"Putin gözləyirdi ki, Avropa güzəştə gedəcək və ya Ukrayna çökəcək, əvəzində ABŞ-ın mövqeyi kəskin şəkildə dəyişib..." Trampın sülh səyləri uğursuzluğa düçar olub. Bununla belə, Ağ Ev bildirir ki, o, xarici siyasət hədəflərinə çatmaq yolunda, hətta bu, daha uzun vaxt alsa belə, irəliləməyə davam edir. Sozcu.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb. Nəşr qeyd edir ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı Donald Tramp Ukraynada sülhün tam sürətlə bərqərar olduğunu inamla bəyan edib. Lyazır bu nikbin dəyərləndirmə reallığa ziddir. "Güzəşt etmədən güzəşt" Danışıqlar zamanı Putin Trampın tam atəşkəs tələbini rədd edib. Keçən həftə ABŞ və Ukrayna bu məsələ ilə bağlı razılığa gəlmişdi. Rusiya lideri yalnız enerji və infrastruktur obyektlərinə hücumların məhdud dayandırılmasına razılaşıb. Bu, Trampın yenidən prezident seçilməsindən sonra Putinlə keçirdiyi ikinci telefon danışığı idi və nəticələr göstərdi ki, onun Ukraynada sürətli sülh ideyasını reallaşdırması çətindir. Trampın planlaşdırdığı razılaşma nə Moskvaya, nə də Kiyevə tamamilə uyğun gəlmir. Özünü "qlobal sülhün təminatçısı" adlandıran Tramp indi Ukrayna ilə bağlı vədlərini yerinə yetirməyə çalışır. Putinlə danışıq eyni zamanda, İsrail və HƏMAS arasında Qəzzada atəşkəsin pozulmasından bir neçə saat sonra baş tutub. Qəzzadakı münaqişə yenidən alovlanıb, üstəlik, ABŞ Yəməndə husilərin obyektlərinə hava zərbələri endirib və İrandakı tərəfdarlarına xəbərdarlıqlar göndərib. Karnegi Fondunun eksperti Aaron Devid Miller qeyd edir: "Tramp özünü böyük bir danışıqlar ustası kimi təqdim edir, lakin mövcud münaqişələrin acı reallıqları ilə bu təsəvvürü uzlaşdıra bilmir. Trampın şəxsi rolu onun dünyagörüşündə hər şeyin mərkəzində dayanır, lakin reallıqda bu yanaşma işə yaramır". Trampın son bir ay ərzində Kiyevə göstərdiyi təzyiqlər, hətta Ukrayna prezidenti Zelenskini Ağ Evdə açıq şəkildə tənqid etməsi belə Moskva üzərində ciddi təsir yaratmayıb. Trampın ilk prezidentlik dönəmində ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə keçmiş yüksək vəzifəli rəsmisi Fiona Hill deyir: "Putin Trampa kiçik bir güzəşt etmiş kimi görünsə də, əslində heç nədən imtina etməyib. Moskva öz mövqeyindən geri çəkilməyib və ABŞ faktiki olaraq özü-özü ilə danışıqlar aparır. Putin müharibəni udmaq istəyir". "Nəticə sürpriz deyil" Karnegi Fondunun Berlin ofisinin rəhbəri Aleksandr Qabuyev qeyd edir ki, Tramp sürətli razılaşmaya çalışaraq Putini daha da ruhlandırıb: "Tramp Rusiyaya qarşı ciddi təsir vasitələri yaratmaq üçün çox az iş görüb, əksinə, Ukraynaya təzyiqi artırıb. Ona görə də nəticə təəccüblü deyil". Putinlə söhbətdən sonra verdiyi axşam müsahibəsində Tramp danışıqların çətinliyini etiraf edib: "Hazırda tərəflər bir-birinə qarşı çoxlu silah yönəldib. Bir qədər irəliləyiş olmadan atəşkəsin təmin edilməsi çətin olacaq. Bildiyiniz kimi, Rusiyanın üstünlüyü var". Trampın yüksək vəzifəli rəsmiləri və tərəfdarları isə onun xarici siyasət hədəflərinə sadiq qaldığını və prosesi sona çatdıracağını bildirir. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yazıb: "Tramp nə dediyini bilir və dediyini yerinə yetirir. O, artıq üç ildən çoxdur davam edən bu müharibəni bitirəcək". "Tramp səbrsizdir" Lakin tənqidçilər Trampın xarici siyasət yanaşmasının ciddi çatışmazlıqları olduğunu bildirir. ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Maks Berqmann vurğulayır: "Müharibəni dayandırmaq üçün aparılan danışıqlar olduqca mürəkkəb və yorucudur. Bunun üçün səbr və kreativ yanaşma lazımdır. Tramp administrasiyası isə Ukrayna məsələsində səbrsiz görünür və sadəcə olaraq bu münaqişədən çıxmaq istəyir". Dövlət Departamentinin keçmiş rəsmisi isə əlavə edir ki, Trampın siyasəti ABŞ-ın dünya səhnəsində gücünü azaldır: "O, daha çox müttəfiqlərimizi uzaqlaşdırmaqla məşğuldur. Nəticədə Vaşinqtonun qlobal təsir imkanları azalır və bu, Trampın istədiyi razılaşmaların bağlanmasını çətinləşdirir". Amerikanın Müəssisələr İnstitutundan Kori Şeyk isə bildirir: "Tramp XIX əsrin böyük güclər balansı modelinə uyğun hərəkət etməyə çalışır. Lakin dostlarını cəzalandırıb düşmənlərini mükafatlandırmaqla o, təsir imkanlarının məhdudiyyətlərini açıq şəkildə göstərir". Ekspertlər həmçinin Trampın yanaşmasının Putinin