"Sabiq prezidentə toxunulmazlıq, dövlət mühafizəsi, ömürlük aylıq müavinət, dövlətin daşınmaz əmlakından istifadə hüququ veriləcək..." Aleksandr Lukaşenko ölkə Konstitusiyasını özünə uyğunlaşdırıb Belarus hakimi Aleksandr Lukaşenko ölkə Konstitusiyasına dəyişiklikləri təsdiq edib. Sozcu.az xəbər verir ki, bu barədə "rbc.ru" nəşri məlumat yayıb. Bu dəyişikliklər istefaya gedəcəyi təqdirdə onun toxunulmazlığı, ömürlük mühafizəsi və dövlət daşınmaz əmlakı hüququna zəmanət verir. Düzəlişlərə əsasən, istirahətə yollanacaq Belarus prezidenti "prezident səlahiyyətlərinin icra edilməsi ilə əlaqədar olaraq törətdiyi hərəkətlərə görə məsuliyyətə cəlb edilə, habelə bununla bağlı saxlanıla, başqa yolla şəxsi azadlıqdan məhrum edilə, istintaq və digər prosessual hərəkətlərə məruz qala bilməz". Toxunulmazlıq sabiq dövlət başçısının ailə üzvlərinə də şamil edilir. Həmçinin dəyişdirilən qanunda yazılıb ki, prezident vəzifəsini tərk edən şəxs Ümumbelarus Xalq Məclisinin nümayəndəsi və Respublika Şurasının ömürlük üzvü olur. Bundan başqa, sabiq prezidentə dövlət mühafizəsi, ömürlük aylıq müavinət və dövlətin daşınmaz əmlakından istifadə etmək hüququ verilir. "Bir çoxları deyir ki, Lukaşenko Konstitusiyanı özünə görə uyğunlaşdırıb. Məni bağışlayın, bunu mən etməmişəm. Mənim dövrüm sona çatır, heç bir konstitusiyanı özümə uyğunlaşdırmaq fikrində deyiləm", - bunu Lukaşenko ötən yazda vəd edib və əmin edib ki, onun övladları prezident olmayacaq. Onun fikrincə, Qərb ölkələrində bir çoxları onun istefaya getməsini istəyir, deməli, bunun əksini etmək lazımdır. "Amma bu, o demək deyil ki, mən bu vəzifədən yapışıb qalacağam. Yox, bu, belə olmayacaq. Mən gələcək barəsində düşünürəm", - o, izah edib. Qeyd edək ki, Belarus Konstitusiyasına dəyişikliklər haqqında referendum 2022-ci il martın 4-də keçirilib, Lukaşenko onun nəticələrini təsdiq edib. 2020-ci ilin noyabrında Lukaşenko yeni Konstitusiyanın qəbulundan sonra prezident olmayacağını vəd edib: "Yeni Konstitusiya ilə mən sizin prezidentiniz olmayacağam. Ona görə də sakitləşin, buna rahat yanaşın". Xatırladaq ki, bir sıra oxşar qanunlar Qazaxıstanın ilk prezidenti Elbası (millətin lideri) Nursultan Nazarbayev 2019-cu ildə dövlət başçısı postundan getməzdən öncə imzalayıb. Lakin 2023-cü ildə Nazarbayev bütün təsdiq edilən imtiyazlardan, o cümlədən Təhlükəsizlik Şurasının ömürlük sədri vəzifəsindən və fəxri senator adından məhrum edilib.
Pakistanın Ali Məhkəməsi “Rəsmi sirlər haqqında” qanunu pozmaqda ittiham edilərək həbsdə olan keçmiş baş nazir İmran Xan və keçmiş xarici işlər naziri Şah Mahmud Qureşinin zaminə buraxılmasını təsdiqləyib. Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Pakistan Ədalət Uğrunda Hərəkat partiyasının liderlərinə hər biri 1 milyon Pakistan rupisi girov qoymaq barədə hökm çıxarıb. Qeyd edək ki, bu ilin oktyabr ayında Pakistanın Xüsusi Məhkəməsi Xan və Qureyşi Rəsmi Sirrlər Qanununu pozmaqda ittiham edib. Lakin pakistanlı siyasətçilər ittihamları qəbul etməyiblər. Noyabr ayında Pakistanın Ədalət Uğrunda Hərəkat Partiyası Ali Məhkəməyə müraciət edərək Xan və Qureşinin zaminə buraxılmasını istəyib. Avqustun 5-də Pakistanın keçmiş baş naziri Xan korrupsiya işi üzrə 3 il müddətinə azadlıqdan məhrum edilib. Avqustun 29-da Pakistan məhkəməsi Xanın üç illik həbs cəzasını təxirə salıb və onun girov müqabilində azadlığa buraxılmasına qərar verib. Lakin avqustun 30-da Xan yenidən “dövlət sirrini yaymaq” ittihamı ilə həbs olunub.
Yenidən Polşa Baş naziri seçilmiş Donald Tusk inaqurasiya nitqində Qərbi Ukrayna dəstəyi artırmağa təhrik edəcəyini deyib. Sozcu.az xəbər verir ki, Tusk bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu deyən siyasətçilərə qulaq asmayacağını vurğulayıb. “Biz Qərbin Ukraynaya yardım üçün tam səfərbərliyini tələb edəcəyik. Mən bundan sonra Ukraynadakı vəziyyətdən yorulduğunu bildirən siyasətçilərə qulaq asmayacağam. Ukraynaya hücum bizim hamımıza hücumdur. Biz Ukrayna ilə bağlı vahid mövqedən çıxış etməliyik. Bu bizi birləşdirməlidir… Biz müharibənin nə üçün olduğunu xatırlamalıyıq. Ukraynalılar son dərəcə vacib bir məsələ uğrunda mübarizə aparırlar, onların mübarizəsi Maydanda başladı, onlar Qərb ictimaiyyətinə qoşulmaq uğrunda döyüşürlər”, - Baş nazir deyib. Tusk Polşanın Ukraynaya dəstəyinin vacib olduğunu, bununla belə fermerlərin qorunması kim öz milli maraqları ilə bağlı məsələlərdə mühafizəkar mövqe sərgiləməli olduğunu əlavə edib.apa
Humanitar atəşkəsin bərpası və Qəzza zolağında radikal HƏMAS hərəkatının saxladığı girovların qaytarılması ilə bağlı rəsmi danışıqların tezliklə bərpa olunacağı ehtimalı yoxdur. Sozcu.az xəbər verir ki, bu barədə CNN yüksək rütbəli Amerika rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, danışıqlar dalana dirənib, rəsmilərin sözlərinə görə, yaxın gələcəkdə müzakirələrin bərpası perspektivi yoxdur. ABŞ prezidenti Co Bayden administrasiyasının da amerikalıların azad edilməsi ilə bağlı ayrıca danışıqlar apara bilməsi çətin prosesdir. Telekanalın sözlərinə görə, HƏMAS-ın Vaşinqtona hər hansı xüsusi xidmət göstərəcəyinə inanmaq üçün heç bir əsas yoxdur.
Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqları dalana dirənib. Belə ki, öncə Azərbaycan Brüssel, daha sonra isə Vaşinqton müstəvisindən aparılan danışıqları dayandırdı. Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) imtina etdi. Niyə? Çünki Azərbaycan görüşdə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Fransa və Almaniya isə buna imkan vermədi. Fransa rəsmilərinin ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar nəzərə alındı. Eyni zamanda Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycanı ittiham edən açıqlamasını da nəzərə alan rəsmi Bakı bu formatda danışıqlarda iştiraka lüzum görmədi. Baxın, Qranadadakı görüşdə Türkiyənin iştirakına Paris və Berlin razı olmadı. İndi isə Almaniyaya yaxınlığı ilə tanınan və 2015-ci ildən ortada olan “politico.eu” saytında bugünlərdə gedən bir məqalənin başlığına diqqət edək: “Azerbaijan can become a constructive player in the Caucasus”, yəni Azərbaycan Qafqazda konstruktiv oyunçuya çevrilə bilər. Məqalənin ikinci başlığı bizim üçün xüsusi ilə maraqlıdır. Nə yazırlar? Yazırlar ki, ABŞ, Aİ və Türkiyə tərəflər arasında vasitəçilik prosesinə rəhbərlik etməlidir, çünki onlar regionda təhlükəsizlik əlaqələrini və qarşılıqlı iqtisadi əlaqəni gücləndirə biləcək nizamlanmadan birbaşa faydalanacaqlar. “Politico.eu” son dərəcə nüfuzlu saytdır. Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken amerikalı qanunvericilərə Azərbaycanın Ermənistana hücum ehtimalı barədə açıqlama vermiş və ABŞ-ın Azərbaycana hərbi yardımı dayandıra biləcəyi ilə bağlı məlumat yaymışdı. Düzdür, bu xəbər tezliklə ən yüksək səviyyədə təkzib edildi. Ancaq az sonra bəlli oldu ki, “politico.eu” saytının yaydığı xəbər doğru imiş. Yəni bu sayt nə yazdığının fərqindədir. Birmənalı şəkildə deyir ki, Azərbaycan Cənubi Qafqazda konstruktiv oyunçuya çevrilə bilər. İkinci və ən önəmli məqam odur ki, ABŞ Aİ ilə birlikdə Türkiyə-Azərbaycan-Ermənistan danışıqlarına rəhbərlik etməlidir. Mən də əminəm ki, bu, ən optimal yoldur və konkret nəticələrin əldə olunacağı formatdır. Zatən Azərbaycanın da istədiyi budur... ABŞ dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında noyabrın 20-də Vaşinqtonda keçirilməsi planlaşdırılan danışıqların pozulmasına görə isə məsuliyyət dövlət katibinin köməkçisi Ceyms O’Braynın ayağına yazılmalıdır. Dövlət Departamentinin Avropa və Avrasiya Bürosundakı müavini, O’Braynın “ABŞ-ın Azərbaycana münasibəti əvvəlki kimi olmayacaq” bəyanatına, 907-ci düzəlişin yenidən qüvvədə qalması haqda qərara cavab olaraq Xarici İşlər Nazirliyi bu mövqeyi “birtərəfli, qərəzli, əsassız və qəbuledilməz” hesab etdi... Azərbaycan nə təklif edir? Rəsmi Bakı “3+2” formatında (Azərbaycan, Ermənistan, İran, Türkiyə və Rusiya), Tiflisdə və iki ölkə sərhədində ikitərəfli görüşə hazır olduğunu bəyan edir. Azərbaycan ABŞ, Aİ və Türkiyənin də birgə vasitəçiliyinə müsbət baxır. Rəsmi Bakı Moskva müstəvisinə də maraq göstərir. Ancaq Qərbin sifarişi ilə Rusiya ilə bütün körpüləri yandıran Ermənistan bunu qətiyyən istəmir. Ona görə də Moskva görüşü real deyil və mümkün variant kimi qəbul oluna bilməz. Gördüyünüz kimi, Azərbaycan həm Vaşinqtonu, həm də Brüsseli ermənilərə birtərfli şəkildə simpatiya bəsləməkdə suçlayır. Təbii ki, Ermənistan bu Qərb-Azərbaycan qarşıdurmasından yararlanmağa çalışır. Əlbəttə, Qərblə qarşıdurmaya getmək Azərbaycan üçün arzuolunan yol deyil. Ancaq biz onu da untmamalıyıq ki, Qərbdə Azərbaycanın son dərəcə önəmli bir müttəfiqi var. Şübhəsiz ki, bu, Böyük Britaniyadır. Noyabrın 22-də Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertini qəbul etdi. Son dərəcə xoş atmosferdə keçən görüşdə qarşılıqlı münasibətlərdən məmnunluq duyulduğu vurğulandı. Yəqin ki, diqqət edirsiz. Son vaxtlar Ermənistan Qərbin ən güclü ölkələri ilə əlaqələrini gücləndirməyə çalışır. Öncə Fransa ilə yaxınlaşan Ermənistan daha sonra Almaniya ilə münasibətlərini yeni və daha yüksək səviyyəyə qaldırdı. İndi isə Ermənistan Böyük Britaniya ilə yaxınlaşmaq üçün ciddi addımlar atmaqdadır. Ermənistan mənbələri yazır ki, ötən həftə Londonda tərəflər arasında strateji xarakterli danışıqlar keçirilib. Cənab Leo Dokerti Bakıya gəlməmişdən öncə İrəvanda olmuşdu, qısa zaman içində münasibətlərdə xeyli irəliləmə var. Ermənistan mediası yazır ki, Böyük Britaniyanın əsas hədəfi Rusiyanın Cənubi Qafqaza təsirini sıfırlamaqdan ibarətdir. O cümlədən Ermənistan-Azərbaycan münaqişəsinin həlli və sülh prosesinin başa çatdırılması da Britaniyanın Cənubi Qafqazdakı prioritetləri sırasındadır. Qeyd edim ki, Britaniyalı nazir Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Londona səfəri başa çatdıqdan dərhal sonra İrəvana gəlib. Ötən həftə Ermənistan səfirliyi Londonda yeni binaya köçüb. Mirzoyan bu münasibətlə belə deyib: “Yeni bina ilə birlikdə biz həm də əlaqələrimizin dərinləşməsi üçün yeni təməl qoyuruq”. Təkcə Ermənistan yox, Britaniya da tərəflər arasında “strateji dialoq”un başladığını elan edib. Səfərindən bir qədər əvvəl Leo Dokerti deyib: “Cənubi Qafqaz həm daxili, həm də qonşu ölkələrdən gələn regionun sabitliyini təhdid edən ciddi təhlükəsizlik çağırışları ilə üz-üzədir. Qeyri-sabit regionda Böyük Britaniya islahatlar, sülh və sabitlik üçün etibarlı tərəfdaşdır”. Britaniya səfirliyindən bildirilib ki, nazirin səfəri zamanı Ermənistanda demokratik islahatlar gündəliyi, eləcə də Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların zəruriliyi müzakirə olunacaq. Nazir İrəvan, Bakı və Tiflisə “iqtisadiyyatın diversifikasiyası və Avropanın Rusiyadan asılılığını azaltmaq üçün ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirməyi” təklif edəcək. Diqqət etdinizmi? Britaniya “Ermənistan və Azərbaycan arasında birbaşa danışıqların zəruriliyini” vurğulayır. Əlbəttə, bu, təsadüfi deyil. London yaxşı bilir ki, Azərbaycan da birbaşa danışıqlardan yanadır. Erməni siyasi şərhçi Hakob Badalyan deyir ki, Böyük Britaniyanın