Ukrayna-Rusiya müharibəsi nə dayandıralacaq, nə də dondurulacaq!

Müharibə davam edəcək, bu dəfə daha kəskin və daha ciddi. Ukrayna tək deyil. Ukrayna təslimçi sülhə getməyəcək, getməməlidir!  Baş verənlər Trampın təkadamlıq geosiyasi şousudur, siyasi teatrıdır. Demirəm ciddiyə almayaq, amma bu qədər pessimizmə qapılmaq da olmaz. Buna gərək yoxdur.   Dünəndən bəri yazıram, bir daha təkrar edirəm, Tramp blef edir. Tramp öz aləmində, bəlkə də, nə isə etmək istəyir, amma buna nə dərəcədə nail olacaq, hələ bəlli deyil. Çünki fikrində tutduğu işlər ağlabatan deyil.  Putinlə görüşə gedib, Zelenskinin yanına ABŞ-in ikinci, üçüncü dərəcəli adamlarını göndərmək tərbiyəsizlikdir. Ukraynanın masada olmadığı danışıqlarda hansısa razılaşma, bölünmə faktı boş söhbətlərdir.  Bəzi adamların bu kontekstdə Tramp-Putin görüşünü DÜNYANIN BÖLÜŞDÜRÜLMƏSİ kimi təqdim eləməsi gülməlidir, məncə, başqa işlə məşğul olsalar yaxşıdır.   Trampın nail olmağa çalışdığı tək şey niyəsə Putini şar kimi şişirtməsi, qoltuğuna qarpız bağlamasıdır. İşin qəribə tərəfi budur.  Amma, məncə də, oynayır. Rusları da aldadacaq.. Hə, bununla razıyam ki, sırf Trampın patronajlığı ilə ABŞ, bu prosesdə təəssüf ki, ədalətli hakim ola bilmir. Özünü bu miqyasda Putinə təslim etməyə çalışan adamdan ədalətli hakim ola bilməz.   Xüsusilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyi, üç il ərzində öldürülən yüz minlərlə insan, məhv edilən həyatlar, dağıdılan kəndlər, qəsəbələr, şəhərlər, yollar, limanlar, ağlasığmaz infrastruktur və s. hansısa avantürist plana görə gözardı edilə bilməz.  Nə prezident Zelenski, nə Ukrayna elitası, nə də cəmiyyət və xalq xain plana razı olmayacaq, bu, mümkün deyil.  Belə bir vəziyyətdə Donald Trampın Putinlə danışıqlarda nəyəsə nail olma şansı inandırıcı deyil. ABŞ dövləti təkcə Trampdan ibarət deyil və gözlə görünməsə də, orada qərarları yalnız ABŞ prezidenti vermir. Mənim fikrimcə, müharibə davam edəcək, bu dəfə son döyüşlər olacaq və savaşın daha şiddətli fazasına daxil olacağıq.  Ukrayna ərazi bütövlüyünü və suverenliyini itirməyəcək. Avropa dövlətləri başda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa olmaqla qitənin yeni təhlükəsizlik konsepsiyasını qəbul edəcək və Ukraynanı tayı-bərabəri olmayan miqyasda dəstəkləyəcək.  Avropa Ukrayna-Rusiya müharibəsi fonunda daha fərqli bir formatda, daha fərqli bir güc faktoru kimi özünü külündən yenidən yaradacaq, yenidən doğacaq. Mirzə Rəşad Orbey, siyasətçi

Trampın atası ilə bağlı yeni TƏFƏRRÜATLAR: mənşəyini gizlədib, yəhudilərlə dost olub və...

