TARİXİ SÜLH MÜQAVİLƏSİ VAŞİNQTONDA İMZALANACAQ?

Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətninin razılaşdırılmasına dair prosesin artıq yekunlaşdığını bildirəndən sonra, dünyanın müxtəlif nöqtələrindən, mötəbər siyasi mərkəzlərdən və bir çox maraqlı ölkələrdən məsələyə dair reaksiyalar gəlməkdədir. 

BMT-nin, Avropa İttifaqının, NATO-nun, eləcə də bir çox başqa ölkələrin rəsmiləri iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşmanı təqdir edərək alqışlayıblar. 

Əlbəttə, hardan baxsaq bu, çox sevindirici bir haldır. Cənubi Qafqazın uzun illər münaqişələrin qaynadığı bir bölgə kimi, uzunmüddətli sabitliyə, sülhə, barışa, kommunikasiyaların açılmasına, siyasi, iqtisadi, humanitar, mədəni əlaqalərin zamanla bərpa olunmasına, bir sözlə iqtisadi cəhətdən inkişafa, çiçəklənməyə ehtiyacı var. 

Burada yaşayan bütün xalqların sülh şəraitində birgəyaşayışa, qarşılıqlı fayda zəminində rifaha qovuşması çoxdankı arzumuzdur. 

Bu mənada, həqiqətən Azərbaycan və Ermənistanın tarixi sülhə nail olması hadisəsi dünyada beynəlxalq hüququn çeynəndiyi, qlobal müharibələr riskinin artdığı bir ərəfədə, planetimiz üçün dünya xalqlarına sülhün, barışın alternativsiz bir yol olduğunu göstərmək şansı yaradır. 

Hazırda ən qızğın polemika mövzularından biri də, baş tutma ehtimalı yüksək olan tarixi sülh müqaviləsinin məkan olaraq harada imzalanacağıdır. Artıq bununla bağlı da diplomatik trafik hiss olunmaqdadır.  

Məncə, sazişin ABŞ-da, məhz Vaşinqtonda imzalanması şansı da yox deyil. Bunun üçün son iki sutkada baş verənlər belə deməyə əsaslar yaradıb. 

Trampın nümayəndəsi Uitkoffun təyyarəsi Moskvada Putinlə görüşdən sonra Bakıya enib. Məlum enişin adını "texniki baxış" qoydular, amma mən buna az inananlardanam. Ukrayna-Rusiya arasında uzunmüddətli atəşkəs və sülh hələlik dalana dirənib. Trampa isə 100 günlüyündə sülhpərvərliyini sübut edəcək nəticələr lazımdır. 

Uitkoffun təyyarəsinin məhz bu məqamda Bakıya planlaşdırılmamış enişi maraq doğurmaya bilməz.

Təsadüfi deyil ki, Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh mətninin razılaşdırılmasının yekunlaşması barədə açıqlama verdikdən bir gün sonra, ABŞ Dövlət katibi Rubionun məlum məsələyə dair operativ reaksiyası özünü çox gözlətmədi. "...Bu, Trampın uzunmüddətli sülhə nail olmaqla bağlı vizyonuna uyğun gələn bir irəliləyişdir" deyən dövlət katibi prosesin ABŞ-ın yeni administrasiyasının diqqət mərkəzində olduğuna işarə etdi. 

Buradan da belə anlaşılır ki, dünyanın onsuz da qarmaqarışıq olduğu, heç kimin bir-birinin sözünü, fikrini, təklifini qəbul etmədiyi bir vaxtda, məhz Azərbaycan-Ermənistan tarixi sülh müqaviləsi Trampın sülhpərvər vizyonunu tamamlaya və rövnəqləndirə bilər. 

Sülh müqaviləsinin təntənəli surətdə ABŞ-da imzalanması ilə, uzun illər davam etmiş bir regional münaqişənin sonlandırılması Trampın qlobal lider kimi əhəmiyyətini göstərən bir hadisəyə çevriləcək. Bu baxımdan sülh müqaviləsinin bağlanmasının məkan olaraq Vaşinqtonda gerçəkləşdirilməsi versiyası inandırıcıdır. 

Əlbəttə, ABŞ-la son dönəmlər soyuyan münasibətləri normallaşdırmaq istəyən Azərbaycan prezidenti Əliyev üçün də belə bir fürsət göydəndüşmə olardı və onun bundan imtina etməsi inandırıcı deyil. 

Çünki son illər Qərb ölkələrinə rəsmi dövlət səfərlərinin, demək olar, baş tutmadığı bir şəraitdə ABŞ-a gedib həm sülh müqaviləsini imzalamaq, həm də ABŞ-ın yeni prezidenti Donald Tramp və administrasiyası ilə ikili görüşlər keçirmək Əliyevin gələcək siyasi perspektivi üçün az əhəmiyyət kəsb etmir. 

Təsadüfi deyil ki, bir neçə gün əvvəl Azərbaycanın ABŞ-dakı səfiri də ABŞ-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq fazasına qaldırmağın mümkünlüyündən danışmışdı. Son vaxtlar yəhudilərin də ABŞ-la münasibətləri düzəltmək üçün ciddi lobbi dəstəyi verməsinin altında həm də bu yatır. 

Mənə elə gəlir ki, rəsmi Bakı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində sırf məkan problemini, həm də okeanın o tərəfindən əlavə siyasi dividentlər qazanmaq baxımından dəyərləndirir.

Mirzə Rəşad Orbey, siyasətçi

Share on Facebook