sərt mövqeyini gücləndirdiyini bildirir. Fiona Hill əlavə edir: "Putin gözləyirdi ki, Avropa güzəştə gedəcək və ya Ukrayna çökəcək. Ancaq bunun əvəzinə ABŞ-ın mövqeyi kəskin şəkildə dəyişib". Berqmann isə Trampın Putinə daha böyük güzəştlər etmə ehtimalından narahatdır: "Əgər atəşkəs Ukraynaya ABŞ silah tədarükünün dayandırılmasına gətirib çıxararsa, bu, Putin üçün böyük qələbə olacaq. Çünki Çin, Şimali Koreya və İran Rusiyaya dəstəklərini dayandırmır". Tramp-Putin danışıqları gündəmin əsas mövzusudur ABŞ və Rusiya liderlərinin telefon danışığından sonra hər iki tərəf bəyanat yayıb. Kremlin məlumatına görə, Putin Kiyevə hərbi yardımı tam dayandırmağı və kəşfiyyat məlumatlarını paylaşmamağı Trampdan tələb edib. Lakin Ağ Ev bu iddianı təkzib edərək belə bir razılaşmanın müzakirə mövzusu olmadığını bildirib. "The New York Times" yazır ki, Putin ilk dəfə olaraq enerji infrastrukturu hədəflərinə məhdud hücumları dayandırmağa razılaşıb. Lakin o, cəbhədə tam atəşkəsdən imtina edib.
Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh müqaviləsinin mətninin razılaşdırılmasına dair prosesin artıq yekunlaşdığını bildirəndən sonra, dünyanın müxtəlif nöqtələrindən, mötəbər siyasi mərkəzlərdən və bir çox maraqlı ölkələrdən məsələyə dair reaksiyalar gəlməkdədir. BMT-nin, Avropa İttifaqının, NATO-nun, eləcə də bir çox başqa ölkələrin rəsmiləri iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına yaxınlaşmanı təqdir edərək alqışlayıblar. Əlbəttə, hardan baxsaq bu, çox sevindirici bir haldır. Cənubi Qafqazın uzun illər münaqişələrin qaynadığı bir bölgə kimi, uzunmüddətli sabitliyə, sülhə, barışa, kommunikasiyaların açılmasına, siyasi, iqtisadi, humanitar, mədəni əlaqalərin zamanla bərpa olunmasına, bir sözlə iqtisadi cəhətdən inkişafa, çiçəklənməyə ehtiyacı var. Burada yaşayan bütün xalqların sülh şəraitində birgəyaşayışa, qarşılıqlı fayda zəminində rifaha qovuşması çoxdankı arzumuzdur. Bu mənada, həqiqətən Azərbaycan və Ermənistanın tarixi sülhə nail olması hadisəsi dünyada beynəlxalq hüququn çeynəndiyi, qlobal müharibələr riskinin artdığı bir ərəfədə, planetimiz üçün dünya xalqlarına sülhün, barışın alternativsiz bir yol olduğunu göstərmək şansı yaradır. Hazırda ən qızğın polemika mövzularından biri də, baş tutma ehtimalı yüksək olan tarixi sülh müqaviləsinin məkan olaraq harada imzalanacağıdır. Artıq bununla bağlı da diplomatik trafik hiss olunmaqdadır. Məncə, sazişin ABŞ-da, məhz Vaşinqtonda imzalanması şansı da yox deyil. Bunun üçün son iki sutkada baş verənlər belə deməyə əsaslar yaradıb. Trampın nümayəndəsi Uitkoffun təyyarəsi Moskvada Putinlə görüşdən sonra Bakıya enib. Məlum enişin adını "texniki baxış" qoydular, amma mən buna az inananlardanam. Ukrayna-Rusiya arasında uzunmüddətli atəşkəs və sülh hələlik dalana dirənib. Trampa isə 100 günlüyündə sülhpərvərliyini sübut edəcək nəticələr lazımdır. Uitkoffun təyyarəsinin məhz bu məqamda Bakıya planlaşdırılmamış enişi maraq doğurmaya bilməz. Təsadüfi deyil ki, Azərbaycan XİN Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh mətninin razılaşdırılmasının yekunlaşması barədə açıqlama verdikdən bir gün sonra, ABŞ Dövlət katibi Rubionun məlum məsələyə dair operativ reaksiyası özünü çox gözlətmədi. "...Bu, Trampın uzunmüddətli sülhə nail olmaqla bağlı vizyonuna uyğun gələn bir irəliləyişdir" deyən dövlət katibi prosesin ABŞ-ın yeni administrasiyasının diqqət mərkəzində olduğuna işarə etdi. Buradan da belə anlaşılır ki, dünyanın onsuz da qarmaqarışıq olduğu, heç kimin bir-birinin sözünü, fikrini, təklifini qəbul etmədiyi bir vaxtda, məhz Azərbaycan-Ermənistan tarixi sülh müqaviləsi Trampın sülhpərvər vizyonunu tamamlaya və rövnəqləndirə bilər. Sülh müqaviləsinin təntənəli surətdə ABŞ-da imzalanması ilə, uzun illər davam etmiş bir regional münaqişənin sonlandırılması Trampın qlobal lider kimi əhəmiyyətini göstərən bir hadisəyə çevriləcək. Bu baxımdan sülh müqaviləsinin bağlanmasının məkan olaraq Vaşinqtonda gerçəkləşdirilməsi versiyası inandırıcıdır. Əlbəttə, ABŞ-la son dönəmlər soyuyan münasibətləri normallaşdırmaq istəyən Azərbaycan prezidenti Əliyev üçün də belə bir fürsət göydəndüşmə olardı və onun bundan imtina etməsi inandırıcı deyil. Çünki son illər Qərb ölkələrinə rəsmi dövlət səfərlərinin, demək