Trampın atası Fredlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Donald Trampın atası Fred Tramp (əsl adı Fridrix) illərlə özünü isveçli kimi təqdim edərək alman mənşəyini gizlədib.  Sozcu.az-ın xarici mediaya istinadla xəbərinə görə, bununla belə, onun yəhudi icması ilə sıx bağlı olduğunu, Holokostdan sağ çıxanlara fəal kömək etdiyini və ABŞ-da yəhudi institutlarının tikintisini dəstəklədiyini az adam bilir. Almaniyadan köçdükdən sonra Fred Tramp Bruklində bütöv bir yaşayış sahəsi tikib, burada sakinlərin 95 faizi İkinci Dünya Müharibəsindən sonra Amerikaya gələn yəhudilər idi. Evlərin birində sinaqoq üçün mərtəbə  ayırıb və onun bütün istəyənləri yerləşdirə bilməyəcəyi məlum olduqdan sonra yeni sinaqoq tikintisi üçün torpağı bağışlayıb. Fred Trampın ən yaxın dostlarından biri onun mənəvi müəllimi hesab etdiyi bir ravvin olub. Bundan əlavə, o, mütəmadi olaraq yəhudi icmasına vəsait ayırıb və “Talmud Töra” təhsil müəssisəsinin tikintisi üçün təməl daşının qoyulmasında iştirak edib. Tədbirdə çəkilmiş bir fotoşəkildə gənc Donald Trampın ravvin dul qadınla danışdığı görünür: “O, təkcə atamın dostu deyildi, həm də onun ravvinidir”. Tramp ailəsi tibb müəssisələrini dəstəkləyərək xeyriyyəçiliklə məşğul olub. Onlar Lonq-Aylendəki Yəhudi xəstəxanasını və Manhettendə Xüsusi cərrahiyyə xəstəxanasını maliyyələşdiriblər. Maraqlıdır ki, Donaldın böyük qardaşı Frederik “Freddi” Tramp bir vaxtlar “Sigma Alpha Mu” yəhudi qardaşlığına qoşulub və hətta onun prezidenti olub. Donald Tramp atasının ondan əvvəl də İsrailə sadiq olduğunu dəfələrlə vurğulayıb. "Və mənim daha az seçimim var. Yəhudi kürəkəni və yəhudi qızı olan yəhudi nəvələrim var və bu mənim üçün böyük şərəfdir", - Tramp deyib.

Falçılıq və ekstrasenslik: İnam, yoxsa dələduzluq?

