"Bir siyasi lider üçün ən təhlükəli şey onun öz təşəbbüsü ilə başlanan və uduzulmuş müharibədir..."
Vladimir Putin qələbə qazanan lider kimi görünməyə çalışsa da, reallıqda vəziyyət tam əksinədir. Rusiya bu müharibədə yavaş, amma qaçılmaz şəkildə məğlubiyyətə doğru gedir, hərçənd Kremlin diktatoru məğlubiyyətin görüntüsündən ustalıqla yayınmağı bacarır.
Sozcu.az xəbər verir ki, bu barədə "Foreign Policy" nəşri yazıb.
Putin 2000-ci ildə hakimiyyətə gəlib və zaman-zaman özünü "qətiyyətli qalib" kimi göstərib - Çeçenistan müharibəsi, 2008-ci il Gürcüstan müharibəsi, 2014-cü ildə Krımın ilhaqı, Donbasda aparılan müharibə, 2022-ci ildə Ukraynaya qarşı başladılan genişmiqyaslı işğal və Suriyadakı əməliyyatlar bunun nümunəsidir.
"Putin beynəlxalq arenada uğursuzluqlara görə heç vaxt məsuliyyət daşımır. O, daim özünü qalib kimi göstərir", - nəşr qeyd edir. Ukrayna məsələsində də o, 9 may paradı kimi "qələbə səhnələri" təşkil edərək Rusiyanın guya izolyasiyada və məğlub olmadığını göstərməyə çalışır. Lakin Ukrayna nə Suriya, nə də Gürcüstandır.
Hazırda Rusiya ordusu irəliləyə bilmir, itkilər isə durmadan artır. Putin üçün müharibədən çıxış yolu yalnız hər hansı formada "məğlubiyyəti" qəbul etməkdən keçir. Kreml rusiyalıları müharibənin əsl reallıqlarından gizlətməyə çalışsa da, bunu yalnız informasiya axınına nəzarət etdiyi müddətcə edə bilər. Lakin iqtisadi nəticələri gizlətmək çətindir. Və vətəndaşlara təklif edə biləcəyi "sonsuz putinizmdən" başqa heç nə qalmayıb.
Rusiya iki ciddi hərbi dilemma ilə üz-üzədir. Birincisi, irəliləyə bilməməsidir. Rusiya texniki cəhətdən təşəbbüsü ələ alsa da, bu hərəkətlilik nəticə vermir. Məsələn, bir neçə aydır Rusiya Pokrovsk şəhərini almağa çalışsa da, buna nail ola bilməyib. Bu uğursuzluq ciddi itkilərlə müşayiət olunur: müharibənin əvvəlindən bəri 790 minə yaxın rusiyalı əsgəri ölüb və ya yaralanıb (üstəlik, 48 min nəfər itkin düşüb), yalnız bu ilin özündə bu rəqəm 100 mindən çox təşkil edib.
Əgər eyni temp davam edərsə, 2025-ci ilin sonuna qədər Rusiya bir milyon itki həddini keçəcək, lakin 2022-ci illə müqayisədə heç bir strateji üstünlük qazana bilməyəcək. Üstəlik, Rusiyanın nəzarət etdiyi ərazilərin əksəriyyəti döyüş zonasına çevrilib və ölkəyə real fayda vermir.
İkinci dilemma isə elə Ukraynanın özüdür. 2022-ci ildə həlledici zərbə vura bilməyən və ölkəni parçalaya bilməyən Putin zəif görünməmək və Ukraynanı təslim olmağa məcbur etmək üçün daha sonra mülki əhaliyə qarşı hücum taktikasına keçib.
Amma bu yanaşma əks nəticə verib: işğalçıların hərəkətləri ukraynalıları daha çox müqavimət göstərməyə vadar edib. Ukrayna daha kiçik və kasıb olsa da, tükətmə müharibəsi üçün uyğun ölkə olmasa da, yüksək mənəvi ruh və innovativ yanaşma (xüsusilə pilotsuz uçuş aparatları sahəsində) sayəsində davam gətirə bilir.
Bundan başqa, Putinin "məğlub olmamaq" mübtəlası Rusiya iqtisadiyyatını da çökdürür. Hərbi xərclərin yaratdığı süni artım artıq dayanıb, iqtisadi artım 5 faizdən sıfıra düşüb. Əmək bazarındakı gərginlik isə inflyasiyanı təxminən 10 faizə çatdırıb.
Trampın ticarət savaşları və Çindəki iqtisadi durğunluq nəticəsində enerji daşıyıcılarının qiymətinin düşməsi Rusiya büdcəsini tükəndirə bilər, çünki bu büdcə neft və qaz ixracından asılıdır. "Rusiyalılar hələ ac deyil, amma artıq sual verirlər: bu müharibə qiymət artımına, kasıb gələcəyə və iqtisadi bataqlığa dəyərmi? Bir siyasi lider üçün ən təhlükəli şey onun öz təşəbbüsü ilə başlanan və uduzulmuş müharibədir", - məqalədə vurğulanır.moderator)