Cənubi Qafqazda fəallaşması Rusiyanın bölgədəki təsirini neytrallaşdırmağa yönəlib: “Əsas diqqət Qərb platformalarında Ermənistan-Azərbaycan “sülh prosesi”nin təşviqi və başa çatdırılmasına yönəldiləcək. Bu da Rusiyanın bölgədə təsirinin zəiflədilməsi və ya praktiki olaraq ləğv olunması mərhələsinin başlanmasına imkan verəcək”. Erməni şərhçinin sözlərinə görə, Azərbaycan indi Qərb platformalarından və Qərbin vasitəçiliyindən deyil, Ermənistanla danışıqlardan imtina edir və İrəvan Azərbaycanın şərtləri ilə razılaşmayana qədər rəsmi Bakı özünü belə aparacaq. Britaniyanın Azərbaycanın bu təklifinə dəstək verməsi həm də o deməkdir ki, Vaşinqton və Brüssel də bu formata razıdır. Qərb üçün ən önəmlisi odur ki, bu danışıqlarda Rusiya olmasın. Azərbaycanla Ermənistanın Tiflisdə görüşməsi və konkret nəticə ilə görüşdən ayrılması son dərəcə realdır. Hə, fiziki baxımdan Qərb o görüşdə iştirak etməyəcək, ancaq ruhən orada olacaq və prosesi tənzimləyəcək. “Jam-news.net” saytı erməni siyasi ekspert Hakob Badalyanın bəzi fikirlərinə yer verib. O deyir: “Ermənistanı Azərbaycanın şərtlərini qəbul etməyə inandırmağa cəhd edilir. Britaniya, təbii ki, Azərbaycan iqtisadiyyatına yüz milyardlarla dollar sərmayə qoyub. Ona görə də Azərbaycana müəyyən təsir gücünə malikdir. Amma məsələ ondadır ki, Britaniyanın Azərbaycana təsir etməyə həvəsi varmı və real olaraq belə təsir imkanları varmı?” Badalyan hesab edir ki, “Britaniya oyununun məntiqi” başqadır, vurğu Ermənistana “müəyyən bonus vədləri” verməkdir ki, İrəvan Azərbaycanla yeni sövdələşmə ideyası ilə razılaşsın... Gördüyünüz kimi, Böyük Britaniya artıq Azərbaycan-Ermənistan danışıqlarında qeyri-rəsmi vasitəçi rolunda çıxış edir. Mən hesab edirəm ki, bu, Azərbaycanın dövlət maraqları baxımından son dərəcə önəmli məsələdir. Onu da xatırladım ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan çar Rusiyasının bir parçası idi. XX əsrin ilk illərində Britaniya Azərbaycan neftinə 60 milyon rubl sərmayə qoymuşdu. Bu, o vaxt üçün son dərəcə böyük kapital idi. Hələ uzaq 1904-cü ildə Britaniya kerosinə olan tələbatının 47,1 faizini Bakıdan alırdı... 1918-ci ilin yanvar ayında ingilis ekspedisiyası Azərbaycanın neft mədənlərinin Birləşmiş qüvvələrin (Almaniya və Osmanlı imperiyası) təsiri altına düşməsinin qarşısını almaq məqsədilə Bağdaddan Bakıya göndərildi. Bu müddət ərzində Böyük Britaniya ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında mərkəzi Tiflisdə yerləşən Britaniyanın Qafqaz üzrə Ali Komissarı Oliver Uoldrop vasitəsilə de-fakto diplomatik əlaqələr quruldu... Yəni Britaniya-Azərbaycan münasibətlərinin tarixi kökləri var. 1994-cü il sentyabrın 20-də Bakıdakı Gülüstan sarayında “Azəri”, “Çıraq” və “Günəşli” dərin dəniz yataqlarından hasil olunan məhsulların müştərək paylanması haqqında müqavilə bağlandı. Böyük Britaniyanın BP şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz kompleksində fəaliyyət göstərən ən iri şirkətdir. Onu da qeyd edim ki, bağlanmış müqavilənin müddəti 2050-ci ilə qədər uzadılıb. Yəni ən azı həmin vaxta qədər Britaniyanın Azərbaycanda həyati maraqları var... Bəs Böyük Britaniya ABŞ və Aİ-nin bacarmadığı vasitəçilik missiyasını uğurla həyata keçirə bilərmi? Böyük Britaniya dünyada xüsusi çəkisi olan ölkədir. Məsələn, dünyanın 88 ölkəsində ingilis dili ya dövlət dilidir, ya da dövlət dili səviyyəsindədir. 1920-ci ildə Böyük Britaniya yer kürəsindəki torpaq ərazisinin 24 faizinə hökm edirdi. Şübhəsiz ki, son 500 ildə dünyada dominant mövqedə olan Böyük Britaniyanın siyasi təcrübəsi yetərincə yüksəkdir və belə bir ölkə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına nail ola bilər. Mən ona da əminəm ki, Britaniya səhnə arxasında olsa da bu prosesdə iştirak edir. Belə görünür ki, Britaniya səhnə arxasından səhnəyə çıxmağa qərar verib. Tezliklə Ermənistan-Azərbaycan danışıqlarında canlanma baş verəcək. Bir önəmli məqamı da qeyd edim. Azərbaycanla Qərb arasındakı münasibətlər pisləşməyib. Çünki Azərbaycan bütün varlığı ilə Qərbə bağlıdır. Azərbaycanın ixrac etdiyi əsas 2 şey var: neft və qaz. Hər ikisinin də əsas alıcısı Avropadır. Hə, İsrail Azərbaycan neftinin 40 faizini alır. Ancaq İsrail də Qərbin bir parçasıdır... Erməni politoloq Alen Gevondyan Azərbaycan-Qərb münasibətlərini son dərəcə dəqiq ifadə edir: “Bakıya ünvanlanan kəskin bəyanatlara və Azərbaycana qarşı bəzi formal sənədlərin qəbuluna rəğmən, Qərblə Azərbaycan tərəfinin maraqları böyük ölçüdə üst-üstə düşür”. Azərbaycanla Qərbin bir-birinə ehtiyacı var. Hazırda Cənubi Qafqazda Gürcüstan və Ermənistan Qərbin yanındadır. Azərbaycansız Cənubi Qafqaz Qərb üçün o qədər də gərəkli məkan deyil. Həm də Rusiyanın enerji mənbələrindən imtina edən Qərb Azərbaycana alternativ enerji mənbəyi kimi görür. Yəni qarşılıqlı asılılıq ortadadır. Gözləyək. Tezliklə səhnənin pərdəsi qaldırılacaq və Britaniya öz əzəməti ilə səhnəyə daxil olacaq. Qərbin alqışları altında yeni tamaşa başlayacaq... Şahmatda "İngilis açılışı" (c4 ilə başlayan gediş) var. Bu açılış ağ fiqurla oynayana üstünlük verir. Azərbaycan isə 44 günlük müharibə başlayandan bəri Ermənistana qarşı ağ fiqurlarla oynayır... Elbəyi Həsənli. SÜRİX