Tarix boyu insanlar qeyri-adi hadisələri izah etmək və gələcəyi öyrənmək məqsədilə falçılıq və ekstrasenslik fəaliyyətlərinə böyük maraq göstəriblər. Müxtəlif mədəniyyətlərdə falçılar və ekstrasenslər ya mistik güclərə malik şəxslər kimi qəbul olunub, ya da insanlıq üçün təhlükəli qüvvələr hesab edilərək cəzalandırılıblar. Bu baxımdan tarixdə sehrbazlıq, cadugərlik və falçılıqla bağlı fərqli yanaşmalar olub. Belə ki, bəzi dövrlərdə və cəmiyyətlərdə bu fəaliyyətlər qanunla qadağan edilərək ağır cəzalar tətbiq edilib, digərlərində isə onların fəaliyyətinə icazə verilib və hətta statusları müəyyən hüquqi qaydalarla nizama salınıb. Müasir dövrümüzə gəldikdə isə qeyd edək ki, falçılıq və ekstrasenslik fəaliyyəti ilə bağlı hüquqi tənzimləmələr ölkədən ölkəyə dəyişir. Bəzi dövlətlərdə bu fəaliyyət kommersiya xidməti kimi qanuniləşdirilib və xüsusi lisenziya tələb edilir, digər qrup dövlətlərdə isə bu iş dələduzluq və ictimaiyyəti aldatma kimi qiymətləndirilir. Xüsusilə, falçı və ekstrasenslərin insanları aldatmaq yolu ilə maddi qazanc əldə etməsi bir çox ölkədə hüquqi məsuliyyət yaradır. Ümumiyyətlə, adıçəkilən fəaliyyət hüquqi çərçivəyə salına bilərmi, yoxsa bu cür fəaliyyətlər tamamilə qadağan edilməlidir? Gəlin, məsələyə hər iki aspektdən yanaşaq. Birincisi, onu deyək ki, bəzi ölkələrdə falçılıq və ekstrasenslik fəaliyyətinin qanunla tənzimlənməsi bu sahədə şəffaflıq və nəzarətin təmin edilməsi ilə əlaqələndirilir. Məsələn, belə dövlətlərdə bu fəaliyyətlə məşğul olan şəxslərdən müəyyən peşə standartlarına uyğun lisenziya tələb edilir. Hesab edilir ki, bu, onların fəaliyyətlərinin müəyyən çərçivədə icra olunmasını təmin edir. Bir qrup ölkədə isə insanları aldatmaq yolu ilə maddi və mənəvi ziyan vuran falçılar dələduzluq kimi cinayətlərə görə məsuliyyətə cəlb edilir. Bu məsələnin hətta reklam qanunvericiliyi ilə tənzimlənməsi də maraqlı ola bilər. Çünki bununla reklamlarda saxta vədlər verilməsi qadağan edilə bilər. Məsələn, “100% gələcəyi görürəm” kimi açıqlamaların qarşısı alınar. Məsələyə digər aspektdən yanaşsaq, yəni falçılıq və ekstrasenslik fəaliyyəti tamamilə qadağan edilərsə, bunun arxasında bir neçə səbəb ola bilər. Bunlardan birincisi, dini və etik məsələlərlə bağlıdır. Belə ki, bəzi cəmiyyətlərdə sehrbazlıq və falçılıq dinlə ziddiyyət təşkil edir və bu səbəbdən  də qəbul olunmazdır. Bundan başqa, falçılar və ekstrasenslər insanları inandıraraq onların zəif anlarından istifadə edib maddi qazanc əldə edə bilirlər. Bu da ictimai ədalət baxımından qəbuledilməz sayılır. Falçılıq və ekstrasenslik fəaliyyətinin qadagan edilməsinin başqa faktorlarla da əlaqələndirilməsi mümkündür. Belə ki, müasir dövrdə elmin və rasional düşüncənin gücləndirilməsi məqsədilə belə irrasional fəaliyyətlərə yer verilməməsi təbliğ oluna bilər. Bu sahədə xarici ölkələrin qanunvericiliyinə nəzər salmaq maraqlı olar. Qeyd edək ki, Böyük Britaniyada 1735-ci il tarixli "Cadugərlik Qanunu" ("Witchcraft Act") cadugərlik fəaliyyətini qadağan edirdi və bu qanun 1951-ci ilə qədər qüvvədə qalmışdır. 1951-ci ildə bu qanun ləğv edilərək onun yerinə "Fırıldaqçılıq Qanunu" ("Fraudulent Mediums Act") qəbul edildi. Həmin qanun isə ruhlarla əlaqə qurduğunu iddia edən şəxslərin fırıldaqçılıq etməsini qadağan edirdi. Nəhayət, 2008-ci ildə ölkədə bu qanun da ləğv edildi və onun əvəzinə "İstehlakçıların müdafiəsi qaydaları" ("Consumer Protection from Unfair Trading Regulations") qüvvəyə mindi. Bu qaydalar aldatma və fırıldaqçılıq hallarını ümumi şəkildə tənzimləyir və falçılıq və ekstrasenslik fəaliyyəti də bu çərçivədə qiymətləndirilir. Lakin nə qədər təəccüblü də olsa, Böyük Britaniyada tanınmış ekstrasens Sally Morgan 2011-ci ildə Dublin şousu zamanı tamaşaçıların onun fırıldaqçılıq etdiyini iddia etməsindən sonra tənqidçilərə qarşı hüquqi tədbirlər görmüşdür. O, İrlandiya Radyosu və bəzi jurnalistlərə qarşı böhtan iddiaları ilə məhkəmə prosesləri başlamışdır. Nəticədə, bəzi tənqidçilər üzr istəmiş və təzminat ödəməyi qəbul etmişdir. Yeni Zelandiyada da "Cadugərlik Qanunu" ("Witchcraft Act") Böyük Britaniyanın 1735-ci il tarixli eyni adlı qanunvericiliyindən götürülmüşdür və falçılıq və cadugərlik fəaliyyətini qadağan edir. Bu qanuna əsasən falçılıqla məşğul olan şəxslər cərimə və ya azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər. ABŞ-da falçılıq və ekstrasens fəaliyyəti ilə bağlı qanunlar ştatdan ştata dəyişir. Bəzi ştatlarda bu fəaliyyətlər qanunla tənzimlənir və lisenziya tələb olunur, digərlərində isə belə tənzimləmələr yoxdur. Məsələn, Merilend ştatında falçılıq qanunsuzdur və bu fəaliyyətlə məşğul olan şəxslər cərimə və ya azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər. Digər müəyyən ştatlarda isə falçılıq və ekstrasens fəaliyyəti qanunidir, lakin dələduzluq və aldatma halları baş verərsə, bu, cinayət məsuliyyətinə səbəb olur. Maraqlıdır ki, 1990-cı illərdə ABŞ-da televiziya reklamları ilə tanınan "Miss Cleo" ləqəbli Youree Dell Harris falçılıq xidmətləri təklif edirdi. Onun təmsil etdiyi şirkət "Access Resource Services, Inc." Federal Ticarət Komissiyası tərəfindən aldatma və fırıldaqçılıq ittihamları ilə məhkəməyə verilmiş, nəticədə, şirkət 2002-ci ildə 5 milyon dollar məbləğində cərimə ödəməyi və fəaliyyətini dayandırmağı tələb edilib. Səudiyyə Ərəbistanında isə falçılıq və cadugərlik birmənalı olaraq ciddi cinayət hesab olunur və bu fəaliyyətlə məşğul olan şəxslər ağır cəzalarla, o cümlədən ölüm cəzası ilə cəzalandırıla bilərlər. Bu, təbii ki, ölkənin islam hüququna əsaslanan qanunvericiliyindən irəli gəlir. Bu sahədə Rusiya təcrübəsi də maraq doğurur. Belə ki, ölkədə ekstrasenslərin fəaliyyəti geniş yayılıb və bəzi hallarda televiziya proqramlarında da nümayiş olunur. Lakin bu sahədə aldatma və ya dələduzluq halları baş verərsə, bu, cinayət məsuliyyətinə səbəb ola bilər. Azərbaycana gəldikdə, qeyd edək ki, falçılar və ekstrasenslərin fəaliyyəti ilə bağlı xüsusi qanunvericilik mövcud deyil. Lakin onların fəaliyyəti zamanı dələduzluq və ya aldatma halları baş verərsə, bu cür əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət məsuliyyətinə səbəb olur. Məsələn, əgər ekstrasens və ya falçı insanları bilərəkdən yanlış məlumatlarla aldadaraq maddi zərər yetirirsə, onların barəsində cinayət işi başlana bilər. (lent.az)