olar, baş tutmadığı bir şəraitdə ABŞ-a gedib həm sülh müqaviləsini imzalamaq, həm də ABŞ-ın yeni prezidenti Donald Tramp və administrasiyası ilə ikili görüşlər keçirmək Əliyevin gələcək siyasi perspektivi üçün az əhəmiyyət kəsb etmir. Təsadüfi deyil ki, bir neçə gün əvvəl Azərbaycanın ABŞ-dakı səfiri də ABŞ-Azərbaycan münasibətlərini strateji tərəfdaşlıq fazasına qaldırmağın mümkünlüyündən danışmışdı. Son vaxtlar yəhudilərin də ABŞ-la münasibətləri düzəltmək üçün ciddi lobbi dəstəyi verməsinin altında həm də bu yatır. Mənə elə gəlir ki, rəsmi Bakı Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanması məsələsində sırf məkan problemini, həm də okeanın o tərəfindən əlavə siyasi dividentlər qazanmaq baxımından dəyərləndirir. Mirzə Rəşad Orbey, siyasətçi
"ABŞ artıq neytrallıq sərhədini keçib, o, sadəcə, Rusiyanın bu müharibədə qalib gəlməsini istəyir..." ABŞ prezidenti hazırda Rusiyaya artıq açıq şəkildə dəstək verir və təcavüzkar dövlətin təcrid edilmə siyasətini pərdələməyə çalışmır. Sozcu.az xəbər verir ki, bu barədə "The Atlantic" nəşrinin məqaləsində deyilir. Məqalədə deyilir ki, ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı son açıqlamaları onun qan tökülməsinə biganəliyini nümayiş etdirir. Üstəlik, o, zorakılığı dayandırmamaqla yanaşı, onu daha da gücləndirməyə hazır olduğunu göstərir. Bundan öncə Trampın müharibəyə yanaşması Rusiyaya dolayı dəstək verməkdən ibarət olub. O, guya zorakılığı qınayır və ABŞ-ın xarici münaqişələrə maliyyə ayırmasına qarşı çıxırdı. Lakin indi aydın olur ki, onun Ukraynanın müstəqilliyinə qarşı olması ABŞ resurslarının qənaət edilməsi ilə bağlı deyil, o, sadəcə Rusiyanın qalib gəlməsini istəyir. Tramp yaxınlarda ABŞ-da olan ukraynalı qaçqınlara müvəqqəti müdafiə statusunun ləğvini nəzərdən keçirdiyini bildirib. Hətta Ukrayna təbii resurslar sahəsində güzəştlərə getməyə hazır olduğunu nümayiş etdirdikdən sonra belə, Tramp bunun kifayət olmadığını açıq şəkildə ifadə edib. NBC-nin məlumatına görə, o, Vladimir Zelenskini istefaya getməyə və seçkilər keçirməyə məcbur etməyə çalışır. Halbuki, hazırda Ukrayna prezidentinin dəstəyi 67 faiz təşkil edir və onun əsas rəqibləri hərbi vəziyyətdə seçkilərə qarşı çıxır. "Mən Putinə inanıram" Trampın ən açıq addımlarından biri Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq olub. Bu qərar ABŞ-a maliyyə baxımından heç bir qənaət gətirməyib, lakin Rusiyaya ciddi üstünlük qazandırıb. Nəticədə, Rusiya hücumları daha gözlənilməz olub və bu, ukraynalı mülki vətəndaşlar üçün ağır nəticələr doğurub. Trampdan soruşanda ki, artan zorakılıq fonunda Putinə münasibəti dəyişibmi, o, belə cavab verib: "Mən ona inanıram... Məncə, bizim Rusiya ilə münasibətimiz çox yaxşıdır. Amma indi onlar Ukraynanı darmadağın edir və açığı, Ukrayna ilə işləmək mənim üçün getdikcə daha çətin olur. Onların isə heç bir üstünlüyü yoxdur". Lakin məhz Trampın qərarları Ukraynanı üstünlüklərdən məhrum edib və kritik kəşfiyyat məlumatlarsız qoyub. Trampa sual verilib ki, Putinin bu qərardan faydalanıb-faydalanmadığını düşünürmü? O isə bunu açıq şəkildə etiraf edib: "Düşünürəm ki, o, başqa birinin edəcəyi şeyi edir... O, bu məsələni bitirmək istəyir. Ukrayna da bitirmək istəyir, amma mən görmürəm, bu, dəlilikdir, onlar dəhşətli itkilər verir. Mən bunu tam başa düşmürəm". Ondan Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə niyə təmin edilmədiyini soruşanda Tramp belə cavab verib: "Çünki mən onların razılığa gəlmək istədiklərini bilməliyəm". "Yaxşı" Rusiya, "pis" Ukrayna Nəşr qeyd edir ki, Trampın ritorikası aydın şəkildə onun mövqeyinin necə dəyişdiyini göstərir: o, artıq sadəcə "sülh" istəmir, açıq şəkildə Rusiyanı "yaxşı", Ukraynanı isə "pis" adlandırır. Onun fikrincə, müharibənin bitməsi üçün "pis tərəfin" daha böyük itkilər verməsi lazımdır. Trampın tərəfdarları da bu narrativə qoşulur. Məsələn, İlon Mask ukraynalı "oliqarxlara" qarşı sanksiyalar tətbiq olunmasına çağırmağa başlayıb və Rusiyanın təbliğ etdiyi "Ukraynanın korrupsioner elitalar tərəfindən idarə edildiyi" tezisini təkrarlayır. Halbuki, məhz Rusiyanın oliqarxik sistemi daha güclüdür. Tramp isə həm ABŞ-da, həm də xaricdə korrupsiyaya qarşı biganə münasibətini dəfələrlə nümayiş etdirib. ABŞ senatoru Mark Kelli son vaxtlar sosial