Müharibə davam edəcək, bu dəfə daha kəskin və daha ciddi. Ukrayna tək deyil. Ukrayna təslimçi sülhə getməyəcək, getməməlidir!
Baş verənlər Trampın təkadamlıq geosiyasi şousudur, siyasi teatrıdır. Demirəm ciddiyə almayaq, amma bu qədər pessimizmə qapılmaq da olmaz. Buna gərək yoxdur.
Dünəndən bəri yazıram, bir daha təkrar edirəm, Tramp blef edir. Tramp öz aləmində, bəlkə də, nə isə etmək istəyir, amma buna nə dərəcədə nail olacaq, hələ bəlli deyil. Çünki fikrində tutduğu işlər ağlabatan deyil.
Putinlə görüşə gedib, Zelenskinin yanına ABŞ-in ikinci, üçüncü dərəcəli adamlarını göndərmək tərbiyəsizlikdir. Ukraynanın masada olmadığı danışıqlarda hansısa razılaşma, bölünmə faktı boş söhbətlərdir.
Bəzi adamların bu kontekstdə Tramp-Putin görüşünü DÜNYANIN BÖLÜŞDÜRÜLMƏSİ kimi təqdim eləməsi gülməlidir, məncə, başqa işlə məşğul olsalar yaxşıdır.
Trampın nail olmağa çalışdığı tək şey niyəsə Putini şar kimi şişirtməsi, qoltuğuna qarpız bağlamasıdır. İşin qəribə tərəfi budur.
Amma, məncə də, oynayır. Rusları da aldadacaq..
Hə, bununla razıyam ki, sırf Trampın patronajlığı ilə ABŞ, bu prosesdə təəssüf ki, ədalətli hakim ola bilmir. Özünü bu miqyasda Putinə təslim etməyə çalışan adamdan ədalətli hakim ola bilməz.
Xüsusilə, Ukraynanın ərazi bütövlüyü və suverenliyi, üç il ərzində öldürülən yüz minlərlə insan, məhv edilən həyatlar, dağıdılan kəndlər, qəsəbələr, şəhərlər, yollar, limanlar, ağlasığmaz infrastruktur və s. hansısa avantürist plana görə gözardı edilə bilməz.
Nə prezident Zelenski, nə Ukrayna elitası, nə də cəmiyyət və xalq xain plana razı olmayacaq, bu, mümkün deyil.
Belə bir vəziyyətdə Donald Trampın Putinlə danışıqlarda nəyəsə nail olma şansı inandırıcı deyil. ABŞ dövləti təkcə Trampdan ibarət deyil və gözlə görünməsə də, orada qərarları yalnız ABŞ prezidenti vermir.
Mənim fikrimcə, müharibə davam edəcək, bu dəfə son döyüşlər olacaq və savaşın daha şiddətli fazasına daxil olacağıq.
Ukrayna ərazi bütövlüyünü və suverenliyini itirməyəcək. Avropa dövlətləri başda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Polşa olmaqla qitənin yeni təhlükəsizlik konsepsiyasını qəbul edəcək və Ukraynanı tayı-bərabəri olmayan miqyasda dəstəkləyəcək.
Avropa Ukrayna-Rusiya müharibəsi fonunda daha fərqli bir formatda, daha fərqli bir güc faktoru kimi özünü külündən yenidən yaradacaq, yenidən doğacaq.
Mirzə Rəşad Orbey, siyasətçi