Starmer Kiyevə gəldi: Tarixi saziş imzalanacaq

Böyük Britaniyanın Baş naziri Keyr Starmer Ukraynanın paytaxtına səfər edib. Sozcu.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb. Britaniya hökuməti bildirib ki, Starmer və Ukrayna Prezidenti Vladimir Zelenski müdafiə, elm, energetika və ticarət kimi sahələri əhatə edən və "tarixi saziş" adlandırılan "100 illik tərəfdaşlıq" müqaviləsi imzalayacaqlar.

Gəmilər “dolu qayıdır” – Kreml yeni çətinliklə üz-üzə

Kreml Ukraynaya qarşı işğalçı müharibənin nəticələrini yalnız “ərazi qazancı” kimi hesablayıb, ancaq qərar verərkən hansı çətinliklərlə üzləşəcəklərini nəzərə almayıb. Sozcu.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. Onun sözlərinə görə, Ukraynanın Rusiya ərazisinə raket və dron zərbələrinin həcmi artıb: “Bunu 3 il əvvəl müharibə qərarı verən Kreml proqnozlaşdırmayıb. Rusiya hakimiyyəti müharibə nəticəsində əsas ixrac məhsullarının satışında ciddi çətinliklərlə üzləşə biləcəyini də ehtimal etməyib. Halbuki Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Qərb ölkələrinə neft və qaz sata bilmir. Moskva vəziyyətdən çıxış yolu kimi enerji resurslarınını əsas hissəsini Çinə və Hindistana satmağa başlamışdı. Ancaq son zamanlar Rusiya üçün bu iki istiqamətdə də vəziyyət mürəkkəbləşib. Ötən ilin noyabr ayında Rusiyanın Hindistana satdığı neftin həcmi 55 faiz azalıb. “Röyters” agentliyinin məlumatına görə, Hindistan Rusiyadan gündəlik neft alışını 1.52 milyon barrel azaldıb. Bununla Hindistan Rusiya neftinin əsas alıcısı statusunu itirib. Dehli neftin alışını şaxələndirməyə çalışır və ərəb ölkələrindən aldığı neftin həcmini artırıb. Hindistanın Baş naziri Narendra Modi bir müddət əvvəl Cənubi Amerika ölkəsi olan Qayanaya səfər edərək, bu ölkə ilə enerji əməkdaşlığını artıracağını bildirib. Hindistan şirkətləri Qayanaya yatırımları artıraraq bu ölkədən daha çox neft nəql etməyi planlaşdırırlar. Qayanada neft istehsalıyla məşğul olan əsas şirkət “Exxon Mobil”dir. Bu şirkət razılaşarsa, Qayana Hindistana neft ixracını artıracaq”. Politoloq vurğulayıb ki, Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb: “Çin limanları Rusiyanın neft daşıyan 3 tankerini qəbul etməkdən imtina ediblər. Məsələ burasındadır ki, həmin tankerlər ABŞ-ın yeni sanksiya siyahısına daxil edilib. Həmin tankerlərdəki nefti qəbul edən neft emalı zavodları və limanları da avtomatik sanksiya altına düşəcəklər. Çin şirkətləri ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. “Blumberq” agentliyinin məlumatına görə, tankerlərin hər birində 700-800 ton barrel xam neft olub. Tankerlər geri qayıdıblar. ABŞ Rusiyanın sıxılmış qazını daşıyan tankerləri də hədəf alıb. “Qazprom”a aid olan sıxılımış qaz daşıyan tanker İspaniya sahillərinə yaxınlaşa bilməyib. Ümumilikdə ABŞ-ın sanksiya siyahısına müxtəlif dövlətlərin bayraqları altında neft və sıxılmış qaz daşıyan 183 tanker əlavə edilib. Beləliklə, Moskvanın iki ticarət tərəfdaşı olan Çin və Hindistan Rusiyadan neft və qaz alışında diqqətli olmağa başlayıblar. Çin və Hindistanın emal zavodları nefti Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrindən almağa üstünlük verəcəklər. Bu isə neftin qiymətlərinə təsirsiz ötüşməyəcək. Neftin daşınma qiymətləri artacaq”.