şəbəkələrdə belə bir paylaşım edib: "Hər hansı bir razılaşma Ukraynanın təhlükəsizliyini təmin etməli və Putinə güzəşt olmamalıdır". Buna cavab olaraq, Mask onu "xəyanətkar" adlandırıb və Ukraynanı ABŞ-ın düşməni kimi təqdim etməyə çalışıb. Əgər Trampın tərəfdarları arasında bu yanaşma populyarlıq qazanırsa, bu, onun gələcək siyasətinin rəsmi xətti ola bilər. "The Atlantic" yazır: "Tramp Ukraynanın suverenliyini qorumağa çalışan bir ABŞ hökumətini miras alıb. O, dərhal Amerika siyasətini dəyişib. ABŞ artıq neytrallıq sərhədini keçib. Yeni məqsəd sadəcə müharibəni bitirmək deyil, onu Putinin şərtləri ilə bitirməkdir. "Fox News Sunday nəşrinin aparıcısı ondan soruşanda ki, onun qərarları Ukraynanın sağ qalmasına təhlükə yaradırmı, Tramp laqeyd şəkildə belə cavab verib: "O, onsuz da sağ qalmaya bilər". Bu, sadəcə bir proqnoz deyil, bu, məqsəddir".moderator)
"Mask Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib..." ABŞ prezidenti Donald Tramp Nazirlər Kabineti ilə görüş keçirib və burada kadr siyasəti ilə bağlı yekun sözün federal agentlik rəhbərlərinə məxsus olduğunu, Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın isə bu məsələdə həlledici rol oynamadığını bəyan edib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters", "Politico" və CNN öz mənbələrinə istinadən məlumat yayıb. Məlumatına görə, Trampın federal agentlik rəhbərləri ilə görüşü 90 dəqiqə davam edib və mətbuata qapalı keçirilib. Görüş zamanı Tramp bildirib ki, o, federal hökumətin işçi sayının və xərclərinin azaldılması istiqamətində Maskın səylərini tam dəstəkləsə də, milyarçı və onun rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti yalnız məsləhətçi rolunda çıxış edəcək. Görüşdə iştirak edən Mask da Trampın göstərişi ilə razılaşdığını bildirib. "Politico"nun məlumatına görə, iş adamı hətta departamentinin "bəzi səhvlərə yol verdiyini" etiraf edib. Qeyd edilir ki, bu görüş "prezidentin Maskın geniş səlahiyyətlərini məhdudlaşdırmağa çalışmasının ilk nümunələrindən biri olub". Nəşr bunu "Maskın mandatının daraldılması istiqamətində atılan ilk ciddi addım" kimi qiymətləndirir. Qeyd edək ki, Mask daha öncə Amerika dövlət qulluqçularının kütləvi şəkildə işdən çıxarılmasına təşəbbüs göstərib. Ağ Evdə keçirilən görüşdən sonra Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, dövlət qulluqçularının sayını azaltmaq ideyasından imtina etmir, lakin "ən yaxşı və ən məhsuldar əməkdaşların qorunub saxlanmasının vacib olduğunu" hesab edir. "Biz deyirik: balta yox, neştər istifadə edin. Onlar birlikdə- Nazirlər Kabinetinin üzvləri, İlon, DOGE və digər möhtəşəm insanlar tarixi səviyyədə uğurlar qazana bilərlər," - Tramp bildirib. ABŞ prezidentinin sözlərinə görə, görüş "çox pozitiv ruhda" keçib və iştirakçılar arasında "qeyri-adi dərəcədə yaxşı münasibətlər" formalaşıb. Tramp belə görüşlərin hər iki həftədən bir keçiriləcəyini və dövlət qulluqçularının sayının "lazımi səviyyəyə çatana qədər" bu praktikanın davam edəcəyini vəd edib. Kütləvi ixtisarlar davam edir Son həftələrdə Tramp administrasiyası müxtəlif federal agentliklərdən on minlərlə işçini işdən çıxarıb. Yeni administrasiya fəaliyyətə başladıqdan sonra Təhsil Nazirliyi, Kiçik Biznes Administrasiyası, İstehlakçı Maliyyə Müdafiəsi Bürosu, Ümumi Xidmətlər Administrasiyası, ABŞ Poçt Xidməti və digər dövlət qurumlarına tam bağlanması, kütləvi ixtisarlar və ya müddətsiz məzuniyyətlər haqqında bildirişlər göndərilib. Federal hakim və Federal Dövlət Xidməti Şurasının sədri bildiriblər ki, bu ixtisarlar məhsuldarlıq problemləri ilə bağlı olmayıb və dövlət qulluğu qanunlarının pozulması ehtimalı var. "Tesla" və "SpaceX"-in baş direktoru İlon Mask Tramp administrasiyasında Hökumət Effektivliyi Departamentinin rəhbəri təyin edilib. Maskın sözlərinə görə, departamentin məqsədi büdcə xərclərini, şişirdilmiş dövlət aparatını azaltmaq və korrupsiya ilə mübarizə aparmaqdır. Fevral ayının sonunda Maskın nəzarətində olan Kadr Məsələləri İdarəsi dövlət qurumlarının milyonlarla əməkdaşına həftəlik fəaliyyət hesabatı təqdim etmələri ilə bağlı məktub göndərib. Bəzi idarələr bu tələbə əməl etməyi tövsiyə etsələr də, ABŞ-ın əsas qurumlarından olan FTB, Dövlət Departamenti və Pentaqon Maskın tələblərini yerinə yetirməkdən imtina edib.
