Müharibədə dönüş nöqtəsi: İsrailin HƏMAS planı niyə iflasa uğradı?

HƏMAS və İsrail Qəzzada 60 günlük atəşkəs barədə razılığa gəliblər.  Bəs atəşkəsin davam etmə ehtimalı nə qədər realdır?

Moderator.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu, çox ciddi bir məsələdir. Onsuz da İsrail bu müharibəni uzun müddət davam etdirə bilməzdi və məqsədinə çata bilməzdi.

Onun sözlərinə görə,  İsrail istəyirdi ki,  HƏMAS-ı tamamilə məhv etsin:

“Bəli, İsrail HƏMAS-ı təşkilat kimi zəiflədə və ya müəyyən mənada sıradan çıxara bilərdi. Amma HƏMAS təkcə təşkilat deyil, həm də ideologiyadır. Bu ideologiyanı məhv etmək mümkün deyil. Onun tamamilə yox olması üçün onilliklər, bəlkə də yüzilliklər lazımdır və İsrail bunu bacara bilməzdi – bacarmadı da.

Eyni zamanda, artıq beynəlxalq təzyiqlər artmışdı və bu da İsrailə təsir edirdi. Dünyada münasibətlər tədricən dəyişirdi. Ola bilsin ki, İsrail də bunu nəzərə aldı və nəticədə müqaviməti qırıldı. İsrail ümid edirdi ki, ABŞ ona İranın nüvə obyektlərinə zərbə vurmaq və İranla müharibəyə başlamaq üçün yaşıl işıq yandıracaq və onun arxasında duracaq. Lakin bu baş vermədi. Əksinə, bu məsələdə Təl-Əvivlə Vaşinqton arasında fikir ayrılığı və soyuqluq yarandı. Son dövrlərdə görürük ki, ABŞ İsrailin gözlədiyi mövqeni sərgiləmir. Bunun ən bariz nümunəsi ABŞ-ın Suriyada səfirlik açmasıdır. Bu, açıq-aşkar bir mesajdır.

Nəticə olaraq, İsrail başa düşdü ki, müharibəni davam etdirmək onun xeyrinə olmaya bilər. Ona görə də atəşkəsə razı oldu. Düşünürəm ki, bu atəşkəs davam edə bilər, amma axıra qədər davam edəcəyini demək çətindir. Hər halda, İsrail buna əməl etməyə çalışacaq. Çünki vəziyyəti çətindir və HƏMAS üçün də yeni bir müharibə sərfəli deyil. Eyni zamanda, beynəlxalq ictimaiyyət, xüsusilə Türkiyə bu atəşkəsin dayanıqlı olması üçün ciddi səylər göstərəcək”.

Share on Facebook