İranla bağlı vəziyyət bizi kritik nöqtəyə yaxınlaşdırır

İranın nüvə proqramı ilə bağlı vəziyyət pisləşir. Sozcu.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib. Makron qeyd edib ki, nüvə proqramının sürətləndirilməsi Qərbi kritik nöqtəyə çox yaxınlaşdırır.

Rusiya təyyarənin vurulduğu faktını necə gizlətmək istəyir?

Peskov təyyarənin vurulmasına görə Azərbaycandan üzr istəməklə bağlı məsələyə münasibət bildirərkən deyib ki, istintaqın nəticəsi məlum olmayana qədər bunu etməyəcəklər. Lakin Rusiyanın istintaqın nəticəsindən sonra da üzr istəmək və günahkarları cəzalandırmaq istəmədiyi görünür. Bunu Peskovun açıqlamasındakı bir detal da deməyə əsas verir. Kremlin sözçüsü fikrinin davamında bildirir ki, “bunu edə biləcək (yəni istintaqı apara biləcək) aviasiya səlahiyyətlilərimiz var və bu məlumatlar yalnız onlarda ola bilər”. Bu o deməkdir ki, Rusiya tərəfi “yalnız öz mütəxəssislərinin fikrini əsas götürmək” niyyətindədir. Moskvadanın üzr istəməkdən yayınmaq üçün istintaqı nəticələrinə təsir etmək cəhdləri də müşahidə edilir. Bu kontekstdə üç məqam xüsusilə diqqət çəkir. - Kadırov Bakıya yaralılara və həlak olanların ailələrinə kömək təklifi edib: bu, Rusiya rəhbərliyinin göstərişi ola bilər və məqsəd məsələnin ciddiliyini Bakı-Qroznı marşrutuna endirmək, məsuliyyəti Kadırovun üzərinə qoyaraq, həll etməkdir; baş verənlərə görə Kadırov məsuliyyət daşıyır, çeçen liderin qardaşı oğlunu təltif etməsi həm də təyyarənin vurulduğunun dolayısı ilə etirafı hesab oluna bilər, lakin Bakının həmsöhbəti Qroznı yox Moskvadır, üzr də Rusiya rəhbərliyindən gəlməlidir; - Rusiya və Qazaxıstanın hadisənin MDB-nin Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən araşdırılma təklifi reallığın gizlədilməsi və Moskvanın istədiyi nəticənin çıxarılması məqsədi daşıyır; - Və nəhayət, hökumətdəki mənbələrin təyyarənin vurulduğu faktını mediada təsdiq etməsi, eləcə də Azərbaycanın hər iki təklifdən – Kadırovun yardım və məsələnin MDB müstəvisinə çıxarılması – imtina etməsi o deməkdir ki, rəsmi Bakıda baş verənlərin Rusiya tərəfindən gizlətmək cəhdinə dair məlumatlar var; Bu məqamlar fonunda “Rosaviasiya”nın rəhbəri Dmitri Yadrovun açıqladığı “duman” iddiasını təkrarlaması Moskvanın gerçək niyyətinin rəsmi şəkildə elan edilməsidir. Lakin Bakının hadisənin və “qara qutu”nun beynəlxalq ekspertlər və “Embraer” mütəxəssislərindən ibarət qrup tərəfindən araşdırılması tələbi Moskvanı fakt qarşısında qoyacaq. Rusiya üçün bu məsələdən yeganə çıxış yolu etiraf etmək və Azərbaycandan üzr istəməkdir. Asif Nərimanlı