Baxıram, çoxları, böyük əksəriyyət iddia edir ki, Ukrayna prezidenti Volodimir Zelenski guya diplomatiyada bacarıqsız və naşıdır. Xüsusilə, ən son, ABŞ-da Ağ Evin Oval Kabinetdə Trampla görüşdən ortaya çıxan tablo əksər adamları çaşdırıb. Guya Tramp və Vens Zelenskini tələyə salıb və o da bu tələyə düşüb. Hər kəsin fikirlərinə, versiyalarına sayğım var, amma... ...Məncə, tələni Zelenskiyə onlar yox, Zelenski Tramp və müavinləri üçün qurmuşdu: onları özündən çıxarmaq üçün aktyorluq məharətindən istifadə edərək, Trampı və komanda üzvlərini dünyaya fərqli obrazda təqdim etməyi bacardı. Belə bir məşhur deyim var: hər kəs öz şaxmat partiyasını oynayır. Həmin söhbətdə təmkinini saxlayan və danışmayan yeganə şəxs Marko Rubio idi, o başa düşürdü nələr baş verir.. Dünya xalqları, elə Amerika xalqı bir daha ABŞ-nin indiki administrasiyasının nə miqyasda aşağılıq, naşı olduqlarını, dünyada qəbul olunmuş diplomatik davranış standartlarına tüpürdüklərini gördülər - məhz Zelenskinin qurduğu diplomatik oyunun timsalında. Zelenski bütün dünyaya sübut elədi ki, Donald Tramp və dostları dövlət və dövlətçilik mədəniyyətindən, ərkanından, tərbiyəsindən, hətta ənənələrindən uzaq, təsadüfən buralara gəlib çıxmış, şəxsi çıxarlarını hər şeyin fövqündə tutan tiplərdir. Zelenski bunu özbaşınamı etdi? Xeyr. ABŞ səfərindən qabaq Avropa liderləri ilə Kievdə görüşəndə, artıq ona tövsiyə olunmuşdu ki, orada nəyin müzakirə olunmasına, hansı müqavilənin bağlanıb-bağlanmamasına baxmayaraq, nə edirsən et Trampı və Vensi özündən çıxart, əsəblərini tarıma çək, atmacalarla qarmaşıq dialoq görüntüsü yarat, görüşü bacardıqca maksimum gərginləşdir. Zelenski də bu işin öhdəsindən rahatlıqla, ustalıqla gəldi. Çünki bu iş elə onun ən yaxşı bacardığı işdir, onun aktyorluq məharəti diplomatiya səhnəsində daha rəngli effekt verdi. Məlum oldu ki, deyilənlərin əksinə, Zelenski diplomatiyada nə naşıdır, nə səriştəsizdir, nə də bacarıqsızdır. Zelenski Ağ Evin Oval Kabinetində Tramp və Vensi çilədən çıxarmaq və dünyaya rəsmi Vaşinqtonun Kremllə birlikdə olduğu, Putinlə birlikdə olduğu görüntüsünü daha effektiv şəkildə nümayiş etdirmək işinin öhdəsindən elə diplomatik incəliklə də gəldi. Həmin görüşdən sonra, Tramp və komanda üzvlərinin reytinqi bilirsiz nə qədər aşağı düşüb? Dəhşətli dərəcədə eniş var. İctimai rəylə hesablaşmaq ənənəsinin olduğu demokratik Amerikada, bu, çox ciddi faktordur. ABŞ-nin bir çox ştatlarında artıq insanlar küçələrə çıxaraq etiraz etməyə başlayıb. Tramp administrasiyasında yüksək post tutan insanlara qarşı qıcıq, təhqir və şiddət elementləri artıb. Xüsusilə, Respublikaçılar Partiyasının üstün olduğu ştatlarda bu cür ayaqlanmaların geniş vüsət alması sıradan hadisə deyil. Ən son, Hollivudun məşhur "Oskar" mükafatının verilməsi tədbirinin açılışında və gedişində baş verənlər göz qabağındadır. Dünyaca məşhur aktyorlar hər fürsətdə prezident Trampı və onun komandasını ələ salmağı, məsxərəyə qoymağı adiləşdiriblər. İctimai-siyasi qınaq maksimum həddə çatıb. İstər-istəməz bu, ABŞ-da ictimai-siyasi şüurlarda, fikir və qənaətlərdə dəyişimə təsir edən amillərdir. Hətta, siyasi kuluarlarda artıq Tramp administrasiyasına qarşı başqa mövzuların müzakirəsi ciddiləşib. Bunlar arasında impiçment məsələsi də istisna edilmir. Bu isə, əlbəttə, Ukrayna prezident Volodimir Zelenskinin əməyinin məhsuludur. Haqqını vermək lazımdır. Ən son yayılan xəbərlər isə budur ki, Tramp administrasiyası Ukraynaya bütün hərbi yardımları dayandırıb. Əlbəttə, bütün bunlar Zelenskiyə təsir etmək və onun mövqeyində kardinal dəyişikliklərə nail olmaqdan ötrüdür. Sabah Ukrayna hardansa yaxşı pul tapıb ABŞ hərbi sənaye korporasiyalarından silahları pulla almaq istəsə, nə olacaq? Tramp ABŞ-a yüz milyardlar qazandırmış hərbi sənaye baronlarının işinə müdaxilə edə biləcək? Kim şirkətlərinə milyardlarla qazanc gətirən müqavilələrdən imtina edər? Hərbi yardımların dayandırılması və bu istiqamətdə aparılan sərt propoqanda, sərt piar işi bəlkə də çoxlarında məyusluq yaradır, amma bu işlər belə olmur və yaxında Ukrayna-Rusiya müharibəsi ətrafında dönən qlobal proseslər tamamilə qeyri-adi xətt tutacaq. Ona görə tələsməyək. Yaxında, hətta kimsənin ağlının ucundan belə keçirə bilmədiyi hadisələrə şahidlik edəcəyik. Səbr edək, təmkinlə prosesləri izləyək. Mirzə Rəşad Orbey, siyasətçi
