanı daşa vurdular.
Şahin Cəfərli, politoloq