Bu, Kremlə güclü zərbədir

Suriya Prezidenti Bəşər Əsəd rejiminin süqutu Rusiyanın Suriyadakı hərbi varlığını sual altına qoyub. Sozcu.az xəbər verir ki, bu barədə "Biznes İnsayder" (Business Insider) nəşri yazıb. Bildirilir ki, bu, Rusiyanın gücünü Yaxın Şərqdə və onun hüdudlarından kənarda genişləndirmək qabiliyyətini də təhdid edir. "Bu, onlara (ruslara - red.) güclü zərbədir. Suriya onların ən etibarlı ərəb müttəfiqi idi", - bunu Ekstremizmlə Mübarizə Layihəsinin baş məsləhətçisi Edmund Fitton-Braun deyib. Qeyd edək ki, 2017-ci ildə Suriya hərbi yardım qarşılığında Hmeymim aviabazasını və Tartusdakı dəniz bazasını 49 il müddətinə Rusiyaya icarəyə verib. Rusiya bu bazalardan Aralıq dənizi və Afrikadakı qüvvələri, həmçinin NATO-nun cənub cinahına qarşı çıxmaq üçün istifadə edib.

Qərb Suriyanı Ukraynaya dəyişdimi?

Əsəd rejiminin çox qısa müddət ərzində müqavimətsiz düşməsi faktı insanlarda belə bir düşüncə yaratdı ki, guya Rusiya Suriyanı Qərb blokuna təslim etdi, əvəzində isə gələcək danışıqlarda Ukraynanın təslimiyyətini əldə edəcək. The Washington Post yazır ki, Suriya müxalif qüvvələrin hücumuna bir neçə həftə qalmış Bayden administrasiyası BƏƏ vasitəsilə Əsədə saziş təklif etmişdi. Əsəd İranın Suriya üzərindən "H*zbullah"ı silahlandırılmasının qarşısını almalıydı, əvəzində isə Bayden administrasiyası Suriyadan bəzi sanskiyaları ləğv edəcək idi. Əsəd bu təklifi rədd etdi.  Bundan əlavə, müxalif qüvvələrin hücumuna bir neçə gün qalmış Ərdoğan da Əsədə mesaj göndərmişdi. Ərdoğanın xahişlərindən biri, Türkiyəyə sığınmış suriyayalıların bir qisminin qayıdışı üçün şəraitin yaradılması idi. Əsəd bu təklifi də rədd etmişdi. Nəticə etibarı ilə Əsədin devrilməsində maraqlı olan bir neçə dövlətdən ibarət koalisiya formalaşdı: ABŞ, İsrail, Türkiyə. Türkiyənin dəstəklədiyi və ABŞ-ın dəstəklədiyi qüvvələrin irəliləməsilə yanaşı, İsrail da hərbi əməliyyatlardan kənar deyil idi. İsrail HHQ çox intensiv şəkildə "H*zbullah"a və əsədçilərə aid olan hədəflərə zərbələr endirirdi. WSJ xəbər verir ki, Əsədin köməkçiləri Əsədə ABŞ, Türkiyə və İsraillə razılığa gəlməyə məsləhət görürdülər, amma Əsəd Trampla daha əlverişli razılığa gələ biləcəyini düşünürdü, bu səbəbdən də gözləyirdi. Nəticə göz qabağındadır. Suriyanın Rusiya üçün xüsusi önəmi var idi. Rusiyanın Suriyadaki Hmeymim və Tartus bazaları vasitəsilə Əsəd rejiminə dəstəklə yanaşı, Rusiyanın Afrikada başqa qüvvələrə də dəstəyi həyata keçirilirdi. Söhbət Liviyada Xəlifə Həftar, Sahel regionunda bir neçə xunta, Mərkəzi Afrika Respublikası, Sudan və digər qüvvələrdən gedir. Rusiya üçün Hmeymin bazasının gələcəyinin naməlumluğu, onun Afrika və Yaxın Şərqdəki geosiyasi mövqelərinə bütövlükdə sarsıdıcı zərbədir. Bu gün Rusiya propaqandası Suriyada öz dağıdıcı fiaskosuna bəraət qazandırmaq üçün info məkana "Suriyanı Ukraynaya dəyişdik" kimi absurd tezisləri buraxır. Bunun ehtimalı 0.0%-dir ən azı ona görə ki, Suriya və Ukrayna məsələlərində geosiyasi oyunçuların koloriti fərqlidir. Suriyada bu oyunçular: İran, Rusiya, Türkiyə, ABŞ və İsraildir. Ukraynada geosiyasi oyunçular: ABŞ, Rusiya, Çin və Avropadır. Əsəd rejiminin bu dərəcədə sürətli çöküşünün 2 fundamental səbəbi var: 1) ABŞ, İsrail və Türkiyənin Suriyada maraqlarının üstə-üstə düşməsi. 2) Rusiya və İranın siyasi/hərbi/iqtisadi/geosiyasi mövqelərinin zəifləməsi nəticəsində Əsəd rejimini qoruya bilməməsi. Suriyada maraq dairələrin yeni bölüşdürülməsi olacaq, amma "pay bölücüləri" arasında Rusiya və İran olmayacaq. Kamran Cəfərov, politoloq