Hazırda ABŞ tərəfindən Ukraynaya kəşfiyyat məlumatlarının verilməsində heç bir dəyişiklik baş verməyib. Bu, fərqli əməkdaşlıq xəttidir. Sozcu.az xəbər verir ki, bu barədə “RBK Ukrayna” hərbi-siyasi dairələrdəki mənbələrə istinadla məlumat yayıb. “Kəşfiyyat məlumatlarının ötürülməsinə və ya mübadiləsinə gəlincə, Ukrayna hakimiyyəti burada hələlik heç bir dəyişiklik hiss etməyib, hər şey əvvəlki kimidir”, - məlumatda qeyd olunub.
İndi dünya nizamı dəyişir və Avropa öz müdafiəsini gücləndirməlidir. Sozcu.az xəbər verir ki, bunu İspaniya xarici işlər naziri Xose Manuel Albares deyib. “Razıyıq ki, indi diplomatik dildə dünya düzəninin dəyişməsi adlandırılan dövrlərin dəyişməsi baş verir. Bizim Avropa İnvestisiya Bankında vəsaitimiz var. Rusiyanın Avropadakı dondurulmuş aktivləri və təbii ki, vəsaitlərin müdafiə və təhlükəsizlik üçün bölüşdürülmə payı haqqında müzakirələr gedir”, - Albares bildirib.
“Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq...” “Bilirsiz, hazırda Trampı narahat edən əsas məsələrdən biri bütün Qərb dünyasının ona qarşı bnirləşməsidir. Bu gün artıq Kanada da Avropa Birliyinin yanındadır, artıq Avstraliya da ABŞ-dən məsafələşməyə başlayıb. Və Birləşmiş Ştatlar faktiki olaraq bir təcrid vəziyyətinə düşüb. Belə olduğu şəraitdə, əlbəttə ki, Tramp reallıqları nəzərə alaraq Rusiya ilə yaxınlaşma, Rusiyaya reveranslar etmək və s. işlərində bir qədər templəri azaltmalı olacaq. Həm də nəyə görə? Ona görə ki, onun rüsümları tətbiq etməsi artıq Amerikanın özünün iqtiadi durumuna da neqativ təsir göstərməyə başlayıb və göstərəcəkdir də... O neqativ təsirlər başlayanda, Tramp özünün sosial dayaqlarını itirəndə addımlarını tormozlamalı olacaq”. Bunu Moderator.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın daxili və xarici siyasət sahəsində yol verdiyi ciddi səhvlərə görə, o cümlədən də Rusiya-Ukrayna savaşı barədə atdığı addımlara, Ukrayna prezidenti V.Zelenskiyə qarşı tutduğu ədalətsiz mövqeyə görə impiçmentə məruz qalması ehtimalından danışan siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu söyləyib. “Bəli, artıq Trampa qarşı impiçment prosesi başladılması haqda fikirlər səslənir. Bu, mümkündür və mən istisna etmirəm ki, bu təşəbbüs hansısa bir mərhələdə, demokratlar bir yana məhz respublikaçıların özləri tərəfindən gələ bilər. Məsələ ondadır ki, 2026-cı ilin noyabrında ABŞ Konqresə və Senatına aralıq seçkilər keçiriləcək. Və həmin seçkilərdə respublikaçıların uduzmaq təhlükəsi var. Həmin təhlükə getdikcə artır. Və belə getsə, Respublikaçıların özü tərəfindən Trampa qarşı fraksiyalar yaranacaq. O da artıq görünməkdədir- cücərtiləri var. Əgər Respublikaçılar Partiyasının daxilində hər hansı bir qrup senatorlar, yaxud Nümayəndələr Palatasının üzvləri impiçment təşəbbüsü irəli sürərlərsə, bu o deməkdir ki, Tramp bitəcək. Yəni respublikaçıların özləri ona qarşı impiçment prosesini başlada bilər. Bu tamamilə mümkündür. Həm nəzəri, həm də praktik baxımdan... Təbii ki, Demokratlar Partiyasının nümayəndələri də birmənalı şəkildə bunu dəstəkləyəcəklər. Amma görək, respublikaçıların öz partiyalarının üzvü olan hazırkı ABŞ prezidentinə qarşı impiçment təşəbbüsü qaldırmağa cəsarətləri çatacaqmı? Bu bir qədər çətin sualdır”, - deyə davamında analitik diqqətə çatdırıb.