-Yer niyə, necə isinir? Qlobal iqlim dəyişikliyinin birdən- birə yaranan problem olmadığı sirr deyil. İnsanların atmosferə buraxdığı istixana qazlarının emissiyalarının artması nəticəsində Yer kürəsinin iqlimindəki dəyişikliklər günbəgün artır, istiləşmə baş verir. Dəyişikliklər ilk növbədə birbaşa dünyanın suyuna təsir edir. Buzlaqlar və buz təbəqələri kiçilir, çay və göl buzları daha tez parçalanır, əriyir, daşqınlar, sellər baş verir. Bu da suyun itkiyə getməsi ilə yanaşı biomüxtəlifliyin azalmasına da səbəb olur. İstiləşmə səbəbindən tez-tez meşə yanğınları, bəzi bölgələrdə daha uzun quraqlıq dövrləri müşahidə olunur, küləyin intensivliyi artır. Qlobal iqlim dəyişikliyi yer kürəsinin hər nöqtəsinə öz təsirini fərqli göstərir. Hesablamalara görə, yer səthinin orta temperaturu hazırda 1800-cü illərin sonlarında (sənaye inqilabından əvvəl) olduğundan təxminən 1,1°C, son 100.000 ilin istənilən vaxtından daha istidir. Son onillik (2011-2020) rekordlar üzrə ən isti onillik olub və son dörd onilliyin hər bir onilliyi öncəkindən daha isti olub. İqlim dəyişikliyi dedikdə ilk ağıla gələn havanın istiləşməsidir. Ancaq unutmayaq ki, temperaturun yüksəlməsi bu hekayənin yalnız başlanğıcıdır. Yer hər şeyin bir-birinə bağlı olduğu bir sistem olduğu üçün intensiv quraqlıqlar, su qıtlığı, şiddətli yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlarının əriməsi, fəlakətlərə səbəb olan tufanlar və biomüxtəlifliyin azalması bu proseslə bağlıdır, getdikcə daha da intensivləşəcək. İqlim alimlərinin dəniz buzlarının itirilməsi, buzlaqların və buz təbəqələrinin əriməsi, dəniz səviyyəsinin qalxması və daha güclü istilik dalğaları kimi proqnozlaşdırdığı təsirləri ilə bağlı həyacan təbili çalan narahatlıqlarının artdığını görürük. Alimlərin proqnozlarına görə, iqlim dəyişikliyinin yaratdığı təsirlərin şiddəti gələcək insan fəaliyyətinin rolundan asılı olacaq. Daha çox istixana qazı emissiyası daha çox iqlim dəyişikliyi və planetimizdə geniş yayılmış zərərli təsirlər deməkdir. Nəticəni doğuran səbəblər nəzərə alınsa, deyilənlərə əməl edilsə bu məsələni qismən tənzimləmək mümkündür. Gələcək təsirlər buraxdığımız karbon qazının ümumi miqdarından asılıdır. İnsanlar qlobal istiləşməyə görə məsuliyyət daşıyır Son 200 ildə qlobal istiləşməyə görə insanların məsuliyyət daşıdığı belə əsaslandırılıb ki, insan həyat şəraiti və fəaliyyəti dünyanı daha sürətli istiləşən istixana qazanlarına dönməsinə səbəb olub. Nəticədə su qıtlığı və qlobal iqlim böhranı yaranıb. Böhran təkcə şirin su ehtiyatının azalması kimi özünü göstərmir, çoxşaxəlidir. Temperaturun yüksəlməsi mövcud şirin su mənbələrində ölümcül patogenlərə səbəb olur ki, bu da təsirə məruz qalmış suyu insanların içməsi üçün təhlükəli edir. Daha çox üstünlük təşkil edən isə qıtlıqdır- su qıtlığı. Dünyadakı sirin su ehtiyatlarımız getdikcə tükənir. 2001-2018-ci illər arasında baş verən təbii fəlakətlərin təxminən 74 faizi quraqlıq və daşqınlar da daxil olmaqla su ilə bağlı olub. Bundan sonra da bu cür hadisələrin tezliyi və intensivliyinin yalnız iqlim dəyişikliyi ilə artacağı gözlənilir. Azərbaycanda kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm və səhiyyə sektoru iqlim dəyişikliyinə həssas hesab edilir. Vəziyyət ümumilikdə belə olsa da, iqlim dəyişikliyinə ən çox həssas olan sahələr kənd təsərrüfatı və su sektorudur. Iqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupu (IPCC) tərəfindən 2022-ci ildə hazırlanmış 6- cı qiymətləndirmə hesabatında bütün qitələrdə və bir çox okeanlarda aparılan müşahidələrin nəticələri göstərir ki, bir çox təbii sistemlər, o cümlədən hidroloji dövr, su təminatı və suyun keyfiyyəti, həmçinin su təchizatı ciddi surətdə iqlim dəyişmələri təsirlərinə məruz qalmaqdadır. Hesabatdan göründüyü kimi, cənubi Avropa, Qafqaz və Mərkəzi Asiyada iqlim dəyişmələri yüksək temperaturlara, quraqlıqlara və su resurslarının azalmasına, hidroenerjinin, yay turizminin və ümumilikdə mədəni bitkiçiliyin potensialının aşağı düşməsinə gətirib çıxaracaq. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü normadan daha artıqdır. Azərbaycanın su ehtiyatları Azərbaycanda daxili su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir. İqlim dəyişmələrinin təsiri nəticəsində su ehtiyatlarımız son onilliklərdə azalmışdır və iqlim modellərinə əsasən onların gələcəkdə də azalma ehtimalı var. Ölkə əhalisinin artması, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı və suvarılan kənd təsərrüfatı sahələrinin genişlənməsi səbəbindən suya olan təlabat artan templə irəliləyir. Ölkənin yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları, buzlaqlar təşkil edir. Yerüstü su ehtiyatları əsasən çaylarda cəmlənmişdir. Çay sularının ehtiyatlarının 67-70%-i qonşu ölkələrin ərazisində, qalanı isə (yerli axım) ölkəmizin daxili çaylarında formalaşır. Çay sularının ümumi təbii ehtiyatları 28,5-30,5 milyard m3, təşkil edir ki, onun da qonşu ölkələrin ərazisindən ölkəmizə daxil olan transsərhəd çaylarda formalaşan hissəsi 19,0-20,5 milyard m3 yerli çayların axımı isə 9,5-10,0 milyard m3 təşkil edir. Quraqlıq illərdə təbii su ehtiyatları 22,6-27,0 milyard m3-ə qədər azalır. Müvafiq olaraq, bu suların 17,1-14,3 milyard m3 transsərhəd çaylarına aiddir. Transsərhəd suların 25%-i həmin dövlətlər tərəfindən müxtəlif istifadə məqsədi üçün götürüldüyündən onlarla ölkəmizin ərazisinə yalnız 13,5-14,0 milyard m3 su daxil olur. Bu səbəbdən də ölkə ərazisində mövcud olan su ehtiyatları 23,0- 24,0 milyard m3 təşkil edir. Son 27 ildə əsas Tranzit çaylar olan Kür və Araz çaylarının müxtəlif məntəqələrində sululuğun dəyişmə tendensiyası verilmişdir. 1991-2017-ci illərdə sululuğun 1961-1990-cı illərlə müqayisəli dəyişməsi verilir. Göründüyü kimi, həmin müddət ərzində illik azalma iqlim norması ilə müqayisədə 4%-dən 24 %-dək təşkil edir. Daşqınlar Azərbaycn Respublikasının ərazisi dünyada daha çox sel müşahidə edilən ərazilər sırasına daxil edilir. Respublika ərazisinin təxminən yarısını əhatə edən Böyük və Kiçik Qafqaz dağ sistemlərində sel hadisələrinin formalaşması daha intensiv baş verir. Ən çox sel hadisələri Böyük Qafqazın Cənub yamacında və Naxçıvan MR-in yüksək dağlıq ərazilərində baş verir. Bu dağ sistemlərində aşağıdakı sel rayonlarını ayırmaq olar: • Böyük Qafqazın cənub yamacı • Böyük Qafqazın şimal-şərq yamacı • Kiçik Qafqazın şimal-şərq yamacı (Şahdağ və Murovdağ silsilələri) • Kiçik Qafqazın cənub-qərq yamacı • Naxçıvanın ərazi çayları Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Coğrafiya İnstitutunun məlumatları əsasında Azərbaycanın sel xəritəsi tərtib olunub. Ən çox sel hadisələri Respublikanın Şəki-Zaqatala və Naxçıvanın yüksək dağlıq ərazilərində baş verir. Respublika ərazisində yaranan sellərin 85-87%-i yağış suları hesabına formalaşır. 