İsrail ordusu Suriya sərhədinə niyə yerləşdirilib? - Rəsmi

İsrail ordusunun bölmələri Suriyadakı hadisələr fonunda İsrailin nəzarətində olan əraziləri Suriyadan ayıran Qolan təpələrindəki bufer zonasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qolan təpələrində yaşayış məntəqələrinin və İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək lazımdır”, - məlumatda deyilir. Hərbçilər xüsusi olaraq qeyd ediblər ki, İsrail Suriyada baş verənlərdə iştirak etmək niyyətində deyil: “Biz vurğulayırıq ki, ÇAXAL Suriyadakı daxili hadisələrə qarışmır”. Qeyd edək ki, daha öncə "Tayms of İsrail" nəşri İsrail tanklarının Suriya sərhədini keçdiyi xəbərini yayıb.

Tramp Fransada Zelenski ilə görüşəcək?

Fransa Prezidenti Emmanuel Makron, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş  Fransanın məşhur "Yelisey" sarayında baş tutacaq. Ukrayna Prezidenti Volodimir Zelenski və Donald Trampın ikitərəfli görüş keçirib-keçirməyəcəyi isə hələlik mətbuata açıqlanmayıb.

Sayı günü-gündən artan piyada ölümləri: insanları necə xilas etməli?