"Bir vaxtlar qadınlarımızın qucağında körpə uşaq görərdiksə, bu gün it, pişik, hətta meymun görürük. Hətta bəzi qadınlar iri marketlərdə alış-verişdə səbətlərində uşaq əvəzinə it aparırlar. Bütün bunlar Qərbin Strateji Beyin Mərkəzlərinin Azərbaycan cəmiyyətinə ötürdüyü davranış modelləridir. Bunun nəticəsində ailə institutu çat verib, aşınıb, dağılıb və artıq məhv olmaq üzrədir". Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Asif Bayramov 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayının 7735 olması ilə bağlı statistikadan danışarkən deyib. O bildirib ki, əgər ailə institutu dağılırsa, onu qoruyan subyektlər, yəni ər-arvad, eləcə də ailənin digər üzvlər onun dağılmasından narahat olmurlar: "Biz o vaxt qorxarıq ki, bu bizim üçün müqəddəs olsun. Əgər ailə institutunun müqəddəsliyi bizim gözümüzdən salınıbsa, onun dağılmasına biganə qalırıq. Ona görə də Azərbaycanın son 10-20 ildə ailə institutu tədricən məhvə doğru gedir. Nəticədə Azərbaycanda əhalinin artım tempi azalıb". Bunu necə sübut etmək olar? Asif Bayramov bunun üçün demoqrafik bir üsulun olduğunu əlavə edib: "Əgər doğum səviyyəsi 3 uşağın altındadırsa, həmin millətin yaşlı əhalisi artır, 3-ə bərabərdirsə, əhali sabit qalır, 3-dən yüksəkdirsə, demoqrafik artım müşahidə olunur. Bu gün Azərbaycan cəmiyyətində ailə artımı 3 rəqəminin altında olduğuna görə azalma prosesi gedir. Həmin beynəlxalq mərkəzlərin hesablamalarına görə, 2050-ci ildə Azərbaycan xalqının sayı 3 milyon civarında qalacaq". Asif Bayramovun sözlərinə görə, bu gün Azərbaycanda boşanmalar kəskin forma almış problemlərdəndir: "Düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumları ciddi şəkildə məşğul olmalıdırlar. Bu gün müvafiq sahənin ekspertləri, mütəxəssisləri ciddi həyəcan siqnalı verməlidirlər. Çünkü bizə bəlli olan statistika üzərimizdə aparılan oyunun və Azərbaycan cəmiyyəti ilə bağlı qlobal mərkəzlərin qurduğu senarinin nəticəsidir. Biz həmin mərkəzlərin sosial eksperiment obyektinə çevrilmişik. Bunun hamısının kökündə dayanan ilk səbəblərdən biri odur ki, Azərbaycan cəmiyyətini əsrlərin sınaqlarından bu günə gətirib çıxardan ən fundamental dəyər bizim ailə institutudur. Hətta dövlətçiliyin böhran keçirdiyi tarixi dövrlərdə belə Azərbaycan xalqının ailə institutu onu bu böhrandan sağ-salamat çıxardaraq bu günə çatdırıb. Azərbaycan cəmiyyətinin ayaq üstə qalmasının ailə institutu olduğunu bilən beynəlxalq beyin mərkəzləri bilavasitə Azərbaycanın ailə institutunu hədəfə alıb". Sosioloq hesab edir ki, ailə institunun gözdən salınması, dağıdılması üçün internet platformaları üzərindən Azərbaycan cəmiyyətinin şüuruna yeni davranış modelləri ötülülür: "Bunlar bir başa ailə institutunun dağıdılmasına gətirib çıxardır. Bütün problemlərin əsas səbəbi ailə institutunun tarixən formalaşmış dəyərlərinə xələl gəlməsidir". Qeyd edək ki, Azərbaycanda boşanma ilə bağlı statistika açıqlanıb. Orada göstərilir ki, 5 ilə qədər evli olub boşananların sayı 5814, 5-9 il evli olanlar arasında boşanma sayı 5805, 10-19 il evli olub boşanan cütlüklər arasında boşanma sayı 7735 olub.
Almaniyada parlament (Bundestaq) seçkilərinə start verilib. Sozcu.az xəbər verir ki, ölkədə seçki məntəqələri yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə 11:00) açılıb. Seçkilərdə 29 partiya iştirak edir, lakin əsas rəqabət aşağıdakı siyasi qüvvələr arasındadır: Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı; Elis Vaydelin lideri molduğu Almaniya üçün Alternativ; Hazırki kansler Olaf Şoltsun lideri olduğu Almaniya Sosial Demokrat Partiyası. Keçirilən son sorğulara görə, Fridrix Mertzin lideri olduğu Xristian-Demokratik İttifaqı səslərin 30 faizini əldə edəcək.