1966-2017-ci illərdə ölkə çaylarında müşahidə olunan daşqınların tendensiyası aşağıdakı kimi olub. Yüksək sululuq dövründə Kür çayında, Böyük Qafqazın cənub yamacı və Lənkaran-Astara bölgəsi çaylarında daşqınlar müşahidə olunur. Nəzərə alsaq ki, iqlim dəyişmələri modellərinə görə su ehtiyatlarının artımı gözlənilmir, iri çaylarda tənzimlənən su anbarlarının olması lazımdır, onda maksimal sərflərin buraxılması ilə bağlı çətinlikləri olmayacaq. Gələcəkdə kiçik çaylar üzərində layihəsi nəzərdə tutulmuş su anbarlarının tikilməsi, daşqın hadisələrinin azalmasına təsir edə bilər, təbii fəlakət hadisələri ilə mübarizədə bir fəal vasitə kimi irəli getməyə imkan vermiş olar. Aparaılan qiymətləndirmə işləri nəticəsində məlum olmuşdur ki, 1961-1990 dövrünə nisbətən 1991-2017 dövrü ərzində ölkə ərazisində temperaturun yüksəlməsi və yağıntının əsasən azalması ilə əlaqədar respublikanın daxili çaylarının əksəriyyətində su sərfində azalma baş verir. Azalma əsasən yay dövründə daha çox baş verir. Buzlaqlar Azərbaycanda əsas buzlaq sahələr Böyük Qafqazda Qusarçayın hövzəsində yerləşir. Son 110 ildə aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bu dövrdə buzlaqların sahəsi 4,9 km2-dan 2,4 km2-a qədər azalmış və hazırda onların aşağı sərhəddi orta hesabla dəniz səviyyəsindən 3500m hündürlükdən keçir. Yeraltı sular ölkənin Böyük və Kiçik Qafqazın dağətəyi hissələrində və düzən ərazilərdə, Naxçıvanda və Talışda formalaşaraq gündə 24 mln.m3 (ildə 8,8 km3) təşkil edir. Hal-hazırda gündə 5 mln. m3 və ya ümumi ehtiyatların yalnız 20%-indən istifadə olunur. Bu isə su qıtlığı dövründə ölkənin yeraltı su potensialından daha geniş istifadə edilə bilməsinin mümkünlüyüny göstərir. Qlobal istiləşmə dünyanı narahat edir Qlobal iqlim dəyişmələri üzrə ekspert, BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Azərbaycandakı əlaqələndiricisi İsa Əliyev Noyabrın birinci yarısında dünyanın gözünün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP 26) keçirildiyi Qlazqoya dikildiyini bildirən maraqlı fakt səsləndirib. İsa Əliyevin sözlərinə görə, konfransın əsas məqsədi iqlim dəyişmələrinə təsirlərin yumşaldılması üzrə hər hansı yeni bir razılaşmanın qəbul edilməsi yox, artıq qüvvədə olan Paris Sazişinin 1.5°C dərəcədə saxlanılma kimi ən iddialı məqsədinin yerinə yetirilməsi üzrə icra mexanizmləri barədə razılığın əldə edilməsindən ibarət olub. Ekspert bildirib ki, konfransda indiki dünya gerçəklikləri baxımından razılaşma əldə olunması üçün şansların çox az olmasına rəğmən, Qlazqo İqlim Paktı qəbul edilib. “Qəbul edilən Iqlim Paktı sadəcə yaxın bir neçə ildə iqlimə təsirlərin yumşaldılması ilə bağlı fəaliyyətləri sürətləndirmək üçün yalnız bir istiqamət təklif edir. Bu xətt iqlim dəyişmələri kimi əks -əlaqələrə malik olduqca mürəkkəb məsələdə bir tərəqqi görüntüsü yaratsa da, təəssüflər olsun ki, Paris sazişinin əsas məqsədlərinə nail olunması (1.5°C və ya 2°C kimi) baxımından əhəmiyyətli dərəcədə kənara çıxır. Bu baxımdan vəziyyəti ideallaşdırmaq üçün elə bir ciddi əsas yoxdur və heç kimə sirr deyil ki, qlobal emissiyalarda arzu olunan azalmalarla, real azalmalar arasında fərq böyükdür və getdikcə bu fərq artmaqdadır. Bu da o deməkdir ki, Qlazqo Sammitinin qəbul etdiyi öhdəliklər yerinə yetirilsə (hərçənd sözdən əməli işə keçilməsinə şübhələr böyükdür) belə, dünya 2,7°C dərəcədən çox istiləşmə trayektoriyası ilə irəliləməkdə davam edəcəkdir. Baxın qlobal temperaturun 1.5°C artması üzrə Yer atmosferinin karbon büdcəsinin tamamlanması üçün təxminən 500 milyard tondan az qalmışdır. Problemə qlobal emissiyaların indiki illik səviyyə (heç bilsəydiniz bu səviyyədə nə qədər qaranlıq məqamlar, qeyri-müəyyənliklər və suallar var…) miqdarı ilə baxsaq, görərik ki, bu büdcə yaxın 10-15 ildə qapanır. Paris sazişinin əsas məqsədlərindən olan qlobal temperatur artımının 1.5°C dərəcə səviyyəsində saxlanılmasının mümkün olmadığı artıq hamıya məlumdur. Hər artan 0,1°C qlobal iqlim sistemində baş verən dəyişmələrin geriyə dönməz xarakter alması ehtimalını daha da artırır və bəşəriyyəti daha təhlükəli dəyişmələrə səbəb olacaq bir ana yaxınlaşdırır. Hazırda dünya birliyi yol ayrıcındadır və qərar qəbul etmək üçün çox az vaxt qalıb. Əslində dünya birliyi tərəfindən qəbul edilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və onun Paris Sazişinin son məqsədlərinə dair bəzi müddəa və prinsiplərin (təbii olaraq nəzərdə tutulan adaptasiya, qlobal temperatur artımının 1.5°C dərəcə səviyyəsində saxlanılması vəs. və s.) artıq açıq -aşkar köhnəlmiş olduğu aydın görünür və bu sənədlərdə mövcud reallıqlara əsaslanan müvafiq dəyişikliklərin edilməsi vacib məsələlərdəndir. Belə olan halda, şirin xəyallara əsaslanan arzularla yaşamaqdansa, elmə və mövcud reallıqlara uyğun fəaliyyət proqramlarının hazırlanması və icra edilməsi daha məntiqlidir. Öz- özünü aldatmağın isə heç kimə heç bir faydası yoxdur. Ola bilsin ki, indiki dünya bu olduqca mürəkkəb məsələnin həllində lazım olan irəliləyişlərin əldə edilməsi qabiliyyətində deyil və insan oğlu bunu bir neçə əsr bundan əvvəl görməliydi, amma görə bilməmişdir. Lakin ağrıdıcı məqam budur ki, problemin mahiyyəti məlum olandan sonra da, təxminən keçən son 50 il ərzində də məsələnin həll edilməsi üzrə fəaliyyətlərdən çox vaxt bilərəkdən, bəzən isə bilməyərəkdən yayınmışlar. Bizə isə ümid etmək qalır ki, qarşıdakı 10 il müddətində əsas ölkələr iqlim planlarını tələb olunan səviyyədə gücləndirərək, qlobal temperatur artımının heç olmasa 2°C çərçivəsində məhdudlaşdırılmasını təmin edəcəklər… Indiki vəziyyəti düşünərkən, 4 il bundan əvvəl Bonnda keçirilən konfransda Fici dövlətinin təklif etdiyi Talanoa dialoqunun əsas suallarını xatırladım: İqlim fəaliyyəti baxımından biz haradayıq? Hara getmək istəyirik? və Ora necə gedə bilərik? Əsas məsuliyyət isə dünyanı bu günə qoyan inkişaf etmiş aparıcı dövlətlərin üzərinə düşür…”, ekspert fikirlərini belə əsaslandırıb. -İqlim dəyişikliyinə səbəb olan emissiyalar dünyanın hər yerindən gəlir və hər kəsə təsir edir, lakin bəzi ölkələr digərlərindən qat-qat çox emissiyaları istehsal edirlər.Yeddi ən böyük emissiya yalnız (Çin, Amerika Birləşmiş Ştatlar, Hindistan, Avropa İttifaqı, İndoneziya, Rusiya Federasiyası və Braziliya) 2020-ci ildə qlobal istixana qazı emissiyalarının təxminən yarısını təşkil edib. Yəqin ki, ekspert “dünyanı bu günə qoyan inkişaf etmiş aparıcı dövlətlər”, deyərkən haqlı olaraq bunları nəzərdə tutub. Hər kəs iqlimlə bağlı tədbirlər görməlidir, lakin daha çox problem yaradan insanların və ölkələrin ilk növbədə hərəkətə keçmək üçün daha böyük məsuliyyəti var. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub. Ölkəmiz İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Əlavə 1 qrupuna daxil olmayan tam hüquqlu tərəf kimi İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası qarşısında istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yeniləndirilməsi, milli məlumatlarin hazırlanması kimi öhdəliklər götürüb və bu öhdəliklər sistemli şəkildə yerinə yetirilməlidir. Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalamış və həmin ilin oktyabr ayında ratifikasiya etmişdir. İqlim dəyişikliyi bizə necə təsir edir? Kənd təsərrüffatı üzrə iqtisadçı ekspert Vahid Məhərrəmli, bildirib ki, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur 0, 4-1,3oC-yə qədər artdığına görə, suya olan təlabat artıb, bitkiçilikdə su çatışmazlığı, quraqlıq səbəbindən məhsuldarlıq aşağı düşüb, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsi səbəbindən bitki örtüyü azalıb, şoran torpaq sahələri artıb, səhralaşma prosesi sürətlənib. Yağıntıların azalması ilə əlaqədar çaylarda suyun həcmi azalıb. Ölkənin su resursu son 10 il ərzində 32 milyard kub metrdən 25 milyard kub metrə düşüb. Son illərdə sel əmələ gəlməsi 14 dəfə artıb. Regionlarda dolu düşməsi halları 2 dəfədən çox artıb. İntensiv yağışların yağması və sel sularının əmələ gəlməsi səbəbindən fermerlərin təsərrüfatlarına ciddi ziyan dəyib. Bütün bunlar sübut edir ki, Azərbaycan iqlim istiləşməsinin təsirindən yan keçmir. Kənd təsərrüfatına dəyən zərər ilbəil artır. Hidrometeorologiya Xidməti təkcə bu ilin iyununda ölkəmizdə 55 sel hadisəsini qeydə alıb. İyun ayında ölkə ərazisində yağıntılar əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olub. Xidmətin məlumatında qeyd edilib ki, ay ərzində hava şəraiti bölgələrdə 11 gündən 24 günə kimi yağıntılı keçib, əsasən şimal və şərq rayonlarında iqlim normanı dəfələrlə aşıb. Qusarda 3,2 dəfə, Qaxda 2,8 dəfə, Sabirabadda 2 dəfə çox olub.Qubada aylıq norma 169%, Şəkidə 143%, Balakəndə 131%, Zaqatalada 118%, Gəncədə 111%, Gədəbəydə 117%, Cəfərxanda 106% müşahidə olunub. Lənkəran-Astara zonasında isə nisbətən az yağıntı hava şəraiti qeydə alınıb və aylıq normanın 23-70%-ni təşkil edib.Yağan intensiv yağış nəticəsində çaylarda sululuq artıb, bəzi çaylardan qısamüddətli sel keçib. Havanın əsasən qeyri-sabit keçməsinə baxmayaraq, Bakıda ay ərzində orta sutkalıq temperatur 24 gün normadan yüksək (1-5°) olub. Azərbaycanda kənd təsərrüfatı bitkilərinin 90 faizinin suvarılan torpaqlarda yetişdirilir. Respublikamızın aran bölgəsində suvarılma aparılmadan kənd təsərrüfatı bitkiləri yetişdirmək qeyri-mümkündür. Belə olan bir şəraitdə Azərbaycanın ərzaq təhlükəsizliyi də su ehtiyatlarından asılı vəziyyətə düşür. Su çatışmazlığının indi də özünü büruzə verdiyi bu bölgədə problem yay aylarında daha çox müşahidə olunur. Çünki isti havada suya tələbat 2–3 dəfə artır. Aparılan tədqiqatların təhlili göstərir ki, qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində temperaturun və buxarlanmanın artması nəticəsində ölkəmizin su ehtiyatları 20-25 faiz azala bilər. Şirin suyun BMT tərəfindən artıq tükənən ehtiyatlar sırasına daxil edildiyini deyən mütəxəsislər Azərbaycanda da şirin su ehtiyatlarının qorunması və həmin ehtiyatların səmərəli istifadəsi və idarə edilməsi üçün bir sıra proqramların qəbul olunmasının vacibliyini qeyd edib. Yeganə çıxış yolu sudan qənaətlə istifadə etmək və israfçılığın qarşısını almaqdır. Bunun üçün suvarmada səmərəli üsullardan istifadə qaçılmazdır. Yaşıllıqların açıq, nəzarətsiz və selləmə qaydasında sulanması ciddi itkilərə səbəb olur. Buna görə də damcı və çiləmə üsullarından istifadə edilməlidir. Bu üsul su israfını 60 %-ə qədər azaldır, eyni zamanda torpaqların şoranlaşmasının qarşısını alır. Gələcək ekosistemin işləməsi bundan sonra daha çox suyun mövcudluğundan asılı olacaq. Təbiət hələ məhdud su ehtiyatları ilə bitki istehsalını artırmaq üçün istifadə edilə bilən sirləri aça bilər. Biz insan oğulları məntiq və həssaslıq göstərərək yeni, şirin su ehtiyatlarımızı kəşv edə və ağılla idarə edə bilərik. Könül Alı “Məqalə İsveçrə İnkişaf Agentliyi tərəfindən dəstəklənən “Azərbaycan: vətəndaşların qlobal istiləşmə ilə mübarizəyə necə töhfə verə biləcəyi barədə məlumatlılığın artırılması” layihəsi çərçivəsində hazırlanıb. Layihənin icraçısı Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondudur”.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) tərəfdaşlarından bu ölkəyə yardım haqqında sənədi gündəmdən çıxarmağı xahiş edib. Sozcu.az “Belta”ya istinadən xəbər verir ki, bunu noyabrın 20-də KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib. Qeyd olunub ki, Belarus Kollektiv Təhlükəsizlik Şurasının 34 prioritet istiqamətindən 32-sini icra edib. O qeyd edib ki, 2 tədbirin icrası mümkün olmayıb: “Bunlardan biri Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardımı ilə bağlıdır. Digər müttəfiqlər bu qərarı dəstəkləsələr də, erməni tərəfi bu sənədə maraq göstərməyib. Bundan başqa işin sonunda bu məsələni ümumiyyətlə gündəlikdən çıxarmağı xahiş edib”.
İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı... Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbanın, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansaydı... Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırdıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir... İcbari sığortanın əsas amalı vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yerə İTS-ə “insan kapitalına qoyulan investisiya” demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu "Azərbaycan dövlətinin əsas strategiyalarından biri" adlandırır. Bu baxımından İTS dövlətin səhiyyə strategiyasının ana xəttidir. Bəs görəsən, bu ana xəttə niyə xeyli "bala xətlər" qoşulub? Niyə bu qədər qarmaqarışıq, neqativ mənzərə yaranıb? İTS niyə özünü doğrultmur? Öncə, İTS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək: 1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması, 2. Xidmətin keyfiyyətinin artırılması, 3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsi. Yəni bu sistem daxil olan ödənişlər əsasında vahid büdcə formalaşdırmalı, əhalinin tibbi xidmətlər üzrə ehtiyaclarını ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacları, amalları daha prioritet məsələdir. Bu gün İTS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönlədirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırmı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaradan suallarla baş-başa buraxılır. Ya sən tövsiyə olunan xəstəxananı (həkimi) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan... Necə deyərlər, yesən də budur, yeməsən də... Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamıya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürəkaçan deyil, istər maddi-texniki bazaları, istərsə də xidmət səviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək səviyyədə müayinə və müalicə ilə təmin etmək deyil... Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaatı ora getməyə məcbur elə! Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya göndərilə bilməz? Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Respublika Neyrocərrahiyyə Xəstəxanasında baş nayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınıq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu səbəbdən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyəyə də göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünki ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir... Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmək məcburiyyətində qalır. Niyə İTS-dən faydalanmaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşüksə, niyə onların təcrübəsindən yararlanmırıq? Axı onların təcrübəsində pasiyentə seçim imkanı tanımamaq məsələsi yoxdur. Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm də ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yeksan edilməsi deməkdir! Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, İTS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərbə vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. İTS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-bəhlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasiyentlər yalnız dövlətə və müəyyən insanlara yaxın - əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamısı qaydayla seçilib? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanlar ı, peşəkar həkimləri ilə məşhur olan klinikaları qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınını nüfuzlu özəl klinikalara buraxmır. Məsələn, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “anju” olmaması bir ayıb, ağır infarkt xəstəsinin “Kəpəz” və bu kimi klinikalara yönləndirilməsi başqa bir ayıb. Xəstəyə deyilir ki, damarına stent qoyulmalıdır. O da razılaşmayıb başqa həkimə getmək istəyir, amma “anju” diskini vermirlər. “Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir” - deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimi seçməyə məcbur edirlər. İTS və TƏBİB belə klinikalarda “anju” və əməliyyat edən həkimləri necə seçir, necə dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bomboş qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir. Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir? Məhz bu anormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir. Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yığılıb, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözləri bərələ-bərələ xəstələrə çımxırmaqları və deyinə-deyinə xidmət göstərmələrini demirik... Tualeti həkim otağına, adi palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında köhnə və yararsız cihazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eşitmişik? Niyə insanlarımız bu yerlərin ümidinə buraxılmalıdır? Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikanın satılması, borclanması xəbərlərini yaymışıq - RDM, “Avrasiya” və s. Özəl klinika rəhbərləri, menecerləri az qala İTS-dən xəstə dilənirlər. Məlumdur ki, ən yaxşı uzman həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri qaldırmağa məcbur olur. Bu cür davam etsə, peşəkar həkimlərin çoxu başqa ölkələrə gedəcək. Çünki bu həkimlərin "Semaşko" və "Respublikanski" kimi yerlərdə, xəstəxana bir tərəfə, oradakı direktor və baş həkimlərin rəhbərliyi altında işləmələri real görünmür. Ən azı ona görə ki, sığorta ağır, mürəkkəb cərrahiyyə əməliyyatlarına görə qəpik-quruş verir. Onu almaq üçün də aylarla gözləmək lazım gəlir... İyun ayının pulu sentyabrda ödənilib, sentyabrın ödənişləri isə yanvarda veriləcək. …Dərdimiz heç də əsasən məmur və oliqarxlara bağlı olan özəl klinikaların bağlanması deyil. Bizi ən çox narahat edən bu vəhşi rəqabətin inasanlarımızın lazımi tibbi xidmət almasına mane olmasıdır. Məsələn, gözündə problem olan, uzun müddət müalicə alan pasiyent öz həkiminin yanına getmək, gözünə həyatı vacib olan iynəni vurdurmaq üçün İTS-ə müraciət etdikdə, mütləq "yox" cavabı alır. Ona deyilir ki, bu xidmət Mərkəzi Neftçilər Xəstaxanasında filan həkim tərəfindən həyata keçirilir. Məlum olur ki, həmin həkim bu müalicə üzrə mütəxəssis deyil. Uşaq göz həkimidir və ya sadəcə yeni müalicələrdən xəbəri olmayan kiminsə tanışı olan oftalmoloqdur. Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasiyenti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırdıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur. İnsanlarımız özlərini təcrübə dovşanı kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yerə, təcrübəsi olmayan həkimə yönləndirə bilərsən? İşin ən təhlükəli tərəfi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı nəticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkiminin yanına getmək şansını da itirir. Çünki dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasiyentə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir. Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linzasını qoyaq. İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub... Yeri gəlmişkən, onu da qeyd edək ki, doğuş məsələsi daha qəlizdir. Doğuş, qeysəriyyəni pasiyenti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirsə, o artıq İTS-dən istifadə edə bilməyəcək… İTS niyə ancaq Bakıdadır? İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınını azaldacaq. İTS yığımlarının “tibbi xidmətlərin keyfiyyətinin artırılması”, “tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması”, “tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi”, “tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi” kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçiddən sonra region insanları sürətlə xəstəxanalara axışdılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyən insanlar, lazım oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyətli müayinə və müalicə olunması anlamına gəlmir. Çünki regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar əksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addımlar isə kifayət etmir. Mütəxəssislərə gəlincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Hamilənin cırılmış uşaqlığını tikməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımağa ambulans yox. Qanaxması olan xəstə maşının və ya “Qazel”in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırda da yaxınlarına “Bakıya aparın, burda qalsa, öləcək” deyilir. Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərpənmək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan… gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs - şəhid ailəsi üzvü, qazi və əlillər müayinə olunub getsinlər, sıra bunlara çatsın. Sən gözlə, canı ağrıyan sıravi vətəndaş! Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da “unikal” çıxış yoludur. Vəziyyətdən çıxış yolu isə asan deyil. Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yenə də Bakının ümidinə qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidinə...(BakuPost)
Rusiya Müdafiə Nazirliyinin Dneprdəki qoşunların mövqeyi ilə bağlı yaydığı məlumat dərhal silinib. Sozcu.az glbalinfo.az-a istinadən xəbər verir ki, məlumatda buradakı qrupun komandanlığının qoşunları Dneprdən şərqdə daha əlverişli mövqelərə köçürmək qərarı verdiyi vurğulanıb. Sözügedən məlumatın RİA Novosti və TASS İnformasiya Agentliyinin veb səhifələri və sosial şəbəkə hesablarından dərhal silinməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarətində olan Dnepr çayının sol sahilində bəzi ərazilərə nəzarəti ələ keçirdiyi iddia edilir. Rusiyanın məhz bu istiqamətdə yeni hücuma hazırlaşdığı deyilir.
“İran Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir”. Sozcu.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu iranlı politoloq Puya Hüseyni deyib. Ekspert Tehranla Moskva arasında dəhlizə nəzarət məsələsinə yanaşmada fikir ayrılığının olduğunu iddia edir: “İran üçüncü ölkənin bu yollara nəzarət etməsini qəbul etmir. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək o yola yalnız Ermənistan nəzarət etməlidir. İran ancaq bu variantın tərəfdarıdır. Hər halda üçüncü ölkənin həmin yola nəzarət etməsi İran üçün qəbuledilməzdir. Çünki İran da həmin yollardan keçir və o yollara yalnız Ermənistanın nəzarət etməsini istəyir. Bəli, burada İran və Rusiyanın maraqları toqquşur”.
Ermənistan və Hindistan ZADS antidron sisteminin alınması üçün müqavilə bağlayıb. Müqavilənin məbləği 41,5 milyon dollar qiymətləndirilir. “Zen Technologies” nəinki sistemləri Ermənistana ötürəcək, həm də operatorlara onlarla işləməyi öyrədəcək. Qeyd olunur ki, hazırda sistemdən istifadə imkanları Hindistanın quru qoşunları tərəfindən öyrənilir. Globalinfo.az-a danışan siyasi şərhçi Turab Rzayev deyib ki, görünür Ermənistan surətli şəkildə silahlanır və bu ilk belə hal deyil: “Ermənistan bundan öncə də Fransadan qısamənzilli MİSTRAL “Atlas-RC” Hava Hücumundan Müdafiə (HHM) sistemi almışdı. Məhz indi Ermənistanın dron əleyhinə sistemlər alması ondan xəbər verir ki, İrəvan müharibəyə hazırlaşır. Ermənistanın aldığı son silah və qurğular həm də onu deməyə əsas verir ki, rəsmi İrəvan hava məkanını qorumağa çalışır. Məsələ ondadır ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu açıq-aşkar hava üstünlüyünə malik idi. Görünür, Ermənistan bu üstünlüyü bərabərləşdirmək istəyir. Amma onu da demək lazımdır ki, Ermənistan Baş naziri Nikol Paşinyanın ritorikasında son zamanlar Azərbaycana qarşı ərazi iddiaları səslənmir. Bu baxımdan demək olar ki, Ermənistan həm də Rusiyaya qarşı silahlanır. Yəni Kremlin ehtimal Ermənistana müdaxiləsi zamanı ordu hazır olmalıdır. Paşinyan açıq şəkildə rus ordusunun Ermənistanı tərk etməsini tələb edir. Hətta bu yaxınlarda dedi ki, Ermənistan sərhədlərini rus ordusu qoruya bilməz. Bu baxımdan mümkündür ki, bu hazırlıqlar Rusiyaya qarşı görülür”.
“Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur...” “Hesab edirəm ki, Dağıstandakı – Mahaçqala hava limanındakı son iğtişaşlar təsadüfi deyil. Birincisi, içərisində guya yəhudilər olduğu deyilən və Təl-Əvivdən qalxan təyyarənin oraya enməsi təəccüblüdür. Bildiyimə görə, belə bir reys, ümumiyyətlə, yoxdur... Əgər İsraildən Dağıstana doğrudan da uçuş olubsa, bu hansı səbəbdən baş verib. İkincisi, insanlar Təl-Əvivdən qalxan təyyarənin Mahaçqalaya enəcəyi xəbərini öncədən haradan biliblər ki, belə ani şəkildə təşkilatlanıb aeroporta kütləvi hücum təşkil ediblər?” Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikri Moderator.az-a açıqlamasında “Sizcə, Mahaçqala aeroportunda baş vermiş kütləvi antisemit iğtişaş kortəbii şəkildə baş verib, yoxsa öncədən planlaşdırılıb?”sualını cavablandırarkən ifadə edib. “Belə suallar bəhs edilən olayların arxasında Rusiya daxilində sabitliyi pozmağa çalışan hansısa qüvvələrin dayandığı ehtimalını da yaradır. Təbii ki, xarici qüvvələrin də əli ola bilər. Amma nəzərə alsaq ki, Rusiya dövlətinin öz daxilinə xarici müdaxilə baxımından nəzarəti yetərincədir, bu daha çox daxildəki hansısa qruplaşmanın əməli kimi də anlaşılır. Belə çıxır ki, insanları öncədən məlumatlandırıblar, təşkilatlandırıblar. Və görünür, Putinin konkret olaraq özünün və onun komandasının İsrailə bugünkü münasibətinə neqativ mənada belə bir dəstək göstərmək məqsədi güdülüb. Göstərmək ki, həqiqətən Putin Rusiyasında antisemitizm baş alıb gedir... Və əslində, bu, belə də var... Bunu rəsmi dövlət informasiya resurslarından, dövlət rəhbərlərinin açıqlamalarından da görmək olur. Odur ki, sözügedən iğtişaşlar daha çox Rusiya daxilindən törədilmiş təxribata oxşayır”,- deyə analitik vurğulayıb.