Son vaxtlar ölkədə piyadavurma hadisələrinin sayı artıb. Elə bu gün Dövlət Yol Polisi də bununla bağlı əhaliyə müraciət edib. Bildirilib ki, piyadavurma hadisələrinin sayının artmasının əsas səbəbi hava şəraiti və yolların sürüşkən olmasıyla bağlıdır. Təkcə son üç gün ərzində 4 nəfərin həlak olması, 4 nəfərin xəsarət alması ilə nəticələnən 7 piyadavurma hadisəsi qeydə alınıb. Ancaq piyada ölümləri yalnız hava şəraiti ilə bağlı deyil. Burada sürücü və piyadaların yol hərəkəti qaydalarına əməl etməmələri, eləcə də digər amillər ciddi rol oynayır . Bəs, piyada ölümlərinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Bakupost.az -a açıqlamasında bildirib ki, piyada ölümlərinin qarşısını almaq üçün müasir yanaşmalar tətbiq olunmalıdır: "Qəzalar dünyanın hər yerində baş verir. Səbəblər müxtəlif ola bilər, amma ayrı-ayrı ölkələrin bu məsələyə yanaşması fərqlidir. Vision Zero konsepsiyası mövcuddur - ölüm hallarına sıfır dözümlülük siyasəti. Yəni qəza qaçılmazdır, lakin qəzanın nəticəsi olaraq insanlar yollarda ölməməlidir. Bunun üçün Azərbaycanda görülən işlərin davamı gəlməlidir. Məsələn, sürəti azaldan qərarlar qəbul edilib, nişanlar qoyulub, cərimə balları artırılıb və ya yağışlı havada sürətin azaldılmasının vacibliyi tablolarda əks olunub. Lakin fiziki olaraq sürətli sürməmək üçün yetərincə tədbirlər görülməyib”. Ekspert qeyd edib ki, piyada keçidlərinin təhlükəsizliyi artırılmalı, şəhər daxilində zolaqların enləri daraldılmalıdır: “Şəhər daxilindəki küçələrdə zolaqlar daha genişdir. Zolaqların ensizləşdirilməsi əməliyyatı aparılmalıdır. Bəzi prospektlərdə bunu görmək mümkündür. Məsələn, 8 Noyabr prospektində bu addım atılıb, amma bütün şəhərdə həyata keçirilməlidir. Zolaqlar ensizləşdirildikdə kanallaşma təmin edilir, yəni sürücülərin yanlış manevr etməsi mümkünsüz olur. İki zolaqdan artıq olan prospektlərdə, eyni səviyyəli piyada keçidlərində təhlükəsizlik adacıqları qurulmalıdır. Piyada küçəni tam keçə bilməsə belə, həmin adacıqlarda özünü təhlükəsiz hiss edir və avtomobilin keçməsini gözləyir. Bu adacıqlar olmadıqda, sürücülər sürəti artırır və piyadaların yanlış hərəkət etməsi ilə qəzalar qaçılmaz olur. Bundan əlavə, piyada keçidlərinin işıqlandırılmasına diqqət yetirilməli və işıqforlarla nizamlanan keçidlərin sayı artırılmalıdır. Bu tədbirlər həyata keçirildikdə, qəzalarda yalnız maddi ziyan və yüngül xəsarətlər ola bilər". Ekspert qeyd edib ki, qəzalar bir halda insan həyatına son qoya bilər, digərində isə zərər yalnız qırıq və ya zədə ilə məhdudlaşa bilər: "Əsas məqsəd insan həyatını qorumaqdır. Küçələri sakitləşdirən elementlərin sayını artırmaq və həssas insanların hərəkət etdiyi ərazilərdə fərqli həllərə üstünlük vermək lazımdır. Dünyada belə həllər tətbiq olunur. Məsələn, bağçalar, məktəblər və xəstəxanaların önündə süni maneələr qoyulur ki, buna "Berlin yastığı" deyilir. Riskləri azaldan həllərə gəldikdə, sürəti sakitləşdirən elementlər və qəzanın nəticəsini yüngülləşdirən tədbirlər iki hissədə nəzərdən keçirilməlidir. İnsan faktoru burada mühüm rol oynayır: sürücünün peşəkarlığı, avtomobilin texniki vəziyyəti və hava şəraiti qəza səbəbləri ola bilər. Amma əsas məqsəd nəticədə insanın həyatını itirməməsidir. Bir şeyi də qeyd edim ki, sadaladığım elementlər Bakı şəhərində var, amma nöqtəvidir. Məsələn, Həsən Əliyev küçəsində Kral şadlıq evinin yanında və Ağa Nemətulla küçəsində təhlükəsizlik adacıqları qurulub. Ağ Şəhər layihəsi çərçivəsində də müasir elementlər tətbiq olunub. Məhəllə girişləri səki səviyyəsinə qaldırılıb ki, bu da sürücüləri sürəti azaltmağa məcbur edir" Rauf Ağamirzəyev həmçinin, Bakı şəhərində mövcud piyada infrastrukturundakı problemləri də dilə gətirib: “Əgər biz hər hansı vərdişlərdən danışırıqsa, çox təəssüflər olsun ki, bizim piyada infrastrukturumuz bərbbaddır. Səki və keçidlərdə çoxlu maneələr -ağaclar, nişanlar, işıq dirəkləri və dükanların pilləkənləri kimi əngəllər mövcuddur. Konkret zəbt hallar var ki, bu da piyadaları yolun hərəkət hissəsinə çıxmağa məcbur edir və yanlış vərdişlər formalaşdırır. Biz ilk olaraq, səkiləri azad və abad etməliyik". Ekspert vurğulayıb ki, cərimələrin tətbiqində boşluqlar var: "Səkilər azad edilməli və qayadalar sərtləşdirilməlidir. Son statistikalara görə, taksilərlə hərəkət edənlərin müəyyən faizi avtobus və metroya keçib, lakin bunun əsas önəmli faizi piyadalardır. Şəhərimizdə məsafələr qısa olmasına baxmayaraq, şəxsi avtomobil və taksi istifadə edilir ki, bu da yol infrastrukturunda küçə yol şəbəkəsinin yüklənməsinə, tıxacların atmasına birbaşa təsir edir. Ona görə də piyada infrastrukturunun yaxşılaşdırılması, təhlükəsizlikliyin təmin olunması məsələlərinə diqqət artırılmalıdır".