Müharibə davam edəcək, bu dəfə daha kəskin və daha ciddi. Ukrayna tək deyil. Ukrayna təslimçi sülhə getməyəcək, getməməlidir! Baş verənlər Trampın təkadamlıq geosiyasi şousudur, siyasi teatrıdır. Demirəm ciddiyə almayaq, amma bu qədər pessimizmə qapılmaq da olmaz. Buna gərək yoxdur. Dünəndən bəri yazıram, bir daha təkrar edirəm, Tramp blef edir. Tramp öz aləmində, bəlkə də, nə isə etmək istəyir, amma buna nə dərəcədə nail olacaq, hələ bəlli deyil. Çünki fikrində tutduğu işlər ağlabatan deyil. Putinlə görüşə gedib, Zelenskinin yanına ABŞ-in ikinci, üçüncü dərəcəli adamlarını göndərmək tərbiyəsizlikdir. Ukraynanın masada olmadığı danışıqlarda hansısa razılaşma, bölünmə faktı boş söhbətlərdir. Bəzi adamların bu kontekstdə Tramp-Putin görüşünü DÜNYANIN BÖLÜŞDÜRÜLMƏSİ kimi təqdim eləməsi gülməlidir, məncə, başqa işlə məşğul olsalar yaxşıdır. Trampın nail olmağa çalışdığı tək şey niyəsə Putini şar kimi şişirtməsi, qoltuğuna qarpız bağlamasıdır. İşin qəribə tərəfi budur. Amma, məncə də, oynayır. Rusları da aldadacaq.. Hə, bununla razıyam ki, sırf Trampın patronajlığı ilə ABŞ, bu prosesdə təəssüf ki, ədalətli hakim ola bilmir. Özünü bu miqyasda Putinə təslim etməyə çalışan adamdan ədalətli hakim ola bilməz. Xüsusilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyi, üç il ərzində öldürülən yüz minlərlə insan, məhv edilən həyatlar, dağıdılan kəndlər, qəsəbələr, şəhərlər, yollar, limanlar, ağlasığmaz infrastruktur və s. hansısa avantürist plana görə gözardı edilə bilməz. Nə prezident Zelenski, nə Ukrayna elitası, nə də cəmiyyət və xalq xain plana razı olmayacaq, bu, mümkün deyil. Belə bir vəziyyətdə Donald Trampın Putinlə danışıqlarda nəyəsə nail olma şansı inandırıcı deyil. ABŞ dövləti təkcə Trampdan ibarət deyil və gözlə görünməsə də, orada qərarları yalnız ABŞ prezidenti vermir. Mənim fikrimcə, müharibə davam edəcək, bu dəfə son döyüşlər olacaq və savaşın daha şiddətli fazasına daxil olacağıq. Ukrayna ərazi bütövlüyünü və suverenliyini itirməyəcək. Avropa dövlətləri başda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa olmaqla qitənin yeni təhlükəsizlik konsepsiyasını qəbul edəcək və Ukraynanı tayı-bərabəri olmayan miqyasda dəstəkləyəcək. Avropa Ukrayna-Rusiya müharibəsi fonunda daha fərqli bir formatda, daha fərqli bir güc faktoru kimi özünü külündən yenidən yaradacaq, yenidən doğacaq. Mirzə Rəşad Orbey, siyasətçi
Trampın atası Fredlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Donald Trampın atası Fred Tramp (əsl adı Fridrix) illərlə özünü isveçli kimi təqdim edərək alman mənşəyini gizlədib. Sozcu.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla belə, onun yəhudi icması ilə sıx bağlı olduğunu, Holokostdan sağ çıxanlara fəal kömək etdiyini və ABŞ-da yəhudi institutlarının tikintisini dəstəklədiyini az adam bilir. Almaniyadan köçdükdən sonra Fred Tramp Bruklində bütöv bir yaşayış sahəsi tikib, burada sakinlərin 95 faizi İkinci Dünya Müharibəsindən sonra Amerikaya gələn yəhudilər idi. Evlərin birində sinaqoq üçün mərtəbə ayırıb və onun bütün istəyənləri yerləşdirə bilməyəcəyi məlum olduqdan sonra yeni sinaqoq tikintisi üçün torpağı bağışlayıb. Fred Trampın ən yaxın dostlarından biri onun mənəvi müəllimi hesab etdiyi bir ravvin olub. Bundan əlavə, o, mütəmadi olaraq yəhudi icmasına vəsait ayırıb və “Talmud Töra” təhsil müəssisəsinin tikintisi üçün təməl daşının qoyulmasında iştirak edib. Tədbirdə çəkilmiş bir fotoşəkildə gənc Donald Trampın ravvin dul qadınla danışdığı görünür: “O, təkcə atamın dostu deyildi, həm də onun ravvinidir”. Tramp ailəsi tibb müəssisələrini dəstəkləyərək xeyriyyəçiliklə məşğul olub. Onlar Lonq-Aylendəki Yəhudi xəstəxanasını və Manhettendə Xüsusi cərrahiyyə xəstəxanasını maliyyələşdiriblər. Maraqlıdır ki, Donaldın böyük qardaşı Frederik “Freddi” Tramp bir vaxtlar “Sigma Alpha Mu” yəhudi qardaşlığına qoşulub və hətta onun prezidenti olub. Donald Tramp atasının ondan əvvəl də İsrailə sadiq olduğunu dəfələrlə vurğulayıb. "Və mənim daha az seçimim var. Yəhudi kürəkəni və yəhudi qızı olan yəhudi nəvələrim var və bu mənim üçün böyük şərəfdir", - Tramp deyib.